Sabir Rüstəmxanlı. Yeni Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Kasım, 2008

TONQAL BAŞINDA

Tonqal iyi verirsən!” – bir gözəlin sözüydü.
Tüstülü saçlarımı qarışdırıb gülürdü.
Bilmirdi tonqal iyi mənim saçımdan deyil,
Köksümdə tüstülənən ürəyimdən gəlirdi!

Gözlərimin önündə tüstülənən kitablar,
Nəsiminin, Sabirin ruhunda tonqal iyi!
Haqqımı istəyəndə dilimə damğa basan
Adımı yasaq edən qorxumda tonqal iyi!

Tonqal-tonqal işıqdı adlayan əsrləri
Sibirdən üzümüzə sönmüş ocaqlar baxır.
Müşfiqin gur saçları bir tonqalın tüstüsü
Xızıda bir daxmaya dönmək üçün darıxır.

Kimdi budaqlarımı amansız silkələyən,
Qitələrə səpilir bu yetişən barımız.
Mühacir dəstələri ölkələr arasında
Astaca tüstülənən, sönən tonqallarımız!

Gözüm işıqdan doymaz, dilim sözə tamarzı,
O Hadinin ruhudu məzarını soraqlar.
Biz ocaq çatmırıq ki, qalxır zirzəmilərdən
Gözümüzün yaşıyla söndürülən ocaqlar.

Saçımda, paltarımda tonqal iyi, od iyi.
Azadlıq havasında çiçəkləyir daş meydan
Varımı talan edən yalanların içindən
Unudulmuş səsimi mənə qaytarır zaman.

Yerlə göy arasında qalxanda milyon yumruq
Qayıdır bir millətin cavanlığı üzünə
Silaha yadırğamış əllərin gizli gücü
Damla-damla yığışır car çəkdiyi sözünə!

Qeyrət karvanlarıdı keçən uzaq yolları,
Obalardan əlimə milyon əldi uzanan
Tonqalların başında, mütilik şaxtasından
Soyuyan qanımızdı gecə-gündüz qızınan!

Milyon dildə bir hava, milyon əldə bir qılınc,
Çürümüş gövdələrə yarımca zərbəmiz bəs.
Bu meydanın işığı məmləkəti bürüsə,
Qaranlıq ayaq açıb üstümüzə yeriməz!

…Tüstülü saçlarımda titrəyir zərif əllər.
Göz yaşı qorxu dadır: ocağım qaralacaq.
Mən də adi bir kösöy – sönsəm də millətimin
Burnunda həmişəlik tonqal iyi qalacaq!

5.XII.1988


O TORPAQ BİZLƏRİ GÖTÜRMƏYƏCƏK

Üzümə dağların nəfəsi dəyir,
Alışır, danışır, yanır, inləyir.
Torpağa qayıtmaq asan iş deyil
Bu zülmü bir qərar bitirməyək,
O torpaq bizləri götürməyəcək!

Vətən dağlarında daş olanındı,
Göyündə qanadlı quş olanındı,
Sinəsin açmağa xış olanındı
Ağac ək, toxum səp, yetirməyəcək,
O torpaq bizləri götürməyəcək!

Nə vaxt söz səpmişəm söz göyərdibdi,
Çaşıb köz səpmişəm köz göyərdibdi,
Əyri əkdiyimi düz göyərdibdi,
Get, dərdiyi ovut, başına əl çək,
O torpaq bizləri götürməyəcək!

Hər daş qulağında dilini atdın,
Hər ev divarında əlini atdın,
Özün ölməkdənsə ölünü atdın
Nə qədər istəsən ağla, haray çək,
O torpaq bizləri götürməyəcək!

Bircə yol qorxudan sıyrılmadınsa,
Hər daşa, ağaca sarılmadınsa,
Vətəni qaldırıb qırılmadınsa,
Ruhun da o yurda dönməsin gərək,
O torpaq bizləri götürməyəcək!

Bəlkə qulu olaq, nökəri olaq,
Bəlkə Tərtər olaq, Həkəri olaq,
Namusun haqq-hesab çəkəni olaq,
Yoxsa hər dönüşlə soyumaz ürək,
O torpaq bizləri götürməyəcək!

