Əkrəm Əylisli: “İlk məhəbbətimi görəndə indi də dizlərim tutulur”
Yazar: Admin | Bölmə: Persona | Tarix: 22 Ekim, 2008
“Ətirşah Masan” doğulub-böyüdüyüm yerə, o yerin insanlarına etirazım idi…
Bu dəfə xalq yazıçısı Əkrəm Əylislinin qonağıyam. Açığı, klaviaturada ilişib qalmışam. Sözün yeddi rəngində yazan Əkrəm Əylisli haqda qələm çalanda gərək, ayıqdan ayıq olasan, hər sözün üstündə əsib, hər ifadəni götür-qoy eləyəsən, hər cümlənin boyunu sevəsən…və bu yazı-müəllif “vuruşması”nda gərək hıqqınıb, qalmayasan, bu “vuruşma”dan, izahı qəliz olan bir həzz duyasan.
Görüşümüzə qədərki telefon danışıqlarımız uzun çəkir. Gah o xəstə idi, gah mən. İkimizə də soyuq dəymişdi. Mənə məsləhət gördü ki, görüşənə qədər bir-iki əsərini – Göy kitabdan (Əkrəm Əylisli kitabların adını demir, rəngini deyir) “Ağ dərə”ni, Qırmızı kitabdan “Yəmən”i oxuyum. Hərdən zəng eləyəndə soruşur:
- Neynirsən, Günelka? Savadını artırırsanmı? (yəni tapşırdıqlarını oxuyub-oxumadığımı soruşur). Oxu, sənin fikrin cavan yazı adamının sözü kimi mənə çox qiymətlidi…
Axır ki, payızın təkəm-seyrək günəşli günlərinin birində görüşə bildik. Vədələşdiyimiz yerdə – Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında məni gözləyirdi. Uzaqdan baxdım: səkkizinci onluğunu xərcləyən Əkrəm Əylisli çox cavan görünür. Cins şalvarlı, qısa gödəkcəli, qıs-qıvraq yazıçının qocalığından xəbər verən bircə şey var – əllərini bütün qocalar sayaq arxasında cütləyib, var-gəl eləməyi…
Birdən adımıza söz çıxardarlar haa!
Yaxınlaşanda hələ yanına çatmadan cavanlaşdığını ona gülə-gülə deyirəm. Gülür. Etirafım çox xoşuna gəlir:
- Bayaq Səidəgili gördüm (hüquq müdafiəçisi Səidə Qocamanlını nəzərdə tutur). O da dedi ki, cavanlaşmışam. Yaman xoşuma gəldi… belə çox priyatnı oldu ee!
Deyə-gülə dörd yandan kardon parçalarıyla dövrəyə alınmış Sahil bağına keçirik. Bağdakı yaşıllığı görən kimi eyni təzədən açılır:
- Günelka, kefim yaxşı olanda ağaclara baxıram. Saatlarla. Hər yarpağına fikir verirəm. Yorulmuram. Amma kefim pis olanda evim yıxılır… dünya başıma fırlanır. Əlim heç nəyə yatmır… elə vaxt heç yaza da bilmirəm…
Bağda gəzişə-gəzişə, sərt naxçıvanlı ləhcəsində “vijdanım haqqı”, “absalyutnu” ifadələrini tez-tez təkar edərək, hər şeydən danışır. Amma bu hər şey siz bilən hər şey deyil. Əkrəm Əylislinin hər şeyi – ədəbiyyatdır. Danışdıqca fikir verirəm, özündən sonra ədəbiyyata gələn hər nəsli, hər yazarı oxuyub. Hamının özəlliyini də bilir, üstünlüyünü də, yazı məsələsində problemini də. Öz nəslinin məşhur yazıçılarıyla bağlı çox maraqlı şeylər danışır. Hərdən də ehtiyatlanır:
- Bax, bunu yazmayasan haa! Heç kimdən çəkinmirəm ee, amma üz-üzə gəlirik, yaşın bu çağında kiminsə xətrinə dəymək nəyə lazımdı…
Bağda xeyli gəzişdik. Hərdən nazik geyinməyimdən narahat olub, mənə soyuq olub-olmadığını soruşur:
- Birdən təzədən soyuqlarsan, haa!
Dedi ki, bu səhər iştahası olmadığından səhər yeməyi yeməyib:
- Özümə yaxşı bir kofe düzəltdim. İştaham olmayanda yemək yemirəm. İştahasız yemək yemək də elə həvəssiz yazı yazmaq kimi bir şeydi – adama heç ləzzət eləmir..
Sonra məndən soruşur:
- Günelka, yaxşı saciçi yeri bilmirsən?
İkimizin də bəyəndiyimiz bir restorana üz tutduq. Əkrəm müəllim ikimizin bir yerdə restorana getməyimizi zarafata da saldı:
- Birdən, adımıza söz-zad da çıxardarlar…
Mən gülə-gülə dedim ki, mən çox cavanam, siz çox qoca – ikimizin də elə yaşıdı ki, elə reputasiyamız korlansa yaxşıdı…
Taksiyə mindik. Yaşlı sürücünün yanında oturub, əsl tay-tuş ərki ilə:
- Sən bildin dəə, biz haranı deyirik? – deyir. O tramvay yolu vardı haaa..
Restorana çataçatda sürücü bizi rahat yerdə düşürsün deyə, yol hərəkət qaydalarını pozmalı oldu. Əkrəm müəllim gözü yol polisi maşınlarını axtaran sürücünü öz arxayın səsi ilə toxtatdı:
- Əşi, narahat olma, yanında mən varam! Məni görəndən sonra heç kim sənə heç nə deyə bilməz. Bir dəfə oğlumu QAİ saxladı. Gəlib məni görəndə bir hal-xoş elədi ki, gəl görəsən! Soruşdum ki, bizi niyə saxlamısan? Gülə-gülə dedi ki, elə sizi maşında gördüm, dedim bir kefinizi soruşum….
Bağlı-bağçalı, dəm-dəsgahlı restorana çatanda Əkrəm müəllim özünəxas bir arxayınlıqla qapının ağzındakı ofisiantlara ərklə bizə yaxşı qulluq eləməyi tapşırır. Ömürlərində əllərinə bir dəfə də olsun kitab almayan cavan oğlanlar çox yəqin ki, xalq yazıçısını tanımırlar. Onlarla belə ərklə danışan qocaya təəccüblə baxanda qəfildən orta yaşlı bir adam yaxınlaşır. Yəqin restoranın administratorudur. Ofisintlara göz ağardıb, Əkrəm müəllimlə isti-isti görüşür. Hal-xoş eləyir, şərab çeşidlərini göstərir, yer məsləhət görür.
Üstünü ağac kölgəsi örtmüş açıq restoranda üstünə bir tikə gün işığı düşən masa tapıb otururuq. İkimiz də soyuqdəyməli olsaq da, Əkrəm müəllim qayğı ilə həmin o bir tikə gün işığını mənə bağışlayır, həmin yerdə məni oturdur, özü bir az kölgəli tərəfdə əyləşir…
Qəfildən gördüm ki, sevirəm zalım qızını!
Və məsləhətli-məşvərətli bir menyu seçimindən sonra, isti yemək gələnə qədər süfrəyə qoyulmuş pendir-çörəyə bərk girişib, həmin bir tikə gün işığının altında xalq yazıçısı Əkrəm Əylisli ilə onunla danışıla biləcək ən maraqlı şeydən – ədəbiyyatdan danışmağa başlayırıq.
Bayaq demədim, amma mən Əkrəm Əylislinin əsərlərini o özü tapşırandan sonra oxumamışam. Uşaqlığım, yeniyetməliyim gözlərini qıyıb, çoxbilmiş-çoxbilmiş gülən bu qocanın povestləri, hekayələri ilə keçib. Hətta öz dilimizdə oxuduğum əsərləri tələbə vaxtı rus dilində də təzədən oxumuşam. Və hansı dildə oxumağımdan asılı olmayaraq, hərflərin arasından rəng süzülən, qoxu süzülən, sarıçiçək, gülül, pişpişə boylanan, uşaq çığırtısından tutmuş qarı danlağına, qız nazından tutmuş, gəlin deyinməyinə qədər hər cür səs gələn bu əsərləri oxuyanda həmişə mənə elə gəlirdi ki, Əkrəm Əylisli əsərlərini sehrli qələmlə yazır. Amma mən bundan başlamadım.
- Əkrəm müəllim, “Ətirşah Masan”ı oxuyanda çox məyus oldum. O əsərə qədərki Əkrəm Əylislinin sirli-sehrli bir yazı dili, təhkiyəçi dili vardı. Amma “Ətirşah Masan” elə bil artıq həmişəki əsərlərə oxşamayan, fərqli bir şey yazmaq xətrinə yazılmış və iflasa uğramış bir şey idi…
- Bilirsən, o “Ətirşah Masan” mənim doğlub-böyüdüyüm yerə, oradakı insanlara etirazım idi. Mən bu əsərlə o adamlara demək istədim ki “siz, bax, busunuz”. Sənin dediyin kimi, bəlkə həm də fərqli nəsə yazmaq məsələsi də vardı. O ki qaldı təhkiyə dilinə, axı o yazıçı deyil, publisist cümlələri qəsdən elə yazmışdım. Bu, bir ironiya idi.
- Publisist dili demişkən, romana “roman-reportaj” təyinatı verməklə onu bir növ sığortalamışdınız da… Romanda başqa bir qüsur isə onun Markesin “Yüz il tənhalıq” romanı ilə oxşarlığı idi. Sonu isə lap təəccüblü gəldi – romanın sonluğunu ölkədəki ədəbiyyat həvəskarlarının az qala hamısının oxuduğu bir romanın sonluğu ilə bitirməyə necə ürək elədiniz?
- Günel, bilirsən ki, yazı-pozuya dəxli olan heç bir yazıçı belə naşılığı, belə böyük səhfi eləməz. Romanı bitirəndə nə Markes yadıma düşürdü, nə “Yüz il tənhalıq”, nə də başqa bir şey… elə bil unutmuşdum e, o əsəri. “Ətirşah Masan”ı qurtaranda gördüm ki, mütləq tufan qopub, hər şeyi dağıtmalıdı…
- Bəs Sürəyyanın nəcislə hamam divarına yazı yazmağı?
- “Yüz ilin tənhalığı”nda var elə şey?
- Var.
- Həə, bax onda, bu oğurluqdu. Düzdü, Markesin romanındakı o yer indi yadıma düşmür, amma varsa kişinin haqqını danmaq olmaz… sən düz deyirsən e, mən, görünür, “Ətirşah Masan”ı yazanda Markesin təsiri altında olmuşam. O vaxt həmin romanı təzə oxumuşdum… Günel, bilirsən, mən “Ətirşah Masan”ı yazanda o Sürəyyadan çox böyük nifrətnən yazırdım. Birdən gördüm ki, sevirəm zalım qızını!
- Həə, romanın axırında onu çılpaq təsvir etməyinizdən görünürdü…
- Hə, sevdim Sülünü. Ona görə də romanın axırında ona bir sevgi də bağışladım..
- Sevgi demişkən, Əkrəm müəllim, gəlin sizə bir şey etiraf eləyim. Mən kişiləri çirkinə-yaraşıqlıya, maraqlı-maraqsıza, varlı-kasıba, güclü-gücsüzə yox, sevgi adamına və sevgi adamı olmayana ayırıram. Siz təpədən-dırnağa sevgi adamısınız. Özünüz də yaşlandıqca daha yaraşıqlı, daha maraqlı olursunuz…
- Sən, deyəsən, məni dəli eləyəcəksən haa, bu qoca vaxtımda!
- Onu demək istəyirdim ki, nə əcəb, indiyə qədər sevgi romanı, sevgi povesti yazmamısınız?
- Günel, ilk məhəbbətimi görəndə indi də dizlərim tutulur. Amma sevgi üstündə qurulan əsəri mən ədəbiyyat hesab eləmirəm. Həm də əsərin sevgi üzərində qurulmağı vacib deyil, mənim yazılarımın hamısında sevgi var…
(Əkrəm müəllim öz yazdıqlarından danşanda “əsər” demir, “yazı deyir”)
- Əkrəm müəllim, hər hekayədə, hər povestdə mütləq Buzbulağa qayıtmaq vacibdir?
- Bizim hamımızın bir vətəni var – uşaqlığımız. Mən uşaqlığımın keçdiyi o kəndi dünyanın gözünə qatmaq istəyirəm. Dünyanın gözünə bir tikə Buzbulaq, yəni Əylis qatmaq.
- Əylisdə kimnənsə probleminiz olub yazdıqlarınıza görə?
- O qədər. Elələri var, hələ də məni bağışlamır. Mən bir dəfə də yazmışam ki, ədəbiyyat adlı gözəl, məkrli fahişənin yolunda nə qədər dostlar itirmişəm!
- Əkrəm müəllim, etiraf edirsiniz ki, sizin belə çox məşhurlaşmağınız yaxşı yazmaqla bərabər, həm də bəlkə özünüz də bilmədən Sovet sisteminin xüsusi sifarişini yerinə yetirməyinizlə bağlı oldu. O vaxtlar adamları kənddə saxlamaq üçün sovet kəndinin romantikasını yaratmaq lazım idi. Siz də kənd romantikası yazırdınız…
- Bilirsən, bu sizin nəslin özünü də inandırdığı uydurmadı. Elə şey yox idi. Mənim yazılarımdan çox doğranıb-töküləni olmayıb. Hələ deyirdilər ki, mən Azərbaycan kəndini camaatın gözündən salıram… Kəndi, kənd həyatını heç kim elə açıqlığıynan, təbiiliyiynən yazmamışdı…
Söhbət daha da qızışırdı. Həmsöhbətinin şuxluğundan həvəsə gələn Əkrəm müəllim bu diktofonsuz söhbətdə çəkinmədən, öz cavanlığından, dostluq elədiyi, indi çox məşhur olan yazıçılar, şairlərlə çıxdığı cavanlıq hoqqalarından və daha nələrdən, nələrdən danışdı… amma heyif ki, bir ayağı o dünyada olan (halbuki, belə canısulu qocanın hələ bir-iki onillik də yaşayacağına şübhəm yoxdu) yazıçıya bərk-bərk söz verdiyim üçün həmin söhbətləri yaza bilmirəm. Düzdü, mən belə şeylərdə etika-zad gözləyən deyiləm, amma məni özünə doğma bilib, səmimi danışan qocaman yazarın bir-iki saatlıq “qalstukunu boşaltmasından” sui-istifadə eləməyi heç bir əxlaqa sığışdıra bilmərəm.
Söhbət qadınlardan düşəndə Əkrəm müəlimin mənə qarşı laqeyd olmadığını da bildim. Gözəlliyimdən, dağ çiçəyi olmağımdan, məni yaman sevdiyindən danışdı…
Əkrəm Əylislinin evinə qonaq ola bilmədim. Məlum oldu ki, həyat yoldaşı bərk xəstədir. Evdəki qanqaraçılığın mənə, bugünkü şirin söhbətimizə sirayət etməsini istəməyən yazıçı ilə tez ayrılası olduq. Daha burada üzlülük etməyin də yeri olmadığından layihənin budəfəki aqibətinə razı oldum.
Və bir tikə gün işığının altından çıxandan sonra “Bir gecəlik ay işığı”nın müəlifindən ayrıldım…
Günel Mövlud / Lent.az






Yüklənir...
1. “…Bizim hamımızın bir vətəni var – uşaqlığımız. Mən uşaqlığımın keçdiyi o kəndi dünyanın gözünə qatmaq istəyirəm. Dünyanın gözünə bir tikə Buzbulaq, yəni Əylis qatmaq…”
Vusal bey!
Deyesen xosuna gelib. Xosha gelmeli cumlelerdir.
Yaxsi sozdur:
“…Bizim hamımızın bir vətəni var – uşaqlığımız…
Amma heyf ogurluqdur. Ekrem beyin oz sozu deyil
Gunel, dunen agir iw gunum idi, bugunse dunenki yorgunlugumla oyanmiwam yuxudan. Icimde de narahat bir sevinc, heyecan var. Anlayirsan da yeqin ki. Sen bir de tesevvur et ki, bu yazin nece lezzet eledi. coox xow oldu. Ellerine, ureyine, duwuncene sagliq!!!
Gunel xanim, men de tebriklere qoshuluram. Maraqli musahibedir. Xususen sonuncu sualiniz lap yerine dushub.
Hər şey gözəldi həyatda
Amma özün bircə damla gözəllik yarada bilsən.
Sagol Tural, senden bu sozleri gozlemezdim. Amma bu deqiqe ele yerine duwdu ki)))
Ekerm “Eylislinin iri hecmli “romanlari”, o siradan Etrishah MASAN alinmayib, o, hekaye ustasidi, meselen, UREK YAMAN SHEYDI….
gunelcim, sən yəqin ki, UTANCAQ QIZI tanıyırdın.
“Söhbət qadınlardan düşəndə Əkrəm müəlimin mənə qarşı laqeyd olmadığını da bildim. Gözəlliyimdən, dağ çiçəyi olmağımdan, məni yaman sevdiyindən danışdı…”
onun səndən fərqi bilirsən nədir? öldürsən belə bir şit cümlə yazmazdı.
Gunel,seni tebrik edirem.Deyim ki,bir az da qibte etdim Ekrem beyle uz-uze oturub sohbetleshdiyine.”Etirshah Masan”i oxumusham,arada hirsimden kitabi tullamaq da istemishem,sonda ise sevdim bu eseri.Masan ise nesrimizde az rast gelen chox canli,tebii obrazdir.Ekrem beye can sagligi,sene basharili ve mutlu heyat dileyirem.Xahish edirem “Kultaz”da tez-tez gorunesen.
Gunelin bir koshesi vardi Alma qezetinde chixan.Deyesen kechen ilydi/Eylislini yixib surumushdu (tehqirde demek olar).umumiyyetle Gunel tez-tez bu kishiye ilishir.eylisli bir zamanlar almadan kusmushdu qezetde bu haqda melumat chixmishdi.
men basha dushe bilmirem ne tez dostlashdilar
iki heyasiz adamin sohbeti…
men beyendim.ekrem eylisli haqqinda daha cox sey bilmek isterdim.meselen onun eylis haqda sehv etmiremse bir bendlik seiri var bilen varsa yazsin.sag ol gunel