Natiq. Beş atanın ögey oğlu (Hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Kasım, 2008

Vədə tamam olmuşdu, beş ata bunca illərdən sonra oğullarını geri almaq üçün Çaykənarı qəbiləsinə yollandılar. Hardasa dörd gün yarım yol gedəcək, Quruçayın kənarında gecəyarısına kimi mərasim qurub şənlənəcək və ağsaqqallardan xeyir-dua alıb oğullarını evlərinə gətirəcəkdilər. Bu, babalardan qalma ən qədim adət hesab olunurdu, Şərqli qəbiləsində oğlan uşaqları dünyaya göz açan kimi onlar tərbiyə alıb, sənətə yiyələnmək üçün Çaykənarı qəbiləsinə göndərilir, aradan on il keçəndən sonra isə öz evlərinə qaytarılırdılar. Bu zaman atalar oğullarını yalnız öyrəndikləri peşəyə görə fərqləndirib tanıyardılar: dulusçu yaxşı gil qab düzəldəni, döyüşçü yaxşı qılınc oynadanı, mehtər atların dilin biləni, nəqqaş qayalar üzərində gözəl rəsmlər çəkəni, ovçu isə yaxşı ov ovlayan uşağı doğma balası kimi qəbul edib evə gətirərdi. Uşağın kiməsə oxşayıb-oxşamaması, suyunun şirin gəlib-gəlməməsi, boyu-buxunu, dərrakəsi heç kimi maraqlandırmazdı.

Şərqli qəbiləsi əsrlərdi belə yaşayırdı, əcdadlardan qalma adətdən sapınmağın böyük günah kimi cəzası ağır olduğundan qaydaları pozmaq ağıllarından belə keçməzdi. Elə buna görə idi ki, Şərqli qəbiləsində kiminsə günaha batdığını eşidən olmamışdı.

Atalar Çaykənarına çatanda gün əyilmişdi, bir dəstə oğlan uşağı dərədən üzüaşağı yüyürüb onlara tərəf qaçdılar. Artıq on yaşlarını tamamlamış uşaqlar bilirdilər ki, indi öyrəndikləri sənəti nümayiş etdirib, evlərinə yollanmağın vaxtıdır. Atalar nə qədər həyəcanlı olsalar da onlara tərəf baxmadılar, ağsaqqalların xeyir-duası olmadan uşaqlarla kəlmə kəsmək, hansı sənətə yiyələndiklərini soruşmaq ayıb iş sayılırdı. Bu onların yox, Çaykənarı qəbiləsinin adəti idi, atalar özləri də bir vaxtlar burada böyüyüb tərbiyə aldıqlarından, bunu yaxşı bilirdilər. Ona görə də özlərini sanki görməməzliyə vurub, onları qarşılayacaq ağsaqqalların gəlişini gözləməyə başladılar. Onlara gözləməyi balacalıqdan öyrətmişdilər və dönə-dönə tapşırmışdılar ki, Şərqli qəbiləsində kişi kimi yaşamağın sirri gözləməyə vərdiş etməkdən keçir. Bəzən bu vərdişə yiyələnmək hansısa sənət öyrənməkdən qat-qat çətin olsa da, bu ataların ovqatını korlaya bilməzdi. Çünki, onlar çoxdan Şərqli qəbiləsində kişi olmuşdular, deməli ağsaqqalların yolunu hətta günlərlə gözləyə bilərdilər.

Nəhayət hava qaralana yaxın yaşıl təpənin arxasında beli bükülmüş iki qoca kişi göründü. Atalar onları qarşılamağa gələn qocalara ədəb-ərkanla təzim edərək, heybələrində gətirdikləri hədiyyələri çıxarmağa başladılar. Bu da Çaykənarı qəbiləsində uşaqlıqdan öyrədilən adətlərdən biri idi, ağsaqqala yalnız təzim eləməklə yox, həm də nəsə özünəməxsus bir şey hədiyyə verməklə hörmətini bildirməlisən. Yox, əgər hörmət eləməsən, onda eşidəcəyin xeyir-duanın təsiri gözlədiyindən az ola bilər ki, bu da Şərqli qəbiləsində kişi olmuş adam üçün qəbuledilməz idi. Dulusçu yenicə düzəltdiyi boyalı qabı, döyüşçü təzəcə itilətdiyi qılıncı, mehtər üzərində əl işləmələri olan yəhəri, nəqqaş incə zövqlə bəzədiyi kəlağayını, ovçu isə yaxşıca aşıladığı pələng dərisini yerə qoydu. Hədiyyələrin ağsaqqalların ürəyincə olduğu simalarındakı təbəssümə oxşar ifadədən sezilirdi.

