Mirmehdi Ağaoğlu. Mənim kədərli hekayəm.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Kasım, 2008
(Əziz Nesinin əziz xatirəsinə)
“Mən səni sevirəm,
mənim eşşək sevgilim…”
Bir sevgilinin dilindən
Mən eşşəyəm. Yeddi yaşında, boz bir eşşək. Əvvəllər, yəni mən uşaq ikən dərimin rəngi parlaq idi və şabalıdıya çalırdı. Onda hələ kənddə yaşayırdım. Yaşıl çəmənlikləri olan uzaq bir dağ kəndində. Sahibim kənddə dolanışığın olmaması üzündən Bakıya köçənədək mənim dərimin rəngi də parlaq idi, gün işığında lap at dərisi kimi bərq vururdu. Yaşıl çəmənliklərdə qayğısızca dolaşar, acanda yaşıl otlardan yeyib buz bulaqların suyundan içər, dincəlmək istəyəndə özümü budaqları buludların mavi köynəklərini dələn hündür ağacların kölgəsində dincələrdim.
Sahibimin kənddə dolanışığın olmaması üzündən Bakıya köçmə fikrini mən heç zaman müsbət qarşılamamışdım. Mənim ki, dolanışığım var idi. Qışda da gəvəzələməyə bir şey tapılırdı. Lakin bununla belə Bakıya köçdük.
Biz Bakıya köçəndə artıq 3 yaşım var idi. Məni Bakıya digər heyvanlarla birlikdə yük avtomobilinin bortunda gətirdilər. Yol boyu maşın dərə-təpəyə düşdükcə o qədər atılıb düşmüşdüm, silkələnmişdim ki, düz bir həftə ətraflarımın ağrısından və ishal əlindən yerimdən tərpənə bilmədim. Axırda nəcis iyindən tövləyə girə bilməyən sahibim məcbur qalıb məni o soyuq qış axşamlarında bayırda yatızdırmağa məcbur olmuşdu. Həmən axşamlarda soyuqdan donmuş qulaqlarım zərblə bir-birinə toxunan bilyard şarları kimi şaraq-şaraq şaqqıldayırdı.
Bizim kəndimiz, yəni doğulub boya-başa çatdığım kənd dörd tərəfdən meşəylə əhatə olunmuş bir coğrafiyada yerləşirdi. Yaşıllıqlar göz oxşayırdı. Şairlər hər yay bizim kəndə dincəlməyə gəlir, bizim meşələrdə kabab çəkib yeyir, üstündən də buz bulaqlarımızın suyundan içib şəhər həyatından bəhs edən şeirlər, poemalar yazırdılar.
Bizim kənddən də az şair çıxmamışdı. Onlar da Bakıda ad-san sahibi olandan sonra kəndə dincəlməyə gələrdilər. Bütün günü göy çəmənliklərdə dincəlib elə hey isti, yorucu şəhər həyatından gileylənərdilər. Amma nədənsə yağışlar yağmağa başlacağın dəfədaraqlarını da götürüb üz qoyardılar Bakıya. Mən onları başa düşə bilmirdim. Yəqin eşşək olduğumdandır.
Yeni yaşayış yerimdə isə həndəvərdəki bir neçə təkəm-seyrək ağacları çıxmaqla yaşıllıqdan əsər-əlamət yox idi. Burada ağacları bütün günü başını su içən toyuq kimi əyib qaldıran mazutlu dəmir buruqlar əvəz edir. Kəndimizdəki gölməçələrdən, nohurlardan fərqli olaraq buranın nohurlarının suyu qaramtıl rəngdədir. Gün işığında isə göy qurşağı kimi müxtəlif rəngə çalır. Bir az vasvası olduğumdan yediyimə və içdiyimə çox diqqət edən eşşəyəm (əlbəttə, bu, şəhərə köçməmişdən qabaq idi).
Bir dəfə yayın cırcırama istisində işləyərkən yaman susamışdım. Evə getməyə də hələ var idi. Naəlaclıqdan ağzımı nohura dayayıb bir qurtum suyla içimi sərinlətmək istədim. Elə təzəcə udqunmuşdum ki, içimi od-alov götürdü, sanki boğazımın yoluna yanar məşəl soxmuşdular. Həmən səhər nə yemişdimsə hamısını qaytardım və düz on gün yediyimin-içdiyimin tamını bilmədim.
