Aslan Quliyev. Yağışı sevmirdi (povest)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 12 Şubat, 2009

aslan_quli11Sarı cığırla çaya düşür, nil, yemşan, palıd kollarının  dibindən şinappa yığırdı. Çayın sahilində  çürüyən xəzəllərin, mamırlı daşların qoxusunu gətirən axır çərşənbə mehi onu ağuşuna aldı. Sular   qara daşlara çırpılıb köpüklənir, ağacların arasından süzülən günəş şüaları altda rəngdən-rəngə düşür, mavi ləpələrin üzərində    işıq, sevinc dolaşırdı. Oyanan torpağın, şirəyə dolan tumurcuqların, çiçəklərin qoxusu onu sərxoş eləmişdi.
Evdə  anası çiçəkləri görüb həyəcanlandı, novruz bayramından əvvəl evə şinappa gətirmək olmaz, dedi, yoxsa tufan qopar, yağış yağar. Həyəcanlandı, yağış yağmasını  istəmirdi, yağışdan zəhləsi gedirdi.

***

Ağlamaqdan qızın gözləri qızarmış, üzü şişmişdi, hıçqırır, göz yaşları sözünü deməyə imkan vermirdi. Çətinliklə də olsa nə baş verdiyini anlada bildi. Qapını döyüblər, gözlükdən baxan qız onunla bir qrupda oxuyan qızı tanıyıb qapını açıb, ancaq qızla birlikdə dörd nəfər oğlan da içəri girib, qonşuluqdakı marketdə işləyən oğlanlar imiş. Özünə gəlməyə imkan vermədən qızı  zorlayıblar,  işkəncə verir, alçaldır, döyürmüşlər.  Rəfiqəsi  kamera ilə çəkirmiş, qız əbəs yerə ona yalvarır, onu bu vəhşilərin əlindən qurtarmasını xahiş eləyirmiş.  Sonda   rəfiqəsi   qızı hədələyib, deyib ki,  polisə xəbər versən, kiməsə desən, bu kaseti internetdə yayacaq, qohumlarına göndərəcək, səni rüsvay eləyəcəyik.  Bundan sonra      bu oğlanlar haçan istədilər, hara istədilər, ora da gəlməlisən. Mən daha küçəyə çıxa, adamların üzünə baxa bilmərəm, qız göz yaşları içində deyirdi.
Sarsılmışdı,  qıza baxdıqca nifrəti, qəzəbi aşıb daşırdı. Qanlı döyüşlərdə olmuş, dəfələrlə ölümlə üz-üzə gəlmiş, döyüşdə  yaxın dostlarını itirmiş, çıxılmaz vəziyyətlərə düşmüş, ancaq bircə dəfə də başını itirməmişdi. İndisə arxadan vurulan bu namərd zərbə onu kökündən silkələmişdi. Qızın saçlarını sığallayır, ona təsəlli verirdi. Onlar  cəzalarını alacaqlar,   özünü ələ al, çalış tezliklə bu rəzilliyi unudasan. Səndən arxayın olmasam, bir iş görə bilmərəm. Kim olurlarsa olsunlar, cəzalarını alacaqlar və sən bunu görəcəksən!
Pəncərənin  qabağına gəldi, yağış dumanının naxışladığı, şeh qonmuş pəncərədən çölə baxırdı, bir qaydada yağan, ara-sıra küləyin şüşələrə çırpdığı payız yağışı qüssəsi, yeksənəqliyi ilə qəlbini didirdi.
Ondan fərqli olaraq qız yağışı sevirdi. Toyumuzu kənddə  eləyəcəyik,  deyirdi, yaz qabağı yağış yağanda  ağappaq gəlinlik paltarımı geyib, boynuma ağappaq şərf bağlayacağam, sən də bəy kostyumunu geyəcəksən. Əl-ələ tutub yağışlı çöllərdə dolaşacaq, yorulunca  gəzəcək, yağışda yuyunacaq, islanacağıq, yağış ara verəndən sonra geri qayıdacağıq. Ağappaq çiçək açmış alma ağaclarının arasıyla ağappaq stollar, stullar düzüləcək, stolların üstünə ağappaq güldanlarda ağappaq qızılgüllər qoyulacaq. Başda skripkaçı bahar havası çalacaq, o hava çalınanda yeni suların, yeni küləklərin səsini eşidirsən. Onun yanında  nigahımızı qeyd eləyəcək adam oturacaq. Stolların arasıyla ona doğru gedəcək, baş əyib gələn qonaqları salamlayacağıq. O bizdən evlənməyə razı olub-olduğumuzu soruşacaq, biz də razı olduğumuzu deyəcəyik.
Qızın hər arzusunu yerinə yetirməyə hazır olduğundan etiraz eləmirdi, ancaq  qəlbində şübhələr baş qaldırırdı, bəlkə heç alma ağacları çiçəkləyəndə yağış yağmadı, onda necə olacaqdı, toyu təxirəmi salacaqdılar? Nigah məmurunu öldürsən də yağış içində çimən bağa gəlməzdi, yəni iş qəlizləşirdi, azından məmuru döymək lazım gələcəkdi. Qız onun şübhələrinə şərik deyildi, gələr, başının üstünə ağappaq çətir tutulacaq,  islanmayacaq. Qonaqların da o cümlədən.

***

Market yaxınlıqdaydı, orda alver eləmişdi, ancaq satıcıları xatırlamırdı. Maşını tində saxlayıb düşdü, dükana girənədək islandı, yağış gödəkçəsinin qabaq tərəfini yaşıl rəngə boyamışdı. Özünü nə isə alan kimi göstərir,  satıcıları müşahidə eləyirdi. Beş nəfərdilər, dörd oğlan, bir qız. Oğlanları xarici görünüşlərinə görə bir-birindən ayırdı, gombul, qara, arıq, gözəl. Bu sifətləri bir daha heç vaxt unutmazdı, güclü yaddaşı vardı, adama bircə dəfə diqqətlə baxması kifayətdi ki, əbədilik yadında saxlasın.
Soyuq yağış unudulmuş, kimsəsiz  çöllə  dalğa-dalğa gəlir, alma və kəkotu qoxuyan  kənd evləri yağış içində boğulurdu. Duman dərə boyunca kədərlə sürünür, zirvələrin ətəyindən, mamırlı daşların arasından burula-burula qalxırdı. Ona  isti idi, anası yun yorğanı üstünə örtürdü, şehdən naxışlanmış pəncərədən yağışa,  dumana baxır,  yağışın daha onu  narahat eləməyəcəyini düşündükcə uşaq kimi sevinir, xəyalında ilğımlanan yaz çölü canlanırdı.  Külək əsdikcə yaşıl çöl dalğalanır, qıpqırmızı lalələr, sapsarı qoyunqıranlar, ağappaq çobanyastıqları, gömgöy zəng çiçəkləri  qəlb titrədən fərəhlə yırğalanırdı. Sarı cığırla çaya düşürdü…
Kimsə qolundan yapışıb silkələyirdi, orta yaşlı  qadındı, baxışlarında maraq, heyrət ifadəsi vardı.
- Yatmışdın, – qadın deyirdi.
- Necə yəni? – başını silkələdi.
- Yatmışdın, ayaq üstəcə! Qorxdum yıxılasan.
- Sarı cığır nec oldu? – pərt halda mızıldandı.
- Oğlum, sən hansı  cığırdan danışırsan?
- Sarı cığırdan, – dedi, ancaq səsi qətiyyətsiz çıxdı, -   çaya düşürdüm,  çaydan yeni sular axırdı…
Qadına təşəkkür edib dükandan çıxdı. Ayaq üstə necə yata bilərdi, birdən-ikiyə ayaq üstə yatdığı olmamışdı,  yalnız sulu, soyuq səngərlərdə ayaq üstə mürküləyərdilər.
Maşın lil-bulanıq boz sular axan  şosse yoluyla ağır-ağır irəliləyir,   şüşəsilənlər  pəncərələri  təmizləməyə çatdırmırdı. İçəri  dolan duzlu yağış qoxusunu hiss elədikcə qəlbi sıxılırdı. Bəzən ona elə gəlirdi yağış şüşəyə yox, sifətinə, üz-gözünə çırpılır, harda olduğunu unudub yağışdan qorunmaq üçün başını yana əyirdi.
Barışa zəng eləyib neyləməli olduğunu tapşırdı. Günortadan bir qədər keçmiş   «Çinar» kafesində görüşdülər. Barış şəkillər olan zərfi stolun üstünə  qoyub, hər kəsin ünvanını şəklin arxasında yazdığını dedi və ikinci bükülünü də ona uzatdı. Tapança, patron, bıçaq, yapışqan tənzif  burdadı,   nə problemin var onlarla, sənə kömək lazımdımı, Barış soruşurdu. Lazım olanda deyərəm, dedi, bir müddət sizinlə olmayacağam, şirkətin bütün işlərini sənə tapşırıram.
Kafedən çıxıb yağışla gedirdi,  yağış dalğa-dalğa gəlir, evləri,  maşınları, adamları ağuşuna alır, yağış dumanına qərq eləyir, döyəcləyib, çırpır, hər şey itib batırdı  soyuq yağışın içində. Yağış dumanının arxasından isti çöl görünürdü,  çöldə yam-yaşıl aybaların, üçyarpaq yoncaların, qarın altından baş qaldıran alabəzək şinappaların  üzərində günəş şüası oynaşırdı. İsti çöldə  uzanır, boşluğa düşürdü, Allah, Allah,  yaprıxmış isti otların üzərində uzanıb yatmaqdan daha şirin nə ola bilərdi?!
- Komandan! – kimsə qışqırırdı.
- Nəydi?
- Ayaq üstə yatmışdın! – Barış qolundan yapışmışdı.
- Çöl nec oldu?
- Hansı çöl?
- İsti çöl. Otlar gömgöydü! – qızğınlıqla deyirdi.
- Komandan, az qala maşın vuracaqdı, – Barışın səsi uzaqdan gəlirdi.
Hər şeyi başa düşdü, yenə də ayaq üstə yatıbmış. Üzərində günəş şüalarının oynaşdığı üçyarpaq yoncaların qoxusu hələ burnundan getməmiş, özünü soyuq yağışın qoynunda hiss eləməsi ürəyini ağrıtdı. Bütün varlığı ilə yağışın o tayındakı isti çölə  can atırdı!
Onun maşına mindiyini görən Barış yağışı yararaq yaxınlıqda saxladığı maşınına tərəf gedirdi. Kədər qəlbini sıxdı, sanki Barış yağış okeanında üzüb bir dəfəlik gedirdi,  daha görüşməyəcəkdilər.