Oğulların atalara verilməsi on ildən bir qeyd olunan təntənəli mərasim sayılsa da, qəbilə camaatı ona xüsusi hazırlaşmağa maraq göstərmirdi, sadəcə Quruçayın kənarında elə həmişəki yerində iri tonqal qalayır, müdrik ağsaqqalların gəlişindən sonra dövrə qurub hərə bir tərəfdə əyləşirdi. Qəbilənin ən müdrik ağsaqqalı hər bir uşağın məziyyətindən uzun-uzadı danışır, yiyələndikləri sənəti tam xırdalığına qədər bildiklərinə ataları əmin edirdi. Çaykənarı qəbiləsinin müdriklərinin sözü Şərqli kişiləri üçün o qədər müqəddəs hesab olunurdu ki, heç uşaqların bu on ildə yiyələndikləri sənəti nümayiş etdirmələrinə də ehtiyac qalmırdı. Bəzən elə olurdu ki, qəbiləsinə qayıdan mehtər oğlu heç atlara yaxın dura bilmirdi, ya da dulusçunun bəxtinə düşən uşaq gilnən torpağı səhv salır düzəltdikləri şeylər isə ovulub tökülürdü. Belə olanda atalara elə gəlirdi ki, yəqin uşaqlar öyrəndiklərini yolda gələndə yaddan çıxarıblar, geriyə qayıdıb ağsaqqaldan hesab sormaq kimsənin ağlından belə keçməzdi.

Qəbilənin ən müdriki köhnə qayda ilə uşaqları bir-bir təqdim etdi. Yalnız bundan sonra atalar başlarını qaldırıb sənətlərinə yiyələnmiş uşaqlara baxa, yanlarına çağırıb başlarını tumarlaya bilərdilər. Bu, onların göstərdikləri ilk nəvaziş idi, əslində Şərqli qəbiləsində uşaqları hamıdan çox sevir, hamıdan çox nəvaziş göstərirdilər. Amma indi müdriklərin qarşısında atalar özlərini bacardıqları qədər ağır aparmalıydılar, onsuzda sabah gün günorta olmamış evlərinə qayıdacaqdılar.
Hərə dinməz-söyləməz öz övladına sahib çıxandan sonra ağsaqqalların müdriki qaşlarını çatıb dilləndi:

- Hələ bu hamısı deyil, on il əvvəl sizin qəbilədən bir uşaq da gəlib, amma onun sənətini müəyyənləşdirə bilmədiyimizə görə, hansınızın oğlu olduğunu deməyə tərəddüd edirik.

Şərqli kişiləri ilk dəfə idi ki, «tərəddüd» sözünü eşidirdilər. İstəsələr bu sözün mənasını soruşa bilərdilər, amma deyəsən heç kim sual vermək həvəsində deyildi.

- Bu qəribə uşaqdı, sizin qəbilənin neçə-neçə nəslinə tərbiyə vermişik, amma beləsini birinci dəfədi görürük, – müdrik kişi saqqalına sığal çəkib əli ilə başını tutdu.

Şərqli qəbiləsinin kişilərindən səs çıxmadı.

- İş orasındadır ki, bu uşaq bizim öyrətdiyimiz bütün sənətlərə yiyələnib, özü də hamısını bizdən yaxşı bilir. O, həm yaxşı dulusçudu adi gildən möcüzlər yaradır, həm yaxşı mehtərdi ən dəlisov atları əhliləşdirə bilir, həm yaxşı nəqqaşdı qayalarımızı rəsmləriylə bəzəyib, həm yaxşı döyüşçüdü qılıncının zərbəsi ilə daşı iki bölür, həm də yaxşı ovçudu uçan quşu gözündən vurur. O, sizin qəbilənin uşağıdı və indən sonra burda qala bilməz. Siz ona sahib çıxmaq istəyirsinizmi?

Atalar yenə susurdu…

«Fikirləşib bir qərara gəlmək lazımdır»- ağsaqqalların ən müdrikinin son sözü bu oldu. Amma Şərqli qəbiləsinin kişiləri necə fikirləşmək lazım gəldiyini bacarmırdılar. Onlara uşaqlıqdan Çaykənarında yalnız bir sənət öyrətmişdilər və dönə-dönə tapşırmışdılar ki, fikirdən uzaq durun, başınızı aşağı salıb sənətinizlə məşğul olun. Dərindən yox, lap az-maz fikirləşsəniz belə onda ataların yolundan yayına bilərsiniz, bu isə Şərqli qəbiləsindən olan kişi üçün ən böyük qəbahət sayılırdı. Fikirdən azad olan sözəbaxan qəbilə uşaqları onlara verilən tapşırığa can-başla əməl edirdilər, başlarını aşağı salıb ölənə kimi sənətləri ilə məşğul olurdular. İndi isə müdrik qoca fikirləşməyi məsləhət görürdü və bunu necə etməyi onların öz öhdələrinə buraxmışdı.

- Necə ola bilər ki, bizim qəbilədən belə uşaq çıxıb?- sükutu birinci dulusçu pozdu- Lap ağlasığmazdı. Kimə gərəkdi bu qədər sənəti kamil bilən uşaq? Bəlkə də o, göylərin, ya da meşələrin bizə göndərdiyi cəzadır… Onun gələcəyi məni qorxudur.

- Amma biz niyə cəzalanaq ki?- döyüşçü sözə qarışdı – Nə vaxt uca göylərin, dərin meşələrin üzünə ağ olmuşuq. Biz ancaq babalarımızın bizə öyrətdiyi yolla getmişik, ona görə də bu vaxta kimi Şərqli qəbiləsindən kimsə günaha batmayıb. Mənim ürəyim narahat edən odur ki, axı bir nəfər bizim bacardığımız sənətlərin hamısını necə mənimsəyə bilib? Məni qınamayın bu, insan əməlinə oxşamır…

- Axı o, hamımızın eyni vaxta oğlu ola bilməz? Bizim oğullar ancaq öz atalarının sənətlərini davam etdirməlidirlər, necə ola bilər ki, başqasının oğlu özgə ataların sənətlərini də öyrənib?- mehtər əlindəki qamçını havada yellədə-yellədə – Bircə onu bilirəm ki, babalarımızın yolundan çıxsaq, rüsvay olarıq. Bu uşaq Şərqli qəbiləsinin ruhunu narahat edəcək, məni onun ağlı qorxudur.

