Şərif AĞ. Corcinin evi (Hekayə)
Yazar: Admin | Bölmə: Proza | Tarix: 30 Ocak, 2009
Corci qadın idi. Qara dərili, suyuşirin, deyib-gülən bir qadın… Əlifbasını bilmədiyimiz ingilis dilində elə şirin danışırdı ki, qoca arvadlar belə nəfəsini qısıb qulaq verirdilər. Guya nəsə anlayacaqdılar. Guya Corci nəinki azəri dilində, hətta kürd dilinin Qarakeş, Şeylanlı ləhcəsində danışır. O da özünü elə aparırdı ki, guya bizim dili başa düşür, gah gülümsəyir, gaha qara sifətinə daha qatı rəng verirdi. Bəs necə? Ola bilərdimi, millətin bu boyda faciəsi ona təsir eləməsin? Axı onu vətəndaşı olduğu ölkə bu insanlara yardım etmək, ev tikmək, tibb məntəqəsi açmaq, məktəb yaratmaq üçün göndərmişdi. Üstəlik gözüaçıq, biləndər adam idi Corci. CİP markalı maşınından düşüb, qırmızı, dikdaban ayaqqabılarını tozlu düzəngahlara basan gündən anlamışdı ki, bütün gəvil kolları, qarağanlar, təzəklərlə birgə qızmar yay günəşi bu adamların özünə inamını da yandırıb kösövə döndərib. Kiminsə əlinə baxmağa, ən azı gözlərinin işartısını xoş bir şeyə yozmağa adət ediblər. Corci Allahından dönüb desəydi ki, bu yaz sizi Qarabağa qaytaracağıq, hamı inanardı.
Bu yerlərə bircə yol gəlirdi. O yol da bu yerlərin qeyidsiz, şərtsiz hakimi, yoldaş Cabreyilovun asfalt yoldan azacıq aşağı, jandarm idarəsi qarşısında qoyduğu şlaqbaumun altından keçirdi. Şlaqbaum təkcə öz işini yerinə yetirmir, həm də bir təslimiyyət missiyası həyata keçirirdi. Ətraf rayonlardan, paytaxtın özündən gələn adamlar, dini-imanı, vicdanı şlaqbaumun bəri üzündə, jandarm idarəsinin qarşısında qoyur, sonra baş əyib o biri üzə keçirdilər. Düzünə qalsa, yaxından-uzaqdan təşrif buyuran nabələd yoldaşların tanışlıq üçün zəhmət çəkib şlaqbaumun o üzünə, o ilan mələyən, əqrəb kişnəyən çöl-biyabana getmələrinə əşhədü ehtiyac yox idi. Bu, yoldaş Cabreyilovun fikri idi. İstər şlaqbaumun o üzündə, istərsə də bu üzündə pənəlgə tapanlar yaxşı bilirdilər ki, yoldaş Cabreyilov heç kimdən qorxmur və lazım gəlsə vəziyyəti olduğu kimi etiraf etməyə hazırdır: su yoxdu, otlaq yoxdu, məktəblər işləmir, işıqlar yanmır və s. Bircə səsə-küyə salan olmaya. Dəvə gördün, görmədin! Yoldaş Cabreyilovun bu yazılmamış qanunu xüsusən kənardan gələn qonaqlara aid idi. Yerli sakinlərə qalsa, heç vaxt istəməzdilər ki, elnən toy-bayram libasında gələn bəlalardan ötrü yoldaş Cabreyilovun başı ağrısın, orda-burda kişinin üzünə söz gəlsin. Axı neyləsin bu kişi? Allah erməninin bəlasını versin! Yoldaş Cabreyilov deyirdi, o boyda torpaqları alıb milləti zəlil günə qoysunlar?
Adama elə gəlirdi ki, Corci yoldaş Cabreyilovun şlaqbaumundan bir balaca din-iman, bir balaca vicdan keçirə bilmişdi. Yəqin amerikalı olduğundan yaxşı yoxlamamışdılar. Bəlkə onu camaata sevdirən də qadağan olunmuş mal kimi gəzdirdiyi bu keyfiyyətlər idi!
