Qan Turalı. Pisliyin kökü hardadır?
Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 05 Aralık, 2008Şərq ədəbiyyatı haqqında çox danışırlar. Azərbaycan da Şərqin bir hissəsidir. Lakin Avropalaşmamış, amma Şərqli olmaqdan çıxmış hissəsi. Yəni yarımçıqlıq. Yarımçıqlıq isə hər şeydən pisdir. Yarımçıqlıq tamlığa can atmırsa, yarımçıqlıq öz situasiyasından razıdırsa, onda deməli bir söz var: bu yarımçıqlıq iyrəncdir. Bu yarımçıqlıq ikrah doğurur.
Azərbaycan rəsmilərinin “xalqımız demokratiyaya hazır deyil” sözlərindən mən qətiyyən qıcıqlanmıram. Düzdür, onlar bu sözü tamam başqa mənada deyirlər. Lakin bu cümlədə həqiqət gizlənib. Həqiqət min yalana alət olsa da, o həqiqətdir. Azərbaycan hakimiyyətinin özü də demokratiyaya hazır deyil. Belə olsaydı bir yazıya görə yazıçı Rafiq Tağı həbsə atılmazdı. Mirzə Sakitin həbsini siyasi mübarizə prizmasından yozmaq olar. Lakin Rafiq Tağının həbsi, müstəqil jurnalistikaya qarşı digər hücumlar, ədəbiyyatın, incəsənətin gündəmdən düşməsini hakimiyyətin antimədəni ovqatına bağlamaq lazımdır.
Ah, Yevropa, Yevropa
Adi Azərbaycanlının gözündə Avropa “mavilər, fahişələr, lesbiyanlar” yurdudur. Çünki onun Avropanın elmindən, fəlsəfəsindən, ədəbiyyatından xəbəri də yoxdur.
Bu yaxınlarda yazar Elmin Həsənli qatıldığı tok-şouda baş verən hadisədən danışdı. Öz çıxışında Azərbaycanın Avropaya inteqrasiyasının sosial sifariş olmadığını deyəndən sonra tok-şounun aparıcısı zalda qısa bir sorğu keçirib. Məlum olub ki, Elmin düz deyir. “Əli və Nino” romanı da belə bir səhnə ilə başlayır. Coğrafiya dərsində şagirdlər Asiyalı kimi qalmaq istəyirlər. Hərçənd onlar rus məktəbində oxuyurdular.
Biz Avropalı olmaq istəmirik. Məsələ bu qədər bəsitdir.
Şərq ədəbiyyatının vassal ovqatı davam edir
Mirzə Fətəli Axundov “Kəmalüddövlə məktubları”nda Şərq ədəbiyyatını lağa qoyaraq bildirir ki, Şərq xalqları 600 ildir Sədinin “Gülüstan”ını oxuyur, lakin adam olmayıblar. Axundov əlbəttə ki, məsələnin mahiyyətindən xəbərdar idi. Məsələ bundadır ki, Şərq ədəbiyyatı öz qarşısında adam yox, kölə yetişdirmək məqsədi qoyub. Bu məqsəd yalnız “Gülüstan” əsərində yoxdur. “Tutinamə”də də, “Siyasətnamə”də də, Firdovsinin “Şahnamə”sində də, “Əxlaqi Nasiri”də də məqsəd birdir. İnsanları məişət səviyyəsinə endirmək, onları məişət adamı etmək, şaha qulluq etməyin qayda-qanunu başa salmaq və s.
Böyük həcmə malik olan ədəbi mətnləri bir yazı ilə yozmaq çətin olsa da, biz ümumi prinsiplərdən danışacağıq. Misal üçün məlumdur ki, islam dini şərab içməyə qəti qadağa qoyubdur. Lakin “Əxlaqi Nasiri”dən tutmuş “Siyasətnamə”yə qədər bütün kitablarda şərab içməyin qaydaları şərh olunur. Hətta “Şərəbnamə” adından xüsusi bir kitab da var. Sual olunur, şeyx olan Tusi nəyə görə “Əxlaqi Nasiri” kitabında şərab içməyin qaydalarından danışır? Sadəcə olaraq şərq ədəbiyyatı riyakarlıq üzərində qurulub. Başqa bir misal. Quldarlığın antihumanist olduğunu sübut etməyə ehtiyac yoxdur. Lakin “Əxlaqi Nasiri”nin bir fəsli qulları idarə etmək qaydaları haqqındadır.
Düzü, hələ tələbəlik illərimdə bu kitabı axıra qədər oxumağa həvəsim olmamışdı, bir kənara tullamışdım. İndi yenidən kitabı vərəqləyəndə yeni bir şey gördüm. Şah xidmətində olmağın qayda-qanunları haqqında adlı bölmədən iki sitat:
- Şahın gözəl işlərini tərifləyib yaymaqda, eyiblərini gizlətməkdə ciddi-cəhd göstərməlisən.
- Şah xoşuna gəlməyən bir şey desə, tez onunla razılaş, başa düş ki, şah odur, sən deyilsən. Düzü odur ki, onun istədiyini edəsən, nəinki özünü köməkçi hesab edib ona məsləhət verəsən.
Amma antik fəlsəfədən Protaqor nə deyirdi: “İnsan hər şeyin meyarıdır”. Helvetsi nə deyirdi: “Ey ağıl! İnsan səninlə zindanda da azaddır”.
Mən “Əxlaqi Nasiri”dən bu cümlələri oxuyandan sonra Azərbaycanda hökm sürən rəiyyət-şah münasibətlərinin tarixi kökünü tam anladım. “Xalq” qəzetini də anladım. Amma onu da açıq deyək ki, bu rəiyyət-şah münasibəti bizdə bütün sferalarda var, müəllim-direktor, həkim-baş həkim münasibətləri də məhz bu tipli münasibətdir. Yəni aşağıdakını alçaltdıqca alçaldan təhkimçilik münasibəti.
Bir az əvvəl də yazmışdıq ki, Azərbaycanlılar Avropalıları homoseksualist hesab edir. Elə bircə “Gülüstan” əsərini oxumaq kifayətdir ki, şərqdəki homoseksualizmi görəsən. “Gülüstan” əsərini uşaqlıqdan oxumuşam. Orda homoseksualizmə aid onlarla hekayə var. Misal üçün, hekayələrin biri belə başlayırdı: Bir qazı bir nalbənd oğluna bənd olmuş, qəlbinin nalını oda qoymuşdu. Hekayə qazının nalbənd oğlu ilə pul gücünə yatmasından və buna görə hökmdarın ona cəza vermək istəməsindən bəhs edir. Uşaq ağlımla söhbətin nədən getdiyini anlamamışdım. Amma təsəvvür edin ki, bu kitab Sovet hökumətinin gəlişinə qədər Azərbaycanda molla məktəblərində dərs kitabı kimi tədris olunub.
Mən bu günə qədər düşünmüşəm ki, Azərbaycan xalqı səmimi müsəlman olsaydı, ictimai problemlər bu qədər qabarıq olmayacaqdı. Yəni, mentalitet islamdan kənar sistemdir. Amma bu sistemi formalaşdıran əsas cəhətləri mən sonradan başqa gözlə Şəq ədəbiyyatını oxuyandan sonra tapdım.
Şərq ədəbiyyatı müti ədəbiyyatdır. Özü də söhbət təkcə İslam şərqindən getmir. Seksual inqilabın beşiyi Avropa olsa da Kama Sutranı Hindistanda yazıblar. Ya da Konfutsinin “Lun Yu” əsəri. Bu əsər başdan ayağa məmur etikasının izahatı üzərində qurulub. Amma insafən İslam şərqi bu cəhətdən daha irəliyə gedib.
Şərq ədəbiyyatında niyə realist ədəbiyyat yoxdur?
Afaq Məsud esselərinin birində yazır ki, isti insanın bütün reallıq hisslərini dağıdır, ona görə də Şərqdə realist ədəbiyyat yoxdur. Bayaqkı kimi, xəstəliyin adı düzgündür, amma səbəbi yox. Şərqdə realist ədəbiyyat heç bir zaman olmayıb.
Şərqdə bir müddət fəlsəfə mövcud oldu. Yunan fələfəsinin təsiri ilə Şərqdə maraqlı filosoflar yetişdi. Düzdü, onların təlimi o qədər də orijinal deyildi. Lakin hər halda proses başlamışdı, özü də çox güclü başlamışdı.
Amma tezliklə mollalar filosoflara qarşı əsl soyqırım həyata keçirtdilər. Məşhur filosoflar öldürüldü. Sonradan hürufiliyə qarşı güclü hücuma keçdilər. Bir sözlə, mollalar Şərqdə azadlıq çarcılarına divan tutdular.
Başqa cür ola da bilməzdi. Çünki feodalizm dövrü idi, bir çox hallarda şeyxülislamın fətvası sultanın fərmanından daha güclü sayılırdı.
Şərqdə bu proses boğuldu. Burjuaziya sinfi ortaya çıxmadı. Feodalizmin ömrü Şərqdə çox uzun çəkdi. Çünki hakim ideoloji fikir forması olan İslam Orta Əsrlərdən Xristianlıqdan daha ciddi mövqelərə malik idi.
İndinin özündə də bu cəhəti görmək mümkündür. Türkiyə bütün dünyanın yeganə “din, yoxsa dünyəvilik” savaşı verən ölkəsidir. Başqa islam ölkələrində isə dünyəvilik o qədər güclənməyib ki, dinlə açıq savaşa girə. Yenə Atatürk sağ olsun.
