Şərif AĞ. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 28 Ekim, 2008

Kərpickəsən kişinin dastanı

Dədəm qaşlarını oynadıb-oynadıb alnının ortasında baş-başa gətirdisə, deməli nəsə bir iş var: «İlyaz kişi dedi, evi gələn ayın başınacan boşaldın». Hamımız biri-birimizə baxdıq, nə deyəcəyimizi bilmədik. «Gələn ayın başınacan?!» – anam həyəcanla soruşdu. Dədəm uzun fasilədən sonra «hə» dedi.
İlyaz qonşumuz idi. Daha doğrusu, biz onun qonşuluğundakı iki otaqlı, kürsülü evin müvəqqəti sakinləri idik. Hələ köçümüz təzə gələn vaxtı qonşu arvadlar tökülüşüb bu kimsəsiz evin tarixçəsini bizə danışmışdılar. Ev Teylur adında bir kişinin olub. Teylur İlyazın ögey qardaşı imiş. Traktor sürürmüş. Bir gün qohumlarından biri ova gedəndə kənddən bir az aralı əkin sahəsində Teylurla rastlaşır. Görüşürlər, adama bir siqaret çəkirlər, sonra Teylur dinc durmayıb tüfəngi ondan almaq istəyir. Ovçu patronun az olduğunu bəhanə gətirib tüfəngi vermir. Süpürləşməli olurlar. Çəkhaçək, vurhavur… birdən tüfəng açılır. Tüfəng açılan kimi Teylurun boğazında ağ deşik görünür… Teylur yerə yıxılıb xırıldaya-xırıldaya çabalayır, qohumu isə qorxusundan tüfəngi atıb qaçır.
İlyaz kişi vaxtı ilə Teyluru güllələyən oğlanın anasını boşayıbmış. Kənddə danışırdılar ki, arvadını çox incidirmiş İlyaz. Guya, arvad özü durmayıb onda. İndi də oğlunu öyrədib ki, hayıfını alsın bu törəmədən. İlyaz qoca kişidi; bir ayağı burda, o birisi gorda, onu öldürməyəcəkdilər ha! Ən yaxşısı Teylurdu… Cavan, yaraşıqlı, təzə ailə qurub, körpə uşağı var. Teylurun ölümündən sonra həyat yoldaşı dözməyib bu kənddə. Övladını da götürüb gedib rayondakı qohumlarının yanına.
Qonşuluğumuzda Sənəm adlı bir qadın vardı. Köçümüz maşından daşınıb rəhmətlik Teylurun xaraba evinə yığışan vaxtı bizə üzü yumurtalı təndir çörəyi, camış qatığı gətirmişdi: «Yeyin siz Allah. Allah erməninin bəlasını versin. Hamımız müsəlmanıq…»
Sənəm arvad dil-ağızdan qalmırdı: «Vallah savabdı, bu komadan da işartı gələr, insan hənirtisi eşidilər. Evlər boş qalanda, işığı gəlməyəndə Allaha ağır gedir».
Arada anamı yanlayıb başqa vacib xəbərləri də çatdırmışdı: «Bu ev əslində Teylurun arvadınındı. İlyaz kişiynən qannı-bıçaqdılar. Bilsə, qiyamət qopacaq. Yaman hayasızdı haaa!» – Əlini əvvəl yavaşca dizinə vurub sonra çənəsini bürmələmişdi.
Laçında, öz doğmaca evimizdə başımız üstündən müharibə xofu asılmışdısa, burda Teylurun arvadının zəhmi basmışdı bizi. Hər an gələ, bizə dişinin dibindən çıxanı deyə, mitilimizi bayıra vızıldada bilərdi.
Evə söz ola bilməzdi. Döşəməsi, tavanı, ağ boyanmış suvağı… İkicə gecə yatmamışdıq ki, dədəm həyətin yaxınlığından keçən qaz borusunu deşib evə ayrıca xət çəkdi. Axşamlar hyətdəki tut ağacının altında oturanda Laçını unudurduq. Bircə ağcaqanadlar əsəblərə mizrab çəkən dızıltısı ilə taleyimizi təkrar yadımıza salır, bizə sözün bütün mənalarında dinclik vermirdi.
«Bay sənin saqqalına tula bağlayım. Sən də kişisən, a gözüynən görmüş?!» – Düz tapdınız… Teylurun arvadı gəlmişdi. Həyətdə çaxnaşma düşdü. İlyaz, kənddə ona Dəli İlyaz deyirdilər, əlinə lapatkə alıb Teylurun arvadının üstünə dartındı: «Qancığın qarnından çıxan, qardaşımın başını yedin, indi də mənim üstümə şeşələnirsən?!». İri bədənli, qıvraq, qarayanız, olduqca hikkəli, buna baxmayaraq kifayət qədər yaraşıqlı bir qadın barmaqlarının ucunda həyəti beş dolanır, sözü mərmi kimi İlyazın üstünə yağdırırdı: «Ə, cındır, qardaşının qisasını ala bilmədin, qaçıb tuman altda gizdəndin, hələ utanmıyıf danışırsan!!! Hələ bir dərənin qəhbələrini gətirib evimə yığırsan!» Teylurun arvadının son cümləsi mədəmin üstündə isti bir partlayış doğurdu. Bu isti tədricən başıma doğru, sinəmə, boğazıma, boynumun arxasına, qafamın içinə, ən axırda isə gözlərimə və ağzıma yayıldı. Dönüb anama baxdım. Başını aşağı salmışdı. Bu arada balaca bacım anamın ətəyindən tutub ağlamağa başladı.
Teylurun arvadı saman topasının üstünə sancılmış yabanı götürüb İlyaza tərəf cumdu. Arvadlar özlərini çatdırıb onu tutdular. Ağzı köpüklənə-köpüklənə İlyaza tərəf qışqırdı: «Ay oğraşşş!!!». Bu, onun son sözü oldu. Huşunu itirib yerə yıxıldı. İlyaz Teylurun arvadının üzünə həyəcanla su çiləyən arvadlara baxıb acı-acı güldü: «Lotuşka özünü bicliyə vurub. Ona heç nə olan döy!»
Teylurun arvadını sürüyə-sürüyə evimizə, üzr istəyirəm, öz evinə apardılar. Döşək, mütəkkə… Alnına soyuq suda islanmış əski qoydular.
Arvad ayılan kimi hamımızı heyrətləndirdi: «Siz Allah incimiyin, bir az hövsələsizəm. Teylurun ölümü bir yana, bu biqeyrətlər bir yana… Başım xarab oluf tamam, nə danışdığımı bilmirəm. Evim sizə qurbandı, nə qədər istəyirsiz qalın».
Bəs indi İlyaz kişidən aldığımız «nota» nə idi. Axı evin əsil yiyəsi Teylurun arvadıdı. O da bizə «nə qədər istəyirsiniz qalın» demişdi.
Hamı sual dolu nəzərlərlə dədəmə baxırdı.
Dədəm yenə qaşlarını ata-ata fikrə getdi. Onun bu adətini sonralar kompüterin axtarış əməliyyatına bənzədəcəkdim. O, eynən kompüter kimi, beynində virtual kargüzarlıq işi aparır, «kağız-kuğuzu» yerbəyer eləyib qafasının ayrı-ayrı «disklərinə» atır, lazım olanı öz bəlağətli danışığında bəyanə gətirir, məhz bu danışıqdan əvvəl kişinin qaşları qalxıb alnının ortasında çardaq dirəkləri kimi çatılırdı. Yenə belə oldu. Qaşlar oynaya-oynaya vəziyyəti təfərrüatı ilə vərəvürd eləyib kşinin balaca alnının ortasına milləndi: «Çayırlıqda yer götürmüşəm. Özümüzə daxal tikəcəyik».
***
İlyaz kişinin xəbərdarlığının səbəbini də Sənəm arvad söylədi bizə: «İlyaz Teylurun baldızını oğluna alıb. Bir-iki həftəyə toylarıdı. Toydan sonra bu evə yığışacaqlar».
Bu ərəfədə gün-güzəranımıza ciddi təsir edən bir hadisə baş verdi; ali məktəblərin test siyahısında mənim də adım çıxdı. Nəsrəddin Tusi adına Pedoqoji Universitetin filologiya fakültəsinə qəbul olunmuşdum. Topladğım bal da yadımdadı: 310. Soruşan olanda bir az çox deyirdim. Məsələn, 350. Sonralar anladım ki, heç 310 da pis deyilmiş. Məndən artıq evdəkilər sevinir, kasıb süfrəmizin üstündə Allaha şükür yerinə mərhum Elçibəyə dualar oxunurdu. Ən çox ali təhsil diplomum üçün Gəncədə üzünə 40 min manat oxunan dədəm sevinirdi: «Allah onun atasına irəhmət eləsin…»
Tələbə adını almağım münasibəti ilə dədəm bazardan gündəlik azuqəmizlə yanaşı bir paçka İran xınası alıb gətirdi. Anam saçlarını xınaladı. Balaca bacım da fürsəti itirməyib əllərini qırmızı boyadı. Məni mal-heyvana göndərmirdilər artıq. Zarafat deyildi ha, öz gücümə ali məktəbə qəbul olunmuşdum. Di gəl ki, dərslərin gec başlması bir az əleyhimə işləyir, tələbə üstünlüyümə tədricən kölgə salmağa başlayırdı.
***
«Ay oğul qalx, qalx bir çay iç, Səməd Vurğuna gedirik» – dədəm idi. Axşamdan bilirdim ki, tikəcəyimiz daxalın orta tiri üçün qonşuluqdakı Səməd Vurğun kalxozuna gedəcəyik. Biz olan kənddə ərər ağcları yaxşı böyümürdü. Deyirdilər torpağın bir-iki metirliyində şor su var, ona görə…
Gün hələ çıxmamışdı, bu kişi ertədən gedib kimin qapısını kəsdirəcək deyə düşündüm. Sonra bəlli oldu ki, Səməd Vurğuna piyada gedəcəyik. Dədəm axşamdan itiləyib hazırladığı baltanı qoltuğuna vurdu, «girzovoy» sapoklarını ayağına çəkib yola düzəldi. Mən də onunla dabanbasdı… Kəndin bizim təzə götürdüyümüz məhəllə yerinə tərəf çıxacağında ağ-mavi rənglərlə boyanmış dəmir darvazanın altından balaca bir çubuş sıyrılıb çıxdı, dədəmin üstünə atılıb beyini mişarlayan nazik və qarışıq səslə hürdü. Dədəm arxaya necə sıçradısa balta qoltuğundan yerə düşdü. Çubuş dala-dala çəkilən kişinin qorxduğunu görüb daha da qızışdı, ondan əl çəkmədi. Dədəm kepqasını çıxarıb «ay it! ay it!» deyə-deyə özünü qorumağa başladı. Mən də çaşmışdım. Ancaq özümü tez ələ aldım, yerdən bir kəsək götürüb itə tərəf tolazladım. İt zingildədi, quyruğunu qısaraq çəpərin dibinə tərəf qaçdı. Dədəm dərindən ah çəkdi: «Köpəyoğlunun iti necə sərt imiş. Bunun boyuna bax, həşirinə bax!» Papağı ilə bahəm qorxu-hikkəsini də çırpıb yelə verdi, əyilib baltanı götürdü, şırhaşır axan balaca kanalın tini ilə addımladı.
Darvaza Sonayagilin idi. Aramızda qalsın, Sonyaya vurulmuşdum. Gözəl qız idi. Uzun saçları, göy gözləri, yaşının az olmasına baxmayaraq gəlişmiş boy-buxunu, üstəlik, belindəki səhəngə belə naz satan ədalı yerişi, şaqraq qəhqəhələri vardı. Bütün tövrü ilə başını nümayişkaranə qaldıran məmələrini ətrafdakılara göstərir, hamını bu gözəl tənasüblüyün fərqinə varmağa məcbur edirdi.
Təzə götürdüyümüz məhəllə yeri Sonyagilin qonşuluğundaydı. Sizdən heç nə gizlətməyəcəm, qız məni saymırdı. Nəinki saymırdı, üstəlik gülürdü mənə, imkan düşən kimi ələ salırdı. Qulağıma bir ismarıcını da çatdırmışdılar: «Camaata it hürər, bizə çaqqal!». Hər dəfə qarşılaşanda yanındakıların qulağına nəsə pıçıldayır, şaqqanaq çəkib gülürdü. Çox vaxt Sonya ilə üz-üzə gələndə yolumu dəyişirdim. Bel üstə düşmürdüm amma! Özümü təsdiq etmək, eşqimi sübuta yetirmək, əslində ciddi adam olduğumu anlatmaq üçün çaba göstərirdim. Ali məktəbə qəbul olunmağım məntiqlə sevgimə öz töhfəsini verməli idi. Bu töhfəni səbirsizliklə gözləyirdim. Özümüzə ev tikməyimiz də işin xeyrinə olacaqdı. Dədəmin Səməd Vurğun kalxozuna ağac dalınca getmək təklifi lap ürəyimcə oldu.
***
Dədəmin pəsdən gözəl oxumağı vardı. Yola pilləkən salmaq üçün adamın ruhuna sakitlik gətirən, eyni zamanda kövrəldən, az qala ağladan yanıqlı bir avazla oxumağa bşladı:

Mən Kərəməm Gəncə mənim bağlarım
Duman gəldi çiskin aldı dağlarım…

«Ay dədə, bizdən başqa qaşqın yoxdu bu kənddə?» – mən soruşdum.
«Biz qaşqın deyilik, məcburi köşkünük. Qaşqın Ermənistandan gələnlərə deyillər».
«Bunun fərqi var ki?»
«Var, var. Yardımda-zadda fərq qoyullar. Onlara güzəştlər lap çoxdu».
***
Kişini belə savadlı bilməzdim. Səməd Vurğun kalxozunun sovet sədri ilə bir söhbət elədi ki….
«Siz elə bilirsiz, xalqın azadlığa görə bu qədər qan tökməsinin qiymatını bilmirəm! Azadlıq qurbansız olmur ha! Əsas odu ki, ölkəmiz azaddı, torpaqlarımızı gec-tez geri alacağıq».
Sovet sədrinin tüksüz başı daha da parıldadı.
«Biz hörmətli prezidentimizin ətrafında yumruq kimi birləşməliyik. Bütün çətin işlərin həlli yolu budu. Allah prezidentimizə köməy olsun. Onun sayəsində bax bu oğlum test üsuluynan instuta girdi».
Sovet sədrinin gülümsər gözləri məni başayaq süzdü:
«Haaaa… Təbrik edirəm, təbrik edirəm. Hara düşmüsən, a bala?»
«Nəsrəddin Tusiyə» – şeşələndim.
«Lap yaxşı, mən də Tusini bitirmişəm».
Dədəm ayaq üstə, qoltuğunda balta, əlində toza batmış kepka nazik boynunu irəli uzada-uzada nitqinə davam etdi:
«Qarabağ məsələsini düyünə salanlar salır. Bu, rus işpiyonlarının işidi. Yoxsa ermənidə cürət nə gəzir ki, torpaq ala, camahatı qovalaya… Bax elə götürək bizim rayonu… On iki imam haqqı, yoldaş sədr, «Eşşək meydanı»ndan o üzə damazlıq bir heyvan da qoymamışdıq. Dədələrinin üçündə-yeddisində kəsməyə heyvan tapmırdılar» – güldü – «Camahat zarafatla danışırdı ki, ermənilər bizə xəbər göndərif – siz Allah heç olmasa damazlıq bir-iki inək saxlayın, gələn il də oğurlamağa bir şey olsun. Ha-ha-ha. Bizim qonşu kənddə bir İrəsul vardı. Anan ölər oğul! Çartaz fermasından erməni heyvanı aparırmış, postda saxlayıllar ki, sənədlərini göstər, cibindən erməni qulağı çıxardır. Deyir mənim arayışım budu. Çox qoçaq oğlanlar vardı, çoox! Bax, sənnən soruşuram, yoldaş sədr, öz qapısının heyvanını qoruya bilmiyən adam özgə torpağını ala bilərmi?»
Sədr dinmədi.
Dədəm:
«Hə, ala bilərmi?»
Sədr yenə dinmədi.
Dədəm bir də təkrarladı:
«Torpağı deyirəm e… ala bilərmi?»
Sədr dədəmin əl çəkməyəcəyini görüb könülsüz «yox» dedi. Dədəm tutuldu bir az, tez söhbətinin əvvəlinə qayıtdı:
«Camahat da gərəy öz taleyinə biganə qalmasın, vətənin gələcəyi üçün əlindən gələni eləsin» – boğazını arıtladı – «Ölkəmizin gələcəyi, xalqın ağ günə çıxması sizin kimi gözəl irəhbər işçilərdən də asılıdı. Allah sizə də köməy olsun».
«Sağ olun, sağ olun. Niyə oturmursuz, əyləşin…»
Dədəm «T» şəkilli stolun sol tərəfinə düzülmüş döşəkli stulların birində oturdu. Arıq boynunu irəli uzadıb nəsə demək istədi, ancaq boğazını arıtlamaqla kifayətləndi. Kişinin bir tərəddüd içində var-gəl etdiyini açıqca hiss edən sovet sədri dodağının altında balaca qımışıb tez də ciddiləşdi. Dədəmin nə deyəcəyini və bəlkə daha çox bu «nəyi» necə deyəcəyini səbirlə, həm də böyük maraqla gözləməyə başladı.
«Allah ölənlərinizə irəhmət eləsin, rəhmətlik dədəm həmişə deyərdi ki, dağ kişinin atasıdırsa, aran anasıdır. Çətin gündə dağ adamları arana üz tutublar, burda dolanışıq tapıblar. Yoxsa, iraq olsun, arandakılar biz tərəfə qaçqın gəlsəydilər qarda-boranda çətin ki salamat qalardılar» – duruxdu, sözünün bir balaca yersiz olduğunun fərqinə vardı deyəsən. Belə məqamlarda dədəm həmişə misallar gətirir, şeir deyir. Şeir deyəndə də həmişə karıxır. Üryəimdə Allaha yalvardım ki, şeirə keçməsin dədəm. Çifayda…
«Aran doğrudan gözəl torpaqdı. Böyük şairmiz Vaqif də yaxşı deyib:
Kür qırağının əcəb seyrəngahı var
Ya… Yaş… Yaşılbaş… Yaşıldbaş» – qaşları düyünləndi – «Yaşılbaş…»
«Yaşılbaş sonası var bu yerlərin» – sədr düzəliş verdi.
«Hə… Hə… Yaşılbaş sonaları da var bu torpağın…» – duruxdu, şeirin düz getmədiyini hiss etdi deyəsən, ancaq üzə vurmadı – «Doğrudan qızıldı bu topaq. Hərdən uşaqlara deyirəm aclıqdan qorxmuyun, Qarabağ bərəkətli yerdi, bərk ayaqda kövşən yerlərində başaq eləyib çörəyimizi ovcumuzla toplayarıq».
Soved sədrinin səsi gərləşdi:
«Elə niyə deyirsən, ağsaqqal, ölməmişik ha! Şükür olsun Allahın birliyinə, indi hər hektardan üç-dörd ton taxıl çıxır».
Dədəm müticəsinə gülümsündü:
«Bizim torpağımız yoxdu də, o mənada deyirəm, yoxsa sizdən bir narazılığım yoxdu ha».
Sovet sədrinin sifətində güclə seziləcək bir təəssüf ifadəsi dolaşdı. Dolaşdı və tez də sovuşub getdi. Söhbət yenidən öz köhnə məcrasına qayıtdı. Sovet sədrinin tüksüz başı, kostyumu, qalstuku, qarşısındakı telefonlar, başının üstündəki bayraq, gerb, bunlar azmış kimi bayaqkı vətənpərvər nitq dədəmin gözünün odunu almış, onu tərksilah eləyib sovet sədrinin hüzurunda əsir gününə salmışdı. Sovet sədri heç nə demir, təbəssümlə qıyılan biləndər gözlərini dədəmə dikib susur və bəlkə də onun bu vəziyyətindən ləzzət alırdı.
Nəhayət dədəm utana-utana sözə başladı:
«Bilirsiniz də, qabaqdan qış gəlir… Biz də əvvəllər İlyazın evində olurduq… Ev əslində İlyazın deyil, onun qardaşınındı… Qardaşının arvadı isə evi bizə vermişdi… Bilirsiz, onları da qınamıram, camahatın evini əlindən alası döyülük ha…»
Sovet sədrinin heyrətdən böyümüş gözləri bu dəfə mənə zilləndi. Sual dolu nəzərlərlə… Onun üz cizgiləri açıqca deyirdi: «Bu kişi nə danışır?»
Dədəm bir də boğazını arıtladı. Az keçməmiş bir də daha dərindən arıtladı, boynu ilə yanaşı sinəsini də irəli verib səsinin tonunu dəyişdi:
«Özümüzə daxal tikmək istəyirik».
Sovet sədri gözlərini məndən çəkib dədəmə zillədi:
«Tikin də!»
«Bir az ağac-uğac lazımdı, biz olan kənddə ərər ağacları böyümür, torpağın bir-iki metrliyində…»
«Tikin də, qoymuruq bəyəm» – dədəmin sözünü kəsdi və əslində onun yenidən mövzudan sapmağına imkan vermədi.
«Ağacımız yoxdu də… Dedim bəlkə idarənizin həyətindəki bu ağaclardan birini…» – dədəm həmsöhbətinin tündləşən sifətinə baxıb sözünü yarımçıq kəsdi. Sovet sədri elə bil dədəmin qoltuğundakı baltanı indi gördü. Üz-gözünü turşutdu, səsi dəyişdi:
«Bilirsiniz, bu ağaclar kalxozundu… Əslində heç kalxozun da deyil, təbiəti mühafizənindi».
«Bəlkə sədrlə görüşdürəsiniz bizi».
«Kalxoz sədri indi burda yoxdu. Abeddən sonra gələcək. İdarəsini tanıyırsınız?» – cavab gözləmədən sağ tərəfinə qoyulmuş kiçik stolun tinindəki düyməni basdı. İçəri cavan bir oğlan girdi.
«Apar bu kişiyə kalxozun idarəsini göstər».
***
Nahar vaxtı kalxozun həyətində xeyli hərləndik. Dədəm ərər ağclarına diqqətlə baxır, orta barmağı ilə ağacların gövdəsini ehmalca çırtmalayır, elə bil tikili üçün nə dərəcə dözümlü olduğunu yoxlayırdı. Arada gözünün birini yumub başını ağaca yaxınlaşdırır, altdan yuxarı tüfəng lüləsi kimi dümdüz uzanıb gedən ağaclara baxıb heyrətlə deyirdi: «Pahatonnan! Bizdə belə ağac hardan idi? Mən deyəndə ki, Laçın yaşayış yeri deyil, mənə gülürdülər. İmkanın ola, elə buralarda ölüb qalasan».
Kalxoz idarəsinin həyətində bir xan çinarı da vardı. Dədəm bu ağaca da xeyli tamaşa elədi. Uzun müşahidədən sonra bağı özü salıbmış kimi fəxrlə dedi: «On-on beş evin materialı var bu çinarda. Qol-qanadını da bir qış uzunu yandırmaq olar».
Sonra cibindən qatlanmış dəmir metrəni çıxarıb ağacın gövdəsinin çevrəsini ölçdü. Metrəni gözünə lap yaxınlaşdırıb dırnağının altında sıxdığı rəqəmə diqqətlə baxdı və heyrətlə başını qaldırdı: «Poohooo!!! Altı metir qırx iki santı… Desən heç kim inanmaz».
***
Kalxoz sədrinin yanına tək girdi dədəm. Amma bu dəfə baltanı da, kepqasını da mənə verdi. İçəridən çıxanda qaşları yerindəcə biri-birinə çatılmışdı. Heç nə demədi. Dinməz-söyləməz kepqasını da, baltanı da məndən alıb kalxoz idarəsinin həyətindən çıxdı. Darvazadan təxminən on addım aralanandan sonra dərindən köks ötürüb dedi: «Gəl gedək, Allah bunnarın evini yıxsın».
***
Sənəm arvad bizə gəlmişdi. Dədəmə məsləhət gördü ki, kənddəki yükləyici traktorla danışıb saman-palçıq yoğurtdursun. Nə qədər ki, havalar istidi palçıq qıcqırsın, kərpic kəsilsin, sonra puluynan da olsa ağac-uğac tapmaq olar. Günortadan sonra dədəm yükləyici dalınca getdi, mən isə balaca qardaşımı qarşılamağa çıxdım. O, pambıq sahələrinin yanından axan kanalların böyründəki balaca təpəciklərdə qoyunumuzu otarırdı.
Örüşə tərəf çıxar-çıxmaz tanımadığım bir oğlan mənə yaxınlaşıb dedi ki, qoyunlarınızı tutdular. Harda? Pambıqda. Addımlarımı yeyinlətdim. Həqiqətən də kalxozun «Mal yeri» deyilən pambıq tarlasının yanında xeyli adam toplaşmışdı. İki jiquli maşın vardı. Qaçdım. Kəndin kalxoz sədri, sahə müvəkkili, pambığın qoruqçusu, yaxında-uzaqda pambıq yığan, su-suvaran insanlar… hamısı burda idi. Qoruqçu qardaşımı tutmuşdu. Qardaşım ağlaya-ağlaya, qışqıra-qışqıra nə qədər dartınırdısa da qoruqçunun əlindən çıxa bilmirdi. Məni görüb daha bərkdən hönkürdü. Mən nə baş verdiyini anlamadan qoruqçunun üstünə cumdum: «Uşağı burax!!!»
Qoruqçu: «Pambığı basdırmağınız bəs deyil, hələ bir üstümə gəlirsən. Sən öl səni dədənnən bel-belə sarıtdıracam. Budu e, bütün hökumət burdadı. Qoyunlarınızın hamısını aktlaşdırıb ətə göndrəcəm».
«Uşağı burax, əclaf!» – qoruqçu ilə yaxalaşdım. Məni tutdular. Bu heynidə qoruqçunun oğlu üstümə qaçdı, sifətimə möhkəm bir yumruq ilişdirdi. Əvvəlcə sol gözümdə yaşıl işıq parıldadı, sonra bütün aləm qaraldı. Yəqin ki, qollarımdan yapışmasaydılar, yıxılacaqdım. Başıma, gözümə qapaz-yumruqlar yenə dəyirdi, ancaq o qədər təsir eləmirdi. Ara-sıra tanımadığım səslər eşidirdim: «Kərim, vurma!», «Kərim! Kərim!», «Ə, biriniz onu tutun!», «Buraxın məni, onun anasını ….!»
Gözümün altına soyuq suda islanmış əski qoydular. Qardaşım vurulduğumu görəndən sonra səsini kəsdi. Amma gözümü açanda onun xısın-xısın, səssiz ağladığını gördüm. Sahə müəvəkkili yaxınlaşıb məni vurana – yəqin ki, Kərim bu idi – bir sillə ilişdirdi: «Əclaf, sən kimsən ki, vətndaşa əl qaldırırsan!».
Kərimin atası polisin qarşısına çıxdı: «Pox yeyib mən dədəsiynən!»
Sahə müvəkkili: «Pox yemiyəndə, kanfet tükanı açmışam! Sən öl səni soxacam qoduqluğa».
«Düz elədim. Qudurublar bunnar. Babalarının qəbrinə erməni işiyir, gəlib bizim yerimizi-yurdumuzu basdırırlar» – bunu Kərim dedi.
«Kəs, küçük!» – Kərimin atası oğlunun ağzının üstünə bir qapaz vurdu. Sonra mənə yanaşdı: «Bala, qələt eləyib. Cavansız, birini sən ona vurdun, birini də o sənə. Sən də gərək mənə əl qaldırmayaydın, yaşlı kişiyəm».
Mən ona əl qaldırmamışdım.
Sahə müvəkkili maşına minməzdən əvvəl əlini açıq qapıya söykəyib üzünü camaata tutdu: «Qoyunları aparın kalxozun tövləsinə, aktlaşdırın, nə qədər ziyan dəyibsə ödəsinlər, mən icazə verməyincə heyvanları buraxmayın».
***
Bir azdan dədəm gəlib çıxdı. Əvvəlcə bizi danladı, kalxozun yerini basdırdığına görə balaca qardaşıma bir sillə vurdu. Qardaşım ağlaya-ağlaya: «Ay dədə, vallah, qoyunları saxlaya bilmədim, qaçıb doluşdular pambığa…» – dedi.
Heyvanlarımızı burxmadılar. Dedilər «uçaskov» gəlməcə olmayacaq.
Dədəm piyada düşdü yolun ağına – Səməd Vurğuna tərəf. Biz olan kəndlə Səməd Vurğun kalxozu eyni sovetlik idi.
Sonralar bildik ki, dədəm gecə gedib sovet sədrini tapıb, vəziyyəti danışıb, xahiş edib ki, heyvanlarımızı buraxsınlar, bir də belə qələt eləmərik. O da zəng eləyib sahə müvəkkilinə, sahə müvəkkili gecə maşına minib gəlib biz olan kəndə, heyvanları açıb buraxıb. Amma kişinin boyununa bir toğlu qoyub.
***
Mən evə girən kimi anam «uyyyy!!!» eləyib əlini üzünə apardı: «Səni kim vurdu?!». Dinmədim.
«A bala, niyə cavab vermirsən?! Kim səni bu günə salıb? Bə instuta necə gedəssən? Vay, evi yıxılan canım!».
«Nə olub e…» – mən dedim.
«A bala, birisüyün dərslər başdıyır, dayın xəbər göndərib ki, hazırlaşıb rayona gəlsin… Səni kim vurdu belə?!»
«Kərim!» – qardaşım dedi – «Hamı üstümüzə tökülmüşdü, dədəm də gəlib məni vurdu».
Sonra təfsilatı ilə əhvalatı danışdı. Axırda yenə kövrəldi: «Heç kim sözümüzü demədi, bizi döydülər» – ağladı. Anam onu sakitləşdirmək istədi: «Ağlama bala, burda heç kimimiz yoxdu, kim üstümüzdən gələcək ki? Dədənin başı batsın, bizi eldən-obadan perik salıb bu qərib-qürbət yerə gətirdi».
Bacım da qoşuldu qardaşıma. Bu heynidə qoyunların hənirtisi eşidildi. Çölə qaçdıq. Dədəm heyvanları gətirmişdi.
***
«Səhər gedəcəm yatağa (qohumlarımız yataqda olurdular) qohum-əqrəbanı tökəcəm bura» – anam dil boğaza qoymurdu – «Mənim uşağım kimin anasına-bacısına sataşıb ki, onu bu günə salıblar».
Dədəm:
«Ay arvad, bir sakit ol, dalaşıblar da, cavandılar. İki dalaşanın biri döyər, biri döyülər».
«Bizim heç kimimiz yoxdu bu kənddə. Sabah qızın böyüyəcək. Yoxdu sənin qeyrətin! Uşaqlarımı da götürüb çıxıb gedəcəm burdan. Sən qalarsan Dəli İlyazın yanında».
Dədəm səsinə müdriklik verdi:
«A rəhmətliyin qızı, iyirmi qoyunun var, un kisəsinin biri bir qoyun eləyir. Həftəyə də bir kisə un yeyirik. Acınnan ölmək istiyirsən?! Pambığa-alağa getməsək çörək tapmarıq…»
Bacım mənə yaxınlaşdı. Boynumu qucaqlayıb ağladı. Gözlərini ovuşduranda əllərinə baxdım, xınası getməmişdi hələ.
***
«Kənddə bir şofir Zülfüqar var, deyillər yaxşı adamdı, gedək bəlkə ucuz qiymətə bağındakı ağacların birini aldıq» – dədəm yenə də baltanı qoltuğuna vurub hazır dayanmışdı.
Kəndin aralığından – mərkəzdəki böyük dükanın qarşısından keçəndə Sonyanın bir dəstə qıznan sudan gəldiyini gördüm. Dədəmin arxasında gizləndim ki, üzümü görməsin. Mümkün olmadı, yaşıl gözləri bir anlığa şəklimi çəkib yaddaşına köçürdü. Dodaqları büzmələnib içindən vulkan kimi püskürən gülüşü boğmağa müvəffəq oldu. Ardınca dədəmin iri qaloşlarına, köhnə pencəyinə, dizi süzülmüş şalvarına baxanda bu müvəffəqiyyət pıqqıltıya təslim oldu. Yanındakı qızlar da ona qoşuldu…
***
«Vallah, ağsaqqal, həyətim sənə qurbandı, amma bu ağacları oğlum üçün əkmişəm ki, evinə material eləsin. Yenə çatmır. Bilmirəm neyləyəcəm. Bilirsən ki, indi taxta çox bahadı, pul çatdırmaq olmur. Yoxsa bir ağac nəmənədi…» – bunu Şofir Zülfüqar söylədi.
Dədəm: «Əşi hörmətindən çıxarıq, borclu qalmarıq».
«Bıy… Ayıb söhbət eliyirsən, vallah. Sənin pulun mənim nəyimə gərəkdi. Prosdu ağacım yoxdu, yoxsa heç nəsiz verərdim» – Zülfüqar fısıldadı.
***
Kəndin ortasındakı mğazanın qarşısı tünlük idi. Kərim cavanlarla əyləşib damino oynayırdı. Mağazanın iki addımlığındakı həyətdə yükləyici traktor dayanmşdı. Yükləyicinin çömçəsinin qatlanan yeri darvaza divarından xeyli hündürə qalxır, onu olduğundan daha möhtəşəm göstərirdi. Dədəm traktora baxıb dedi: «Bəlkə, gedək yiyəsiynən danışaq».
Darvazanı döydük, içəridən çıxan kişi Kərimin atası idi…
Mən də özümü itirdim, o da! Dədəm Kərimin atasını tanımırdı:
«Salam!»
Kərimin atası qorxa-qorxa:
«Salam!»
«Kişi, bu traktor sənindi?»
«Hə…»
«Biz bu kəndə qaşqın gəlmişik, özümüzə daxma tikmək istiyirik, bizə puluynan palçıq qatarsan?».
Kərimin atası sevindi:
«Niyə eləmirəm, eliyərəm. Gözüm üstə. Pul-zad da istəmirəm. Nə vaxt gəlim?».
Dədəm təəccüblə mənə baxdı… Sonra üzünü Kərimin atasına tutub dedi:
«Günü sabah»
«Gözüm üstə. Çayırlıqdadı yeriniz?»
Dözmədim:
«Dədə, gəl gedək, bu mənnən dalaşan oğlanın atasıdı».
«Nə!!!» – dədəmi ilan vurdu elə bil – «Sənnən dalaşan?!»
Kərimin atası söhbəti yumşaltmaq istədi:
«Əşşi elə-belə bir işdi, uşaqlar balaca savaşıblar».
Dədəm əlini şişib göm-göy olmuş gözümə uzatdı:
«Bu elə-belə işdi, ay Allah evinizi yıxsın!».
Kərimin atası qışqırdı:
«Əşşi çıx get burdan, üzümə qarğış niyə eliyirsən, yekə kişisən!».
Dədəm nəsə deməyə macal tapmamış Kərimin anası da gəldi, səs-küy qopdu, mağazanın qabağındakılar durub bizə yanaşdılar. Kərim əlinə bir ağac alıb dədəmin üstünə süzdü:
«Sənin var-yoxunu… Evimə hücum eləmisən, qaçqın koppayoğlu!».
Dədəm baltanı başının üstündə fırıldadıb ona tərəf addımladı.
Kərim baltadan qorxub dayandı. Mən fürsət tapıb onu vurmaq istədim. Ağacla özünü müdafiə elədi. Hətta ağac bir dəfə əlimin üstünə dəyib «taqqq» elədi. Göyüm-göyüm göynədim.
Camaat tez araya girdi, Kərimi tutdular. Kərimin anasının səsi bütün səsləri batırdı:
«Ə bu küçədə qalmışdara bax e… Necə qudurublar ee… Dayımın qapısında yallandılar-yallandılar, ində də qudurub üstümüzə cumullar!».
Yaşlı bir kişi ona təpindi, dədəmin qoluna girib, kənara çəkdi. Hamının eşidə biləcəyi səslə:
«Ağsaqqal kişisən, baltanı əlinə alıb camaatın qapısına hücum eləyirsən…»
Bu dəfə camaatın əlində balıq kimi partlayan Kərim qışqırdı:
«O ağsaqqaldı ki, Qiyas dayı?! Yalansa onun saqqalını! Oğraşdı o! Sən öl sənin ağsaqqal ağzını….!»
Kərimin anası:
«Biqeyrətlər, rədd olun bu kənddən. Qəhbə törəməsi! Allah bilir hansı dərədən qovublar sizi. Namussuz köpəyoğlu, sıçım sənin saqqalına!».
Camaat çox idi. Ancaq nə Kərimi sakitləşdirmək olurdu, nə də anasını. Bircə atası sakit idi. Mübahisə yerinə təzə gələn, davanın səbəbini soruşan adamlara deyirdi: «Nə bilim ə… Əlində balta evimə hücum eləyib».
Bu sözü eşidən cavan, yaraşıqlı bir oğlan (görünür kəndin say-seçmələrindən idi) mənə yaxınlaşıb yavaş səslə dedi:
«Belə şeylərdən ötrü adamın qulağını kəsillər. Get qağanı da götür rədd olun burdan! Yoxsa, o biri gözünü də mən vurub tökəcəm!»
Dinmədim. Kərimin atası xısın-xısın davam eləyirdi: «Kənddə bir başıpapaqlı yoxdu də… Hər yoldan ötən gəlib qapımızı kəsdirir».
Dədəm isə bütün peyğəmbərləri, imamları kəndin ortasına töküb Qiyas kişini – kəndin ağsaqqalını inandırmağa çalışırdı ki, biz davaya gəlməmişik, palçıq qarışdırmaq üçün traktor axtarırıq.
Suya gedən, sudan gələn qızlar-qadınlar ayaq saxlayıb kəndin ortasında qopan mərəkəyə tamaşa edirdilər. Qızların arasında Sonya da gözümə dəydi. Bu dəfə gülmürdü nədənsə…
***
Dədəm heyvanı yerbəyer edib evə gələndən sonra söykəyini atıb çay istədi. Anam kənddə baş verənlərdən qorxmuşdu deyəsən. Odu ki, kişinin bütün dediklərinə anındaca əməl edirdi. Dədəm çaydan bir qurtum alıb qaşlarını oynatmağa başladı. Çay soyuyub buza döndü, yemək təkrar isinib süfrəyə gəldi, dədəmdən cınqır çıxmadı. Qaşlar eləcə «axtarış»ını davam etdirir, bir yerdə qərar tutmurdu. Görünür əmin idi ki, beyninin hansı küncündəsə düşdüyümüz vəziyyətdən çıxış yolu var. Sadəcə bu yolu tapmaq, həyata keçirmək gərəkdir.
Nəhayət qaşlar baş-başa gəldi və anındaca dədəmin səsi eşidildi:
«Bala, get Sənəm arvadı çağır».
***
Sənəm arvad tumanını çırmalayıb sobanın yaxınlığında oturdu. Anam çay süzdü. Dədəmlə Sənəm arvadın arasında belə bir dialoq oldu.