***

Şəkilləri stolun üstünə qoydu. Qız şəkillərə baxır, titrəyə-titrəyə ağlayır, göz yaşları sözünü deməyə imkan vermirdi. Bunlar idi, deyirdi, bu  saçımdan dartırdı, gözəl oğlanı göstərdi, incidirdi məni.
Barışın yazdığına görə marketə ən yaxın  gombulun eviydi,  demək, gecə işdən çıxıb evə piyada gedirdi. Bundan başlamalıydı. Sabah ilk işi olacaqdı.
Səhərisi gün əyilənə  kimi yataqdan durmadı,  yuxudan doysun deyə çox yatmaq istəyirdi, ayaq üstə yatacağından ehtiyatlanırdı.  Çox yatmağın kara gələcəyini düşünsə də, otaqdan çıxmaq istəyəndə əlini qapının dəstəyinə uzatdı və yenidən isti sobanın uğultusunu eşitdi. Soba uğuldayır, alovun dilləri sobanın qabağındakı bozarmış palıd taxtalarının, qoyun  dərilərinin üzərində oynaşır, anası yun yorğanı üstünə örtürdü. Yatağı istiydi, isti küləklərin əsdiyi dalğalanan yamyaşıl  yaz çölünü görürdü.
- Sən yatmışdın, – qız ağlayırdı.
- Kömək elə, otaqdan çıxım…- ağır-ağır dedi.
- Getmə, yatacaqsan yenə.
- Çətirin var? -  qızdan soruşdu.
- Hə…
- Gətir.
Qız  günəbaxan şəkilli mavi çətiri  onun başı üzərinə tutmuşdu,  çölə çıxanda  yağış çətiri döyəcləməyə başladı, çətirin kənarlarından yağış suyu süzülürdü.
Qızı evə göndərəndən sonra maşından  yapışqan tənzifi, bıçağı da götürdü, bağ yaxınlıqda olduğundan piyada getməyi qərara almışdı. Marketlə üzbəüz kafedə oturub araq və yemək sifariş verdi. İştahı olmasa da yeyir, araq içir, gözünü marketin qapısından çəkmirdi. İçəri üzü tüklü, saçları çiyinlərindən olan bir skripkaçı girdi. Qapının  kənarında dayanıb iri, kədərli gözlərini içəridəkilərə dikərək çalmağa başladı. İşarəylə onu yanına çağırdı. Çalğısına ara verməyən skripkaçı stolların arasından ağır-ağır keçərək ona yaxınlaşdı.
- Bahar havası çal, – dedi.
- O nə havadı elə? – skripkaçı gözlərini döydü.
- Onu çalanda  yeni suların, yeni küləklərin səsi eşidilir.
- Belə de də!
Skripkaçı çalmağa başladı, necə çalırdısa, o özünü unutmuşdu. Yenidən günəş şüalarının qızılı rəngə boyadığı dalğalanan çölləri görürdü. Sarı cığırla çaya düşürdü, cığır sapsarıydı, sarı çınqıllar, sarı torpaq üzərindən sürüşüb keçən ilğımlar içində cığır yatıb qalxır, yellənirdi. Çöl, meşə, düzü-dünya sarı-qızılı rənglər içində yırğalanır, titrəşirdi.
Çiynindən yapışıb silkələyirdilər, başını qaldırıb baxdı, skripkaçı idi. Eşidə bildinmi yeni suların,  küləklərin səsini, soruşurdu.
- Yox, sarı cığırı  görürdüm.
- Hansı sarı cığırı? – skripkaçı heyrətlə soruşdu.
- Çaya düşən. İlğımlanırdı, çınqıllar sapsarıydı.
- Bəs yeni sular?
- Görmədim.
- Demək, qocalmışam. Ürəyimə damıb, yaxında öləcəyəm.
Skripkaçını stoluna dəvət elədi, ona təsəlli verirdi,   skripkaçı isə bədbin idi, yox, deyirdi, mənim işim bitib, öləcəyəm. «Heyf, – təəssüfləndi, – gələn yaza kimi ölməsəydin, səni  toyumuza aparardım. Yağış altda dayanıb çala bilərsənmi? Narahat olma, başının üstündə ağappaq çətir olacaq!» «Bilərəm, – skripkaçı kədərlə gülümsəyirdi,   iri gözlərində qəlb didən  kədər var idi, gülümsəyəndə  kədəri  bütünlüklə üzə çıxır, özünü daha kəskin hiss elətdirirdi,  – amma nə mənası? Yağışın altında niyə çalmalıyam?» «Nişanlım belə istəyir». «Ona kimi yaşasam, mütləq səninlə gedər, toyunuzu elərəm! – skripkaçı söz verdi. – Çətirə  ehtiyac yoxdu, yağışın altında dayanıb çalaram».
Skripkaçının cibinə yüz dollar qoyub  yola saldı, sonra nə fikirləşdisə, onu geri çağırdı,  daha min dollar verib, bir müddət dincəl, dedi, kafelərdə, restoranlarda çalma. Skripkaçı  dayanıb inamsızlıqla ona baxır, deməyə söz tapa bilmirdi, yenə kədərlə gülümsədi, bir söz demədən baş əyib, geri dönərək çıxıb getdi.
Vaxt ağır keçirdi, bəzən ona elə gəlirdi  ümumiyyətlə keçmir, saatın əqrəbləri yerindəcə donub qalıb. Saat 10-da yeməkpaylayanı çağırıb hesabı verdi və kafedən çıxdı. Yağış kəsmişdi, bu onu sevindirdi, yaxşı əlamətdi. Artıq marketdəki sonuncu müştəriləri çölə çıxarırdılar, nəhayət qapıları bağladılar, bir azdan kafenin işçiləri də çıxmağa başladılar. Gombul da göründü, dostlarıyla vidalaşdı, şamdan sonra hardasa görüşməyi vədələşib ayrıldılar. Gombul geri dönüb evlərinə doğru gedirdi.
Arxalarında məsafə saxlayıb gombulu izləyirdi, bağa çatmağa az qalmış addımlarını yeyinlətdi. Gombul yəqin ayaq səslərini eşitdi, arxaya boylandı, bir anlığa ürəyi şiddətlə vurdu. Ona elə gəldi gombul izlənildiyini başa düşdü, indicə ondan soruşacaq, niyə arxamca qarabaqara gəlirsən? Belə soruşmuş olsaydı  onu güllələyəcək, gombul asan cəza ilə canını qurtaracaqdı. Gombul isə arxasınca gələn adama elə də əhəmiyyət vermədi,   şübhəli bir şey hiss eləməyib, yenidən yoluna davam elədi. O da nisbətən arxayınlaşdı, həyəcanı keçdi. Bağa girib bir az gedəndən  sonra arxadan gombula çatıb qolundan yapışdı, özünə gəlməyə imkan vermədən tapançanı gicgahına söykədi. «Sakit ol! Səsini çıxarma! Dediklərimə əməl elə, yoxsa tətiyi çəkəcəyəm!» Gombul titrəyir, qorxusundan dinə bilmirdi. Gombulu yaxınlıqdakı şam ağacına kimi apardı. Boynunun kökündən tapança ilə necə vurdusa,  ləsəlib qucağına yıxıldı. Onu şam ağacının dibində oturtdu, ağzına yapışqan tənzif yapışdırıb, qollarını da tənziflə bağladı. Yalnız bundan sonra yaxınlıqdakı gölmədən üzünə çirkli su çiləyib  ayıltdı. Gombul çətin ayılır, nə baş verdiyini, harda olduğunu  anlaya bilmirdi, başından tapançanın dəstəyi ilə dəyən zərbələr onu tamam-kamal ayıltdı. «Diqqətlə qulaq as! – dedi. – Dostlarınla birlikdə nişanlımı zorlayıbsan. Cəzanı alacaqsan, ancaq qorxma, öldürməyəcəyəm. Bəzi şeyləri  soruşacağam, cavab verəcəksən. Nə qədər tez və düz cavab versən, sənin üçün bir o qədər yaxşı olacaq.  Sənin də anan, bacın var, nə vaxtsa birini sevəcəksən, bəlkə də sevirsən, onları  zorlasalar, alçaltsalar necə olar?» Tənzifin bir tərəfini qopartdı, oğlansa cavab vermək əvəzinə kəkələyirdi. «Cəld ol! Yubanma! Mənim vaxtım yoxdu!» Başına tapançanın dəstəyi bir-iki dəfə də dəyəndən sonra nəhayət  oğlanın dili açıldı. «Mən razı deyildim, onlar məcbur elədilər. İnternet klubda Yura deyilən bir dostumuz var. Ora gedirdik, o da bizim üçün cavan oğlanların küçədən qızları necə qaçırıb apardıqlarını, zorladıqlarını göstərən disklər qoyur, siz də belə eləməlisiz, deyirdi. Qorxulu heç nə yoxdu, çətini başlamaqdı, qızlar rüsvay olacaqlarından qorxub, kimsəyə bir söz deməyəcəklər. Biz də başladıq». «Hardadı o internet klub?» «Bizm marketin olduğu küçədə. Cəmisi bir İnternet klub var o küçədə». «İndiyə kimi neçə qız zorlayıbsız?» «Yeddi». «Şikayət eləyənləri, valideynlərinə deyəni olmayıb?» «Yox». «Videoya niyə çəkirdiz?» «Diskləri Yuraya satırdıq».
Tənzifi oğlanın ağzına yapışdırıb, yenidən boynunun kökündən tapança ilə vurdu, oğlan huşunu itirib böyrü üstə yıxıldı. Əvvəlcə barmaqlarını salıb oğlanın gözlərini yerindən çıxartdı. Sonra da şalvarını aşağı çəkdi, kişilik hacətlərini dibdən kəsib atdı. Əllərini, bıçağı yaxınlıqdakı gölmədə birtəhər yuyub, iti addımlarla bağdan uzaqlaşdı. Bir xeyli getmişdi ki, arxadan vəhşi bağırtı eşidildi, oğlan ayılmışdı.
Evdə qıza deyirdi, mənə soyuq qış çölündən danış, isti yaz çölü gözüm önündə canlananda yatıram.  Şaxtalı, qarlı çöldə isə  yuxum gəlməz.
«Sükut içində boğulan çöllərə qar səpələnirdi, – qız dalğın halda danışırdı, – qar burula-burula gəlir, ağaclara, evlərə, adamlara çırpılır, kolların dibində, yol kənarlarında şəpə vururdu.  Sanki  yağmır, göydən xəlbirlə ələnirdi. Çöllər ağappaq qar yorğanına bürünürdü, daha göy otlar, payız çiçəkləri, buğda, qarğıdalı zəmiləri, kollar üşüməyəcəkdi,  indi onların qardan isti, qalın yorğanları vardı».
Qız yorğandan danışan kimi də yuxusu tutdu, yuxusunu qaçırmaq üçün əl çantasını açıb, gombulun şəklini çıxartdı, qızı da yanına çağırdı. Şəkli  nəlbəkiyə tutub alışqanla yandırdı, şəkil göyümtül alovla yanır, baxışlarını alovdan çəkə bilmirdi.  Bununla hesablaşdıq, dedi, yox, öldürmədim, ölüm onun üçün yüngül cəza olardı. Divana uzandı, qız yorğanı üstünə örtəndə dedi. «Bu gün bir skripkaçı ilə tanış oldum.  Bahar havası çaldı mənim üçün. Gələn yaza kimi ölməsə, bizimlə kəndə gedəcək, toyumuzda çalacaq. Yağışın altında  çalmağa razıdı, özü söz ver… »
Sözünü deməyə çatdırmayıb yatdı, qız isə hələ bir müddət də divanın yanında dayanıb heyrətlə ona baxırdı.
Qız ağlayırdı.

***

Çılpaq ağacların arasındakı yaşıl çəmənliyə tutqun payız kədəri çökmüşdü, çəmənliyin üzəriylə yaşıl, yamyaşıl bahar diyirlənir, aşıb gedirdi, ağaclara toxunur, ləngər vurur, getdikcə də arxasınca mavi, titrəyən, bir-birinə qarışan izlər buraxırdı. Yanından keçən eynəklini səslədi:
- Ey, bir bax!
- Nəyə? – eynəkli ayaq saxladı.
- Bahara, yaşıl otların üzəyrilə diyirlənir.
- Bahar diyirlənir? – eynəklinin heyrəti sonsuz idi.
- Hə də.
- Yaşıl otların üzəriylə?
- Hə! Görmürsən?
- Görürəm, amma baharı yox, ikicə addımlığımda dayanan başdan xarabı! – eynəkli hirslə dedi və çıxıb getdi.
Bir əlini çəmənliyin üzəyrilə diyirlənən bahara doğru uzadıb yerindəcə donub qalmışdı, adam kor eynəyimi vurmuşdu, görmürdümü? Qoluna toxundular, polis idi, sifətindən zəhər yağırdı, vətəndaş nə qacıyıb qalıbsan yolun ortasında? Mən də elə bilirəm heykəldi, gecə qoyublar burda, yaxınlaşıb baxıram, görürəm canlı heykəldi.
- Eynəkliyə baharı göstərirdim, – pərt halda dedi.
- Hansı baharı?
- Yaşıl otların üzəriylə diyirlənən baharı, – indi də çəmənliyi polisə göstərirdi.
- Bahar diyirlənir orda, yəni çəmənliyin üzərində?
- Hə də.
- Gör sənə nə deyirəm, bəlkə sənin özünü də diyirlədim baharın arxasınca? O çəmənlikdə diyirlənir, sən də betonun üzəriylə diyirlən. Demək, istəmirsən? Heç mənim də səni diyirlətməyə həvəsim yoxdur. Səndən bir qonaqlıq gəlir.
Etiraz eləmədi, polisi yaxınlıqdakı kababxanaya dəvət elədi. Sən bəzi həqiqətləri bilmirsən, arağı su kimi içən polisə deyirdi, polis də gözlərini bərəldib heyrətlə ona baxırdı,  uşaqlar alov gördülərmi gözlərini alovdan, yanan ocaqdan çəkə bilmirlər. Bu sevgi, maraq onlara əcdadlarından, ibtidai insandan keçib. İnsan ilk dəfə qəbilələrdə yaşayanda onun üçün oddan qiymətli heç nə yox idi, odda qızınır, yemək bişirirdilər, sönməsin deyə  gecə-cündüz odu gözləyirdilər. İbtidai icma quruluşu kommunizmin bir formasıdı deyənlər yanılırlar, o quruluşda da kim güclüydüsə gücsüzü əzir, istismar eləyirdi. Qəbilənin ən güclü kişisi istədiyi qadınla sevişə bilərdi, həm də bu zaman qadının rəyini soruşmurdu. O biri kişilər yalnız güclünün imtina elədiyi qadınlara yaxın düşə bilərdilər, o da gizlicə. Yeməyin yaxşısını güclülər yeyir, soyuqda ən isti yerdə onlar oturur, yatırdılar. Yemək tapılmayanda isə güclülər tərəddüd belə eləmədən zəifləri öldürür, parçalayıb tonqalda bişirərək yeyirdilər. Zorakılıq, vəhşilik, qəddarlıq müasir insanlara  əcdadlarından ötürülüb. Yəni hər şey irsəndir, bəzi cəmiyyətlər onlara irsən keçən fəsadlardan qurtulmaq üçün çaba göstərir, bəzən nəyəsə nail də olurlar. Bizdə isə tərsinədir, varlığımıza qəbilə şüuru hakim kəsilib. Başa düşdünmü?
- Yox, – polis başını yırğaladı.

***

Çayxanaya girmək istəyəndə qoluna toxundular, dönüb baxdı, gözlərində qəribə ifadə olan, qıvrım saçlı cavan oğlan idi, dalğın baxışlarından güclə sezilən bir kədər boylanırdı, gülümsəyirdi:
- Mənə   saat al.
- Nə? – heyrətlə səsləndi.
- Saat.
- Saat alım, sənə?
- Hə də.
- Nəyə görə  almalıyam? – hələ də bir şey başa düşə bilmirdi.
- Pulun var, ona görə. Mən kimdə pul olduğunu bilirəm, – oğlan  razılıqla dedi.
- Lap elə sən deyəndi, pulum var, amma niyə sənin üçün saat almalıyam?
- Çünki mən   belə istəyirəm.
- Mən də çox şey istəyirəm. – Bir müddət deməyə söz tapa bilmədi. -Bax, o gombulu görürsən, pulludur, eləmi? – oğlan başıyla təsdiq eləyəndə razılıqla dilləndi. – Ay sağ ol, indi mən ona yaxınlaşıb desəm, bəs pulun var, gəl mənə bir maşın al,   səncə alar?
- Almaz, – oğlan başını yırğaladı.
- Nəhayət qandıra bildim. Elə isə mən niyə sənə saat almalıyam?
- Maşınla saat tamam fərqli şeylərdir, ona görə.
- Yaxşı, maşını bir tərəfə qoyaq,   gedib  ona desəm, mənimçün bir kilo konfet al, səncə neylər? Azından əngimi əzər!
- Elədi, əzər! Yanlış adama taxılıbsan, oğlum!
- Nə isə, gedək, alım o lənətə gəlmiş saatı! Yoxsa başımı xarab eləyəcəksən. Dayan görüm, burda harda saat satırlar?
Oğlan yaxınlıqdakı dükanı göstərdi və birlikdə ora getdilər. Oğlana dedi ki, puluna görə narahat olma, bir halda sənə saat almağı qərara almışamsa,  yaxşısını alacağam, ürəyin istəyəni seç. Oğlan isə bahalı saatları xoşlamadığını deyib, altmış manata satılan, Moskvada istehsal olunmuş,  pas atmayan dəmirdən zənciri olan ağır saatı seçdi. Saatın pulunu verdi və dükandan çıxdılar. Oğlanı yaxınlıqdakı kafeyə dəvət elədi, oğlan imtina eləmədi.
Yemək və araq sifariş verdi.  Oğlan qədəhindəki arağı içəndən sonra dedi: «Nə vaxt araq içməyə başladığımı xatırlamıram, amma içdikcə də qəribə bir kəşf elədim, – sözünə ara verdi, o da maraqla gözlərini oğlana zilləmişdi, görəsən nəymiş bu qəribə oğlanın kəşfi, oğlan  yenidən davam elədi. – Araq içib xoruzlananlar, dava-dalaş salanlar qara qəpiyə dəyməyən boş adamlar olurlar. Nə qədər içirsə içsin, heç halını da dəyişməyən adamlardan isə baş aça bilməzsən, belələri əksərən sadəlövh adamlar olurlar. İçib keflənən, deyib-gülən, kimsənin xətrinə dəyməyən, kimsə üçün narahatçılıq yaratmayanlar isə  yaxşı adamlar olurlar. Kişi adamlar arağı da kişi kimi içirlər. Əyər mədəsi doğrudan da xəstə deyilsə, yüz bəhanə gətirib, naz-qəmzə ilə azacıq içməklə kifayətlənənlər isə əksərən pis, cılız, kiçik, hiyləgər adamlar olurlar».
Heyrətlə oğlana baxır, onun dediklərini bir daha xatırlayır, nə qədər qəribə olsa da heyrətlənirdi, oğlanın dediklərində həqiqət var idi, hə, deyəsən beləydi. İndiyə kimi ağlına gəlməmişdi, bu isə oturub müşahidə aparır, kəşfini eləyirmiş.
Kafedən çıxanda oğlana deyirdi ki, səninlə tanışlıq mənim üçün  maraqlı oldu, vaxt tapanda görüşək. Oğlan isə başını yırğaladı:
- Görüşə bilmərik.
- Niyə? – heyrətlə soruşdu.
- Sən öldürürsən, ona görə.
- Nədən bildin?
- Gözlərindən. Öldürməklə xoşbəxt ola bilməzsən.
- Mən xoşbəxt olmaq üçün öldürmürəm, – pərt halda dedi.
- Fərqi nəymiş, qisas almaq üçün öldürürsən. Öldürməklə heç nəyə nail olmaq olmaz,  yalnız vahimə, qorxu yaradarsan.
Səkidə dayanıb oğlanın arxasınca baxırdı, istədi arxadan səsləyib saxlasın, ancaq oğlanla  danışmağa bir sözü olmadığını hiss eləyib əlini yellədi.

***

Tezdən durdu, qızı oyatmadan geyindi, mətbəxdən boş iki litrlik    şüşə götürüb çıxdı, göyün üzü tutqun olsa da, yağmırdı.  Küçədə artıq canlanma vardı, bəzi dükanlar qapılarını müştərilərə açır, tək-tük maşınlar görünürdü. Yanacaq doldurma stansiyasından iki litr ağ neft alıb, şüşəni sellafon torbaya qoydu və  internet klubu axtarmağa başladı. Çətinlik çəkmədən tapdı,  yaşayış binasının birinci mərtəbəsindəydi. Qapısı bağlıydı. Maşını səkinin kənarındakı  qovaq ağacının dibində saxladı, içində neft şüşəsi olan torbanı götürüb düşdü. Yaxınlıqdakı qəzet köşkünün qabağında gəzişir, səbrlə gözləyirdi.
Bir saata yaxın gözləyəsi oldu, nəhayət  çiynində arxa çantası olan, arıq, sısqa,  dar cins şalvarı  qıçlarına yapışan   oğlanın klubun qapısına yaxınlaşdığını gördü. Arxadan oğlana yaxınlaşdı,  oğlan qapını açıb içəri keçəndə, o da  içəri keçdi. Oğlan geri dönüb etinasız səslə, klubun yalnız yarım saat sonra işə başlayacağını dedi. O isə əlini dodağının üstünə qoyub susmaq işarəsi verdi və tapançanı çıxarıb oğlana tuşladı. Gözlərini oğlandan çəkmədən geri dönüb qapını bağladı. Oğlanı  küncdəki stola kimi aparıb,  stolun arxasında oturtdu. Özü də oğlanla yanaşı oturdu. «Vaxtımız azdı, – dedi, – mən soruşacağam, sən də cavab verəcəksən. Dərhal, yubanmadan cavab ver. Oldumu? Əks halda  fikirləşmədən tətiyi çəkəcəyəm». «Oldu», – oğlan başıyla təsdiqlədi. «Cavan uşaqlara qızların necə oğurlanıb zorlanmasını göstərəndə, onları bu işə təhrik edəndə   manyaklar yetişdirdiyini düşünürdünmü? Axı bu manyaklar sənin ananı, bacını, sevdiyin  qızı da zorlaya bilərdilər». Oğlan cavabı yubadan kimi başına tapançanın dəstəyi ilə vurdu və işin nə qədər ciddi olduğunu başa duşən oğlan mızıldanaraq danışmağa başladı. «Atam bizi atıb gedəndə bacımla mən uşaq idik. Anam evə kişilər gətirir, bizim gözümüzün qabağındaca onlarla olurdu. Biz güncdə büzüşüb oturur, kişilərin anamla necə sevişməsinə heyrətlə baxırdıq. Bəzən kişilər anamı döyürdülər. Bacım bir balaca böyüyüb özünə gələndən sonra, anam onu da kişilərə təklif eləməyə başladı. Gözümün qabağındaca bacımı zorlayırdılar. Uşaqlıqdan bu kimi işlərə alışdım, bütün bunlar mənim üçün adiləşdi. Böyüyəndən sonra bu sahədən pul qazanmağı düşündüm». «Mən harda yaşyırmışam, – inamsızlıqla deyinirdi, – ətrafımda nələr olurmuş, mənimsə dünyadan xəbərim yox imiş. Çəkdirdiyin diskləri kimə satırdın?» «Bacım məşuqələrindən birinə qoşulub Parisə getdi, diskləri ona göndərirdim, o da  pulumu  göndərirdi». «Polis bu işlərindən xəbərdardımı?» «Hə, onların pulunu verirdim, özləri də arada gəlib məndən baxmaq üçün disklər alırdılar» «Nə isə, uzatmayaq, sənin kimilərin yaşamaq haqqı yoxdu. Mən qərarımı belə verdim. Yanlışmı, doğrumu, Allah günahımdan keçsin! Onsuz da heç bir cəza ədalətli olmur».
Tapançanın dəstəyini var qüvvəsi ilə oğlanın boynunun kökündən vurdu, gücünə bələddi, sısqa oğlan bir daha ayılmayacaqdı. Şüşəni açıb döşəməyə, kompüterlərin üstünə neft səpməyə başladı. Boş şüşəni də dukanın ortasına atıb,   spiçkanı vurdu. Sintetik döşəmə, stol-stullar tədricən od alırdı. Alovun qırmızı dillərinə baxır, yenidən gözləri önündə isti yaz çölü canlanırdı. Qaratikan kollarının dibindəki yaprıxmış otların arasından yamyaşıl aybalar, alabəzək şinappalar baş qaldırır, gömgöy yoncaların, isti torpaqdan baş qaldıran cücərtilərin arasında günəş şüaları oynaşır,  yaz çölünün üzərində fərəh, sevinc ilğımlanırdı. Torpaqdan buğ qalxır, ağır-ağır güneylərə yayılırdı. Gömgöy yoncaların üstünə uzandı, anası əlində isti yorğan buğ dumanının arasından çıxıb gəldi. Yorğanı  üstünə örtən kimi də şirin yuxuya getdi.  Bircə ayaqlarına istiydi, isti getdikcə güclənir, dözülməz olurdu.
Ani ayıldı, dükan artıq od tutmuşdu, o isə yanan dükanın ortasındaca dayanıb yatmışdı,  şalvarının balaqları od tutub yanırdı. Bir az da gec ayılsaydı, yanıb dükandaca qalacaqdı. Şalvarının balaqlarını söndürüb, alovların arasından keçərək qapıya doğru qaçdı, qapını açıb çölə çıxdı. Alov saçlarını, yanaqlarını qarsamışdı, şalvarından tüstü qalxırdı. Tüstü ətrafdakıların diqqətini cəlb eləməsin deyə tələsik maşına oturub, maşını yerindən tərpətdi, güzgüdə  arxaya baxırdı. Artıq klubun qapısından tüstü çölə vurur, adamlar təkbir ora yığışırdılar.
Qarşıdakı tindən dönüb, şəhərə doğru istiqamət götürdü. Yanıq ciddi olmasa da, ayaqlarındakı ağrılar özünü hiss elətdirirdi. Barışa zəng eləyib yanıq dərmanı, onun üçün kostyum, köynək, ayaqqabı alıb 3-cü mikrorayon bazarının qabağına gəlməsini tapşırdı.
Ayaqlarına baxdı, yanıq ciddi deyildi, hər iki qıçı suluq vurmuşdu. Barışın gəlməyi çox çəkmədi, dediklərini almışdı. Harda  yandığını soruşsa da, cavab vermədi. Bıçaqla suluqları kəsib, yanıq dərmanı vurdu, tənziflə sarıdı, yalnız bundan sonra paltarlarını dəyişdi. Köhnə paltarları Barışa verdi ki, xəlvəti bir zibillikdə atsın.
Evə qayıdanda bazarlıq eləmək üçün metronun yanındakı marketə girdi, çölün soyuğundan, zəhlətökən yağışından sonra isti, quru, işıqlı dükana girən kimi sanki çiyinlərindən ağır  yük götürüldü, onu boğan, əzən ab-hava, sıxıntı yoxa çıxdı. Evlərinin qabağındakı yamyaşıl yonca çəmənliyi dalğalanırdı gözləri önündə, qırmızı-yaşıl rənglər içində ilğımlanan yaşıl çöl, qoxusuyla adamı sərxoş eləyən alayonca  çəmənliyi onu ağuşuna aldı.
Onu silkələyirdilər, gözlərini açıb baxdı, üzü tüklü, pezəvəngənin birisi qollarından yapışıb silkələyir, dişlərini ağardırdı.
- Qaranoy, yatmağa yer tapa bilmirsən?
- Yaşıl çöl hanı? – heysiz halda soruşdu.
- Hansı çöl? – pezəvəngə ağzını ayırıb qəh-qəhə ilə gülürdü.
- Lənətə gəlmiş! – nifrətlə dedi. – Yaşıl çöl, alayonca çəmənliyi!
- Qaranoy, mən nə bilim hanı? İstəyirsən göstərim  sənə alayonca çəmənliyini, yaşıl çölü. Yaşıl çöldə ildırımlar çaxacaq, yağış yağacaq. Nə deyirsən, göstərimmi?
- Göstər.
Pezəvəngə bir əliylə yaxasından yapışıb o biri əliylə alnından necə vurdusa, gözlərindən qığılcım çıxdı, arxadakı sütuna dəyib, təzədən pezəvəngənin qucağına yıxıldı. Pezəvəngə onu özündən ayırıb sütuna söykədi. Yenə ağzını ayırıb qəhqəhə ilə gülürdü.
- Çəmənliyi gördünmü?
- Gördüm.
- İldırımlar çaxırdımı?
- Çaxırdı, – təsdiq elədi, – yağış da yağırdı, amma çəmənlikdə göy otları qırpıb yeyən dovşanlar yox idi.
- Dovşanlar?
- Hə.
- Problem yoxdu, dovşanları da göstərərəm.
- Bəlkə dovşanları mən göstərim?
- Göstərə bilərsən? – pezəvəngə inamsızlıqla səsləndi.
- Bilərəm, – təsdiq elədi.
- Göstər.
Pezəvəngənin qulağının dibindən necə vurdusa, pezəvəngə səntirlədi, heysiz, ayaq üstə güclə duran yarıyuxulu birisinin onu belə vuracağını gözləmirdi, gözlərində sonsuz heyrət ifadəsi var idi. Gicgahından dəyən ikinci zərbə onu yerə sərdi, şappıltı ilə döşəməyə necə dəydisə, daha səsi çıxmadı. Səs-küyə polisin gələcəyindən ehtiyatlanıb gözləmədən dükandan çıxdı.

***

- Ana.
- Nəydi, oğlum?
- Üstümü örtmə, ana, yatıram onda.
- Nə olar yatanda?
- Yatsam,  öldürəcəklər.
- Yatanları öldürürlər?
- Bilmirəm,  amma mən yatsam öldürərlər.
- Kim?
- Ana, sonra deyərəm, işimi qurtarandan sonra.

***

Ötən günləri xatırlayırdı. Qız onun yağışı sevmədiyini bilirdi, toylarını eləmək üçün kəndə gedəndə  sözündən qaçacağından şübhələnir, yağışı ona sevdirmək üçün tez-tez yaz yağışlarından danışırdı.
«Əvvəlcə külək qapqara buludları qovub gətirir, – qız danışırdı,-  göyün üzü tutulur, dağlarda ildırım çaxır, gümüşü yağış birdən başlayır. Payızda yağış adətən şehləyir, günlərlə yağır, yazda isə əksinədi, gur yağış yağır, tez də ara verir. Gümüşü yağış çölləri, ağacları çimizdirir, yuyur, göyərməyə başlayan yaz çölləri ilə yaz suları axır. Yağış ara verəndən sonra göyün şərqində qarı nənə öz cəhrəsini asır, göy qurşağı  üfüqlərə toxunan yağış dumanını yarıb, səmanı müxtəlif rənglərə boyayır. Ağaclar, otlar üzə gülümsəyir».
- Görə bildinmi? – sözünə ara verib soruşurdu.
- Hə, – təsdiq edirdi, – səsini də eşitdim.

***

Güzgüdə geri baxır, səbrlə gözləyirdi. Tindən burulub gələn qızı dərhal tanıdı, şəkildə görmüşdü, ancaq qız yaxınlaşdıqca baxır, gözlərinə inana bilmirdi. Hər cəhətdən abırlı, həyalı qıza oxşayırdı,  belə abırlı qız vəhşiləşmiş, insanlıq hisslərin  itirmişlərə necə qoşula bilərdi?  Qız maşının bərabərinə çatanda maşından düşüb  qolundan yapışdı. Qız diksindi, qorxmuş halda ona baxırdı, baxışlarında qorxu, heyrət ifadəsi var idi. «Polisdənəm, – dedi, – maşına minin». Qız bir söz demədən, azacıq belə etiraz eləmədən maşına doğru yönəldi. Arxa qapını açıb qızı oturtdu,  özünə gəlməyə macal tapmamış  ağzını yapışqan tənziflə yapışdırdı, qollarını da tənziflə bağladı. «Sakit ol,  yoxsa öləcəksən. Aydındımı? Aydındısa, başınla işarə ver!» Gözlərində dəhşətli  ifadə donmuş qız başıyla təsdiq elədi. Maşını yerindən tərpətdi, sürətlə irəliyə doğru istiqamət götürdü. «Sevdiyim qız səni tanıyıb, qapını açıb, yoxsa tanımadığı adamlara qapı açmazdı. Oğlanlar qızı zorlayıblar, sənsə videoya çəkirmişsən. Yaxın otur, bir az da qabağa əyil, qoy əlim sənə çatsın». Qız qabağa əyilib, başını ona tərəf əydi, bir anlığa yasəmən qoxusu vurdu onu, ürəyi bulandı, belə iyrənc varlıqların  yasəmən qoxuyacaqları ağlına  gəlməzdi, tənzifin bir tərəfini qopartdı.
- O qızın sənə  pisçiliyi keçmişdimi? Qarşında bir günahı vardımı?
- Yo…ox, – qız başını yırğaladı, yanaqları ilə göz yaşları süzülürdü.
- Onda niyə belə iş tutdun?
- Məcbur elədilər, – göz yaşları qıza sözünü deməyə imkan vermirdi.
- Bu şərt deyil, ola da bilməz! -  tənzifi təzədən qızın ağzına yapışdırdı və  daha  heç nə soruşmadı.
Şəhərdən çıxandan sonra  xeyli gedib, mərkəzi yoldan təzəcə salınmış şəhərciyə döndülər. Burda yol narahat idi, keyfiyyətsiz döşənmiş asfalt dağılmış, yolda çala-çökəylər əmələ gəlmişdi, bəzi yerlərə isə yalnız çınqıl döşəməklə kifayətlənmişdilər, istəsə də sürəti artıra bilmirdi.
Maşını hündür qoşalay qapının qabağında saxlayan kimi, qapını açdılar, Barış və adamları onu gözləyirdilər. Son dəblə tikilmiş üçmərtəbəli evin həyəti geniş idi, evi əhatəyə alan dairəvi yolun yanlarıyla şam ağacları əkilmişdi, şam ağaclarının dibi  yamyaşıl çəmənlik idi.  Yerə düşmədən yanına qaçan Barışa deyirdi: «Dörd nəfər qızı zorlasın, ələ salsınlar, alçaltsınlar. Biri sirsifətdən gözəl olsun. Gözəl oğlan qızın saçlarını dartsın. Necə deyirəmsə, elə də elə». «Oldu, komandan! Dediyin kimi də, olacaq!»
Barış yanında dayanmış iki cavan oğlana göstəriş verdi. Qızı apardılar, bir nəfər də qapını açmağa qaçdı. Maşını yerindən tərpətdi, ancaq dərhal da saxladı. Şüşəni aşağı salıb həyəcanlanmıqş halda Barışı səslədi.   Barış qaça-qaça gəldi.
- Unutmuşdum. Bir qız da çağırarsan, qoy zorlama səhnəsini əvvəldən axıra qədər çəksin. Sonda isə mənim gətirdiyim qızı qorxutsun, desin ki,  birinə desən, şikayət eləsən bu kaseti internetdə yayıb, səni rüsvay eləyəcəyəm.
- Oldu!
- Sənin tanış fahişələrinin arasında sifətində abır-həya  olanı varmı?
- Abırlı-həyalı fahişə?
- Çağıracağın qızın sifətində həya  olsun.
- Çalışıb taparam, – arxada Barış mızıldanırdı.
Dediyi vaxtda gəldi,  qızın ağzına yenə də yapışqan tənzif yapışdırmış, qollarını bağlamışdılar. Tənzifi qopartdı, qollarını da açdı, qız ağlayır, titrəyirdi. Qızı arxa oturacaqda oturdub, qapıları bağladı. Yalnız qapıdan çıxıb yola düzələndən sonra geri dönüb soruşdu.
- İncidin?
- Orda biri vardı, – qız ağlayır, sözünü deyə bilmirdi, -  gözəl oğlandı,  saçımı dartır, məni döyür, incidirdi.
- Videoya çəkən qız sonda  sözünü dedimi?
- Hə, hədələyirdi.
- Bu sənin cəzan. Bilmirəm,  layiqlimi cəza oldu, ya az-çox oldu. Hər halda mən belə düşündüm. Onsuz da heç bir cəza ədalətli olmur.
Qız bir azdan sakitləşdi, daha ağlamırdı. Mən başa düşdüm, dedi, sən qisas alırsan,  Gombulu, Yuranı da sən öldürübsən. Amma mən öz xoşuma eləmədim, əsla istəmirdim. Həmən market evimizin yaxınlığında olduğu üçün tez-tez ordan bazarlıq eləyirdim. Orda gözəl bir oğlan var, onunla tanış oldum, bir-birimizi dəlicəsinə sevirdik. Bir gün dedi ki, atam mənim üçün bir otaqlı mənzil alıb, gedək baxaq. Getdik,  dostları  ordaydılar,  məni zorladılar. Videoya  çəkirdilər, dedilər  birinə desən, kaseti institut tələbələrinə, qohum-əqrəbana, qonşularına paylayacağıq. Mən də qorxumdan kimsəyə deyə bilmədim. Sonralar da məni ora aparır, zorlayır, videoya çəkirdilər. Baharla dükanda rastlaşırdım, bizim bir institutda oxuduğumuzu, Baharın  da yerini bildiyimi öyrənən kimi  məni məcbur elədilər ki, bizi onun yanına apar. Çox yalvardım, dilə tutdum, olmadı.
- Sən bunu mənə deməliydin! – qışqırırdı.
- Dedim, qulaq asmadın…
- Belə olduğunu deməliydin!
- Onda məni onlara verməzdin?
- Bilmirəm, – dedi.
Nə qədər çalışsa da göz yaşlarını boğa bilmir, yanaqları ilə süzülən göz yaşları yolu seçməyə imkan vermirdi. Qəlbində şübhəli duyğular baş qaldırırdı, ona elə gəlirdi bu qıza qarşı haqsızlıq eləyib.
Qızı metro stansiyasının yanında düşürtdü, qəlbinin hökmüylə hərəkət elə, dedi, məni polisə satsan, bundan ötrü sənə güldən ağır söz deyən olmayacaq. Qızsa başını yırğalayır, satmaram, deyirdi, sən də onlardansan, onları satmadım, səni niyə satım? Mən bütün kişilərə nifrət eləyirəm, kişilər eynən heyvanlar kimidi, erkək şir dişi şirlə yenidən əlaqədə olmaq üçün öz doğmaca balalarını öldürür. Sizi görüm lənətə gələsiniz!
Bir qədər də dayanıb adam axınına qarışan qızın arxasınca baxdı və yoluna davam elədi.

***

- Sabah da yağacaqmı?
- Yox, – qız dedi.
- Nədən bilirsən?
- Yuxuda gur yanan tonqal gördüm, tonqal gördümmü, səhərisi günəşli gün olur.
- Təki olsun! Təki günəş doğsun! – dedi və yatdı.
***
- Alyo, polis şöbəsidi?
- Bəli, – dəstəkdən kobud səs eşidildi.
- Mən onu gördüm, ayaq üstə yatmışdı. Qatil olduğunu sonradan bildim, qəzet oxumuram axı. İşçilərimə danışdım, onlar da sizin ayaq üstə yatan birisini axtardığınızı dedilər, guya  o qatildir, adamları öldürür.
- Harda yatmışdı? – kobud, etinasız səs canlandı.
- Bizim dükanda. Mən onu oyatdım, yaşıl çölü, hansısa yonca çəmənliyini soruşurdu. Dedim, istəyirsən göstərim sənə  yonca çəmənliyini? Dedi, göstər,  sakit, mədəni şəkildə dedi. Mən də  göstərdim. Nəsə razı qalmadı,  dedi, gördüm, amma orda yaşıl otları qırpıb yeyən dovşanlar yox idi. İstədim dovşanları da göstərəm…
- Nəyi? – polis inamsızlıqla səsləndi.
- Dovşanları!
- Balvan, sən hansı dovşanlardan danışırsan?
- Yaşıl çöldəki dovşanlardan.
- Demək, belə, yaşıl çöldəki. Yaxşı,  göstərə bildinmi?
- Yox. Dedi, istəyirsən dovşanları mən göstərim sənə, bax gör yaşıl otları necə qırpıb yeyirlər. Mən də dedim, göstər.
- O neylədi, göstərdi?
- Göstərdi də sözdü! Əlbəttə göstərdi!
- Nəyi?
- Dedim axı, dovşanları!
- Balvan, hansı dovşanları?
- Öz dovşanlarını!
- Onun dovşanları var idi? Beləcə, çıxartdı dovşanlarını, göstərdi sənə?
- Onun dovşanı nə gəzirdi? Dovşanlar yaşıl çöldəydi!
- Burası aydındı, daha doğrusu  aydın deyil, amma aydınlaşdırarıq. Hardadı o?
- Mən nə bilim hardadı, mənə göstərəndən sonra çıxıb getdi də.
- Yaxşı, hardadı sənin  lənətə gəlmiş dükanın? Belə düşünürəm gəlib söhbətimizi orda davam eləsək yaxşıdı. Balvan, bilirsən söhbətimiz necə maraqlı olacaq? Biz də sənə bəzi şeyləri göstərəcəyik.
- Mən balvan döyüləm, qoyunam! Belə əslindən! Hansı balvan qatilə yaşıl çöl göstərər, alayonca çəmənliyi göstərər? Bilirsiz nə var, mən ayaq üstə yatan birisini görməmişəm! Görənin atabaatasına lənət!

***

Qız şeylərini götürüb onun evinə köçdü, evi  balaca bazarın arxasındakı köhnə beşmərtəbəli binanın üçüncü mərtəbəsindəydi.   Həyəti, geniş olmasa da, maşın saxlamaq, ağac əkmək üçün yer var idi və bu balaca yerdə  öz meşələrindən  dəmirağacı pöhrələri gətirib əkmişdi. Heç ağac payızı dəmirağacı kimi qarşılamır, payız girdimi, dəmirağacı donunu, görkəmini dəyişir, sanki çiçək açır, elə qızarır, eynən bir topa alovu xatırladır. Ev üç otaqlıydı, pəncərəsi dəmirağaclarına baxan otağı qıza verdi, bu ev kirayədə qaldığı evdən daha geniş, işıqlıydı, qızın  xoşuna gəldi.
Bir kimsəyə qapını açmamağı, şübhəli bir şey hiss elərsə, dərhal ona zəng eləməyi tapşırdı, yenə də həmən institutun yaxınlığındakı meydançaya gedib, qızı gözləməyə başladı. Qız çıxan kimi də maşından düşüb qıza yaxınlaşdı. Onu görən qızın baxışlarında  qorxu ifadəsi canlandı. Yenə də onlara verəcəksən deyə, maşına minmək istəmirdi, o xeyli təkid eləyəndən sonra mindi.
Səndən üzr istəməyə gəlmişəm, qıza deyirdi, sənə qarşı haqsızlıq eləmişəm. Əyər əvvəldən bütün bunların necə olduğunu desəydin, əsla səni incitməzdim. Məni bağışla. Uşaqlıqdan üzü bəri ən çox haqqın qələbəsinə, ədalətin təntənəsinə sevinmişəm, amma nə yazıq ki, bunlar çox az olub. Bir dəfə böyük qardaşım nehrəni sındırmış,  atamın onu döyəcəyini bildiyindən, gedib atama nehrəni mənim sındırdığımı demişdi. Atam məni döydü, nə dedimsə, inanmadı. Səhərisi işin nə yerdə olduğunu öyrənib: «Bağışla, – dedi, – səni nahaq vurmuşam. Nehrəni qardaşın sındırıbmış». Atam məni döyəndə ağlamamışdım, amma belə deyəndə göz yaşlarımı saxlaya bilmədim, ağladım. «Atan qardaşını necə, döydümü?» «Yox. O mənim kimi sadəlövh deyildi. İşin nə yerdə olduğunu bilib əkilmişdi. Mənsə  həmişə haqlı olmaq istəyir, haqqın yanında olmağa çalışırdım. Zaman keçdikcə  bir qayda olaraq haqsızların qalib gəldiyini görür, yanıb yaxılır, hər yerdə haqq axtarırdım. Bu günkü günə kimi də haqqın hardasa yerini tapdığını görəndə, eşidəndə uşaq kimi sevinir, gövrəlirəm. Sənə qarşı ədalətli olmamışam. Məni bağışla, hətta sən bağışlasan belə, ömrümün sonuna kimi bunu özümə bağışlamayacağam!» «Bilirəm, sən onları öldürəcəksən, – qız dedi.  -  Gözəl oğlanı mənim gözlərimin qabağında öldürsən nəinki səni bağışlar, sənə minnətdar olaram.  Bazar günü  həmən bir otaqlı mənzildə saat 11 üçün görüşməliyik. Sən də 12-yə işləmiş ora gəlisən. Al, bu da evin açarı,  evin bir açarını da mənə verib».
Qız ünvanı da yazıb verdi. Yaxşı, qızı arxayın elədi, deyilən vaxtda orda olacağam. Qızı dayanacağa kimi aparmaq istəyirdi, ancaq qız razılaşmayıb, düşdü, şübhə doğurmaq istəmirdi.
Bircə bunu gözləmirdi, bu gün beşinci gün idi, sabah yox, birisigün deyilən ünvana getməliydi, əyər qız onu aldatmırdısa. Hər nəydisə  əminliyi var idi ki, qız onu aldatmır.
«Çinar» kafesinə getdi, günorta vaxtı olduğundan içəridə adam çox idi, amma tanış oğlan onun üçün pəncərənin qabağında yer tapa bildi. Araq, şorlanmış xiyar və göyəm sifariş verdi. Araqdan kiçik qədəhlərlə içir, ancaq nə qədər içirdisə, əhvalı düzəlmirdi. Sifətində abır-həya olan qızı, ona elədiyi haqsızlığı xatırladıqca, tapançanı gicgahına söykəyib özünü güllələmək istəyirdi.
Axşam saat 10-a kimi  vaxt keçirib, saat 10-da qaranın yaşadığı ünvana getdi, maşını binadan xeyli aralıda, küçədə saxladı. Pilləkənləri çıxdıqca həyəcanlanırdı, bütün günü şəhərdə olmuşdu. Bircə dəfə də olsun, nə yuxusu gəlmiş, nə də ayaq üstə yatmışdı, indisə günəbaxan, ucuz kolbasa qoxuyan  pilləkənlə qalxdıqca gözləri önündə yaz çəmənliyi dalğalanırdı və işi başa çatdırmamış yatacağından ehtiyatlanırdı. Bir ara istədi qayıdıb getsin, doyunca yatıb, sabah gəlsin, ancaq nə fikirləşdisə, qayıtmadı. Bu tale, dedi, nə olacaqsa, qoy olsun. Üçüncü mərtəbəyə qalxıb   qapını döydü. İçəridən qadın səsi eşidildi. «Kimdir?» «Polisdənəm!» – dedi və əminlik üçün gündüz kioskdan aldığı polis vəsiqəsinin qırmızı üzlü cildini çıxarıb gözlüyün qabağına tutdu. Qadın kimləsə məsləhətləşirdi, nəhayət  qapını qara özü açdı. Otağın rahatlıq vəd eləyən isti qoxusu onu vuranda yenidən dəhşətlə yatmaq istədiyini hiss elədi, aman Allah, neyləyə bilərdi ki, dalğalanan yaz çölləri gözünün önündən çəkilsin.
İçəri keçib, arxasınca qapını bağlayandan sonra soruşdu.
- Evdə başqa kim var?
- Yoldaşımla ikimizik.
- Harda söhbət eləyə bilərik?
Qara onu mebellərin çoxluğundan tərpənmək mümkün olmayan otağa apardı, arvadını da çağırdı. Gözəl, yaraşıqlı, dolu bədənli qızdı. Belə gözəl arvadı var idi, amma şərəfsizliyindən əl çəkmirdi. Ər-arvadı divanda yanaşı oturtdu, özü isə bir qədər aralıdakı kresloda oturub, tapançanı çıxartdı.
- Hansınız mənə şaxtadan, qarlı çöldən danışa bilər?  – yorğun halda soruşdu.
- Qarlı çöldən? – qara dillənməmiş arvadı heyrətlə soruşdu.
- Hə. Qoy orda  külək qarı sovursun.
- Biz nağıl danışanıq? – bu dəfə də qara hirslə dilləndi.
- Niyə də danışmalıyıq? – arvadı əlavə elədi.
- Onda yuxum qaçardı, yatmazdım.  Nə üçün gəldiyimi bilirsiz?
- Yox, – yenə də qadın cavab verdi.
- Ərinlə üç dostu nişanlımı zorlayıblar, – qadına dedi.
- Ola bilməz! – qadın çaşqınlıqla  səsləndi.
- Heç vaxt! – qara da dilləndi, amma səsi titrəyirdi.
- Bu dörd əbləhdən biri artıq cəzasını alıb, – onları eşitmirmiş kimi dedi, – o birilər də almalıdılar.
- Bu sənsən?! – qadın vahimə içində səsləndi, görünür qəzetdə qətl haqqındakı yazını  oxuyubmuş və söhbətin kimdən getdiyini bilmişdi.
- Mənəm, – dedi.
Gözlərini ovuşdurur, yuxusunu qaçırmaq istəyirdi. Mən başa düşə bilmirəm, deyirdi, bu əbləh nə düşünürdü? Düşünürdü cəzasız qalacaq, eləmi? Görürsən, qalmadı. Qara it, belə gözəl arvadın var, yəqin anan, bacın da var, onları zorlayıb, kasetlərə çəksələr, internetdə yaysalar, necə olar sənin üçün?! Arvadın cavandı, sənin ölümünü özünə dərd eləməyəcək, heç qırxın çıxmamış özünə başqasını tapacaq, başqalarıyla gəzəcək, sevişəcək. Sən cəzanı almalıydın, amma arvadına görə keçirəm. Sonradan bu anları yaşayıb sarsıntı keçirməsini istəmirəm.
Səsboğanı tələsmədən lüləyə bağladı və dərhal də nişan almadan oğlanın alnına atəş açdı. Oğlanın sifəti gözləri önündən itdi, yamyaşıl yaz çölü dəniz kimi dalğalanırdı, çöl lalələri, qoyunqıranlar, çobanyastıqları yırğalanır, titrəşirdilər. Uzanırdı yaşıl çəmənliyə,  aman Allah, dalğalanan yaz çölündə yatmaq necə şirinmiş!
Kimsə onu silkələyirdi, ayıldı, dolu bədənli qız üstünə yıxılmışdı, tapançanı əlindən almaq istəyirdi, amma  yatsa belə, keyləşmiş barmaqları arasından tapançanı buraxmırdı. Qızı itələyib artıq ölmüş ərinin yanındakı divanda oturtdu.
- Məni öldürəcəkdin, eləmi?
- Hə, – qız etiraf elədi.
- Haqsızlıq eləmiş olardın. Onu öldürdüm, o ölümə layiq idi, yaşamağa haqqı yox idi. Bəs sən adını nə qoyub məni öldürəcəkdin?
- Bilmirəm, – qız başını yırğaladı.
Mən burdan çıxıb uzaqlaşana kimi polisə zəng  eləmə, qıza deyirdi, bir xahişim də var,  yatsam, oyat məni.  «Polis gələndə nə deyərəm?» «Nə istəyirsən, de. Bircə onu niyə öldürdüyümdən başqa. Desən, o biriləri cəzalandırmaq  çətin olacaq». «Demərəm, – qız söz verdi, – dediyin kimidisə, sən haqlısan».
Qapıya doğru gedir, yenidən dalğalanan yaz çölünü görürdü, çiçəkləmiş alayoncanın tünd qoxusu onu vurur, başı hərlənirdi. Yaşıl çöldən keçib sarı cığırla çaya düşürdü.   Onu silkələyirdilər, ayıldı, qız idi.
- Ayaqüstə yatmışdın, – qız deyirdi.
- Sarı cığır nec oldu?
- Cığır nədi? – qız heyrətlə səsləndi.
- Necə yəni nədi, cığırdı da! Sapsarıydı…
- Yuxuda görübsən, – qız gülümsəyirdi.
- Bağışlayın, – pərt halda mızıldandı, yenidən ayaq üstəcə yatdığını başa düşdü, – niyə tapançanı götürmədin?
- Səni öldürməklə haqsızlıq eləmiş olacağımı başa düşdüm.
- Ürəyini çox da sıxma, – yorğun halda dedi. – Gözəl qızsan, özünə  layiq ömür-gün yoldaşı taparsan. Mənə düşmən kimi baxma,  onlar məni əydilər, sındırdılar, qəlbimə tüpürdülər! Mən döyüşçüyəm, döyüşdə məğlub oldum, həyatda da məni məğlub elədilər! Belə olan halda onları necə bağışlaya bilərəm?!
Qız, geri qayıdaq, deyə   qoluna girdi,  onu  ərinin öldüyü otağa yox, yataq otağına apardı, çarpayının üstündə oturtdu, özü də onunla yanaşı oturub danışmağa başladı. «Külək əsir, soyuq qarı soyuq çöllər boyunca səpir, göz açmağa imkan vermirdi. Evlər, ağaclar qar içində itmişdi, nəfəs kəsən şaxtada bir ins-cins gözə dəymir, hardasa boz təpələr tərəfdə ac canavarlar ulaşırdı».
- Bəs dana?
- Hansı dana? – qız heyrətlə soruşdu.
- Azıb çöldə qalan. Çöldə qalır,  canavarlar da onu yeyirlər.
- Yeməsinlər, – qız etiraz elədi, – mənim danaya yazığım gəlir.
- Bəs canavarlar ac qalsın?
- Canavarların dərdini çəkmək sənə qalıb? Hökmən yeməlidilərsə, qoy qoyunları yesinlər.
- Qoyunlara yazığın gəlmir?
- Yox, – qız başını yırğaladı.
- Yaxşı, – pərt halda mızıldandı, – qoy qoyunlar azıb çöldə şalsınlar…
Yuxusu tamam qaçmışdı, ayağa qalxdı. Qız qoluna girib onu qapıya kimi gətirdi, ərini öldürsə belə qızın qayğısı, halına yanması onu gövrəldir, özünə nə qədər haqq qazandırsa da,  qadının qarşısında özünü günahkar hesab eləyirdi.
- Məni bağışla, – pərt halda dedi.
- Allah bağışlasın! – qız dedi.
Qapını  arxasınca bağlayıb çıxdı, addımlarını yeyinlətdi, qadının zəng eləməyəcəyindən əminliyi yox idi.
Qız onu gözləyirdi,  salamat qayıtmasına görə sevincinin sonu yox idi.        Stol arxasına keçdi, çantadan şəkilləri çıxartdı, qaranın şəklini götürüb alışqanla yandırdı. Şəklin yanması ona hədsiz ləzzət eləyir, əsəblərini dincəldirdi. İyrənc adamları yer üzündən silmək, təmizləmək qədər ona ləzzət verən ikinci bir iş yoxdu.
***
Qız səkidə dayanıb yağış dumanı arxasından ona əl eləyirdi, saçlarında yağış damcıları işıldayır, evlərin, ağacların arasından qalxıb dalğa-dalğa gələn  yağış dumanı qızı tədricən ağuşuna alırdı.
- Sənə şeir deyimmi? – onu səsləyirdi.
- Kimin şeiridi? – soruşdu.
- Biçarənin.
- De.
Yuyub təmizlədi məni
Sevib əzizlədi məni
Hamıdan gizlədi məni
Bu yağışcan da olmadın.
Şeiri deyib ürəkdən güldü, qız yağışın arxasında dayanıb ona əl eləyir, gülən gözləri, şirin   təbəssüm dolaşan sifəti yağış dumanı arxasında yellənir, ilğımlanır, tədricən yoxa çıxırdı.

***

«Tük ürpərdən cinayətlər.
Naməlum  qatil «Şəfəq» marketinin iki  satıcısını  qəddarlıqla öldürüb. Qatilin  xarici əlamətlərini müəyyən etmək mümkün olmuşdur. Ucaboylu, qara, qıvrım saçlı, dalğın baxışlı, qarayanız sifətli, 27-30 yaşlarında kişidir. Qarabağda döyüşüb, sərrast atıcıdı, çox təhlükəlidir. Ən əsası da qatil getdiyi yerdə, ayaq üstəcə yatır. Burda bizim üçün anlaşılmayan, qəribə və maraqlı məqamlar var. Qatil sonuncu qurbanının arvadından xahiş eləyirmiş ki, yuxusu qaçsın deyə  onun üçün qarlı çöllərdən danışsın. Qadın da danışıb.  Qatil psixi cəhətdən normal adam deyil. Bəs tam sağlam,  normal bir  qadın ərinin meyitini ortalıqda qoyub,  qatilə necə nağıl danışa bilər? Yəqin deyəcəksiz qatil qadını qorxudub, o da qorxusundan danışıb, əslində biz də belə güman eləmişdik, ancaq qadın qatilin onunla çox mədəni rəftar elədiyini, əsla onu qorxutmadığını, qatilə nağılı   könüllü danışdığını deyib».
Əlində qəzet tutmuş qadın qışqırırdı:
- Mən onu gördüm!
- Harda? – kişi duruxdu.
- Marketdə. Ayaq üstə yatmışdı.
- Sən onu görmədiyini desəydin, düzü  çaşardım. Ölkədə nə baş verirsə sən mütləq içində olmalısan.
- Qolundan yapışıb silkələdim, oyatdım, – qadın tir-tir əsirdi.
- Niyə oyadırdın?
- Yıxılacağından qorxdum. Əlini qabağa uzatmışdı,  heykələ oxşayırdı, yatmışdı. Nə yaxşı məni öldürməyib.
- Eh, ay ana, – tələbə qızı gülürdü, – onun səninlə nə işi?
- Anan ola, adamı oyatmaya? Orda onlarla adam olub, heç biri hiss eləməyib, anan isə  görüb, hələ bir yıxılacağından qorxub, oyadıb da. Sən necə, yuxusu qaçsın deyə ona qarlı çöllərdən danışdınmı?
- Yox, – qadın çaşqın halda dilləndi, – məndən yaşıl çölü, hansısa sarı cığırı soruşurdu.
Qadınının həyəcanı keçmirdi, alnında tər damcıları muncuqlanmışdı, marketdəki mənzərəni xatırladıqca qorxudan əsirdi. Sən demə ayaq üstə yatan o cavan oğlan adamlara əzab verərək öldürən amansız qatil imiş. O isə yaxınlaşır, qolundan yapışıb silkələyir, oyadır.
- Qızım, – qadın titrək səslə dedi, – o mənə gülümsəyirdi.  Baxışları elə saf  idi ki, eləsinin qatil olduğuna heç vaxt inanmaram.
- Ana, onu  ayaq üstə yatan görsən, polisə zəng eləmə, – qızın gözləri dolmuşdu.
- Bəs neyləyim?
- Yaxınlaş, ehtiyatla oyat.
- Birdən oyandı, məni öldürdü?
- Öldürməz, özün dedin ki,  qatilə oxşamırdı.
- Hə, elədi, – qadın təsdiqlədi.
- Yatmasın deyə ona qarlı çöllərdən danışarsan.
- Yaxşı, – qadın pıçıltı ilə dedi, – amma atan bilməsin.

***

Hava tərtəmiz idi, şəhər tüstünün, dumanın, mazut və kanalizasiya qoxularının içindən sıyrılıb çıxmışdı, ilğımlanan, sonsuzluğa qədər uzanan mavi hava axının üzərinə üzərinə uzanıb dincini alırdı. Rütubətli payız havaçını sinəsi dolusu ciyərlərinə çəkdikcə yüngülləşirdi. Onu parka çəkib gətirən də  təmiz hava,  yaşıl otların qoxusunu duymaq istəyi oldu. Onun üçün çöl qoxularından daha doğma heç bir qoxu yox idi. Yetişən otun, çiçəkləyən alayoncanın, ağacların qaralan gövdələrindən süzülən qətranın, şirəyə dolan tumurcuqların, erkən yazda qarın altından boylanan novruzgüllərinin, mamırlı daşların, çöl nanəsinin, yarpızın qoxusu!
Oğlanı da burda gördü, yaşıl otların arasındakı oturacaqda oturmuşdu, gözünün altı qaralmış, alnı sıyrılmışdı, döyüldüyü hiss olunurdu. Oğlanı salamladı, oğlan başını yuxarı qaldırdı, gözlərindəki ifadədən  onu tanıdığı hiss olundu.
- Yanlış adama taxıldın, eləmi? – gülümsəyərək soruşdu.
- Hə, – oğlan təsdiq elədi.
- Yenə  saat tələb elədin?
- Mənim saatım var, – oğlan qaşqabaqla dedi.
- Bəs  niyə əzişdirdilər?
- Maşın istədim.
- Necə? – inamsızlıqla səsləndi.  – Nəsə inana bilmirəm. Getdin yapışdın adamın qolundan, dedin, mənə maşın almalısan?
- Elə də dedim.
- O da ilişdirdi?
- Görürsən də.
- O vururdu, bəs sən neyləyirdin?
- Neyləyə bilərdim? Adamın pulu olduğunu bilmişdim, amma boksyor olduğunu yox.
Yenidən oğlanı kafeyə dəvət elədi. Oğlanın qanı qaraydı, xəyallarla yaşayırdı, həyatın reallığı ilə bircə dəfə rastlaşan kimi ruhdan düşmüşdü. İlk qədəhdən sonra ona deyirdi, adamlar niyə belədilər? Yaxşı, maşın almırsan alma, daha niyə vurursan? Birini vurdun, ikisini vurdun, ürəyin soyusun da! «Sən bunları mənə yox, ona deməliydin, – qaşqabağını tökdü. – Səni döyən mən deyiləm». «Ona demək olmazdı, o şaxarrayırdı, ağzımı açmağa imkan vermirdi». «Demək, sən bir kəşf də elədin, kim ki şaxarrayır, ondan heç nə tələb eləmək olmaz». «Elədi, – oğlan təsdiq elədi. – Sənə qanım qaynadı, bilirəm, tezliklə səni öldürəcəklər, söz verirəm,  gətirib qəbrinin üstünə bir qucaq gül səpəcəyəm. Ancaq   gərək pulunu sən verəsən.   Mənim  pulum yoxdu». Oğlana baxır, başını yırğalayırdı.
- Adın nədi sənin? – soruşdu.
- Neb, – oğlan dedi.
- Bu nə addır belə?
- Nə bilim, məni belə çağırırlar.
- Harda?
- Rusiyətdə, – oğlan yazıq-yazıq dedi.
- Bəs burda necə çağırırlar, anan adını nə qoymuşdu?
- Unutmuşam, – oğlan başını yırğaladı, – anamın çağırdığı adda olan oğlan düşüb qaldı yam-yaşıl kənd çöllərində, itdi, batdı üfüqlərin yaşıl təpələrə qovuşduğu yerdə. Mən Nebəm.
- Neb ol, mənə fərq eləməz.
Kafedən çıxanda oğlan ondan soruşdu:
- Güllərin pulunu vermirsən?
- Hansı güllərin? – bir şey başa düşməyib soruşdu.
- Qəbrinin üstünə səpəcəyim güllərin!
Bir söz demədən çıxarıb ona beş yüz dollar verdi, amma əmindi ki, oğlan onun üçün nə gül alacaq, nə də gətirib qəbrinin üstünə səpəcək. Həm də bu ağılda olan birisinin elə də çox yaşayacağına ümidi yox idi, bunun öz qəbrinin üstünə gül səpmək lazım gələcəkdi.
İstəyirsən gedək sənə qazları göstərim, Neb qızğınlıqla deyirdi,  yaxındadır, Xırdalanda. Yamyaşıl otlardan yeyir, göm-göy suda üzürlər. Yenə də etiraz eləmədi,  gedək, dedi.
Onlar maşına keçən kimi də yağış başladı, sanki onların parkdan nə vaxt çıxacaqlarını gözləyirmiş. İri yağış damlaları hiddətlə pəncərələrə çırpılıb yayılır, küçələr, ağaclar, adamlar yağışın arxasından xəyal kimi görünürdülər.
Xırdalanda mərkəzi yoldan təzə tikililər olan məhəlləyə döndülər, bir xeyli gedəndən sonra Neb yaşıl rənglə rənglənmiş qoşalay qapının ağzında saxlatdırdı. Düşüb qapını açdı və o maşını içəri sürdü.  Şəhərdə gördüyü ən böyük həyətdi, bircə dənə də ağac əkilməmişdi, başdan-başa yaşıl çəmənlik idi. Son vaxtlar aramsız yağan yağışlardan sonra otlar xeyli qalxmışdı,   kənd çöllərində olduğu kimi otların arasından xırda, gömgöy payız gülləri, sarı qoyunqıranlar, vaxtsız çiçəkləmiş çobanyastıqları boylanır, hasarın dibiylə döşənmiş çınqılların arasında isə öz utancaq görkəmləri ilə adamı karıxdıran nərgizlər görünürdü. Həyətin ortasında yaşıl çəmənliklə əhatə olunmuş göl var idi, amma qazlar heç yerdə gözə dəymirdi.
Maşından düşüb yaş otların arasıyla gölə tərəf getdi, aramsız yağan yağışa əhəmiyyət vermədən gölün sahilində daynamışdı, iri yağış damlalarının yaratdığı balaca dalğalar sürətlə sahilə doğru qaçaraq bir-birinə qarışır, göl qaynayırdı. Soyuq yağış suyu saçlarıyla boynunu dalına axır, bədəninə soyuq  titrəyiş yayılırdı.
- Qazlar hanı? – arxasınca gələn Nebdən soruşdu.
- Yoxdular, – Neb boynunu bururdu.
- Necə yəni? – inamsızlıqla soruşdu.
- Bunun necəsi omur, yoxdular, vəssəlam.
- Axı sən mənə göldə üzən, yaşıl otları yeyən qazları göstərəcəkdin. Bəs niyə göstərə bilmirsən?
- Yoxdular, ona görə.
- Bunu bildim, tutuquşu kimi təkrar eləmə. Bəs   məni bura niyə gətirdin? Hanı sənin qazların?
- Oğurlayıblar, – Neb yazıq-yazıq dedi.
Möhkəm hirslənmişdi, bu dəmdəməkini yağışda çimən çəmənliklə sürüməkdən vacib iş ola bilməzdi, amma geri dönüb baxanda onun səssiz-səmirsiz ağladığını gördü və sarsıldı. Bu nə cür adamdı, doğrudanmı vur-tut iki-üç qazdan ötrü belə ağlayırdı? Yaxşı, sənin qazların yoxdusa, oğurlayıblarsa, necə deyərsən ki, gedək sənə qazları göstərim?
Gedək, Nebə dedi, nə qədər istəyirsən sənin üçün qaz alım. Bir halda belə geniş həyətin, çəmənliyin, gölün varsa, qoy qazların da olsun, mən də arada gəlib baxaram.
«Mən kənddə böyümüşəm, – yolda Neb danışırdı. – Qonşuluqdakı dul qadın qaz saxlayırdı, yazda-yayda onun yeniyetmə qızı qazları kəndin aşağısındakı çəmənliyə aparıb, orda otarırdı. Qazlar yaşıl otlardan yeyir, sonra da yaxınlıqdakı gölə girib üzürdülər. Bəzən mən də qıza kömək eləyirdim, axşamüstü qazlar göldən çıxmaq istəməyəndə soyunub gölə girir, qazları çıxarırdım. Qız çəmənlikdəki çöl çiçəyinə oxşayırdı, çiçək kimi incə, zərif, cicək kimi gözəl, ətirli. Mən ona dəlicəsinə vurulmuşdum, qızın da mənə biganə olmadığını hiss edirdim. Bir dəfə göldən çıxanda üşüdüyümü hiss edən qız məni qızındırmaq üçün qucaqlayanda onu öpdüm. Sonralar da qazları çəmənliyə ötürür, adama boy verməyən otların arasında gizlənib saatlarla öpüşürdük. Həyatımın ən gözəl, fərəhli günləri idi, ancaq ömrü qısa oldu. Qızın şəhərdə yaşayan uzaq, varlı qohumunun arvadı öldü, gəlib qızı anasından istədi. Qızdan iki-üç dəfə böyükdü, gombulun, idbarın birisiydi, amma anası qızın göz yaşlarına, yalvarışlarına fikir verməyib qızı ona verdi. O idbar əbləh bütün sevinclərimi, fərəhli günlərimi özüylə apardı.
Kənddə qala bilmədim, baş götürüb Rusiyətə getdim. Eh, o qədər qızlar, qadınlar gördüm, bir-birindən gözəl, amma onlarla keçirdiyim anlar o qızla yaşıl çəmənlikdə öpüşərkən keçirdiyim anların yerini vermirdi. Nə qədər çox qızlarla tanış olur, sevişirdimsə, o qızı bir o qədər də çox xatırlayırdım. Orda özümə yaxşı şərait yaratmışdım, evlərim, dükanlarım, maşınlarım. Kefim necə istəyirdisə, elə də yaşayırdım. Amma o qızla keçirdiyim günlər, o qızın xəyalı mənə rahatlıq vermirdi. Axırda məcbur qalıb, orda nəyim varsa hamısını satıb qayıtdım. Həmən yeri aldım, ev tikdim, həyətdəki bütün çəmənlik kənddən maşınlarla gətirib döşədiyim çimlərdən əmələ gəlib. Buranın otları sırtıq, süni, şitdilər, bizim tərəflərin otu isə başqadır, kədərli, təbii, utancaq olurlar. Çəmənliyin ortasında  həmən gölü xatırladan süni göl düzəltdirdim. Doqquz dənə qaz alıb buraxmışdım çəmənliyə. Çəmənlik, göl, qazlar mənə o günləri xatırladırdı, sanki yenidən o anları yaşayırdım. Sonra da qazları oğurladılar…» Oğlanın yanaqları ilə göz yaşları süzüldü. «Yaxşı, – dilxor halda dedi, – bundan ötrü göz yaşları axıtmağa dəyməz. Sənin yenə də qazların olacaq».
Nebi  quş bazarına apardı,   burda kənddən qaz gətirib satanlar var idi, oğlanın bəyəndiyi doqquz dənə qaz aldı, maşın tutdu, dən almaq üçün də   pul verdi. Oğlandan cib telefonunun nömrəsini aldı, arada gedib göldə üzən qazlara baxmaq istəyirdi. Nebin sevincdən uçmağa qanadı yox idi, gözləri fərəhlə işıldayırdı. Maşına tərəf gedəndə birdən   qayıdıb gəldi, buna nə oldu yenə, gözlərindən, üzündən bir az bundan əvvəlki sevinc yoxa çıxmışdı, baxışlarından nifrət, qəzəb oxunurdu.
- Neçəyə öldürürsən?
- Nə…ə? – inamsızlıqla səsləndi.
- Nə deyirəmsə, gözlərini bərəldirsən! Yəni  neçəyə öldürürsən, haqqın nədi?
- Mən muzdlu qatil deyiləm, – qaşqabağını tökdü, – pulla kimisə öldürmürəm.
- Onu da öldür. Onda qəlbim rahatlanar, yoxsa çox yaşamaram, ürəyim partlar. Onu da, qızı zorla aparan o idbarı! Səninçün nə fərqi, biri artıq olsun, ya əskiy?
- Öldürdüklərim ölümə haqq  eləyirlər…
- O beşqatına haqq eləyir! Səncə özündən üç dəfə kiçik olan qızı özünə zorla arvad eləyən birisinin yaşamaq haqqı varmı?
- Qardaşım, bu ölkənin bütün dərd-sərini mənmi çəkməliyəm? – özünü qışqırmaqdan güclə saxlayırdı. – Sonrası da bizim dində doqquz yaşlı qızların da ərə getməsinə icazə verirlər. Olmaya sən müsəlman deyilsən?
- Doqquz yaşlı? Sən doqquz  yaşlı qızının, bacının ərə getməsinə razı olarsan?
- Yo…ox.
- Bəs niyə, olmaya müsəlman deyilsən?
-  Neb, mən indi  vacib işlə məşğulam. Bu işi başa çatdırmamış, başqa heç nəylə məşğul ola bilmərəm və məni bu işdən ayıran, mənə mane olan bir kimsəni də bağışlamaram! Aydın oldumu?
- Cəhənnəmə öldürmə! Özüm öldürərəm!
Cavab vermədən geri dönüb maşına mindi, güzgüdə geri baxdı, oğlan hələ də arxada, yağışın altında dayanıb onun arxasınca baxırdı.

***

Bulanıq payız suları axan küçəylə ağır-ağır irəliləyirdi,  yağış dumanı irəlini  görməyə mane olurdu. Qarşısında bahalı xarici bir maşın gedirdi. Yağış maşının damını, yolun kənarındakı ağacları döyəcləyir, qaralan şosse yolu ilə dalğa-dalğa axırdı. Yaz çölünü görürdü, güneylərdə torpaq qızır,  torpaqdan isti buğ qalxırdı, buğlanan çöllərdə gömgöy yoncaların, torpaqdan baş qaldıran cücərtilərin arasında fərəh ilğımlanırdı.
Ani zərbədən ayıldı, bir anlığa nə baş verdiyini başa düşə bilmədi, yalnız maşının   qabaqdakı bahalı maşına söykəndiyini görəndə, hər şeyi anladı. Yatmış,  qabaqdakı maşını vurmuşdu. Maşınının sürəti aşağı olduğundan ölüm-itim olmazdı yəqin, bu onu sevindirirdi.
Maşından son dəblə cins şalvar, yun kofta geymiş idmançı bədənli qəşəng bir qız düşdü. Qız ona tərəf gəlir, əllərini ölçür, qışqırırdı. O da düşdü, dərhal da yağış onu ağuşuna aldı. Nəsə yaxşı olmadı, tərslikdən maşının sahibi  qız oldu, bununla necə dil tapacaqdı?  Nə desə, istəsə, verməyə hazırdı. Təki polisi çağırmasın, qızı başa sala biləcəkdimi? Yağışın uğultusu içində qızın qışqırtısını çətinliklə eşidirdi:
- Gözün görmür?!
- Gömədim, – pərt halda mızıldandı.
- Niyə, korsan?
- Yox, yatmışdım.
- Necə yəni?
- Mən yatıram, özümdən asılı deyil.
- Yatırsansa, niyə maşın sürürsən?
- Vacib işlərim var,  ona görə.
- Yatağan oğlan, bilirsən bu maşın neçəyədi?
- Bilmirəm, – dilxor halda dedi, belə görünürdü qızı başa sala bilməyəcək, – amma təmirin pulunu verməyə hazıram. Nə istəsən verərəm.
Gözləmədiyi halda qız qışqırmağına son verdi. Yaxşı, gedək, dedi, mənim tanış ustam var, görək nə deyəcək.  Arxamca sür, amma çalış yenə yatma, yoxsa bu dəfə də vursan, maşın heç, özüm salamat qurtarmaram.
Qızın dediyi maşın təmiri emalatxanası şəhərin kənarında imiş, bir xeyli yol getdilər,  yenidən yatmaması üçün Allaha dua eləyirdi. Hə şey yaxşı qurtardı, sağsalamat gəlib emalatxanaya çatdılar. Burda usta qızın maşınına baxıb, ciddi bir şey olmadığını dedi. Yalnız arxadakı işıq faraları sınmış, maşın arxa tərəfdən yüngülcə cızılmışdı, diqqətlə baxmayanda  hiss olunmurdu. Onun maşınında da  bir işıq farası sınmışdı. Usta dedi ki,  yaxınlıqda  kafe var, orda oturun, çay, kofe için, uzağı yarım saata işimi qurtararam.
Qızla birlikdə ustanın dediyi kafeyə getdi, balaca, amma təmiz, səliqəli kafe idi. Qız özü üçün kofe, o isə şokalad və konyak sifariş verdi. Pəncərənin qabağında qarşı-qarşıya oturmuşdular, pəncərəyə çırpılan yağışa baxırdılar. Bir qədəh konyak içəndən sonra bir qədər özünə gəldi. Qız onun halını hiss eləmişdi, sənə nə olub soruşdu. «Qəlbim qan ağlayır, – kədərlə dedi, – konyakın da xeyri olmur».  İstəmədiyi halda  son dəblə geyinmiş qıza qızğınlıqla danışırdı. «Mən döyüşçüyəm, döyüşdüm, əskərlərimi itirdim, məğlub oldum. Qayıdandan sonra dostlarımla əl-ələ verib şirkət yaratdıq, iki-üç dükanımız oldu. Rayonlardan vəziyyəti çətin olan döyüşçü ailələrini gətirdik, onlara yer aldıq, evlər tikdik. Şirkətdə, dükanlarımızda da əsasən orda itirdiyimiz döyüş dostlarımızın uşaqları, yaxınları işləyirlər. Onlara hər işlərində yardımçı olur, kömək edir, çətinlik çəkməyə qoymurduq. Sonda bir qızla tanış oldum, bircə arzumuz var idi, balaca bir arzumuz, kimsəyə  ziyanı dəyməyən arzumuz. – Sözünə ara verib bir  qədəh konyak içdi və yenidən  davam elədi. – Erkən yazda kəndə gedəcək, ilıq yaz yağışları yağanda əl-ələ tutub ayaqyalın, başaçıq sular axan yaz çölündə gəzəcəkdik. Yağış ara verəndən sonra geri qayıdıb, bağdakı çiçəkləmiş alma ağaclarının arasıyla ağappaq stollar, stullar düzəcək, stolların üstünə ağappaq güldanlarda ağappaq qızılgüllər qoyacaq, sonra da qonaqları dəvət eləyəcəkdik.  Başdakı stolun yanında skripkaçı dayanıb çalacaqdı. Biz də stolların arasıyla irəliləyəcək, qonaqlara dəvətimizi qəbul eləyib gəldikləri üçün minnətdarlığımızı bildirəcək, onlara gülümsəyəcək, baş əyəcəkdik. Başdakı stolun arxasında nigahımızı qeydə almalı olan adam bizi gözləyəcəkdi».
Yenidən qədəhinə konyak süzüb içdi, özünü ələ almaqda konyakın  köməyi dəyirdi. «Amma qızı zorladılar, – ağır-ağır dedi. – Səncə belələri cəzalarını almalıdılar, ya yox? Ya heç nə olmayıbmış kimi azad gəzməlidilər?»
- Bu sən imişsən? – qız inamsızlıqla səsləndi. -  Ayaq üstə yatan adam.
- Hə, mənəm. Polisəmi zəng eləyəcəksən?
- Yox, – qız başını yırğaladı.
Ustanın şagirdi gəlib dedi ki, maşınlar hazırdı, hesabı verib durdu. Küçəyə yağışın altına çıxan  kimi  yenidən buğlanan yaz çöllərini gördü, isti buğ onu ağuşuna alır, uzanırdı yonca çəmənliyinə. Anası isti yorğanı üstünə örtürdü.
Qız onu silkələyirdi.
- Nəydi? – gözlərini döyürdü.
- Sən yatmışdın, ayaq üstə.
- Bağışlayın, – pərt halda mızıldandı.
- Sən onları öldürə bilməyəcəksən. Yatacaqsan, özünü öldürəcəklər.
- Neyləməli…
- Mən bunu istəmirəm! – qızın səsi titrəyirdi.
- Yatmağımı?
- Ölməyini!
- Mən də istəmirəm, – kədərlə dedi, – xüsusi ilə də işimi başa çatdırmamış.
Gözləmədiyi halda qız onun qoluna girmişdi, mən  qəzetdən oxuyanda  kimsənin ayaq üstəcə yata biləcəyinə inanmamışdım, öz gözlərimlə gördüm. Yazılanlara görə sən artıq ikisini cəzalandırıbsan, ikisi qalır. Sənə bu işdə nə lazımsa kömək eləyəcəyəm, bu mənim vizit vərəqəm. Günün, gecənin nə vaxtı zəng eləsən, köməyinə gələcəyəm. Çəkinmədən zəng elə,  böyük imkanlarım var, hər işində sənə yardımçı olaram. Mən səninləyəm, səni haqlı bilirəm, belə iş tutanlardan kimsə  cəzasız qalmamalıdı!
Nə qədər təkid eləsə də, qız təmirin pulunu özü verdi, maşınları emalatxanadan çıxarandan sonra yolun kənarında işarə elədi ki, maşını saxlasın. Saxladı, qız düşüb onun maşınına tərəf gəlirdi, əlində sellafon torba var idi. Şüşəni aşağı saldı. Qız arxa qapını açıb sellafon torbanı oturacağın üstünə qoydu. «Orda əlli min dollar var, bilirəm sənə pul lazım olacaq. İstədiyin kimi xərclə. Qurtaran kimi də mənə zəng elə». Götürmək istəmirdi, amma dodaqlarını bir-birinə kip sıxmış qız etiraza yol verməyəcək tərzdə başını yırğalayırdı. Qızın yanağıyla göz yaşı süzülürdü.
- Niyə ağlayırsan? – pərt halda soruşdu.
- Səni öldürəcəklər…
- Adın nə oldu?
- Mələk.
- Mənə kömək eləmək istəyirsənmi?
- Hə! – qız qətiyyətlə dedi
- Mənim üçün Allaha dua elə! Allah mələklərin duasını eşidər.
- Allah səni qorusun!
Qızın hərəkəti onun  gövrəltmişdi. Nə qəribə təsadüf oldu, bu maşını vuranda başına iş açdığını güman eləmişdi, amma sonda qızın timsalında özünə yaxın, doğma, onu başa düşən bir adam tapdı.
Barışla görüşüb pulu ona verdi,  ehtiyacı olanlara payla, dedi, ilk növbədə də rayondan gətirdiklərimizə. Bu qədər pul hardandı, Barış özünü saxlaya bilməyib soruşdu. O isə cavab vermədən, təəssüflə başını yırğalayıb, maşını yerindən tərpətdi.

***

Ana, avtobusda basırıq idi, adamlar içəri dolduqca mən küncə sıxılırdım, gözlərindən həyasızlıq yağan bir oğlan məni küncə sıxışdırır, hırıldayırdı. Əl çəkmədiyini görüb qulağına pıçıldadım, dedim, bilirsən mən kiməm, ayaq üstə yatan adamın bacısıyam. İnanmazsan, bircə anda yoxa çıxdı, o qədər adamın arasından sivişib qapıya kimi getdi, avtobusu saxlatdırıb düşdü.

