İlqar Rəsul. ƏZRAİL ÖLƏN GÜN (Hekayə)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 27 Ocak, 2009

İlqar RəsulMeyvəsatan küçənin o tayndan salam verib halımı xəbər aldı. Sağ ol yaxşıyam – dedim. Gözünü məndən çəkmirdi. Sözlü adama oxşadı. Küçəni адлайыб salamlaşmanı cismani müstəviyə keçirdim. Əl tutub keyfini soruşdum. Minnətdarlıq edib dedi ki – qonşun da getdi.
- Hansı qonşum? – deyə təəccüblə ona baxıb durmuşdum.
- Hiss elədim ki, xəbərin yoxdu, ona görə səni yoldan saxladım. Əbdül ölüb.
- Necə ölüb? Səhərdən evdəyəm, heç ağlaşma səsi eşitməmişəm.
- Onu kimdi ağlayan! Meyiti qalıb ortalıqda götürən yoxdu, – meyvəsatanın gülümsər dodaqlarının arasından çıxan səslərin toplumu qulaгларымa bu cavabı doldurdu.…

Əbdül divar qonşumdu. 6 ildi tanıyırdım onu. Yaşı 60 –ı keçib. Arvadı özündən xeyli cavandı. Biz o həyətə təzə köçəndə uşaqları hələ məktəbə getmirdilər. Evində nə danışsa hamısı bizdə eşidilirdi. Ağızdan da maşallah, o qədər «qabliyyətli» idi ki, televizorumuzun səsi onun səsi ilə bir qalxıb enirdi. Elə ki, keyfi pozuldu gözünə görünən, ağlına gələn hər nə varsa küçə söyüşləri ilə vəsf eləyirdi. Hava qaralanda da evinə girib arvad – uşağını söyüş atəşinə tuturdu. Onun üçün hamı namussuz idi. Bircə özündən başqa. Qonşuların qapı pəncərəni bağlayacağı səslə söyüş söymək üçün ciddi bir əsas da lazım deyildi bu tərbiyyə dağarcığına. Ona baxanda düşünürdüm ki, Tanrının yaratdığı insanda doğrudanmı müqəddəs heç nə qalmaya bilərmiş?
Belə məqamlarda mənə elə gəlirdi ki, yer üzündəki insanların heç də hamısını Allah yaratmayıb. Çünki Əbdülün Tanrıya heç bir dəxli olmadığına şübhəm yox idi…

Bizim məhəllə Bakının mərkəzindəki ən rütubətli yerlərdəndir. Baş-başa düzülüb uzanan birmərtəbəli evlərin içərisinə  ciddi əl gəzdirməsən nəmişlik adamı xəstə salar. Həyətimizin bir divarı mebel sexi, o biri divarı şirniyyat sexidir. Ona görə də o üzlü bu üzlü bütün evlərin bir tərəfi ya o, da bu sexin divarıdır. Bu səbəbdəndir ki, həmin sexlərin işçiləri də bizim həyətin sakinləri sayılır. Elə gündə bir neçə dəfə həyətin ümumi tualetindən istifadə edən meyvəsatanı, onun müştərilərini, qazpulu, işıqpulu, supulu yığanları da həyət əhli hesab eləmək olar. Çoxu da içəri girəndə utanırmış kimi tualetin qapısını necə bərk – bərk örtürsə, gedəndə də o cür tərbiyyə ilə açıq qoyur. Elə bil hər gün gəldikləri yer deyil. Yəqin ki, tualetin üfunəti onların evinə çatsaydı belə etməzdilər. Amma yox, yenə də edərdilər. Çünki bu onqların həyat tərzidir. Necə ki, söyüş söymək Əbdülün həyat tərzi idi.

Həyətimiz başqa həyətlərlə müqaisədə xeyli genişdir. 10 –a yaxın ev var burada. Mənimki həyətə girəndə birinci ev olduğu üçün qonşu evlərin heç biri ilə üzbəüz deyil. Pəncərəmdən bir az aralıda hündür akasiya ağacı var. Onun altında boş qalan iki kvadratmetrlik yerə daş döşəyib ətrafını yüngülcə çərçivələmişəm. Yayda xalça palazı hava vurmaq üçün çərçivənin üstünə sərəndə ağacın kölgəsində ətrafdan təcrid olunmuş xudmani bir məkan yaranır. Belə günlərin birində iş yoldaşımla orada oturub yeyib içmişik. O gündən hər yay – nə vaxt gəlim o bağ bağatında oturub vuraq – deyir. Kənardan eşidənlər də elə bilir ki,  mənim geniş, ağaclı – kölgəli əməlli başlı bir həyətim var. Halbuki o iki metrlik yer həyətdə yeganə ərazidir ki, gediş gəlişdən kənarda qalır. Digər  evlərin hamısı arxa tərəfdə və üzbəüzdür. Ona görə başqa qaonşular Əbdülə daha çox dözməli olurdular. Bütün yayı həyətdə –evinin qabağında oturub söyür. Əvvəl milləti, sonra sıra ilə qarabağlıları, naxçıvanlıları, ermənistanlıları, baıklıları. Görəndə ki, qeyrətə gəlib dillənən olmadı, onda  – bu binamuslar filan filandı – deyib başlayır ad çəkmədən qonşuları söyməyə. Əvvəllər elə bilirdim onun bu hərəkətinə görə arvadı xəcalət çəkir. Sonralar anladım ki, yox, bu murdar adamı elə bir tərəfdən də qızışdıran odur. Bir gün mən işdə olanda içib gözünə görünən Kim varsa söymüşdü. Sex içilərindən birinin qapazından sonra evdə olmadığım üçün söyüşlərini mənim ünvanıma yönəltmişdi. Çoxdandı məndən yığırmış, başlayıb ürəyini boşaltmağa. Evdəkilər telefon açıb işdən çağırdılar məni. Məhəllədə dedilər ki – hamımızı söydü, axırda keçdi sənə. Bilirdi ki, evdə yoxsan qapıda dayanıb səni bayıra çağırırdı…

Evdəkiləri də qorxuzmuşdu lənətə gəlmiş. Qapısını döydüm. Yarıçılpaq çıxdı qarşıma. Ağzından gələn spirt iyi bu mənfur аdamı bir az da murdar eləyirdi.
- Əynin geyin, çıx, – dedim- küçədə gözləyirəm.

Dedi:
- Çimmişəm, çıxa bilmərəm. Get indi arvadım gəlib danışar səninlə.
Nə qədər elədim evdən çıxmadı. Gah qonşuları həyəti natəmiz saxlamaqda qınadı, gah da “keç içəri, arvadımla danış” – dedi. Nə isə, arvadı söhbətə qatmaq mənlik deyildi. Bir də onun arvadı ilə nə danışaydım. Evdəkilər deyirdilər ki, divarın o üzündə arvadı da Əbdüllə birlikdə məni söyürmüş. Paxıl idilər. İstəməzdilər kimsə evini təmir elətdirsin. Və ya yeni bir şey alıb gətirsin. Gördülər başlayırdılar deyinməyə.
Həyətimizdə cavan bir ailə var. Bizdən az sonra köçüblər bura. Eşitdiyimə görə oğlan gəncəlidir. Mən Əbdülü evdən çıxarmağa çalışanda o aralıda – bulağın yanında dayanıb baxırdı. Sonralar eşitdim ki, Əbdül ağzını açıb gözünü yumanda ailəsini aparıb qohumları gilə qoyub qayıdıb ki, onu əzişdirsin. Kənarda dayanıb Əbdülün evdən çıxmasını da ona görə gözləyirmiş.

O gündən sonra Əbdül bir həftə gözə görünmədi. Həmişə belə idi. Keflənib aranı qatanda bir neçə gün gözə görünmürdü.

Evdəkilərin qorxması mənə əməlli başlı yer eləmişdi. İki üç gün işdən sonra – axşamlar onunla rastlaşmaq ümidi ilə məhəllədə dayanıb gözləsəm də bir şey çıxmadı.
Bir dəfə yaxın dostum polisdə işləyən yüksək rütbəli bir tanışına mənim əhvalatımı danışdı. Oturub yeyib içirdik. O da vizitkartını mənə verib dedi ki, bir şey olsa mənə zəng elə. Tapşıraram gəlib apararlar, qaydası nədir elə də həll edilər. Amma sən özün baş qoşma. Yaraşmaz. Bir də ki, əl vursan qanunu o yox sən pozmuş olacaqsan…
Sonralar Əbdül dəfələrlə biz qarışıq bütün bəşəriyyəti söyməkdə davam etdi. Amma mən tanışıma zəng eləmədim. Deyəsən gəncəli oğlan da artıq ona baş qoşmağın mənaız olduğunu anlamışdı. Eşidəndə ki, kiminləsə bu barədə söhbətim olub:
- Burax getsin, – dedi. – Nəyinə lazım, başıxarab şeydi.

Əbdül mərdimazarçılıqdan əl cəkmirdi. Gah şirniyyat sexinin işçilərinə söydüyü üçün müdir vururdu, gah da mebel sexində gedib artıq əskik danışdığı üçün oranın sahibi işçilərinə döydürürdü Əbdülü. O adəti üzrə qaçıb evdən baltanı götürüb qayıdır, qonşular da həmişəki kimi araya girib qan tökməyə imkan vermirdilər.

Əslində Əbdül baltanı hədə – qorxu gəlmək üçün götürürdü. Çünki əli baltalı adama hər dəfə kimlərinsə mane ola bilməsi inandırıcı görünmürdü.

Mən balaca olanda bizim rayonda kim evdən bıçaq, balta və ya tüfəng götürüb bayıra çıxırdısa o silah qan tökməmiş yerinə qayıtmırdı. Çünki qayda belə idi. Çıxartdın vurmalısan. Bu qaydanı pozanlar sonrakı nəsil üçün pis bir ənənənin başlanğıcını qoya bilədilər. Belə bir töhməti heç kim üzərinə götürmək istəməzdi…

Əbdül isə cəmi bircə dəfə qan tökmüşdü. O da məktəbdə oxuyanda. Dərsdən evə gedəndə  həmyaşıdı ilə sözü çəpləşib. Gücü çatmayıb, çıxarıb cibindəki bıçağı soxub onun qarnına. Zərərçəkənin valideyinləri sözükeçən adamlar  olub. Düşüb üstünə 14 yaşlı Əbdülü kifayət qədər uzun müddətə saldirıblar içəri.

Özü danışmışdı bu əhvalatı mənə Əbdül. Hərdən belə keçmişindən danışmağı vardı. Barmaqlarının üstü nakolka idi. Tanıyanlar deyirdi ki, cavanlıqda peşəkar cibgir olub. Amma özü ömrü boyu haqqın tərəfində olduğunu deyirdi.
Keçən qış qaz idarəsindən gəlib borca görə xəttimizi kəsmişdilər. Getdim haqlı-haqsız adıma yazılan borcu ödədim, gəlib borunu caladılar yerinə. Əbdülünkü isə borcu ödəmədiyi üçün elə də qaldı. Axsam hay-küy yenə başladı. Sonra məlum oldu ki, arvadı onu qızışdırırmış. Əbdülə deyib ki, guya onların qazını acıqcan mən kəsdirmişəm.
Halbuki, qaz idarəsindəkilərə onun imkansızlığını və evdə körpə uşaqları olduğunu demişdim:
- Özü də əsəbidi. İnfarkt keçirər, yaxud beyninə qan sızar işə düşərsiniz, – deyəndə, məsləhətləşib tezliklə Əbdülün evinə qaz verilməsini bərpa edəcəklərini bildirmişdilər.
Belə də oldu. Növbəti gün hər şey yoluna düşdü. Və ondan sonra heç vaxt borca görə Əbdülün qazını kəsmədilər.

Qapı-qonşudan fərqli olaraq mən Əbdüllə çox küsülü qalmırdım. Necə ki, söz atıb aranı qatırdı, eləcə də bir müddət sonra özü ya salam verib, ya da söz salıb danışdırırdı.
Mən də çalışırdım yola verim. Gah ağac, gül kolu gətirirdim ki, əkib başını qatsın. Ggah da 5-3 manata sexlərin zir-zibilini aparıb atan Şakiri çağırıb qonşuların tökdüyünü yığdırırdım. Əslində təmizliyi mən Əbdüldən heç də az istəmirəm. Amma mənimlə birlikdə həyəti təmizləməyi də kimsədən tələb etmirəm.

Bazar günləri həyətdə yır-yığış eləmək xoşuma gəlir. Şakir sonuncu dəfə arabasını doldurub darvazadan çıxanda həyət adama ləzzət eləyir. Bazardan 20 metrlik şlank almışam. Onunla ortalığı bir dəfə də sulayıb yaş torbağın qoxusu ciyərlərimdə evə girirəm. Təəssüf ki, həyətin rəsmi və qeyri rəsmi sakinləri bu gözəlliyin ömrünün o qədər uzun olmasına imkan vermirlər.

Bir şəkili qadın həyətimizdə ev almışdı. Oğlu ilə birgə yaşayırdı. Yamanca təmizkar idi. Axşamlar həyətə o da əl gəzdirirdi. Əbdül o qədər ilişdi, dava saldı ki, axırda yazıq arvad oğlunun əlindən xəta çıxacağından qorxaraq evi satıb getdi.
Həyətdə damını, işığını düzəldtirmək üçün mütləq Əbdülə deməli idin. Yoxsa ustanın başına bir oyun açacaqdı ki, iş cəhənnəm sən düşəcəkdin zibilə. Bir dəfə baltanı götürüb evimin damını düzəldən ustanın oğlunun üstünə cummuşdu. Yazıq kişi onları bir-birindən güclə ayırmışdı.

Bir həftə sonra güclü yağış yağdı və ustaların Əbdülün əlindən damı yaxşı düzəldə bilmədiyi evin içində aydın hiss olundu. Ustaya pulunu tam alıb işi yarımçıq gördüyünü xatırladanda dedi ki –qonşun imkan vermədi…

Belə hərəkətlərinə görə Əbdülü təkcə həyətdə və məhəllədə yox, qonşu küçələrdə də pis adam kimi tanıyırdılar. Heç kim onu sevmirdi. Hamı uzaq durmağa çalışırdı. Əbdüllə heç sahə müvəkkili də bacarmırdı. Şirniyyat sexinin müdiri onunla dava edəndən sonra polisə xəbər vermişdi. Sahə müvəkkili gəlib şöbəyə çağıranda arvadını götürüb necə hay-küylə getdisə bir saatdan sonra buraxdılar. Qayıdıb yenə söyürdü hamını.
Ağlı kəsməyən yerə həmişə arvadı ilə gedirdi ki, hay-küy salsa araya girəni olsun.
Hərdən də deyirdi ki, mən haqlı olduğum üçün söyürəm. Başqaları kimi söyüş qəlbimdə yox dilimdədir. Amma söyüş təkcə Əbdülün dilindən yox, ortası dazlaşmış kəlləsinin əirafından sallanan ağ saçlarından, siqaret tüstüsündən saralmış bığlarından, içkili oldu, olmadı üfunət qoxuyan nəfəsindən, yeri gəldi gəlmədi çəkdiyi qəhqəhələrindən də tbökülürdü. O ki qaldı qəlbə, beləsində çətin ki, qəlb, könül, ürək ola. Ondan çıxan hər sözün, hərəkətin mayası nifrətnən, paxıllıqnan yoğrulurdu. Ayda bir kirayənişin dəyişirdi. Evinə yeni köçənlər şəhərin ortasında, bir birinin ardınca canını hündürmərtəbəli binalara tapşıran bir və iki mərtəbəli köhnə evlərin arası ilə uzanıb gedən, ağacları hələ tam kəsilib qurtarmamış, bir başında bazar, o biri başında metro olan bu enişli yoxuşlu enli küçədə münasib qiymətə kirayə  tapanda nə qədər sevinirdisə söyülüb qovulanda da o qədər peşiman olurdular. Bəziləri də Əbdülün öz uşaqlarına söydüyü söyüşləri götürməyib qaçırdılar. Onunsa heç nə vecinə deyildi. Həyatda ən zövq aldığı şey qonşuları söymək idi. Keyfi kök olanda nəşədən, qanı qaralanda qəzəbdən, içkili də olanda paxıllıqdan, kin-küdurətdən içində yığılıb qalanları boşaltmaq yanğısından söyürdü qonşuları Əbdül.

Bir gün işdən gələndə gördüm küçədə mağar qurublar, məhəllədə xeyli adam var. Əbdül darvazanın ağzında dayanmışdı.
Məni görüb:
– Tağı da getdi, – dedi.

Təəssüfləndim, qanım qaraldı. Tağıya məhəllənin komendantı deyirdilər. Bütün günü meyvəsatanın taxçasının yanında oturar, «кliyent» düşəndə qapısının qabağında dayanan köhnə «jiquli»sində aparıb 5-3 manat qazanardı. Axşamlar da elə oradaca almaynan, armudnan bala-bala vurardı. Məhəllədə nə baş versə birinci Tağı bilərdi. Əbdülün baltasının qabağına da çox vaxt o sinəsini verərdi. Sonra da mən işdən gələndə göz vurub:
- Gündüz yenə «dost»uyun başı xarab olmuşdu. Söymədiyi yerimiz qalmadı, – deyərdi…

Evində bilmirəm, amma məhəllədə Tağının yeri var idi. Meyvəsatanın taxçasının yanında hələ də köhnə maşın oturacağı qalmaqdadır. Hər dəfə o oturacağa baxanda adamın ürəyindən oturub armudnan araq içmək keçir. Qara ciyərindən getdi rəhmətlik…

- Ta vaxtdı, yavaş yavaş növbə bizə çatır, – Əbdülün səsi eşidildi.
- Əşşi yaxşı, onsuz da dilxor olmuşuq, sən də üstünə qoyma, – deyib keçirdim ki, məni saxladı:
- Yox, elə deyil. Adam gərək heç olmasa gündə bir dəfə ölümü barədə düşünsün…
- Sağ ol, Əbdül, – qeyri ixtiyari içimdən bir səs çıxdı. – Sən düşünürsən bu barədə?
- Bəs nədi! Elə gün olmur ki, düşünməyim. Bu çox vacib məsələdi.

Heç inanmağım gəlmədi ki, bu qədər ürəkbulandıran, qapı qonşunun yediyini içdiyini zəhərə döndərən, burnundan gətirən bir adam hər gün ölümü barədə düşünə bilər…
Tağıdan sonra məhəllədə bir birinin ardınca  daha iki nəfər də dünyasını dəyişdi. Onlar da Əbdüllə təxminən həmyaşıd olsalar da yekə oğul, uşaq, nəvə sahibi idilər.
Müəyyən fasilərlə küçədə qurulan yas mağarlarını görəndə düşünürdüm ki, deyəsən əzrail məhəllədən istədiyini hələ almayıb. Özü də nədənsə bu fikir mənə qorxulu yox, maraqlı görünürdü…

Payız artıq yerini qışa vermişdi. Akasiya ağacının altında xəzəldən iri bir təpəcik əmələ gəlmişdi. Küçədəki zibil qutularına gedib cata bilməyən tullantılar künc-bucaqda xeyli artmış, həyətdəki ümumi tualetin müsafirləri xeyli azalmışdı. Günəş hələ azacıq isitsə də adamlar evlərə çəkilmişdi. Əbdülün söyüşləri də əvvəlki qışlarda olduğu kimi xeyli səngimişdi. Hərdən evdə arvadı başını xarab eləməsə səsi çıxmırdı…

Dekabrın axırları idi. Gecə Əbdülün səsinə ayıldım. Gah inildəyir, gah da bağırırdı. Aramızdakı divarın o tayından – ölürəm – deyib canı ilə necə əlləşməsini aydın eşidirdim. Növbəti gecə də belə oldu. Sonra səs kəsildi…

Bir gün həyətdə iş görürdüm, arxadan səs eşitdim. Əbdül idi. Nəsə deyirdi. Başımı qaldırmadan halını soruşdum.
- Day gedirəm, – dedi. – Əzraildən məktub gəlib.

Ona tərəf çevrildim. Bir vaxtlar mən küçəyə çağıranda olduğu kimi yenə də qapını aralayıb bədənin yarısını çölə çıxarmışdı. Amma çılpaq deyildi. Hələ desən paltarın üstündən adyala da bürünmüşdü. Saqqal basmışdı Əbdülü. Ölümün onun sifətində bardaş qurub oturduğunu gördüm. Gözləri donmuşdu. Üzünün heç bir əzası tərpənmirdi. Ancaq dodaqları danışırdı:
- Deyirəm əzraildən məktub gəlib,- təkrar dilləndi.
Heç nə demədim. İşimi yekunlaşdırıb evə keçdim.

Yuxum yadıma düşdü:
Gecə yuxuda görmüşdüm ki, küçəmiz uzunu sıra ilə ağ kauçuk stullar düzülüb. Məhəllədə bir ins-cins yoxdu. Amma stullar hərdən yırğalanır, bir birinə sürtünərək uşaq gülüşünə oxşayan tükürpədici səslər çıxarırlar. Ağacların yarpaqları arasından sızan günəş şüaları az qalır adamı kor eləsin.Yaxınlıqdakı ərzaq dükanının qarşısında səkiyə düzülmüş zibil qutularında nə varsa hamısını külək havada oynadır. Birdən stulların rəngi qaralmağa başlayır, evlərdən, ağaclardan, zibil qutularından küçəyə mazut axır…

Əbdülü bir də görmədim. Bir həftə sonra – bazar günü nahar eləyib küçəyə çıxmışdım. Meyvəsatan onun  öldüyünü dedi:
- Hamını bezdirmişdi. Nə qapı-qonşu, nə də qohum-əqrəba yiyə durur. Arvadı ilə uşaqları oturublar, yanında başqa kimsə yoxdu evdə…
Meyvəsatan danışır, mənsə ağlıma yenicə gəlmiş bir fikirlə əlləşirdim:
- Görəsən hər gün ölümü xatırlayan Əbdül heç olmasa bircə dəfə necə yaşadığı barədə düşünmüşdü? Yəqin ki, yox…
Birdən Əzrailə yazığım gəldi. Bəlkə də Əbdüldən ürpəndiyi üçün il boyu başını qapı-qonşu ilə qatırmış, – deyə düşündüm:
Lap Əzrail olsan da belə bir məxluqla bu dünyadan o dünyayadək yol qət eləmək, hətta ən qısa müddətə, bu cəhənnəm yükü ilə iki dünyanin arasındakı boşluqda tək qalmaq ən rəzil intihara, ölumə bərabərdir. Necə yaxınlaşıb buna, kim kimi götürüb aparıb, Allah bilir…

- Heç mən də bilmirdim, – meyvəsatanın səsi yenidən qulaqlarımda gücləndi. – Arvadı çağırdı getdim. Dedi qalmışıq köməksiz, özümüz də qorxuruq. Hava qaralanacan götürülməsə gecə bağrımız yarılacaq, kömək elə.
- Təcili yardım çağırın gəlib rəsmiləşdirsin,- dedim. – Mən nə edə bilərəm ki…

Meyvəsatan qadını başından eləmişdi. Dediklərindən aydın oldu ki, Əbdülü götürməyə ailəsində pul da yoxdu. Arvadı kimdən istəyib, deyib – vermirəm, sağlığında bizi söyürdü.

…Bu dünya mənimçün çoxdan cılızlaşmışdı. Amma bu qədər yox.
Meyvəsatana:
- Söyməyə qalsa, Əbdül hamıdan çox məni söymüşdü. Göydən Allah baxır, o ki, sizə söyməyib,  – deyib aralandım.
Qapıya Əbdülün arvadı çıxdı. Gözləri qızarmışdı. Amma yaslı adama o qədər də oxşamırdı. Birnəfəsə başladı danışmağa….
Sözünü kəsib soruşanda ki, nə qədər pul lazımdır, duruxdu. Sonra:
- Nəyə imkanın çatır, o qədər. Heç nəyimiz yoxdu, – dedi.

Bir adamın cənazəsini götürdüb hansısa qəbristanlıqda torpağa tapşırmaq üçün lazım olan qədər pulum yox idi. Amma:
- Narahat olma, –dedim. – Bir azdan pul gətirəcəm.

Özümü itirmişdim. Yatsam yuxuda da ağlıma gəlməzdi ki, nə vaxtsa Əbdül öləcək və mən belə əl-ayağa düşəcəm. Qardaşıma zəng elədim, şəhərdən uzaqda idi. “Bazarın günü mən hara gedim” – deyə düşünə-düşünə gəlib çıxdım iş yerimə. Mühasibin otağının qapısını açıq görəndə gözlərimə inanmadım. Bir həftə idi işə gəlmirdi. İndi istirahət günü burada idi. Ona yetərincə borcum var idi. Amma əhvalatı bilən kimi seyfdəki pulu çıxarıb qoydu qarşıma. Bir az rahatlandım. Həyat yoldaşımın bayaqdan beynimi döyəcləyən səsi axir ki, kəsilmişdi:

