Qaynar xəbər portalı

Kitab dünyası


Hollandiyada yaşayan azərbaycanlı hüquqşünas alim və yazıçı, bir sıra maraqlı bədii əsərlərin müəllifi və ictimai xadim kimi tanıdığımız Gülşən Lətifxan “Mənim ailəmin tarixçəsi” adlı beynəlxalq ədəbi müsabiqənin qalibi olub. Bu müsabiqə Rusiya hökumətinin, Rusiyanın ədəbi və informasiya xidmətlərinin dəstəyi ilə keçirilirdi və tədbirə bu günlərdə yekun vuruldu. Qeyd edək ki, yazıçı öz bədii əsərlərini rus dilində qələmə almışdır.

Münsiflər heyəti yaradıcı ziyalılardan, tanınmış yazıçı və jurnalistlərdən ibarət olmuşdur. Onlar müsabiqənin gedişində dünyanın 30-dan çox ölkəsindən göndərilmiş bədii materiallarla tanış olmuş və üstünlüyü bizim soydaşımıza vermişlər.
Münsiflər heyəti Gülşən Lətifxanın əsərinə münasibətdə öz qərarını belə əsaslandırıb ki, yazıçının “Mənim nəslimin qızları” əsəri öz səmimiliyi, bədii sözün dəqiqliyi ilə hüsn-rəğbət qazanıb, yazıçının ruscası gözəldir, bundan başqa, əsər orijinal süjet quruluşuna malikdir. Yazıçı mövzuya yüksək humanizmlə yanaşıb, özəl dəyər olan insanı həm milli mədəniyyət kontekstində, həm də mədəniyyətlər və sivilizasiyaların dialoqunda qiymətləndirməyi bacarmışdır. Burada fərqli milliyyətlərdən olan insanlara sevgi var, azərbaycanlı ailəsində qadına olan yüksək hörmət təsvir edilir, burada zəngin Azərbaycan mədəniyyətinin gözlənilməz detalları, qədim adətlərimizin ümumbəşəri dəyərlərlə nə şəkildə çulğalaşdığı heyrətamiz bir peşəkarlıqla sərgilənir. Bu əsərdə Qərb və Şərqin, Şimal və Cənubun mədəniyyətləri qovuşuq şəkildədir.
Müsabiqənin təşkilatçıları onun başlıca vəzifəsini bunda görürlər ki, Ana Vətəndən uzaqlarda yaşayan insanlar barədə mümkün qədər çox şeylər öyrənilsin, öz milli mədəniyyətlərini, mənəviyyatlarını, ənənələrini, doğma dillərini qoruyub saxlamağı bacarmış insanların nadir ailə tarixçələri ilə tanış olmaq imkanı yaransın.

Yazıçının söylədiyinə görə, Qərb toplumu Azərbaycanı nadir mədəniyyət ölkəsi kimi qavramaqdadır. Hesab edilir ki, məhz Azərbaycanın ənənəvilik və müasirliyin nadir xəlitəsindən ibarət olan mədəniyyəti sivilizasiyaların dialoqunda universal model kimi qəbul edilə bilər.

Yazıçının bizə bildirdiyinə görə, “Mənim nəslimin qızları” Rusiyanın “Literaturnıy neznakomets” ədəbi dərgisinin oxucularına təqdim olunacaq.
Xatırladaq ki, Gülşən Lətifxanın rusca nəşr edilmiş “Azəraida adası” romanının iyul ayında Bakıda uğurlu təqdimat mərasimi keçirilmişdi. Bu roman yaxın vaxtlarda azərbaycanca da nəşr ediləcək.

Kultaz






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: