“Moldova kirvələr ölkəsidir”

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 17 Noyabr, 2008

YURİ ANDRÜŞENKO: “Bakıda yaşayıb, işləmək təklifinə məmnuniyyətlə razı olardım”

Anton Çexov adına Moldova Dövlət Rus Dram Teatrı yaxın keçmişdə Bakının qonağı oldu. Əliboş gəlməmişdilər. Yerli seyrçilərimizə üç tamaşa
- Çexovun məşhur «6-cı palata»sının motivləri əsasında «Strasti po Andreyu», Jan Batist Molyerin «Brak po nevole, ili şkola jon i mujey» və Voymil Rabadanın «Koldun «Ux-Tı» i malenkaya feya» romantik uşaq nağılı nümayiş etdirdilər.
«Strasti po Andreyu» və uşaq tamaşasında əsas rollardan birini Moldovanın incəsənt ustası Yuri Andrüşenko ifa edirdi. Nümayiş sonrası aktyorla baş tutan eksklüziv müsahibəni «Kultaz» oxucularına təqdimi edirik.
Qonaq, söhbətinə şəhərimizlə bağlı təəssüratları ilə başladı.

    Y.A: Bakıya heyran olmuşam. Daha öncələr heç vaxt bənzər şəhərlərdə, yəni fərqli mədəniyyət, fərqli həyat tərzi, fərqli memarlığa malik ölkələrdə olmamışam. Sizin şəhəri özüm üçün sanki yenidən kəşf etdim. Üç günlük səfərimiz müddətində biz şəhərin mərkəzində, Qala ətrafında, Qız Qalasında, Şirvanşahlar sarayında olduq. Təəssüf ki, vaxt azlığından Şirvanşahlar Sarayın daxilini yaxşı gəzə bilmədik. Köhnə Bakının dar, qədimi küçələri gəzdik, məşhur «Brilliant əl» filminin çəkildiyi məkanla tanış olduq. Etiraf edim ki, bu dərəcədə gözəlliyi təsəvvürümə belə gətirmirdim. Gördüklərim məni çox təsirləndirdi.

    - Bakıda çəkilmiş sovet filmlərindən başqa Azərbaycan təsəvvürünüzdə daha nələrlə assosiasiya olunurdu?
    Y.A: Təəssüf və utanc hissilə deyim ki, bu ölkə barədə məlumatım çox az idi. Azərbaycan əsasən insanları - azərbaycanlılar, onların istiliyi, şərq ornamentləri, həm də ləzzətli təamları, meyvələrilə assosiasiya olunurdu. Yeri gəlmişkən, şərqin meyvələri, dadlı təamlarını almaq üçün sizin «Yaşıl bazar»da da olduq. Əlbəttə, Moldova bazarlarında xurmanı da, limonu da, narı da, bir sözlə, Azərbaycan kulinarıyasının bütün gözəlliklərini almaq olar, təbii ki, fərqli qiymətə.
    İndi də həmin təamlardan ailəm üçün almaq istədim.

    - Bir neçə ay öncə, Moldova Respublikasının prezidenti Vladimir Voronin Azərbaycanda rəsmi səfərdə oldu. Sizin səfəri iki ölkə rəhbərinin görüşünün bəhrəsi hesab etmək olarmı?
    Y.A: Düşünürəm ki, gəlişimizə görə məhz bu görüşə borcluyuq. Əks halda bu səfər bizim üçün real deyildi. Çünki, uçuş, səfər böyük maliyyə tələb edir. Sona qədər bura gələcəyimizə inanmırdıq. Yalnız son gün yarım ərzində səfərimiz tam dəqiqləşdi.

    - Yaradıcılığınızla maraqlandığımda diqqətimi çəkən zəngin və sanballı rollar qalereyanız oldu. Şekspirin «Kral Lir»ində Edqar, Çexovun «Üç bacı»sında Andrey Prozorov, Qriboyedovun «Alığdan bəla»sında Çatski və s. rolları oynamısınız. «6-cı palata»dakı İvan Qromov rolu psixoloji cəhətdən olduqca çətin və ağırdır. Rol gərəyi emosional, gərgin yaşantıları tamaşaçıya çatdırmaq və iki saat ərzində bu tempdə saxlamaq hər aktyorun hünəri deyil. İvan Qromov obrazının sizinçün hər hansı bir özəlliyi varmı, yoxsa qalereyanızda sıradan bir yeri tutur?
    Y.A: Xeyr, sıradan bir rol deyil, özəl, önəmli, hətta deyərdim ki, yaradıcılığımda mənə böyük uğur gətirən bir roldur. Ümumiyyətlə, bu rola, tamaşaya böyük dəyər verirəm. Bu tamaşada rol alan 5 nəfər aktyor sanki bir ailədir, tez-tez yığışır, bir-birimizlə maraqlı ünsiyyət qururuq. Bu roldakı nailiyyətimi rejissor Petru Vutkereuya borcluyam, onu müasirliyin ən yaxşı rejissoru hesab edirəm, ən azından Moldovada. O, qərbdə də yetəri qədər məhşurdur. Tamaşa hazırlamaq üçün Yaponiyadan, Rumıniyadan, Fransadan çox sayda dəvətlər alır. Vutkereu həm də yaradıcısı olduğu Ejen İonesko adına teatrın bədii rəhbəridir. Bizim teatrda «Starsti po Andreyu» tamaşasına quruluş verməsi üçün onu, mərhum bədii rəhbərimiz Nelli İvanovna Kameneva dəvət etmişdi. Bu baxımdan deyə bilərəm ki, belə böyük bir rejissorun diqqətini cəlb etdiyim üçün bəxtim gətirib.

    - Bakı tamaşaçılarından emosional enerji ala bildinizmi?
    Y.A: Şübhəsiz. Tamaşa - canlı ünsiyyət, aktyorun tamaşaçı zalı ilə enerji mübadiləsidir. Biz aktyorlar konkret hansısa tamaşaya gələn insanlardan asılıyıq. Ona görə də bir tamaşa digərinə bənzəyə bilməz. Çünki zaldakı tamaşaçı həmişə fərqli olduğundan enerji də eyni olmur. Bakı seyrçilərinin səhnədə baş verənlərə reaksiyası, nəfəsi, dinləməsi, hadisələri hiss etməsi isə məni sadəcə olaraq heyran etdi. Sanki tamaşada qaldırılmış problemlərə ruhən nüfuz edirdilər.

    - Ümumiyyətlə, moldavan tamaşaçıları azərbaycan seyrçilərindən nə ilə fərqlənir? Əksər ölkələrdə seyrçi öz fikrini, münasibətini, reaksiyasını tamaşa sonu minnətdarlıqla bildirir…
    Y.A: Azərbaycan seyrçisini fərqləndirən onun emosionallığı, coşğunluğu və temperamentidir. Buna misal olaraq tamaşaarası tez-tez səslənən alqış sədalarını qeyd edə bilərəm, hansı ki, daha öncələr heç vaxt qarşılaşmamışıq. Bizdə alqışı da, minnətdarlığı da, hətta tamaşadan gələn emosionallığı da sonda alırıq. Bakı tamaşaçısı isə tamaşadakı hansısa məqamlara çox canlı və ani cavab verir.

    - Yeri gəlmişkən, tamaşa və ya konsertarası səslənən alqışlar əksər mədəniyyət dairələrində müsbət qarşılanmır, hətta etikadan kənar bir hərəkət kimi də dəyərləndirilir.

    - Mən bu fikirlə razı deyiləm. Səmimi ifadə edilən emosiyalar heç vaxt pis və ya etikadan kənar hərəkət sayıla bilməz. Çünki teatr, insanların müəyyən emosional ünsiyyət qurduğu bir məkandır. Bu baxımdan hesab edirəm ki, reaksiya vermək mütləq və vacibdir.