Azərbaycanda isə sekulyarlaşma (dünyəviləşmə) prosesi süni şəkildə getdi. Sovet hökuməti dini dünyəviliklə əvəzləyə bilmədi, şüurlarda böyük boşluqlar yaratdı. Öz mədəniyyətini beyinlərə tam yeridə bilmədiyi üçün islama xeyli yer qaldı. Müstəqillik əldə edilən kimi Azərbaycanda dini fanatizm Sovet yuxusundan ayıldı. İndi o sərhəd tanımayan nəhəng buğa kimi hər şeyi öz buynuzu ilə əzməyə qadirdir.
Azərbaycanın keçmişi və gələcəyi
Bu yaxınlarda İsa Hüseynovun “Məhşər” romanını oxudum. Mütaliə zamanı qürur hissi məni bir an da olsun tərk etmədi. Roman hürufilərdən bəhs edirdi. Onların azadlıq idealları, Əmir Teymurun sərkərdə əzazilliyinə qarşı simvolik taxta qılıncla qiyam qaldırmaları, roman boyu yüksək bədii vüsətlə qalxan fəlsəfi dialoqlar, siyasi intriqalar və əlbəttə ki, bir yazıçı kimi İsa Hüseynovun peşəkarlığı diqqətə dəyərdi. Romanın yazıya dəxli budur ki, həqiqətən də Azərbaycanda tarixən mütərəqqi ideyalar mövcud olub.
Ya da Azərbaycanda sol ideyanın yayılmasına baxaq. Məmməd Əminin sarsılmaz əzmini götürək. Amma indi bunlar hardadır? Bakunin dövlət haqqında deyirdi: “Dövlət fərdi arzuların qəbristanlığıdır.” Bu cümlədən dövlət sözünün yerinə Azərbaycan qoyun, reallığı ifadə edən cümləylə qarşı-qarşıya qalacaqsınız.
Azərbaycan marksizmin ən geniş yayıldığı şərq ölkələrindən biri idi. Amma onu görün nə günə qoydular? Ya da Məmməd Əminin demokrat ideyalarını.
Dini fanatizmə qarşı olan güclü yazıçılar nə Osmanlıda, nə də İranda yox məhz Azərbaycanda yetişmişdi. Onların axırı necə oldu? Nəyə görə Mirzə Cəlil əlyazmalarını yandırdı, nəyə görə Sabir serrozdan öldü? Və nəyə görə onların yazdıqları özlərindən sonra yeni bədbəxtləri öz aqibətlərinə məhkum eləməkdən başqa heç nəyə yaramadı? Bu suallar açıq qalır.
Azərbaycanda bu gün də İslam ictimai şüurda öz yerini qoruyur. Amma tarixən sufiliyin əsas mərkəzi qollarından olan hürufilik (hürifilik əslində beynəlminəl, dinlərin fövqündə bir təlim olsa da, onun əsas simaları Nəimi və Nəsimi Azərbaycanda doğulmuşdular, Nəimi elə burdaca, Nəsimi isə məlum olduğu kimi Hələbdə öldürülmüşdü) burda pərvəriş tapsa da, bu günkü Azərbaycan İslamında nəinki hürufilikdən, heç sufiliyin digər qollarından da heç nə yoxdur. Görünür, buranın qeyri-rəsmi adı “Şərqin qapısı” olsa da, əslində bura Qərbdir, yəni Günəş burda batır. Bu yazdıqlarım fəlsəfi, elmi bir izah yolu deyil. Bunu bilirəm. Lakin bu xalq üçün yeni xilas yolu axtarıb, tapmağa hacət varmı?





(3 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
babatdi
1/ “Exlagi Nasir” ve bu kimi eserler sadece o dovrun polittexnologiyalaridir, odur ki, teeccublenmeye deymez
2/ o ki qaldi realist edebiyyatin olmamasina… Edebiyyati yaradan insanin gozu bagli oldugundan o realligi anlamamis, ya da yanlis anlamis ve bu yanlisliq da eserlerde tezahur etmisdir
3/ bir alman meseli var: ati suya getire bilersen,amma su icmeye vadar ede bilmezsen (bu, yazinin son cumlesine aid)
Mence, M.Qorkinin “Danko” hekayesini oxumaq lazim
sagol Qan Turali yazina gore, haqlisan ki Serq edebiyyatinin meqsediinsanlari meiset adamina cevirmek, saha qarsi nezaket qaydalarini oyretmek olub
Primitiv yazıdır, xüsusən də burada: “Afaq Məsud esselərinin birində yazır ki, isti insanın bütün reallıq hisslərini dağıdır, ona görə də Şərqdə realist ədəbiyyat yoxdur. Bayaqkı kimi, xəstəliyin adı düzgündür, amma səbəbi yox. Şərqdə realist ədəbiyyat heç bir zaman olmayıb. ” Afaqın essesinə quzu kəsim, amma reallıq hissinin nə o esseye, ne de bu yazıya dəxli yoxdu.