Corcinin sadəliyi, özünü yüksək tutmamağı da vardı. İlk gəldiyində bu yerlərin ən imkansız, xəstə sakini Abbasəlinin yeraltı damına baş çəkdi. Abbasəli il on iki ay yastıqdan baş qaldırmazdı. Onu yalnız yardım verən maşınların yanında görmək olurdu. Saralmış çöhrəsi, qırışmış üzü görünən kimi uşaqlar qaçıb dağılışır, saatlarla növbəyə duran böyüklər kənara çəkilirdilər. Nə qədər yolunu saxlasalar da Abbasəli bəhanə tapıb kiminləsə savaşır, əvvəlcə «bu xarabaya daş qoyanı», sonra hökuməti söyür, aldığı ərzaq payını belinə aşırıb yeraltı damına çəkilirdi.
Camaat buralara təzə-təzə gələndə ümid edirdi ki, bu gün-sabah geri qayıdacaq. Heç kim ürək qızdırıb daxal-daxma tikmirdi. Vaxtı ilə burda heyvan saxlayan insanlar üçün quraşdırılmış darısqal, uçuq-sökük olacaqlarda və yeraltı damlarda daldalanırdılar. Sonralar gördülər yox, iş bir az qəlizdi, başladılar hərə bir yanda koma qaraltmağa. Bircə il keçməmiş hamı yerin altından üstünə çıxdı. Bircə Abbasəli ənənəsinə sadiq qaldı. «Nə qədər yaşayıram evim, ölən gündən qəbrim bu yeraltı damdır» – dedi.
Anası ölsün Corcinin! Günlərin birində, bir yük maşını gəlib Abbasəlinin damının qarşısında dayandı. Fəhlələr kuzadan taxta materialları, şifer, çərçivələr, üstünə qırmızı hərflərlə «USAİD» yazılmış göy rəngli qapı düşürdülər. Sonra ekskvator gəldi, su çəni gəldi, ekskvator çalovuşunu hərləyib yekə bir quyu qazdı, saman palçıq yoğurdu. Corci özü CİPini kənarda saxlayıb qolunu çırmaladı, Abbasəli üçün bir-iki qəlib kərpic kəsdi. Bəlkə də Abbasəlini bu dünayaya bağlayan ən dəyərli xatirə elə bu idi. Zarafat deyildi ha, «yardım verənlərin böyüyü» palçığı ovuclaya-ovuclaya onnan birlikdə kərpic kəsmişdi.
Xəstə olduğunu unutmuşdu Abbasəli. Fəhlələrə qoşulub işləyirdi. Sırıqlısını çiyninə atıb təsbeh çevirən ağsaqqal kişilər axşamlar mal-heyvanı yerbəyer eləyəndən sonra, özləri demiş «Abbasəlinin kalafası»nın başına toplaşırdılar. «Salam»dan, «İşiniz on qat olsun»dan sonra, onun həvəslə yer ölçməyinə, xəndək qazmağına, kərpic daşımağına qaşları ilə zərif eyham vurub gülümsəyir, Abbasəli ilə kürd dilində məzələnirdilər:
«Qə xö cəm qə, jniqi va hılqır, pərəfi mali va bn» (Özünü cəmlə, elə bu arvadı al, təzə evə yığışın).
Qımışırdı Abbasəli, amma yerindəcə etiraz etməyi özünə müqəddəs borc sayırdı:
«Wər məben, Corci insanəqi çəyə!» (Elə deməyin, Corci yaxşı insandır)
Mal-heyvanının otu-ələfi bol olan başqa bir saqqalı və təsbehli kişi qayğısızcasına zarafatı uzatmaq istəyrdi:
«Düye mərəqi çəyə» (Sən də yazşı kişisən).
Yerin altından üstünə çıxmağın sevinci Abbasəlinin vəzninə təsir eləmişdi. Əvvəlki kimi, hər sözə alınıb, hər eyhama cırnamazdı.