    - Teatr tənqidinə münasibətiniz?
    Y.A: Tənqiddən tənqidə fərq var. Düzünü deyim, peşəkar tənqilçilərə çox rast gəlməmişəm, ən azından Moldovada. Hətta deyərdim ki, bizdə tənqid yox dərəcəsindədir. Bəlkə bir-iki nəfər var, amma onlar da haradasa gizlənib oturublar. Moldovada qarşılaşdığım tənqid təəssüf ki, rejissora və ya aktyora münasibətdən və tamaşanın nəqlindən kənara çıxmayıb. Ancaq, festival səfərləri çərçivəsində mən, çox savadlı Rusiya tənqidçilərilə rastlaşmışam. Ümumiyyətlə, savadlı və peşəkar meyarlara sığınan tənqid heç vaxt nə inciklik, nə də narahatlıq yaratmır. Səriştəsizcəsinə deyilən və ya yazılan fikirlər isə ümumiyyətlə, tənqid deyil. Odur ki, prinsip etibarilə tənqidə münasibətim normaldır.

    - Sözünüzdən belə anladım ki, Moldovada tənqid inkişaf etməyib. Sizcə, bu faktor tənqid sahəsinə marağın olmaması, yoxsa tənqidçilərin maddi təminatsızlığı ilə bağlıdır?
    Y.A: Ölkəmiz müstəqillik qazandıqdan sonra mədəniyyət, xüsusilə rus teatrı Moldovada sanki kənara itələnib, özü də məhz hökümət tərəfindən. İlk baxışdan sanki münasibət loyaldır, ancaq eyni zamanda da heç kim bizə kömək etmir. Rusiya səfirliyinə də arxalana bilmirik. Onlar da ancaq premyeralara və ya kiminsə yubiley tədbirinə gəlməklə məhdudlaşırlar, vəssalam. Teatra dəstək olmaq və ya səviyyəsini qaldırmaq üçün heç kəs teatrın həyatında yaxından iştirak etmək istəmir. Hamı öz işlərilə məşğuldur. Sizin teatra girdikdə biz təəccübdən mat qaldıq. Bu cür şərait yaratmaq üçün aktyora qarşı ürəyində sevgi, anlayış, hörmət olmalıdır. Eşitdiyimə görə, Bakıda bütün teatrlar təmir olunur və bu çox gözəl addımdır. Bəlkə də bu təəccüblü olmamalıdır, yaşadığımız 21-ci əsrdə bu normal və təbii haldır. Ancaq bu yenilik bizim üçün real deyil, çünki heç vaxt heç kəsin maliyyə sərf etməyəcəyi qədər bahadır. Hərçənd Moldovada çox varlı insanlar var, böyük qismi də ya siyasətçilər, ya da biznesmenlərdir. Siz bizim yaşadığımız şəraiti görsəydiniz… Təəssüf ki, Azərbaycandan fərqli olaraq Moldova dövləti rus teatrına kömək etmir.

    - Dövlətin laqeydliyi yalnız rusdilli, yoxsa bütün teatrlara münasibətdə təzahür edir?
    Y.A: Əsasən bizim rus teatrına. Əlbəttə, burada müəyyən nüanslar da var.
    Hərçənd 90-cı illər artıq geridə qalıb. O dövrün həyəcanları, narahatlığı, «biz moldovanıq, siz russunuz» kimi milli zəmində olan məsələlər artıq aktual deyil.
    İnsanlar sakitləşib, xalq həqiqi dəyərləri anlayıb. Ancaq dövlət üçün sanki biz yenə də yoxuq. Elə buna görə də Moldovada Teatr İnstitutu inkişaf etməyib.

    - Bildiyimə görə, Moldova Teatr Akademiyasında rus bölməsi yoxdur. Çexov adına rus teatrı gələcək kadrlarını necə hazırlyır?
    Y.A: Mən özüm 90-cı ildə bitirmişəm, biz sonuncu rus qrupu idik. Sonra islahatlar oldu. İndi isə teatr akademiyasında təhsil rumın dilindədir. Ancaq paralel olaraq rus qruplarının xüsusi yığımı olur. Təxminən bir ildən sonra teatrımıza yeni kadrlar qəbul ediləcək.

