Seymur Baycan. Həyasızlığın qısa tərifi.

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 22 Aralık, 2008

seymur-baycan-2Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik, bu gündür. (B.S.)

Qərbin maşınında gəzib, Qərbin mobil telefonuyla danışıb, Qərbin televizoruna baxıb, Qərbin radiosunu dinləyib (Qərb dəyəndə qeyri-müsəlman dünyası nəzərdə tutulur), Qərbin kompüterində mətn yığıb, əyləncəli vaxt keçirib, Qərbin təyyarəsinə minib dünyanı gəzərək, Şərqin çox böyük bir mədəniyyətə sahib olduğunu demək, Quranda bütün elmi kəşflərə işarə vurulduğunu iddia etmək həyasızlıqdır. Qərbin şampunuyla baş yuyub, ətirləriylə ətirlənib, kremləriylə kremlənib, Qərbin bezindən, ülgücündən istifadə edib, sonra “Şərqdə adamlar hamamda çiməndə qərblilər hamamın nə olduğunu bilmirdilər” demək həyasızlıqdır. “Şərqlilərin zəngin yemək mədəniyyəti olanda qərblilər yeməkdən əvvəl əllərin yumurdular” demək həyasızlıqdır. “Qərblilər xaç yürüşlərindən əvvəl vedrəyə oturub hər şeyi küçəyə tökürdülər” demək həyasızlıqdır. Bilirsiz niyə? Çünki, dünən dünəndir, bəs, bu gün kimsən? Fakt budur ki, Pakistandan tutmuş, Əfqanıstana, Fələstinə, Banqladeşə qədər (biz də  sovet imperiyasının çökməsi nəticəsində yavaş-yavaş bu siyahıya daxil oluruq) İslam ölkələri bitin-birənin içində itib-batır, antisanitariya hökm sürür. Bir az üzə çıxarılası Türkiyədir. O da tam yox. Bu da hələ Atatürkün sərt islahatları nəticəsində. Türkiyədə hicab problemi ortaya çıxanda köşə yazarlarından biri dəmir kimi məntiq atmışdı ortaya: “Bu gün siz qızların hicabla universitetlərə getməyini tələb edirsiniz. Əgər Atatürkün reformaları olmasaydı, qızlar universitetlərə təhsil almağa gedə bilərdilərmi?”.

Min ildi Şərq ədəbiyyatı adil şah axtarır. Və ən qəribəsi odur ki, adil şah “axtarışını” şairlərə despotlar özləri sifariş veriblər. Şərq ədəbiyyatı Nizamisi, Füzulisi, Əlişir Nəvaisi, Hafizi, Sədisi, bütün meyxana deyənləri, aşıqları, ozanları ilə bir yerdə Çexovun “6 nömrəli palata” əsərinə dəyməz. Şərqin “Tutinamə”si, “Qobusnamə”si, “Min bir gecə” nağılları və bir sürü “namələri”, qalaq-qalaq didaktik poemaları, mikrob, murdarlıq mənbəyidir, mənsəbə çatmaq üçün min əclaflıq öyrənmək istəyənlərin “parniki” olur.
“Bizi inkişaf etməyə qoymayıblar, bizi qırıblar, biz az dahilərimizi dünyaya tanıda bilməmişik” demək həyasızlıqdır. Necə olur, ispan dilindən rus dilinə, rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Don Kixot” məni ağladır, güldürür, düşündürür, dönə-dönə oxumağa vadar edir, burdan bura əti ətimdən, qanı qanımdan olan Füzulini anlaya bilmirəm.

Nəhayət Babəki “Babək” filmindən tanıyıb, “Babək islama qarşı yox, ərəb işğalçılarına qarşı mübarizə aparıb” demək, həyasızlıqdır.

P.S. Gözümü açandan Maykl Ceksonun İslam dinini qəbul etməyə hazırlaşması haqqında xəbərlər eşidirəm.

1 səs2 səs3 səs4 səs5 səs (44 səs, hardasa: 3,41 ilə 5 arası)
Loading ... Loading ...

Comments are closed.