Kənddə yaşıllıqdan yorulan gözlərim burda bir yarpaq boyda yaşıllıq axtarırdı. Amma nə yazıq ki, haraya baxırdımsa, gözümə bomboz səhralıq, mazutlu gölməçələr görünürdü.
İnsafən qışı pis keçirtmədim. Heç mənimlə birgə kənddən gətirilən heyvan-qara da pis ötürmədi qışı. Samanımız bol idi. Sahibim kənddən köçəndə özü ilə iki “Kamaz” ot kipi də gətirmişdi. Bütün qışı quru otdan yeyir, kefimə düşəndə də buruqların arasında, çöllü-biyabanda gəzişirdim. Təzə köçdüyümüz vaxtlarda hələ mənə münasib iş tapılmadığından səhərdən axşamacan ecahan dolanırdım. Mənim veyil-veyil dolandığımı görən sahibənin arvadı da əlinə düşən hər fürsətdə mənə yaylım atəşi açmaqdan yorulmurdu. Amma sahibim onun cavabını layiqincə verir, düşmən cavab atəşi ilə susdurulurdu. Sahibənin arvadını narahat edən məsələ sahibin məni kənddə satmaması, özü ilə Bakıya gətirməsi idi. Hər dəfə deyirdi: “Eşşəyin yeri kənddir, şəhər yox”. Onun fikrincə mən onlara bir qara qəpik xeyir vermədən heyanların saman payından yeyirdim. Hətta iş ora yerə çatmışdı ki, xanımım məni görəndə ayağındakı İran qaloşlarının bir tayını çıxarıb üstümə tolazlayırdı. O an məni üstümə doğru uçan qaloşdan çox xanımımın ayaqlarındakı qırmızı “Mariyana” corabları hürküdərdi. Elə bilərdim xanımım o corabları da çıxarıb üstümə atacaq, ona görə də o dəqiqəcə canım əl verdiyi qədər qaçıb olay yerindən uzaqlaşardım.
Yaza doğru buruqların arasında arabir gözə dəyən cürbəcür otlar, tikan-qanqal cücərməyə başladı. Qış boyu mənim kimi işsiz qalmış sahibim də məni və heyvanları götürüb buruqların arasında otarmağa çıxırdı. Əlbəttə ki, buna otlamaq demək olmazdı. Biz bütün günü yalnız otlamağı imitasiya ilə məşğul olurduq. Sahibim arvadının deyingənliyindən bezdiyindən hər səhər tezdən bizi alıb otarmağa aparır, bir də qaş qaralanda evə qayıdırdı. Biz də bütün günü ta axşamacan çöllü-biyabanda ac-yalavac dolanır, axşamın tez gəlməsini səbirsizliklə gözləyirdik.
Həmən axşamların birində elə təzə həyətə gəlib yemlənmişdik ki, sahibimin böyük oğlu özünü hövlnak qapıdan içəri atıb bağırdı ki, bəs gözünüz aydın, özümə iş tapmışam. Onun heç bir sənəti yox idi. Məktəbi doqquzuncu sinifdən tərk edib meşədə odunçuluqla məşğul olmuşdu. Arada mən də onunla meşəyə gedirdim. O qırdığı odunlardan belimə yükləyir, mən də kəndə gətirirdim. Əsgərlikdə olarkən atasının satdığı iki qoyunun puluna vəsiqə alıb sürücülüyə başlamışdı. Biz Bakıya köçəndən sonra şəhərin bütün sərnişin daşıma nəqliyyatı sahiblərini ələk – vələk edib özünə iş axtarmağa başladı. O gün nəhayət ki, müştaqında olduğu işi tapmışdı. Sahibim oğlunun bu sevimli xəbərinə əlini cibinə atıb bir onluq çıxardaraq muştuluq verdi. Səhəri gün oğlan evə gələndə o pula çoxlu şəkil alıb gətirmişdi. Kiçikli – böyüklü bu şəkillərdə yaşlı-yaşlı saqqallı kişi rəsmləri var idi. Dediyinə görə bunlar imam-seyyid şəkilləri idi. Bu şəkilləri “Qazel”in salonundan asacaqdı ki, yolda qəzaya uğramasın, qailər səbəbsiz yerə saxlamasınlar. O, işə düzələndən sonra bir axşam həyətdə dayanmış maşına yaxınlaşıb bir göz atdım. Həqiqətən də söz verdiyi kimi bütün şəkilləri bir-bir salonun qabaq tərəfindən sancaqla bərkitmişdi. Oğlan bir də söz vermişdi ki, Məhərrəmlikdə camaatı havayı pirə aparsın. Apardı da.