    - 90-cı illərdə dilinizdə də bəzi islahatlar aparıldı…

    Y.A: Həmin dövrdə özünü maarifçi, savadlı sayan əksər şairlər, yazıçılar, bir sözlə Moldovanın «ali təbəqə»si qəfil qərara gəldi ki, sən demə, Moldova bir ölkə kimi ümumiyyətlə, mövcud deyil, dili və Moldova ərazisi mövcud deyil və Sovet İttifaqını tərkibində olmağımız belə, böyük təsadüf və yanlışlıqdır. Yalız rumın dili, rumın mədəniyyəti, rumın kökləri var. Buna aidiyyatı olmayanlar isə təsadüfi insanlardır. Dil dəyişikliyilə bağlı hətta Moldovada uydurulmuş bayram da var - «Limba Noastre» - «Bizim dil» deməkdir. 1990-cı ildən etibarən hər 31 avqust tarixində qeyd olunur. Yaşlı müdriklər isə bütün bunları ağılsızlıq sayır. Çünki moldav dili moldav dilidir, rumın dili də rumın. Bu dillər bənzər olsalar belə, iki fərqli ölkəyə məxsusdur. Əslində isə zənnimcə, dil islahatı sadəcə olaraq bir bəhanə idi, məqsəd - millətin təmizlənmə siyasətini həyata keçirmək idi.

    - Siz Moldova Respublikasının İncəsənət Ustası fəxri adına layiq görülmüsünüz. Bu, əməkdar, yoxsa xalq artisti fəxri adına bərabərdir?
    Y.A: Əvvəllər, yəni, sovetin dövründə bizdə həm əməkdar, həm də xalq artisti fəxri adları vardı. İndi isə hər iki fəxri adları birləşdirib İncəsənət ustası ediblər.
    Mənim bilgimə görə «incəsənət ustası» «xalq artisti» fəxri adına bərabərdir.
    Başqa adlar və ya titullar yoxdur, təbii ki, dövlət səviyyəli orden və medallar istisna olmaqla.

    - «İncəsənət ustası» fəxri adı sizə hansı imtiyazlar qazandırır?

    Y.A: Təkcə fəxri ada görə mən 200 ley, təxminən 20 dollar alıram. Sizdə isə bildiyimə görə 500 manat verilir. Maaşımı desem, inanmayacaqsınız və bəlkə də güləcəksiniz, təxminən 150-180 dollardır, əlbəttə ki, leylə. Nəzərə alsaq ki, mən ən yüksək kateqoriyalı aktyoram, müvaftq olaraq 150-180 dollar ən yüksək maaş sayılır. Cavanlar isə 1500 ley, təxminən 120-130 dollar alırlar. Bu pula yaşamaq qeyri-mümkündür. Hərçənd bazar qiymətləri də sizinkindən fəqrlənmir, hətta demək olar ki, bizdə qiymətlər daha bahadır.

    - Aktyor həmkarlarınız əlavə qazanclarını TV kanallarında və ya şou-proqramlarda aparıcılıqla əldə edirlər. Ən pis halda isə ümumiyyətlə, sənətdən gedib başqa işlə məşğul olurlar.
    Y.A: İstəsəm belə sənəti ata bilmərəm, çünki əlimdən başqa iş gəlmir. Mənim əlavə qazancım ancaq ildə bir dəfə - 23 dekabr - 1 yanvar tarixləri arasında keçirilən yeni il şənliklərində Şaxta Baba rolumdan çıxır. Həmin qazancıma da ya ailəmlə birgə yay mövsümündə dənizqırağına istirahətə gedirik, ya da soyuducu və ya digər iri məişət əşyası alırıq. Aylıq maaşlarımız demək olar ki, heç nəyə çatmır. Moldovada kommunal xərcləri çox yüksəkdir, hər şey bahadır, gündən-günə də artır.
    Telekanllarda aparıcılığa gəlincə, Moldovada rusdilli proqramlar praktiki olaraq yoxdur. Rus kanallarını yalnız xüsusi yayımla seyr edirik. Yerli dövlət televiziyası ümumiyyətlə, çox aşağı səviyyədədir. Özəl kanallar isə ayrı-ayrı partiyalara məxsusdur. Hamısı da rumın dilində. Mənsə rumın və moldav dillərini təəssüf ki, məişət səviyyəsində bilirəm. Ancaq səlist bilsəm belə, xeyri yoxdur, Moldovada hər hansı bir işə düzəlmək üçün tanışlıq, tapşırıq lazımdır. Hər kəs öz adamını işə götürür. Moldova necə deyərlər, kirvələr ölkəsidir. Yeganə variant ölkədən çıxıb getməkdir. Bu seçimi etməyə də vətən, kök və s. bağlılıqlar imkan vermir.

