Vasıl Stus yaradıcılığı Azərbaycanda (Fotolar)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 17 Kasım, 2008

Noyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda görkəmli Ukrayna şairi, ötən əsrin 70-ci illərində repressiya olunmuş Vasıl Stusun Azərbaycan və rus dillərində olan «Kolımada kəklikotu qoxusu» («Na Kolıme zapaxlo çabretsom») adlı şeirlər toplusunun təqdimetmə mərasimi keçirildi. «Dünya ədəbiyyatı» dərgisinin qısa adı «DƏB» (Dünya Ədəbiyyatından Books) olan kitab seriyasının 11-ci kitabı ölkəmizin Ukraynadakı səfiri, professor-doktor Tələt Əliyevin şəxsi dəstəyi ilə nəşr olunub. Ümumiyyətlə isə «Vasıl Stusun yaradıcılıq gecəsi» layihəsi çəçivəsində gerçəkləşdirlən bu görüş və proqrama daxil olan başqa görüşlər Ukrayna Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu və fondun prezidenti İlqar Abbasovun köməyi ilə həyata keçirilirdi. Məhz həmin proqramm çərçivəsində şairin oğlu, ədəbiyyatşünas, populyar ədəbi-ictimai aylıq nəşr olan «Kiyevskaya Rus» jurnalının baş redaktoru Dmitro Stus da 11-13 noyabr tarixlərində Bakıda səfərdə olub.

Kitaba daxil edilmiş şeirlərin əksəriyyyətini həm Ukrayna dilindən Azərbaycan dilinə, həm də rus dillərinə tanınmış tərcüməçi, şair, əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə, bir hissəsini isə «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru Səlim Babullaoğlu ediblər. Səyavuş Məmmədzadə eyni zamanda kitaba daxil edilmiş və şairin keşməkeşli həyatını və yaradıcılığını sərf-nəzər edən «Ukraynanın azadlıq nəğməkarı» adlı məqalənin də müəllifidir.

Ümumiyyətlə, ölkəmizin Ukraynadakı səfirliyi Ukrayna Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu ilə birlikdə bir çox layihələr gerçəkləşdirmişlər. Bura «Azərbaycan nağılları» kitabının nəşri, görkəmli bəstəkarımız Qara Qarayevin 90 illiyi ilə bağlı Kiyev şəhərində keçirilən konsert, «Kiyevskaya Rus» jurnalının bütünlüklə Azərbaycan ədəbiyyatına həsr olunmuş sayı, «Yeni Azərbaycan» qəzetinin ilə birlikdə seçkiqabağı xüsusi Ukrayna buraxılışı və başqa maraqlı layihələr gersəkləşdirilmişdir.

İlqar Abbasov tədbirdə iştirak edə bilmədiyindən tədbirin aparıcısı Səlim Babullaoğlu tədbir iştirakçılarına İlqar Abbasovun salamlarını və arzularını çatdıdıqdan sonra qeyd etdi ki, İlqar Abbasov onunla telefon söhbətində böyük Ukrayna şairi və əzabkeşi Vasıl Stusun gecəsinin keçirilməsinə sevindiyini və bu işdə fondun da iştirakı olduğundan keçirdiyi qürur hissini də dilə gətirib.

Tədbiri giriş sözü ilə açan Xalq Yazıçısı Anar təmirdən sonra Yazıçılar Birliyində ilk tədbirin reperssiya olunmuş Ukrayna şairi ilə bağlı olmasını əlamətdar hesab edir, kitabın nəşrini əhəmiyyətli hadisə hesab edir.