- Allah köməyin olsun! Hardan tapırsan tap, amma tap gətir sabaha qalmasın bu iş…
Geri qayıdanda yol boyu bir az əvvəl Əbdülün arvadının qapıda dayanıb birnəfəsə dediklərini xatırlayırdım:
- Getdi Əbdül. Həkim demişdi öləcək. Ağ ciyərində şiş vardı. Qara ciyəri də serroz idi. Amma bizi heç incitmədi. Səhərə yaxın şorba istədi. Bişirib verdim, yedi getdi. Görünür yol yeməyi imiş. Heç bizi incitmədi…
Arvad lap günahkar adamlar kimi danışırdı. Elə bil məni nəyəsə inandırmağa çalışırdı…
Qapısını döyüb pulu ona verdim. Aralananda arxamca nəsə deyirdi. Amma mən artıq onun dediklərini eşidəcək halda deyildim. Birdən anlamışdım ki, sən demə bizim məhəllənin ən cahil adamı heç də Əbdül deyilmiş…
İki gündən sonra meyvəsatan müştərilərinə Əbdülün arvadının keçmiş kirayənişinlərdən biri ilə şəhərdə qol-qola getdiyindən danışırdı. Deyirdi şirniyyat sexinin müdiri özü görüb onları…

Epiloq

Əbdülün nə yası oldu, nə də gəlib rəhmət diləyənləri. Onu yerdən təcili yardım maşınının ortası çadır materialından olan xərəyində götürdülər.
Cənazəni həyətdən bir vaxtlar söyüb evdən qovduğu fəhlə kirayənişinləri çıxartdı. Bu Əbdülün yaşadığı həyatın çoxdan ona vəd elədiyi qisməti idi.
Məhəllədəkilərin qismətinə isə Tanrı bir köməksizi dəfn edib bəlkə də həyatlarının ən böyük savabını qazanmaq imkanı yazmışdı. Bacarmadılar…

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

6 Şərh var
Şərh yazın »

  1. Ezizim Ilqar, hekayeni boyuk maraqla oxudum. mene nece danishmishdinsa ele elece de yazmisan. cox gozeldir…

    deyirler Agdamda bir deli var imish ele hey deyirmish ki, gec-tez hami deli olacaq, prosta men qabaga dushmushem.

    Agdamin delisi de istedadli olub, Ebdulu de…

    sene ugurlar qaqa…

    Agdama qayitsan birinci ebdulun qebrini ziyarete get

  2. Heyatdan gelen bir moxzu, bashqa sozle desek heyatin ozunun diqkte etdiyi edebiyyat. mence uqurlu alinib. Teshekkurler.

  3. İlqar bəy səmimi qələmə alınmış ədəbiyyat nümunəsinə görə bir oxucu kimi Sizə minnətdarlıq edirəm. Eyni zamanda qeyd etməliyəm ki, bu yazdıqların Bakı şəhərinin “Sovetcki”, “Kubinka” küçələri üçün bir adət halını alıb. Allah sənə və evi olmayanlara gözəl mənzil qismət eləcin. O zaman yenidən bu mövzulara qayıdarkən həyatın dibinə sürüklənmiş insanların ağrı-acısına yeni prizmadan yanaşasan.

  4. Herden mene ele gelir ki, sen sadece yaxshilidan zovq aldiqin uchun bunu edirsen. Onlar anlamadilar, sen anladin deye bunu etdin? Indi fikirleshirsen ki, meyvesatandan ve o birilerinden ferqli olaraq senin Ebdule etdiyin yaxshiliq Tanrinin diqqeti chekecek? suallarim choxdu, amma qalsin sonraya. Almaz MAHMUD

  5. Cox hormetli Almaz xanim,heyat bele gosterir ki, Tanrinin diqqetini yaxshi emellerin sahibi cekmir. Eger bele olmaswaydi O mene Sizin haqqinizda hekaye yazdirardi. Ebdul haqda yox.

  6. Nehayet ki…gec de olsa bu hekayenizi de oxudum…Hormetli Ilqar Resul, Sizin yazilarinizi oxumaq tesevvuredilmez derecede mene xoshdur…Size uqurlar!!!

Şərh yazın