Bu Vətən dərsləri üsullanmadan,
Gözündə hər daşı qızıllanmadan,
Hərə öz içində qüsullanmadan,
Üz tutub, yalvarıb tövbə etməsək,
Bu torpaq bizləri götürməyəcək!

YOL BİTƏNDƏ

Tanrı bizi yollar üçün yaradıb,
Yol bitəndə – köy çəkəcək özünə.

Sevincimiz meyxanada paylanır,
Qəmimizi ney çəkəcək özünə.

Məlik olsun, kral olsun, şah olsun
Könlümüzü bəy çəkəcək özünə.

Elçiləri Tanrısını unuduan
Bir toplumu mey çəkəcək özünə.

Korumuzdu uçuruma can atan
Karımızı küy çəkəcək özünə!

Allah susur, ancaq Şeytan işində
Min hiyləylə hey çəkəcək özünə!

Nə yaxşı ki, torpaq bizi udanda
Ruhumuzu göy çəkəcək özünə!

aprel, 2007

YÜKÜMÜZ ARTDIQCA

Hayanda itirdim ruhumu, Allah,
Nə zaman qeyb oldu ilahi eşqim?
Məni böyütdükcə özü böyüyən
O qəhrəman eşqim, o dahi eşqim!

Səsim yer oynadan, göy silkələyən
Nəğmə yox, vurğunluq şövqüydü elə.
Mən idim dünyanın ilk əkinçisi
Səpdiyim ilk toxum sevgiydi elə.

Bəs hardan göyərdi nifrət bu qədər,
Bu şər tarlasını əkən kim oldu?
Haqqın hədiyyəsi – həyat suyunu
Zəhər arxlarına çəkən kim oldu?

Nə zaman cücərdi bu ayrılıqlar?
Bütöv ürəyimdə çatlar hardandı?
Meydan savaşında boyumuz birdi
İndi bu yüzüncü qatlar hardandı?

Yükümüz artdıqca batır səsimiz,
Ay yığımcıl kişi, bu çayı adla!
Biz ruh qanadında sənə uçurduq,
Uça bilərikmi qızıl qanadla?!

İlahi, bu xalqa yazığın gəlsin,
Qaytar, ilk yolunu, izini tanıt!
Ruhunu itirir səndən qopunca
Ona Tanrısını – Özünü tanıt!

1.05.2007

QİYAMƏT

Başqasının halalını tumarlamağın
Fərqi yox
başqasının malını qamarlamaqdan.
Əxlaqsızlıq eynidir -
istər şəhvətdə olsun,
istər sərvətdə.
Harama düşkünlük də
fahişəlikdir
İstər vəzifə adı altında,
istər iş.
Ehtiras əsiridir biri,
biri nəfsinə köləymiş.
Başqasının yatağını
pulla alanların
Xəbəri yox -
özünkünün qapılar gəzdiyindən.
Pulsuz-parasız! -
diri ruh, təmiz vicdan
axtarışında.
Göz yaşlarıyla süslənmiş
qızıl tacları
atmaq üçün başından!
Qiyamət yaxınlaşır
əlaməti yazdığım -
mərdliyin, kişiliyin
təmiz ruhların yası -
millət xainlərinə
millətin aldanması.

Bal əvəzinə şəkər,
arılar da saxtakar.
Sələmçi banklar azmış
sırada toxum bankı-
bilmədiyi mayadan
döl alan hamilələr.
Yeni nəsil doğular
dəri içində motor!
Ya da insan qatırı,
milləti – terminator.

Qiyamət yaxınlaşır
adam çox, Əzrayıl tək.
Allahın yeni işi-
Əzrayıl yetişdirmək.