***
Abbasəlinin evini hamı bir-birinə barmaqla göstərirdi. Əməlli-başlı pəncərə, dəhliz, qapı, hətta pəncərədə şüşələr, pərdə… Bir sözlə bəy otağı! Qalın tuman geyinən və ortasını şalla çəkən, qılçaları tüklü arvadlar danışırdılar ki, Abbasəli evlənmək istəyir. Özü də dula-mula yiyə durmur, deyir mənə bakirə qız lazımdı, çünki özüm də oğlan xeylağıyam. Hətta deyirlər arvadlardan biri məzə üçün Abbasəlinin qabağını kəsib ki, gəl məni al.
Ortasını şalla çəkən, qılçaları tüklü arvadlar onu da danışırdılar ki, kişilərdən biri – Abbasəlinin yaxın qonşusu rayona gedirmiş, yolüstü qapıda çırpı yığan Abbasəliyə yanaşıb deyib ki, mən gedirəm, arvadı sənə tapşırıram. Narahat olma, özünə demişəm, ürəyin istəyən vaxt daxalın pəncərəsini taqqıldat, gələcək…
Corcinin tikdiyi otağın rahatlığını qonum-qonşu Abbasəlinin burnundan tökməkdə idi. Bu azmış kimi Corci yatağın başqa bir yerində göy rəngli qapısına «USAİD» yazılmış başqa bir otaq tikdirdi. Evin təyinatı bəlli olmasa da, hamı Abbasəlinin yeraltı damların arasında göydələn kimi görünən otağının əlli-əlliyə dəbdən düşdüyünü anladı. Bəlkə də bu Abbasəlinin xeyrinə idi. Evlə bağlı dözülməz zarafatlar səngiyəcəkdi bir az. Amma kim bilir, bəlkə elə Abbasəlinin ürəyindən idi bu zarafatlar. Bəlkə elə doğrudan da onun könlündən keçirdi ki, kiminsə qılçası tüklü, ortası şallı arvadını evinin yaxınlığındakı bu kalafaya sürükləsin.
Zarafatlar ara verdi. Hamının fikri-zikri yeni tikilən otaq və onun təyinatı idi. Qapısına «USAİD» yazılmış ev barədə ilk açıqlama belə oldu: burda qaçqın qadınlar üçün iş yeri açılacaq – paltar tikəcək, xalça-kilim toxuyacaq, əvəzində pul alacaqlar. Nəyi pisdi ki?!…
Az keçməmiş düzəngahın bütün gəlinləri bu evə gedib gəlməyə başladılar. Evdə həqiqətən də nələrsə toxuyurdular, dəzgahlar-filan var idi. Ancaq deyildiyi kimi, heç kəs əmək haqqı almırdı. Corci rayonda yaşadığı üçün ən tezi həftədə bir dəfə baş çəkirdi bura. Gələndə qadınlar qarışqa mürəbbəyə daraşan kimi toplaşırdılar başına. Corcinin tikdiyi evin təyinatı ağır-ağır qalxan dumandan sonra boy verən qocaman Laçın dağlarının füsunkar görünüşü kimi aydınlaşırdı. Hamı bilirdi artıq. Ən azı uşaqlardan xəbərsiz arvadlarını danışdırmışdılar. Heyvan saxlamaq və laqqırtı vura-vura domino oynamaqdan başqa məşğuliyyəti olmayan, hava qaralar-qaralmaz çırağını püfləyib arvadlarının yanına dürtülən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayğısını çəkmirdilər artıq. Corcinin sehirli əlləri dünyaya gələcək körpələrin yolunu analarının bətnindəcə bağlamışdı. Ən əsası, bu pulsuz-parasız, qoruyucu preparatlarsız başa gəlirdi. İldə bir uşaq doğan, yaxud iyirmi «şirvan» verib rayon mərkəzindəki xəstəxananın abort masasına qalxan, əhval-ruhiyyəsindən, səhhətindən asılı olmayaraq ərinin yataq təklifinə etiraz etməyi əxlaqsızlıq sayan, qılçası tüklü, ortası şalla çəkilmiş qadınların birdən-birə qısırlaması həqiqəti ağappaq ağardıb hamının gözünə soxmaqda idi. Bəli, hamı bilirdi, üstəlik hamı bilirdi ki, hamı bilir, ancaq yenə danışan yox idi. O evə baxanda əli təsbehli kişilər söhbətinin mabədini unudurdular. Yolu Corcinin evinin yanından düşən adamlar yarımçevrə cızmağa məcbur idilər. Ev boş olsa belə, həndəvərinə gedən heyvanı qaytarmağa hər adam cürət eləmirdi. Bu zaman ağlı kəsməyən uşaqları buyururdular: «A bala, a bala, o inəyi bəri qaytar».
