Yazıçı İlqar Fəhminin “Akvarium” və “Qarğa yuvası” kitabı çıxıb

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Kasım, 2008

Bu yaxınlarda tanınmış yazıçı, dramaturq, ssenarist İlqar Fəhminin “Yurd” nəşriyyatında “Akvarium” adlı teatral və “Qarğa yuvası” adlı tarixi detektıv romanı işıq üzü görüb.
“Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən”, adlı şeir toplularından və “Aktrisa”, “Bakı tarixindən kollaj” nəsr kitablarından sonra sayca beşinci kitabı olan “Akvarium” romanınıda arzu və istəyinə yetişən, lakin daxilindəki mənəvi boşluğu doldura bilməyən bir insanın həyatının gedişatı təsvir olunur.
“Akvarium” zahirən istədiyi hər şeyə sahib olan, lakin içərisindəki tənhalığı ovuda bilməyən Sahib adlı insanın öz akvariumunda tədricən boğulma dastanı kimi qələmə alınıb.

Mövzu və obraz oxşarlığı baxımından yazıçının “Aktrisa” və “Karmen” əsərlərindəki personaj bənzəyişi əsərləri bir-birinin davamı kimi xarakterizə edir. Səhnəyə bənzəyən həyatda “Mütləq Ali Dizayner” tərəfindən hərə özünə tapşırılan bir rolu ifa edən, özünəməxsus missiya daşımağı öhdəsinə götürən insanlar İ.Fəhminin əsərlərinin qəhrəmanlarıdır. İnsanın öz faciəvi tənhalığını yalnız təsəvvüründə yaratdığı teatral tapıntılarla, qeyri-adi fantaziyalarla bəzəməyə çalışması yazıçının adıçəkilən əsərlərindəki obrazların əsas həyat prinsipidir.

Romanın baş qəhrəmanı Sahibin əldə etdiyi “hər şey” onun mənəvi təkliyini daha da faciəviləşdirən əlavə detaldan başqa bir şey deyil. İçki içən, narkotik vasitələrdən istifadə edən, əyləncə hesab etdiyi qadınlarla gün keçirən, eyni zamanda bədii yaradıcılıqla məşğul olan, amma xırpalanan “mən”ini heç bir şeylə ovuda və həyatda hansı məqsəd üçün yaşadığını dərk etməyən, mövcudiyyətinin səbəbini anlamayan, qadınına ər, qızına layiqli ata rolunda çıxış edə bilməyən Sahib bir şeyi sonda çox gözəl bacarır; zəif sonluqlu pyesinə güclü bir rol kimi daxil olaraq möhtəşəm epiloq yaradır. Son kərə özü üçün tam adiləşən həyatını qeyri-adi intiharla bitirib sanki istəyinə çatır, həyatın mahiyyətinə varır. Yazıçının sözügedən son romanı öz zəhərlənmiş, iylənmiş akvariumunda yavaş-yavaş lal varlığa çevrilən, boğulan insanların ümumiləşmiş obrazının inikasıdır. Mənasızlaşan ömrün, “xoşbəxtliyin” fonunda Sahibin insanları öz qeyri-adi düşünülmüş intiharı ilə təəccübləndirmək istəyi qapalı akvariumlarında ölən balıqların son isterik rəqslərinə bənzəyir.

Yeniyetmə yaşından həyatda sərbəstliyə, azadlığa can atan insanın 40 yaşa çatmamış bütün arzularına yetişməsi, lakin arzuladığı azadlığın müqabilində taleyin istehzası kimi üç mərtəbəli akvariumundan çıxa bilməməsi , arzuladığı hər şeyə çatıb mənasız yaşamına ən orijinal sonluq olaraq ölümü seçməsi taleyin ironiyasına ən tutarlı cavab kimi görünür. Romanda bir daha sübut olunur ki, həyatda azadlıq, sərbəstlik, xoşbəxtlik, gözəllik nisbi anlayışlardır, insanı əhatə edən hər şey və hamı-axundlar, aybənizlər, altaylar, günaylar onun tənhalığından heç nə azaltmır, əksinə bəzən bu təkliyi daha da tragikləşdirir.Orijinal mövzuda qələmə alınan roman bədii film üçün qiymətli ssenari materialıdır.

Yazıçının çap edilən və sayca altıncı kitabı olan “Qarğa yuvası” əsəri “Çənlibel tülküsü” layihəsi silsiləsindən ikinci kitabıdır. “Qarğa yuvası” Cəlalilər hərəkatına -Koroğluya və onun dövrünə yumoristik – ironik bədii baxışdır. Elə ilk sətirlərdən əsərin dilinin çəkici yumoru oxucunu alıb hadisələrin içərisinə aparır. “Koroğlu” dastanından tanış olan surətlər nisbətən fərqli baxış bucağından işlənib. Əsəri dastandan fərqləndirən əsas cəhətlərdən biri də hamıya tanış tarixi şəxsiyyətlərin daxili dünyasının oxucuya tanıdılmasıdır. Koroğlunun Koroğluluğunu, Həmzənin Həmzəliyinin fəlsəfi mahiyyəti güclü sarkazmla oxucuya təqdim olunur. Bu kəskin sarkazm İ. Fəhminin “Qarğa yuvası”nı yazdığı digər əsərlərindən köklü şəkildə fərqləndirir. Əgər əvvəlki əsərlərdə dərin psixologizm, teatrallıq orijinal ideya ilə önə çəkilirdisə, “Qarğa yuvası” bəlli hadisə və şəxslərə yeni dövr yazıçısının qədimliklə qovuşan modern baxışı aydın hiss olunur. 27 fəsildən ibarət tarixi detektiv canrında yazılan kitab müasir “Koroğlunamə” təsiri bağışlayır.

P.S. Yazıçının hər iki kitabını Qız Qalasının arxasında yerləşən kitab mağazasından əldə etmək olar.

“Kultaz”

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Men “Qarga yuvasi”ni oxumusham. Chox gozel ve super eserdir. Hamiya meslehet gorurem.

  2. Ilqar F.Sizi təbrik edirəm,uğurlarınız davamlı olsun inşallah,hörmətlə

  3. Mən də bu münasibətlə İlqarı təbrik edirəm. İlqar Fəhmi doğrudan yaxşı yazıçıdır… Davamı olsun!

  4. Ilqar Fəhminin “Qarğa yuvası” əsərini oxumuşam və çox sevindim oxuduğum üçün. Bu cür əsərlərlə ədəbiyyatımızın sabahına ümid bəsləmək olar.

Şərh yazın