Şərif AĞ. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 27 Kasım, 2008

Mənə elə gəldi ki, gülməli əhvalat danışır

…Bir həmyerlimiz Bakıda pullu tualetlərdən birinə gedir. Beş yüz manat alırlar ondan. Tualetdən bir-iki addım uzaqlaşan kimi yönünü təxminən qoyub gəldiyi dağlara tərəf çevirir:
«Can ay dağlar, bu hesapnan sizə nəxərtə borşdu qaldım».
Məncə yanılır o kişi… Əksinə, biz bütün borclarımızı bu yolla qaytardıq o torpağa. Bəli, məhz bu yolla! Bir qara qəpik belə verəcəyimiz qalmadı.
…Əvvəllər Daşburundan Beyləqana gələn yolun çala-çuxurunda bir mistika axtarırdımsa, indi belə-belə işlərə soyuq başla yanaşıram. O vaxt hesab edirdim ki, torpaq bu çala-çuxurla maşınların sürətini azaldır ki, mümkün qədər gec getsin, onu qoyub qaçmasın.
Dədəmlə «Qaz 53» maşının «kuza»sında Ağcabədiyə gəlirdik və Daşburun-Beyləqan arası həmin çala-çuxurların təsirindən poetik xülyalara dalmışdım. Dədəmin nə düşündüyü bəlli deyildi. Çünki o, heç nə danışmırdı, eləcə gözlərini maşının sinəsinin altından sürətlə axıb keçən asfalta dikib susurdu.
Taxtakörpü. Ağcabədi rayon mərkəzinin 11 kilometrliyi. Bura sonralar Laçın rayonunun mərkəzinə çevriləcək, ağ şirmayi evlərdən böyük bir qəsəbə salınacaq, icra hakimiyyti üçün dəbdəbəli saray tikiləcək, çardağına üçrəngli bayraq taxılacaqdı. İcra binasından azacıq aşağı rayonun polis şöbəsinə miskin bir bina tikəcəkdilər, böyründə də təcridxanası… Təcridxananın əlli metrliyindən keçən və bütün Laçın yataqlarını dolanıb İmişliyə – Şirin Quma qədər uzanıb gedən xır yolunun üstünə uc-uca bağlanmış, arxasına ağır KAMAZ diski keçirilmiş payalardan əzəmətli şlaqbaum qoyulacaqdı və təzə Laçın bu şlaqbaumdan başlayacaqdı…
İndi demək olar ki, heç nə yox idi bu düzəngahda. Beton divarlardan ibarət hasara alınmış sahə, bir-iki balaca köşk, təkər təmiri sexi, vaqon və s. Heç bir maneəsi olmayan xır yolu ilə «evimizə» gedirdik. Xalamgilin Baş yataqda daxalı var idi və bütün qohum-övlad (ana tərəfdən) bu daxala yığışmışdı.
…Görüşəndə ilk dəfə idi ki, biri-birimizə «necəsən» söyləmədik.
O gecədən ən çox yadımda qalan anamın giley-güzarı oldu:
«Nə qədər yalvardım qohumlarınız bir gəbə belə götürmədilər».
Anam qonşu kənddən idi. Dədəmin qohumlarına həmişə şübhə ilə yanaşır, əvəzində öz qardaş-bacısının bizə daha çox can yandırdığını başımıza yerləşdirməyə çalışırdı. İndi, ilin-günün bu vədəsi arvadın əlinə əməlli-başlı fürsət düşmüşdü.
«Cələkəsən köppəyuşağı! Elə bildilər girov qalacayıq, Allah mənimkilərin canını sağ eləsin».
Evimizi xalam oğlu göndərdiyi maşınla çıxarmışdıq deyin anamın qarşısında duruş gətirmək çətin idi. Odu ki, dədəm dinmirdi.

***

Məni səhər ertədən qaldırdılar. Füzulinin Alxanlısına – qohumlara əmanət qoyub gəldiyim mal-qaranın yanına qayıtmalı idim. Ayağa duran kimi açıq qapıdan daxalın o biri otaqçasında sərələnib mış-mış yatan qohumlarıma baxdım. Xocalı meyidlərini xatırladırdılar – üstlərindən tank keçmişdi elə bil.

***

…Əmim iri əli ilə boynumun arxasını sığallaya-sığallaya dedi ki, əgər dədən o tüfəngi məndən almasaydı Kəlbəcər oğrularına heyvan verməzdim, qorxmazdım onlardan. Sonra güldü, heç qorxana oxşamırda və birdən mənə elə gəldi ki, o gülməli əhvalat danışır və mən də güldüm…
Oyatdılar məni. Əl-üzümü yuyub yüngülvari çay içdim və inəkləri holadım. Alxanlının bahar havasını ciyərlərimə çəkə-çəkə fitnən bir iki saz havası ifa etdim. Haramı düzəngahının kəndə yaxın ütülü təpələrinin birinin başına qalxmışdım ki, yaxınlığımızdakı taxıl zəmisinin qoruqçusu şalvarı qılçalarında hövlank ayağa durdu. Kök olduğundan şalvarını dalından keçirib bağlamağa macal tapmadı… Şalvarını düzəldə-düzəldə arxasına baxmadan uzaqlaşan taxıl qoruqçusunun nəcisi göy otların arasında buğlanırdı…

***

Axşama yaxın uzaqdan bir qaraltı göründü. Gəlhagəl, gəlhagəl… gəlib çatdı ki, məndən kiçik qardaşımdı. Yanıma çatar-çatmaz dedi:
«Əmim itkin düşüb».
Çaşıb qaldım. İlk dəfə idi ki, belə cümlə eşidirdim. Necə yəni itkin düşüb?! Heç adam da itərmi?
«Qohumlarnan bir yerdə heyvanlarını Kəlbəcər üzə aparırmış. Bir dəstə silahlı adam qarşılarını kəsib. Elə biliblər ermənidi. Silahsız olduqlarına görə qorxublar. Elə ki, həmin adamlar heyvanı alıb bunlara dəyməyib, əmim şübhələnib. Sonra məlum olub ki, Kəlbəcər oğrularıdı. Təzədən kəndə qayıdıb yiyəsiz heyvanlardan adama bir dəstə düzəldiblər, gəliblər Kəlbəcərə. Əmim soyuqladığından yoldaşlardan icazə alıb Murovdan Gəncəyə, ordan da «çerez» Ağcabədi keçib Füzuliyə –Horadizin «kruq»una. Ailəsinin-uşaqlarının sığınacaq tapdığı yerə… Orda – «Vadaproz»da qohumlarımız çoxdu. Hamısı istinin dərdindən doluşub ictimai tövləyə. Əmim də tövlənin bir küncünü taxta ilə kəsib «ev» düzəldib, qəpik-quruşdan uşaqlara xərclik verib, sonra yollanıb babamgilin qaldığı yerə – Beyləqanın Binnətli kəndinə… Xəstəliyi şiddətli imiş. Kürəyinə bankə salıblar, deyiblər bir az qal, sonra gedərsən. Deyib yox, yoldaşlara söz vermişəm. Səhəri babamgillə bir maşında Ağcabədinin girəcəyinə qədər gəlib… Orda – Qarabağ kanalının yanında düşüb ki, Gəncəyə gedən maşınlara minsin…
Bir aydan sonra yoldaşlar gəlib çıxıblar ki, əmim yoxdu. Onlar da elə bilirmişlər xəstəliyinə görə Horadizdə qalıb» – qardaşım udqunub susdu.

***

…Əmim iri əli ilə boynumun arxasını sığallaya-sığallaya dedi ki, əgər tüfəng məndə olsaydı qorxmazdım onlardan. Sonra güldü, heç qorxana oxşamırda…
Dədəm kənddə mağazada işləyirdi. İmkanına söz ola bilməzdi. Əmim kasıb idi amma. Bir gün dədəmdən nisyə nəsə istəyir, dədəm vermir. İnciyir dədəmdən. Yadımdadı, hamımızla dost idi, dədəmdən başqa. Ona görə bizə gəlmirdi. Dədəmlə salamlaşmırdı da! Bir gün dədəm bizi göndərdi ki, gedin, Cəfərqulugildən (əmim) tüfəngimizi alın gətirin. Əmim yaxşı ovçu idi. Öz tüfəngi yox idi amma. Qardaşımla gedib tüfəngi istədik, dinməz-söyləməz gətirib verdi. Bütün ləvazimatı ilə bir yerdə: patrondolduran, ehtiyat gilizlər, ölçü qabı, qırma, barıt, piston, pistonçıxaran, lüləni silib yağlamaq üçün polad məftil, qatar və s. Sevindiyimizdən atılıb düşürdük. Uşaq ağlımıznan özümüz ova gedəcəkdik…

***

Evdə ali məktəbə hazırlaşmağımı istəyirdilər. Odu ki, heyvanlarımızı maşına doldurub Ağcabədiyə – Cəfərbəyli kəndində anamgilin yığışdığı evə gəldik. Dədəm yox idi. Soruşdum, dedilər qohumlarına toxunmağa gedib. Qohumlar da hərəsi bir rayonda… Gecikməyi təbii idi, ancaq bu qədər yox. Artıq iki ay tamam olurdu. Arada xəbər gəldi ki, bəs qohum-əqrəbanın başbilənləri əmimi axtarmaqla məşğuldu. Televizorda elan veriblər, pasportunun surətini Qızıl Ayparaya çatdırıblar, Kəlbəcərə gediblər, onu görən insanlarla söhbət ediblər və bizim bilmədiyimiz daha hansı işləri görüblər. Dədəmə görə qayğımız bir az azaldı. Amma üçüncü ayın tamamından sonra anam gecələr yata bilmirdi. Evdə on nəfər idik, əksəriyyəti də azyaşlı. Dədəm demiş, qanayaqlı körpə… Göz görə-görə acından ölmək təhlükəsi varıdı.
***
İsti yay günəşi qaldığımız məhəllənin həyətindəki budanmış tut ağacının lüt-üryanlığından istifadə edib pəncərədən ədəbsizcəsinə içəri soxulur, adamın əhvalını doğrudan-doğruya təlx edirdi. Aranın istisi Murov dağının soyuqluğunu laçınlıların sümüyündən çoxdan çıxarmışdı. İt kimi ləhliyirdi camaat…
Mən pəncərənin qarşısında üzümü qırxırdım. Yaxınlarda qəbul imtahanları başlamalı idi. Dədəm isə gəlmək bilmirdi.
Qəflətən gözümə bir siluet sataşdı və tez də pəncərənin qarşısından ötüb keçdi. Üzüm köpüklü qapıya yüyürdüm. Üst-başı cır-cındır, əlində ağac, qəddi əyilmiş, uzun və çal saqqalı toqqasına sallanmış, dərvişvari bir kişi gördüm. Dilənçi zənn etdim. Hətta pul üçün əlimi cibimə də uzatdım. Birdən səsini çıxardı:
-Salamməlöyküm!
Dədəm idi.

