Aliyə. Üç saatlıq nonfinito
Yazar: Admin | Bölmə: Teatr | Tarix: 25 Kasım, 2008Bu günlərdə Axundov adına Milli Kitabxanada «Mədəniyyətşünaslıq elmi-metodiki mərkəzi «Teatrımız: Bu gün, Sabah…» mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masanınsa bir özəlliyi var. Bu masada tərəflər yoxdur. Heç kimisə qoymaq üçün künc də yoxdur. Hərçənd, milli kitabxananın adətən tədbirlər keçirilən xarici oxu zalındakı uzun masanın başı və axırı, hətta küncləri də var. Başda oturan hörmətli bir kəs tədbiri açır və sözü sıra ilə danışmalı kəslərə verir. Sözügedən elmi-metodiki mərkəzin təşkil etdiyi bu dəyirmi masanın ətrafına yığışanları nəzərdən keçirdikcə nə çeynəniləcəyini bəri başdan bəlli etmək mümkün olur.
-
Zira bir -iki yazıçı dramaturqdan, bir iki aktyordan və bir iki teatr direktorundan başqa tədbirdə teatra dəxli olan adam-filan yox idi. Amma nə olsun, bu tədbir əla bir tamaşaya bənzəyirdi, alim, elmi işçi, teatr fədaisi maskasında göstəri hazırlayanlar bir-birini üstələyirdi və bəndəniz tamaşa həvəskarı olduğundan orada iki saatdan artıq qaldı. Məclisin ağsaqqalı teatrşünas İnqilab Kərimov idi ki, müəllim hər çıxışdan sonra öz keçmiş məqalə və çıxışlarından sitatlar gətirir, teatrımızın tarixini xüsusi əzmkarlıqla, özü demişkən qurd ürəyi yemiş kimi, daha qədimlərə çəkir, məclisin ağsaqqalı imicindən yararlanaraq qocaların ən böyük düşməni olan zamanın üzərində öz yeknəsəq nitqi, hər başlanğıcında teatr barədə şablon təyinlərlə başlayan uzun çıxışı ilə qələbə çalır və bu qələbəni o gözəl və keçmiş sovet illəri haqda xatirələri ilə bəzəyirdi.
Xülasə, hər kəs öz rolunu bilirdi, dəqiq əzbərləmişdi, yalnız Əli Əmirli kimi məsələyə həqiqi ciddiliklə yanaşan adamlar nəhayət səbəkarı bu günki teatrı xatırladıb mümkün olduğu kimi bədahətən danışırdılar. Teatrın bugünki problemlərini səsləndirən teatr rəhbərlərisə öz-özünə danışan «xəstə»yə bənzəyirdi. Təbib qismində yeganə teatrşünas İnqilab müəllim «xəstə»lərin dediklərinə ümumi proqnozlar qoyur, görkəmli adamlardan gərəksiz siatatlar gətirir və loru desək «məclisi yola verirdi». Arabir yas məclislərindjə ağır cayıllar mollaya sual verən kimi teatr rəhbərlərindən biri ona «modernizmin ziyan olub olmadığı barədə» sual verir və uzun və sakitləşdirici bir cavab alırdı. Bu absurd komediyanın ən pik məqamı rayondan gəlmiş bir vətəndaşın yenə absurd bir şikayəti oldu: «bileti icraya verirlər, icra müəssisələrə paylayır- satır biz də böyüklər üçün nəzərdə tutulmuş tamaşalara uşaqlarımızı göndəririk». Belə absurd tamaşalarda məntiq və yaxud «bəs kimin nə təqsiri var?» soran suala cavab axtarmaq lazım deyil.
Elə mən də belə edirəm. Elmi metodiki mərkəzin şöbə müdiri Zəminə Axundovanın mənim «Kino+» və Mədəniyyət» qəzetlərində çap olunmuş «Teatr və tamaşaçı», «Teatrşünaslığın nəzəri konseptual problemləri» adlı köşələrimdən düzəltdiyi «teatr yeni epoxa astanasında» adlı plagiat çıxış-mühazirəsini bu absurd komediyanın janrına bağışlayıb susuram. Absurd komediyaların finalı ya cəfəng bir nikbinliklə, ya nəzakətli bir etirazla bitir. Tamaşaçı kimi mənim payıma sonuncu düşür. Elə etiraz bildirən anda da oyuna qatıldığımı hiss edirəm. Bu da sizə sizə üç saatlıq nonfinito – yəni finalı açıq tamaşa. Həmkarım düz deyir: «Biz çox istedadlıyıq».
Qeyd: bu yazı sözügedən metodiki mərkəzin xüsusi və inadkar xahişləri əsasında yazılıb.





Yüklənir...