«Ay Sənəm arvad, sən haqq adamısan, bu Kərimin atası nə təhər adamdı?»
«Nə təhəri olacaq, adamdı da…»
«Axı onlar niyə belə elədilər, bizim nə günahımız vardı?»
«Qudurğandılar, a kişi!»
«İlyaznan nə təhəri qouhumdular?»
«Kərimin anası İlyazın ögey bacısının qızıdı».
«Mehribandılar?»
«Külü qoyum onnarın mehriban başına. İt-pişik kimidilər. O ili otuz kilo pambığın üstündə Kərimin anası İlyazı itdən alıb itə vermədimi?»
«Bilirsən, Sənəm bacı, biz bu kənddə qəribik, heç kimi tanımırıq. Kəndin acı var, gici var, alkaşı-avarası var. İndi bu adamların hər birini tanımaq üçün gündə yaxalaşmalıyıq? Kənddə bir ağsaqqal da yoxdu ki, gedib dərdini deyəsən».
«Əşşi onnar ağsaqqal-qarasaqqal sayan döyüllər, özünə əziyyət vermə».
«İndi mən neyləyim, bax gör uşağın sifətini nə günə salıblar? Sabah dərsləri başlayacaq, dayısı xəbər göndərib, necə gedsin indi? Durum gedim şikayət eləyim, camahatnan üz-göz olum? Böyün o qədər adamın içində mən yaşda adama dişinin dibindən çıxanı dedilər, üstümə dartındılar… Biz də yiyəsiz deyilik, bizim də adamlarımız, qohum-əqrəbamız var».
«…»
«Bəlkə kalxoz sədrinə şikayət eliyim».
«Birin ağına!»
«Birin ağı nədi?»
«Görməmisən, köpəyoğlunun bir gözünə boz gəlib, kordu. O, adamdı ki, dərdini deyəsən. Pul alıb öz oğlunun qanını batıran adamnan nə gözdüyürsən?».
«Oğlunu öldürüblər sədrin?»
«Bıy! Xəbəriniz yoxdu?! Sədrin bacısı oğlu rayonnan qız istiyirdi, vermirdilər. Elçi-elçi üstündən getdi, xeyri olmadı. Onda hələ sədr döyüldü bu oğraş. Bacısına məsləhət görür ki, uşaqlar qızı qaçırsın. Qızı da evdən çölə buraxmırdılar. Bir gün qız ata-anasıynan bizim kəndə toya gəlir. Bu cavannar da – sədrin oğlu, bacısı oğlu, iki nəfər də dostları, toyda içib keflənillər. Bacısı oğlu sədrin maşınını götürür, çıxıllar yola. Gözləyillər, qızın atasının maşını gələndə yolu kəsillər. Kişi yerə düşəndə görür ki, bunnardı! Tez əlindəki knopkaynan maşının qapısını bağlayıb harasa zəng eləyir. Uşaqlar maşını sındırmağa cürət eləmillər, uzaqlaşıllar. Həmin gecə, yalan olmasın, bəlkə iyirmi qara rəhli maşın gəlib vıyıldaya-vıyıldaya kəndi dörd dolandı, getdi. Hamı sədrin bacısı oğluna dedi ki, a bala, bunnar kimdisə güclü adamlardı, gəl bu söydadan vaz keç. Uşaq dedi keçmənəm. Arada bir dəfə də sədrin maşınıynan gedib rayonda qızgilin məhəlləsində fırlanıllar. Bu mament o qara maşınnnılar düşüllər uşaqların dalınca, Bərdə yolunda maşını mühasirəyə salıb tutullar. Uşaqların biri kanala tullanıb qaçır, o biri özünü pambıqlığa verir. Sədrin oğluynan bacısı oğlunu tutullar. Tərs kimi həmin gün qızı istiyən oğlannan sədrin oğlu qoftalarını dəyişifmişlər. Adamlar səhv salıb sədrin oğlunu öldürüllər, qanın baisini də lüt soyundurub, otuzdurullar sədrin maşınına, deyillər arxana baxmadan sür, cəhənnəm ol. Bu da qorxusundan maşını necə sürürsə, Hüsülüyə çathaçatda avaryaya düşür.
Dedilər sədrin oğlu avaryadan ölüf. Mən özüm meyidi gözlərimnən gördüm, bədəni deşik-deşik idi. Lomnanmı, almaturnanmı kürəyinə o qədər çırpmışdılar ki! Sinəsini də üç yerdən deşmişdilər. Necə avarya idi ki, bibisi oğlunun heç burnu da qanamamışdı.
Dəfinnən iki gün sonra «Birin ağı» bacısı oğlunu urusetə göndərdi, kalan pul alıb oğlunun qanını uddu. Hökuməti də pulnan susdurdular. Onnan sonra parıldadı bu kişi. Tükan aşdı, rayonda ev aldı, kənddə dvares tikdirdi, keçən il də rüşvətini verib gəldi oturdu vəzifədə. İndi qılıncının dalı da kəsir, qabağı da!»
«Mən də deyirdim daxal üçün bir iki ağac istiyim onnan».
«Vallah nə bilim, özünüz məsləhət eliyin. İstiyin, bəlkə də verər. Onun əlində bir daxal tikmək nədi ki!»
«Bə bu Zülfüqar nə təhər adamdı».
«Hansı Zülfüqar? Tıs- tısı deyirsən?»
«Şofir…»
«Hə… Hə… Odu, odu. Bir dəfə maşınıynan rayonnan gəlirmiş, görür ki, yolnan bir təkər yumalanır. Deyir, nə yaxşı oldu. Tez maşını saxlayıb təkəri atır kuzasına. Evə çatanda arvadına deyir ki, büyün yaxşı bir qazanc eləmişəm: təkər tapmışam. Arvadı baxır ki, öz maşınının təkəridi, yolda açılıb, yumalanıb, xəbəri olmuyub.
Bir dəfə də ova gedifmiş. Güllə atmaq istəyəndə tüfəngi pısıldayır. Barıtı islanıfmış. Görür açılmadı, lüləni ovcuna tutur, qırmalar dığıltıynan əlinin içinə tökülür. O gün axşamacan Zülfüqarın ovu belə keçir. Bütün patronları tısıldıyır, bütün qırmalarını ovcuna töküb cibinə yığır. O vaxtdan adı «Tıs-tıs Zülfüqar» qalıb. Amma pis adam döy».
«Səndə söhbətlər varmış…»
***
«Sədr mənə iki ağac verdi» – dədəm sevindiyindən az qalırdı qanad açıb uçsun. Cəld evdən balta, ip götürüb kalxozun parkına yollandıq. Qarovulçunun göstərdiyi ərər ağaclarını kəsib arıtladıq. Dədəm əvvəlcə addımları ilə, sonra metirlə hər şeyi ölçüb-biçdi, kərənləri lazımı ölçüdə kəsib nizam hala gətirdi. Sonra traktor tutub məhəllə yerinə apardıq. Həmin gün məhəlləmizə ilk lapatkəni vurduq. İşmizin üstünə birinci gəlib çıxan Sonyanın atası oldu. Onun eynən qızı kimi yaraşıqlı çöhrəsi, ağappaq, arxaya daranmış saçları vardı. Dədəmlə görüşən kimi üz-gözünü tökdü: «Adam yer tutanda bir məsləhət eləməz? Mən buranı dörd ildi ki, behləmişəm. Sədr də bilir, camaat da».
Hətta lapatkə vurduğumuz yerin üç addımlığında basdırdığı daşı da göstərdi. Dədəm uzun sükutdan sonra ərkyana bir təbəssümlə dedi:
«Sənin oğlannarın hələ balacadı. Onnar böyüyənə kimi bundan da yaxşı yerlər tutarsan. Bizim imkanımız yoxdu, qabaqdan qış gəlir, bir daxma yerindən ötəri kənddən çıxmayacam ki!»
Sonyanın atası sərtləşdi:
«Məni maraqlandırmır. Nə çox yer var, gərək gəlib mənim qapımın ağzında tikiləsən».
Dədəm mümkün qədər yumşaq davaranmağa çalışdı:
«Qapının ağzında niyə? Sənin evin gör hardadı».
Sonyanın atası lapatkəni dartıb dədəmin əlindən aldı və kanala tərəf tolazladı.
«A kişi, çıx get mənim yerimdən. Sən nə təhər adamsan».
Dədəm onun üstünə çəmkindi:
«Sən kimsən ki, mənim lapatkəmi kanala atırsan. Sən öləsən, canın çıxsa da gedən döyüləm. İki dünya bir olsa, mən daxalımı burda tikəcəm».
Səsə-küyə Sonyanın əmiləri, əmisi oğlanları gəldi. Başladılar dədəmlə mübahisə eləməyə. Bir azdan qonum-qonşu da yığışdı. Hamı Sonyanın atasının sözünü deyirdi. Dədəm isə bir addım belə geri çəkilmir, bütün gücünü səfərbər edib haqlı olduğunu sübuta yetirmək istəyirdi. Axır ki, Sonyanın atası özünü saxlaya bilməyib qışqırdı:
«Kişiliyin çatır get Kərimin cavabını ver. Sənə yazığımız gəlir, a bədbəxt, özümüz xətrinə dəymirik».
Dədəm tutuldu. Traktordan yenicə düşürdüyü kərənin üstündə oturub fikrə getdi.
***
Axşam kişi nə çay içdi, nə də bir loxma çörək yedi. Qapqara qaralmışdı. Məni çağırdı, yanında otuzdurub üzümə baxmadan soruşdu:
«Kərimi döyə bilərsən?»
Çaşdım.
«Sən onu döyməsən, bu kənddə qala bilməyəcəyik. Hamı üstümüzə ayaq alacaq, bizi götübarmaqlı edəcəklər. İcazə verirəm, onu tut, ustaddan gəlmə elə! Heç kimdən qorxma. Bu da olsun üç-dörd qoyun, polisə verib canımızı qurtararıq».
***
Kəndin üstündən qapqara buludlar axışırdı. Buludlar çox alçaqdan və sürətlə gedirdi. Ya kənd göyün altından qaçır, ya göy bu kəndin üstündən sürüşüb harasa gedir, ya da buludlar kəndi yerli-dibli – tarlalı, evli, ağaclı, insanlı, heyvanlı süpürüb naməlum bir məkana aparırdı. Dünyanın sonu idi deyəsən – eynən müqəddəs kitablarda deyildiyi kimi… Yerlə-göy biri-birinə qovuşmuş, hər şey başı üstünə çevrilmişdi… Kəsilib səliqə ilə arıtlanmış ərər ağacları havada fırlana-fırlana uçuşur, daxallar ehmalca çökür, xan çinarları nəriltiylə aşır, başı görünməyən göydələnlər altından boğanaq qalxa-qalxa yerin təkinə gömülürdü. Havada şütüyən qırıcılar ürkmüş sərçələrə bənzəyirdi. Axan buludların, sürüşən göyün uğultusuna ildırım gurultusu da qarışdı. Hər gurultudan əvvəl şimşək gecənin köksünü bədheybət bir qüvvə ilə qamçılayır, hər qamçı işıq parıltısı ilə gecənin vahiməsini bir anlıq gözə soxur, təzədən geri alırdı. Qamçının çıxardığı hər işıqla bir tanış mənzərə görünürdü: Kərimin qəzəbli sifəti, dədəmin kepqası, baltası, sovet sədrinin tüksüz başı, sahə müvəkkilinin paqonları, qoyunlarımız, pambıq tarlası, Teylurun arvadının hədələri, hətta Teylura atılan güllənin səsi, Sənəm arvadın danışığı, qardaşımın hönkürtüsü, mağazanın qarşısındakı mərəkə, sifətimə dəyən yumruqlar, Sonya, anam, Kərimin anasının səsi, atasının titrəyən dodaqları, Şofir Zülfüqarın fısıltısı, kolxoz sədrinin bozarmış gözü… Mağazanın qarşısındakı mərəkəyə öz kəndimizin adamları, başqa millətlər, hətta ermənilər, qulağı sırğalı zəncilər də qatılmışdı. Kimin kimlə savaşdığı bəlli deyildi. Qamçının parlatdığı işıqda Sonyanın, bacımın, qardaşımın və anamın sifəti daha çox görünməyə başladı. Basabasda imkan tapıb Sonyanın üzündən öpdüm. Sonya çevrilib bacım oldu. Bacım əvvəl Sonya kimi, sonra özü kimi danışdı, amma danışan Sonya idi. Kərimin anası anamın sifəti, öz səsi ilə dədəmə söydü. Ardınca səsi də dəyişdi, ancaq o yenə anam idi. Kərim qardaşımın sifətində öz yumruqları ilə vurdu məni. Tutmaq istədim, əlim qalxmadı. Kərim qardaşımın sifəti ilə ağlayır, öz yumruqları ilə döyür, dədəmin səsi ilə danışırdı. Getdikcə sifəti də, səsi də özünün oldu – əlim-ayağım işə düşdü. Saçlarından yapışıb qarnını yumruqlamağa başladım. İki qatlandı. Sonra dizimlə ağzına… Başını qaldırdı. Sifəti qanın içində idi. Ancaq qan görünmürdü. Uğultu, axan buludlar, kəndin üstündən sürüşən göy Kərimi əlimdən alıb aparmaq istədi, yaxasını buraxmadım. Kərimlə birlikdə mən də buludlarla axır, kəndlə birlikdə göyün altından sürüşürdüm. Təkrar-təkrar Kərimin ağzına yumruqlar vurmağa başladım. Kərim arxası üstə yıxılır, torpaq olmadığından yıxıla bilmir, mən isə döyməkdən yorulurdum. Kərimi bir də yaxalayıb vurmaq istədim – o, qardaşım idi. Ancaq sifəti də səsi də özününküydü. Hətta səsini açıqca eşidirdim də: «Dur, dur, dur». Bilmirdim mənə deyir, yoxsa sürüşən göyə, axan buluda. Kərim «dur» kəlməsini təkrarladıqca səsi dədəmin səsinə çevrildi: «Dur! Dur! Dur!»
«…Dur, a bala! Məhəlləyə gedirik».
Dədəmin səsi oyatdı məni…
***
Saman-palçıq yoğurmağa başladıq. Təzə qonşulardan heç kim görünmürdü. Yalnız Sonyanın atası kanalın tilinə qalxıb xəbərdarlıq elədi: «A kişi, havayı əziyyət çəkmə, onsuz da o yeri sənə verməyəcəm».
Dədəm dinmədi.
***
Günortadan sonra mən əlimə ağac alıb qardaşımın yanına – örüşə yollandım. Kənddən xeyli aralananda gördüm ki, böyük kanalın kənarındakı torpaq topalarının üstündə kimsə oturub balıq tutur. Siqaret yandırmaq üçün yaxınlaşdım:
«Salam əleyküm».
Çevrildi… Kərim idi.
***
Kərim məni görən kimi ayağa durdu. Burun-buruna dayandıq. İkimiz də çaşıb qalmışdıq. O da udqundu, mən də. Boğazımdan xırçıltı səsi gəldi. Açığı ehtiyat edirdim Kərimdən. Onun boyu məndən qısa olsa da, işləməkdən bərkiyib yoğunlamış qolları, güclü pəncəsi, sərt baxışları, ciddi sifəti vardı. Kərim mənimlə dalaşmaq istəməzdi təbii… Çünki o, «öz işini» artıqlaması ilə «görmüş», kim olduğunu bizə «sübut eləmişdi». Qalırdı bizim cavabımız. Həyəcanlıydım: birdən davanı başlayaram, o məni döyər deyə. Bundan sonra adam içinə çıxmaq bir yana, dədəmin gözünə görünməyəydim gərək. Dədəmə görə Kərimə döyülsəm, üzüsulu köçüb getməliydik bu kənddən.
«Kərim, məni niyə elə vurdun?» – salamsız-kalamsız sözə başladım
«Gəl o söhbətə qayıtmayaq. Oldu getdi, səhvimi başa düşdüm».
Hirsimi, həyəcanımı mümkün qədər gizləməyə çalışdım:
«Bə camaatın içində söydüyün o söyüşləri hara yazaq? Məni vurmağını bağışladım, amma razı olarsanmı sənə, sənin atana o qədər adamın içində sən söydüyün söyüşləri söyüm?».
«Gəl o söhbət qayıtmayaq də… Oldu getdi».
«Necə qayıtmayaq. Heç olmasa təklikdə ye o söyüşlərin cavabını».
Məni başayaq süzdü. Baxışları əlimdəki ağaca ilişib qaldı. Gözlərindəki qorxunu sezcək ürəkləndim. Amma özünü qorxan kimi göstərmirdi:
«Səndən neçə bayram böyüyəm, bir şillə vurmuşam, nə olsun, niyə kin saxlayırsan».
Səsimi qaldırdım:
«Şilləyə görə yox, söyüşə görə cavabını almalısan».
O da səsini qaldırdı:
«Sən məni söyə bilməzsən!»
«Söyərəm, lap bacını da …!»
Qəfil bir addım dala çəkilib bayaqdan əlimdə rahladığım ağacı var gücümlə Kərimin təpəsinə endirdim. Əllərini başına aparıb çökdü, oturacağı yerə gəldi. Barmaqlarının arasından şoşaqlayan qan sifətinə töküldü. İkinci, üçüncü ağacı vurdum, yıxıldı. Yerdə budalamağa başladım… Ağacların zərbi altında ilan kimi qıvrılıb açılan Kərim dəhşətli bir səslə bağırdı: «Neynirsəəən! Neynirsəəəəəən!!! Ay camahat, qoymuyun, öldürdü məniiiii!!!»
Əl saxladım. Kərim ağır-ağır yerindən qalxdı, ağzına-burnuna dolan qanı toz-torpaq qarışıq fınxırıb üstümə cumdu. Qana batan əlləri ilə boğazımdan yapışdı. Biləkləri güclü idi, heç yuxuda gördüyüm adama oxşamırdı. Nəyin bahasına olur-olsun dözməli idim. Gec-tez heydən düşəcəkdi Kərim. Bu qədər qan itirmək havayıdırmı. Amma hələ güc-qüvvəsi yerində idi. Arada dizlərimi yerə gətirdi də! Atdığı yumruqları boynumun və başımın arxası ilə dəf edirdim. Yaxalaşdığımızdan ağac bir kənara düşmüşdü.
Az keçməmiş Kərimin əllərinin əsdiyini gördüm. Onu arxaya basıb sifətinə daha bir-iki qapaz vurdum. Kərim məğlubiyyətlə barışa bilmir, hikkəsindən zır-zır ağlayırdı:
«Alçaqlar, gör başınıza nə oyun açacağıq. Sən məni vurursan? Sən mənim başımı dağıdırsan? Hı!».
«Səni vuraram da, o qəhbə ananı …. də!» – daha qorxum yox idi. Ağacı təkrar əlimə almışdım. Çox o yan-bu yan etsə Kərimi təzədən al qanına qəltan edə bilərdim. Bunu Kərim də hiss edirdi, odur ki, çox dərinə getmədi, «Görərsən, görərsən» – deyib hirsli-hirsli kəndə tərəf addımladı – «Sən hələ məni tanımırsan!».
Kərimin kanalın tilindəki şərit bağlanmış qarğısını dizimdə iki bölüb kanala tolazlayanda hiss elədim ki, hirsim hələ soyumayıb. Ancaq tədricən öfkəm qəribə bir kövrəklik duyğusu ilə əvəz olundu.
O gün axşamacan kənddən gələn yoldan gözümü çəkə bilmədim. Bir qaraltı görən kimi ürəyim tup-tup döyünürdü.

