Tehran Əlişanoğlu. Nəsrdə Cənub diskursu (Tənqid.net)
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 13 Aralık, 2008
Prozada diriliyi ilə seçilən xətlərdən biri də “cənub diskursu”dur (şərtən bu cür adlandırdığım həmin xətti mən ardıcıl “Alatoran” jurnalında izləyə bilirəm); bu barədə bir Cənublu yazara dedikdə, “burda (yəni Şimalda) redaktədən sonra belə olur”, – dedi. Hərçənd mətnlərə baxdıqda cənublu həmkarımla razılaşmaq çətindir; “prozaik sirr” bizə tanış olmayan, xam həyat parçaları, insan mənzərələri ilə bahəm, həm də bunu bütövlüyü ilə, dolu çatdıra bilən dildə, məhz bu cür doğulan təhkiyə, təsvir, dil gerçəkliyindədir ki, hətta “redaktədən sonra” da (əgər varsa) pozulmur; proza həqiqətlərini ortaya qoya bilir.
Bu nəsrin örnəklərindən bəzisini – “Tənqid.net” artıq xatırlatmışdır (N 3; “Alatoran” jurnalı haqqında yazıda, s. 7-11); “Alatoran”ın sonrakı saylarında daha bir neçə imza yanılmadığımı, həqiqətən də belə bir fərqli nəsrin, yazı tərzinin meydanda olduğunu göstərdi.
Güntay Cavanşirin “Sezənin sevgisi” hekayəsində (“Alatoran”, N 10) belə bir əhvalat nəql olunur: Cənublu bir gənc Türkiyədən keçib, Azərbaycana gəlirkən yolda Avropalı bir türk ailəsi ilə tanış olur: Almaniyada yaşayan Ərdəm və qızı Sezən. Millət barədə, Azərbaycanın istiqlalı barəsində gənclər arasında isti söhbət alınır: “Mən çox gəncəm, nə olduğumu bilmirəm, sadəcə bilirəm ki, içimdə hissən böyük bir vətən duyğusu var, ancaq bu duyğunun düşüncə və tarix planında nə olduğunu bilmiş deyiləm”. Gənclər bir də Bakıda rastlaşırlar; mitinq dalğasında; 1991-ci ildir, Sovetlər ölkəsi çökməkdədir. Hətta bir anlıq yadımıza sovet inqilabi romanlarını salır; amma yox, burdakı ideoloji diskurs deyil, ordakı publisist inqilabi boyaların yerinə burda qəhrəmanın yığcam prozaik addımlarla şəhəri dolaşan, hər addımda bir az da doğmalaşan içini görürük…
Məlum olur ki, Ərdəm bəy əski kommunistmiş “və Sovetlər Birliyini görməyi qafasına taxmış”. Bu məqamlarda acı bir ironiya var; amma müəllif bunu açıq-saçıq ağartmaq fikrində deyil: “Babam evləndi. Bakıdan Almaniyaya bir ailə gəlmişdi kaç il öncə. Babam onlarla tanışmışdı. Evləndiyi qızın ailəsində kəsinliklə milli hiss yox. Həpsi rusca konuşur. Bizim türkcədə, İstanbul ağzında konuşmayı sevirlər, kəndi dillərində konuşmaqdan utanc duymaqdadırlar ”. Bu məqama təhkiyəçi bir də sonda, vida səhnəsində qayıdır: “Ərdəm bəy qaynatası və qaynı ilə bərabər gəlmişdi. Ərdəm bəyin gənc xanımı da orda idi. Lakin arabadan düşmədi. O zamanlar bu tür arabalar Bakıya yeni-yeni gəlirdi. Bəlli idi ki, Ərdəm bəyin qaynatası Bakının zənginlərindəndi”.
Hekayədə qəhrəmanın içinə dolmuş romantika da təbii yaşanır; personajlar arasında qızğın siyasi gaplardan, qəhrəmanın milli ədəbiyyata sevgisi və gənclik ehtiraslarından keçən həmin romantikanı bəsləyən istiqlal savaşına və milli varlığa ilkin təmas hissləridir. Deyim ki, G.Cavanşirin “Alatoran”ın növbəti saylarında dərc olunmuş “Hüseyn Cavid” və “Kölgəm” esselərində də bu duyğu çox güclüdür – reallıq ağrıları və romantik hayqırış.
Süjetə qayıdaq. Bakıda gənclər arasında , təbii, romantik bir sevgi baş qaldırır. Amma bu, dərhal başqa bir müstəviyə keçid istəyən bir duyğudur: “Sezənin “Gəl Almaniyaya bərabər gedəlim. Evlənsək rahatca Almaniya vizası alabilirsin” təklifini qəbul etmədim”; nə qədər çətin olsa da qəhrəman Bakıda qalmağı qərar verir: “Bu yalnızlığın əlindən qurtarmaq üçün yenidən dışarı qaçdım. Dənizin kənarında mutlu və mutsuz insanlar gəzişirdilər… Həyatımın başqa bir evrəsi başlamışdı…” – hekayə bu cür bitir.
Amma belə başlamışdı: “1991-ci ildə taleyimi axtarmaq üçün yola düşdüm. Atamdan mənə nə qədər miras qalmışdısa, hamısını satıb, əlimdə bir az pulla Türkiyəyə gəldim. Amacım isə Türkiyə yolu ilə Qərb ölkələrinə getmək, təhsilimi davam etdirmək idi. İnsan hər zaman bəlli etdiyi hədəfin arxasınca gedə bilmir…” İndi bir daha xatırlasaq ki, ata mirasından başlayan yollar haralara aparıb çıxarır, təkcə bu əsərdə deyil, ümumən “cənub diskursu”nda hələ nə qədər də mündəricənin gizləndiyini fərz etmək çətin olmaz…
Bu diskursun qəfil təqdim etdiyi nümunələrdən biri də – Alı Səbrinin (Siyaməkin) “Norveç yazıları”dır . Romanı “azad yazarlar ocağının kitabxanası” nəşrlər sırasından (Bakı, 2007) alıb oxudum; nəşrə redaktor Rasim Qaracanın aydınlatıcı bir önsözü də əlavə olunmuş.
Deyim ki, dəqiqliklə: “Yazılar”ı “dokumental roman”, “qeyri-adi kitab”, “Avropadakı yaşam təcrübəsinin bir azərbaycanlı tərəfindən ilk dəfə qələmə alındığı çox önəmli hadisə”, “Azərbaycan çağdaş hekayəçiliyində yenilikçi bir xüsus” deyə dəyərləndirən R.Qaracanın qeydlərinə çox az nələrsə artırmaq lazım gəlir. Alı Səbrinin qəhrəmanı azərbaycanlı İran mühaciridir; “Norveç yazıları”nın əlavə daha iki başlığı da bunu qabardır: “Bir mühacirin notları” və “Norveçdə bir azərbaycanlının başına gələnlər”. Həqiqətən də, əsərin qəhrəmanı bir mühacir səbri ilə Norveçin bir əyalət şəhəri Orstaya – BMT tərəfindən, qaçqın kimi, burda yaşayan evli bacısının yanına göndərilən andan təxminən iki il ərzində norveç dilini danışıq səviyyəsində öyrənib, Volda kollecinə girənəcən yaşadıqlarını nəinki təfərrüatla yazıya düzür, eyni zamanda düşüncələrini aktivdə saxlayaraq oxucu üçün “əlavə aləmlər” açmış olur.
Bu, nədən ibarətdir:
- “Yazılar”ın qəhrəmanı sivil dünyaya can atır, amma təsəvvüründəki demokratiyanın nəticələri ilə üzləşməyib aldandığını iqrar edir; bəlkə də yanılır, bəlkə sivilizasiya elə nizam-intizam, demokratiya- milli çalarından asılı olmayaraq, sadəcə “qanunçuluq”dur – hər halda azadlığa can atan bu insan Norveçin simasında Avropa sivilizasiyasının sərt üzüylə toqquşur; onu dərk və həzm etmək istərkən öz fərdini, “mən”liyini tanıyıb da təsqidləmiş olur;
- Başda BMT olmaqla Avropanın qayğısına qaldığı bütün mühacirlər inkişafca 3-cü dünya ölkələrindəndir; əsərin qəhrəmanı öz fərdi təcrübəsi ilə topluma girmək üçün ehtirasla çalışdığı halda, Norveç cəmiyyəti ilə xarici mühacirlər arasında az qala heç vaxt keçiləsi olmayan bir baryer görür. Və nəticədə, bir yandan o norveçlilərin bir millət olaraq etno-psixolojisini öyrənməyə qərarlıdırsa, əvəzində daha da çox Asiya və Afrikadan neçə-neçə 3-cü dünya ölkələri xalqları nümayəndələri ilə, milli xarakterlər, davranışlarla tanışır, müasir dünyada millətlərin yeri və problemləri haqda düşünmüş olur;
- O sıradan Norveçdə rastlaşdığı şovinizmin qarşılığını qəhrəman təəccüblə İrandakı həyatından epizodlarda tapır; bu onu milli özünüdərk üzərində faktlara, düşüncələrə, qənaətlərə sürükləyir; “cənub diskursu” işə düşür… Əslində, o ki Güntay Cavanşirin qəhrəmanı ardıyca ölkədən çıxıb, dünyanı dolaşmağa başlamışdı (milli kimlik məsələsi), Siyaməkin qəhrəmanına əvvəldən tanışdır; və onu ölkədən kənarda da, ətrafındakı bir çox qaçqınlardan fərqli, barışmaz edən məhz bu kimlik haqqıdır;
- Daha da artıq: türklük məsələsi gələndə Azərbaycan türklərinin, məxsusən də Güneyə münasibətdə, bir millət olaraq dünyada tanınmazlığı qəhrəmanın coşqun ehtirasları ilə süslənir. “Türk olduğumu deyirdim, amma o saat Türkiyə vətəndaşı olduğumu sanıb, başlayırdılar gördüklərini və eşitdiklərini deməyə. Sözlərini kəsib deyirdim ki, ay bala, mən Azərbaycan türküyəm. Yenə də bilənlər başlayırdı Bakıdan danışmağa. Axırda bir kitab söz deməli olurdum ki, Azərbaycan dediyinin böyük hissəsi bu gün İran dövləti kimi təmsil olur. Türkmənçaydan, Gülüstandan deyib başa salırdım ki, 30 milyona yaxın türk Güney Azərbaycanda yaşıyır…” Bu sətirlərdən ənənəvi Təbriz inqilabçılığının nəfəsini duymaq çox da çətin deyil.
Daha bir cəhət. “Norveç yazıları” xırda ritmlərlə bütövlükdə 42 yazıdan ibarətdir; ilkindən sonunacan yazılarda ahəng, ruh, nəfəs, enerji qəti səngimir, təhkiyəçi-qəhrəman hər dəfə – hər hadisədən, epizoddan, günlərdən, dəqiqələrdən söz açarkən sanki təzədən başlayır, hər dəfə irəlidə daha çox bilgi verəcəyini vəd verir, vədinə əməl edirsə də, bilgiləri yenə tükənmir… Kitaba ön sözündə “Yazılar”ın ərsəyə gəlməsində roluna görə Alı Səbri Rasim Qaracaya minnətdarlıq edir: “İllər boyu güvənsizliklə ürəyimdə gəzdirdiyim yazarlıq həvəsinə güvənc yağışı yağdıran dost – Rasim bəydir”. Deyərdim ki, bəlkə eyni qədər də bu paydan Alı Səbrinin öz yazarlıq ehtirasına düşür. Toplumdan qopmuş atom qırığı kimi, sivil dünya mədəniyyətində “yad” elementlərin nələr törətdiyinə şahidik (təkcə elə son onilin Nobel siyahısına baxmaq bəsdir); sıfırdan “Norveç yazıları”na gəlmiş Siyaməkin qarşıdakı əsərlərinin bu gücdə olacağına niyə də inanmayaq…
“Cənub diskursu”nun mənə açdığı ən maraqlı imza Hamid Əhmədidir; o özü özünü oxucularına belə tanıdır: “Adım Hamid Əhmədi. Doğum ilim 1985. Psixoloji Fakültəsi tələbəsiyəm. 8 ildi yazıram, ümumən qısa hekayələr. Öncə farsca yazardım, 4 ildən bəri ana dilimdə yazıram. Yazılarımda əsasən bu tayın (Güneyin) danışıq tərzini əks edirəm, çalışıram yazılarımla xalqımın özəlliklərini tanıtmış olam. Hekayələrimin dialoqları Təbriz ağzında (aksentində) yazılıb və xarakterlər bu tayın xarakteridi” (“Alatoran”, N 11).