Nəqqaş ocağın kənarında yumşaq torpağın üstündə nəysə cızırdı:
- Belə bir iş babalarımızın başına gəlməyib, bu bəla bizim qismətimizə düşüb. Ona görə də qərar verməyimiz çətin olacaq… Onu apara bilmərik, Çaykənarında da qala bilməz, bəlkə aparıb dağlarda azdıraq.

- Dağlarda niyə? Yaxşı olar ki, meşədə azdıraq, bəlkə aslanlara yem olar, meşənin də xoşuna gələr, biz də qurtularıq, – ovçu çiyinlərindən dağdan ağır yükü atmış adam kimi ataların onun təklifini bəyənəcəklərini zənn etdi.

Nəhayət qərar vermək anı gəldi. Atalar gecədən xeyli keçənə qədər mübahisə etdilər, heç biri uşağın geri qaytarılmasına razı deyildi, hamısı ondan qurtulmaq istəyirdi. Amma necə? Ovçu onun meşədə, nəqqaş isə dağlarda azdırılmasına israr edirdi, mehtər uşağın araba təkərinə bağlayıb dərədən aşağı diyirlətməyə, dulusçu iri gil qaba qoyub diri-diri torpaqda basdırmağa, döyüşçü isə bir göz qırpımında qılıncla doğramağa üstünlük verirdi. Şərqli qəbiləsinin kişilərinə qərar verməyin üsullarını da öyrətməmişdilər, sadəcə bir kərə demişdilər ki, dara düşəndə atalarınızı yada salın, onlar necə edərdilərsə siz də elə edin. Vəssalam. Şərqli qəbiləsində belə mübahisələr hətta günlərlə davam edə bilərdi, ona görə də Çaykənarı ağsaqqallarının ən müdriki məsələyə müdaxilə etmək qərarına gəldi:

- Oğullarım-, ən müdrik ağsaqqal dilləndi. – Siz axı bir uşağı beş dəfə öldürə bilməzsiniz, madam ki, onu geri aparmaq istəmirsiniz, heç olmasa bir dəfə öldürün. Ancaq onu da bilin ki, o, bütün sənətlərin mahir bilicisi olduğu kimi həm də fikirləşib qərar verməyi də bacarır. Belədirsə, qoy nə etmək lazım olduğunu uşağın öz öhdəsinə buraxaq, sübh açılana kimi qərarını özü versin.

Ən müdrik ağsaqqalın məsləhəti hamının ürəyindən xəbər verdi, danışmaqdan yorulmuş ataların eyni açıldı, hamısı bir ağızdan nurani qocaya minnətdarlıq edib yatmağa yollandılar. Yatmaq onlara öyrədilən sənətdən sonra bacardıqları və ürəkdən sevdikləri ən yaxşı məşğuliyyət idi, bunu onlara öyrətməmişdilər, bu anadangəlmə bir vərdişi idi. Çaykənarının müdrikləri uşaqlıqdan bütün pis vərdişləri onlara tərgitdirsələr də, nədənsə buna səy göstərmirdilər, Şərqli balalarını doyunca yatızdırır, yalnız gün günorta olanda yuxudan ayıldırdılar.

Yaşıl təpənin arxasından yavaş-yavaş boylanan günəşin qırmızımtıl şəfəqləri otların, daşların üstünə düşərək insan gözünün oxşayan, ruhunu ovunduran bir mənzərə yaradırdı. Sübh yerinin sərin mehi isə ağacların yarpaqlarına toxunaraq xəfif bir xışıltı ilə yeni günün başladığını pıçıldayırdı. Bu pıçıltıdan bütün canlılardan tez xəbər tutan quşların səsi təpənin yoxuşundan heyrətamiz sürətlə axan Quruçayın gurultusuna qarışaraq insan övladının eşitdikcə yalnız zövq ala biləcəyi nəğməyə çevrilirdi. Çaykənarında dan yeri sökülürdü, yeni gün, yeni həyat başlayırdı. Bu mənzərəni hamı seyr edə bilərdi, amma ondan ilham almağı, təbiətin təzə-tər nəfəsini duymağı yalnız bu torpaqda yaşayan adamlar bacarırdı. Bəlkə də, Çaykənarı qəbiləsinin insanlarını başqalarından fərqləndirən ən mühüm cəhət elə təbiətin dilini bilmələri, onu duyub zövq almağı bacarmaları idi. Qəbilə adamları bilirdilər ki, Çaykənarında yaşayanlar onlardan ağıllı və uzunömürlüdürlər, ona görə də atalar oğullarının bu əsrarəngiz təbiətin qoyununda özünə yer eləmiş müdrik adamların əhatəsində tərbiyə almalarına razı olurdular. Amma bu torpaqların müdrikləri bildiklərinin hamısını öyrətməyə xəsislik edirlər, uşaqları yalnız on yaşına kimi saxlayır və cəmisi bir sənət öyrədib yola verirdilər. Şərqli qəbiləsinin kişiləri isə uşaqlarının tərbiyəsi ilə yanaşı onların əvəzinə fikirləşmək vəzifəsini də Çaykənarı müdriklərinin ixtiyarına buraxmışdılar. Bu əsrlərlə belə idi, onların babaları da belə etmiş, onlar da belə edirdilər və hələ ki, narazı olan, bu yazılmamış qaydanı pozmağa cəhd göstərən yox idi, belə getsə heç olmayacaqdı da…

- O, gedib,- ən müdrik ağsaqqalın nəhayət ki, yuxudan ayılan Şərqli qəbiləsinin kişilərinə dediyi ilk söz bu oldu.