BİZLƏR BACARDIQ

1990-cı ilin 20 yanvarında
Moskva televiziyasının hədələrini,
qanla dolu gözlərlə
tankları üstümüzə sürən
sərxoş rus gədələrini,
evlərə soxulan
soldatların qıcanan dişlərini
“ubeyte etix turkov!” deyərək
yağdırdıqları söyüşlərini,
ölənləri yollardan
qansızın süpürmələrini,
Özümüzə və torpağımıza
tüpürmələrini,
müsəlmana Azadlıq yaraşmır deyə
yardım etmələrini erməniyə,
tırtıllara dolaşan bağırsaqlarımızı,
süngüyə keçirilən uşaqlarımızı,
xışmalayıb keçənləri
dörd alimi bir maşında,
“müstəqillik” sözünü
silmək istəyənləri
millətin yaddaşından,
leş üstə yığışan quzğunlar kimi
Bakıya doluşan generalları
o sahibsiz qolları,
o bədənsiz başları
sonra bu boyda dərdə
pərdə tutmaq istəyən
başdakı əyyaşları
unudaraq yenidən rusa dəsmal tutmağı
yenidən körpəsini
Yazovun, Bakatinin
dilində oxutmağı
kimsə bacarmazdı – bizlər bacardıq!..

***

Küçə-bazar bir yana,
öz halal mənzilində
şəhidlərin üstündə
yenə cəhcəh vururlar
cəlladların dilində.
körpə vətəndaşıma
düşməni sevdirməyin
fərqi yox millətimə
qıcanan o dişlərdən.
Vətənimə od vuran
o qanlı yürüşlərdən.
Elə bu da tankları
üstümüzə sürməkdi.
Murdar ayaqlarıyla
evimizə girməkdir.

***

Elin son tikəsini
əlindən qapanlara,
millətin göz yaşında
xoşbəxtlik tapanlara,
qızıldan sarayında
çürük ruhları talan,
Nə Qarabağ, nə Təbriz!..
Yurdu pul olanlara
Bu hacı dinsizlərə
məşədi ilanlara
Kim vətəndaş deyərdi?
Kim könlünü açardı?
Kimsə bacarmazdı – bizlər bacardıq!..

***

Bu sonsuz cəhalətdən
bu dağılmaz zülmətdən
bu ağrıdan, möhnətdən
qədirsiz məmləkətdən
kim olsa havalanmış
baş götürüb qaçırdı.
dözmək – ölümdən betər
kimsə bacarmazdı -
bizlər bacardıq!

YOL GEDİRƏM

Vaxt oyunu? Anım – ildir, illərimsə – an,
Mənzilimə bir çatacaq uşaqla karvan.
Qədərimiz həm yaradan, həm yaradılan
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Yaranışın “ol!” sözündən olub gəlmişəm,
Hər çarəni öz içimdə bulub gəlmişəm,
“Əylən!” deyən neçə nəfsə gülüb gəlmişəm
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Bu yazılan, bu pozulan hərflərimiz – yol,
Yasxanadan toyxanaya keflərimiz – yol,
Bir mərtəbə, on mərtəbə evlərimiz – yol,
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Dilbilməzlər öyrətməkdən dilim qabardı,
Budağımda qasırğadan yetişən bardı
Saçlarımda qar çiçəyi – qışım bahardı
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Mən arıyam – ömrüm qısa, yüküm əbədi,
Yurddaşımın yaddaşında şəklim əbədi,
Tanrımıza ünvanlanan fikrim əbədi!
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

Adıma bax! Səbr eləmək Tanrı vərdişi
Mən gülürəm, ağladanın ağarır dişi.
Xəyalımda ölümümdən sonrakı işim
Yol gedirəm üzü göyə, üzü Tanrıya!