Bu dəqiq səciyyəni yazarın təqdim etdiyi hekayələr də təsdiqləyir.
“Rza Hüseynyan şüşə dalısından” (N 11): bir neçə yığcam epizoddan ibarət vizual təhkiyə qurub, qəhrəmanını psixoloji durumunun nəticəsi olaraq bu nöqtəyə (şüşə dalısından görünən qəzaya) gətirib çıxara bilir.
“O iki divar bir yerə yetişən yerdə” (N 11): bir neçə kəsilib davam edən dialoq parçalarından süjet yapıb qəhrəmanını psixoloji durumunun aqibətinə yetirə bilir.
“Məcnun”da(N 11): bir nostaljik sevgi anının psixolojik rəngbərəngliyindən insan içinə körpü sala bilir.
“Ağayi Zadı axtararaq” ((N 12): bir Qəhvədə (kafedə) qurduğu balaca bir psixolojik oyunda, – ki: Ağayi Zad niyə oturduğu yerində yoxdur, – eləcə tezisvariliklə böyük ictimai mənzərələrə çıxa bilir.
Həə, görünür, 22 yaşlı bu gənc yazarda böyük proza ustası gizlənir; axı hər dəfə seçdiyi rakurs müxtəlif olmaqla, çağdaş insan nöqteyi-nəzərindən mühüm də məsələlərə çıxır. Bu belə.
Kim bilmir ki: poeziyanın gücü yaşamda isə, prozanınkı dildədir. Hər hekayədən bir passaj olmaqla indi də dönüb Təbriz türkcəmizin gücünə baxaq: “Minlər belə sözlər, ancaq heç biri kar kəsmədi. Sonra məndə ayrı mərəzlər də üzə çıxdı. Doktor bunların adını qoyub “Paranoya”, daha günbəgün Dekarta yaxınlaşırdım” (“Rza Hüseynyan şüşə dalısından”). “Gecə olmuşdu, ama çıraqlar hər yeri işıq eləmişdi, gecədə gecəlik qalmamışdı. Deyəsən allahın öz fikrinə çatmayıb gecəni işıq yaratsın” (“O iki divar bir yerə yetişən yerdə”). “İki nəfər o başdan gəlir, payızın bu xəlvət xiyavanının yarpaqlarını ayaqlaya-ayaqlaya. Qız bir skamya görsədir, ona sarı gedirlər. Bir tikə divar skamyanın dalısında var, o əl bu əli boşdu. Bu divar burada nə üçündü? İkisinin fikrindən keçir. Bir yarpaq yerə düşür, onlar oturub səssiz yerə baxırlar, biri birinin başmaqlarına…”( “Məcnun”).
“Amma Ağayi Zad hardadı? Nəyə yoxdu?
Bəlkə yazıq kişi bir gecə evinə qayıdanda, düşmənlərinin biri öldürüb onu.
Bəlkə də yazıq kişi bir gecə evində qəlbi dayanıb, ölmüşdü (amma Ağayi Zadın elə bir yaşı yox idi)
Ya da Ağayi-zad istəmirdi Qəhvəyə gəlsin.
Və nəm neçə bir ehtimal…” (“Ağayi Zadı axtararaq ”).