- Gedib!-, atalar heyrətdən bərəlmiş gözlərini ovuşdura-ovuşdura bir-birlərinə baxdılar. Onlar ilk dəfə idi ki, atadan xəbərsiz oğulun getdiyini eşidirlər, bu, babalardan qalma adətin pozulması demək idi. Bu, Şərqli kişisi üçün biabırçılıq idi, özü də elə-belə yox, ölümə bərabər biabırçılıq.

- Gedibsə, deməli bəladan qurtulduq,- atalar sevindilər.

-Bəs soruşmadınız, hara gedib?- ən müdrik ağsaqqal hamının sezə bilməyəcəyi şəkildə qımışdı. Əslində o, yaxşı bilirdi ki, Şərqli kişisi heç vaxt sual verməz, bütün ömrünü onların tərbiyəsinə həsr etmiş ağsaqqal anlayırdı ki, əllərindən yalnız bir sənət gələn Şərqli balalarına o, yalnız qulaq asmağı, itaətkar olmağı öyrədib. Elə ona görə də, həmişə başqalarının əvəzindən fikirləşməyə adət eləmiş qoca cavabı da özü verdi – Onun ayaq izlərinə baxdım, bu izlər indiyə kimi bizim heç birimizin getmədiyi səmtə aparır, o, Qərbə gedib.

- Bəladan qurtulduq,- atalar yenə sevincək eyni sözləri təkrar etdilər. Hərə öz uşağını yanına salıb qəbilələrinə tərəf dörd gün yarım davam edəcək yola çıxdılar.

Ən müdrik ağsaqqal yaşıl təpəni burulub gözdən itinə kimi onların arxasınca baxdı və qayğılı-qayğılı başını bulladı. O, ən vacib həqiqəti atalardan gizlətdiyi üçün peşmançılıq keçirirdi, amma onu da yaxşı bilirdi ki, əsil həqiqət Şərqli kişisini çaşdıra, inamını sarsıda bilər. Belə olanda isə Şərqli kişisi mütləq fikirləşməyə cəhd göstərəcək, Çaykənarı qəbiləsi üçün bundan böyük sarsıntı ola bilməzdi. Ağsaqqal onu qorxudan, daxilini əzib-doğrayan əsil həqiqəti bir insan övladına söyləməyə ürək eləmədi və hamıdan xəlvət Quruçaya pıçıldadı: «O, Qərbdə yenidən doğulacaq, hər şeyi anlayıb başa düşəndən sonra öz evinə, ruhunun beşiyi olan bu torpaqlara qayıdacaq. Mütləq qayıdacaq. Amma Şərqli qəbiləsi bunu bilməsə yaxşıdı…»

1 səs2 səs3 səs4 səs5 səs (6 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

30 Şərh var
Şərh yazın »

  1. Allah sizi inandirsin, men axira qeder oxudum, amma kichik bir iradim var muellife… Mence bele metnlerin altindan achar sozler, (ingilisler key points deyir) yazmaq lazimdir ki, oxuyucu hemin achar sozleri yerine qoya-qoya metni asanliqla oxusun, chox eziyyet chekmesin…

  2. Hekayə ədəbiyyatın çoxdankı, amma həmişə təzə olan bir probleminə – insan taleyinə və bu taleyi dəyişmək istəyinə həsr olunub. Qəbilə özündən yaranmış istedadı həzm edə bilmir. Belə olanda həmin istedad dönür olur «ağ qarğa». Şərq cəmiyyətində insana münasibətində insanın şəxsiyyətinin yox, standartlara nə dərəcədə cavab verməsi həmişə birinci yerdə dayanıb. Məncə müəllif demək istəyir ki, standartlara cavab verməmək faciə deyil, sadəcə taledir. Məhz bu taleyə sahib olan şəxslər ətaləti dəyişə bilərlər.
    Maraqla oxudum. Ən əsası düşündüm. Çox sağ olun.

  3. Salam Natiq,

    Cox mukemmel ideyasi var, gozel yazmisan!

    Novarqla serikem,

    + axirini daha ferqli bitirmek olardi, amma bele de cox gozeldir.

    Menim ucun en onemli olan hekayenin suurla yazilmasidir. Hekaye senin intellektinden, dunyagorusunden dogub.Irrasional deyil, rasionaldir. Boyuk herflerle TEBRIK edirem!

  4. Natiq, bu evvelki hekayelerinden cox ferqlenir. Sade heqiqetlerin qebileye transferi ve qebile mustevisinde eslinde muasir insanlari dushunduren problemin qoyulmasi tebii ki maraq doqurmaya bilmez.

    Hekaye mene Hemenqueyin Hindu qebilesi haqqinda yazdiqi “qirmizi yarpaqlar” eserini xatirladir. Amma senin yazdiqin sherq qebilesidi ve ferqli calarlar coxdu. bir sozle maraqlidi. Davamini gozleyirem.

