Seymur Baycan. Lenin ziyalılar haqqında

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 12 Kasım, 2008

Diktafonu qoy Azərbaycan ziyalısının qarşısına. Nədən desən danışacaqlar. Yaralı Arazdan, Dəli Kürdən, statusa həsrət qalmış Xəzərdən, Cavad xandan, dastandan, xəngəldən, hindu qəbilələrindən, alternativ enerjilərdən, elmi tərəqqidən, yolxucu xəstəliklərdən. Siz onlara indiki zamandan sual versəniz, həmən susacaqlar. Çünki indiki zaman Azərbaycan ziyalısının bic övladıdır.
Müəllif

Azərbaycan mətbuatında hər hansı mövzuda qızğın müzakirələr qopanda adətən tamam başqa mövzuda dəxilsiz yazı qaralayıram. Bu dəfə ənəni pozdum. Özümü saxlaya bilmədim. Mövzumuz Rüstəm İbrahimbəyovun “Pravda” qəzetinə verdiyi məşhur müsahibəsidir. Nədən Rüstəm bəyin Ezop dilində söylədiyi bir neçə kəlmə müxalifət yazarlarında bu qədər həvəs və sevinc doğurubdur? Burda iki səbəb ağla gəlir: 1. Müxalifət düşərgəsi o qədər acınacaqlı və rəzil duruma düşüb ki, ezop dilində deyilmiş bir neçə kəlmə müxalifət yazarlarına sonsuz ilham verir. 2. Hakimiyyətə qarşı nifrətin dərəcəsi kimliyindən aslı olmayaraq hakimiyyətin ünvanına üstü örtülü olaraq bir neçə kəlmə tənqidi fikir söyləmiş adamı müxalifət yazarlarının gözündə tez bir zamanda qəhrəmana çevirir. Əlbəttə, bu iki səbəbi öz növbəsində şərtləndirən amillər var. Məsələn, titul. Rüstəm bəyin titullarını, həyat və yaradıcılığında qazandığı uğurları sadalamaq yersizdir. Normal adamlar onun kim olduğunu, hansı nüfuzun sahibi olduğunu yaxşı bilir. Yeri gəlsə, Orxan Fikrətoğlu da neçə ildir özlüyündə Ezop dilində danışır. Tənqid edir, yıxıb-sürüyür, Azərbaycan səhiyyəsini, Azərbaycan təhsilini bərbad günə qoyanları lənətləyir. Amma ortada konkret ad yoxdur. Nədən? Bu sualın çox qısa və konkret cavabı var. Çünki, Ezop dili, qul dilidir. Çingiz Abdullayev də vaxtaşırı Bakının simasını itirməsindən, aqrar elementlərin Bakını işğal etməsindən dınışır. Onun sözlərinə reaksiya verən tapılmır. Ona görə ki, Çingiz Abdullayevin hətta heç qul dilində də danışmağa cəsarəti çatmır. Bir məsələni də qeyd edək. Müxalifətçi yazarların əyalət təfəkkürü həmişə onları aldadıb və aldadacaq. Onlar illərdir Anardan, Elçindən, Əkrəmdən qəhrəman düzəltmək istəyirlər. Alınmır. Müxalifət qəzetləri hər zaman öz səhifələrini altmışıncılar nəslinin nümayəndələri qarşısında aralamağa hazırdır. Jurnalistkaya təzə gəldiyim vaxtlarda yazdığım bir cümləni bu gün lovğalıqla təkrarlamağa haqqım çatır: “Nə qədər ki, İsa Qəmbərin başı üzərində Anarın kitabları düzülüb, o heç vaxt hakimiyyətə gələ bilməyəcək”. Necə ki, inqilab etmək istəyən Əli Kərimli “Yaşa, prezidentim, yaşa!” şeirinin müəllifi Fikrət Qocanı təmtaraqla ad günü münasibətiylə təbrik etmişdi. Bu faktı azı iyirmi dəfə yazmışam, bundan sonra da azı otuz dəfə yazacam. 