Bir gün, axşam vaxtı yenə hamı bir yerə toplaşmışdı. Saqqallı, təsbehli kişilərdən biri 7-8 yaşlı bir uşağı yanına çağırdı, əyilib üzündən öpdü. Dalınca da yağlı bir zarafat:
«Xalan nə təhərdi?»
Uşaq utandığından başını aşağı saldı, burnunu çəkib ayaqqabısının ucu ilə torpağı təpikləməyə başladı.
«Eşitmirsən ə…?» – kişi təsbehini sırıqlısının cibinə qoyub arxadan iki qolunu uşağın boynuna saldı və əllərini çənəsinin altına sürüşdürüb ona tərəf əyildi:
«Sənnənəm! Xalan nə təhərdi? Corcinin qəhbəxanasına gedirmi yenə?»
Uşaq diksindi, böyük qəbahət yapmış kimi gözlərini bərəldib uğunmaqda olan saqqallı kişilərə baxdı. Onu bayaqdan əzizləyən kişi elə şaqqanaq çəkdi ki, müvazinətini saxlaya bilməyib yerə çökdü. Uğunmaqda olan kişilər sifətlərini bir-birindən gizlədirdilər.
***
O axşamdan sonra bu balaca evin yarlığı boynundan asıldı. Hətta qadınlar belə evin təzə təşbehini işlətməkdən çəkinmirdilər. Bu adın Corcinin evinin taleyinə mistik təsiri oldu. Gedib gələn azaldı. Corci özü də buralarda az-az görünməyə başladı. İndi Corcini övladı ikiyə çatan cavan gəlinlər axtara bilərdi. Çünki dünyaya uşaq gətirmək imkanında olan qadınların demək olar ki, bətnində bu mübarək xanımın «əl işi»ni gəzdirirdi.
Bircə Abbasəli! Yazıq Abbasəli… Evin təzə adı zatən onun «əhatə dairəsi xaricində» olan mənəvi dünyasını alt-üst etmişdi. Bir müddət hamının həsəd apardığı «bəy otağı»ndan səs-səmir gəlmədi. Handan-hana bəlli oldu ki, küsüb Corcidən, ona bəslədiyi sonsuz məhəbbəti məşhur kalafasında dəfn edib və təzədən qayıdıb öz yeraltı dünyasına. Üstəlik rayonda, asfaltda, örüşdə, hətta yardım gətirən maşınlar arasında CİP gördümü, arxasını çevirirdi: «Birdən Corci olar». Arxa çevirmək Abbasəlinin ən radikal etiraz aksiyası idi.
Adamların çoxu Abbasəlidən fərqli olaraq, hələ də bir daşı, bir ağacı, bir təpəsi olmayan, yeknəsəq yeraltı damlarıyla şimalı-cənubu bilinməyən bu düzəngahın qibləsini Corcinin evi deyin təyin edirdilər. Gecələr yol azan çobanlar Corcinin evi deyin hara getdiklərini hesablayırdılar. Zarafatla bura «Amerika səfirliyi» deyənlər də var idi. Gündüzlər isə bu evə günəşdən kölgələnən qoca ulaqlar yaxınlaşırdı.




(6 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Azerbaycan dilini bele maqmun gune qoymaq lazim deyildi…
veli bey, xahish edirem burada *azerbaycan dilini maqmun gune qoyan* bir cumle gosterin.