19 avqust, 2007


KÖHNƏ İŞ YOLDAŞIM ASLANIN XATİRƏSİNƏ

Yəqin ruhunun ən qırıq,
ümidinin ən tükənən çağında,
qopub yalqız qalanda
dostların yığnağından
ya gecə yarısı,
ya sübh tezdən
zəngi gəlirdi Şahvələdoğlu Aslanın
batıq, yorğun, bezikmiş bir səs
həm doğma, yaxın
həm yad planetdən gəlirmişcəsinə
uzaq.
Deyirdi:
“Neyləyək, bəy?
dərdimizi kimə yazaq,
işsizlikdən öldük axı!
nə qədər oturaq evdə,
nə qədər güzgüdə
özümüzə baxaq?
“Müstəqillik” deyirdin – dedik.
Meydanlarda yatdıq,
səninlə bir dolaşdıq cəbhələri,
qaçqınlara əl uzatdıq.
Çalışdıq dinclik bilmədən,
indikilər kimi rüşvətə əskilmədən
Fəhləlikdən başlamış
nazir müavininədək
pillə-pillə, addım-addım
nə bir xahiş, nə bir adam!
Özün şahidsən, şükür!
Sənə kim tapşırmışdı məni?
Ən çətin illərdə
çalışdıq, qurduq
Başqaları uçurdu?
Qapımız açıqdı millətə,
nazirliyi də fəhləlik bildik,
nə kiçiklərə bozartdıq üz
nə böyüklərə əyildik.
Axırı nə oldu, bəy?
Deyək ki, ac qoymadı Allah,
tapıldı bir tikə çörək,
bəs ağlımız, gücümüz,bəs vaxtımızı necə öldürək?”

Danışırdı dinləmədən cavabını
yanırdı tüstüsüz
İmkan qalmırdı nəfəs dərməyə;
“Sən də vaxt tapdın
istefa verməyə…
Hamı işində, gücündə
ölkə dədələrindən qalıb elə bil,
Satılır bir ucdan.
Bizi də xəstələndirdin
Vətən? Düzgünlük? Vicdan?”

Bu sözlərin önündə
yenə köhnə təsəllim:
“Darıxma, bir yol tapılar!..”
Ancaq hardadır bu yol,
Hərə öz başının hayındaykən
Aslana kimdi baxan.
De kim?!
Sonra bir gün kəsildi
bu ərkyana sorğular,
xırıltılı şikayət.
Baltaçılar amansız
qırırlar bu meşəni
Əzrayıla nə hacət?!

2006

ƏBƏDİ SEVDA

Bunlar…
Bir həyətlik dincliyi uca tutarlar
tanrı cənnətindən,
Xəbərsizlər iştahının qurbanı
cənnət məmləkətindən,
icazəli cəngavər,
qalstuklu qoyunlar
Mənim ruhumu duymaz!

Mənim ruhumu bilməz!
yaşılkən kötüklənən,
yüz yana yaxılmaqdan içəri çiliklənən,
nə qədər yetişsə – kal…
düşüncəsi, inamı, dili, fikri də idxal,
qorxan – şimşək çaxanda,
leysan yağanda qorxan,
qaranlıq yuvalardan üzə çıxanda qorxan,
torpağın sevincinə arxları bağlanmayan,
bir çiçəyin mehrinə sıxılıb ağlamayan
Məni anlamaz əsla!

Bunlar…
Əlimiz üstə düşmən əli qoyanlar
laylası, duasını minnətlə oxuyanlar,
unudanlar, minillik yolun-izin dilini,
dünyaya sığışmayan dərdimizin dilini ?
nə bilsin hardan gəlir gözümüzə çökən qəm
bu göylərə bağlılıq, bu sərhədsiz düşüncəm.
Çindən Qobustanacan
yazılı daşlarımın toz basan güzgüsünü
silib baxa bilməyən
Ərgənəkon eşqindən hər gün
doğa bilməyən
hardan duysun içimdə
yaşayan böyük ruhu,
hardan duysun nə demək
bu didərgin, bu ulu, bu yorulmaz Türk ruhu?!

Onlara deyən varmı
Altaydan Balkanlara
Tanrıdan Savalana,
uzanan tarix yolu
qopuz simləri kimi
hələ kökdən düşməyib
biz göylərdən gəlsək də,
yolu mən ağartmışam,
yollar göydən düşməyib.

Param-parça bölünmüş,
yürüşdən yorğun, əzik,
ancaq haqqa hamilə,
yenə tarix yolunun
bələdçisi? Bu bizik!
Bu bizik, mənəm, sənsən…
bu gün yorğun, cüssəsiz,
sabah fırtına kimi,
dünya boyu əsənsən!..

Bunlar…
bu etnomüştəbehlər
bu retrokommunistlər,
demokrat, islahatçı,
qlobalçı faşistlər,
və onların qulları,
türk soyadı daşıyan
hədiyyə cocuqları
Məni duyammaz əsla!
Duymaz damarlarımda
dolaşan qaynar qanı,
Tanrıyacan yol çəkən
bu əbədi sevdanı!