Hamid Əhmədinin miniatür nəsrindən aldığım ən önəmli informasiya müasirlik nəfəsidir; bu nəfəs oxucuya qədimi, uzman Təbrizi tamam yeni boyalarında görməyə şans yaradır: demə, o da çağdaş qlobal dünyamızın bir parçası olaraq durumunu yaşayır…
Daha bir az proza havasını Həsən Rəncbərinin “Gecə qara cücə qara” hekayəsindən duyuram (“Alatoran”, 12). “Yoxsulluq qap-bacasından yağırdı. Günlər bir-birindən ağır geçirdi. Kiralıq evdə oturub ildən ilə, çul-palazı bu qapıdan o qapıya daşıyıb sürünmək də, özlüyündə böyük çarəsizliydi. Uzun sözün qıssası rahat çörək boğazlarından aşağı enmirdi…”
Yığcam bir təhkiyədə Təbrizli yazar ölkəsini xarakterizə edən bütöv bir mənzərə verə bilir. “Aylar öncə bu ailənin kişisi bəlli olmayan nədənlərlə itib-batmışdı, bilinməzlərə getmişdi. O gündən güdükçü gözlər duvarlar çatlağından bu evə gəlib-gedənləri güdürdülər. Qadın hər küçəyə çıxıb qonşularla qarşılaşanda, ardınca pıçıltılı səslər eşidilirdi. Alçaldıcı baxışlar onu incidirdi…” Məsələni təhkiyə nöqtəsinin dəqiqliyi, bir də qələmin görüntü yaratmaq gücü həll edir. Kiçik yaşlı oğlu ilə birgə əlacsız qalmış qadının üzərindən, onun içinin səmimiyyətindən qurulmuş təhkiyə son halda qadının bəraətinə, cəmiyyətin ifşasına çevrilir: “Buraxılmış kökdəydi, hər şeydən vaz keçmişdi. Birdən-birə nohə səsi qulağına dəydi, özünə toz qondurmayıb əlini qapının işgilinə sarı uzatdı. Qapı açıldığında orada səssizcə və danışmadan gözətləyən qonağını, hər tərəfi gəzən çaşqın baxışlarilə, görüb içəri götürdü. Darısqal dalandan keçirdib otağa doğru yönləndirdi…”
Əlbəttə, motiv bizə M.Kazıminin “Qorxulu Tehran”ından roman miqyasında bəllidir; maraqlısı, “cənub diskursu”nda hələ də aktual qalmasındadır… Hər halda, hekayə bizə roman mövzusunu bircə səhifəlik mətləbə yığa bilmiş bir gənc istedadı xəbər verir…
Bu qədər. Bircə onu əlavə eləyim ki, yazıda sitatlara gen-bol yer verməyim – niyyətliydi. Ki, oxucu Cənub nəsrinin dolu havasını və canlı dil potensialını bilavasitə duysun. Amma, ən düzü, təbii ki, bu nəsri izləmək olar; izləməyinə də dəyər.
İyun 2008





Yüklənir...
Salam!
Güntay Cavanşirin “Sezənin sevgisi” adlı hekayəsini mən də oxumuşam. Burada Tehran bəyin yazdıqları doğrultusunda bəzi şeylər yazmaq istərdim. Bir hekayəni, ya da bir mətni oxurkən orada yazar tərəfindən seçilmiş önəmli və öndə gələn qavramların anlamına diqqət etmək gərəkdir. Bu hekayədə hər şeydən öncə “Sezən” sözünün anlamını açaraq olayın dərinliyinə tənqidi yanaşmaq gərəkəcək. “Sezən”, yəni qavrayan, anlayan, idark edən. Bu açıdan baxıldığında buradakı “Sezən” yazarın ikinci “mən”i olaraq ortaya çıxır. Yazarın idrak edən, həqiqəti axtaran və həqiqət yolunda fədakarlıqlara qatlaşan ikinci “mən”i. İkinci mən hər bir kişinin içində qadınlıq tərəfi olan “mən”dir həm də. Yəni olayların oluşduğu evrənsəl koşullara diqqət edəlim: Dünyanı ideoloji açıdan yönləndirən bir super güc var: Sovetlər. Bu ideolojinin etkisində İranda yaşadığı müddətcə yazar özü də qalmışdır. Sonra da axtarışa çıxan və bu ideolojinin heçliyini gerçək həyatda görən və bu ideolojinin yazarın millətinin asimilə olunması üçün bir arac təşkil etdiyini dərk eləmək. Bütün bu idrak “Sezən” yəni yazarın ikinci “mən”i tərəfindən daha öncə də qavranmışdır. Ancaq bu fəlsəfi “mən” olan Sezən tədricən və olaylarla qarşılaşaraq bu ideolojinin heçliyini şərh edir. İkinci “mən” olaraq, ya da yazarın ruhu olaraq bilinən “mən” Bakıdakı istiqlal savaşında daha öndədir. Təhlükəli olayların tam ortasındadır və birinci “mən”i, yəni yazarın özünü də bu təhlükələrin ortasına sövq edir, çünkü insan nə qədər dirənsə də ruhunun istəkləri qarşısında təslim olmaq zorundadır. İşin ilginc yanı hekayənin bitişində baş verir. Yəni yazar Bakıda qalmaq istəyir ancaq “Sezən” uzaqlara gedir. Yəni maddə sabitliyə, ruh isə daimi hərəkətə meyllidir. Yazar öz ruhunu “Sezən” şəklində uzaqlara göndərir, ancaq özü Bakıda qalır. Sezənin getdiyi yerlərdə necə macəralar yaşayacağı bəlli deyil. Ancaq Bakıda qalan yazarın yaşayacaqları bəllidir, çünkü istiqlal yolunda mübarizə gedir və sovetlər dağılmaq ərəfəsindədir. İnsan bütün enerjisini mərkəzləşdirib bəlli bir işə və mübarizəyə başladığı an belə, yenə də onun iç dünyasında yer olan müəyyən bir enerji qeyri-müəyyən hədəflərin arxasınca getmək istər. Yəni insanın ağlı bir konu üzərində mərkəzləşərkən, onun xəyalları “Sezən” kimi daha uzaqlara varmaq, məlum olmayan macəralara qatılmaq istər. “Sezən” bir xəyal olaraq uzaqlara gedərkən, yazar özü əqli yön olaraq Bakıda qalır. Xəyalla ağlın dialektik təzaddı bu şəkildə meydana çıxmış olur. Çünkü hər zaman insanın xəyalları bədəni olmayan yerə varmaq istər. Ancaq “Sezənin sevgisi” əsərində çox böyük əksikliklər var. Madam ki, yazar öz ikinci mənini bir qadın olaraq danışdırır, bu ikinci “mən” daha az olaylara qatılır. Məncə yazar “Sezən”i ən az 3 ay Bakıda yaşadıb və 21 Azər hadisəsi zamanı Bakıda gəlib bədbəxt olanlarla da söhbətə girişməli idilər. Təbrizdən gəlib və sonra da Sibirlərə sürgün olanları da bu tarixin içinə qatmalı idi. əsərin bu tərəfi yazılmamışdır və ən ciddi əksiklikdir. Yəni burada söylənəcək bolluca söz var ki, söylənməmiş, əksik qalmışdır. Mənim istəyim budur ki, yazar bu əsərini yenidən işləyib və onu bir müstəqil romana dönüşdürsün. Madam ki, yazarın ikinci “mən”i Azərbaycanı, İranı, Türkiyəni içinə alan bilgin bir “mən”dirsə, burada əsərin fəlsəfi və psixoloji, özəlliklə tarixi dərinliyini sağlayacaq çox söz söyləmk olar.
Tehran bey, yorulmadan cekdiyiniz zehmetlere gore men butun Azerbaycan edibleri adindan size minnetdarligimi bildirmek isterdim. Elbette, “butun Azerbaycan edibleri” soz birlesmesinin onune bir “nankor” sozu de elave edilmelidir, cunki bu qedr zehmeti kimse gormeyir ve hec olmasa grib burada yaxsian-yamanan bir aciqlama yazmayir. Her halda size ugurlar, hormeli insan, zehmetiniz yerde qalmaz insallah!!!
Hörmətli Günal Ayqar, əsərin içindən çıxış edib, daha bir nöqtədən Cənub nəsrinə baxışınıza görə, Sizi salamlayıram. O dilək və tələblərlə ki, Güntay Cavanşirin əsərinə yanaşırsız, onun öhdəsindən bütünlükdə Cənub nəsri, inşaallah, gəlməlidir və inanıram ki, gələcəkdir.
Hörmətli Araz Zara, çox-çox təşəkkürlər! Bir oxucunun cəsarətlə “bütün Azərbaycan ədibləri adından” səslənməsi mənə bəsdir, inanın ki, böyük qiymətdir. Sadəcə öz işimlə məşğulam, – desəm, təvazökarlığa yozmayın.
Çox hörmətli Tehran bəyə hekayəmi oxuyub dəyərləndirmədə bulunduğu üçün dərindən təşəkkğur edirəm.
Güntay
ne yaxsi ki tehran elisanoqlu geldi ve normal tenqidin ne olduqunu, intellektualliqa nece bir telebat duyulduqunu bu millete hiss eletdirdi. yoxsa biabir olmusduq, k kishi, biabirciliq! onun “tenqid-net”i kolxoz edebiyyatina yaxsi bir alternativ oldu mence!