Qaynar xəbər portalı

Kitab dünyası


Mövzusuzluq


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 250 oxunma

Seymur Baycan

Heç nə yaza bilmirəm, heç nə
Ağ vərəqlər üzərində gəzişir qarışqalar

S.B.

Bu iki misranı Qaxda yazmışdım. İkinci kitabı yazanda birdən dayandım. Heç nə yaza bilmədim. Siqaret çəkdim, su içdim. Heç nə alınmadı. Mənim rayon səfərim bazara ziyarətlə başlayır. Alma, heyva, nar, fındıq, qoz ləpəsi (mövsümə uyğun meyvələr) alıb düzürəm masanın üstünə. Yaza-yaza yeyirəm. Həm əlim işləyir, həm də ağzım. Yemək və yaradıcılıq mənim üçün çox yaxın, doğma anlayışlardır.

    Otaqdan çıxıb xeyli gəzdim. Çay içdim. Masaya qayıdanda gördüm vərəqlərin üzərində qarışqalar gəzişir. Yuxarıdakı misralar yarandı. Limonovun gündəliyini oxuyurdum o zaman. Kitabı götürüb 20-30 səhifə oxudum. Gördüm, beynim yavaş-yavaş açılır. Başladım yazmağa. Görünür, yazmaq üçün oxumaq lazımdır.

    Trotskinin yaradıcılıq böhranı haqda maraqlı fikri var. Deyir ki, yaza bilməsən də, yaz. Bir də görəcəksən ki, kimsə sənin əlindən tutub yazdı. Əgər ədəbiyyatı yazdıranlara və küsdürənlərə bölsək, yəqin ki, yapon yazıçısı Murakami yazdıranların lideri seçilər. Onu oxuyanda bir fikir keçir adamın beynindən. Zəif yazsan da, güclü yazsan da, oxusular da, oxumasalar da, bəyənsələr də, bəyənməsələr də yazmalısan.

    Yeri gəlmişkən, Rusiyada qəribə bir albom buraxılıb. Həmin albomda Murakaminin əsərlərində adı çəkilən caz kompozisiyaları yığılıb. Gözəl ideyadır. Qeyd edim ki, Murakami cazı çox gözəl bilir. Ümumiyyətlə, yazıçı yazmaqdan savayı başqa bir sahəni də mükəmməl bilməlidir.

    Doğrusu, bu həftə yazı yazmaq istəmirdim. Həftədə bir dəfə yazı yazmaq, gündəlik yazı yazmaqdan daha çətindir. Mövzu problemi yoxdur. Ən azı kitablardan iki səhifəni köçürüb verərəm qəzetə. Zamin demişkən (təbii ki, Zamin Hacı): “Seymur yazılarını yazıb kitab düzəldir. Sonra kitabından yazılar yazır”. Mövzu həmişə var. Məsələn, iki gündür özümə ayaqqabı ala bilmirəm. Altmış manatdan aşağı ayaqqabı yoxdur. Cəhənnəmə olmasın. Ayaqqabılar qara rəngdə, dabanlı, hamısının ucu şişdir. Bu ölkədə kütlədən seçilmək zülmdür. Seçim yoxdur. Ya qara qarğa kimi geyinib adamlara qarışmalısan, ya da iki gün ayaqqabı axtarmalısan. Bir yazar ki, ayaqqabı almağa iki gün vaxt sərf edir (hələ almamışam), ondan heç, zibil də çıxmaz. Altmış manata mən Tiflisdə iki normal ayaqqabı alaram. Belə də ki, qış burjua fəslidir. Gərək yaxşı geyimin, şəraitin olsun ki, qışdan ürəyin istəyən ləzzəti alasan.

    Proletariatınkı yaydır. Şalvar və köynək… Necə deyərlər, badımcan bazara çıxdısa, daha Azərbaycan xalqına zaval yoxdur. Mövzu problem deyil. İstəsəm Misimanın “Qızıl məbəd” romanıyla ölkədə artan intiharlar arasında paralellər aparıb, bir səhifə yazı yazaram. Ya da köhnə yazılarımdan birinin yeddi cümləsini dəyişib təzə yazı düzəldərəm.

    Əgər yazının yeddi cümləsini dəyişmisənsə, o yazı təzə yazı sayılır. Bunu bir dəfə Əflatun Amaşovun yanında demişdim. Üstündən bir il keçəndən sonra BDU-nun jurnalistika fakultəsinin tələbələrinin iştirakıyla keçirilən seminarda Əflatun müəllim həmin cümləni təkrar etdi. Mən də həmin seminarda iştirak edirdim.

    Mövzu problem deyil. Ən pis halda, köhnə vərdişimi yada salıb ya Elçin Əfəndiyevə, ya da Anar Rzayevə sataşaram. Bir xatirəni çeynəyib-çeynəyib yazıya çevirərəm.

    Məsələn, bizim rayonla qonşu rayon mərkəzinin tən ortasında bir kənd yerləşirdi. Bu kəndin camaatı bazar günü bazara gedəndə yola çıxırdılar. Hansı tərəfdən avtobus gəlirdisə, həmin avtobusa minirdilər. Əsas bazardır. Rayonun nə fərqi var? İstəsəm, qəzetlərin arxa səhifəsindən bir xəbəri götürüb, ora-bura çevirib üç min işarəlik bioloji yazı yazaram. Mövzu problem deyil. Məni düzgün başa düşün. Problem bilirsiz nədir? Meyxana yarışmasının prezident seçkisindən daha çox maraq doğurduğu ölkədə yazı yazmağa adamın əli qalxmır. Bu qədər.

    KultAzdan: Müəllifin istəyi ilə yazı şərhlərə bağlanıb.






    Yazıya səs verin
    • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
      Loading ... Loading ...
    Şərhlər

    Şərh yazma qapalıdır!

    Adınız (vacibdir)

    E-mailiniz (vacibdir)

    Saytınız

    Şərhiniz: