Seyran SƏXAVƏT. Bəhanə (Roman) I hissə.

Yazar: Admin | Bölmə: Roman | Tarix: 14 Ocak, 2009

seyran-sexavet1Müəllifdən:
Süleyman Abdullayev, haqqında roman yazılan ilk xanəndədir. Onun ifasında muğamlar, xalq və bəstəkar mahnıları əvəzsiz, təkrarolunmazdır. Dədə Süleymanın həyat və yaradıcılığından bəhs edən bu sənədsiz roman, həm də, təxminən son yüz ilin muğam mənzərəsini oxucuların gözləri qarşısında büsbütün dirildir və canlandırır.
Mən Dədə Süleymanın həyat və yaradıcılığını göründüyü kimi yox, görmək istədiyim kimi qələmə almışam.
Hörmətli oxucu, vaxtın və həvəsin varsa, buyura bilərsən.


… Bakıda nə Seyid Şuşinskinin, nə də Xan Şuşinskinin xəbəri yox idi ki, Qoçəhmədli Cümşüdün arvadı Göyüş doğub… lll Kəndə dizəcən quşbaşı qar yağıb, toxtamışdı. Dərə-təpənin təmizliyi adamın gözlərini qamaşdırırdı. Bərk şaxta idi – iti quyruğundan bağlasan çöldə durmazdı. Kəndin səs-küyü bu gözqamaşdırıcı ağappaq paklığın altında qalmışdı, bircə Çinar bulağından başqa – bulaq donmamışdı, buğlanırdı və adama elə gəlirdi ki, donmuş əllərini bir-birinə sürtə-sürtə orda qızdıra bilər. Xan çinar isə billur, nəhəng ağac heykəlinə oxşayırdı. Gövdəsi də, budaqları da buz bağlamışdı və xan çinar üşüyüb eləmirdi. Bu çinarı kim əkmişdisə, bilən yox idi; fərsiz oğul əkməkdənsə ağac əkmək yaxşıdı. Yayın cırhacırında el-oba burda kölgələndikcə onu əkənə rəhmət oxuyurdu. Göylərə baş çəkən bu nəhəng çinar bulaq başında əkiləndə quzu otaran uşağın əlindəki çubuq boyda idi, bircə dəfə gəldi, basdırdılar, bitdi, kök saldı, məskən saldı, böyüdü, qol-budaq atdı.

Parisin göbəyində bir Eyfel qülləsi bitib… Qoçəhmədli kəndinin göbəyində bir xan çinar bitib. Allah Eyfelə fransızca rəhmət eləsin. Allah qoçəhmədlilərə necə rəhmət eləyirsə, bu xan çinarı əkənə heylə rəhmət eləsin. Bu yerə Çinar bulağı deyirlər. Çinarı kimin əkdiyi bilinmədiyi kimi, yaşını da bilən yox idi. Bulaq çinardan da, onu əkəndən də qədimdi. Elə qoçəhmədlilər də bu bulağın eşqinə burda məskən salıblar, onun başına yığışıblar. Əslində isə onlar üç nəfər idilər; bulaq, çinar və çinara sarılmış üzüm ağacı.

Hər kəndin öz bayrağı olsaydı, yəqin ki, qoçəhmədlilərin bayrağının üstündə bulaq, çinar və tənək şəkli çəkilərdi. Çinarın barı onun kölgəsi idi. Üzümü də ona görə əkiblər ki, çinar utanmasın. Üzüm vaxtı çinarın budaqlarından sallanan salxımlara baxanda adama elə gəlir ki, çinar ağacı üzüm gətirib, bu iki toxum bir-birinə elə qaynayıb-qarışıb ki… elə Qoçəhmədli camaatı kimi… Qoçəhmədli kəndinin dörd yüz ildən artıq tarixi var. Bu kənd indiki Füzuli (Qarabulaq) rayonundan doqquz kilometr aralıda, Cəbrayıla gedən yolun iki-üç kilometrliyindədir. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın Qarabağda yandırdığı kəndlərdən biri də Qoçəhmədli olub. Bu kəndin mərd, tanınmış adamlarını barmaqla göstərmək olar, saymaq yox. Taxıl əkiblər, heyvan saxlayıblar, üzüm becəriblər, necə deyərlər, bu kəndin cəhrəsi cırıldayıb, nehrəsi çalxalanıb, dolanışıqları yaxşı olub. Bir də ki, o cür çinar bitirən torpaqda kim acından ölürsə, elə ölməyi məsləhətdi… Qoçəhmədli kəndi dünyanın ən dadlı-duzlu kəndidi – inanan inansın, inanmayanın da ki… Qabrovanın adı çıxıb, Şəkinin də bir az dadı.

Bolqarıstandakı Qabrovanın bütün lətifələri iki Qoçəhmədli arvadının beş dəqiqəlik söhbətinə dəyməz – bilənlər yaxşı bilir. Qoçəhmədlinin zarafatını ancaq Qoçəhmədli götürə bilər, çünki bu, hər adamın işi deyil. …Qoçəhmədli kəndinə əslən başqa kənddən olan bir Azərbaycan dili müəllimini kolxoz sədri qoyurlar. Üç-dörd gündən sonra eşidirlər ki, inək almaq üçün suda verirlər. İki qonşu ərizə yazıb sədrin yanına gedirlər. Qonşulardan biri içəri girir:
- Sədr, salam.
- Salam.
- Suda almağa gəlmişəm, bu da mənim ərizəm.
Sədr ərizəni alıb oxuyur, qaşları çatılır, stolun üstündəki qırmızı karandaşı götürüb ərizədəki imla səhvlərini düzəldir, kolxozçuya qaytarıb deyir:
- A kişi, bu nə ərizədi yazmısan, hamısı səhfdi, get təzədən yaz.
Kolxozçu sədrin kabinetindən çıxan kimi qonşu soruşur:
- Urustam, nooldu, aldın?
- Hə… mən “iki aldım, indi sən get…”

Qoçəhmədlinin ərizə yaza bilməyəni belə olanda, gör o biriləri nədi eee… Söz altda qalan deyillər; dünyada da ki, sözdən ağır yüklü heç nə ola bilməz. Sözün altından çıxmağı bacaran adam quyunun dibindən də çıxar. Xalq demiş, dəyirmanın boğazından ölü sal, o tərəfdən diri çıxsın. Bir-birlərinə böyük ərkləri var qoçəhmədlilərin. Bir-birinə rast gəldilərsə dünya bunlarındı. Zarafat eliyəcəklər, deyib-güləcəklər, bir-birinə ilişməmiş əl çəkən deyillər. Çünki onlara elə gəlir ki, adam bir-birinə ilişəndə nəsə ortalığa çıxa bilər. Quru adamlardan zəhlələri gedir və Qoçəhmədli üslubunda onu elə ələ salıb oynadırlar ki, heç özünün də xəbəri olmur. Danışıqları, ləhcələri də Füzulinin, Azərbaycanın və dünyanın bütün kəndlərindən fərqlənir. Dünyanın harasına da getsələr ləhcələrini özləri ilə aparırlar. Parisdə fransızca danışan bir qoçəhmədliyə rast gəlsən ağzını açan kimi bilərsən ki, qoçəhmədlidi – oyanı-buyanı yoxdu. Onlardan olsa bütün dünya Qoçəhmədli ləhcəsində danışar. Məsələn, rus rusdan hardan gəldiyini soruşanda belə deməlidi:
- Otkuda İdyooooooş? – Yəni hardan gəlirsəəəəəən?

Görkəmli bir qoçəhmədli var, Azərbaycanda onu tanımayan yoxdu, sonra biləcəksiniz kimdi. O öz ləhcələri ilə rusca danışanda mənim rus dilinə yazığım gəlir. Puşkinin, Tolstoyun, Dostoyevskinin, Lermontovun dilinin – böyük rus dilinin Qoçəhmədli ləhcəsinə necə sığındığını eşidəndə başqa bir aləmə düşürsən, bu ləhcənin qüdrətinə hayıl-mayıl olursan, bu ləhcənin yekəxanalığına və ağayanalığına, sözün böyük mənasında işğalçılıq cəhdinə heyran qalırsan və ürəyindən keçir ki, Moskvanın Ostankino konsert salonunda bu görkəmli qoçəhmədli ilə rus elitasının görüşünü keçirəsən, bu şərtlə ki, bu görkəmli qoçəhmədli bütün suallara rusca cavab versin – bax, bu olar aləm. Sonra bu görüşün lent yazısı bütün Rusiyanı şəhər-şəhər, kənd-kənd, qapı-qapı gəzər və inandırım sizi ki, heç kəs doydum deməz; Qoçəhmədli ləhcəsi ilə böyük bir dilin, böyük meydan savaşı… Bu kənddə hamının üzüyola, yumşaq səsi var. Hələ oxumağı demirəm, onlarla üzbəüz dayanıb adicə söhbət eləmək adama xoş gəlir, hamısı xanəndə deyil, bu iddiadan, hikkədən də çox uzaqdılar. Taxıl əkəndə, üzüm becərəndə, mal-qara otaranda isə oxuyarlar, özləri üçün oxuyub ürəklərini boşaldırlar – xüsusilə tək olanda. Dünyanın bütün böyük oxuyanları isə elə özləri üçün oxuyanlardı. Kimsə oxuyanda, onu bir nəfər başqası da, yalın o üzündə eşidirsə, burda da bir ilahi halallıq var, halal xoşu olsun. Və səhərisi bir nəfər kəndin ortalığında danışırdı:
- Dünən gün əyiləndən xeylax sonra örüşdən gəlirdim. Qəfil qulağıma səs gəldi, o tərəfə çöndüm – səs tərəfə, özünü görmədim, ancaq səsini tutdum, allah, allah nə təhər oxuyurdu.
- Əə, kim idi? – Kiminsə hövsələsi çatmadı.
- Nətəhər oxuyurdu, – sual verənə məhəl qoymadı, – nətəhər oxuyurdu, bəlkə səsi kənd Horadizdəki İmanzadəyə gedib çıxırdı.
- Ə, kim idi?
- “Bəyənmir məni”ni oxudu, qardaş, arasında da “Segah”, sümüyüməcən yandırdı məni.
- Əə. De görək kim idi dayna? – söhbət eliyən yenə sual verənə məhəl qoymadı.
- Tüstü təpəmdən çıxdı, qardaş, deməli deyil ee, gərək… Bah… bah… bah… O nəyidi əə?- Camaata göz gəzdirdi, – necə bunun yiyəsi yoxdu ee…
- Əə, kim idi?
Söhbət eliyən adam dərin fikrə getdiyindən bir başqası onun əvəzinə cavab verdi:
- Yəqin İlyas imiş…
Söhbət eliyən tez fikirlərdən ayıldı, elə bil ki, bir an geciksəydi onu valeh eliyən oxuyanın hüququ pozulmuş olardı:
- Bilirsiniz kim idi?
Uşaqlı-böyüklü hamı gözünü ona zilləyib birdən soruşdular:
- Kim?
- Cümşüd kişinin gədəsi Rəvan. – Sonra başını bulaya-bulaya gözünü bir nöqtəyə zillədi, – kəndin ayağında rastlaşdıq, dedim oxuyan sən idin? Boynuna almadı.
- Yəqin utanır dayna… – Kimsə dilləndi.
Söhbət eliyən ona cavab vedi:
- Seyid Əşrəfin cəddi haqqı mənim heylə səsim olsaydı… utanmaq nədi ee, qoymazdım camaatın gözünə yuxu getsin, and olsun Allaha… nə danışırsan əə…
Kimsə dizlərini nəm torpağın üstünə atıb əllərini göyə qaldırdı:
- Allah saa şükür, Allah saa şükür, Allah saa şükür!
Hövsələsiz adam dedi:
- Əə, bu niyə belə eliyir? – Başı ilə onu göstərdi.
- Allah saa şükür, Allah saa şükür, Allah saa şükür!
- Əə, nəyə şükür eliyirsən de, biz də eliyək dayna.
- Əə, şükür eliyin, şükür eliyin ki, Allah buna səs verməyib, yoxsa batıb qırılardıq.
Söhbət eliyən iki addım irəli yeridi:
- Deyirsən Allah mənə səs vermiyib?
- Deyirəm.
- Nətəhər olur əə, o da Çinar bulağın suyun içib, mən də… O da Qoçəhmədli havasıynan böyüyüb, mən də…
- Noolsun onnandı məhlim?
- Bəs nəynəndi?
- Əə, Çinar bulağın suyun mal-qara da içir, demək onlar da oxuyur.
- Oxuyur də, sən onu hiss eləmirsən. Səsini ki, eşidirsən örüşdən gələndə. Bəhmənlinin, Kərimbəylinin mal-qarasıynan Qoçəhmədlininki, birdi elə bilirsən, ay mağmın? Onlar lilli lobya suyu içillər, ancaq bizimkilər göz yaşı kimi dumduru Çinar bulağın suyundan.
- Onu bilirəm ki, mal-qaraynan işimə qalmayıb. Ancaq sənin səsin yoxdu!- Dediyinin üstündə bərk durmuşdu.
- Mənim?
- Hə sənin!
- Gəl, bu camaatın içində mərc gələk.
- Gələk!
- Nədən?
- Nədən deyirsən…
- Bir saz erkəkdən.
- Yaxşı…
- Bir yeşik də araq, bir heylə əti yeyib qurtarmaq olar? – Kimsə dilləndi və onu dəstəkləyənlər də oldu. Razılaşdılar.
Səsi olduğunu iddia eliyənin bircə şərti oldu:
- Burda oxuya bilmərəm ayıbdı, gedəyin məscidə tərəf.
Razılaşdılar. Ordan məscidə on-on beş dəqiqəlik yol idi, dəstə hərəkətə gəldi. Məscidə çatana qədər yolda rast gələnlər dəstədən soruşurdu:
- Xeyirdimi belə?
Onlar da deyirdilər ki, bəs belə-belə… filan məsələyə görə mərc gəliblər.
Məscidə çatana qədər dəstə iki-üç dəfə böyüdü. Məclis başlandı. Belə məqamda bir adam cınqırını çıxarda bilməzdi. Hamı gözünü ona dikib qulaq kəsilmişdi. O, bir-iki dəfə boğazını artlayıb əlini qoydu qulağının dibinə, gözünü yumub ağzını açdı, birbaşa “Bayatı Şiraz”ın, “Bayatı İsfahan” yerini tutdu və axıracan getdi – tarsız, qavalsız, dəmiyə… Qoçəhmədli məscidinin həndəvərində, Allah evinin beş-on addımlığında alqışlar, fit səsləri ərşə dirəndi. Kəndin yarıdan çoxu burda idi. Hamının üz-gözündən Qoçəhmədli torpağına quşbaşı sevinc yağışı tökülürdü. Hamıdan çox sevinən isə bəlkə də saz erkəyi uduzan adam idi. Camaat dağılışıb getmək istəmirdi. Kimsə bərkdən dedi:
- Camaat, İlyasdan, Cümşüdün oğlundan sonra kəndimizin bu övladını alqışlayaq, onlardan sonra yaxşı oxuyanımız budu. – Cümlə quruluşundan müəllimə oxşayırdı. Uduzan oğlan yekə bir daşın üstünə çıxdı, üzünü oxuyan oğlana tutdu:
- Gedim erkəyi gətirim indi? Mən uduzdum…
- Gələn bazar, Çinar bulağının üstündə, – dedi, hamı gəlsin.

Füzulinin Qoçəhmədli kəndində belə mərc-mübahisə getdiyi zamanda, imanım Allah amanında, Arazboyu kəndlərdə uzaqbaşı ən yaxşı halda belə bir məsələni müzakirə edə bilərdilər:
- Dünyada neçə generalissimus var?

Arazboyu Füzulinin dağ və dağətəyi kəndlərinə nisbətən sivil yaşayış məskənləri sayılırdı. Bu belə olmasa da, onlar özləri belə hesab eliyirdilər. Səbəbi də bilirsiniz nə idi, o tərəflərdən qatar keçirdi, dəmir yol vardı. Arazboyundan yay vaxtı yuxarı kəndlərə qohumlarıgilə qonaq gələn uşaqlar dəmir yoldan, qatardan danışanda yuxarı kəndlərin uşaqları ağızlarını açıb saatlarla onların dediyinə qulaq asa-asa Arazboyundan gələn həmyaşıdlarına qibtə eliyirdilər, bəziləri lap xainliklərini də çəkirdi.
- Sən poyuz çox görmüsən?
- Gündə yüz dəfə…
- Poyuza minmisən?
- Yüz dəfə… özü də qum poyuzuna.
- Bəs, nətəhər minirsən?
- Nətəhər minəcəm, gəlir poyuz, atılıb minirik, xeyli gedəndən sonra düşüb qayıdırıq.
- Piyada?
- Yox. Kəndimizə tərəf gələn qum poyuzuna minib geri qayıdırıq.
Hər dəfə belə söhbətdən, sual-cavabdan sonra yuxarı kəndlərdə yaşayan uşaqlar dərindən ah çəkib elə köks ötürürdülər ki…
Elə dağlıq ərazidə yerləşən Qoçəhmədlidə elə adamlar olub ki, iyirmi beş-otuz yaşına qədər nə qatar görüb, nə də dəmir yol. Qatarı, parovozu əslən təsəvvür eliyə bilmirdilər – kəl arabası sürə-sürə bunu təsəvvür etmək çətindi. Ancaq dəmir yolunu az-çox təsəvvür edirdilər: “elə kənd yolu kimidi, intəhası dəmirdəndi, dəmirdən. Ona görə dəmirdəndi ki, poyuz batmasın palçığa…”
1964-cü ildən Bakıda yaşayan bir Qoçəhmədli balası tanıyıram, yaxşı oğlandı. Elə o ildən bu günə qədər bir idarədə müdir müavini işləyir. O kollektivdə müxtəlif rayonlardan, əslən Bakıdan olan adamlar var. İyirmi il bundan qabaq onun iş yerinə getmişdim, elə bil Qoçəhmədlidən indicə gəlmişdi, dilini qətiyyən dəyişməmişdi, bal kimi ləhcəsi də yerində. Onun kabinetində oturduğum müddətdə beş-on nəfər gəldi getdi, hərəsinin bir dərdi vardı. Sonra gördü ki, mən darıxıram katibəyə tapşırdı ki, heç kəsi buraxmasın. Çay içə-içə ona dedim:
- Sən öl. Malades sənə…
- Nədi ki, – dedi.
- Heç də… Qoçəhmədliləri yığmısan başına.
Güldü:
- Sən öl, – dedi, – burda bir nəfər də Qoçəhmədli yoxdu.
- Özün öl, – dedim, – ərkim çatırdı, – kar deyiləm ki, danışıqları, ləhcələri… görmədim?..
Dedi:
- A kişi… mən neyləyim, neyləyim ki, mən onların yox, onlar mənim ləhcəmi götürüblər…
Kadrlar şöbəsinin müdirini çağırdı, kök bir rus qadını idi, ona dedi:
- Füzulidən bizim idarədə işləyən var?
- Yox, – dedi və getdi.
- Gördün… Nəinki Qoçəhmədlidən, heç Füzulidən yoxdu.
Düzü, məəttəl qaldım.
Bu yaxınlarda bir yas yerində yanbayan oturmuşduq.
Bunun mobil telefonuna zəng gəldi; zəng deyəndə ki, zəng əvəzinə “Dəşti”… Qoçəhmədlidi də… Əsgərlik yoldaşı idi, bununla rusca danışırdı.
- Poren, qde tı?
- Ya?
- Tı…
- Ya zdes net, doleko.
- A qde, je?
- Ya vosmoy mikraroyon, myortvı mesta.
Tərcüməsi: Mən səkkizinci mikrorayonda, ölü yerindəyəm…

Elə bilirəm çox uğurlu tərcümədi; Qoçəhmədlini azdan-çoxdan tanımayan ən parlaq istedad sahibi də o cümləni mənim kimi tərcümə eliyə bilməzdi. Elə bunların hamısı belədi…

Qoçəhmədli kəndi heç vaxt siyasətə biganə qalmayıb. İyirminci əsrin əvvəllərində kovxalı, dəlləkli, kərbəlayıməmmədqululular, qaraməmmədlilər, allahverənlər, məmmədxanlılar (Anar Məmmədxanov), səfərəlilər (Rüstəm Səfərəliyev), budaqlılar, mustafalar, allahverdilər, bayramlılar, allahyarlılar, namazlılar (Asəf və Hafiz Namazov qardaşları), musalılar, qaradağlılar, əlişahverdilər, muradəlilər və s. tayfalardan ibarət olan bu kənddən məşhur inilabçılar çıxıb, Xanlar, Gəncəli, Mirzalı Səfərəliyevlər, Məmmədxan Məmmədxanov, Zülfüqar Hüseynov, Əbil Məmmədov, Məmmədqulu Məmmədov, Heydər Heydərov kimi fəhlə hərəkatının qabağında gedən şəxslər yetişib. Bu adamlar dövrünün çox hörmətli adamları olub və qoçəhmədlilər öz övladları ilə həmişə öyünüblər. Şura hökumətinin son nəfəsinə qədər onların belə bir deyimi vardı:

- Biz Qoçəhmədlilər anadan olanda cibimizdə partbilet olub!
Söhbət təbii ki, kommunist partiyasının biletindən gedirdi.

Bu gün zaman Qoçəhmədlidən çıxan bolşevikləri qınamaq üçün ayaq verib. Ancaq bu qətiyyən lazım deyil. Birinci ona görə ki, onlar öz dövrünün adamları olublar, necə ki, biz bu dövrün adamlarıyıq. Bir də ki, Qoçəhmədli bolşeviklərinin, zəhmətkeşlərinin, o cümlədən dünya proletariatının yaxın dostu Vladimir İliç Lenin bütün Rusiyanı, Şimali və Cənubi Qafqazı, Orta Asiya və Qazaxıstanı, Ukrayna və Belorusiyanı yoldan çıxartmışdı; bu boyda ərazini yoldan çıxardan Leninin Qoçəhmədlini yoldan çıxarması nə müşkül məsələ imiş ki?.. Ancaq burası da maraqlı olardı ki, o dövrdə elə hamı Şura hökumətinə ləbbeh deməyib. Füzuli rayonunda Sovet hökumətinin yorulmaz müdafiəçiləri ilə bərabər Şura hökumətini qəbul etməyənlər, ona qarşı çıxanlar, güllə atanlar da olub; Araz boyunda Qaçaq Süleyman, Yuxarı Yağlıvənd kəndində Qaçaq Rəşid, Qaçaq Səfəralı və başqaları. Ancaq bu döyüş Vladimir İliç Leninin və qoçəhmədlilərin qələbəsi ilə sona yetdi.

Lap yuxarıda adları çəkilən Qoçəhmədli bolşeviklərindən ikisini şəxsən tanıyırdım, görmüşdüm, dəfələrlə söhbətlərim də olmuşdu, biri Zülfüqar Hüseynov, o birisi isə Gəncəlı Səfərəliyev. Zülfüqar kişi ağır, sanballı, təmkinli, soyuqqanlı və zəhmli adam idi. Gəncalı əmi (bütün Füzulilər onu belə çağırırdı) isə çılğın, zarafatcıl, ağına-bozuna baxmayan, sözünü deyən, duzlu-məzəli, şən adam idi. İkisi də Füzuli rayonunun ağsaqqallarından hesab olunurdu və ömürlərinin sonuna qədər camaat onlara həmişə ehtiramla yanaşıb. Gəncalı əminin söz-söhbəti bu gün də füzulilərin dilindən düşmür. Mən bu sətirləri yazanda aşıq idim və gördüyümü çağırdım.

…Yetmişinci illərdə Füzulidə bir milis rəisi vardı. Gəncalı əmi hardansa eşidir ki, rəis özünü yaxşı aparmır; yaxşı aparmır deyəndə ki, rayon mərkəzində yaşayan bir alverçi qadınla görüşür. Bizim də tələbəlik vaxtlarımızdı, bir may bayramı münasibəti ilə rayonumuza getmişik. Uşaqlıq dostum Adil Hacıyevlə, Orta Kəhrizin yanından üzü aşağı kluba tərəf düşürdük. Bayram paradı qurtarsa da, küçələr adamnan dolu idi. On-on beş addım qabaqda qalife şalvar, kitel və uzunboğaz xrom çəkmə geymiş Gəncalı Səfərəliyev gedirdi, şapkası da (indiki şapkadan yox) əlində idi. Birdən qarşı tərəfdən ispalkomun sədri ilə həmin o milis rəisi göründü. Gəncalı əmi yolunu dəyişib sol səkiyə keçdi. İspalkom sədri ilə polis rəisi Gəncalı əminin bərabərinə çatanda ona salam verib təbrik eliyəndə Gəncəlı əmi başını bulaya-bulaya, hamının eşidəcəyi bir tərzdə dedi:

- Salam rəis, bayramın mübarək yeznə, bayramın bir də mübarək ay yeznə, sağ ol ay yeznə…
- Bu nə sözdü, ay Gəncalı əmi…
- Özün qəşəng bilirsən… hə… sənin kimi oğlana biri azdığ eliyər, ay yeznə… yaxşı eliyirsən… Bir kişi var, o da sənsən də, ay yeznə… Gör bizim Leylan… hə….

Dünya zəhmətkeşlərinin həmrəylik gününün gecəsi rəis ailəsi ilə rayondan çıxmışdı. Sonra eşitdik ki, daxili işlər nazirinin qəbuluna gedib, o vaxt necə eləyirdilərsə, elə eləyib və başqa rayona dəyişilib – dünya zəhmətkeşlərinin həmrəylik günündə Gəncalı Səfərəliyev polis rəisi ilə həmrəy ola bilmədi…

Qoçəhmədli tiplərini, xarakterlərini açmaq üçün adama beş ömür də bəs eləməz – yumor, satira, mayasında həqiqət… Qısasını desəm, Qoçəhmədli kəndi yüz mindən çox əhalisi olan Füzuli rayonu üçün “Molla Nəsrəddin” jurnalı idi.

Yeri gəlmişkən… KVN üzrə dünya çempionu olmuş Azərbaycan komandasının əvəzolunmaz, müdrik kapitanı, şən və hazırcavablar dünyasının böyük yumor ustası Anar Məmmədxanov da Qoçəhmədli bolşevik Məmmədxan Məmmədxanovun törəməsidir. Elə təkcə bu fakt Qoçəhmədli haqqında görün nələr deyir. Qoçəhmədlini tanımayanlara deyirəm ki, o kənddə hər kəs bir Anar Məmmədxanov idi. İntəhası prezident kreslosu bir olduğu kimi, kapitan yeri də bir olduğuna görə o yer Anara etibar olunmuşdu, bütün qoçəhmədlilər gəlib kapitan olası deyildi ki?.. Onu da deyim ki, Anar Məmmədxanov rus dilinə tərcümə olunmuş Qoçəhmədlidi haa… Amma çox uğurlu və mükəmməl tərcümədi; Anar özü bunu çoxdan sübut eləyib-aksiomadır.

…Qoçəhmədli kəndi qalmışdı quşbaşı qarın altında. Min doqquz yüz otuz doqquzuncu il fevral ayının yeddisindən yağmağa başlayan qar səhər-səhər fevralın on dördündə səngiyib toxtadı – yeddi gün yağdı…

Qoçəhmədlinin tərtəmiz, ağappaq vaxtında bir qadın ağrı çəkirdi. Bu ağrının səsi kəndin o başında eşidilirdi. Qadın elə bil ki, ağrısının üstünə qışqırırdı və qışqırmağa başlayandan qurtarana qədər ağrısı səngiyirdi. Qadın çığırtısı Allahı, bir də kənddəki uşaqtutan qadını çağırırdı. Allah başının üstündə idi, ancaq qadın gəlib çıxmamışdı, qarı yara-yara yol gəlirdi. Körpə də yol gəlirdi. Körpə doqquz ay idi ki, yol gəlirdi; uşaqtutan qadın isə on dəqiqə ancaq olardı. Körpə ana bətnindən gəlirdi, uşaqtutan qadın qonşudan – hansı tez gələr gələr…

Uşaqtutan qadının qoluna bir kişi girmişdi, onu tələsdirirdi:
- Tez ol dayna, yazıq öldü axı…
- Ölməz… canı bərkdi…
- Nə bilirsən ölməz?
- Ölsəydi birinci dəfə ölərdi… bu yeddincidi.

Qapının ağzına çatanda necə qışqırtı gəldisə, ikisi də qapının bir addımlığında dayanıb bir-birinin üzünə baxdı, elə bil onları yerə mıxlamışdılar, deyəsən bir az da qorxdular və içəri girməyə ürək eləmədilər; içəri girib vəziyyəti öyrənməkdənsə bir-birinin üzünə baxdılar – elə bil iki sual işarəsi üz-üzə dayanmışdı. Bir su içim saatda içəridən körpə səsi gəldi, o elə bərk qışqırırdı ki…

Qadın gülümsəyib kişiyə dedi:
- Cümşüd, oğlun oldu.
- Nə bilirsən?
- Səsini eşitmədin?
- Eşitdim… ancaq anışdıra bilmədim.
- Oğlandı oğlan… gör necə bağırır… elə bil yuxa yeri qapının arasında qalıb… keç də içəri var…
- Yox… qabaqcan sən…

Uşaqtutan qadın içər keçib vəzifəsini icra eləməyə başladı.
Cümşüd kişi ikimərtəbəli daş evinin artırmasında sürahiyə söykəndi. İçəridən oğlunun səsi gəlirdi, dil qəfəsə qoymadan bağırırdı. Pəncərədən içər baxmaq istədi. Ancaq utandı. Təzədən qayıdıb sürahiyə söykəndi. Gün çıxdı və çıxan kimi Qoçəhmədli gümüşə döndü. Cümşüd kişi kəndə elə tamaşa eliyirdi ki, elə bil onu birinci dəfə idi görürdü; əslində burda bir həqiqət də var; bəli, Cümşüd kişi doğulub boya-başa çatdığı kəndini birinci dəfə görürdü – yeddinci övladı dünyaya gələndən sonra birinci dəfə…

Nə qədər “birinci dəfə” olsa da, bu onu darıxdırdı, sürahidən aralandı, qalınçasının yuxarıdakı düyməsini də bağladı, üzünü qibləyə çevirib diz çökdü, göyə baxa-baxa əllərini də baxdığı tərəfə qaldırıb dedi:
- Allah saa şükür! Allah saa şükür!..
Düz yeddi dəfə Allahına şükür elədi – hər övladının payına bir dəfə.
Ayağa qalxdı. Uşaq hələ də səsini kəsməmişdi. Cümşüd kişi uşağın səsinə qulaq asa-asa fikirləşdi:
- Görən bunun səsi Çinar bulağına gedib çıxar?
- Gedər… gedər… Eşitmirsən nə təhər qışqırır… – Özü də öz sualına cavab verdi.
Hətta könlündən keçdi ki, qaça-qaça Çinar bulağının üstünə getsin, görsün uşağın səsi ora çatır, yoxsa yox – fikrindən döndü, deyəsən ərindi, oğlu olandan bəri üçüncü dəfə sürahiyə söykənib fikrə getdi: “Yeddi gün qar yağdı… yeddinci balam dünyaya gəldi… bu gün də ayın on dördü… on dördü ikiyə böləndə, arvadınan mənim aramda… yeddi eliyir…”

(Ardı var)

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

22 Şərh var
Şərh yazın »

  1. Seyran Sexavet yeni roman yazib. Gozlerime inanmadim… Ne vaxtdandir Sizin eserlerinize tamarzi qalmishdiq. Saq olsun KULTAZ-ki eserinizin bir hissesini derc edib. Davamani sebirsizlikle gozleyeceyem…

  2. Seyran beyin bu shekili Billur kafesinde cekilib deyesen. Yuz faiz qonaqligi da Resad Mecid verib.

  3. “Bolqarıstandakı Qabrovanın bütün lətifələri iki Qoçəhmədli arvadının beş dəqiqəlik söhbətinə dəyməz” – bu nə cümlədi, qardaşlar. Belə də nəsr olar!

    “Azərbaycan dili müəllimini kolxoz sədri qoyurlar. Üç-dörd gündən sonra eşidirlər ki, inək almaq üçün suda verirlər. İki qonşu ərizə yazıb sədrin yanına gedirlər. Qonşulardan biri içəri girir:
    - Sədr, salam.
    - Salam.
    - Suda almağa gəlmişəm, bu da mənim ərizəm.
    Sədr ərizəni alıb oxuyur, qaşları çatılır, stolun üstündəki qırmızı karandaşı götürüb ərizədəki imla səhvlərini düzəldir, kolxozçuya qaytarıb deyir:
    - A kişi, bu nə ərizədi yazmısan, hamısı səhfdi, get təzədən yaz.
    Kolxozçu sədrin kabinetindən çıxan kimi qonşu soruşur:
    - Urustam, nooldu, aldın?
    - Hə… mən “iki aldım, indi sən get…”

    Qoçəhmədlinin ərizə yaza bilməyəni belə olanda, gör o biriləri nədi eee…”

    Bu nə məntiqdi, bacılar! Belə düşüncəmi olar?

    Murad Kohneqala gündə bundan yüzqat gözəl beş lətifə düzəldir.

    Bu nə gündü, həm qardaş, həm bacılar? Seyranımız belə olan halda, o birilərinə nə deyəsən?

    Biz nə edək, adamlar?! Başımıza haranın külünü tökək!!!

  4. “Süleyman Abdullayev, haqqında roman yazılan ilk xanəndədir”-?
    Olmadi ki! Bes Qedir Rustemov? Onun haqqinda Seyran Sexavetin dostu ve bir ton duz-corek kesdiyi Aqil Abbas bedii eseri hele 30 il evvel yazib axi! “Sacin ucun hormezler”… Roman, ya povest – ne ferqi? Her halda S.S. ilkin deyil…
    Eserin bezi detallari ile bagli “amaravati”-nin qeydleri de duzdur…
    Heqiqeten: “- Əə. De görək kim idi dayna? – söhbət eliyən yenə sual verənə məhəl qoymadı.”- bu tip eybecer dille yaxshi eser yaranamaz.

  5. Bizim kendde bir belesinden sorushurlar ki, a bala, “dayna” nedir?
    Cavab verir ki:
    -Eshi, dayna da daynadir dayna!

  6. Hörmətli Seyran müəllim, dadlı-duzlu, şirin, amma tərgitməkdə olduğumuz Qarabağ ləhcəsində yazdığınız romanın bir parçasını diqqətlə və zövq ala-ala oxudum. Burada yazılan şərhləri də oxudum. Bilmirəm siz İnternetə daxil olursunuz, ya yox. Və ya burada sizin əsəriniz haqqında «dağdan ağır» elektron fatehlərin yazdıqları yorumları oxuyursunuz ya yox. Amma mən bir balaca opponentlik eləmək istəyirəm. Xüsusən də dəyərli «Amaravati» və «Oxatan» yoldaşların nəzərinə.
    «Deməli bir gün ovçu çəmənlikdə otlayan gözəl bir ceyranı güllə ilə vurur. Yazıq ceyran qan içində gölə yaxınlaşıb su içir. Birdən bir qurbağa göldən başını çıxarıb, nə baş verdiyini soruşur. Ceyran deyir:
    -Məni ovçu vurub, ölürəm…
    Qurbağa deyir:
    -Ay ceyran qardaş bilmirəm bu ovçular nə istəyir, sən gözəldən, mən gözəldən?
    Ceyran deyir ki, «qurbağa ovçunun gülləsi məni öldürməyəcəkdi, amma sənin bu sözlərin məni 100 faiz öldürəcək…»
    Ümid edirəm hərə öz payını aldı və əlavə izahata ehtiyac qalmayacaq.

  7. Natiq bey, salam. qeti shkilde narahat olma. bunlar oxucu reyidir. qoy fikierlerini yazsinlar. her kesin reyine hormet ve diqqet etmek lazimdir. meshur bir soz var qoy onu da men deyim.

    sairin haqqinda fikir deyenler sairin yox, onun ozunun hansi yuvanin qushu oldugunu gosterir…

    o amaravat-amaravati candirika var ey, edaletlidirse niye bu cumleleri vermeyib. indi men verirem. qoy bir de oxusun.

    Qoçəhmədlinin tərtəmiz, ağappaq vaxtında bir qadın ağrı çəkirdi. Bu ağrının səsi kəndin o başında eşidilirdi. Qadın elə bil ki, ağrısının üstünə qışqırırdı və qışqırmağa başlayandan qurtarana qədər ağrısı səngiyirdi. Qadın çığırtısı Allahı, bir də kənddəki uşaqtutan qadını çağırırdı. Allah başının üstündə idi, ancaq qadın gəlib çıxmamışdı, qarı yara-yara yol gəlirdi. Körpə də yol gəlirdi. Körpə doqquz ay idi ki, yol gəlirdi; uşaqtutan qadın isə on dəqiqə ancaq olardı. Körpə ana bətnindən gəlirdi, uşaqtutan qadın qonşudan – hansı tez gələr gələr…

  8. yapma ya natiq bey!
    yaxshi men olum qurbağa, zərər yoxdu… amma yuxarıda misal çəkdiyim hissəciklərə münasibət bildir, lütfən.
    kor-kor, gör-gör!

  9. Acigi, men bir yazicinin oz kendcisinden onun terifini goye qaldirmaq namine, “senden ozgesi bu planetin hec bir yarimkurseinde yoxdu” fikrile roman yazmasina, Tanis demish, bedii metn duzeltmesine yaxshi baxmiram. Meqale-zad olar dostluq-kendcilk xatrine, amma ROMAN…
    Ikincisi, deyesen bu qarabaglilar – hamisi olmasa da uzde olan bir qismi – “bizden bashqa oxuyan yoxdu” fikrinin tesiri altina dushubler. Biri Remishden yazir, o biri Qedirden, bu biri de Dede Suleymandan (Dede ha).
    Duzdu, Suleyman Abdullayev pis oxumur, amma musuqiye dedelik elemek bir az alayi meseledi bakililar demish.
    Hele men onu demirem ki, oz kendinin lehcesinde roman yazmaq.
    Oz aramizdi, S.Sexavet yaxshi letife yazmaga – nece illerdi – cehd gosterir, oz kendinden letife yazmag pis deyil, icazelidi. Ama iddia elemeyesen ki, bizim kenddeki bameze adamlardan ta hec harda yoxdu

  10. Hormetli amaravati, eger menim dediklerimi bele basha dushmusunuzse, yeni tehqir menasinda done-done uzr isteyirem. Esla Sizi ve kimseni tehqir elemek fikrinde deyilem. Hec kimin buna haqqi da yoxdu. Amma etiraf edim ki, Seyran Sexavet sexavetle yazmasa da yazdiqlari menim ureyimcedi. Belke de coxdan qeribsediyim lehcede ne ise oxuduquma gore bele fikirleshirem.

    Qaldi ki misallara ola bilsin yazici texeyyulu neyise shishirdir, elaveler edir amma butun bunlar heyatdan gelir axi… Insanlarin realliqda yashadiqi, gorduyu, bildiyi hadiselerdir. Mene ele gelir ki, mehz bu cehetine gore de tebii ve gucludur. Hadiseler yalaci boyalarla, saxta pafosla tesvir olunmur. Yeni bir nefer oz kendininde bele gorub, oz kendinin teessubunu bele cekir. Ve yene tekrar edirem menim fikrimce, butun bunlar bedii cehetden oz hellini maraqli tapib.

    Her halda mene ele gelir ki Seyran Sexavetin Qoçəhmədli kendi Ekrem Eylislinin Buzbulaq kendinden daha tebii, daha zengin ve daha doqmadir. Ona gorede eserin davamini sebirsizlikle gozleyirem.

  11. Sen kimseni tehqir etmemisen, Natiq efendi. Sen ozun-ozunu tehqir etmisen. Yazdigin letifenin mentiqine diqqet et: indiki halda “yarali ceyrana” (tenqid olunan Seyran Sexavete) qahmar duran (“ozunu ona tay tutan qurbaga”) sen olursan… Girme gire bilmediyin kola, bala…

  12. Hormetli Oxatan, menim adim Natiq soyadim da Memmedlidir. Hemishe de bashim cixan sheylerden yazir ve danishiram. Yazdiqimin ve danisdiqimin altindan da adimi yaziram. Kimseye de ox atib yayimi gizletmek fikrinde deyilem.
    Qurbaqa da pis heyvan deyil. Ona gore sen quruldamaqinda ol.

  13. men her iki terefe sulh elan eliyirem. ATET-in Minsk qrupu kimi vasitecilik teklifi ireii sururem.

    kimin nece yazdigini butun oxuyanlar bilir…

  14. Elbrus Erud duz deyir. Kimin nece yazdigi aydindir…

    Hetta Natiq Memmedlinin hemishe “bashinin cixdigi sheylerden”, yeni mehz o ince yerlerden yapishib-yazdigi da aydin oldu.

    Amma, ay Natiq, sen ki tebii dile bu qeder hessas ve diqqetlisen, de gorum niye MEHEMMED-li yox, Memmedlisen?

  15. ay oxatan, yap ma de…. biraz qerezlisen ey, bele olma.

    ele dava axtarirsan)))

  16. ATƏT-in Minsk qrupu bu vaxta kimi üç təklif irəli sürüb:
    -«ümumdövlət» prisipi;
    -«paket həlli»;
    -«mərhələli həll variantı»
    Təəssüflər olsun ki, tərəflər bu təkliflərdən heç birini qəbul etmədiklərinə görə münaqişə uzanıb gedir. Mənsə, hörmətli Elbrus Erud, sizin vasitəçiliyinizi heç bir şərt irəli sürmədən qəbul edirəm. Qoy həmişə SÜLH olsun!

  17. Elbrus S.Sexavet xoshuna geldi?Yani roman necedi?

  18. it intervusu ve cehennem hekayelerini bundan daha gozel hesab edirem. amma roman hele bitmeyib ha. cemi bir hissesini oxumushuq. gorek qarshida ne var…

  19. Mene ele gelir ki,Natiq bunlar Seyran Sexavetin Nekroloq eserini oxusaydilar Seyran Sexavete verdikleri bu gunku qiymetden utanardilar.S.Sexavet zemanenin nebzini tutmaqi bacaran yazicidir.S.Sexavet baxan terefden bir anliq da olsa dunyaya baxsaq onun yazdiqinda oxucuya real kend heyatini hansi basariqla catdirmasinin sahidi olariq.kend heyatindan xeberi olmayan insanlara kend heyati yasadtirir.

  20. Ədəbi nəsilləri müqayisə etmək olar, bir-birinə qarşıqoymaq məncə düz deyil. Bu mənada Muradxanlı əhvalatları Buzbulağln ədəbi varisliyindən irəli gəlir. S.Səxavət hələ tam oxumadığımız bu romanında kənd həyatından bəhs etdiyi üçün roman – söhbət şəklindən istifadə edir. Və bu da əhvalatlara bir canlılıq verir. Şairanəliyi duuyulan müəllif təhkiyəsi ədəbi dilin tələblərinə uyğun, surətlərin dili isə koloritlə, canlı danışıq dilinə uyğun verilir. Mübaliğə və yumoru ciddi fikir kimi qəbul etməyin məntiqsizlik kimi görünməsi təbiidir. Məncə “Dədə Süleyman” “Dədə Qorqud” kimi mənada deyil, ağsaqqal, doğma sanılan bir insana edilən müraciətdir. Hərdən uşağa da “dədə” deyən olur, bu da məcazdır. Mömünlər demişkən, mənim fikrim budur, yaxşısını isə siz bilərsiniz.

  21. Cox gozel eserdir.tebrik edirem.coxdandir ki, S.Sexavetden oz dogma Qarabagi ile bagli roman gozleyirdik.burda adini teessuf ki,unutdugum istifadeci yazib ki,Qarabaglilar ozlerine vurulublar Biri Remisden yazir,biri Qedir Rustemovdan.
    Ilk önce qeyd edim kiçhem Remiş,hem Qedir Rüstəmov, hem de Dede Süleyman(siz Dede sözünü qebul elemeseniz de,bütün Azerbaycan onu bu adla qəbul edir) haqqinda əsər yazılmaga layiqli insanlardı.
    Bundan başqa nece olur ki,Naxçıvana aid şeirler,romanlar yazılır, bütün pullar ora xerclenir,abadlıqlar aparılır və hamı bunu normal qarşılayir və heç kim sesini çıxartmir amma Qarabaglıdan 1 roman yazılan kimi tez dillenilir. Bİzler heyf ki,mütiliyi qebullanmışıq.

  22. Ay camaat burdakı sohbetleri yalniz Qochehmedliler basa duse biler
    Bu kendde anadan olduguma gore fexr eliyirem
    Bizim kend XanLar sefereliyev,Memmexan Memmedxanov,Anar Memmedxanov,İslam Rzayev,Suleyman Abdullayev Salatin Esgerova kimi ogullar ve qizlar yetisdirib
    Roman da cox gozel yazilib

Şərh yazın