***
Qardaşımla heyvanın yanında ikən kənddə nələr baş verib… Bunu sonralar öyrəndim.
Kərimin atası da, anası da oğlanlarını al qanın içində qabaqlarına salıb aparıblar rayon polis şöbəsinə. Kərimi xəstəxanaya yerləşdirib sahə müvəkkilini iki yekəpər serjantla mənim arxamca göndəriblər. Polislər gəlib ki, dədəm saman-palçıq qatır.
«Oğlun hanı?»
Dədəm işi anındaca başa düşüb. Deyib, nə bilim hanı. Tapsanız, deyin gəlib mənə kömək eləsin. Görürsünüz ki, zığ-batdağın içində əlləşirəm.
«Oğlunu vermirsən, onda səni aparacağıq».
«Elə bu vid-fasonda?».
«Otur maşına, çox uzatma!»
Bu vaxt xoşbəxtlikdən qohumlardan biri bizdə imiş. Tez-tələsik taksiyə oturub, yataxlara xəbər aparıb. Kərimin bacıları isə daş-qaya ilə biz olan evə – Dəli İlyazın qonşuluğuna hücuma keçiblər. Pəncərələri sındırıb, evin çardağını daşa tutublar. Söyüş-küfür də öz yerində… Anam isə bacımı qucağına sıxıb ağlayırmış evdə: «Yazıq balamı tutacaqlar, instuta gedə bilməyəcək…» (Sonralar anamı bu sözə görə lağa qoyub güləcəkdik). Birdən İlyaz çıxıb öz həyətlərindən. Əlində də yaba:
«Ha sizin körpə əmcəyinizi!!! Qızıxmısız, ləçərlər! Bilmirdiniz ki, söyəni söyəllər, döyəni döyəllər! Lap əcəb eləyib, əlinin içinnən gəlib!»
Sən demə Kərimin məni vurması İlyaza yaman dəyibmiş. Necə olmasa, biz onun adını tutub gəlmişdik bu kəndə, bizə bəslənən münasibət elə İlyaza olan münasibət idi. Bacımın ağlamağını görüb lap əsəbiləşib Kərimin bacılarına: «O Teylurun goru haqqı, sizi buralarda görsəm bu yabanın sapını soxacam sizə. Rədd olun, qəhbə törəməsi!».
Xüləs, yataqdakı qohumlar xəbər tutar-tutmaz yığışıb məsləhət eləyiblər. Bir-iki nəfər bizim evə gəlib, qalanları dədəmin arxasınca gedib. Tanış-biliş, dostluq-kirvəlik… rəisi razı salıblar ki, ağsaqqal kişini içəridən çıxarsınlar, barışıq olsun. Polislər alaqaranlıq təcridxanaya yaxınlaşıb qapıları şaqqaşaraq açıblar:
«A kişi qalx!»
Dədəmdən səs gəlməyib. Əli zopalı serjantlardan biri yaxınlaşıb ki, dədəm palçığı qurumuş əllərini başının altına qoyub ayaqları döşəməyə bərkidilmiş dəmir oturacağın üstündə yatıb.
«Qalx, a kişi!»
Gözlərini açıb. Əsnəyə-əsnəyə qalxıb oturub.
Polis:
«Deyəsən yerin rahatdı».
«Günün altında o qədər əlləşmişəm ki… Bura çox sərindi, and olsun Allaha çıxmaq istəmirəm».
«Qalx, qalx, səni gözləyirlər».
***
Kərimgilnən barışmağımız uzun çəkdi. Allahtərəfi, kənd camaatı barışıq istəyirdi. Kərimin atasını birtəhər yola gətirdilər, anası ram olmurdu. Axırda razılaşdılar ki, sahə müvəkkilinin «şirinliyindən» başqa Kərimgilə üç qoyun verək. İki erkək də sahə müvəkkili aldı. Dədəmin köhnə borcu da vardı axı…
Elə bil hər şey Kərimin döyülməyinə bənd imiş… Kəndin təftiş komissiyasının sədri gəlib dədəmnən görüşdü:
«A kişi, sədrimiz məhəllənin şirinliyini istəyir».
«Bir toğlu verərəm, dostdarıynan kəsib yeyər».
«İki elə» – təftiş dirəşdi – «Bilirsən ki, burdan başqa adamlar da yer istəyir. Camaatın ağzını yummaq olmur. Deyillər, qıraqdan gələnə yer verirsiz, bizə yox».
«İndən sonra başımı ağrıdan olmayacaq ki?!»
«Olmayacaq» – təftiş əminliklə bildirdi.
«Razıyam» – dədəm əlini ona uzatdı.
Təftiş dədəmin əlini sıxıb gülümsədi:
«Bir toğlu da ağaclar üçün istəyir sədr».
«Nə» – dədəm təəccübləndi – «Elə bilirdim ağacları pay verib».
Təftiş çürümüş dişlərini göstərdi:
«Rəhmətliyin oğlu, biz hansı zamanda yaşayırıq».
***
Sonralar öyrəndik ki, sədr Sonyanın atasını qəsdən salıbmış üstümüzə. Deyibmiş ki, qaçqına nə etibar, bir şey verməsə neyləyərik? Sən irəli dur, şirinliyini verməsə yeri əlindən alacağıq. Bu xəbəri də Sənəm arvad verməli idi bizə. Amma biz Sonyanın atasını yaxından tanıyanda Sənəm arvad çoxdan rəhmətə getmişdi. Bəlkə elə o yox idi deyin qonşu olduğumuza baxmayaraq Sonyanın atasını yaxşı tanıya bilməmişdik. Bir də ki, Sənəm arvad sədr barədə nə lazımdırsa demişdi. Sadəcə dədəm qulaqardına vurmuşdu onun sözlərini. Xüsusən ağacları alanda qınamışdı rəhmətlik arvadı. Hətta yarızarafat, yarıciddi demişdi: «Birin ağı pis adam deyilmiş».
***
Çoxdan dədəmi belə xoşbəxt görməmişdim. Əlləri ilə palçığı taxta qəliblərə doldurur, çılpaq ayağı ilə üstündən basıb bərkidir, sonra qəlibi arxasınca məhəllənin açıq yerinə sürüyüb üzüqoylu çevirirdi. Özü də oxuya-oxuya:

Bu qəlbimin sevinci
Sənin yadigarındı

Mən də sevinirdim:
- Ay dədə, sovet sədrinin yanında yaman karıxdın haaa… – zarafatlaşmaq istədim.
- Karıxmadım. Şeirin ikinci misrası işimizin ziyanına idi. İstəyirsən deyim:
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası hayıf ki, yoxdur.
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası hayıf ki, yoxdur
***
«Dur, ay oğul, evimizə gedirik».
Hövlank ayağa durdum. Üzümə bir-iki ovuc su vurub dədəmin dalınca düşdüm. Kəndin aralığında Sonya ilə qarşılaşdıq. Sonya ərkyana bir təbəssümlə bizi süzüb başı ilə dədəmə salam verdi. Ardınca da:
«Sabahınız xeyir, dayı» – dedi.
Qulaqlarıma inanmadım. O, gülmürdü, o, ciddi idi!
«Aqibətin xeyir, bala» – dədəm də təəccübləndi deyəsən.
Azca aralanmışdıq ki, mənə baxmadan soruşdu:
«Bu qızı tanıyırsan?»
«Təzə qonşumuzdu» – uçmağa qanad gəzirdim.
Sonyagilin çubuşu yenə darvazanın ağzında idi. Bizə baxdı, səsini çıxarmadı, quyruğunu laqeydcəsinə bulaya-bulaya çəpərin dibinə tərəf yürüdü.
Daxalımızın hər şeyi hazır idi, üstünü də örtmüşdük. Bircə qapı-pəncərəsini salmamışdıq. Uzaqdaq çox da pis görünmürdü. Çardağını şiferləsəydik evdən seçilməzdi. Pulumuz olmadığından üstünə müşənbə çəkib nazik torpaq tökmüşdük.
Dədəm içəri keçdi. Mən həyətdə Sonyanın qayıtmağını gözlədim. Az sonra içəridən dədəmin qışqırığı eşidildi:
- Bay sənin evini allah yıxsın! Yıxsın Allah sənin evini!!!
İçəri qaçdım. Sədrin verdiyi ağacın ortası qırılacaq həddə əyilmişdi – tavan çökürdü.
…Dədəm qaşlarını uzun-uzadı oynadandan sonra bu qərara gəldi: «Evin ortasına haça qoymasaq mümkün olmayacaq».
Ortasına haça qoyulan daxalın isə, tövlədən heç bir fərqi yoxdur.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

46 Şərh var
Şərh yazın »

  1. Salam SHerif,

    boyuk herflerle COX GOZEL hekayedir!

    Metnin icinde IKI TEBIET, IKI MUHIT, UC DEYERLER SISTEMI VAR… Dag ve Aran… Dag adamlari ve Aran adamlari.. Yerli ve Gelme…

    VE sosial deyerleri meshhanlashmish, pulgirleshmish xirda memurlar…

    IKI TEBIETIN, IKI MUHITIN xarakterleri, bir-birini tamamlayan cehetlerini, konfliktlerini ve en nehayet UCUNCU DEYERLER SISTEMININ o konfliktlerde “serfeli” ve amansiz cehetlerini cox gozel vermisen… Oxucunu epizodlarin icine sala bilirsen- bu yazici ucun cox oenemlidir! Ellerine sagliq!