***

Axşam hamı heyrətdən böyümüş gözlərini dədəmin ağzına dikmişdi. Kişi elə şirin-şirin danışırdı ki, adamın ağzı sulanırdı. Protez dişlərinin hərdən zəif şaqqıldaması da söhbətə təravət qatırdı. Heç vaxt belə yaxından görmədiyimiz uzun, çal saqqalın müdrikcəsinə qalxıb-enməsi isə bambaşqa aləm idi.
«Kəlbəcər tərəfdə, onun gedə biləcəyi bütün binələrə, yaylaqlara, köç yollarına getdik. Yüzlərlə laçınlı gördük. Hər şeyi yerli-yataqlı danışdıq, gördüm deyən olmadı» – söylədi dədəm. Və onu da dedi ki, əmimin Kəlbəcərə gedib çıxmadığını dəqiqləşdiriblər:
«Necə ola bilər ki, bu qədər insandan biri ona rast gəlməsin?»
Dədəm kimə hesabat verdiyini, bu qəribə sualı bu dəqiqə cavabını alacaqcasına inamla kimə ünvanladığını özü də bilmirdi. Cavab üçün yubanmadı:
«Bircə ehtimal qalır: təsadüfi maşın vurub, meyidini də gizlədiblər. Onu soyğunçuluq məqsədi ilə öldürməzdilər, çünki pulu yox idi. Davakar adam da deyildi ki, deyəsən kiməsə ilişib».
Dədəmə görə daha ağıllı ehtimal bu idi: əmim babamgildən ayrılıb Gəncə yolunda düşdüyü vaxt hava çox isti imiş. Ağcabədinin həmin yerində kölgəlik olmadığından və Gəncə maşınları seyrək gəldiyindən o, istiyə dözməyib, yuyunmaq və ya çimmək üçün Qarabağ kanalına yaxınlaşıb. Yuyunmaq ehtimalı daha məntiqidir. Çünki əmim xəstə olduğundan və axşam kürəyinə bankə vurulduğundan soyunub suya girməzdi. Həm də əgər belə olsaydı, paltarı kanalın kənarında olardı. Sözündən belə çıxırdı ki, dədəm Qarabağ kanalının sahilini qarış-qarış gəzib, hər bir daşa-kəsəyə əli, ya ayağı ilə toxunub, nəsə bir nişanə axtarırmış.
Bəli, əmim əlini yumaq üçün kanala əyiləndə huşunu itirbmi, gözü qaralıbmı, sürüşübmü, hər nə isə düşüb kanala boğulub. Amma belə yarımçıq ehtimalla əmimin dörd azyaşlı qızının, iki oğlunun qarşısında duruş gətirmək çətin idi. Bunu dədəm də yaxşı bilirdi, elə bu qədər gecikməyinin səbəbi də işin axırınacan getməyi olub. O, Qarabağ kanalı boyu piyada gəzməyə başlayıb. Az qala rastına çıxan qarğı-qamışdan, şüvərək yulğun kollarından belə nəsə soruşub. Harda gecəyə düşübsə, ora yaxın obalardan bir gecəlik yer istəyib. Verən də olub, verməyən də…
«Yer verməyənin pisliyi özünə qaldı. Dünyanın üzünü su almayıb ha? İsti yay gecələridi, istədiyin yerdə yıxıl, yat! Uzağı ağcaqanadlar bir az incidəcək səni».
Qarabağ kanalının Beyləqan civarlarında çimişən yeniyetmə uşaqlardan biri xəndəyin üstündə oturub ayaqlarını bulanıq sulara çırpa-çırpa dədəmə deyib:
«Dayı, təxminən bir ay əvvəl bax orda» – əlini kanalın nisbətən burularaq dayanan sahilinə uzadıb – «üzüqoylu çevrilmiş bir meyid gördüm. Toqqadan yuxarı paltarsız idi. Uşaqlara da göstərdim. Amma qorxudan yaxınlaşa bilmədik. Tez geyinib evə gəldik və yataqdakılara xəbər verdik. Onlar da gəlib baxdılar, amma çıxartmadılar. Bir gündən sonra kanal yenişə axıb getdi».
Dədəm həmin oğlandan xahiş edir ki, onu meyidi görən yaşlıların yanına aparsın. Uşaq getmir, uzaqdan yataq yerini göstərir ki, özün get. Kişi çar-naçar düşür yolun ağına. Gözü zəif olduğundan yolunu azır, çoban itlərinin boğanağından birtəhər keçib özünü yatağa çatdırır. Yatağın bütün yaşlı kişiləri toplaşırlar dədəmin başına və Qurandan don geyirlər ki, belə bir hadisə olmayıb, uşaq səni aldadır.
«Bilmədim neyləyəm. Dedim, əyər uşağı bura çağırtdırmasanız heç yana gedən deyiləm. Məni qovmaq istədilər. Dedim, sizi polisə verəcəm. Nə isə… Bir insaflısı çıxdı, uşağı gətirtdi. Qancığın qarnından çıxan bayaq dediyi sözləri dandı: «Mən meyid-zad görməmişəm». Əvvəlcə elə bildim məni ələ salıb uşaq, sonra hiss elədim ki, öyrədiblər onu. Öyrədiblər ki, denən görməmişəm. Axırda kişilərdən biri qoluma girib camaatdan uzaqlaşdırdı, dedi, sənə baxıram, ürəyim ağrıyır, ay rəhmətliyin oğlu, iki ay bundan əvvəlki meyidin arxasınca nəyə düşmüsən. Çoxdan balıqlara yem olub. Dedim, bilmək istəyirəm ki, o mənim qardaşımdı, ya yox. Kişi dedi, meyidi öz gözlərimlə görmüşəm. Amma qorxudan nə polisə xəbər verdik, nə də meyidə yaxın düşdük. Bilirsən ki, rayonda it yiyəsini tanımır, ağrımaz başımıza niyə duz bağlayaq. Bu kanalnan o qədər meyid axıb gedir ki…»
«Sən özün o meyidi gördün eləmi?» – dədəm soruşub.
«Gördüm».
«Kürəyində nə var idi?»
«Bankə yerləri…»
Dədəm qaşlarını qaldırdı və söhbətinə ara verdi. Sonra başını aşağı salıb baş və orta barmaqlarını balaca gözlərinin üstünə qoydu. Biz biri-birimizə baxdıq. Ağlamaq, yoxsa beləcə sakit dayanmaq lazım olduğunu anlaşdıra bilmədik. Anamın səsi gəldi:
«Elə o imiş… Allah rəhmət eləsin».
Amma biz dədəmin son sözünü gözləyirdik. Çünki bu maraqlı nağılı üç almayacan danışmaq yalnız onun haqqı idi. Dədəmsə sarsaq bir qəhərin zibilinə keçmişdi.