TABUT DAŞIMAQDAN

Tabut daşımaqdan çiynimiz yara,
Qəlbimiz qançırdı qəm daşımaqdan.
Bu necə peşədi, yorulduq, Allah
Həm əkib, həm biçib, həm daşımaqdan.

Şer yazanın kim, yer qazanın kim,
Macal vermədi ki, Əzrayıl-qoçaq.
Bir yerə yığılsa bir dağ olardı
Dostların qəbrinə tökdüyüm torpaq.

Yerin altında da dörd divar! Bitdi…
Üç nöqtə kəfənə düşən tərimiz.
Olumla ölümü qoşa həbs etdi
Yerüstü, yeraltı hörgülərimiz.

Yüz tarla, yüz zavod çalışdıranın,
Yeməyi, içməyi, geyəcəyi yox.
Yer altda qurulan bu nə şəhərdi
Bu üzə bir kəlmə deyəcəyi yox.

İçimə axıtdım göz yaşlarımı,
Dənizdi – qəzəbdən boğulub səsi.
Çoxdan ölümümü yaşadıb Tanrım.
Kəfən bu dünyanın son hədiyyəsi.

Haqqa varan vaxtım, danışan vaxtım.
Özümdən çox əvvəl yaşlaşır dilim.
Bir vaxt bağırmaqdan qabardı ancaq
İndi də susmaqdan daşlaşır dilim.

Əlimiz talançı, eivimiz talan,
Yalanlar üstünə gələn yağıdır.
Ürəyin vursa da ölüsə bəzən,
Ölüm savaşlardan yorulmağındır.


YENƏ KƏND YOLUNDA

Bir gün piyadaydım, sonra atlıydım,
Bu gün maşındayam – nə fərqi var ki,
Kimsə tanımayan kənd uşağıydım
Şöhrət yaşındayam nə fərqi var ki,

Keçmişdim bu yolu yaz tufanı tək
Ömrün qışındayam nə fərqi var ki,
O yazdan bu qışa yollar nə qısa,
Yenə kənd yolunda yapayalnızam!

Neçə şəhər gördüm, ölkələr gördüm,
Keçdim dənizləri, okeanları.
Bir yanda özünə cənnət yapanlar,
Bir yanda məzlumun batan qanları.

Çevirdim dünyanı o üz-bu üzə,
Doladım qoluma meridianları
Başımın üstündən ötdü yüz qəza
Yenə kənd yolunda yapayalnızam!

Daddım bu dünyanın hər nemətini,
Sarısı, qarası başıma döndü,
Verdim milyonlara ürək sözümü
Qayıdıb başımın daşına döndü.
Mən Vətən adına sevinc yazırdım
Ancaq o, gözümün yaşına döndü.
Sevgi də cəzaymış, xidmət də cəza
Yenə kənd yolunda yapayalızam!

Elə bil dünəndi burdan getdiyim,
Çırtladı ömrümü illər tum kimi.
Nə qədər sözüm var çəkdi içinə
Çəkər izimi də millət qum kimi.
Hanı o əyilməz bildiyim ellər
Yoğruldu əslində zülmün mum kimi,
Öndə qəbir qazan, sonda söz yazan
Yenə kənd yolunda yapayalqızam!

Meşə saraldıqca çöllər göyərir,
Saralan da mənəm, yaşıl da mənəm.
Qartalın dönüşü yuvasınadı
Bir bax, o qayalar qaşında mənəm.
Nə olsun bir yolun sonu yetişdi
Yenə bir cığırın başında mənəm.
Yollara can verdim yol aza-aza
Yenə kənd yolunda yapayalqızam!

15 sentyabr 2007

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. Təqdim edilən şeirlərdən yalnız “Əbədi sevda” – həqiqi mənada poetik və gözəl…

    Adminə: məncə, bir kitablıq şeirləri sayta qoymaq səmərəli deyil. Kəmiyyət dalınca deyil, keyfiyyət dalınca qaçmalı :)

  2. Edebiyyat adami, dunyani gezib dolashmaq imkani olan birisi-niye bele sheirler yazir? dunyada melum edebiyyat realligi var, bu numuneler azerbaycaninkilara da yaxin deyil ama hec.