Məncə, siz də esse yazmısınız, hazır qəliblərə tökülən esselerdən biri, incimə, ancaq məsələ bu dərəcədə primitiv deyil.
Hörmətli Qanturalı bəy, bu yazını diqqətlə oxudum. Dəyərli bir yazıdır. Həm də çox dəyərli yazıdır. Bəllidir ki, yazarının beynində dolaşan sualların miqyası çox genişdir. Keçmişi, bu günü və gələcəyi qapsayan suallar. Ayrıca, oxucunun zehnində bir sürü sual işarəsi oluşdurduğu üçün də önəmli yazıdır. Dəyərli bir yazı oxucunu inandırmaqdan daha və daha çox düşündürməlidir. Bilirsiniz dinlər və ideologiyalar insanları inandırmağa çalışdıqları üçün həm sualları, həm bu suallara verilən cavabları öncədən bəlli olar və yüz illər boyunca da bu öncədən bəlli olan suallar və cavablari oxucuya öyrətmək onların öyrətim amaclarını təşkil edər. Ancaq olayların fəlsəfi analizi insanları inandırmağa çalışmaz. Çünkü düşünmə sürəcində oxurun beynində yaranacaq suallara və cavablara müdaxilə etməz və bu doğrultuda oxurunu azad buraxar. Oysa Şərqin tarixində belə bir şey olmamışdır. Yazılan hər bir təfsir “ruhani” kəsimin mənafeyinə xidmət etdiyi üçün oxurunun zehnini öz hazır sualları və cavabları ilə əsir almışdır. İştə bu açıdan sizin bu yazınız Şərqin gələnəksəl düşünüşünə bir etiraz olduğu üçün təqdirə layıqdir. Sizə bu yazınızdan dolayı afərin deyirəm. Ancaq Yazınızda bəzi konulara deyinmək istəyəcəyəm:
Yazırsınız: “…Avropalaşmamış, amma Şərqli olmaqdan çıxmış hissəsi…bu yarımçıqlıq iyrəncdir. Bu yarımçıqlıq ikrah doğurur.” Bu görüşlə razılaşmaq mümkün deyildir. Nədən? Çünkü hər bir “oluş” üçün “qopuş” şərtdir. Heç bir zaman qopuş olmadan oluş olmayacaqdır. Hər qopuşun sancıları, ikrah doğuran tərəfləri olur, lakin hər “oluş” da bu sancılı, ağrılı qopuşun içindən çıxır. Öncə gəminin sahilə bağlanmış iplərini qoparmadan tufanlı səfərlərə çıxmaq mümkün olmayacaq. Konkret olaraq, Azərbaycan konusuna gəldiyimizdə Azərbaycanın Avropalaşması çox da asan iş deyildir. Minillik Şərqin qaranlğlnda həzm edilmiş, işarə etdiyiniz Sə´di kimi uyuşdurucuların əsərlərini şüuraltına almış, daha sonra da kommunizm tərəfindən eyni şəkildə zehnən sömürülmüş bir ölkənin modernləşməsi, ya da Avropalaşması asan iş olmayacadır. Bu, yalnızca Azərbaycan üçün keçərli deyil. 100 ildir Avropalaşmaq istəyən türkiyə üçün də keçərlidir. Bilirsiniz ki, dünyanın ikinci ən böyük ordusu Türkiyədə laikliyin bəkçisidir ki, islam tarixi, Osmanlı yenidən xortdayıb modernləşmə sürəcini həzm etməsin. Örnəyin 18 il camilərdə Türkçə oxunan əzan 1951-də Adnan Menderes tərəfindən ləğv edilib ərəbləşdirildi. Adnan Menderes Nurcu hərərəkətinin qurucusu olan Səid Nurcunun qarşısında diz çöküb əlindən öpmüşdü. Əslində onun Nursi qarşısında diz çöküb əlindən öpməsi yenə də dinçi dönəmə qayıdış anlamında idi. 1960-ci ildə ərəbləşdirmə politikasını yürütdüyü üçün Türk ordusu iqtidara əl qoydu və Adanan Menderesi də asdılar. Təsəvvür ediniz ki, bu adam asilmasaydı, bu gün Türkiyə İran, Pakistan, Ərəbistan, ya da əfqanistan kimi idi. Qadınların seçmək-seçilmək haqqının olmadığı, qadınları şəriətin əmri ilə daş-qalaq edilən ölkə. Diqqət etsəniz, bizim modernləşməmizi önləyəcək əngəllərin hamısı bizim tariximizdə, tarixi davranışımızdadır. Bu nədənlə 100 illik avropalaşma təcrübəsinə rəğmən Türkiyədə ikrah doğuran görüntülər varsa, bunun Azərbaycanda da olması qayət normaldır və bu o anlama gəlməməlidir ki, dərhal “oluş” mümkün” deyilsə “qopuş” da olmammalıdır. Bəzən