    - Rusiyada kifayət sayda teatrlar var, orada işləmək arzunuz olmayıb ki?
    Y.A: Düzü konkret təkliflər olmayıb. Amma ən azından həyatımın bu mərhələsində çox güman ki, razı olmaram.

    - Bəs Azərbaycan Rus Dram Teatrında necə, işləmək istərdinizmi?
    Y.A: Sizin truppa, repertuarla tanış deyiləm, yəni tamaşalarınızı görmək imkanım olmayıb. Ancaq afişalarda diqqətimi çəkən repertuardakı zənginlik və bənzərlik oldu. Məsələn, sizin teatrda gedən «Bu azad kəpənəklər» tamaşası bizdə «Azad məhəbbət» adlanır. Bundan başqa «Kral Lir», «Qəribə missis Sevic» və s. Etiraf edim ki, Bakıda yaşayıb, işləmək təklifinə məmnuniyyətlə razı olardım.

    - Maraqlı söhbətiniz üçün sağ olun.
    Y.A: Diqqətinizə və ayırdığınız zamana görə mən də sizə minnətdaram.

    SEVDA BABAYEVA, “Kultaz”

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5.00 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Musahibenin axirina dogru mene bele geldi ki, arxadash Moldova’dan sadece olaraq qachib, tupurub her sheye ve Baki’ya qachib…-))

  2. Amma mən arxadaşın calışdığı teatrın bir tamaşasında olmusam, elə oralarda…-))
    Yaxşı tamaşa idi. Bəlkə arxadaş da orada oynayıb, yadımda deyil. Bileti 1 dollara almışdım…
    Amma doğrudan da çox kasıbdılar. Onlar tərəfdən baxanda isə biz çox varlı görünürük. Bir xanım mənə sual vermişdi ki, hanı sənin qızılların, sizin ki, neftiniz var, çox varlısınız…

    Mədəniyyətlərinin üstündə isə çox əsirlər. Bax, bunu öyrənmək lazımdı onlardan.

  3. Cox teessuf ki, bu arkadashin qacmaga yeri yoxdur. Bakiya qastrol seferini ise ozu ucun bir mocuze sayirdi. Bizim teatrlara, akyorlara yaradilan seraitin yaxsi menada shokundan hele de cixa bilmir. Tanidigi, bildiyi her kese Azerbaycandan danishir. Her halda bunu ozu deyir - email yazishlamarda. Baxdigim her uc tamasha sozun heqiqi menasinda super idi, ozellikle de “6-ci palata”. Tekrar baxmaq ucun taa uzaq Moldaviyaya qeder bele getmeye deyer.

  4. Moldav aktyorla musahibeni oxuyarken bir sira deyerli metleblerle tanish olmaq imkani elde etmish olduq. Ancaq… yaxshi olardi ki muxbir (Sevda Babayeva) musahibine daha cox medeniyyetle, incesenetle bagli suallar vereydi. musahibede daha cox siyasi-ictimai veziyyetin muzakiresine intensiya duyulur ki bu da oxuculari bir sira vacib meselelerle bagli informasiya elde etmek imkanindan mehrum edir

Şərh yazın