«Günaydın, mələyim» (Azərbaycansayağı kinopritça)
Yazar: Admin | Bölmə: Kino | Tarix: 29 Ekim, 2008«Günaydın, mələyim» Oqtay Mirqasımovun yenicə təqdim olunan filmidir ki, ssenarisini də rejissor özü yazıb.
Adı uğurla seçilib: «Günaydın, mələyim». Əvvəla, müraciət-ifadə kimi xüsusi cazibəsi var, sonrasına qalanda isə bu ad psixoloji drama janrında olan filmin poetikasını, stixiyasını əvvəlcədən nişan verir.
İdeya mövzu sadə və hər kəsə yaxındır – «taleyin amansız zərbələrinə» yıxılmamaq, mühitin sərt laqeydliyinə qarşı dözümlü olmaq və bütün bunları sözügedən müraciət ifadənin enerjisinə, gücünə etmək. Və yaxud da bütün çətinliklərə qarşı bəlli bir həyat nəzəriyyəsini (filmdə bunu «müvazinət sirri» adlandırırlar) fələklə mübarizədə tətbiq etmək.
Filmin qəhrəmanı qadındır. Peşəsi aktrisadır. Ərini cəbhədə itirən Mədinə (Ayan Mirqasım) körpə oğlu ilə yaşayır. Bu itkinin ağırlığına yaşadığı həyatın bütün çətinlikləri də qarışıb. O, var gücüylə mübarizə aparır, mübarizənin obyektləri bəlli olsa da predmet dumanlı görünür. Qəhrəmanın yaşamının bütün sahələrində problemlər boğazdandır. Övladına atasının familiyasını ala bilmir, çünki, əri cəbhəyə tələsdiyindən hüquqi nigahlar bağlamağa vaxt tapmayıblar; evində rahat yaşaya bilmir, çünki qonşusunun onun evinə gözü düşüb, teatrda incidilir, çünki, istedadlı və sadəlövhdür, köməyi yoxdur, qardaşı da bədbəxt əyyaşdır. Ümumiyyətlə, onunku gətirmir, çünki o, yaxşıdır.
Qəhrəmanın apardığı həyat mübarizəsinin predmeti, nəyin naminə olmağı dumanlı görünsə belə (yəqin ki, bu keçmiş xatirələr və ümid ediləcək gələcək xoşbəxtlikdir), bu mübarizənin nəzəriyyəsi aydındır, hərçənd ki, onu filmin müəllifləri mümkün qədər qəlizləşdiriblər.
Filmin mətni
-qəlizdir və qüsurludur. Bu, ilk titrlərdən görünür. Müəllif filmi qəhrəmanın timsalında «müvazinətin sirrini açanlara» həsr edib. Xub, müəllif sözü kimi bu ithaf keçərlidir, lakin filmin adi qəhrəmanları da «müvazinət sirri», «vüsal həsrəti» kimi poetik-lirik ifadələr işlədir, «pərvərdigara!» kimi köhnəlmiş və işlənməyən müraciətlərlə, Bəsti Cəfərovanın qəhrəmanının teatr barədə pafoslu nitqləri ilə filmin həyati reallığını tapdayırlar. Üstəlik cümlələr pis və mürəkkəb qurulub, səlis deyil, çünki, ruscadan pis tərcümə olunub.
Bütün yaxşılıqlara ölüm
Filmin ideya-problematikasında gözlə görünən, filmin bütün ruhunu, stixiyasını öldürən bir qüsur da var. Müəllif qəhrəmanı mərhumiyyət və problemlərlə həddən artıq yükləyib və qəhrəmanın həyat çabalarında xoşbəxtliyə, ruhi rahatlığa düşünüşlü, məqsədyönlü can atmaqdan çox, «mənim yaxşılığımın əvəzi verilməlidir» kimi bir iddia var. Halbuki, bu məqam filmin ali ideya xətti olan «müvazinət sirri» nəzəriyyəsinə ziddir. Qəhrəmanlardan biri olan məscid bağbanı (Abbas Qəhrəmanov) da məhz bu cür demişdi: «O kəs səadət tapar ki, o yaxşılıqlarının müqabilində mükafat ummur».