oluş amacı ilə başlayan hərəkətlərdə qopuş baş verir, ancaq oluş olmur. Oluş sürəkli bir sürəcdir. Azərbaycanda “oluşum” üçün öz tarixində heç bir dinamik yoxdur. Türkiyədə, İranda olduğu kimi. Bir Axundofla heç bir şey yapılmaz, necə ki, yapılmadı. Çünkü oluşum Jakubən iradənin ürünüdür, Şərq ölkələri örnəyində sadəcə aydınlanma prosesi ola bilməz. Jakubən, yəni aydınlanmanın aşağıdan yuxarı, deyil, təpədən aşağıya doğru baş verməsi. Örnəyin XVIII əsr fransasında Volter, Didero, Rosso kimi onlarca aydınlatıcı meydana çıxdı. Gecələr qonşular bir evə yğışıb bu adamların əsərlərini oxumağı başaran oxuyur, oxuması olmayanlar da dinləyirdilər. Ya da onların davamında Viktor Hüqo kimi aydınlatıcılar. Bunların bir təki də Şərqin tarixində olmadığı üçün Şərqdə Qərbin bu əsərlərini oxumuş bir lider hər şeyi zorla gerçəkləşdirmiş. Yəni İslam Orta Çağının köləliyinə alışmış toplumuna zorla və silah gücünə anlatmış ki, sən “qul” deyilsən, sən “azad vətəndaşsan”. Bunu örnəyi Atatürk olmuşdur. 600 il Osmanoğullarının əsarətində köləliyə alışmış anadolu xalqına silah gücünə haqlarını anlatdı. Ancaq işin ilginc yanı budur ki, 100 ildən sonra yenə də bu toplumun içində “bizi Osmanlı dönəmindəki köləliyə geri qaytarın” deyən güclü axımlar var və Türk ordusunun vurucu iradəsi olmasa o əsarət dönəminə dönmək də dinçilər tərəfindən gerçəkləşə bilər. Buradan yola çıxaraq bizim əsas əksikliyimizin nə olduğu meydana çıxır. 1991-ci ildə biz Jakubənci bir lider yetişdirə bilmədik. Kritik dönəmin bu kimi liderləri uzun zaman axışı içində çözüləcək sorunların çözümünü sürətləndirirlər. Yazınızdakı “xalqımız demokratiyaya hazır deyil” cümləsinin də sorunun da cavabı budur. Xalq heç bir zaman hazır olmayacaq. Xalqın düşüncə və kitab oxuma dərdi yoxdur, mədəsini necə doldurma dərdi var. Demokrasini islam ölkələrində xalq yolu ilə deyil, aydınlatıcı milli diktatura yolu ilə gerçəkləşdirərlər. Heç bir siyasi filosofu olmayan, siyasi fəlsəfəsi tarixdə olmayan, heç bir kitabı və təcrübəsi olmayan xalq necə hazır ola bilər? Dəyərli Qanturalı bəy, demokrası bir dəyər deyildir. Dəyərlərin gerçəkləşməsi üçün bir metoddur. O zaman dəyərlər nədir? Dəyərləri orta sinifin, sinfi hüququnun bilincində olan siniflərin dünyagörüşü oluşdurur. Yəni iqtisadi, siyasi və fikri anlamda pluralizm. Bu pluralistik dəyərlər öz gerçəkləşmə metodunu “demokrasi” olaraq tanımlar. Yoxsa pluralizmin olmadığı yerdə demokrasi olmaz. Olsa da məzmunsuz olar. Necə ki, demokrasinin maddəsi İranda da var. Yəni seçim var, bələdiyəni, məclisi, cümhurbaşqanını, xübrəqan məclisini demokratik yolla seçirlər. Ancaq Azərbaycanda olduğu kimi İranda da, Pakistanda da demokrasinin məzmunu yoxdur. Demokrasinin məzmunu müxtəlif iqtisadi mənafelər, fikirlər oluşdurur. İranda 1970-ci illərdə petrolun bahalaşması nəticəsində bolluca para birikmişdi. Petrol sənayesində bu gün Bakıda olduğu kimi işçilərin tam əksəriyyəti xaricilər idi. Ona görə o zaman bu gün Bakida rüşvət burjuaziyasına bənzər bir şey oluşmuşdu. Əlbəttə ki, belə qapalı cəmiyyətlər demokrasi ola bilməz. Azərbaycan da açıq cəmiyyət deyil, qapalı cəmiyyətdir, çünü bu qədər petrol gəlirlərinin hara getdiyi haqda xalqın ortaq bilgisi yoxdur. Karl Popper “Açıq cəmiyyət və onun düşmənləri” adlı əsərində bu konuyu çox gözəl izah etmişdir. Azərbaycan iqtidarı da demokrasının məzmununu buraxıb maddəsindən yapışdığı üçün qapalı bir sistem qurmuşdur.