***

«Sənə qurban olum, Xanış!»
Ay gözəl dünya! Sən demə dos-doğmaca kəndçimiz Xanalı kişi Qarabağ kanalının İmişli həndəvərində yaşayırmış. Biz ona Xanış deyirdik. Dədəm Xanışı görən kimi boynuna sarılıb başlayıb hönkürməyə. Xanış da qoşulub dədəmə. Sıqqasıq ağlaşıblar. Əmimin itkin düşdüyünü o da bilirmiş. Yenə də adamın öz eli! Daxal. Rəngli çay. Şirin söhbət. Və təbii gəliblər mətləb üstünə:
«Ziyad» – dədəmə ən doğma adamaları belə müraciət edir – «bu nə sir-sifətdi?»
«…»
«Gözdərim tökülsün, əmoğlu, bə Cəfərqulunun başına nə gəldi?»
«…»
«Uşaqları hayandadı?»
«Füzulidə, Horadizin yanında olullar».
Xanış yenə ağlayıb. Bu dəfə dədəm sözə başlayıb:
«Ay Xanış, deyillər bir ay əvvəl kanaldan bir meyid axıb».
«Hə… Mən də gördüm».
Dədəm diksinib.
«Hələ meyid buralara çatmamış xəbərini eşitmişdim. Uşaqlara dedim gözdə-qulaqda olun. Günlərin birində balacamız atın belində xəbər gətirdi ki, meyid gəlib çıxıb. Getdim, kotyanka məftildən qarmaq eləyib toqqasına keçirdim. Əprişmişdi tamam. Birtəhər çəkib çıxartdıq. Uşaqlar şalvarını açıb baxdılar ki, ermənidi, qaytarıb təzədən suya atdıq».
Dədəm ümidini üzmək istəməyib.
«Kürəyində bankə yeri yoxudu ki?»
«Vallah dəqiq baxmadım ona. Amma olsaydı da bilmək olmazdı, pis vəziyyətə düşmüşdü, əti sümüyün üstündə durmurdu».
«Bəs elə idisə erməni olduğunu necə bildilər?».
«Vallah onu uşaqlar dedi, mən görmədim. Deyirsən yanı Cəfərqulu ola bilərmiş».
« …»
«Deyirəm başın xarab olub e, sənin. Cəfərqulu ola, mən onu tanımıyam?! Heylə şey olar! Meyidin əynində «vayenni» şalvar, ayağında «patinkə» vardı… Toqqadan yuxarı lüt idi, sifəti də çox çürüməmişdi. Həm də boyu Cəfərquludan qısa idi».
Meyidi görən başqa adamlar da Xanışın dediklərini təsdiq ediblər.
Qürub vaxtı imiş. Həmin vaxt Qarabağ kanalının xırda ləpələri günəş şüaları altında oynaşa-oynaşa gümüş sikkə kimi parıldayırmış.

***

Dədəmin ehtimalında hərbi şalvar və əsgər çəkməsi olmasa da dşünürdü ki, Xanış səhv sala bilər. Yaxud, o, meyidə baxanda ağlına gəlməz, sonra anlayar ki, bu filankəs də ola bilərmiş. Day indi durub deməyəcək ki, şübhələnmişdim, amma qaytarıb suya atdım.
Bir də ki, toqqadan yuxarı lüt olması yuyunmaqdan ötəri soyunmaq anlamına gəlir. Amma o da ola bilərdi ki, toqqadan yuxarı paltarı kanalda harasa ilişib cırılsın və tədricən əynindən çıxsın. Yəni bu həqiqətən də erməni olsun…
«Lap ermənidi, nə olsun ki! Hamımızı Allah yaradıb, götür bir yerdə basdır də…» – bu da dədəmin fikri idi.
Xülasə, kişi mehrini Qarabağ kanalına salmışdı, elə hey, «mənim qardaşımı bu kanal aparıb» – deyirdi. Amma bir gün, balaca bir ismarışla onun aylarla möhkəmləndirdiyi qənaəti məhvərindən oynatdılar. İsmarış əmimin qızlarından gəlmişdi: «Dədəmizi axtarmağın dərdindən orda-burda danışır ki, kanalda boğulub!»