    Metnin evvelinde Ilyaz, Teylur ve terk edilecek evle bagli meqamlarda bir az daginiqliq var- amma situasiyani ve subyektlerini yaxsi islemisen!

    Sonya suretinin islenmesinde evvel ve axir yaxsidir, “orta”da bir az sonukluk var…

    Menim Jaleye de, Cavidana da ve indi de sene deyeceyim irad xarakterli bir nuans var: bu da ondan ibaretdir ki, metn horgusune benna kimi yanasirsiniz, memar kimi yox… Icinizdeki materiallari cox gozel horursunuz, amma arxitektor kimi “maket” tertib etmirsiniz… ve bu haradasa ozunu biruze verir. Cox hallarda ise finalda.

    Men senin metnini oxuyanda bir final qurmusdum ozluyumde. Dədəm səsinə müdriklik verdi:

    «A rəhmətliyin qızı, iyirmi qoyunun var, un kisəsinin biri bir qoyun eləyir. Həftəyə də bir kisə un yeyirik. Acınnan ölmək istiyirsən?! Pambığa-alağa getməsək çörək tapmarıq…»

    Bax orada. Fikirlesmisdim ki, kisi evi tikecek, amma 20 qoyununu “yeyecekler”… O da ancaq alaga-pambiga gedib DAG ADAMI olmaqdan cixacaq, aranlashacaq ve marginallashacaq…

    Sen menim proqnozumdan daha ugurlu bir sujet qurmusan- onu hemde QOYUNLASDIRMISAN! Hacali daxala tovle demekle. Amma bu ideyanin tam, dolgun ve memar ustaligi ile horguye sala bilmemisen,- 20 qoyunun yarisi qalir, hamisini “yemirler”. Ve qalan qoyunlarin harda saxlanacagi suali da aciq qalir. Mence metne daxil edilen her sheyin aqibeti finalda belli olmalidir.

    Butun bunlara baxmayaraq,

    MOHTESEM HEKAYEDIR!

  2. Məncə, “bənna-memar” qarşıdurması uğurlu deyil və Şərif də, Cavidan da, Jalə də (-!) əslində memardı, ənənvi sual doğur: əsər, mətn… yazıçının beynində əvvəlcədən hazır olur, yoxsa, yazı prosesində hissə-hissə doğulur?
    Bu hekayədə məlum “Kərpickəsən kişiylə” də bağlılıq, mətn kəsişmələri var, bu və digər sadalamadığım işlər əsl MEMAR işidir ki, var!

  3. Cavansir muellim,

    Siz bilirsiniz ki, yaxshi doyushcu hemishe atmaga patron saxlayir))) Yoxsa onun bu hekayedeki bariti yash olan Zülfüqardan ferqi olmaz…

    Benna- o adamdir ki, onu sirf divarin horgusu maraqlandirir, binanin umumi plani yox…

    YAZIDA yazan yazar bennadir, memar deyil…

    YAZI ve MAKET-de yazan ise MEMARDIR…

    Sherifin bu hekayesi MOHTESEMDIR, amma o hele MEMARLIQ numunesi deyil…

    Sherif ozu de etiraf ede biler ki, yasaminda icine dolmush sozleri bedii metn kimi bicib, “utuleyib” ve sergiye cixardib…

    DERZILIYINE SOZ OLA BILMEZ, MODELYERLIYI ISE…

    Menim daha once soz acdigim tenqid modellerimizin ferqi burada oz eksini tapir.

    Siz dile (semente), kubiklere (soz oturtmalarina) gore metne qiymet verirsiniz- men arxitekturasina gore. Sizin model rus modelidir, menimki Avropa )))

    Sherifin “memar” olmadigini adi bir sualla mueyyen etmek olar:

    Kerimin adi niye Kerimdir?

    Cavab tapmaga calisaq:

    Sonya kimdir?- kur qiragindaki yasilbas- Vaqifin seiri…

    Kolxozun adi nedir? – Semed Vurgun… Onun da Vaqif eseri var…

    Eserde, bele demek olarsa iki “katalizator” suret var- biri Sonyadir, biri Kerim…

    MEMAR men ona deyerdim ki, Kerimin adini VAQIF qoysun…

    Memar ona deyerdim ki, bariti yash Zulfuqardan katalizatorlarin suretlendirdiyi reaksiyanin formulunda element kimi eks olunsun…

    Atasinin kur qiraginda eceb seyrengah var misralarinin “tehrif”ini Sonyaya kecid vere bilsin…

    “Bu qəlbimin sevinci
    Sənin yadigarındı”

    “Mən Kərəməm Gəncə mənim bağlarım
    Duman gəldi çiskin aldı dağlarım…”

    Evezine Semed Vurgundan, Vaqifden bir sey oxusun(men bileni bu misralar onlara aid deyil. Aiddirse, bu bendi cixaq-Q.M)-”caymasin”

    P.S: Xahis edirem menim uzerimden metne qiymet vermeyin, bu priyomu bilirem )))

    Metndeki memarligin neden ibaret olduguna fikrinizi bilmek xos olardi )))

    ESED CAHANGIR,

    hardasan?

    Bele metne de munasibet bildirmeyib, neye munasibet bildireceksen? Kimden ve neden qorxursan? Cix Anarin qoltugundan! Tenqidci qoltuga girmez!

  4. Əziz Şerif

    Hekayəni oxudum. Yaxşı hekayədir.
    Detallara varmaq istəmirəm. Sən onsuz da öz müşhahidələrinlə pekşəkarcasına işləməyi bacarırsan.

    Bu günki gəncliyn ümumi bəlası olan internet yaxşı ki, detallara münasibətdə səni çaşdırmayıb. Onlar həyati detallara, xüsusən Azərbaycan ədəbiyyatına məxsus normalara qayıdan kimi, bütün primitivlikləri meydana çıxır.

    Bu yaxşıdır.

    Səndə çatmayan nədir?

    Sənə məxsus olan mövzuda ( artıq sən yeni Azərbaycan ədəbi nəsli içərisində mövzusu olan barmaqla sayılacaq yazıçılardansan) başlıcanı hələ ayırıb seçə bilməmək.

    Bu nə deməkdir?

    Mən hələ konsepsiya söhbəti salmaq istəməzdim.
    Bu ağır söhbətdir.

    Amma ayrı – ayrı Azərbaycan yazıçılarında bu başlıcanın özünü necə göstərdiyinə nümunələr gətirmək istərdim.

    Məsələn, bu Füzulidə «dərd çox, həmdərd yox…» misrası,

    Axundovda «Aldanmış kəvakib» proqrammı,

    Mirzə Cəlildə «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlırım» xitabı,

    Əkrəm Əylislidə sözdəki «rəng» bolluğu,

    Vaqif Səmədoğlunada «uzaq, yaşıl ada»,
    Ramiz Rövşəndə «Ay işığı»,
    Vaqif Bayatlıda «Göy üzü» obrazları,

    Ən nəhayət, Həmid Herisçidə «Ay bisavadlar» məsxərəsi şəklində özünü göstərir

    Məsələn, bizdə Ələkbər Salahzadə kimi çox orijinal bir şairdə bu başlaca ifadə olunmadığından Ələkbər Salahzadə ictimai rəydə böyük uğur qazana bilmədi.

    Hekayə ilə bağlı daha bir məqam.
    Bu sadəcə arzudur.
    Hekayədə Ana obrazı var. Sən bu Ana obrazla nələr edə bilərsən? Bu obrazla əsərdəki bütün faciəni açıb ortaya qoymaq olar.
    Buna imkan da var.
    Sadəcə bu baxımdan Ananın dilindəki sözlərin “ana reaksiyası” yükünü artırmaq, bu yükə uyğun əsərə əlavələr etmək lazımdır. Bu həm də Ananı əsərdə mövcud olan ümumi ovqatdan ayırar, hekayəyə yeni ovqat çaları gətirər.
    Hər halda bu arzudur.

  5. P.P.S EN VACIB ELEMENT- eyni hekayede Nizami ile Vaqifin palcigini qarisdirmasin, kerpiclerini ayira bilsin )))

  6. Rus-Avropa “tərifini” bir kənara qoysaq (“…Belinskiyə uzun-uzadı qulaq asandan sonra Dostoyevski deyir: maraqlıdı, ancaq bu qədər cəfəng şeyləri hardan tapırsan” – rusun bu mərəzini uşaqlıqdan bilirdim, bunu söz məsəli dedim), deməliyəm ki, əsərə yanaşma ziddiyyətlidir.Başqa sözlə, burda bənnalığa getmək, mətnin içindəki assosiasiyaalrla oynamaq (mətnin şüuraltısını açmaq yerinə) mətni, məncə zədələyir. Artıq yazdığımı bir də sitat vermək istərdim: “… Şərif bizi hiss olunmadan ən müxtəlif məkanlara aparıb çıxarır, məkana baxış bucağını ani dəyişdirə bilir – bu mənada onun istifadə etdiyi üsullar mətn içində bəzən refrenə, bəzən də kompozisiya məntiqini bəlirləyən təhkiyə ritminə çevrilir. Şərif üçün xarakterik cəhət danışılan əhvalatlar arasında assosiativ keçidlərin olmasıdır, hadisələr bəzən pərən-pərən düşür, arxaya və irəli hərəkətlər bu dönüşlərin əsl mahiyyətini gizlədir, ancaq bütün bu “qarışıqlıq” “təhkiyə şüurunda” birləşir, necə deyərlər, yenidən “yığılır”, bu üsul – hadisələr arasında xronoloji və ya baş vermə ardıcıllığının gözlənilməməsi və onların ümumi fokusda birləşmə imkanının olması müəyyən bədii şüur tipindən danışmağa əsas verir. Bu, necə deyərlər Şərifin – müəllifin hadisələrə, onların təsvirinə münasibətidir. Bəs bu hadisələrin özlərinin bir-birinə münasibəti necədir?”
    Xahiş edirəm, fürsətdən istifadə edib, tekstlə bağlı bənna-memar qarşıdurmasının çox mənasız olduğunu düşünün. “Kərpickəsən kişinin dastanı” ənənənin içindən çıxan, onunla bəhsləşən, dilləşən və özündən sonra yeni bəhsləşmələrə cəbhə açan… yeni mətndir.
    Sizə uğurlar!
    Cavanşir

  7. Cavansir muellim,

    men tekstin suur altisini da, suur ustusunu de “IKI TEBIET, IKI MUHIT VE UC DEYERLER SISTEMI…” konteksinde aciqladim,

    bunu kim basa dusmese de, siz cox gozel basa dusursunuz, yazdiginiz sherh de onu subut edir ki, metnin bedii deyerini yeterine obyektiv ve duzgun qiymetlendirirsiniz…

    Amma menim qoydugum nuanslara da siz xahis edirem diqqet yetirin.

    Niye Kerimin adi Vagif deyil? Ona gore ki, metnin memari plani, maketi muellife belli deyilmish, axira qeder de belii olmayib. Qoyunlarin bolusdurulmesi ve haca meselesi bunu gosterir.

    Bele deyek, biri var yazar ozunu bedii muqevvaya cevirir, olcur, bicir ve gozel bir kostyum tikir. Qutu kimi oturur eyine, hami da deyir, beh- beh…

    Sherifin bu hekayesi hemin kostyumdur…

    BEH-BEH!- semimi ve ciddi!

    Biri de var modelyer… Derzi ile modelyerin ferqini aciqlamaga gerek yoxdur, mence…

    Qoy gelsin desin gorek

    Esed Cahangir

    ne fikirlesir?

    Mence bu adam aciq musteviye cixmaqdan qorxur!!!

    Bataqliqda bogulur bu adam!

    Bele bir metne munasibet bildirmeyen tenqidci tenqidci deyil!!!

  8. butun sherh yazanlara, əlbəttə ki, xüsusən qamçıya və cavanşir müəllimə təşəkkür edirəm.
    diqqətinizə görə sağ olun.
    ama nədənsə kultazın digər qəhrəmanları gözə dəymir. nə olub sizə, hadi, yıxın sürüyün. ortada “ilişməyə” nəsə var məncə.
    bir daha təşəkkürlər!

  9. “…Niye Kerimin adi Vagif deyil? Ona gore ki, metnin memari plani, maketi muellife belli deyilmish, axira qeder de belii olmayib. Qoyunlarin bolusdurulmesi ve haca meselesi bunu gosterir”.
    Yaxshi ki, Kerimin adi Vaqif deyilmish….
    Bu tehliliniz MOHTESHEM sozunu “sondurur”, mense deyirem; hekaye normal hekayedir, burada benna-memar oppozisiyasindan danishmaq tam yersizdi, Sherifin hekayesinin uguru bu teshbehi yada salmir, zerrece, eslinde, bu – bizim oxudugumuz hekaye deyil, bizi “oxuyan” hekayedir, onun qurulushunda, arxitektonikasinda ele bir shey var ki, oxuyub ah chekmenin qarshisini alir (yeni, oxuyur, tesirlenir ve… bir daha xatirlamirsan, Y.Semedoglunun “Bayati-Shiraz” hekayesi var,- hech zaman yadimdan chikhmir, shubhesiz ki, faktura anlaminda yox…), oxucuyla “oyun” oynayir. Jalenin hekayesine munasibetde ZEKA meselesi lap gulmeli seslenir, seni derk eleyen sheyden ZEKA teleb edirsen! (SEKA MESHELE SONDU-!).
    Yeni, ele sheyler var ki, onlarin tehlilinde perspektivsiz tesvirlere getmek yanlishliqdi, mueyyen heqiqetler var ki, demek, imkanlarin qederinde insanlara achiqlamaq istedikde senden qisasa qalxirlar. Yeni, benna-memar sozcukleri burda sirf hesabdarliq terminine chevrilir. Vaxtile “Azerbaycan edebiyyatinda ne bash verir” meqalesini yazdim (ozumden sitata gore oxuculradan uzr isteyirem, kultaz.da var, oxuya bilersen), orda E. Astanbeylinin sheirlerinden de behs edilmishdi, fikrimce bunlar hele bizim oxuduguuz, hoccelediyimiz yazilardandir, bunun bir sebebi de muellifin metne ciddi yanashmamasidir. Ne ise. Ozun bax.
    Sherife ugurla dileyirem.
    Size ugurlu mubahiseler, BIZCE – edebiyyat ele mubahiseli sheherdir…
    Hormetle,
    Cavanshir…

  10. “Budağın xatirələri”,”Qarabağda qalan izlər” hekayəni oxuyanda bu əsərlərin kiçik bir parçası təsirini bağışlayır… Allah Əli Vəliyevə rəhmət eləsin!!!