  3. Müşfiq haqqında son zamanlar oxuduqlarımdan:
    Şeir yazmaq istəyirəm,
    hanı, hanı kağız, qələm…
    İlham adlı şahə qalxan atı verin!
    Otuz yazlı, otuz qışlı şeirə vida! Otuz illik oda yanın,
    otuz illik odu verin!
    Otuz illik vaxtı verin,
    bəlkə azdı, çoxdu – verin.
    Şər köksünə cəbhə-cəbhə boşaltmadım
    şeirin güllə qatarını.
    Sevincicə dindirmədim
    könül elli, əsəb telli öz tarımı.
    Ələkbər Salahzadə

  4. Sizin serleriniz efsuslar olsun ki, meni evvellerde olduqu kimi inandirmir. bilirsiniz bu insani cox aqridir belke de az qala ideallasdirdiqin insan birden-bire qab kimi elinden yere dusur ve sinir.inamin mehvi bilirsiniz nece dehsetlidir. bu o demekdir ki, seni bu dunyaya baqlayan zencirin bir helqesi qirilir. sizin Omur kitabiniz seve-seve oxuduqum, elimden yere dusmeyen kitab idi.niye bizim sevdiklerimiz(yazicilar, sairler) bu qeder deyisilir? Belke onlar qaranliq tunelin qurtaracaqindaki isiqi hiss etmeyibler belke?

  5. Güzel dilimin sevimli şirin kolu azerbaycan türkçesi ne tatlısın…

  6. Çox gözəl, ağıllı, mərifətli və tərbiyəli sözlərdir, öyüd-nəsihətlərdir.
    Heyif ki, bu yazılarda şeir deyilən sehr duyulmur.
    Bəlkə mənim duyumum korşlıb?!
    Kaş belə olaydı.

  7. Sabir Rustemxanlini cox beyenirem. Oz agilli sohbetleri ile diqqetimi celb edir her zaman. Seirleri de cox gozeldir. Ona yeni yaradiciliq ugurlari dileyirem.

  8. Sabir Rüstəmxanlının yaradıcılığı ilə, məncə, bütün ədəbiyyatsevərlər tanışdı. S.Rüstəmxanlının indi yazacağım şeiri ana haqqında yazılmış şeirlərdən ən çox xoşladığımdır:

    Söz ilə heykəlini yaratmaq olsa qəmin,
    Şəklini çəkmək olsa ən zərif düşüncəmin.
    Sevgi sonsuzluğunu dilim söyləyə bilsə,
    Onun kimi ağlayıb, onuntək gülə bilsəm,
    Oturub anama şeir yazardım!

    Cəfər Cabbarlının “Ana” şeirindən sonra ən güсlü şeirlərdən biri də budur.

    Sevgi haqda yazdığı şeirlər də çox uğurlu alınıb; ən çox xoşladığım ilk məhəbbət haqqında dediyi:

    Boylanar qocalmış illər dalından
    Zamana dağ çəkən əhdin, surətin!
    İkinci, üçüncü sevgilər, aman,
    Solğun kölgəsiymiş ilk məhəbbətin!

    “Səni gözləyirəm” şeirindəki bənzətmə isə əvəzolunmazdır:

    Səni gözləyirəm, səni, tək səni,
    Ağaclar çiçəyi gözləyən kimi!
    Məhbus azadlığın ilk səhərini,
    Dünya gələcəyi gözləyən kimi!…

    Sabir Rüstəmxanlının üslubunu çox bəyənirəm. Gözəl ruhu var. Allah ona ömür versin!

  9. Çəkisi ağırdı bu şeirlərin –
    başqa yazıarla araya gəlməz !
    Müxtəlif şəkildə,mənası dərin–
    xırda söz-söhbətlə sıraya gəlməz !
    Yolu göydən keçir.
    Cansevərlərin
    qanadi yoxdursa,
    oraya gəlməz!

Şərh yazın