“Biz Avropalı olmaq istəmirik. Məsələ bu qədər bəsitdir.” Bu önərmənin iki səbəbi var: 1. Gerçəkdən bizim tarixi kültürümüz, dəyərlər anlayışımız modern dəyərlərlə toqquşur. Gerçəkdən Şərqin qorxunc qaranlığı modernləşmənin aydınlığından qorxur. Qorxduğu üçün də dirənir, geri çəkilir. 2. Cəmiyyətin bu sosialpsixologiyasında mövcud olan irtica duyğyularından iqtidarlar öz mənafeləri yolunda istifadə edirlər. Gerçəkdən də İranda olan inqilabın əsas səbəbi ölkənin Avropalaşmağa üz tutması idi. Bir neçə dəfə islam inqilabı türkiyədə də az qala olmaq səviyəsinə çatmış, ancaq ordu önləyə bilmişdir. Azərbaycan keçmişi etibarı ilə Şərqə mənsubdur.Yəni XVI əsrdə Avropada renesans və humanizm fəlsəfəsi baş qaldırdığında bizdə nə oldu? Şah İsmayıl adında bir dəli çocuq ilk dəfə Azərbaycanın Təbrizində və Şirvanında soyqırım törətdi. Bir gündə 20 min nəfər Təbrizdə adam öldürdü və Şirvan əhalisini sadəcə öldürməklə yetinmədi, ölülərin də sümüklərini sünni olduqları üçün məzarlardan çıxardı. Avropada XVI əsr yenidən doğuş, XVII əsr rasionaliz devrimi, XVIII əsr aydınlanma, XIX əsr siantizm (elm) devrimi XX əsr bilgi çağ olaraq tarixə keçmişdir. Bu zehni hərəkətlənmənin heç bir yerində Şərqin izi yoxdur.
“Şərq ədəbiyyatı öz qarşısında adam yox, kölə yetişdirmək məqsədi qoyub.” Elə bu üzdəndir ki, şərqin özgürləşmə təcrübəsi yoxdur. Şərqin bütün təcrübələri köləlik və istibdad çağrışdıdır.
Bu N.Tusi məsləsinə çox yerində toxunmusunuz və bunu mən də bir az açmaq istərdim. Bilirsiniz milliyətçilik duyğuları bilgi zəminində oturmadığında insanların gözünü kor edər. Son zamanlar hər kəs türk olduğunu söyləmək dəb olubdur. Yəni tarixə fərar edərək, saxta duyğularla özünü “mutlu” etmək. Tusi, terorist İsmailiyə məzhəbinə mənsub idi. Moğullar gəldiyində Tusi Xur şahın vəziri idi. İsmailiyənin belə bir qanunu var idi: damarında fars qanı axmayan İsmaili ola bilməz. Elə isə Tusini necə türk olaraq göstərirlər. İşarə etdiyiniz “Əxlaqi Nasiri” kitabına da Tusi 2 müqəddimə yazmış. Birincini ismaililərin vəziri olduğu zaman, ikincini isə Hülaku Xanın vəziri olduğu zaman. Yəni Tusi heç bir əxlaq tanımamışdır. Öz məqamını qorumaq üçün hər cür əxlaqsızlığa baş vurmuşdur.
“…təsəvvür edin ki, bu kitab Sovet hökumətinin gəlişinə qədər Azərbaycanda molla məktəblərində dərs kitabı kimi tədris olunub.” Xumeyni risaləsində yazır ki, qadınlarınızı arxadan da yapa bilərsiniz. Xumeyninin bu risaləsi İranda orta məktəblərdə qızlara və oğlanlara “dini əxlaq” adı altında tədris edilir. Digər tərəfdən də erkəyin erkəklə seks yapmasını ləvat adı altında yasaqlayır, tutulduqlarında “ləvat” adı altında edam edirlər. Xumeynizmə sormaq gərəkir. Arxa ilə arxanın fərqimi var? Qadının araxası ilə, erkəyin arxası eyni türdən deyilmi? Nədən birini təşviq edir, digərini öldürürlər?
“Şərqdə bir müddət fəlsəfə mövcud oldu. Yunan fələfəsinin təsiri ilə Şərqdə maraqlı filosoflar yetişdi.” Məncə bu yazdığınızın tarixi dayanağı yoxdur. Şərqdə heç bir zaman fəlsəfə olmamışdır. Şərqdə fəlsəfə üzərinə şərhlər və şərhçilər olmuşdur. Bəlkə bu sürəc fəlsəfənin oluşması üçün imkan yarada bilərdi, ancaq durduruldu. Farabi Aristotelin ən böyüş şərhçisidir. İbni Rüşd də o şəkildə. Bunun da səbəbi Sizin də yazdığınız kimi Yunan fəlsəfəsinin tərcüməsi idi. Ancaq diqqət edin ki, Şərqdə dram sənəti doğmadı. Nədən? Çünkü 9-cu əsrdə Yalnız Yunan fəlsəfəsi tərcümə edildi, Yunan dram əsərləri (Orfid, Axilles və…) tərcümə edilmədi. Tərcümə edilmədi, çünkü bu dram əsərlərində dünyəvi ləzzətlər də var idi ki, bu islam anlayışına zidd idi. Yəni din xadimləri hər cür əxlaqi, qeyri-əxlaqi ləzztlərdən bərxurdar olarlar, ancaq bunun ədəbiyata yansımasını, ifşa olunmasını istəməzlər. 11-ci əsrdə Əbureyhan Biruninin, 20-ci əsrdə Bertrand Rasselin də işarə etdiyi ki, Şərqdə yalnız fəlsəfənin şərhçiləri olmuşdur. Necə ki, Dante öz əsərində İbni Rüşdü ən böyük şərhçi adlandırmışdı.
