Xatirə Sadıqova. Şeirlər.
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 06 Ocak, 2009
FREDİ MERKURİ olmaq
Daş deyəndə ağlıma adamlar gəlir
səs deyəndə divarlar
yuxuda müzik çalıram
səhərə kimi
bir də qayıtmağı sevmirəm geriyə
beləyəm mən də
sizin əbədi qalib
aradan günlər də keçsə
araya günlər də qatılsa
bütün qəlibləri əridib
yeni dünya yaradacağam
yeni dünya
ölkələr sərhədsiz
evlər sərhədsiz
mən sizinlə
siz… mənsiz
ZƏNCİROTU ÇIÇƏKLƏRİ
Fərqinə belə varmadan
günlərin başlamağının
yoxluğun
yoxsulluğun
yaşayırdın ömrünü.
Hər dəqiqə aldadırdı səni
evlərin,
adamların,
yolların görüntüsü.
Sonra da qaçıb səssiz bir məkana
açaraq gözlərini göylərə
unudurdun özünü də
Onda yaşın on altıydı,
onda zəncirotu çiçəkləriylə bəzəyirdin saçlarını
Onda həyatı sevirdin…
GEDIŞ BİLETİ
Alnında dağınıq saçların
qolunda qara çanta
əlində gediş bileti
və itirilən bir çox şeylər
səni apardı bu şəhərdən
bu şəhəri məndən
anladım ki, vağzallar
görüş yox, ayrılıq yeridir
düşüncələri sərxoş olmayan adamlar üçün
əsl ağlamaq yeridir
qadınlar üçün
silib göz yaşlarımı
geri qayıtdım
hamı qayıdırdı
hərəmiz öz içimizdə
yeni şəhərlər tikməyi düşünürdük
üşüyürdük…
TORPAĞIN ƏLLƏRI BÖYÜKDÜR
Doğulanda həyat
yaşayanda silah
öləndə bayraq oldun
Torpağın əlləri nə böyükmüş
gizlətdi səni də
mən ağlamağı öyrəndim
sən yaşamamağı
bir də
unutmağı öyrəndik hər ikimiz
torpağın yaddaşı zəif olur
İndi uzaqdasan yaşamdan
çiçəklərlə doğmalaşmısan
üzünü çevirmisən məndən, zamandan
sığınmısan torpağa
“torpağın qucağı istidir, daha isti…”
YUXUSUZLUQ
Qəribə deyil
evə dönəndə
əlil fikirlərinin
havanı tuta-tuta yeriməsi
adını yarpaqlara yazması
səsini şeirlərə çevirməsi
Qəribə deyil heç deyil
günəşi güllələyəndə
quşları yada salmağın
gecə pəncərə şüşəsindəki
qaranlığa ağlamağın
damalı, 66 yaşlı pencəyi
qucaqlamağın
Yox, qəribə deyil, yox
səndən içəridəki sənin
qatillik həvəsi,
intihar fəlsəfəsi
Sus, danışma,
divarlar bilməsin



(8 səs, hardasa: 4,75 ilə 5 arası)

Yüklənir...