Gecələr yol azan çobanlar Corcinin evi deyin hara getdiklərini hesablayırdılar
bax ele bu cumle hesablayirdilar hgekaye sozu deyil deyin de yerinde deyil
birce dene bir shey sorushacam vesselam: ‘zaten’ ne demekdir?
“Sonra ekskvator gəldi, su çəni gəldi, ekskvator çalovuşunu hərləyib yekə bir quyu qazdı, saman palçıq yoğurdu.”
*Gecələr yol azan çobanlar Corcinin evi deyin hara getdiklərini hesablayırdılar* – mence problemsiz cumledi. her halda *mueyyen edirdiler*den daha yaxshidi.
ama yaxshi olardi ki, elgun bey, öz variantinizi teqdim edesiniz. sizce ne olmali idi.
bir de ki, publisitikadan 100-e 100 arıtlanmış nesr dili telebleri ile yanashsaq gerek müasirlərimizdən heç kəsi oxumayaq. əslində bu cür dil hech lazım da deyil. mütləq mənada saf polad hech bir ishe yaramadiqi kimi.
“Sonra ekskvator gəldi, su çəni gəldi, ekskvator çalovuşunu hərləyib yekə bir quyu qazdı, saman palçıq yoğurdu.” – problemsizdir
*zaten* yeni *bünövrədən*, *əvvəldən*
zat sözündəndir. nece beyem?
mence hekayede daha aqailabatan qüsurlar tapmaq mumkundur.
bir də ki, scorpiyonun məhz burada dil qüsuru tutmaqa çalışması bir az gülüncdür.
qarshida enenvi tehkiyeden uzaqlaşmaq, bununla belə bayaqılığa yuvarlanmamaq (əli əkbər, baycan ve s.) kimi ciddi problem var. bunu yazanlar anlayar ancaq!
ne ise…
hamiya uqurlar!
publisistikadan arinmis bir dil telebinde deyilik
sizin bir cumle tapmag telebinize cavab olarag yazdik her haalda cok boyuk yukleri goturmeye hacet yox
sakitce davam etmek gerek
bu meslehet deyil sadece teklifdir oxucu teklifi
Çalovuş- Azərbaycan dilində ekskvatorun bu hissəsinin adı “Çömçə”dir…
Ekskvator qazdığı quyu olmur xəndək olur… Bir də ki, ekskvator “quyu”nu niyə qazırdı? Sonradan bu “quyu”dan xəbər çıxmır… ancaq belə əmmalar çıxır…
… saman palçıq yoğurdu.- kim? ekskvator?… necə? “saman palçıq” nədi? Ayıbalası kərpicin palçığına saman, mal püşü qatırlar… ancaq ona saman palçıqmı deyirlər?
scorpiyon müəllim, sizə dedim ki, ciddi işlərə çox girişməyin. gördünüzmü, pişiyin quyruğu göründü…
1. saman-palçıq nə olduğunu və çiy kərpicin necə hazırlandığını bilmirsinizsə, qəti mübahisə etməyin və məhz bu hekayəni müzakirə etməyə qalxışmayın.
2. çalovuş maraqlı sözdür onu çömçə ilə əvəz etməyə lüzum yoxdur. əksinə çömçədən daha tutarlı ifadədir. həm də çömçə yalnız birtərəfli işləyəndir. çalovuşdan isə pambıq yükləmək, palçıq arışdırmaq və s.-də istifadə edilir. onun iki tərəfi var, nəyi isə tutub qaldıra bilir.
3. kərpic kəsmək üçün xəndək yox, quyu qzırlar və samanı palçıqla yoğurub həmin quyuda qıcqırdırlar. əvvəl bu işi insanlar özləri görürdü, indi texnika – ekskvatoq həyata keçirir.
var olun!
p.s. eeeeh scorpion!
mümkün olsa hekayeni bir de oxumaqini meslehet gorerdim.
“quyunu niyə qazırdı? quyunun axiri necə oldu?”
bəs *abbasəlinin kalafası* nə idi, a duzsuz!
ekskvator quyu qaza biler, saman palçq yoqura biler. təkcə ona gore yox ki, Bakı danışa bilər, ABŞ susa bilər (metonomiya)!
