Balayar SADİQ. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 03 Kasım, 2008

EMİQRANT MÖHÜRÜ (neo-poema)

I
Küçə
hürür üstümə.

Addım səslərim
ayaqlarımı
vurub qoltuğuna qaçır…

Sən mələk olmadığın kimi
mən də
şeytan deyiləm,
küçə qadını…

Boş durma,
Nimdaş həyanla süpür
xəyallarındakı
çiliklənmiş çağa səslərini…

II

Qəh-qəhə daşqını
dərəcək baxışlarını.

Küçələr
duruşunu tüpürəcək…

və hardasa bir qadın
səhərədək arıtlayacaq
ərinin bəhanələrini…

ya da əksinə…

III

Küçələr
it kimi ləhləyir…
Tər damır
addım səslərinin alnından…

Qarşıdakı səkidə
can verir bir ovuc
solğun qadın təbəssümü.

Hardasa
bir küçə qadını
çantasını eşələyir:
- Axı harada qoydum
bu zəhrimarı…

IV

Küçələr
addım səsləriylə yazılmış
məktublardır…

Höccələyə-höccələyə
oxuyur ay işığı…
Sənin addım səslərin
oxunmur, küçə qadını…

Bağışla ay işığını
eynəyini itirib…


V

Hövsələsi daralmış
bir qadın ayaqqabısı
qapı kimi döyür səkini…

Gecikmiş məktubdur
əylənən maşın…

VI

Gecə
xoşbəxt qadın kimi
qaranlığı əmizdirir
ay işığında.

Fəxri qaravulda dayanan
ağacların üzündə
ata təbəssümü…

VII

Qadın küçədir,
təkcə adilər deyil
şahların, peyğəmbərlərin
iməklədiyi küçə…

Gözündə
küçələr iməkləyir,
küçə qadını…

VIII

Təzə qəbir üstə
səpilmiş
qərənfillər kimi
küçənin sükutuna
dağılıb
çiliklənmiş çağa səsləri…

IX

«Tanrı bağışlayandır»
bu nimdaş təsəlidə
güzgülənir küçələr…

Tövbə qapısında
futbol oynayır
bir dəstə uşaq

Onların tale kitabında
emiqrant möhürüdür
«ata» sözü…

NARINCI RƏNGLİ SÖHBƏT

Gəl,
həqiqət haqqında
narıncı bir
söhbət edək…

Mən onun rəngindən,
ucalığından
söz açım,
Sən isə
enindən,
uzunundan danış…

Sonra
bir usta çağıraq,
dediyin ölçüdə
bir ev tiksin…

Qapısına
bu sözləri yazaq:
«Lütfən, arzuları
ayağınızdan çıxarın,
döşəməyə
həqiqət xalçası sərilib»

KÖHNƏ YOL QEYDLƏRİ

Bir kilo
söhbət etdim
yolun kənarındakı ağacla.
Budaqlar
sırtıq uşaq kimi
zəhləmi tökdü…

Gördüm narahatlıqla
başını bulayır
ağacın dibindəki daş -
qaşlarını çatmış halda.

Heyrətimdən
üç metr kəsdim,
kəfənim olsun deyə…

Sən demə,
ömür sadəcə
həqiqəti axtarmaq
cəhdi deyilmiş…

Ümid
köhnə yoldur,
əgər inanmırsan
üstündəki
ayaq izlərindən soruş

TƏCAVÜZÜN RƏSMİ

Azadlıq
gözəl qadındır.
Hamı onu sevər,
o isə
könül verməz heç kimə…
Ürəyinin qapısında
duran adamların
üzündə
yalan çiçəkləyib.

Bizim kəndin kişiləri
hər gecə
öz azadlığını
qucaqlayıb yatır.
Azadlıq ətri gəlir
kəndimizin gecələrindən…

Yeri gəlmişkən deyim;
Dövlətlər
işğal olunmuş gözəllikdir…
Bayraqlar
təcavüzə uğramış gözəlliyin
səssiz harayı.
Bax,
səmanın üzündəki
cırmaq izləri
himn misralarıdır…

Belə deyilsə,
bəs
Azadlıq sözünə qonmuş
göyərçinləri
kim uçurtdu?!

MÜTALİYƏ

Qadın ayaqları
dünyanın
ilk əlifbasıdır.

Hərflərin üsyanıdır
Adəmlə Həvvanın
alın yazısı…

Kişi və Qadın
iki qədim
əlyazmadır.

Biri
başdan oxunur,
biri yarıdan…

Mən atamın
mütaliyəsiyəm…

TƏHQİR OLUNMUŞ ÖLÜM

Qatil
dar ağacının
xoşbəxtliyidir.

Dar ağacı
qatilin mükafatı…

İlk dəfə
boyundan yuxarı
qalxmaq xoşbəxtliyidir
qatilin ölümü…

Dar ağaclarını
edam etdilər,
seyrəlib
ümid meşələri.

İndi
Azadlıq çöllərində
təhqir olunur
qatillərin ölümü.

Bunu
Bilirsinizmi,
cənab ölüm qatilləri?

BALIQÇI HƏYATI

Tənhalıq səhrasında
balıq tutmaqla
məşğulam…

Ağlımı keçirmişəm
tilovun ucuna…

Üzündəki təbəssüm
balıq kimi çırpınır…

Sən
balıqçı olmağıma
şübhə edirdin…

Daha
çıx get…
balıqları hürkütmə,
səhranın
yuxusu islanar…

DÜŞÜNCƏ YOLU

Yol –
şəhər haqqında
düşüncədir…
Taleyin
küçələrində azmış
kənd uşağıdır şəhər…
öz içində
var-gəl edir
hər gün…

Həqiqətin
dizi üstə oturan
o kişini
sən görməmisən…

Yovşan ətirli
söhbətləri
hələ də
yaddaşımda ləpələnir…

Yol düşüncədir…
şəhər haqqında
olmasa da…

SƏNSİZLİK ROMANI

Sənsizlik açdı qapını…
boş otaqda
divarların
nə dediyini eşitmədim.

Pəncərədən
misra-misra
seyr etdim
otaqdakı sənsizliyi.

Dilimdəki sözlər
utandığından
atdı özünü
sənsizliyin ayağı altına…

Sonra
ürəyimi götürüb
barmaqlarımın ucunda
keçdim sənsizliyin yanından…

Qonşu otaqda
güzgüdən
sətir-sətir
boylanırdı sənsizliyin…

İndi
Bircə onu bilirəm ki,
bütün güzgülər
sənsizlik romanıdır.

CIDIR DÜZÜNDƏN REPORTAJ

İsa bulağında
əl-üzünü yuyur
unudulmuş xatirələr…

Cıdır düzünə səpələnmiş
mərmi qəlpələridir
«Koroğlu» uverturasının
çiliklənmiş notları.

Hər şey
həqiqət rəngində, hər şey…
Xarı bülbülün ləçəkləri
Tanrıya yetməyən
imdad məktublarıdır.

Həqiqətin dili
xəcalətdən
topuq çalır burda.

Şeytan qəhqəhəsidir
Şuşa qalasında
qalanmış
gavur ocağının tüstüsü…

Bax,
Şuşa məscidinin divarlarındakı
güllə yaraları sızlayır hələ də…

Bəs sənin itkin düşmüş
vicdanından
«Qırmızı xaç»
məktub gətirirmi heç,
Məryəmin oğlu?!

SON MƏKTUB

İçimdə bitən
bu ağac
sənə yazdığım
son məktubdur,
ümidim…

Bir budağı
qonşu həyətinə
əyilib bu ağacın…

Hər gecə
yuxuma girir
qonşunun
əlindəki balta…

EYNƏKLİ MƏMLƏKƏT

Üfüqlər
əlləri qoynunda
baxır yollara…

Yollar
adam balası deyil,
söz anladasan…

Daha gözləri
yaxşı görmür
xatirələrin.

Eynəyini siləcəkdim,
məmləkətim…

Hələ də
mazuta bulaşmış
əllərimi axtarıram,
dostum ingilisin
ciblərində…

Üşüyür
dilimin ucunda
Tanrıya oxuduğum dua…

KÜLQABI

Qadınlar külqabıdır…
Sönmüş ehtirasların
məzarıdır külqabılar.

Daha bir
bənzətmə axtarmağa
halım yox…

Məncə
analar gül qabıdır…

Bəs sən
nə fikirdəsən, oğlum?

SƏNİN BİLMƏDİKLƏRİN

Bu gün
bir misra da qəribsədim.

Qələbə və
məğlubiyyət sərhədində
basdırdığım sözün
xatirə günüdür…

Mina axtaranlara
ehtiyac yox daha.

Onsuz da
bütün söhbətlər
yoldan çıxmış
qatar kimidir.

Sən bilməzsən
belə şeyləri,
bilməzsən…
Avropada
qeyrət ağacı bitmir…

ROMAN MÖVSÜMÜ

Ayrılıq kimi soyuq bir hava…
Uzaqda bir ev var,
həyətində bir ağac,
ağacın dibində bir beşik…

Evin üstündən
bir bulud keçir,
ağacın yarpaqları üşüyür…

Beşiyə sarı
bir ilan sürünür..
Dünyanın
olar-olmazı görünür…

Evin gözləri kor,
ağacın dili lal,
beşik dünyadan xəbərsiz…

Beləcə
yaşayır içimdə
səssiz-səmirsiz.

Bir ev,
həyətində bir ağac,
ağacın dibində bir beşik…

XATİRƏ LÖVHƏSİ

Alın yazımdan
bir vergül düşüb…

Əcəl
dəvəsi ölmüş
ərəbdir…

Səhv gəlmisən,
burda
yaşamıram daha…

Adım
bu ömür üstə
xatirə lövhəsidir…

TALE DEYİLƏN BUDUR

Ömür -
bir sərçə,
bir çöp,
bir daş…

Sərçənin qanadını qırdıq…
çöpü yandırdıq…
daşı atdıq
qanadıqırıq sərçəyə…

Beləcə gəlib çatdıq
ölü sərçələrin,
yanıq çöplərin,
atılmış daşların
töküldüyü gələcəyə…

Bir ölü sərçə,
bir yanıq çöp,
bir atılmış daş…

Tale deyilən,
bəlkə elə budur, qardaş…

YAŞAMAQ DÜSTURU

Göydələnləri
kərpic-kərpic ləpələnir
bu şəhərin…

Qağayıların
toz basmış səsinin
rəsmidir
zibillikdə eşələnən
küçə itləri.

Üzünü yumağa
bir ovuc
su tapmır dəniz.

Burada düşüncələr
qısır qadındır…
Qoruyucu vasitələrə
verilən pulların üstündə
xəcalətin
barmaq izləri yox…

Göydələnləriylə
göy üzünü cırmaqlayan
bu şəhərdə
həqiqətin şalvarını
boynuna qalstuk eləyiblər…

Daha keçib,
bir ovuc
həyasızlıq borc ver,
üzümdəki həyanı silim…
Yaşamaq lazımdır, yaşamaq…

DÖRD SUALIN CAVABI

Gördünmü heç
sükutun
köynəyini cırıb,
necə kişnəyir çöllər?

Soruşdunmu,
gecələr niyə
qaraltıya hürür
ağaclar?

Daşların
yaddaş damarını tutub,
ürək döyüntülərini
saydınmı heç?

Bu suallar
palçıqlı kənd yoludur.
Ayaqqabından
uğursuz abituriyent
əhvalı boylanır.

Unutma,
dörd sualın
cavabıdır həqiqət,
bu suallar olmasa da…

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

11 Şərh var
Şərh yazın »

  1. Ay millet, bu adamin seirlerine niye serh yazmirsiniz. cox maraqli seirlerdir, bir az qalstuku isleri korlayir, ancaq seirleri hec de Qesemin, Salamin, Aqsinin seirlerinden geri qalmir. Tenqidciler agzina su alib, cunki yeni nefes, yeni soz haqqinda fikir demek cetindir, bunlar bir qeseng xanimin seirleri olsaydi yeqin ki Cavansir Yusifli, Qamci Merzaus, Raset Birisoy o saat rey bildirecekdiler.

  2. Mene maraqli geldi… tebrikler. Bu cur seirlerde
    de ritorika olur,amm burada daha coxdur…

  3. Təbrik edirəm Balayar müəllim.Çoxdandı belə maraqlı şeirlər oxumamışdım.onu da qeyd edim ki heç inanmazdım ki siz belə şeirlər yazasınız.sizə uğurlar……….

  4. Balayarin seirleri insani dusundurur,tebii ki…ancaq tenqidcilerimiz bu cur sairler haqqinda dusune bilmir,sadece…UQURLAR…

  5. Həqiqətən də yaxşı şeirlər yazırmışsınız. Bəyəndim.
    Ən yaxşısı Balayar müəllim siz elə bu üslubda yazın. Cünki qəzəl qətiyyən yaza bilmirsiniz.

  6. Balayar Sadığa eşq olsun! Bu şeirləri bəyənməməy paxıllıq olardı.
    Ürəyinə salık! (Qardaşlar demiş)

  7. Qeseng, menali sozlerdir. Cox xosuma geldi!- gec oxuduguma teessuflendim! Muellife ugurlar!

  8. ela werlerdir,
    tebrik edirem…ugurlar!!!

  9. Təbii ki peşəkar səviyyədə yazılmış şeirlərdir.Bu şeyirləri müəllifin adını oxumadan da tanıyardım.(müəllifi).Öz dəsti-xəttinə sadiqdi Balayar Sadiq.Bir çoxlarımızın dilində “Balayar məktəbi”ifadəsi işlənir(haqlı olaraq).Oxudum,sevindim.Onu da deməliyəm ki,hər gözəlin bir eybi olur.sözlərə qənaət etmək lazımdır.uğurlar…

  10. cox gözəl… həqiqət xalçası sərilən yerdə ayaqlarımıza dolaşan arzularımızı çıxartmaq lazım gəlir…
    təəssüf ki, bu cür şairlərimiz az tanınır…belə şairlərimiz az deyil…

  11. Balayar Sadiq müasir Azərbaycan ədəbiyyatının öncüllərindən biridir. Tələbkar oxucular və ədəbi mühit bunu yaxşı bilir. “İstedadlara kömək etmək lazımdır, ( şərait yaratmaqla–N.T.) istedadsızlar özləri özlərinə yol açacaqlar”.

Şərh yazın