Sahibimin oğlu iki dənə idi. Böyüyünü artıq tanıyırsınız. Kiçiyi ilə də indi tanışdıraram. Ondan heç xoşum gəlmirdi. Birincisi ona görə ki, biz çox vaxt çöldən gələndə o əlindəki ucu şiş çubuqla məni deşdəkləyir, arada bir hətta ar- namus bilmədən ucu şiş çubuğu dalıma belə soxurdu. Yəqin sizinlə bu cür məzələnməyiblər. Amma inanın o an mən cərəyan vurmuş kimi dik atılırdım. O isə bu mənzərədən xoşhal olur, qaqqanaq çəkib gülürdü. Hər şeydən çox məni ağrıdan isə onun bu cür arsız-arsız gülməyi idi. Elə gülürdü ki, sanki mənə əzab deyil, şəkər verirdi. Onu sevməməyimin ikinci səbəbi isə uşaqlığımda gördüyüm kədərli bir hadisə ilə bağlı idi.
Əvvəla onu deyim ki, sahibimin qəribə sənəti var idi. O axtaçı idi. Uzun müddət kolxoz fermasında ətlik qoçları, cöngələri axtalamaqla məşğul olmuşdu. Ən son axta elədiyi heyvan olmaq isə çox təəssüf ki, mənim bəxtimə düşmüşdü. Nə qədər şanslı olduğum burdan bəlli olur. Sahibim bu işi çox böyük həvəslə edərkən mən yalnız canımdakı ağrının hayına qalmışdım. Onda hələ nələri itirdiyimin fərqində deyildim. O zaman mən yalnız fiziki ağrıları duyurdum, psixoloji ağrılar isə sonra gələcəkdi.
Sahibimin kiçik oğlu ilə tay-tuşlarının meşənin qalın yerində anamın noxtasını ağaca bağlayıb növbə ilə arxasında get-gəl etdikləri zaman da mən seksual istəyin nə olduğunu dərk eləmirdim. Və onların anamla bu cür qeyri-ənənəvi rəftarı mənə insanların daha bir işinə yaramaq kimi gəlirdi. Onda bu mənim üçün odun daşımaq kimi bir iş idi. Özü də onlar təkcə anamla belə eləmirdilər. Qonşudan olan başqa dişi eşşəkləri də bu işə qatırdılar. Biz erkəklərin dişi eşşəklərdən fərqi bax elə bunda idi, bizə bu işi gördürmürdülər. Qalan bütün işlərdə isə biz dişi eşşəklərlə eyni hüquqa sahib idik.
Məsələnin mahiyyətinə varanda isə artıq gec idi. Hər şeyi Bakıda bir gün yenə otlamağa çıxarkən buruqların arasında dolaşan dişi bir eşşəyi görərkən anladım. Onun nazlı yerişi məni valeh edirdi. Bir an belə itirmədən ona sarı qaçmaq istədim. Lakin içimdə baş qaldıran bir ağrı mənə mane olurdu. Bu həmən ağrı idi. Eynən axta olunan zaman keçirdiyim ağrılara bənzəyirdi. Mən o eşşəyə sarı qaçmaq istəyirdim, paçamın arasındakı ağrı isə məni tormozlayırdı. Elə bil məni silahsız Qarabağa göndərirdilər, ya da xüsusi eynəksiz 3D ölçülü filmə baxmağa aparırdılar. O an uşaq vaxtı sahibimin oğlunun və taytuşlarının anamın və qonşu eşşəklərin başlarına gətirdikləri oyunlar təkrar gözlərimin önündə canlandı. Sən demə mənim əsl görməli olduğum işi sahibimin kiçik oğlu və onun tay-tuşları edirlərmiş. Və o vaxt içimdə gizli bir vicdan əzabı keçirməyə başladım. Utancımdan özümü qoyun – quzunun arasına verib çömbələrək gizlənməyə çalışdım. Elə o vaxtdan hər fürsətdə sahibimin oğlunu dişləməklə, onu belimdən vurub salmaqla bu əzabı bir az olsun azaltmağa çalışdım. Bəzi insanlar qəddardırlar. Yox, məncə bütün insanlar qəddardırlar. Çünki sahibimin, onun böyük oğlunun və kəndimizin digər kişilərinin nə vaxtsa belə bir iş tutmadığına inanmaq inanılmaz bir iş idi. Bunun şahidi olmasam belə. Lakin bununla belə bütün insanlığa qarşı çıxmaq mümkünsüz idi. Buna mənim eşşək iradəmin gücü yetməzdi. Onun üçün acığımı yalnız sahibimin kiçik oğlundan çıxmaqla təskinlik tapırdım. Tezliklə sahibimin kiçik oğlunun əsgərliyə yollanmasıyla mənim də kədərli xatirələrim yaddaşımın şimal əyalətlərinə çəkilməyə başladı. O eşşəklə isə daha maraqlanmadım.
