“Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının ilk toplantısı keçirilib
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Kasım, 2008Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının ilk toplantısı keçirilib.
Toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev hazırda 4 nominasiya üzrə elan olunan ədəbi mükafatının gələcəkdə daha da genişlənəcəyi, mükafat üçün nəzərdə tutulan məbləğin və nominasiyaların sayının artırılmaq təkliflərinin dəyərləndirilicəyini deyib.
Ə.Vəliyev deyib ki, bu dövlət əhəmiyyətli ədəbiyyat mükafatın təsis olunmasında əsas məqsəd sanballı yaradıcılıq nümunələrinin yaradılmasına stimul vermək və ədəbi nümunələri həm Azərbaycanda, həm də dünyada yetərincə təbliğ etməkdən ibarətdir.
Tədbirdə Mükafat Komissiyasının üzvləri – millət vəkili Sabir Rüstəmxanlı, xalq şairi Fikrət Qoca, professor Nizaməddin Şəmsizadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bir neçə təkliflə çıxış ediblər.
Xatırladaq ki, iki ildən bir verilməsi nəzərdə tutulan “Qızıl Kəlmə” Ədəbi Mükafatı üçün əsərlərin qəbulu bu ilin iyul ayından başlanılıb. Əsərlərin qəbulunun son müddəti 2009-cu il mart ayının 1-də başa çatacaq. Mükafatın təqdimetmə mərasimi isə 2009-cu il may ayının əvvəllərinə planlaşdırılır. // APA





Yüklənir...