ALOV. OXLOV VƏ İLAN
Yazar: Admin | Bölmə: Proza | Tarix: 07 Ocak, 2009
a.eyvazova@yahoo.com
Hər birimizin bir oxlovu və bir də ilanı var: Hər dəfə bunlardan birini udmuş oluruq: Biz asılı olduqlarımız qarşısında ilanımızı, bizdən asılı olanlar qarşısında oxlovumuzu udmaq bacarığına və vərdişinə malikik.
BİZ ASILI OLANDA
İlan udub elastiki oluruq, hər cür əyilə və qıvrıla bilirik, su kimi hər səmtə üzüaşağı axa bilirik, sümüksüzləşirik.
Hər cür dəlmə-deşiyə girə bilirik.
Qabıq dəyişdirməkdə mahir oluruq.
Sürünməkdən utanmırıq; özümüz sürünsək də, təki işimiz yerisin.
Qıvrılmaqdan, əyrilməkdən utanmırıq, təki işlərimiz düz olsun. Qıvrıla-qıvrıla, əyrilə-əyrilə işlərimizi düzəldirik. Qıvrılmasaq, əyrilməsək işlərimiz əyrilər.
İşlərimiz əyriləndə udduğumuz ilanın özünə çevrilirik: ilan-ilan ayaqlara dolaşırıq, sancmağa topuq gəzirik: “biri bizi tapdalasaydı…”
İşlərimiz əyriləndə zəhər tuluğuna dönürük, : “biri bizi bizləsəydi…”
Kölgə axtarırıq, daha doğrusu kölgəsalan axtarırıq. Kölgəsalanı sevməsək də, kölgəsini sevirik.
Canımız da qızmır onun-bunun kölgəsində, ona görə buz kimiyik, soyuqqanlıyıq. Heç kəsə ürək qızdırmırıq, heç kəsə canımız yanmır.
İlanudanın ağı-qarası, varlısı-yoxsulu, alimi-cahili, aşağısı-yuxarısı olmur.
“Ağ” ilan udan da, “qara” ilan udan da qabıqlarında eyni olmasalar da, xasiyyətlərində eyni olurlar. “İlanın nə ağı, qarası…”
BİZDƏN ASILILAR QARŞISINDA
Oxlov udub dümdüz oluruq. Guya əyilməzik, sarsılmazıq.
Başımız göylərdə olur, ayağımız yerlərdə.
Gözümüz ayağımızın altını görmür.
“Vüqarlı” oluruq, “qürurlu” oluruq, “əlçatmaz” oluruq, “ünyetməz” oluruq.
“Hələm-hələm” bizi “görmək” olmur… “Lütf” edirik, bizi “görürlər” – “hörmətkeşlərimiz”.
Həmişə dik yeriyirik, üzümüzə dikələnlərə ayaqlarımız cavab verir.
İlan udanda kölgə gəzirdik, oxlov udanda “günə çıxırıq”, “gün görürük”.
İlanudanlar kölgəmizə qaçırlar, daldada kölgəmizi qılınclasalar da.
Ağır oturub batman gəlirik, udduğumuz taxta oxlov kimi çəkimiz olmasa da.
Qarnıyoğun taxtabaşıq, amma başımıza and içərlər, yolumuzda baş qoyarlar.
Taxta kimi qupquruyuq, ürəksizik, amma neçə-neçə ürəkli oğlanları qabağımızda quruduruq.
Nida işarəsi kimi dayanırıq, qarşımızda Sual işarəsinə oxşayırlar.
İlan kimi dil çıxarırlar, əl-ayağa dolaşırlar, quyruğumuza dönürlər.
AMMA
Daim oxlov udub gəzə bilməzsən, kimdən asılısansa, qarşısında ilan udub dayanmalısan.
Oxlovudmuşun qabağına oxlov udub çıxa bilməzsən, yoxsa oxlovunu sındırıb qoltuğuna verərlər.
Oxlovunu saxlamaq üçün ilanını yanında gəzdirməlisən.
Oxlovudmuşların yanında ilanudan olmasan, səni yol kimi elə tapdalayarlar ki, “özün öz yolun” olarsan. Səni yuxa kimi elə yayarlar ki, bu üzündən baxanda o biri üzün görünər.
İlanudanların yanında, yəni, səndən asılı olanların yanında da oxlovudan olmasan, səni qurbağa kimi diri-diri udarlar. Səni elə çalarlar ki, panzəhrin tapılmaz.
Nə zaman Oxlov, nə zaman İlan udmaq lazım gəldiyini bilmirsənsə, bu cəmiyyətdə yaşaya bilməzsən.





Yüklənir...
Ibretamiz ve maraqli eserdir. Sizin bundan evvelki eserlerinizi de oxumusham, xususen de lit.az-da derc olunmush yazilari nezerde tuturam. Her biri yiqcam, ancaq boyuk metleblere toxunan yazilardir. Amma hansi aspektde yazmaqinizdan sali olmayaraq hamisindan demek olar ki oxshar neticeni cixarmaq olar. O netice de ashaqidaki kimidir –
“Nə zaman Oxlov, nə zaman İlan udmaq lazım gəldiyini bilmirsənsə, bu cəmiyyətdə yaşaya bilməzsən”.
teshekkur edirem. yeni eserlerinizi gozleyirem.
Hamıya oxşamayanı hamı anlaya bilmir, Alov xanım. Bir-birinə oxşayanlar həmişə çox və çoxluqda olduqları üçün heç kimə oxşamayanlar təkliyə dözməlidirlər, Alov xanım. Yazı üslubunuz aqibətinizdir!
İndividual-psixoloji analiz, sosial-psixoloji diaqnoz və lakonik-aforizmik bədiilik! Fövqəladə! Mən sizi təbrik edirəm! Amma təklənsəniz qorxmayın. Səbəbini sizə öz səviyyəmdə izah etməyə çalışdım. Uğurlar arzulayıram!
Ağcaqanad filin başına qondu, “böyüklərlə bağ-başa vermoşik!”- deyə düşündü.
Çömçə udub aş istədik,
Nimçə udub xaş istədik.
papaq görüb baş üstədik,
başı da girlətmək üçün
bir ovuc xaş-xaş istədik.
hər nə istədik verdilər,
iki burun, iki göz,
birini də çaş istədik!
faciədir,necə də mənən aşınmışıq.təbrik edirəm müəllifi.özümüzə deməyə sözüm yoxdur…
“Hamıya oxşamayan” Yazıçı! Mən Canavar oldum, dədəəəəəəəəəəəəə!
insan xoshbextliyi egonun oxlov kimi sinmasindan asilidir
Yaxşı essedir,
cox gozeldir,
heyatidir,
Muellife TEBRİK dusur!
İrad: mistik baxımdan yetkin deyil.
Maraqlidir!
Chox da kederlidir…
Yazıda keçən bu “oluruq” əskidən miras qalan tənqiddir. Ölkənin iqtisadi, siyasiç kültürəl statusu dəyişmədikcə bu şəkildə olacaq. Günah insanlarda deyilç fərd bu kültürün içində doğulur və boğulur. Belə yaşamaq zondadır. Başqa alternativi varmı?
“su kimi hər səmtə üzüaşağı axa bilirik” ifadəsində “hər səmtə” sözcükləri “üzüaşağı” sözüylə uzlaşmır.ancaq düşüncə tərzi maraqlıdır.uğurlar!