Sevinc Pərvanə. Yeni Şeirlər
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 24 Aralık, 2008
Fantastik
nə qədər ki,
körpələr doğulacaq
Allah bu günün işini
sabaha qoyacaq…
mollaların, keşişlərin xəbər verdiyi
axirət günü gəlmək bilməyəcək
körpələr qığıltılı dilləriylə
möhlət istəyəcəklər…
böyüyəcəklər
yaşlanacaqlar
sonra
yenə körpələr gələcək dünyaya…
Allahın əli xəmirli,
üstü unlu qalacaq…
super fikrim var-
Allah körpələri
Kosmosda
yer kürəsindən kiçik
amma daha təmiz
bir yerə
- fərqi yoxdur
kvadrat olacaq
ya kürə-
evuakasiya edə bilər məsələn,
Nuhun gəmisində.
bəlkə yayı çox isti
qışı çox sərt
bibərin acısı ağız yandıracaq qədər olmaz
oralarda
bəlkə dənizlər duzsuz
kölgələr uzunömürlü
ay daha parlaq
hər addımbaşı ağıl verən böyüklər yox
xoxanlar yox
nağıllar yox
cinlər yox
nə atalar sözləri
nə kitablar
nə kilsəsi
nə məscidi…
nə qalın-qalın qanunlar
nə irqlər
nə sərhədlər
hər yer Allah
hər yer körpə qığıltılarından doğan dualar…
ilk addımını basdığı yerdən çiçəklər boylana
körpələrin
böyüklərin müharibələrindən qalan
minalar yox!
Amma yox
Amma yoooxxx
yoxxx
bu fikrim Allahın xoşuna getməyəcək
çünki körpələr böyüyəcək
silahlar düzəldəcək
heyvanları öldürəcək
ət yeyəcək
qarışqaları tapdalayacaq
tısbağaları çöpləyəcək
quşlara daş atacaq
İblisi şadlandıracaq…
yenə kitablar
mollalar,
keşişlər gələcək
daha körpələr olmayacaq…
***
bizim zamanlarda
gəlinciklər
daha çox uşaqlara bənzərdi…
qızımın gəlincikləri kimi
süni
üzü sırtılmış qadınlara bənzəməzdi…
uzun saçları və ətəkləri olardı
dırnaqları boyasız
geyimləri daha sadə
üzləri gülümsər…
yanaqları qırmızıya çalardı
qırmızı olmazdı
döşləri gözə girməz
bikini geyinərdilər…
göbəklərindəki düyməni basdınmı
rusca da olsa
“ata-ana” çağırar
“I love you” deməzdilər
irişə-irişə
sürüşə-sürüşə
bizim zamanların gəlincikləri
bir başqaydı…
sözə baxardılar
yatağına uzatdınmı
gözlərini yumub
dərhal yatardılar.
***
həşəratların dirisindən
adamların ölüsündən
qorxur qadınlar…
mən qadınam
və məni üşəndirirsən
eyy…
eyy…
yatağımda uzanan ölü.
***
… mən ona dedim
bu cəsədi tanıyıram
inanmadı əvvəl
onu mən öldürmüşəm dedim
daha betər inanmadı…
çıxartdım soyuq silahımı
dayadım xirtdəyinə
və…
nədir, yoxsa səndə inanmırsan ?
İlan balası
bığ yeri hələ tərləməmiş
sonu “yedilər, içdilər, yerə keçdilər ”
laflarıyla bitən
nağıllardan oyanmamış
kişi qırıqları
qızlara atdıqları atmacalarla
gözlərinin qurdun öldürər bizim yerlərdə…
“Malena” filminin
yeniyetmə qəhrəmanları kimi
öz kişiliklərini
məktəb xətkeşiylə ölçər…
öyünərlər.
belə görməmiş kişi qırıqlarının
atdığı atmacalar
hələ də yadımda:
“ey fələk, eylə külək
qaldır ətəyi bir də görək ”
və ya
“oy mama,
ilan girdi yuvama” kimi
gicbəsər laflardan sonra
ətəyə və ilana kin vardı içimdə…
ta bu günlərdə
həyətin ortasında qara ilan balası
peyda olanadək…
uşaqların –ilan!-deyə çığırtısına
hövlnak özünü həyətə atan
ərimə yetişəndə
vurulmuş gördüm ilan balasını…
yadıma “Malena ” filminin
bığ yeri tərləməmiş
gicbəsər qəhrəmanları düşdü
hələ türk kanallarından birindən ucalan mahnının
əttökən sözləri
heç yerinə düşmürdü:
“içimə işlərkən farkına varmamışım”
heç də gülməli deyildi
ilan balası can verirdi
ulduzlar qeybə çəkilmişdi.
* * *
R. Tağıya.
şərqin ən sərt
müsəlman ölkəsində
daşlanmaq təhlükəsiylə üzbəüz
bir qadının
qanunsuz-kağızsız
kəbinsiz-talaqsız
anasından çox sevdiyi kişinin
yatağına girdiyi kimi
dinsiz –imansız
peyğəmbərsiz-imamsız
kitabsız sevdim Allahımı
daşlanmaq
dışlanmaq
təhlükəsiylə üzbəüz…
***
içində sevişmə səhnəsi
bir film seyr edib
sevişmək istədiyimiz kimi
hər dəfə
gözəl bir şeir dinlədiyimdə
ya oxuduğumda
“sonuncudur” qorxusundan doğan bir hisslə
şeir yazmaq keçir içimdən…
Bört Qlinnin
keçən əsrin 61-ci ilində çəkdiyi
“Berlin divarından qərbdən şərqə doğru qadının baxışı”
fotoşəklinə
baxarkən
ağlımdan keçən bu düşüncələrə
bir baxın…
göz yaşlarını
sildiyi cib yaylığını
və başındakı şlyapanı aldığında
yaşadığı sevinc hisslərini gətirirəm
göz önünə
və bir də əlindəki əlcəklə
yaylığının həmrəng olduğu
qaçmır gözümdən
nədənsə ətrafındakılardan fərqli
yoxdur əlində binoklu
gözləri yaxşı görürmü uzağı
bu yaşlı qadının
əlindəki yaylığı sol gözünə
bərk-bərk sıxmağına rəğmən…
Poeziya
klaviaturanı yaxın buraxmır
barmaqlarıma
doğularkən şeirlərim
qələm arayır barmaqlarım
bununla da sübut edir poeziya
öz qədimliyini…
şeirlər səbr eləməyi
gözləməyi sevmir
nə vaxt açılacaq öz kefiylə
Microsoft
Windows XP
və mən nə vaxt
word-də azəriyə çevirəcəyəm şrifti…
misralar bir-birini qovub
süzülür qələmdən damcı-damcı
mənim Beko markalı
sürəti ləng kompüterim açılınca…
texnikaya və müasirliyimizə meydan oxuyan
poeziya
min il əvvəlki kimi
yenə ilham pərisinin qanadlarıyla süzür…
doğularkən
qəfil elektriklərin gedəcəyindən
kompüterin sönəcəyindən
yarıyolda boğulub öləcəyindən
qorxur şeirlərim
qələminə sarılır bamaqlarım bərk-bərk
etibar etmir
müasir texnologiyaya
buna görə poeziya
içində qədimliyi
saflığı
ilkinliyi saxlanan
hələ tam robotlaşmamış
yaşamımızı idarə edən
iri dişli
mexaniki çarxın hissəciyinə çevrilməmiş
insanları
yəni min nəfərdən birini
maraqlandırır ancaq
kompüter əsrimizdə…



(7 səs, hardasa: 4,14 ilə 5 arası)

Yüklənir...