Sonra isə səfir Tələt Əliyev çıxış edib aşağıdakıları dilə gətirdi:
«Tarixin elə amansız dövrləri olur ki, xalq özünün, nağılların dili ilə desək, «çəkidə yüngül, vəzndə ağır» yükünü, irsini məhz dil vasitəsilə və o dildə yazarlarının ölməz əsərlərində saxlayır, kodlaşdırır. Sonradan millətin dirçəlişi məhz o əsərləri oxumaqla baş verir. Amansız Stalin reperssiyalarında da beləydi, sovet imperiyasının sonrakı illərində də belə hallara tez-tez rast gəlinirdi. XX əsrdə bu bizim tariximizdə də beləydi, demək olar ki, eyni taleyi bölüşdüyümüz Ukrayna xalqının taleyində də belə olmuşdu. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Əli Nəzmi, Almas İldırım, Salman Mümtaz, Seyid Hüseyn, Rəsul Rza, Bəxtiyar Vahabzadə, İvan Dzyuba, Valeriy Marçenko, Vasil Simonenko, Dmitro Pavlıçko, Lina Kostenko, Mikola Vinqronovski, Kubiyoviç, Kaçurovskiy, Mixaylo Orest …Bu adamların bir qismi güllələnmiş, sovet düşərgələrində ölmüş, bəziləri qayıtmış, bir qismi, mühacirət etmiş, bəziləri isə öz içərilərinə qısılmış, eyni ağrı-acını öz daxillərində keçirmişdilər. Belə adamlardan biri də böyük Ukrayna şairi, sovet repressiyalarının qurbanı olmuş Vasıl Stusdu.»

Səfir sözünün sonunda Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və kitabın hazırlanmasında zəhmət çəkən bütün adamlara minnətdarlıq etdi.

Daha sonra Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev və Arif Əmrahoğlu, şair Abbas Abdulla, kitabın tərcüməçisi Səyavuş Məmmədzadə, Ukraynanın Azərbaycandakı səfirliyinin informasiya və mədəniyyət məsələləri attaşesi xanım Kristina Pivnyak,şairin oğlu, tanınmış ədəbiyyatçı, «Kiyevskaya Rus» jurnalının baş redaktoru Dmitro Stus çıxışlar etdilər. Dmitro Stus səfirliyə, Azərbaycan Yazıçılar Birliyinə, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fonduna minnətdarlıq hissi çatdıraraq, eyni zamanda tərcüməçilər- Səyavuş Məmmədzadəyə və Səlim Babullaoğluna da təşəkkürlər etdi.

Sonda isə «Ukrayna Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu»nun Bakı ofisinin direktoru Rafiq Həşimov tanınmış tərcüməçi Səyavuş Məmmədzadəyə «Azərbaycan və Ukrayna mədəniyyətlərinin yaxınlaşmasındakı xidmətlərinə görə» fondun təsis etdiyi Nizami Gəncəvi adına mükafatını- diplom və mükafat üçün nəzərdə tutulmuş pul vəsaitini təqdim elədi.

Ertəsi gün Bakı Slavyan Universitetinin Ukrayna Mərkəzində tələbələr və müəllimlərlə, ukraynaşünaslarla Dmitro Stusun görüşü keçirildi. Görüşdə qonaqla yanaşı şair-tərcüməçi, «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru Səlim Babulloğlu və şairə Rəbiqə Nazimqızı da iştiak edirdilər. Dmitro Stus atası ilə bağlı xatirələrini danışdıqdan sonra Ukrayna dilində onun şeirlərini səsləndirdi. Sonra isə tələbələrin suallarını cavablandırdı. Dmitro Stus şair Səlim Babullaoğlu ilə dostluğu nəticəsində böyük və maraqlı ədəbiyyatla tanış olduğunu, rəhbərlik etdiyi dərgidə bundan sonra Azərbaycan ədəbiyyatına daha həssas münasibət göstərəcəyini dilə gətirdi.

Sonra isə artıq «Kiyevskaya Rus»un 10-cu sayında öz tərcüməsində nəşr etdiyi Rəbiqə Nazimqızın bir şeirini Ukrayna dilində səsləndirdi . Sözünün sonunda Stus xalqlarımızın yaxınlaşması üçün böyük işlər görən Ukrayna Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu və fondun prezidenti İlqar Abbasova təşəkkürlər etdi.

Sonra Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, doktor Sahibə Qafarova Dmitro Stusu və Səlim Babullaoğlunu qəbul etdi.
Görüşdə Azərbaycanlı tələbələrin hazırlıq səviyyəsini yüksək dəyərləndirən D.Stus Universitetin rəhbərliyinə də təşəkkür etdi.

İki günlük səfərinin sonunda Dmitro Stus Ukraynanın çağdaş ədəbi mühiti və təssüratları ilə bağlı «525-ci qəzet»ə müsahibə verdi.

“Kultaz”

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

Comments are closed.