  5. Bir meselni unutdum. meni en cox dushunduren ashaqidaki cumleler oldu

    “Əslində o, yaxşı bilirdi ki, Şərqli kişisi heç vaxt sual verməz, bütün ömrünü onların tərbiyəsinə həsr etmiş ağsaqqal anlayırdı ki, əllərindən yalnız bir sənət gələn Şərqli balalarına o, yalnız qulaq asmağı, itaətkar olmağı öyrədib. Elə ona görə də, həmişə başqalarının əvəzindən fikirləşməyə adət eləmiş qoca cavabı da özü verdi…” –
    tekce bu setrlere gore cox saq ol!

  6. həə bax tşahsuvarlinin dediyi – felsefeden yaranan eser budur. ancaq baxaq görək bədii səviyyə etibarı ilə bu hekayənin vəziyyəti necədir? məncə sayın mezarusu da cəlb edən hekayədəki FİKİRDİR. arkadaşlar, ədəbiyyat daha çox “necə demək” sənətidir. bu necəlik əla olandan sonra “nə demək” konusunda mübahisə etməyə dəyər. natiq qardaşımız yaxşı bir fikir işlədib. ama onu yaxşı deyə bilməyib.
    ümumiyyətlə bu problem təkcə buralıq deyil, çox yerdə rastlamışam və həmişə də yadıma bir ehvalat düşüb.
    toyda nadinclik eləyən uşaqları sakitləşdirmək üçün yaşlı bir kişini mikrofona gətirirlər ki, onlara “ağır” bir söz desin. yaşlı kişi ağzını mikrofona yaxınlaşdırıb deyir:
    “Tank”.
    məncə dünyanın bütün yazıçıları (postm-zmə qədər) bircə söz deyir: insan qiymətlidir, həqiqət gözəldir, ədalət qələbə çalmalıdır. ancaq hərə bir dildə, bir janrda, bir üslubda, bir formada, bir nə bilim nədə… işdə yaradıcılıq budur. mən sizin ən çox sevdiyiniz misraları, sətirləri fikri təhrif etmədən çox zəif şəkildə təkrarlaya bilərəm.
    xüləs, taleh bəydən fərqli olaraq düşünürəm ki, ədəbiyyar daha çox həyatdan gəlməlidir, fəlsəfədən, ümumiyyətlə kitabdan yox. çox maraqlıdır ki, məhz talehin “cərgə”si həyatdan gələn br hekayə idi. ancaq bu hekayə üzərinə bir çox qənaətləri yanlış idi. natiq qardaşımızın bu yazısı isə sırf kitabdan, bilgidən, elmi ümumiləşdirmələrdən və s. gəlir. ona görə bir dənə də olsun canlı obraz yoxdur.
    fikir isə hamıya çoxdan məlumdur – təxminən belə; şərq dəyərli insanlarının qiymətini bilmir.
    ama bütün hallarda natiq bəyi maraqla oxuyuram. yenə də elə oldu. sayğılarla…

  7. Hər vaxtın xeyir, Natiq!

    Uğurlu hekayədir. Üslub baxımdan da mence düz seçim elemisen, çünki bu tipli eserlerde tərcümə faktorunu unutmaq lazım deyil. Bununla belə, sayın Şərif Ağayarın dediyini də qəribçiliyə salma, əslində Eldəniz və Novarxda həmin məqama toxunmuşdu ki, bir az canlı keçidlər vermək işin xeyrinə olardı. Çandirikanın toxunduğu məsələni bir az şişirtmək, drtamatikləşdirmək lazımıydı, çünki “sualın əmələ gəlməsi” gerçəkdən psixoloji və sosioloji baxımdan mühüm, çox mühüm AN idi. Mən təklif edirəm ki, onu ayrı bir hekayə kimi işləyəsən.

    Buranın yeri deyil, amma Şəriflə mən birətərəfli mərc gəlmişdim, o da nələrisə sübut eləməliydi mənə… O sübutları görmədim. Amma qalsın, kitab çıxır artıq, hamısını birdən et!

    Mənim MƏTN ÜZƏRİNDƏ fikirlərim yanlış ola bilməz, çünkü o fikirlər MƏTNİN İÇİNDƏDİR. Yanlışdırsa, mətn yanlışdır, qəbahətlidir, qüsurludur… O yanlışlıqları da hələ heç kim göstərə bilməyib… )))

    Bunun xaricində, Şəriflə tamam razıyam ki, ədəbiyyat NƏ demək üçün deyil, NƏ demək, fəlsəfənin işidir. Ədəbiyyat NECƏ demək, sözlə kombinasiya qurmaq sənətidir… Amma o NECƏdən əvvəl NƏ yoxdursa yazarın qafasında, o yaradıcılıq primitivdir, meyxana kimi bir şeydir.

    Ən nəhayət, son min ilin ən böyük yazarını və tənqidçisini
    sizə elan edirəm. Bu mənim atamdır. Dünyanın heç bir yazarı o sözü deyə, heç bir tənqidçisi əsərə belə qiymət verə bilməz. O Azərbaycan xalqının yetişdirdiyi xalq hikmətidir. Deməli, dünən toydan gəlirik, maşında “Babəkin canlanması”ndan danışdım… Atam qulaq asdı, asdı və axırda dedi:

    Babəkdən niyə yazırdın, bir qohum-əqrabası da qalmayıb ki sənə medal verə!