Salam Şərif bəy, açığı bu sözgüləşdirməsini başa düşmürəm. Mən lap loru dildə, ən kobud ləhcə ilə belə yazılmış əsəri oxumağa hazıram amma bir şərtlə ki, o nəyisə ifadə eləsin, əsərin ideya gücü olsun. Süjetin cansıxıcı olmasını da bağışlamaq olar. Bu təbii ki, mənim zövqümdü.
Şərifin Qarabağ müharibəsi həndəvərində yazdığı bütün hekayələri həvəslə və maraqla oxuyuram. Bu əsərlər pafosdan, gurultudan, ucuz və əttökən vətənpərvərlik çağırışlarından uzaqdır, təbiidir. Amma bu əsər barədə fikirlərim bir qədər fərqlidir. Elə ona görə də bir qədər gec şərh yazdım.
Yuxarıda Şərifin imzasını və şəklini görməsəydim, elə əvvəldən bir abzas oxuyub… Məsələn, qaçqın qadınlarını belə təsvir etməmək (qılçası tüklü, ortası şallı arvad) də olardı. Müharibənin şıdırğı vaxtında dağıdılmış evinin-eşiyinin, şəhid olmuş, itkin düşmüş oğul-uşağının hayanda olan kənd qadınları təbii ki gözəllik salonundan gəlməyiblər. Bunu bilə-bilə yenidən diqqəti onların qılçasının tükünə, belinin şalına yönəltməkdənsə, qadınları ümumiləşdirən başqa bir detal tapmaq pis olmazdı.
Və yaxud da («Corcinin tikdiyi evin təyinatı ağır-ağır qalxan dumandan sonra boy verən qocaman Laçın dağlarının füsunkar görünüşü kimi aydınlaşırdı») kimi cümlələr yüngül desək əsərin dilini ağırlaşdırır, mahiyyətini anlamaqda çətinlik yaradır.
Bir də həmişəki, köhnə problem eninə-boyuna vulqar sözlərdən istifadə eləmək bu hekayədən də yan keçməyib – «Sənnənəm! Xalan nə təhərdi? Corcinin qəhbəxanasına gedirmi yenə?» – indi deyə bilərsiniz ki, kənd ağsaqqalı kitab dilində danışa bilməz axı. Razılaşıram. Amma siz də razılaşın ki, heç o sözü işlədən qoca da bu hekayəni oxumur. Onu biz oxuyuruq. Nəyə görə yazlı əsərdə belə yumşaq desək, biədəb ifadələrə yer verilməlidir? Özü də ehtiyac duyulmadığı halda. Əgər meyar hər şeyi olduğu kimi təsvir etməkdirsə, bu ədəbiyyatın missiyası deyil. Yox nitqin təbiiliyinin qorunub-saxlanmasından söhbət gedirsə, bunu incə koloritlə də ifadə etmək mümkündür.
Amma yenə əvvəlki fikrimə qayıdıram. Şərifi oxumaq həmişə xoş, həmişə diqqətçəkəndir. Davamını gözləyəcəyəm.
Müəllif ona bəlli olan bütün informasiyanı bir hekayəyə sığdırmaq istəyib məncə. Hekayənin içində bir neçə mövzu var – Corcinin evi, Abbasəlinin evi, Cabreyilov. Sonuncu ilə bağlı böyük bir abzası tamamilə çıxarmaq olar. Çünki əsas mövzuya heç bir dəxli yoxdur. Onu çıxarmaqla hekayə uduzmaz.
Uşaqla hamıyabəlli xala zarafatı da artıq görünür. Sanki elə hekayənin həmin yerinə çatan anda müəllifin yadına düşür bu əhvalat. Əhvalatın təhkiyəsini dəyişib salmaq daha uyğun olardı. Amma leksikonu elə belə də saxlamaq olar. Sadə kənd camaatının dilindən belə danışıq oxumaq mənə vulqar görünmür.