***

Bu ismarışdan sonra dədəm susdu, heç nə danışmadı. Amma ötən hər gün, hər həftə onun fikirlərini təsdiq etməkdə idi. Əmimdən səs-soraq gəlmirdi ki, gəlmirdi. Dəyişən bircə o idi ki, bu günlərdə camaat fikirləşib onun üçün yaxşı bir «alqış» tapmışdı: «Sağdısa Allah yolunu açsın, ölübsə rəhmət eləsin».
Bir də bolluca xatirələr danışırdılar.
Əmim uşaqlarının yaşadığı «ev»də əhvali-ruhiyyə xeyli dəyişmişdi. Nədənsə inanırdılar ki, əmim Kəlbəcərdədir, qayıdıb gələcək. İntəhası qohumlar boş hay-küy salırlar. Bir-iki ay nədir ki?! Kənddə həftələrlə gedib yaylaqda ov dalınca gəzmirdilərmi? Neçə dəfə qışın günü ən qəlbi dağların başında ocaq çatıb səhəri dirigözlü açmışdılar. İndi necə ola bilər ki, belə bir adam yoxa çıxsın.
Amma mən anamla əmimgilə gedəndə uşaqları bizi görüb ağlaşdılar. Yəqin uydurduqları yalana özləri də inanmırdılar. Bibim isə, deyəsən əməllicə incimişdi öz ərindən: «Yekə kişisən, adam da altı uşağını bir tövlənin küncündə qonum-qonşu umuduna qoyub itkin düşər?!»
Bir də açıqca dədəmdən gileyləndilər:
«Gərək heylə söz danışmayaydı. Cəfərqulu uşaq-zaddı bəyəm kanalda boğulsun?!»
Dədəm qohumların təhnizindən bombardman edilmiş şəhərə bənzəyirdi. Daşı-daş üstdə qalmamışdı. Hətta əmimin iki-üç yaşlı ürəyi xəstə qızı da deyirdi ki, dədəm gələndə filan şey belə olacaq… Bizim ağzımız nə idi ki, o yan-bu yan danışaq.
Və birdən dədəmə zərbələrin ən ağırını endirdilər. Bacısı qızı televizorda əmimi «görmüşdü»: «Televizor İstəpanakertdəki girovları göstərirdi. Dayımı gördüm». Hətta deyilənə görə, qız qışqırıb, haray salıb, ata-ana, qardaş-bacı gəlincə veriliş bitib. Qızı sorğu-suala tutublar. Göyüm-göyüm göynəyib ki, dayım idi. Hələ mənə də (yəni kameraya) baxdı.
Bibim qızı savadsz idi. Məktəb üzü görməmişdi. Üstəlik gözlərində zəiflik varıdı. Anası yandığından deyib ki, ay bala, Cəfərqulunun uşaqları cüyür kimi mələşir, yazıqdılar, bu nə hay-küydü salmısan qohumların arasına. A səni qarabaxt olasan, günün günorta vaxtı inəyi camışdan ayıra bilmirsən, bu boyda şüşənin içində dayını necə tanıdın?!
Bu xəbər əmimin arakəsmə ilə ayırdığı «ev»ində bomba kimi partladı. Uşaqlar elə şivən qururdular ki, yaxınlıqdakı kələsərdə üzüm yığmağa gələn qadınlar da ağlayırdı. Hərdən çəkinə-çəkinə ictimai tövlənin yırtıq-deşiyindən böcək kimi girib-çıxan adamlara yanaşıb soruşurdular: «O kişidən səs-soraq yoxdu?»