  8. əziz Taleh bəy!
    bəri başdan kitabını təbrik edirəm. inanıram ki, maraqlı bir kitab oxuyacağıq.
    Bir məsələyə də toxunum – qafasının içində NƏ olan, ancaq NECƏliyi bilməyən milyonlarla adam var yer üzündə. məni yaradıcı məsələdən söhbət getdiyi zaman meyxanaçı (tutaq ki Rəşad Dağlı) bu adamlardan daha çox maraqlandırır.
    Məsələn, hamının bildiyi bir həqiqəti gör necə ifadə edib:

    Məryəmin tər-təmiz olduğnu bir allahı bilib
    Ona çox tənə gəlib Həzrəti İsaya görə

    bu artıq yaradıcılıqdır. primitiv ola bilər, qoy olsun. Mən yaradıcı ovqatda belə “primitiv” bir deyimi ən mükəmməl qənaətlərə, zıbbıltı teoriyalara dəyişmərəm. ona görə ki, ədəbiyyat məhz burdan başlayır. Və bəli nə qədər ki, “elmlə cilalanmır” primitiv olaraq qalır. əslində biz mübahisə etmirik. mən külçədən danışıram, sən onu yüksək sənətkarlıqla hazırlayıb ortaya çıxarmaqdan. Ya bu külçə yoxsa? Misdən hazırlanan mükəmməl bir üzük hər halda külçə halında poxa bənzəyən qızıldan qiymətli deyil. bu qədər. bir az emosiyaya vardım deyəsən.
    sayğılarımla…

  9. Aamaravati, kim deyir ki, sen Sherifsen. Menim tanidiqim Sherif senden cox aqillidi ve hem de abirla adamdi. Bu nedi aqzina geleni yazirsan sonrada deyirsen hise qapildim. Ele bilirsen oz yazdiqi ancaq ozun oxuyursan. Ola biler sein hekayelerin eledi. Yeni ozun yazib- ozun de oxuyursan. Amma her halda nenem mene kor deyib prinsipinden el ceksen Sherife daha cox oxshayarsan…

  10. Tamamilə razıyam!

    BEDİİ YARADICILIQ- NƏYİ,NECƏ VƏ NİYƏ YAZMAQ SUALININ CAVABIDIR! Gorusuruz…

  11. Natiq salam. Bu hekayeni ve oten hefte mediaforum-da cap olunan hekayelerini oxudum. Yene oxumaq isteyirem. Sene uqurlar.

  12. Və sayın natiq bəyə!
    “Öz övladlarını tərbiyə üçün 10 yaşına qədər başqa bir tayfaya verən Şərq adlı bir tayfa vardı. Onlar uşaqlarını almağa gedəndə uşaqların kimin övladı olmasını yiyələndikləri sənətlə müəyyən edirdilər. Əgər qayada rəsm çəkirsə nəqqaşın, quşu gözündən vurursa ovçunun və s. övladı olurdu. Bir gün yenə uşaqlarını almağa gələndə tərbiyə işi ilə məşğul olan tayfanın ağsaqqalı bildirdi ki, uşaqlardan biri bütün sənətlərə yiyələnib, hamısını da mükəmməl bilir, üstəlik başqa sənətlər də öyrənir. Şərq tayfasından gələnlər həyəcanlandılar. Dədə-baba adətlərini pozan bu uşağa yiyə durmaq istəmədilər, onu öldürmək qərarına gəldilər. Ancaq tərbiyə işi ilə məşğul olan tayfanın ağsaqqalı müdrik adam idi, dedi, bir az fikirləşin. Şərqlilər sabahacan fikirləşdilər. Sabah həmin müdrik tayfa başçısı bildirdi ki, oğlan gecə qaçıb gedib?
    - Hara – Şərqlilər həyəcanla soruşdular.
    - Qərbə.
    Şərqlilər, uzaq gedib, bir daha rastımıza çıxıb bizi narahat eləməz deyə sakitləşdilər.
    Əslində müdrik qoca Şərqlilərə düzgün demişdi. Amma bir həqiqəti gizlətmişdi ki, həmin oğlan Qərbə yenidən doğulmağa gedib. O qayıdacaq hökmən, qayıdacaq və anadan olduğu məmləkəti cəhalətdən qurtaracaq…”
    Sən bu yazdıqlarımdan başqa bir şey demisənmi? Ama işarələr arasında 10 dəfədən artıq fərq var. Bütün bunlara baxmayaraq Taleh bəy məsləhət görür ki, filan hissəni ayrıca hekayə kimi işlə… Əslində haqlıdır. Ədəbiyyat bəzən ağılagəlməz ümumiləşdirmələr (“Yüzillik tənhalıq”), bəzən isə ağılagəlməz təfərrüatlara varmaq (“Gözlənilən bir qətlin tarixçəsi”) sənətidir. Baxır NECƏ?!
    Ona qalsa folklorumuz, şəriət olduqca maraqlı əhvalatlarla doludur. Bunları genişləndirib, savad və bilik gücünə gözünə bir-iki kəlmə fəlsəfi qənaət qatıb hekayə yazmağa qalsa hamı yazıçı olar ki.
    Bu yazdıqlarım Natiq Məmmədli haqqında deyil, bu hekayə haqqındadır.
    Atın cilovunu daşlığa çevir, asfaltla at çapmazlar!