Corcinin təsviri yaxşıdır. Xarakteri, sadəliyi, qoçaqlığı. Amma onun gedişi sönük alınıb. Sanki hekayə yenidən başlayır, necə deyərlər, “oborot” götürür hələ))
Şərif bəyə uğurlar!
Əminəm ki, həmin bu qaçqınçılıq mövzusu yaxın onilliklər boyu ədəbiyyatın aparıcı mövzularından olacaq.
bes deyirsiz Serif rehmete gedib,hani?
Sherif dostum tebrikler, yazshi yazidir,amma bilmediyimiz ingilis dilinde bir iki fikir olsaydi Corci realiga daha yaxin olardi
hormetli J.!
hekayenin strukturu ilə baqli tənqidi fikirləriniz maraqlıdır. diqqət üçün siz də daxil olmaqla bütün dostlara təşəkkürlər.
ama bir meseleye aydinliq getirmek isterdim… gec de olsa…
hekayede üç qütbün verilmesini çox vacib saydim – rəhbər, xaric, xalq.
tebii ki c-ov r-liyin, corci xaricin (ABŞ), Abbasəli isə xalqin ümumi obrazidir.
ve demek istediyim – bu rəhbər, bu xalq, bu da ətəyindən tutub ümid bağladığımız xaric…
nə rəhbərdən aman var, nə özümüzdə təpər, nə də xaricdən imdad.
odur ki, C-ovla bağlı abzasin çıxarılması hekayənin doqru anlaşılmasına mane ola bilər, sanıaram.
ola bilər ki, istədiyimi lazımı səviyyədə verə bilməmişəm. bu başqa məsələ…
ümumilikdə demək istədiyim cəmiyyətin zəifliyindən istifadə edən KƏNAR ADAMLARIN hətta gənc qadınların bətninə qədər soxula bilkmələridir. bu böyük faciədir və təbii ki, ilkin konturlar həyat həqiətlərindən götürülüb.
bu mövzuya diqqətli munasibətiniz məni sevindirir və umarim ki, sizdən də nələrsə oxuyacağıq.
Bir də Natiq bəyə!
hekayə maraqlı başlayır məncə. siz nə üçün oxumazdınız, bir az qaranlıq qaldı mənə…
sayqilarla
muellif
Hormetli Sherif dostum, birinci cumlen bele bashlayir – “Corci qadın idi. Qara dərili, suyuşirin, deyib-gülən bir qadın…” Belke de Azerbaycan oxucusu ucun bu maraq doqurur, amma gel eserin tercume perspektivine baxaq. Ingilis “Corci qadın idi” cumlesini oxuyanda deyecek ki, Corci ele qadin olar da. bunun Azerbaycanca qarshiliqi beledir “Sekine qadin idi” bu sende hansi teessurat yaradar. Men niye bele yaziram. Cunki men senin eserlerinin tercume perspektivi yuksek qiymetlendirriem. Qarabaq movzusunda yazilan eserlerin bedii deyeri barede defelerle yazmisham. Men isteyirem Azerbaycan yazicisi dunya miqyasina cixsin ve ciddi qebul olunsun.
natiq bey, sohbet adamin yabanchiliqini vurqulamaqdan gedir. yeni biz ONLARIN adindan cinsini bele teyin ede bilmirik. bu menada…
ama duzu tercume effektini fikirleshmemishem. umumiyyetle hech bir yazimda tercume barede dushunmurem, dushune bilmirem. belke bu menfi keyfiyyetdir. amncaq deyim ki, eserin izmi ve tercumeye nece yansimasi barede dushunsem yaza bilmerem.`
bizde umumen bir problem var – redaktorumuz yoxdur! men deyende bezi dostler duzgun basha dushmurler. en peshakar yazichinin da redaktoru olmalidir. kenar goz bashqadiq. meselen bu gunlerde esed cahangirle gorushduk, o *Kerpickesen…* hekayesenin kultazda geden variantinda ele ciddi redakre qusurlari gosterdi ki, (esaslandiraraq) achiqi xeyli utandim.
redakte chox onemlidir. xususen nesrde…
kultazin bu sherhlerinde de az da olsa aqilabatan iradalar olur. dushunurem ki, bunun ozu boyuk ishdir, ona gore polemikalara hemishe hevesle qoshuluram ve sizden de bu hessasliqi gorende achiqi sevinirem. biZ biri-birimize DAHILIMIZI subut etmeye *yiqishmiriq*. bize heqiqetler lazimdi. genish auditoruyada bu cur heqiqetleri *eshitmek* imkani daha choxdur.
can saqliqi ve edebiyat hevesinin sonmemesi arzusu ile
Sh.Ag.