  11. Allah haqqı çatan bütün ölülərə rəhmət eləsin. Qarabağ bizim ən gözəl… ölümüz deyil, aqoniyada olanımızdı. Allah bizə ona rəhmət diləməyi qismət eləməsin.

    Şərif səni təbrik eləyirəm. Bağrıma basıram. Gözəl hekayə yazmısan. Vətənin bir parçası olan torpaqları itirəndən sonra daxalın tikiləcəyi toppaq sahəsi uğrunda bir tərəfdən məkrli, bir tərəfdən inadlı-israrlı savaş məqamı ayrıca ləzzət elədi.

    Eldəniz bəy, səni də təbrik eləyirəm. Yanaşman sanballıdı. Görümün, duyumun əladı. Sənin Əsəd Cahangir olduğuna sənin tənqidimizin memarı ola biləcəyinə inandığımdan çoooox az inanıram. Şərif isə bənnalıqdan birbaş memarlığa doğru gedir.

    Sözümüz uğrunda qələm çalan bütün qardaşlarımı salamlayıram.

    Əədəbiyyatımıza uğurlar!

  12. Dostlar,

    nəzərinizə çatdırım ki, Qamıçı Gəncəli olsa da Nizami Gəncəvinin qohumu deyil.

    Əziz Qammçı,

    bunu ona görə yazıram ki, indi burda qəribə adamlar peyda olub mənə etiraz əlaməti olaraq Sənə sübut etməyə çalışacaqlar ki, Sən Nizami Gəncəvinin qohumusan.

    Kefdəyik.

  13. Rasət bəy Qamçı Nizami Gəncəvinin qohumu olmasa da çox vətənpərvər oğlandır… Danimarkada yaşasa da ADANET-in xidmətlərindən istifadə eliyir…

  14. gozel hekayedir. Serif eserin damarini gozel tutur. obrazlar tebiidir. hekayede muharibe izleri adamlarin psixologiyasina ele hopub ki, sadece olaraq bu aqibete teessuflenirsen. o fikirle raziyam ki, Serifin oz sesi, oz movzusu var. hekayeni oxuyub qurtariram ve faciemizi daha genis menasi ile anlayiram.

  15. Scorpion, gunlerin birinde icra bashchisi aktivi yigir, deyir ki, bes bu ay qitliq gozlenilir, gerek chox ishleyesiz… Biri arxadan qayidir ki, hormetli bashchi, lazim olsa lap iki novbe ishleyerik… Sonraki ay yene bashchi yigir bunlari, yene qitliq olacaq deyir, camaat etiraz edir, amma hemin adam yene qalxir ki, lazim olsa lap 3 novbe ishleyerik… O birisi ay yene bashchi deyir ki, qitliq olacaq, plan-proqram var, chox ishlemelisiz… Camaat qayidir ki, eshi, lap ag elediz, bele shey olar…? O arxadaki hemin adam yene durur ki, hormetli bashchi, lazim olsa sutka ishleyerik… Nese iclasdan sonra camaat tokulur bunun ustune ki, aye, sen harda ishleyirsen ki, lazim olanda iki-uch, hetta sutka ile ishleye bilirsen..? Bu adam qayidir ki, vallah men murdeshirem, bu qitliq da mene serf eleyir…

    Indi o murdeshirin sozu olmasin, lazim olsa iki-uch novbe ishleyerik, lap sutkaya chixariq, zira, bu tamasha menim xoshuma geldi… -))

  16. Scorpion!

    Deyəsən, ADaNET xidmətlərindən sən də pis istifadə etmirsən…

    Əks təqdirdə, burda balaca bir gülüş vardı, C. Cabbarlının məntiqinə əsaslansaq, o böyüyüb Qəh-Qəhə olmalıyıdı, amma böyüyüb HIRILTI olub.
    İndi də siz onu yekə bir ZIRILTIYA çevirməklə məşğulsunuz.

    Qaldı Qamçının Danimarkada yaşamasına… Vallah, mənə elə gəlir siz ona Gəncədən qırağa çıxmağa imkan vermirsiniz, ilişib qalıb Gəncənin arxa küçələrində.

    Gülə-gülə

  17. Qamchi, esedi chox sorushduq, dediler bennaliga girishib.

  18. Raset muellim, bravo! )))

    Scorpionun surrealizmi gercekden gucludur… birce onda sehv edib ki men “lider” kart istifadecisiyem! Amma yeri var ha niki uzatmagin, Qamchi Mezarus Adanet LIDER… )))

  19. Eslinde biz Esedle gorusmusuk, amma onun yadina gelmez, belke de. Bu lap coxdan olub. Esed savadli oglandir, amma ozunu bele “qorxaq” aparmasina ehtiyac yoxdur… O da bura gelse, mence yaxsi muzakireler alinacaq…

  20. gozel xatiredir, amma hekaye deyil. Qamci, sen muasir hekayenin teleblerini yaxsi bilirsen, mohtesem sozu senin dilinden gulunc seslenir.

  21. Əziz Qamçı!

    Əsəd Cahangir doğrudan da, çox maraqlı müşhaidələrə, düşüncə tərzinə malik tənqidçidir. Səmimi deyirəm, mən bəzən Əsədin bu və ya başqa əsərə münasibəti üçün qəribsəyirəm.
    Əsəd Cahingirin istedadının xarakteri elədir ki, o hətta istəsə də ədəbi lakey ola bilməz, olsa, bunun cəzasını həmıdan çox özü çəkəcək.

    Biz bəzən tənqidçilərə xətkeş qoyuruq, filəkəs filankəsdən niyə yazır?
    Söhəbət kimin kimdən yazmasından getmir və elə bilirəm, həm də getməməlidir?
    Söhəbt kimin NƏ yazmasından getməlidir.

    Sənin Əsəd Cahangirlə bağlı cağırışların müqabilində mən bunları yazmağı özümə borc bildim.

  22. Yəqin ki, mənim bu kiçik qeydlərim şərhlərin indiki axinina yad təsiri bağışlayacaq, çünki hekayə barədə söylənən fikirlər başa çatıb. Müəllifin istedadı barədə çox soraqlar almışam, ona görə də bu səs-küylü (şərhlərin sayı şahiddir) hekayəni oxudum, nəhayət.
    Mən bu hekayəni pis hekayə adlandırardım. Bütün mənalarda. Ağrısı da pisdi, dərdi də, əvvəli də, sonu da. Mən bu hekayənin oxucusu deyiləm. Hörmətli tənqidçilər onu hansı modelə salırlar-salsınlar, hansı sistemlə, estetik meyarla dəyərləndirib izah edirlər-etsinlər.
    Bu, insan münasibətləri üçün aşağı səviyyəli dəyərlər baxımından qələmə alınıb, subyektivdi. Qərəzli və qəzəbli insanın qarasbasmasıdı – bir sözlə adamda xoşəgəlməz təəssürat doğurur.
    Mən Mirzə Cəlilin Buz hekayəsini də oxumuram. Bu, mənim oxucu haqqımdı.

    Hekayədə – deyəsən tənqidçilərdən biri bu mətləbə işarə vurub – hadisə, əhvalat xammal halındadı, arınıb emal edilməyib, konuddu. Heç bir iradəyə tabe deyil, sərbəst və vulqardı. Dil dolaşır. Sanki müəllif tezliklə bu əhvalatdan yaxa qurtarmaq istəyir.

    PİS HEKAYƏLƏR belə olur.

  23. Əziz Qurban

    Sənin Şərifin hekayəsi ilə bağlı səsəlndirdiyini fikirlər məndə əndişə doğurdu. Doğrudur, mən bu fikirlərin gec – tez ən yeni nəslin qarşısında qoyulacağını gözləyirdim, amma belə tezliklə yox. «Neqativləri» açıb göstərməmək, bununla «cəmiyyəti zəhərləməmək», sənin hekayəyə münasibətinin mahiyyətində bu dayanır. Bu gün bu istiqamətdə axtarışları dayandırmaq ədəbi irticanın qarşısında duran başlıca problemlərdən biridir.

    Şərif öz hekayəsi ilə məhz buna görə məraqlıdır; ortadakı yaranı göstərdiyniə görə , bu yaranın doğurduğu ŞƏRƏ görə.

    Hekayədə ən başlıca istiqamət nədir? – faciə içərisində olan hər iki tərəf – həm məcburi göçkünlər, həm də yerililər – bu facinin doğrudurğu nəticlərldən ŞƏRİN, başqa sözlə özlərinin «xeyrinə» istifadə etməyə çalışırlar.
    Ortada olan fəlakət heç kəsi maraqlandırmır. Dərd insanları birləşdirməir, canavara çevirir.

    Elə burdaca mən başqa bir məqama diqqəti cəlb etmək istəyirəm. Artıq iyirmə ilə yaxındır ki, əsrin əvvələrində mövcud olan «ələmdən nəşəyə» konsepsiyası yenidən dövriyyəyə buraxılıb, özü də ən pisi budur ki, bu yeni ədəbiyatın adından bəyan edilir.

    Dərd, kədər, ağrı oxucuya ictimai təhlükə kimi təqdim olunur.

    Şərifn hekayəsində də bu özünü göstərir. Şərif hekayədə ictimai faciəni açıb göstərmək əvəzinə bunun üzərindən sükutla keçir. Elə hekayədki bu cəhətdir ki, burdakı şərhçilərdən birinə hekayəni Əli Vəliyevin hekayəsi kimi xatırladır. Mən də Şərifə Ana obrazında dərdi gücləndirməyi məhz buna görə məsləhət görürdüm.
    Bir anlıq hekayəyə fikir verək; hekayədə hamı fırıldaqla məşğuldur – ev tikmək istəyən adam da (oğluna Kərimi döydürmək tapşırığı verməklə, öz əmlakı ilə nəticəni neytrallaşdırmağa hazır olduğunu bəyan etməklə, Vaqif şeirinə müraciəti ilə və s.), torpağı məcburi köçkünə saitmaq üçün ən iyrənc üsullara əl atan hakimiyyətin Sonyanın atasını prosesə qoşmaqla. Hamı göz gözə, diş dişə dayanıb, facidən öz payını götürmək məqamını gözləyir. Zora məruz qalıb, öz yerin yurdunu itirmiş adam, oğluna zor işlətməyi təklif edir və oğlu da zor işlədir, baş verən faciədən yenə də hamı öz payın götürmək üçün fırıldağa başlayırlar, o cümlədən məcburi köçkünlər də; nəticədə, onlar kənddə qalib statusu qazanırlar.
    Əsərdə bir maraqlı məqam var – yuxu məqamı. İnstituta qəbul olunmuş gəncin yuxusu. Bu yuxuda hər şey bir birinə qarışıb – düşməni üzü ilə doğma qardaşın üzü eyni üzdür, hər şey əzir, sındırır…
    Mənə elə gəlir hekayə məhz bu yuxu ilə axıra qədər açılır. Bu yuxu olmasaydı, mən də Şərifin hekayəsini Əli Vəliyevin hekayələrindən fərqləndirməzdim. Amma bu yuxu əsərdə bir məqamdır. Bu yuxu hekayənin konsesiasına çevirilə bilmir. Şərif hekayədəki başlıcanı tapa bilmir.

    Hekayə ilə bağlı maraqlı bir məqam da Qamçı ilə yusifliçiliyin arasında gedən polemikadır. Hekayəni bütün mahiyyəti qalıb bir tərəfdə – mübahisə tərəfləri oxucu üçün heç bir əhəməiyyəti olmayan məsələlər ətrafında mübahisə edirlər – bənnalıqdan, dülgərlikdən danışırlar, fikri dəxli olmayan istiqamətə yönəldirlər, öz «savadlarını» göstərməyə çalışırlar. Və qəribəsi də budur ki, müəllif də bu boşboğazlıqla həmrəydir.

    Və ən nəhayət yaranmaqda olan yeni ədəbiyyatın ləngiməsində maraqlı olan ədəbi irtica məhz öz xilasını bu boşboğazlıqda görür.
    Qamçı yenə də maraqlı məqamlara diqqəti cəlb edir. (Səməd Vuruğun torpağı Vaqif şeiri və s.) Amma Cavan şir öz ampulasından qırağa çıxmır.

    Və beləliklə, əziz Qurban, mən burda sənin diqqətini ədəbi irticanın marağında olduğu üç məsələyə cəlb etdim

    1) Sənin ictimai fəlakəti yazdığına görə hekayədən xoşun gəlməməyə,

    2) «Ələmdən nəşəyə» konsepsiyasının yenidən cəmiyyətə qaytarılmasına və hekayədə bu konsepsianın özünü göstərməsinə,

    3) və ədəbi boşboğazlığa

    Bu üç cəhət bu gün Azərbaycan ədəbiyatını gücdən salmağa xidmət edir və ədəbi irticanın arxalandığı üç istinad nöqtəsidir.

