Tehran Əlişanoğlu. Sabir Əhmədlinin trilogiyası (Tənqid.net)
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 13 Aralık, 2008
Sabir Əhmədli bizə bəlli son romanını “Ömür urası” (2000-2001) adlandırıb, son kitabını isə “Axirət sevdası” (Bakı, 2003). Üstəlik, “Ömür urası”nı ayağda xatırladıb: “Məsəl var: “Gedər bostan urası, qalar üzün qarası”. İnsan ömrünün sovulan çağına da “ura” söyləmək olar. Oxuculara çatdırılan bu romança yazıçı ömrünün son yetirməsi – “ura”dır. Bundan sonra nə yazsa, həmin ad altında gedəcək”. Bura bircə kəlmə əlavə etmək olar: elə yazmasa da…
“Ömür urası”na qısa xülasə
“Axirət sevdası” üç romandan ibarət trilogiyadır; əgər eyni adlı birinci romanda Müharibə ilə üz-üzə İnsanın Əbədiyyət axtarışları (ruhi varlığı) predmet seçilmişsə, “Kef”də müharibə şəraitində İnsanın başlıca olaraq nəfsi – cismani yaşamları hədəfdədirsə (http://www.tenqid.net/contents.php?cid=444 ), “Ömür urası”nda yazıçının diqqəti bu dəfə İnsanın mənəvi siması, “yer sakini”nin məğzi-mənası, Yer ölçüləri üzərindədir.
Romanın poetexnologiyası barəsində təzə nəsə deməyə lüzum yox. Ümumən bu yaşda, bu yetkinlikdə yazardan təzə bədiiyyat istəməyin özü yanlış olar; bu yenə də həmən XX əsr Avropa romançılığıdır ki, İnsanın mənəvi (sosial, psixoloji, ekzistensial, altşüur…) dünyasını verir qəhrəmanın düşüncə selinin qabağına və oxucu ilə bahəm baxır-görsün sonu nə olacaq… Bu elə həmən qəhrəman – milli ziyalı obrazıdır ki, S.Əhmədlinin ilk bu tipli romanı – “Dünyanın arşını”ndan (1966-67) çıxıb, bugünəcən ölçə-ölçə milli varlığın parametrlərinə güzgü tutur, yuxulara – divan. İntəhası Zaman, dövr, kontekst dəyişir – qəhrəman yaşa-zamana dolur, Kontekst mətnə-tekstə. Və baxıb-görürsən qarşında tamam başqa romandır, düşüncə hədəfi də ayrı. Yoxsa ki, Sabir Əhmədli nəsrinin elə bir sirri də yox; əzəldən qəhrəmanı fokus seçmiş, “danışan” – qəhrəmanın düşüncələridir, “sirr” – onun həyatı…
Deyərdim ki: Qarabağ müharibəsi mövzusu ümumən ədəbiyyatımıza bu trilogiya ilə girir; “Ömür urası” isə artıq “hərb və dünya” sırasından (L.Tolstoyun səhvən “Hərb və sülh” adı ilə çevrilmiş romanına işarədir) yazıçı düşüncələrinin apogeyini verir. Fərz olunan (süjet) budur ki: ermənilər işğal etdikləri torpaqlardan çəkilməyə başlayıblar; ilklərdən biri olaraq Kişi özünü Arazbara (bəzi yerlərdə birbaşa – Cəbrayıl rayonu), doğma kəndinə, hələ Qarabağ müharibəsi öncəsi tikdirdiyi evinin ziyarətinə yetirir. Bu ziyarət başdan-başa yurdla soraqlaşma zəminindədir; yol boyu qədəm qoyduğu hər qarış torpaq, el-oba, adbaad kəndlər, yerlər, dağlar, təpələr, bulaqlar qəhrəmanı eyni zamanda müharibə öncəsinə, müharibə səhnələrinə və hətta daha uzaqlara – dinc-səliqəli yaşayış aldanışları dövrünə aparır; və yenə də bugünə, az-qala tək-tənha addımladığı, görməyə tələsdiyi, viran görüb də halallaşdığı yurdun indisinə qaytarır. Əbəs deyil ki, bütünlükdə trilogiyanın qəhrəmanı olan Kişi obrazı romanda məxsusi məxrəc alır; sovet dönəminə bağlı xatirələrdə, ünsiyyət məqamlarında, özgələrinin nəzərində o hələ “müəllim”dirsə, yurdla təkbətəkliyində eləcə Kişidir, Vətən torpağı ilə göz-gözə qalmış Kişi…
Hələ sovet dövründə “senzurasız ədəbiyyat”ın gözəl örnəklərini yaratmış S.Əhmədli “Ömür ura”sını da sırf “azad düşüncə” diskursu üzərində qurmuşdur. Bəzi yazarlar hətta sovet senzurası arxada qaldıqdan sonra da təzə ideoloji tabular uydurub, öyrəşdikləri kimi, onu pozmamağa səy qıldıqları halda, S.Əhmədlinin qələminə bu, yaddır. İstər yazıçı özü, istərsə də qəhrəmanı şəhid atasıdır; bu pillədən dünya da, dünya mənaları da, cəmiyyət və cəmiyyətdəki münasibətlər də, millətlər və millətlər arasındakı savaşlar da, fərdi insan istəkləri və dünyanın öz istəyilə axarı da başqa cür görünür; azad düşüncə mənzildən mənzilə, bir nöqtədə durmadan, dolaşıb da hər yerdə ümuminsanlıq məxrəclərində israr edir…
Yazıçı heç yerdə qəhrəmanın fikir yüyənini dartmaq fikrində deyil, əksinə hər nəyi müharibə müstəvisində kəskinliyi ilə durultmaq yolu tutmuşdur. Bir yandan insanın ictimai-sosial naqisliyi – istər sovet dönəmində, maddi-mənəvi məsələlərə münasibətdə, istərsə də elə müharibə gedişində, qaçqınlıq səhnələrinin doğurduğu acı nəticələrə qədər görünür; və hətta ermənilər gəlməmiş tərk edilmiş kəndlərdə talan faktlarına da yazıçı göz yummaq fikrində deyildir.
Digər tərəfdən, erməni və azərbaycanlı xisləti romanda üz-üzə durur; və təkcə müharibə səhnələri, müharibə havasında yox; yazıçı klassik ədəbiyyatımızdakı (Mirzə Cəlili yada salaq) “təbii müqayisə” yolu ilə gedib, sovet dönəmində də, sovetin çökdüyü dönəmdə də bu iki millətin qonşuluğunu natural görkəmdə təqdim edir; orta azərbaycanlının təsəvvürü və təcrübəsi ilə “erməni dığası”na münasibət və “erməni dığası”nın edə biləcəkləri: “Alçaq erməni dığalarının anasına, bacısına, nişanlısına sataşacaqlarını düşünüb: “Hər şey namusuma qurban!” deyib yubanmadan tərpənmişdilər…” Erməni vandalizmi, işğal altındakı şəhər və kəndlərdə bütün evləri, taxtapuşları vertolyotla sökmüş, aparmışlar … “Türk görəndə əsim-əsim əsən erməni gör bizi doğma yurddan qaçırtmış, yurd-yesir etmişdi: “Ara musurman! Yeddi ermənini bir dərədə tək görmüsən?” deyib də ələ saldığımız, sarıdığımız erməni başımıza nə müsibətlər gətirdi! Qorxaq, quşürək sandığımız dığalar, haylar tarix boyu nə qədər uduzmuşdular, nə ki hayıfları vardı bizdə, hamısını aldılar…”
Görünür, doğru yol budur, gerçək olanı göstərməkdir; amma yazıçı “orta səviyyə” ilə səksiz ki, ortaq ola bilməz, odur ki, Kişi barışmır da: “Ad-san qazanmış, igid kimi tanınmış rəisin siyirməsini erməni qulağı ilə doldurmağını bu kişi – müəllim bağışlaya bilmirdi. Doğrudur, tarixən ermənilər bundan qat-qat ağır cinayətlər törətmiş, vəhşiliklər etmişdilər. Müəllim bu sayaq davranış, işgəncə, alçaqlığı müharibə qanunlarına sığışdırmır, pisləyirdi… ” Yazıçı hər iki tərəfdən, bir-birinə baxıb da qəbirlərə qarşı törədilmiş vandalizmi də eyni etirazla qarşılayır: “Buyur bax! Gör, qurulu qoyub getdiyin qəbirlər nə kökdədir. Öləndən sonra mərhumları yenidən qətlə yetirmişdilər. Hamısının başı vurulmuşdu…”
Sovet dönəmində erməni məkri, erməni qurnazlığı qarşısında azərbaycanlı əlacsızlığı, min bir bəhanə ilə hissə-parça qoparılan torpaqlar Kişini yandırıb-yaxır: “Bəs başlıca işi, dolanışığı qoyun sürüləri, davar bəsləmək olan biz köçərilər neyləməli idik? Göydən bizə yaylaqmı göndəriləcəkdi? Erməninin nəyinə gərəkdi o dağlar? Xaçpərəstinki donuzdur. Donuza yaylaq gərək deyil…” Eyni məqamı millət müharibə gedişində də yaşayır: “Sirik səmtdə ermənilər hücuma keçmişdilər. Bu, onların qonşu Füzuli və Laçın, Qubadlı səmtdən başlanan geniş hücumlarının bir cinahıydı. Eləcə, həmin hücum qabağı bizim dövlət bir iş görmüşdü. Bütün yerli könüllü özünü müdafiə dəstələrini, bölükləri tərksilah edib buraxmışdılar. Halbuki ermənilər onlardan, nizami qoşundan daha artıq qorxurdular… ” Və heç atəşkəs dövründə də bu siyasətin caynağından qurtula bilməmiş: “Dünya ermənilərin mənafeyini güdür, bütün xaçpərəst aləmi, Avropa, Amerikada sakinləşmiş erməni diasporu onlara yardım edir, havadarlıq göstərirdi. Bizimkilərsə iqtidar-müxalifət cəbhəsinə bölünüb, bir-biriylə çəkişir, öcəşir, bitib-tükənməz didişmədən qurtarıb, Qarabağın azadlığından ötrü iş görə bilmirdilər…”
Romanda bir leytmotiv var – İnsan! Və bu, təkcə əsas personaj – azərbaycan Kişisinin simasında təcəssüm tapmaqla qalmır; yazıçı təfərrüatları, faktları, yaddaşdan və bilavasitə lövhələri, epizodları, hadisələri danışdırmaqla geniş insan mənzərələri yaradır; eyni zamanda anti-insani səhnələrə vurğu salır. S.Əhmədli insanlarımıza qarşı neçə-neçə erməni vəhşiliyinin konkret, faktik təsvirini verərkən, sakit görünür; lakin bu, niyyəti duru bir qələmin toxdaqlığıdır, müharibəyə öz rəngində yanaşmaq gərəkdir: “Kişi öz həyətinə yaxınlaşmaqda özünə bununla təsəlli verirdi: erməni işğalçılarının törətdiyi bütün cinayətlər Nürinberqsayaq bir məhkəmədə açılmalı, ifşa edilməlidir. Yalnız qırdığı dinc əhali, körpələrin intiqamı yox, qətlə yetirilmiş ağacların da cəzası verilməliydi. Bağ-baxçalara amansızcasına divan tutmuş qəsbkarlardan məhv etdikləri bitkilərin də qisası alınmalıdı…”
S.Əhmədli, tələb olunduğu tək, ədəbiyyatımızda ilk dəfə Qarabağ müharibəsi mövzusunu qlobal yanaşma müstəvisində çözməyə cəhd edir. Romanda maraqlı bir motiv var; Vətən torpağı ilə görüşə tələsən qəhrəmanın nigaranlığı yurddan da, doğma ev-ocaqdan da çox, qardaşının – Sovet İttifaqı Qəhrəmanının abidəsindəndir, hətta bu duyğularından özü də narahat olur: “Bir nanəcib onun nigaranlığı qabağında, üzə olmasa da, dalda söylərdi: Bunca millət məhv olub gedir. Bu da dirinin halına ağlamaqdansa, ölüyə yanır…” Bu motivlə yazıçı bir müharibədən digərinə və ümumən müharibə mövzusunun metafizik çözümünə körpü atır.