Təəssüf ki, “Məhşər” romanını oxumamışam. Lakin hürfizm üzərinə geniş araşdırmalarım olmuş. Anladığım qədəriylə Sizin də işarə etdiyiniz kimi bu romandakı fəlsəfi yanaşmalar İ. Hüseynovun öz görüşləridir yükləmiş bu romana. Hürufizmdə elə bir dərinlik yoxdur. Nəsimi özü də Nəimi kimi sonuncu İmamın zühurunu bəkləyən birisi olmuş. Özünü 12 imamın ayağının altındakı torpaq qədər də dəyərli saymamışdır. Yəni Şərq ədəbiyatının insanı kölə olaraq tərbiyə etmə girişimi hürufizmdə də var, yox deyildir. Nəiminin də Türk olduğuna dair bilgi yoxdur, bu, sadəcə bir çox yazarların arzusu olmuşdur. O, Əstərabad ləhcəsində şeirlərini yazmışdır. Türk şairlər farsca yazanda farscanın ədəbi dilində yazmışlar, hansısa bir fars kləhcəsi ilə deyil. Çünkü farscanı öyrəndiklərində ədəbi variantını öyrənmişlər. Nəiminin o zaman Bakıya gəlməsinin səbəbi də böyük ehtilama görə o zaman Bakı əhalisinin (ki, o zaman Bakı bir kənd idi) tat olması olmuşdur. Tat dili ilə farscanın Əstərabad ləhcəsi eyni olmuşdur.
Tural, imkan olsa gələn dəfə Səlib yürüşləri, Şərqlilərin Qərblilərə necə çimməyi, təzə paltar geyməyi və sairə şeylər haqqında yazarsan…
Güntay bəy. Dəyərli şərhiniz üçün çox təşəkkür edirəm. Çox sağ olun.
Mənim məsələlərə baxışım ümimiləşdirmə mənasında fəlsəfi baxışdır.
Sizin Şərq haqqında yazılarınızdan çox şeylər öyrənmişəm.
Bir daha təşəkkür edirəm.
Sayqılarla…
Hamiya Salam,
Hormetli Qanturali,
Yaziniz maraqlidir, amma bir nece noqteni qeyd etmek yerine duserdi:
1. Edebiyyat, medeniyyet, kultur, bunlarin hamisi ust qurumun parcalaridir. Bunlar hec vaxt oz ozluyunden bir musbet veya menfi cehetin sebebi ola bilmezler. Bunlarin altinda yatan sebebler var. Coxu maddi xarakterlidir. Serqle Qerb arasindaki ferqlerden danisanda ister istemez Modernle Enenevi arasindaki ferqler movzusuna basvurmali oldunuz. Bunlar benzer seyler olsa da, eyni seyler deyil. Size bir misal verim: Italiyanin cenubu ve simali arasinda cox boyuk ferqler, medeni ve maddi ucurumlar var. Elece de Ispaniyanin, bildiyiniz kimi Ingilterenin (Irladlar meselesi) ve bir cox basqa olkelerin icinde oldugu kimi. Eger mesele kultureldirse, onda olkelerin regionlari arasinda, regionlarin oz aralarindaki ferlqeri nece izah etmeli. Kulturel perspektiv getdikce bir nece alt kulture bolunmek mecburiyyetinde qalacaq. Axi Azerbaycanin ozunde de beledir. Ona gore de kulturel argumentin cekisi cox azdir. Demeli, 50, 60, 70-ci illerde Cenubi Koreyalilar diktatura altinda yasayirdilar, acindan da olurduler; kulturel argument deyecek ki deyerleri qusurlu idi, ona gore. Nece oldu esrlerle tesire qapali qalmis deyerler 30 il icerisinde keskin deyisdi. Yox, mence deyisen basqa seyler var, onlara nezer salmaq lazimdir; kulturel deyerlerle verilen aciqlama modern dovrde genetik aciqlamalarla davam etdirilir. Filankes nadurustdu, cunki genlerinde var. Cinliler avtokrat xarakterlidi, cunki genlerinde var. Mence ikisi de zeif aciqlamadi. Niyesini sorussaniz, ele yuxarida sitat getirdiyiniz Karl Popperi anmaq yerine duserdi: bunlari “falsify” etmek, yeni yanlislamaq, eksini subut etmek mumkun deyil; demeli elmi deyil, metafizikdir kulturel ya da genetik aciqlamalr. Hansi kontekste, hansi qelibe desen uyur bunlar. Ele burdaca subhelenmek lazimdir.