Bir il ərzində ailəyə bir qara qəpik xeyir gətirmədiyimi nəzərə alan sahibim təzəcə məni satmaq eşqinə düşmüşdü ki, ona Neft şirkətində qarovulçuluq işi təklif olundu. Bütün günü buruqların arasında dolaşmalı, oradan keçən neft borularının təhlükəsizliyini qorumalı idi. Bu o qədər də ciddi iş deyildi. Yəni burada törədilə biləcək terror aktından söhbət gedə bilməzdi. Əsas məqsəd buruqların olduğu ərazidə məskunlaşmış əhalinin Neft şirkətinin ərazisində olan qurğulara ziyan verməsinin qarşısını almaq idi. Bütün günü buruqların arasında dolaşacaqdı. Bu iş üçün hətta ona velosiped də vermişdilər. O isə belə bir taktiki gediş etdi. Velosipedi satdı. Yerinə məni minməyə başladı. Onun puluna isə evə çanaq antena aldı ki, qızları SHOWTV-dən verilən “Acı hayat” serialına baxa bilsinlər. Beləcə mənə də iş tapıldı. Mən də qeyri-rəsmi olaraq Neft şirkətinin işçisi oldum.
Bakıya köçməyimizin ikinci ili sahibim böyük oğlunu evləndirmək qərarına gəldi. Nişan tədarükü ilə əlaqədar həyətdəki heyvan-qaranın hamısını satdı. Təkcə məndən və toyuq-cücədən başqa. Bax elə bundan sonra da mənim qara günlərim başladı. Oğlan evlənib kef çəkəcəkdi, mən isə dərd. Sahibim heyvan-qaranı satdıqdan sonra arada toyuqlar üçün bir-iki kilo arpa almağını nəzərə almasaq daha yem almırdı. Arpadan isə yalnız toyuqlara dən səpildiyi zaman sahibimin gözündən yayınmağa imkan tapanda yeyə bilirdim. Qalan vaxtlar isə ya iş vaxtı buruqların arasında dolaşarkən rast gəldiyim ot-ələfdən yeyir, ya da işdən sonra sahibim məni açıb özbaşıma buraxdığı zamanlarda yem axtarışlarına çıxaraq qarnımı bir təhər doyururdum.
Başqa sakinlərin də qoyun-quzuları olduğundan yem tapmaq get-gedə daha da çətinləşirdi. Ətraf ərazidə demək olar ki, bir çimdik belə ot qalmamışdı. Amma bir gün gördüm ki, qonşulardan biri öz heyvan-qarasını bizim evdən bir az aralıda buruqlara yaxın dərədəki zibillikdə otarır. Bütün qəsəbənin zibili həmən dərəyə atılırdı. Zibillik həmişə bir ucdan yandırıldığından oralar toz-duman, tüstü içində olardı. Oralarda sahibsiz küçə itləri də dolaşardı. Mən daha aclığa tab gətirmədiyimdən vasvasılığımı bir yana buraxıb özümü verdim həmən zibilliyə, tüstü-dumanın içinə. Əlimə keçən quru çörəkdən, kartof – soğan qabığından, göy-göyərti qurusundan, yemək qalığından nə tapırdımsa ağına bozuna baxmadan içəri ötürürdüm. Hətta bir ara kökəlməyə də başlamışdım.