***

Hələ qabaqda məşum Ağcabədi həyatı vardı. Taxtakörpü qəsəbəsinin on-on bir kilometrliyində, düzəngah səhranın ortasında yerləşən Ağbulaq yatağında… Dədəmi vaxtı ilə göstərdiyi sübutsuz inada görə daha çox qınayacaqdı qohumlar. Çünki əmimə şəhid statusu almaq lazım idi. Bu dolanışıq üçün uşaqlara kömək edərdi.
Əmim hər ölənlə yada düşəcək və kəndimizin bütün əza məclislərinin qeydsiz-şərtsiz qəhrəmanına çevriləcəkdi. Camaatımız bundan sonra anlayacaqdı ki, vaxtlı-vaxtsız ölüb basdırılanlardan ötrü Allaha şükr etmək lazımdı. Torpağın üzü soyuqdu. Amma itkinliyin sonu, nəhayəti olmur, bu dərd həmişə təzə-tərdi.
İtkinlyinin onuncu ilində də əmimin qızları «ay dədə gəl» deyəcəkdilər. Hətta biri-birləri ilə dalaşıb ağlayanda da… Və bəzən bu ağlaşmaya bibim də, artıq bığ yerləri tərləmiş əmim oğlanları da qoşulacaqdı. Günlərin bir günü əmimin sonbeşiyi ürəyini tutub yorğan-döşəyə düşəcək, uşaq ikən ayağı altına taburetka qoyub öpdüyü portreti indi onun yatdığı çarpayıya gətirəcəkdilər. O da bu on ildə söyləməkdən yorulmadığı sözləri zəif səslə təkrar edəcəkdi: «Qoy dədəynən görüşüm».
…Və bir gün son sözünü deycəkdi əmim qızı: «Dədəm gəlsin». Həmişəki kimi «Dədə, gəl» yox, «Dədəm gəlsin»… Xəstə ürəyin on beş ildə keçdiyi yüz illik yol yorğunluğu və ümidsizliyi ilə…
«Dədəm gəlsin».
«Gəlsin də, ay bala… Qoymuruq bəyəm?»
Bu sözləri isə qardaşı qızının son nəfəsinə özünü çatdıran, ata əvəzi onu qollarının arasına alan dədəm söyləyəcəkdi…

***

…Əmim iri əli ilə boynumun arxasını sığallaya-sığallaya dedi ki, tüfəng məndə olsaydı heç kimdən qorxmazdım. Sonra güldü, heç qorxana oxşamırda və birdən mənə elə gəldi ki, gülməli əhvalat danışır və mən də güldüm…

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Salam Şərif,

    Əslən Laçınlı olduğuma görə, Laçın mövzusu mənə doğmadı. Adamlar, mühit, danışıq… İndi o sirinlik mene imkan vermir sirf edebi baximdan yanasam hekayeye.

    Amma o biri daha guclu, daha tesirli ve daha sirin idi… Adamlar, muhit, danisiq… haminin sigindigi damı daha yaxsi tesvir elemek olardi…

    “Görüşəndə ilk dəfə idi ki, biri-birimizə «necəsən» söyləmədik”.- Laçında necesen demezdiler heç…

    “başımıza yerləşdirməyə”… muellim basa nese yerlesdirer, ana-ata qoyar )))

    qohumlarına toxunmağa- Laçınli toxunmaq cox kubar sozdur, bizim adamlar “deyer”…

    Seni destekleyirem )))

  2. Bu hekaye 5 ay bundan qabaq qazetde cixmishdi. indi xeyir ola tekrar-tekrar cap edirsiniz. Teze bir shey yoxdu…

  3. çandrika bəy!
    əminəm ki, sən bu hekayəni nə qəzetdə oxumusan, nə də burada. oxumağa borclu deyilsən. ancaq oxumadan qəti hökm vermək ədalətsizlikdir.
    burada ən əzı, ən ölüsü süjet yenidi – bir kishi qarabağda itkin düşən qardaşını axtarır və bir meyidin sorağı ilə kanal yenişə gəzir…

  4. Sherif sizin istedadiniza beledem. Ona gore he, de eseriniz haqqinda genish dayanmayacaqam. Sadece olaraq yaradiciliqinizda cox tez-tez etikadan kenar ifadeler ishletmekle oxucularinizin gozunden dwshmekden ozunuzu qoruyun. Hem publisistikaniz hem de sheirleriniz aayri alemdir. Sene uqurlar.

Şərh yazın