O da maraqlıdır ki, gerçəkdən mədəniyyət abidələrimizə qarşı xüsusən aqressivliyi ilə seçilən erməni millətçiliyi bu yerdə nədənsə ittihamdan “təmiz” qurtulur: “Bu həndəvərdə bircə heykələ qrad, mərmi toxunmamış, bircə qırnığı qopmamışdı…” Qeyd etmək gərəkdir ki, Üzeyir bəyin, Bülbülün, Natəvanın heykəllərinin güllələnməsi faktı romanda da qabardılır və üstəlik: “Bəs qalan abidələr? Axı ermənilərin zəbt etdikləri rayonlarda, şəhərlərdə milli abidələr çox idi, tariximizin nişanələri vardı. Həmin yerlərin ermənilərin olduğu iddiasından əl çəkməyən dığalar doğma torpaqlarımızdan bütün izimizi, nişanəmizi silmək, götürmək istəyirdilər… ”
Bəs eləsə, nədən: “Qardaşının heykəli yuxarı meydan – Bazarbaşında sağ-salamat, yerində idi. Həmin ucalıqda dayanırdı”; və hətta: “Yeddi ildi özümüzünkülər burada yoxdular. Qaçqın düşmüşdülər, doğma yurdda bircə həyan – yerli qalmamışdı. Bəs bu güllərə kim baxmış, kim onları suvarıb, yanmağa qoymamışdı. Heykəlin bağçasındakı kollar gül açmış, həndəvərdəki ağaclar böyümüşdü…” Böyük Vətən müharibəsi teması romandan xüsusi xətlə keçir; yazıçı qəhrəmanın qardaş heykəli ilə bağlı isti duyğularına səhifələr ayırmaqdan çəkinmir, o qədər ki: bu istiliyə-doğmalığa, mənəvi ucalıq bəlirtilərinə həmişə, elə sovet dönəminin özündə də soyuq-yad nəfəsin qarşı durduğunu da gizləmir. Bununla belə, Böyük Vətən müharibəsindəki Qəhrəmanlıq, şəhidlik ülvi bir məqamdır və gərəkdir ki, onunla bağlı insanların həyatından yan keçməsin.
Belə ki, yazıçı heykəl hadisəsini əsaslandırmaqda heç də çətinlik çəkmir; məsələn, belə bir epizod: qəhrəmanın yadına gəlir ki, qardaşı qonşu Hərəkül kəndindən dərzi Zümrüdün oğlu, erməni oğlanın da onunla birgə döyüşdüyünü məktubla xəbər vermiş və sonralar həmin oğlan müharibədə həlak olarkən hətta anası ilə birgə Hərəkülə gedib Zümrüdə başsağlığı da veribmişlər. Kişinin qolunda adını, soyadını bildirən döymə yazı var ki, bu yaddaş nişanəsi həmin oğlanın kiçik qardaşının əl işidir: “Buradaca kişinin ağlına gəldi: Zümrüdün bu kişiylə yaşıd olan kiçik oğlu bəlkə, bu – yeni müharibədə erməni qoşunu ilə gəlib çıxıbmış Cəbrayıla. Qəhrəmanı o saxlayıb, onun heykəlinə, muzeyinə toxunmağa qoymayıb…”
Başqa, daha əsaslı bir düşüncə. Kişi Polşada, Osvensimdə bir sənədlə tanış olmuş, öyrənmişdir ki: almanların “bir millət kimi yer üzündən silmək istədikləri” xalqlardan biri də ermənilərmiş. “Belə çıxırdı, qonşu rayondan olan qəhrəman oğlan almanlara qarşı igidliklə döyüşməklə, yalnız öz vətəni, xalqı uğrunda deyil, elə də ermənilərin xilası üçün vuruşub. Hər halda buradakı orta məktəbdə rus dili müəllimi işləmiş erməni Yervand da həmin müharibənin iştirakçısıydı… Eləcə də idman müəllimi Artavazd bunları bilməmiş olmazdı…”
Aydındır ki, romançı üçün təsvirə aldığı hadisəyə arqument gətirmək elə bir çətin iş deyil; əsas məsələ – niyyətin özündədir; romanda yazıçı ali bir məqama toxunur: hələ bitməmiş Qarabağ müharibəsində bütün körpüləri yandırmış erməni millətçilərinin xətt-hərəkətində heç olmasa bir sağlam damar, bulanmamış nöqtə axtarır. Yoxsa necə olur, romanın da şahidlik etdiyi kimi: başdan-başa azərbaycanlıların qanına susamış səhnələrdən ibarət erməni qəddarlığının faşizmdən bir fərqi olurmu? Tutaq ki, ortadakı müharibədir, qoy lap (romanda göstərildiyi kimi) “müharibə qanunları”na əməl olunmadığı qaydasız müharibədir; əgər bu, düşünülmüş qəddarlıq – nasizm deyilsə, o halda erməni tərəfinin də hardasa belə bir pənah apara biləcəyi bəraət yeri olmalıdır yəqin?! Axı ötən müharibədə faşizmə, nasizmə qarşı vuruşanların sırasında erməni millətindən olanlar da olmuş, üstəlik o müharibədən sağ çıxmalarına görə də ermənilər faşizm üzərində qələbəyə borcludurlar…
Bir daha xatırlatsam ki, “Ömür urası” Avropa standartlı bir romandır, oxucum incinməsin. Bir neçə illər öncə “İnostranka”da Günter Qrassın təzə bir əsərini (“Dəniz xərçənginin trayektoriyası”) oxudum; təxminən mündəricə bundan ibarətdi ki: vaxtilə II Dünya müharibəsində nasizmə qarşı vuruşmuş Ata bugün terror nəticəsində batırılan, nə qədər insanın ölümünə səbəb olmuş gəmi qəzasının internet soraqlaşmaları ilə izinə düşür və bu, onu öz Oğlunun üzv olduğu terrorçu nasist qruplaşmaya gətirib-çıxarır; mövzu belədir ki, ipin ucu açıldıqca Ata Oğul tərbiyəsindəki səhvləri görməyə, düşünməyə başlayır; məğz isə aydındır: unutqanlıq milləti yenidən nasizm təhlükəsi ilə üz-üzə qoymuş; roman ailə-məişət mövzusundan, millətin problemlərindən çıxış edib, qlobal məsələlərə ünvanlanır.