    Sənin müasibətin isə təzə şeydir. Ən qorxulusu da elə münasibətindir. Bu münasibətdən artıq siyasi sifariş iyi gəlir.

  24. qurban, sənə qurban!
    əgər yaquboğlusansa qulaq as: bu hekayə sənin adət etdiyin “daş” (RR), “köç” (MS), “peyğəmbər” (FU) və s. “dahi” silsilədən olan əsər deyil. sən ümumən şeirlərin və bizimki.org-de gedən hekayənlə simvolik düşüncə sahibisən. məncə bu hekayənin bir maraqlı tərəfi də ordadı ki, sən ona pis deyirsən. o “vulqarlıq”lar məhz sənin anladığın dıydıq – əxlaqlı ədəbiyyatı darmadağın etməm üçündür həm də. bu həyatdır ulan. onu bir kəz də sən “köçür” bakalım. təbii ki, bacarsan. sənə məsləhət görərdim ki, Yaşarın “Dəfn” hekayəsini oxuyasan. orda Xan əmi kimi (Anar kimi də ola bilər) bir qəlyan qullabı alıb özünü rahat hiss edərsən. çünki hər şey çox mədənidir.
    sayğılarla…

  25. p.s. yaquboğlu deyilsənsə yenə qulaq as.

  26. p.p.s. şerhdəki “etməm” sözünü “etmək” oxumaq lazımdır.

  27. Rasət bəy sadəcə mənim üçün maraqlıdı bu hekayə mənim yuxarıda adını çəkdiyim əsərlərdən nə ilə fərqlənir. Sizin hekayədən uzun şərhinizdə ortaya qoyduğunuz fikirləri həmin əsərlərə də aid eləmək olmur? Bir diqqətlə baxın…

  28. Açığını deyim ki, Rasət və Amaravatinin şərhlərini maraqla oxudum, amma cavab yazmağa (bu lazımdımı?) heyif vaxt yoxdu.
    Amma bir-ikisinə balaca toxunum. Rasət Pirisoyunun dediyinə görə, “ictimai fəlakəti yazdığına görə” hekayədən xoşum gəlməyib. Mən isə tamam əksinə yazmışam. Mən onu bir fərdin anormal düşəncəsinin – müəllifdən üzr diləyirəm, əlbəttə söhbət hekayədən gedir – məhsulu saymışam.
    Fəlakətin ünvanı və qəhrəmanları – ola bilsin – bilərəkdən səhv göstərilib. Başı ağrıyan adam ayağında şiş axtarıb. Faciənin diaqnozu düzgün qoyulmayıb. Bu, Şərin yazılmasına oxşamır, şər atmağa oxşayır! Yaman oxşayır. Həqiqətin Müqəddəs Həqiqətin) təhrifidi, Gerçəyin məqsədli (pis məqsədli) əydirilməsidi.
    Tutalım, hər hansı əşyanı bəlli bir fiqur qayırmaq üçün əymək, müxtəlif formaya salmaq olar. Amma istisnalar da var. Həmişə var! Çox əydiyin çubuq qırıla bilər. TƏSBEHDƏN AYIB FİQUR DÜZƏLTMƏK OLMAZ. Bəlkə bu kiməsə maraqlı görünə bilər, misal üçün satanistlərə.
    Belə bir yanaşmanın özü bəlkə də hər cür müqəddəslərin və müqəddəsliyin murdarlanamsını alqışlayan hansısa oxucu və tamaşaçı üçün maraqlı görünə bilər.
    Mənim də öz oxucu və şərh yazmaq haqqım var.

  29. Amaravatini alqışlayır və ona uğurlar diləyirəm.

  30. Sherif beyin demek olar ki, ekser yazilarini oxumuwam, bir oxucu kimi ozume, zovqume, heyat terzime, dunyagoruwume gore olmasa da, yazar olaraq maraqla oxuyuram her zaman. Bu hekayese xowuma gelmedi. Bilmirem, belke bu anki ehval-ruhiyyeme ziddir ona gore. 1-2 xususu vurqulamaq istiyirem: Sherif bey, yarawiqli qadin olmur, daha dogrusu, qadina yarawiqli deyilmez, kiwi yarawiqli ola biler. Qadina qeweng, gozel demeli. Bir de mene aydin olmayan bir nuans: bu nece olur – menim hekayemde lehceni qusur olaraq deyerlendirmiwdiz, ozunuz niye bele bir qusura yol vermisiz?)))
    Ugurlar!
    Saygilarimla

  31. sevinc xanım, obraz lehce ilə danışa bilər, yazıçı yox.
    qurban müəllim, mənim 2 hekayəm var biri budu, biri də “Mənə elə gəldi ki, gülməli əhvalat danışır” – hər ikisi psixoloji sarsıntıdan yaranıb. iradlarınızı acı sözlərlə ifadə etməyinizə baxmayaraq müəyyən mənada haqlısınız. mən bu hekayələrlə ƏDƏBİYYAT, ƏBƏDİYYƏT iddiasında deyiləm. ama bunlardan maraqlı mətn göstərin mənə, gedim oxuyum, öyrənim.
    sağ olun

  32. qurban muellim,
    təsbehin anasini da sevmek olar

  33. Sen elərsən, Amaravati, sən elərsən… Bu və başqa tip porno-hərəkətlər indi internetdə çox yayılıb. Amma mövzumuz bir özgədi. Xahiş edirəm, Amaravati, məni bağışlayasan, Ana və Təsbeh mövzusunda səninlə danışa bilməyəcəm. Allah köməyində olsun!

  34. ay qoca müdrik!
    müqəddəs şeylərə inandıqca insan zəlil olur.
    bu hekayənin səni əsəbləşdirməsinin səbəbini göz yaşlarıyıla da yad etmək olar.
    sentimental qardaş…

  35. “edeb” ve “edebiyyat” konteksti unudulur nedense…

  36. Aha, sizin iradinizdan sonra xatirlayirsizsa admin de bele demiwdi))) Ugurlar Size Sherif bey!

  37. Sсorpion,

    Elə bilirəm, mənim yuxardakı şərhimdə Sizin suala cavab vardı.
    Amma yenə də bəzi məqamlara toxunmaq istərdim. Mən Şərifin bu əsəri ilə Əli Vəliyevin əsərləri arasında həyati materal baxmından yaxınlıq görürəm.

    Digər yaxınlıqlar mənə görə istisnadır.

    Və bundan savayı Şərif yazıçıdır, Əli Vəliyev ideoloji işçi idi.
    Şərifin hekayədəki materala münasibəti müstəqil yazıçı münasibətidir, Əli Vəliyevin əsərlərindəki münaibəti sinfi münasibət idi.

    Şərif mövzusu olan yazıçıdır, Əli Vəliyevin sosialist realizmindən savayı «mövzusu» yoxdu.

    Şərif faciəni yazır, Əli Vəliyev ədəbi ittihamnamə hazırlayırdı.

    Və sair və ilaxır.

  38. Qurban,
    əzizim,
    bu nədir yazmısan?

    Bu nə deməkdir: «Fəlakətin ünvanı və qəhrəmanları – ola bilsin – bilərəkdən səhv göstərilib. Başı ağrıyan adam ayağında şiş axtarıb. Faciənin diaqnozu düzgün qoyulmayıb. Bu, Şərin yazılmasına oxşamır, şər atmağa oxşayır! Yaman oxşayır.»

    Yəni doğrudanmı biz artıq bu cür ittihamların ortaya atılması prosesi ərəfəsindəyik.

    Yazıçı azad adamdır, dostum.

    Onun əlində sözdən savayı heç nə yoxdur. Yəni doğrudanmı hardasa artıq elə güman edirlər ki, söz cəmiyyət üçün təhlükə yarada bilər.

    Biz İranda, yaxud Sovet İttifaqında yaşamırıq, dostum, ancaq ifadə yazıçılığı, yaxud ifadə şairliyi ilə məşğul olaq. Cəmiyyətə ancaq obrazlılıq səviyyəsində informasiya verək.

    Hər şey ədəbiyyatın mövzusu ola bilər – adicə baş ağrısından tutmuş, böyük siyasi çalxalanmalara qədər. Yazıçı bütün mövzulara münasibətdə tamamilə sərbəstdir, o necə istəyirsə, eləcə də düşünə bilər.

    Sən öz haqqından, hüququndan danışırsan. Haqq, hüquq yaxşı şeydi. Amma bir şeyi yadda saxla, haqq və hüquq qanunla tənzimlənir.

    Azadlıq isə qanuna sığmır. Heç bir normal ölkədə azadlıqlar haqqında qanun qəbul etmirlər.

    Söz azaddır, dostum.

  39. Hörmətli Şərif,mən sizin sarsıntıları başa düşürəm, vallahi… Daha dərinə getməyək və mən sizin istedadli olduğunuzun hətta bu hekayədən də sezildiyini gizlədə və dana bilmərəm.
    Amma… bax bu “amma” çox əhəmiyyətlidi. Ugurlar, mən şərhimə son qoyuram.

  40. etiraf – Sсorpion və Raset Pirisoyunun ortaq məxrəci, həm də məni daha çox tənqid etmək imkanı; mən Əli Vəliyevdən bir cümlə belə oxumamışam!
    bir də, sevinc qızıma – görürsənmi admin necə ağıllıdır… çılğınlıq təmizlikdəndir.

  41. “sevinc xanım, obraz lehce ilə danışa bilər, yazıçı yox.”- necə yəni? Əsərdə hadisə kimin dilindən nəql edilirsə məncə əsas qəhrəman da odur… Yəni həm də obrazdır… Sevinc xanımın hekayəsi ilə bağlı o mübahisə mənim yaxşı yadımdadı… O hekayədə hadisə obrazın dilindən verilmişdi məncə… Sadəcə olaraq Sevinc xanım ləhcəni o qədər qabarıq vermişdi ki, yazının bəzi hissələri tam başa düşülmürdü… misal: səhv etmirəmsə uşaq sözü “şağ” kimi yazılmışdı…və irad da ləhcədə ki, səslənmənin bu şəkildə yazıya köçürülməsinəydi… (Sevinc xanım xahiş eliyirəm həmin yazının ünvanını göstərin…)Yoxsa bu obraz-yazıçı söhbəti çox gülməli göründü mənə…
    Bir də ki, Əli Vəliyevi oxumamağına inanıram dostum… Ancaq bunun özü artıq çox pisdi… oxumadığına görə yox haaa…
    oxumaya-oxumaya bənzədiyinə görə… bu artıq başqa mövzudu…

  42. eziz scorpion, mövzu oxşarlığı və hadisələrin eyni məkanda baş verməsi (qarabağ)yazıçıların eyniliyi demək deyil. bir də ki, sən doğrudanmı obrazla yazarı fərqləndirə bilmirsən. eksperiment kimi sevcincin bir hekayəni ləhcədə yazması elə də ciddi səhv deyil. amma ümumən yazıçının ləhcədə yazması yaxşı deyil. qarışdırma. o başqa söhbət ki, yazıçı öz əsərində birinci şəxsin təki (mən) və ya üçüncü şəxsin təkində (filankəs) obraz kimi iştirak edə bilər. burada da ləhcə olmamalı. olsa da təqdimat, situasiya elə qurulmalıdır ki. qəbul edilsin. məsələn yazıçı “mən” deyə özünün savadsızlığından bəhs edərsə… fikirlərini yaz, ama sakın müəllimlik eləmə. çünki bilgilərin yetərli deyil.
    o ki qaldı Əli Vəliyevə, oxumadıqlarımıən sırasında daha maraqlı kitablar olduğu nüçün onu oxumamışam və yəqin heç oxumayacam da. və

  43. davamı – və bu hekayə əli vəliyevin əsərlərini xatıqladırsa deməli o maraqlı yazıçı olub.
    bu qədər
    sayğılarla
    müəllif Şərif Ağayar Amaravati

  44. menim bu elavem belke de yersiz gorune biler. vallah o qeder xirda problemlerin icinde itib-batmisiq ve bu xirdaciliqi edebiyyata getirende edebiyyati da,ozumuzu de cilizlasdiririq. bezen bele dirnaqarasi numuneleri oxuyanda ozumu Azerbaycandan basqa harda deseniz hiss edirem. Sadece olaraq 15-20 ilden sonra bu vaxtlarin yasami. xalqin ruhu barede bele dirnaqarasi numuneler hec bir informasiya vermeyecek. mene ele gelir ki, 15-20 blden sonra Serif Aqayarin bu hekayesini oxuyan kes o aqri-acini mutleq duyacaq. Xirda movzulardan yazanlar(bu onlarin yaradiciliq esasnamesine cevrilir, bele de demek olar boyuk movzulara da oz xirda seviyyesinden yanasanlar) cox zaman boyuk iddialara dusurler. Goturek Raset Pirisoyu serhlerini oxuyarken fikirlesirsen ki, bu adam nece de iddialidir. Bes indiye kimi hardaydiniz Niye Azerbaycan edebiyyatinan oz tohfenizi vermirdiniz. bizde bele atalar sozu var. dili olanin dilceyi de olmalidir. men genc bir adam kimi xahis edirem mene yaradiciliqiniz barede melumat veresiniz.

  45. Sherif teshekkur edirem.
    Ishlerimin coxluqundan bir xeyli olar ki sayta daxil olmurdum. Senin evvelki hekayelerin kimi 45 min isharelik bu eserini de maraqla oxudum. yorulmayasan.

  46. sadece, isqalicar oz isqallarini qanunilesdirmeye calisirlar…

Şərh yazın