Burada həyat uğrunda əsl mübarizə gedirdi; itlər, inəklər, qoyunlar, quşlar və mən bir-birimizə aman vermirdik. Hələ mən zibillikdə eşələnən cücüləri demirəm. Arada zibillikdə dolaşıb, butulka, köhnə əşya, əski-üskü, qurumuş çörək toplayan cır-cındır geyinmiş adamlara da rast gəlmək olurdu. Qısacası, zibilliyi zəbt etmək uğrunda altı tərəfdən əsl hücum başlanılmışdı. Eşitdiyimə görə yaşamaq uğrunda bu cür mübarizə daha çox əsgərlikdə, müharibədə və həbsxanada özünü biruzə verir. Hər kəs yalnız öz hayına qalır. Və sağ qalması naminə bütün insani məziyyətlərindən keçməyə hazır olur.
Yavaş-yavaş heyvanların sayı artırdı. Qonşulardan kimsə donuz saxlamağa başlamışdı. Donuzlar isə zibilliyə girdilərmi, dibinə daş salmayanadək əl çəkmirdilər. Bundan ən çox hirslənən itlər olurdu. Biz otyeyənlərin axtardığı bitki mənşəli qida olduğu halda donuzlar ət tullantılarını da həzmi-rabedən keçirirdilər. Bu da itləri daha çox qəzəbləndirirdi. Arada mən də yeməyə bir şey tapmayanda it – pişiyin gözündən yayınaraq boş konserv qablarının içini yalayırdım. Düzdür, dilim dilim-dilim olsa da bunu çox da önəmsəmirdim. Çalışırdım arada damağımın tamını dəyişim. Tomatlı konservlər mənə lap ləzzət verirdi.
Bir müddət sonra o zibillikdən uzaqlaşdım. Onsuz yeməyə bir şey qalmamışdı. Həm də bəzi insanların sayəsində – onlar əziyyət çəkib zibillərini zibilliyə deyil, hara gəldi; dalanlara, küçələrin tinlərinə, gözdən iraq, xəlvət yerlərə, hasar diblərinə atırdılar – zibilliyə getməyə ehtiyac qalmamışdı. Küçələrdəki yığılıb qalmış zibillər buraya köçənlərin sayına mütənasib olaraq artırdı. Küçədə-bayırda o yan bu yana qaçan uşaqları saymasaq, heç mənə fikir verən yox idi. Arada bu uşaqlar da qonşumun kiçik oğlu kimi ucu şuş çubuqla məni deşdəkləməyə çalışırdılar. Amma mən artıq əvvəlki əfəl eşşək deyildim, yaxın durmaq istəyənə yaxşıca qoşatəpik ilişdirib aradan çıxırdım. Küçə-küçə dolaşır, dalanlara, küçələrin tinlərinə, hasar diblərinə atılmış salafan paketləri böyük ustalıqla dodaqlarımla açır, tapdıqlarımı acgözlüklə gəmirirdim. Tapdığım qida ilə qarnımı rahatca doyururdum.
Daha sahibim də mənə fikir verməz olmuşdu. O mənim öz başımın çarəsinə baxmağımdan məmnun idi. Mən də ondan nəsə gözləmirdim. Səhərlər işə gedir, ətraf əraziləri dolaşır, naharda evə qayıdırdıq. Bir də günortadan sonra əraziyə baxışa çıxırdıq. Mən bu ərəfələrdə ərazidə rastıma çıxan ot – ələfdən yeyir, birtəhər aclığımı yatışdırırdım. İşdən qayıtdıqdan sonra isə əsl yem axtarışı ilə küçələri dolaşmağa başlayırdım.
Biz buraya təzə köçəndə küçələrin sayı lap az idi. İndi isə ev əlindən addım atmağa yer qalmamışdı. Səhər yuxudan durub görürdün ki, dünən gəzdiyin yerdə bir gecəyə gecəqondu ucaldılıb. Evlərin, küçələrin sayı artdıqca küçələrə tökülən zibillərin də sayı artırdı. Bu isə mənim xeyrimə idi.