    Hörmətlə…

  13. Eziz emibalasi amaravati – her shey gozeldir heyatda, ozun de bir gozellik yada bilsen…

  14. Şərif,

    sənin ən yaxşı cəhətin odur ki, müəlliflə mətni qarışdırmısan, bu mübahisə və fikir mübadiləsinin sağlamlığının birinci və ən mühüm şərtidir. Buna görə, təşəkkür!

  15. Heyret… Mentiqsiz, bedii cehetden sifir olan, anlashilmaz finala sahib bu metnin uzerinde ki, bu qeder muzakire mumkun oldu, men Natiq qardashi tebrik eleyirem…

    Izah edirem; yuxarida key points barede yazdiqlarim ironik idi, metndeki qusurlari duzeltmek mumkun deyil, bashini tutsan ayagi qachacaq… Yegane elac oturub yeniden yazmaqdir bunu…

  16. Hormetli moderator xahish edirem meni parlamentde danishmaq isteyen amma soz verilmeyen Ekrem Eylislinin gunune salmayin. Ekremin sozu olmasin alternativ fikre ehtiyac var. Yeni demek isteyirem ki, menim sherhlerimi niye yerleshdirmisiniz. Axi burada yalniz amaravati sehirli xalatini geyinib dil pehlevanliqi elemeli deiyl.

  17. Novarg))) inan menim de seninle serik olmagim ironik idi, amma icinde ciddiyet de vardi. Ironiya sene, ciddiyet Natiqe aid idi. hec bir muellif acar sozleri METNIN ALTINDAN QOYMUR YA )))ICINDE qoyur )))

  18. “Qirmizi yarpaqlari” xatirladir,amma Heminqueyin yox,Folknerin.
    Muellife ugurlar.

  19. Sherif cox saq ol. Cesaretli fikirlerine gore teshekkur.

    Qamchi MEZARUS sen kimi mudafi etdiyini bilirsen. bu hekayenin biq qepiklik deyeri , xususen de bedii keyfiyyeti yoxdu. Ele sen de Natiq Memmedli seviyyesindesen. Bele ureyiyayasansa ne eceb bu vaxta kimi heshemetli meqalelerinde Natiq tefekkur tokulen istedadini vesf etmemisen?

    Novraq temamile duz qeyd edir. amma bunu tezeden yazmaq yox sadece olarqa bir kenara tullamaq lazimdir. Ya da Qamchi MEZARUS beyciyezin arxivinde qalsa yaxshidi…

  20. Bir meqam yaddan cixdi. Ay Natiq sen ne vaxtdan edebiyyatda zuhr etmisen. Hami seni YAP-ci kimi taniyir. Ele bilirsen ki yaddan cixib senin Yeni Azerbaycan qazetindeki allahliq etmeyin. Axi senin bash redaktorun muavini olduqun vaxtda Yeni Azerbaycanin Edebiyyat elavesi baqlandi. Sherif, Azer Ebilov, Xanemir kimi perspektivli ebebiyyat xadimlerimiz ishden uzaqlashdirildi. Kebuterin yazilari senin uzunden qazetde derc olunmurdu. Taleh Shahsuvarli cebhede olanda sen alim oldun. Nece deyerler adini elmler namizedi adina calaq eledin. Indi de yazici imicinde zuhur edirsen. Utanmasan oynamaqa ne var ki?

    Indi bu setrleri oxuyanlar deyecekler ki. men qerezliyem. Beli men Natiq Memmedli kimi adamlara qarshi hemishe qerezli olmusham. Men bu adamin kostyumuna, ockisine umumiyyetle her sheyine qarshi qerezliyem. ve nifretimi gizletmirem. Bele nifrete layiq adam boyuk edebiyyat yarada bilmez!!!
    Moderator, xahish edirem yazdiqlarimi olduqu kimi yerleshdirin. Men hec kimi tehqir etmirem sadece kohne heqiqetleri xatirladiram.

  21. Kohne azerbaycanli,

    1. Sen ele orijinal fikirli adamsansa, ozunu Orxan Fikretoglunun yerine qoyma!

    2. Men cebhede de olmusam, cebhede de. Bir herbi xidmetde, bir de AXCP-de. Intriqa deyilen seyi tekce nezeriyyesini bilmirem, hemde icinden kecib gelmisem. Meni Natiqle bu sekilde uz-uze qoyamazsan!

    3. Natiqin (elece de menim) ozu pis ola biler, metni yaxsi, metni pis ola biler, ozu yaxsi- amma bu adamda IKISI DE HEC ZAMAN PIS OLA BILMEZ. Cunki onun intellekti var ve shexsen men bu sozu xesislikle deyen adamam.
    4. Senin nifretin eslinde Natiqe deyil!

  22. Kohne azerbaycanli müəllim! Mən Natiqlə bir yerdə işləmişəm, onda nə zərrə qədər pislik görmüşəm, nə də bir misqal eqoistlik. yazılarımızı da (xanəmiri, azəri, kəbutəri və s.) həmişə maraqla oxuyub, məqamı düşəndə fikirlərini bildirib. savadına və qabiliyyətinə də söz ola bilməz.
    mən də xahiş edirəm bizi mənasız və ən əsası yersiz kin küdurətin üçün vasitəyə çevirməyəsən. bir az sayğılı olsan məncə bu hamının ürəyincə olar.