Şərif bəy, o zaman özünüzün də qeyd etdiyiniz kimi, düşündüyünüzü, nəzərdə tutduğunuzu lazımi səviyyədə verə bilməmisiniz.
Düzü, oxucu olaraq, şərhinizdə qeyd etdiyiniz dərinlikləri hekayədə görə bilmədim. Komponentlər sintez olunmayıb, bir-birinin içindən keçməyib, ayrı-ayrı hissəciklər olaraq öz yerlərində qərarlaşıblar və bütövləşə bilməmiş başqa-başqa mövzu təəssüratı oyadırlar.
Bizim qaçqın mövzusu isə romanlara sığmayacaq bir mövzudur. Onların başqa rayonlarda və Bakıda adaptasiya prosesi onlarla tragikomik filmin mövzusudu. Allah qismət eləsin, biz də gördüyümüzdən, bildiyimizdən bir şey qaralayaq…
Natiq bəylə söhbətdə redaktor məsələsini qeyd edirsiniz. Bildiyim qədərilə bir çox dünya məşhurlarının da redaktorları olub, bunlar ya xanımları/ərləri, ya yaxın dostları, ya da nəşr olunduqları nəşriyyatların redaktorları olublar. Sovet vaxtı da bütün kitablarda yazılardı – kitabın redaktor filankəs.
Amma bu, yazıçı məsuliyyətini azaltmamalıdır. Bizim gənc yazarlardakı, bu halda konkret olaraq sizdə, məncə, redaktor problemi deyil. İçi mən qarışıq, fikri istədiyimiz kimi, lazım olan kimi ifadə edə bilmək problemi hələ qalır. Əgər məndə 10 dəfə oxuyub çapa göndərdiyim yazımı yenidən oxuyanda onun harasınısa redaktə eləmək istəyi yaranırsa, demək hələ problemlər var. Bu gün çap olunanların böyük əksəriyyətini redaktə etmək üçün əlimi gicişdiyini də söyləməkdən vaz keçə bilmirəm…-)
Uğurlar!
salam,bilmek isteyirem ki siz Lacinlisiz VE BELEDIRSE HARASINDANSIZ?mende Lacinliyam!!!
Doğrusu,mətni axıradək oxumaq üçün ozümü məcbur etdim. Publisistik oçerk təsiri bağışladı. Bir-iki xırda epizodik müşahidə var, müəllif sanki mövzunun arxasında itib-batır. Ciddi mövzu bir növ lağlağıya çevrilib. Oxuyunu yorur.
Hamiya salamlar!
Hekayeni ve sherhleri chokh diqqetle okhudum.
Qachqinliqla baghli olan eserlerin xarici dile tercume olunma zerureti ve prespektivi boyukdur. Bu baximdan, mence “Corci qadın idi. Qara dərili, suyuşirin, deyib-gülən bir qadın…” ifadesini, hansi ki, eserin tesvir elementlerinden biridir, problemsiz xarici dile tercume etmek olar nezere alsaq ki, tercumeler herfi olmur. Misal uchun bunu herfi olaraq ingilis diline tercume etsek “Georgy was a women. Black skin, pretty and outgoing women…” bedii esere xas olan derin mena vermir. Amma ifadenin menasini tercume etsek
“Georgy was a black skin, pretty and outgoing women…” bedii esere xas olan normal mena verir.
Demeyim odur ki, soze tercume xatirine mehdutiyyet qoymaq lazim deyil, onsuzda bele sheyler herfi tercume olunmur.
Sherif beye ughurlar arzu edirem!