Bir Amerika alimi tədqiqatlar nəticəsində belə bir qərara gəlib ki, əhalinin gəlirləri artdıqca məişət tullantılarının sayı da artır və əksinə. Bunu çoxdan bilirdim. Mən də uzun müddət araşdırma apararaq bu qənaətə gəlmişəm: əhalinin gəlirləri artdıqca zibillərin arasında əsasən bu növ tullantıların sayı artır; çörək qurusu, banan, nar qabığı, ananas, alma köşəyi, üzüm salxımı, sitrus meyvələri. Gəlirlər azaldıqca isə kartof-soğan qabığının çəkisi əhəmiyyətli dərəcədə artır, yuxarıda sadalanan tullantılar isə azalmağa başlayır. Gəlirlərin artması və azalmasını alma misalında nəzərdən keçirək. Belə ki, gəlirlərin artdığı dövrlərdə alma köşəkləri daha çox lətli, ala murdar yeyilmiş halda olur. Gəlirlər azaldıqca isə alma köşəyi daha çox nazilir, bir dəri bir sümük qalır. Hətta bəzən salafanın içində bir iki toxumdan başqa heç bir əsər əlamət olmurdu almadan. Başqa sözlə, əhalinin gəlirlərinin artıb-azalmasını alma köşəyi ilə, kartof qabığının qalınlaşıb nazikləşməsilə müəyyən etmək olar.
Tədqiqatlarım nəticəsində gəldiyim qənaəti məmuniyətlə “Boz eşşək mütənasibliyi” adlandırardım. İnanmıram ki, həmən alim məndən incisin, həm də mənim qədər zibilliklərdə eşələnmədiyi üçün tezisimə qarşı çıxmağa cürəti çatmaz. Onunki isti kabinet, yeni model kompüter, bir də iş masasının altındakı zibil qutusudur, vəssalam!
Get-gedə kənd haqqında xəyallarım əriyib yox olmağa başlayır, yerini bu cür urbanistik mövzulara verirdi. Cəhənnəmdə cənnət haqqında düşünmək yaramaz. Həm də oraya bir daha qayıtmayacağını bildiyin halda. Mənsə oraya – füsunkar təbiətli kəndimizə qayıtmayacağıma əmin idim. Heç qayıtmaq da istəmirdim. Əvvəlki kimi dərimin rəngi şabalıdıya çalmırdı. Günün altında güzgü kimi bərq vurmurdu. Mən indi bomboz bozarmışdım. Şəhərin bütün hisi, külü dərimin rənginə hopmuşdu. Şəhərin rəngini almışdım. Bu görkəmlə şəhərdən kəndə qayıtmaq isə abırsızlıq olardı. Qərarımda qəti idim. Ömrümü şəhərdə başa vuracaqdım.
Mən şəhər eşşəyi olmuşdum. Daha yaşıl çəmənlərin otları ilə deyil, küçələrin tin-bucaqlarına, divar diblərinə atılmış tullantılarla dolanırdım. Yediyim qidaların tərkibindəki kimyəvi qarışıqlar qan-damar xəstəlikləri, ürəyin infarktı, şəkər, xərçəng və başqa xəstəliklərin intişar tapmasına zəmin yaratsa da bu məni qorxutmurdu. İpoxondrikliyə lüzum yox idi. Onsuz insanların süfrələrinin artıqlarını yeyirdim, necə olsa insanlar da bu xəstəliklərdən əziyyət çəkirdilər.
Kənddən fərqli olaraq şəhərdə daha sərbəst dolaşırdım. Orada hər tinbaşı mənə yük daşıtdırmaq istəyən adamlara burada rast gəlinmirdi. Küçələrdə ürəyim istədiyim kimi, ürəyim istədiyi qədər dolaşırdım. İnsanlar mənə qarşı olan dözümlülük, laqeydlilik nümayiş etdirirdilər. Özlərini tolerant aparırdılar. Bununla belə bəzən onları anlamağa çətinlik çəkirdim. O dişi eşşəyi həmən məlum və məhzun rastlayışdan sonra nə görmüşdüm, nə də bir də görmək istəmişdim. Bildiyim qədəriylə isə bizim qəsəbədə məndən başqa eşşək yox idi. Amma tez –tez qəsəbənin əksər zibil tökülən küçələrində divarların üstündə rast gəldiyim bir yazı məni yaman özümdən çıxarır, iştahımı küsdürürdü: “EŞŞƏK, BURA ZİBİL ATMA!”.Mənsə heç vaxt küçəyə zibil atmırdım. Mən küçəyə zibil atmırdım, atmırdım, atmırdım!