  23. Novrag doyul o, Novarg, Novarg… Pahoo, bir defe duz yaza bilmedin de menim nickimi, Raset muellim… -))

  24. Görəsən içimizdəki bu xudbinliyi nə zaman atıb insanlara düzgün qiymət verə biləcəyik. Çox təəssüf ki, Natiq müəllim ədəbiyyat nümunəsi təqdim etdiyi halda özünü ədəbiyyatşünas kimi təqdim edən bəziləri ədəbi dəyərlərdən çox-çox uzaq fikirlər söyləməyi özlərinə rəva bilirlər. Mən Natiq müəllimin qələmə aldığı bu hekayəni obyekt seçib öz şəxsi qərəzlərini ətrafa açıq aydın nümayiş etdirənlərə bir söz söyləyə bilərəm ki, onlar özlərinə cəmiyyətdə yer tapa bilmədikləri üçün indi də ədəbi tənqidçi simasında zühur ediblər. Natiq senin hekayənsə əla qiymətə layiqdir. Bunu hekayə ilə tanış olanların sayı da sübut edir.Sizə uğurlar

  25. Tebrik edirem! Heqiqeten de, bu defe chox xoshuma geldi. Movzu da, ideya, mezmun, hetta dil de deyishib. Hecm de uzun deyil, normal, oxunaqlidi…
    Hetta ciddi qusur da tapmiram demeye…

  26. “hekaye”nin nece ve ne cur yazilmagindan asili olmayaraq, YARANISHIN HEQIQETI budurve dogru da verilib: GOZLEMEYI BACARMAQ – sebr etmeli-mutilik yox, mehz gozlemeyi bacarmaq. Bir tayfanin spesifik keyfiyyeti kimi pis anlamda verilmesini nezere almamaq da olar. Ikincisi ise “o, qayidacaq” hokmudur. Ilahi hokmun tentenesinin proqressiv notda ifadesi alayi lezzet verdi: heqiqet budur YARANISHDA – insan dunyaya qadin ve kishinin cutleshmesiyle yox, Ilahinin gohderishi ile gelir – meslehet ve ehtiyac olan yerde. Ozu de tekce sherq uchun yox. Bunu neinki sherqli qebilesinin, elece de butunun bilmeMEsi vacib! Eshq olsun, Natiq kishi – gelishi melum olan NUR VE ISHIQlarin (indiki halda ogey ogulun) aqibetinin faciesinin mehz gelishlerinin bilinmesinde oldugunu vurgulamaqla neinki sherqli qebilesinin, ele haminin zirramaligi gozel ifade olunub. Dushunce baximindan ELA, lirizmi kechmek olar.
    Natiq kishi, e-mail pochtunu bilmediyimden reyimi bura yazmaga mehkum oldum: hekayeden chox PRITCHA kimi qebul edib de, zovq verdiyiniz uchun teshekkur edirem.
    Derin hormetle…

  27. Natiq bey, sizin kecen defe yazmis olduqunuz hekaye ile baqli bizim dartismamiz oldu. Men o hekayeler barede yene de o fikirdeyem. Ancaq bu defeki hekayeniz tamamen ferqlendi. Bu deyisiklik munasibetile sizi tebrik edirem. Hekayede bosluqlar gormedim. Ancaq Serif beyin fikirleri ile de razilasmamaq olmur. (edebiyyat heyatdan gelmelidir, kitabdan yox). Bir de kicik qeydim o ola biler ki, hekayenin axiri standart baxisla qurtarir. Men sexsen Serqe birterefli qiymet vermenin terefinde deyilem.(Qendab)

  28. Natiq bey Mirze Ibrahimov, Eli Veliyev, Suleyman Rehimovdan sonra Azerbaycan edebiyyati bu mashtabda yazici gormeyib. Zehmet olmasa partbiletinizi de goturun gelin Yazicilar Birliyinin yeni temir olunmish binasina sizi birliye uzv qayiraq

  29. TEBRİK EDİREM
    mən bilmirdim mənim müəllimim YAZAR İMİŞ
    TEKRAR TEBRİKLƏR

  30. Bu hekayəni təsadüfən oxudum. Fəlsəfənin, geniş mənada insanlığı düşündürən mütləq həqiqətin üzə çıxmasıdır. Hansı formada, hansı məzmunda – xristianlar inanırlar ki, İsa Məsih yenidən göylərdən yerə enəcək, şiə müsəlmanlar Mehdi Əzzamanın zühur edəcəyinə inanırlar. Bu inamların kökündə bir mötəbər həqiqət dayanar – ədalətsizliyin kökünü kəsmək, sosial bərabərsizliyə son qoymaq, dünyanı öz əzəli nizamına qaytarmaq.

    Mənə elə gəlir «Beş atanın ögey oğlu» əsəri bu həqiqət üzərində qurulub. Şərqli qəbiləsində özünə yer tapa bilməyən gənc (Məsih, ya Mehdi) üzənə Qərbə tutur. Amma o qayıdacaq (göylərdən enəcək, zühur edəcək). Ən vacib məqam ONUN qayıdışını inanmaqdır. Əsərin ən güclü tərəfi də məhz budur. Müəllifə uğurlar.

Şərh yazın