70 yaşında Prezident Aparatından təbrik gözləyən Əkrəm Əylislidən heç bir qəhramanlıq gözləməyin, əfəndilər. Əkrəm Əylisli bir söz deyir, çevrilir qəhrəmana. Sonra “susur”, müxalifət yazarları düşür depressiyaya. Keçək nifrət məsələsinə. Hakimiyyətə qarşı sonsuz nifrət Əli İnsanovu da qəhrəmana çevirdi. O Əli İnsanov ki, parlamentdə müxalifətin ünvanına ən üfunətli sözləri yağdırırdı. Həbs etdilər, oldu qəhrəman. Bəs, Əli İnsanovu həbs etməsəydilər, nə olcaqdı? Əlbəttə, söyüş söyməyinə davam edəcəkdi. Sartr Rüstəm İbrahimbəyov kimilərinin mücərrəd müsahibələrini vicdan asqırtısı adlandırırdı. Yarımçıq həqiqət olmur. Həqiqət var, ya da heç dibindən yoxdur. Onu ya dilə gətirirsən, ya da susursan. Əkrəm Əylisli, Rüstəm Behrudi, Nizami Cəfərov, Anar, Yaqub Mahmudov, Elçin, Rüstəm İbrahimbəyov-onlar hamısı bir bezin qırağı deyillər. Onlar elə bir bezdirlər. Eynən Azərbaycan araqları kimi. Adları başqadır (“Bəy”, “Xan”). Hamısı bir krantdan süzülüb. Lenin belə ziyalılar haqqında deyirdi: “Onlar üç nöqtədirlər”. Guya Rüstəm İbrahimbəyov 15 ildə bilmirdi ki, ölkədə regionçuluq, korrupsiya tüğyan edir? Bəs, nə oldu birdən asqırıb ayıldı? Bəs, “İstiqlal” ordenini kim alıb? Onun qəfildən
Ezop dilində danışmağının bir səbəbi var. Bilin, və agah olun. Rüstəm bəy hər il “Şərq-Qərb” festivalı keçirir. Postsovet ölkələrindən tanış-tunuşlarını çağırıb, Bakıda əylənir, bir az sənət söhbəti edirlər. Bu festival sırf Rüstəm bəyin nüfuzu sayəsində baş tutur. Sonuncu festivalın pulun kəsdilər, Rüstəm bəy də bir az qonaqları qarşısında pərt oldu. Bu məsələdən incik düşüb. Bir az da dərinə getsə, şəhərin mərkəzində yerləşən “İbrus” teatrını da tutub əlindən alacaqlar. Yox, özünü ağıllı aparsa, yenə də hakimiyyətin sevimli adamına çevriləcək. Necə ki, Azərbaycan vətəndaşlığından imtina etmiş Müslüm Moqomayevi Bakıda təmtaraqla dəfn etdilər.
Yaqub Mahmudovun qıcqırmış tarixçiliyi
Hələlik isə müxalifət yazarları hər fəsildə bir rəngə düşən ziyalıların söz atışmasından zövq alır. Doğrusu, bu, bir az iki həmcinsin öpüşməsinə baxıb ehtirasa gəlmək kimi bir şeydir. Hər kəs sübut etməyə çalışır ki, o daha çox ziyalıya oxşayır. Anar müəllim də bir yandan söz atışmasına qoşuldu. Görünür, bu adamı sancmayanda özünü pis hiss edir. Antibiotikinin vaxtı çatıb. “525-ci qəzet”də dərc olunmuş məqaləsində açıq-aşkar deyir ki, bəs, məni niyə tənqid etmirsiniz. Uzun illər Bakı Dövlət Universitetinin Tarix fakultəsinin dekanı vəzifəsində işləmiş, hal-hazırda Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru vəzifəsində çalışan tarixçi Yaqub Mahmudov isə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində lap bər-bəzəkli “quş” buraxıb. Sitat: “Mən bir tarixçi, Azərbaycan ziyalılarının nümayəndəsi olaraq, Azərbaycanın Bakıya, Şəkiyə, müxtəlif bölgələrə bölünməsinin əleyhinəyəm. Bakı XII əsrdən başlayaraq Azərbaycanın paytaxtı olub”. Ay bərəkallah. Sosiska kəssinlər sənin tarixçiliyinə. Heç XII əsrdə Azərbaycan adlı dövlət olub ki, onun da paytaxtı olsun. Elmlər Akademiyasının mətbuat xidmətinin rəhbəri falçı İlham Mirzəyev olanda, Tarix İnstitunun direktoru da Yaqub Mahmudov səviyyəsində tarixçi olmalıdır.

Kultaz: Müəllifin istəyi ilə yazı şərhlərə bağlanmışdır.

1 səs2 səs3 səs4 səs5 səs (14 səs, hardasa: 4,36 ilə 5 arası)
Loading ... Loading ...

Comments are closed.