2. Serqli olsun, Qerbli olsun, butun insanlar rasiyonaldir. O menada ki, hami oz gelir gederini yaxsi bilir. Kime desen ki mene bir manat ver, sene 50 qepik geri qaytaracagam, bunu elemez, cunki bu isden itirdiyini basa duser. Insanlar axmaq deyillerse, o zaman problem hardadir?
A. Yanlis ya da yetersiz informasiya: bunun qarsisini almaq ucun, sinif (tekce Marksist menada deyil) veya qrup inksaf etmelidi, maddi maraqlari olmalidi ve bunlari o maddi maraqlari etrafinda birlesdiren, seferber eden sinfi liderler olmalidi. Bu gun Ingilterede niye kendli sinifi yoxdu? Cunki 17-ci esrde burjuaziya ve iri torpaq sahibleri bunlari torpaqlarindan qovub oralari otlaga cevirende, bunlari sinif seklinde seferber edib mubarizeye qosan lider tebeqesi yox idi.
B. Formal ya d a qeyri formal qayda qanun yigini: butun mesele reflekslerin nece sertlendirilmesinden ibaretdir. Bu menada, dini veya sekulyar exlaqin, cinayet, ceza ve mukafatlandirma mexanizmlerinin menasi var. Amma yuxarida da qeyd etdiyim kimi, bunlar oz zoluyunde qurtaracaq deyil: iki sinif, meselen dini burokratlar ve sah sarayinda yigismis burokratlar bu qaydalar uzerinde anlasib, bunu cemiyyete mecbur qebul etdirib sen, firavan, xobsext heyalarini sururler. Yeni bunlarin altinda yatan maddi sebeler var: bu struktur ya tesaduf, ya her hansi basqa sebeblerle laxlamadiqca,ne qeder ziyali-dusunur ellesir ellessin, bunlari deyismeyin yolu yoxdu. Niye? Kecek “C” bendine.
C. Ona gore ki, younu evvelceden bele qurublar, ve insanlarin istedikleri temel “mal” ve “xidmetler”i verdiyi muddetce, hec kim qalxib bunu deyisdirmeye calisan deyil, elbette ki dusunurler xaricinde. Ele Azerbaycani goturun. Qardas, ureyin ne isteyir? Usagini esgerlikden saxlamaq mi isteyirsen, Ermenistanla serhed olamayan yerlerdemi esgerlik ceksin, her hansi bir sened-arayismi isteyirsen, usagin istediyin mektebe girsin, istediyin qiymetlerle oxusunmu isteyirsen? Axi ureyin ne isteyir, hamisini elemeyin yolu var. Bes mesele nedir? Pulun miqdari. Demeli daha “yuksek” seviyyeli heyat surmek ucun her hansi ortalama Azerbaycanliya daha cox pul xaricinde bir sey lazim deyil. Sistem korrupsiyaya bulasib, amma islek bir sistemdir, insanlara istedikleri nemetlerin demek olar ki hamisin vere bilir, teki pul olsun. Suallara cavabi ele burda axtarmaq lazimdir.
Bir de son olaraq onu deyim ki, Qerb tekce Avropa deyil, hem de Amerikadir. Unutmayin ki, Avropanin sekulyarlasmasinda ordan on milyonlarla qati xristianin Amerikaya koc etmesinin cox boyuk rolu olub. Amerika maddi cehetden qabaqda ola biler (bu gunlerde bu sual altinda olsa da), amma ozu kimi irticaci, dinci cemiyyet Qerb dunyasinin hec bir yerinde yoxdu.
Birterefli yazilib. Yene de hadiselere telesik, Dine ittihamli munasibet. Yazinda problemli meselelerden yazirsan.Movcud olan heqiqeti inkar ede bilmerik. Ancaq butun bunlara baxmayaraq insan bir balaca xeyirxah olmalidir. Bu qeder de Azerbaycan cemiyyetine tund rengle baxmaq lazim deyil. Bir damla da olsun sevgi, bir qeder de isiq lazimdir. Qara reng mueyyen qeder bizinm cemiyyetin dili olsa da mutleq mutleq uzerine aq isiq salmaq lazimdir.(Qendab)
Görəsən sırf dünya üçün mü yaradılmısınız ki, bütün vaxtınızı ona sərf edirsiniz?
Yaradılışı heçkimsə inkar edə bilməz…
görəsən qanturali dini nə dərəcədə bilir.Amma səmimi söyləsin