Yüklənir...
Mirmehdi salam,
Hekayeye eziyyet cekmisen ve ureyini qoymusan- bu aciq hiss olunur ve seni tenqid elemeye adamin eli gelmir. Amma eks-reyleri bil ki, ozun-ozune aldanmayasan.
1. Dilin cox zeif ve qusurludur.
- “acanda yaşıl otlardan yeyib”- otlar acmir, guller acir, ot cucerir.
- “Sahibimin kənddə dolanışığın olmaması üzündən Bakıya köçmə fikrini mən heç zaman müsbət qarşılamamışdım”. Essek doyul qardas bu, akademik teatrda oynalinan eserin qehremanidir)))
- Bizim kəndimiz, yəni doğulub boya-başa çatdığım kənd dörd tərəfdən meşəylə əhatə olunmuş bir coğrafiyada yerləşirdi.- “Bizim kendimiz meselikde yerlesirdi” yazmaq olmazdimi?
- Sahibimin oğlu iki dənə idi. “Sahibimin iki oglu vardi” daha duzgun deyilmi?
Dil xetalari saymaqla bitmez.
2- esseyin seher heyatini ve kend heyatindaki ESAS FERQ yoxdur. Hekayenin cani bu olmali idi, her nedirse…
3. Esseyin psixoloji halini tesvir ede bilmemisen.
yaxsi meqam: qulaqlarin bilyard kimi saqqildamasi ve men bura zbil atmirdim…
Mirmehdi, men seni urekden tebrik edirem, ezizim. Neyi nece etdiyini, etmeli oldugunu demeyeceyem, cunki inaniram ki, ozun menden de yaxwi bilirsen. Bu hekayen cox xowuma geldi. Maraqla oxudum, axirini gozledim, nese meni diksindiren bir wey gozleyirdim ve yanilmadim da. Cox tesir etdi o cumlen. Ugurlar sene!
Ve tam semimiyyetimle deyirem, seni sozun heqiqi ve yaxwi menasinda ozume reqib bilirem. Mehz bele hekayelerden sonra daha yaxwi yazmaq hevesi ve gucu gelir adama. Tekrar UGURLAR!
Saygilarimla
Ääla!
Məncə, çox uzun alınıb. Belə mövzunu çox yığcam və oynaq dillə yazmaqla hekayəni daha uğurlu etmək olardı.
Uğurlar sizə!
cox uzundur ama maraqli fikirler var, tecrubesizlik, teleskenlik de hiss olunur.
qamçının iradları dəqiqdi. mirmehdi bəyin ciddi, çox ciddi dil problemi var. hətta təxminən belə bir ifadə də var hekayədə – eşşəyin tekləri bərq vururdu. dilə qarşı bu qədər məsuliyyətsiz olan adama və ya ümumiyyıətlə dili bu dərəcədə hiss etməyən birisinə yazıçı demək mümkünsüdür. ancaq mən mirmehdinin potensiyasına inanıram. onun çox adi mövzulara canavar kimi girişməyi, heç nəyi vecinə qoymadan oxumağı və yazmağı, üstəgəl nəfəslə yazmağı nələrsə vəd edir. bu hekayənin özündə də maraqlı məqamlar çoxdur. məsələn elə birinci cümlə…
uğurlar
Boz eşşəyin belində ədəbiyyata cavan bir oğlan gəlir. Xoca Nəsrəddinə də bənzəri var, Əziz Nesinə də. Xurcununda daha nələr olduğunu zaman göstərər. Yazıçı duyumu, görümü, təhkiyəsi var.
P.S. Savadsız alimdənsə savadlı eşşək yaxşıdır.
maraqli hekayedi ne yazardim bunu ev tapsirigi olaraq ama eminem ki itsifet muellimemiz deyecek:”NEDENSE BU MOVZU MENE COX TANIS GELIR VE NEDENSE GOOGLEDAKI INSALARI XATIRLADIR.”)))))))