Qəhrəmansa umur və bu aşkar görünür. Ziddiyyyət yalnız burada deyil, həm də ondadır ki, bu sözləri deyən bağban özü qeyd edir ki, dünyada hər şeyin əvəzi çıxılır. Yaxşılıqların (yəqin o, xoşbəxtliyin demək istəyib) da, pisliklərin də altını çəkəcəksən. və elə belə də görünür. Sonda filmin qəhrəmanı Mədinəyə yaxşı olduğu üçün, çəkdiyi mərhumiyyətlərə görə mükafat verilir – sevgi və ssenari. Halbuki, bu düşüncə kütləvi və mənasız bir məntiqin məhsuludur.
Hərçənd bu filmin ən böyük uğuru məhz «Günaydın, mələyim» müraciəti ilə başlanan sevgi məktubunun stixiyasında, «müvazinət sirri» nəzəriyyəsinin ideyasındadır. Müəlliflərsə situasiyanı dəqiqləşdirən və adiləşdirən, bununla filmi yükləyib əldən salan epizodlarla filmi uzadırlar.
Filmin musiqisi
-tək kəlmə ilə gözəldir. «Günaydın, mələyim»in poetik stixiyasını qoruyan vasitələrdən biri, bəlkə də yeganəsi musiqidir (Elmar Fel). Qəhrəmanın daxili vəziyyətini, hisslərini, ruhhalını ifadə etməkdən əlavə, filmin ruhunu kölgə kimi təsvirlərin üstündən əskilməyə qoymayan məqamdır. Təsvirlərə gəlincə isə, əlbəttə ki, əla kadrlar var. Amma sanki, kamera əhvalata, hadisələrə səthi yanaşır. Sanki, bu, dəxli olmayan bir adamın əhvalatın içinə düşüb əl-ayağa dolaşarcasına onu izləməsidir. Kamera ilə görüntü arasında bir darlıq, məkan darlığı duyulur. Xüsusən bunu teatrda məşq səhnəsində, qəhrəmanın otağında görmək olar.
Pafos qalib gəlir?
Filmə məşhur aktyorlar çəkilib. Hətta ən epizodik rolu belə peşəkar teatr aktyorları oynayır -Bəsti Cəfərovadan, Telman Adıgözəlovdan, Fuad Poladovdan tutmuş, bir iki kadrda görünən Şamil Süleymanoıva, Yaqut Paşazadəyədək. Filmə çəkilən əksər teatr aktyorlarının pafosu filmin əsas qütbünə – müvazinət sirrini kəşf etmiş Mədinəyə zidd olmalı, onu qabartmalı ikən ona təsir edir və qəhrəman bu pafosda özünü itirir (?!) Ayan Mirqasım «Özgə vaxt» filmində göstərə bildiyi tamam, bütöv qəhrəman yaratmaq qabiliyyətini Mədinəyə həddən artıq yüklənmiş mərhumiyyətlərin, bunun müqabilində göstərməli olduğu universallığın içində itirir. Əvəzində isə bütün məharətlərini nümayiş etdirir: ispan rəqsi, rus xalq rəqsi, bal rəqsi və s. Əlbəttə, filmin qəhrəmanı aktrisa olduğu üçün bunlar birbaşa onun peşəsidir demək olar. Amma bu epizodları filmin ideya-süjetinə xələl gətirmədən kəsmək də olar.
Filmin nümayişindən sonra rejissor müsahibəsində qəhrəmanın ilk olaraq müəllimə kimi göstərildiyini, sonra isə daha cazibədar sənət olduğu üçün aktrisaya dəyişdirildiyini söylədi. Maraqlı faktdır.
«Günaydın, mələyim» məktub kimi səmimi, intim və şəxsidir. məktub kimi də gözlənilən oldu. Bunu korlayan hər şey haqqında 5300 işarə yetərlidir, zənn edirəm.






Yüklənir...
Heyret, ilin-gunun bu vaxtinda yazilan ssenari’ye bax, yene heyat yoldashini itirib korpesi ile tenha qalmish qadin, yene o qadina tamah salanlar, yene acliq, yene chetinlik, yene qehreman ana, yene agir psixoloji problemlerin mengenesinde sixilan qadin… Dehshetdir, hansi esrde yazilib bu ssenari..? Bununla dunya ekranina chixmaq olar..? Yoxsa hech bele bir fikriniz yoxdur..?
Heyf o boyda vesaite, apar tulla…
SƏBRSİZLİKLƏ GÖZLƏYƏNLƏR ÜÇÜN:”FOKUS” JURNALININ 2-Cİ SAYI ÇAPDAN ÇIXDI!!!