Bunu orda qoyub, “Ömür urası”na qayıtsam, deməliyəm: qaldırdığı yükün çəkisinə görə burda biz bəlkə bir onda çaşa bilərik ki, romanı Nobel mükafatçısı yox, Sabir Əhmədli yazmışdır. “Ömür urası”nda yazıçı lokal yozumları, yalançı pozaları qıraraq etnoqrafik, məişət, mənəviyyat, vətəndaşlıq, millət və ümumən insanlıq sırasından hadisələri və ziddiyyətləri ustalıqla bəşəri məzmuna yığa bilmiş; aya, olmadı elə oldu belə, kiminsə yanında gözüqıpıq görünməyimizdən qorxmamışdır. Romanın uğuru məhz ondadır ki, burda vətən hissi, vətənə, Vətən torpağına bağlılıq fərdi məzmununda qavranılır. Kişinin yurdla təması o qədər ibtidai və eyni zamanda düşüncəli, sivilizasiondur ki, istəsə də üçüncü bir kəsin bura girməyə yeri yoxdur…
Romanın son səhnəsini ən yanıqlı, apogeyi bilirəm. Əsərdə xalça sexindən də, orda çalışanların son ana qədər aldanıb-qalması və erməni əsirliyində başlarına min bir müsibət gəlməsindən də az-cox danışılır; və kimsəsiz, dağılmış yurdda da Kişinin rastlaşdığı ilk bəni-adəm xalçaçı qızlardan biri olur:
“Hasarsız həyətin istənilən yerindən girə bilsə də, qız çıxarılmış qapını bələdləyib, oradan gəldi. Dayandı borudan fışqıran suyun yaxınlığında.
Kişi hal-əhval tutdu. Xalça Birliyinin başına nə gəldiyini soruşdu.
Qızın baxışları taxtapuşu sökülmüş alt-üst evin üst qatına dolandı. Pəncərələri çıxarılmış otağın önündə, eyvanın tavanına dikildi. O, köks ötürüb dedi:
- Sizin oğlunuzun başına gələni də eşitdik… Murovda şəhid olub…
Qızı qəhər boğdu, kişi dilləndi:
- O, yayda buraya gəlir, evin işinə əl tuturdu.
Qız üst qatı, eyvanın tavanını göstərdi:
- Oranı rəngləyirdi. İşdən gedəndə görmüşdük. Anası çağırırdı: “Ehtiyatlı ol, yıxılarsan!” Bibisinin, sizin bacınızın toxumçuluq idarəsinə də baş çəkirdi… Bibisinə deyibmiş: “Mən xalçatoxuyan qız alacam!”
Kişi kəsik ağacların dibinə axan suya baxdı, dilləndi:
- Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər.
Xalçaçı qız üst qatdan gözünü yığıb, müəllimlə sağollaşıb, düzəldi yola”.
Sabir Əhmədli burda qurtarır; və elə buradan da başlayır…
İyun- 11 iyul, 2008
Və ümumən trilogiya barədə qeydlərimə trafaret bir yekun vurmaq qalır; bu barədə yazılmasa da, deyilməsə də, şəksiz ki, hər üç roman – “Axirət sevdası”, “Kef”, “Ömür urası” qocaman yazıçının ömür üzərində əsl qələbəsi, “ura”sıdır.





Yüklənir...