***

Qız verən ünvanı axtarıb tapdı, maşınla beşmərtəbəli daş binanın ətrafında fırlanıb ətrafı nəzərdən keçirdi, yalnız bundan sonra arxadakı küçədə boş yer tapıb maşını saxladı, yerə düşmədən gözləməyə başladı. Dünənki kimi yağmasa da, yağış ara verməmişdi, çiskinləyir, yağış dumanı ağacları, evləri qoynuna alır, yağışa müqavimət göstərə bilməyən ağacların, boz divarların yazıq görkəmi qəlbini sıxırdı.
12 – yə işləyəndə düşüb iti addımlarla binaya doğru getdi, bu dəfə pillələri inamla qalxırdı, gözləri önündə yaz çölləri dalğalanmırdı və bu da onda özünə əminlik yaradırdı, yatmayacaqdı. Qızın ona verdiyi açarı çıxarıb cəld qapını açdı, arxasınca bağlayıb iki sıçrayışla özünü səs gələn yataq otağına atdı. Yataqdakılar özlərini elə itirmişdilər ki, bir anlığa özlərinə gələ bilmədilər.
- Kimsən?! – oğlan vahimə içində qışqırdı.
- Tanımadın? – kinayə ilə soruşdu. -  Ayaq üstə yatan adamam.
- Ne…ecə?!
- Kim olduğumu bildinsə, niyə gəldiyimi də bilərsən!
Oğlanın gözləri alacalandı, dili söz tutmurdu, yorğanı üstündən atıb ayağa sıçramaq istədi, ancaq alnından dəyən güclü yumruq zərbəsi onu divara necə çırpdısa, qayıdıb ağzı üstə çarpayının üstünə yıxıldı. Geyin, qıza dedi, mən baxmıram, əyər  yatsam, məni oyadarsan.
Anadangəlmə lüt oğlanın qollarını bağlayıb, ağzına  tənzif yapışdırdı. Arxadan qızın səsi gəlirdi, geyindiyini deyirdi. Oğlanı qaldırıb çarpayı üstə oturtdu, gözləri axan oğlan tədricən özünə gəlirdi, çapalayır, ancaq qolundan yapışmış dəmir kimi möhkəm barmaqlardan xilas ola bilmirdi. Gözəl oğlandı, belələrinə qızlar ilk baxışdan vurulur, başlarını itirirlər.
- Ona bir sözün var? – qızdan soruşdu.
- Var, – qızın yanaqları ilə göz yaşları süzülürdü.
- Soruş, – deyə tənzifin bir tərəfini qopartdı.
- Mən sənə inandım, – göz yaşları qıza sözünü deməyə imkan vermirdi, – səni sevdim, səndən ötrü canımdan keçər, sənin yolunda bir an belə düşünmədən özümü qurban verərdim.  Bəs sən niyə məni aldatdın,  başqalarının da alçaltmağına,  təhqir eləməyinə razı oldun! Arzularımın üstündən xətt çəkdin! Diri gözlü öldürdün məni!
- Mə…ən…  Mə…ə..ən… – oğlan söz tapıb deyə bilmirdi.
- Sənin ona yenə sözün var?
- Yoxdu, sadəcə niyə belə elədiyini öyrənmək istəyirdim.
- Öyrənə  bilməyəcəksən. Mən cavab verərəm, heyvan olduqlarına və heyvanlıqları üçün nə vaxtsa cəzalanacaqlarını bilmədiklərinə görə. Sən üzünü divara çevir.
Qız üzünü divara çevirən kimi də tapançanın dəstəyi ilə oğlanın boynunun kökündən vurub onu uyutdu, sonra da barmaqlarını salıb hər iki gözünü çıxartdı. Yalnız indi yadına düşdü ki, maşından bıçaq götürməyi unudub. Mətbəxə qaçıb ordan mətbəx bıçağını gətirdi. İşini görür, qıza dönə-dönə tapşırırdı ki, arxaya baxmasın. Küt mətbəx bıçağı ilə oğlanın kişilik hacətlərini də kəsib çarpayının altına atdı. Çarpayının örtüyünü oğlanın üstünə örtüb mətbəxə keçdi, əllərini yuyub qayıtdı, səsboğanı tapançaya bağlayıb, balışı ağzına söykəyərək balışın üstündən üç dəfə atəş açdı. Yalnız bundan sonra; gedək,   qıza dedi, daha burda qala bilmərik.
Özünü itirmiş, gördüklərinin şokunu üstündən ata bilməyən qızın qolundan yapışmışdı. Giriş qapısından çıxanda qızın qulağına pıçıldadı, özünü ələ al, qoluma gir, özünü elə aparma ki, ətrafdakılar şübhəli nəsə hiss eləsinlər. Qız onun qoluna girmişdi, maşına doğru gedirdi, həyəcanlıydı, gödəkçəsinin cibindəki tapançanın dəstəyini möhkəmcə sıxmışdı.
Maşına minəndən sonra bir az arxayınlaşdı. Qız arxada oturdu, dalan yollardan dolanıb mərkəzi küçəyə çıxandan sonra qız nisbətən özünə gəldi.
- Onu niyə öldürdün? – titrək səslə soruşdu.
- Başa düşmədim? – geri döndü.
- Axı o birisini öldürməmiş, yalnız kəsmişdin…
- Elədi,  – qızın nə demək istədiyini başa düşdü, – sonradan yadıma düşdü. Bura kiminlə gəldiyini deyər, sənin adın dilə-dişə düşərdi. Bunu istəmədim.
- Sağ ol.
Mənə diqqətlə qulaq as, qıza deyirdi, bizim cəmiyyətdə sənin taleyini yaşayan qızlar çox vaxt bunu kimsəyə demir, yaxınlarının intiqam alacaqlarından qorxurlar. Nəticədə özlərinə qapılır, cəmiyyətdən təcrid olur, daima basqı altında, qorxu-hürkü içində yaşayır, çox vaxt da dözə bilməyib intihar eləyirlər. Yanlışdı,  sizlərin bunda heç bir günahınız yoxdu, sevmək, sevilmək sizin haqqınızdır. Nə sözün, çətinliyin olsa, mənə zəng elə. Əmin ola bilərsən ki, dərhal gələcək, çətin gündə yanında olacağam.
Qız ağlayır, yanaqları ilə axan göz yaşlarını silmirdi. O da qızı sakitləşdirmək üçün bir söz tapıb deyə bilmirdi. Yenidən dalğalanan yaz çölünü görürdü, yaz fərəhləri içində ilğımlanan çöldə qaraqınıqlar həsrətlə yırğalanır, tünd qoxularıyla başını hərləndirir, qaraqınıqların içində uzanıb yatmağı necə də istəyirdi! Yuxusunu qaçırmaq üçün qızdan xahiş elədi ki, onun üçün   qarlı çöllərdən danışsın. Qoy orda küləklər qarı sovursun, ac canavarlar azıb çöldə qalan dananı parçalayıb yesinlər.
- Yox! – qız qətiyyətlə başını yırğaladı.
- Niyə? – təəccüblə soruşdu.
- Danaya yazığım gəlir.
- Millətin işi-gücü yoxdu, ancaq danaya yazıqları gəlir, dananın fikrini eləyirlər. Dana yemək üçün yaranıb, kimsə yeməlidi. Fikrin nədi, canavarlar ac  qalsınlar?
- Hər halda mən onları yedizdirməli deyiləm. İstəsən sənə qardan danışaram.
- Danış, – dedi.
Bir dəfə məktəbdən qayıdırdım, qız danışırdı, birdən qar yağmağa başladı. Daha doğrusu bu qar deyildi, göydən ağappaq kəpənəklər uçub gəlirdi. Minlərlə kəpənəklər qar dumanından sıyrılıb gəlir, astaca qanad çalaraq havada uçuşur, çiynimə, saçlarıma, üz-gözümə qonub əriyirdilər. Mən sevincimdən qışqırmaq istəyirdim.  Sonralar bircə dəfə də olsun göydən uçub gələn ağappaq kəpənəkləri görmədim.
- Kəpənəklər dedin, eləmi? – fikirli halda soruşdu.
- Hə, – qız təsdiqlədi.
- Göydən yağırdılar?
- Yox, uçub gəlirdilər.
- Göydən uçub gələn ağappaq kəpənəklər! – həsədlə dedi.
Metroya çatanda qız düşmək istədiyini dedi, maşının səkinin kənarına verib saxladı. Qız çantasını götürüb düşəndə birdən arxadan onu qucaqlayıb üzündən öpdü və cəld maşından düşdü, iti addımlarla metroya tərəf gedən qıza baxır, göz yaşlarını saxlaya bilmirdi. Zərif, gözəl qız idi, darısqal cins şalvarda, bədəninə kip oturan gödəkçədə yaşından da kiçik görünürdü və belə qızcığazı əzablara, işkəncələrə məruz qoyanlara qarşı qəlbində təzədən nifrət  hissi alovlanırdı. Bu vəhşilərin kökünü kəsmək, yer üzündən silmək lazımdı!
Evdə çantanı açıb baxdı, orda cəmisi iki şəkil qalırdı, gözəl oğlanın şəklini götürüb nəlbəkini yaxına çəkdi, alışqanı yandırıb yanan şəkli nəlbəkiyə tutdu. Göyümtül alov sürətlə şəkli bürüyür, haça dilləri  barmaqlarına doğru uzanırdı. Yanıq iyi hiss elədi, qız şəkli onun əlindən alıb nəlbəkiyə atdı. Barmağı yanmışdı, ancaq ağrı hiss eləmirdi.
Yuxuda göydən uçub gələn ağappaq kəpənəklər gördü, qar dumanının içində minlərlə  kəpənəklər astaca qanad çalaraq uçuşurdular.

***

Günortadan sonra şəhərə çıxdı, yağmasa da, hava tutulmuşdu, yağacağı gözlənilirdi, havadan yağış və dəniz qoxusu gəlirdi. Ərzaq almaq üçün geniş, işıqlı dükana girdi. Dükanda  meyvə, göyərti də satılırdı. Dünyanın ekzotik bölgələrindən gətirilən meyvələrin, rəflərə səliqə ilə qalaqlanmış göyərtilərin üzərində bahar rəngləri ilğımlanır, geniş, işıqlı yaz çölünü görürdü, yaz çölü ləpələnir, dəniz kimi dalğalanırdı.  Uzanırdı bahar qoxuları içində ilğımlanan çölə…
Onu silkələyirdilər, gözlərini güclə açdı, ağ saçlı, mehriban çöhrəli qadın idi, qadının sifəti nura boyanmışdı.
- Oğlum, – qadın pıçıldadı.
- Nəydi?
- Yatmışdın, ayaq üstə.
- Bağışlayın, – pərt halda mızıldadı.
- Mən səni tanıdım, – qadın yenə də gülümsəyirdi.
- Bəs niyə polisə zəng eləmədin?
- Qızım tapşırıb ki, səni bir də  yatan görsəm, yaxınlaşıb oyadım.
- Sağ olsun! – dedi və gövrəldi.
Çölə çıxdılar,  yaxınlıqda saxladığı maşınına doğru gedəndə qadın deyirdi ki, yenə yatmayasan deyə sənə qarlı qış çölündən danışımmı?
- Yox, – başını yırğaladı.
- Onda quşlardan danışım?
- Hansı quşlardan?
- Uçan quşlardan.
- Kəpənəklərdən danışın! Ağappaq kəpənəklərdən!
- Nədən? – qadın özünü itirdi.
- Ağappaq kəpənəklərdən, göydən uçub gəlirlər.
- Oğlum, göydən  kəpənəklər gəlmir, mələklər gəlir.
- Gəlir, mən bilirəm! Ağ qanadlarını astaca çalaraq uçuşurlar. Yaxşı, quşlardan danışın.
Qadın astadan  payızda cənuba uçan köçəri quşlardan danışırdı. Bilirsənmi ən böyük arzum nədir, qadına deyirdi, öləndə mülayim  yaz günü, dalğalanan  yaz çölündə ölüm, son dəfə çöl çiçəklərinin qoxusunu duyum, uçan quşların nəğməsini eşidim.
Qadına təşəkkür elədi, vidalaşıb ayrıldılar,  maşına minmək istəyəndə arxadan kimsə çiyninə yüngülcə toxundu. Dönüb baxdı və dərhal da tanıdı. Ona yaşıl çölü göstərən pezəvəngə idi.
- O..he…he! Xoş gördük, dost! – pezəvəngə yenə də hırıldayırdı.
- Nəydi?
- O… he… he…!  Bilsən səni görməyimə necə sevindim!
- Xeyir ola? – şübhəylə soruşdu.
- Söhbətimiz yarımçıq qalıb axı.
- Hansı söhbətimiz?
- Yaddaşın zay imiş, dükandakı! Mənə alayonca çəmənlyində yaşıl otları qırpıb yeyən dovşanları göstərdin. Sənin günahın yoxdu, özüm xahiş elədim, göstərdin. Orda təkcə dovşanlar yox, keçilər də otlayırdılar, yaşıl otları qırpıb ləzzətlə yeyirdilər.
- Sən  keçi görməyibsən, – etiraz elədi, – keçilər yaşıl otları qırpıb yemirlər, ağaclara, kollara dırmaşır, yaşıl yarpaqları, zoğları, gövrək budaqları yeyirlər.
- Bəlkə də. Nə deyirsən,  mən öz  keçilərimi sənə  göstərimmi?
- Göstərə bilərsən?
- Bilərsən də sözdü! Ciyərim yanmır göstərmək üçün!
- Bir halda ciyərin yanırsa,  göstər!
Pezəvəngə qolaylanıb onu vurmaq istəyəndə cəld başını əydi, yumruğu boşa çıxdığından səntirlədi, daha ona özünə gəlməyə imkan vermədi. Gicgahından necə vurdusa, pezəvəngə arxadakı qovaq ağacına dəyib, qayıdaraq onun qucağına yıxıldı. Qaldırıb bir də vurdu, ağaca dəyib yıxılan pezəvəngəni tutub yıxılmağa qoymadı.
- Keçiləri görə bildinmi?
- Gördüm, sən haqlıymışsan, ağaclara dırmaşıb yarpaq yeyirdilər.
- Ay sağ ol! Bu başqa məsələ. Niyə belə saraldın?
- He…eç, – pezəvəngənin dili söz tutmurdu.
- Özün gedə bilərsən?
- Bilərəm, təki sən  yaxamı burax.
Yaxasını buraxdı, pezəvəngə sərxoş adamlar kimi səntirləyərək gedirdi.

***

- Qazlara baxmaq istəyirsən? – qızdan soruşdu.
- Hardadı qazlar?
- Göldə üzürlər.
- Bəs göl hardadır? – qız nağılda olduğu kimi soruşurdu.
- Göy çəmənlikdə.
- Bəs çəmənlik?
- Nebin həyətindədi.
- Neb kimdi?
- Dostumdu.
Qız gözlənilmədən razılaşdı və geyinməyə başladı. Nebə zəng elədi, telefonun elə ilk çağırışına cavab verən Neb şəhərdə olduğunu, uzağı on dəqiqəyə İyirmi yanvarda, Xırdalana gedən yolun kənarında gözləyəcəyini dedi.
Bir azdan çıxdılar, son günlər ərzində ilk dəfəydi   qız şəhərə çıxırdı və tərslikdən yenə də yağmağa başlamışdı.  Aramla, bir qaydada yağan payız yağışı qızı az da olsa sevindirmişdi. Arxa oturacaqda oturub gözlərini pəncərədən çölə zilləmişdi, yağışa baxdıqca sifətində solğun, kədərli   təbəssüm canlanırdı.
Neb artıq onları gözləyirdi, maşın bərabərinə çatan kimi də qapını açıb oturdu. Bu adamda nə isə qaydasında deyildi, yağışdan qorunmaq üçün bir daldanacaqda dayanmamış, özünü yağışda islatmışdı, saçlarıyla, yanaqlarıyla su süzülürdü.
- Bir yerdə daldana bilməzdin? – soruşdu.
- Eh, nə olasıdı, mən yağışı sevirəm.
- Necə? – heyrətlə soruşdu.
- Sevirəm.
- Yum! – pıçıltı ilə dedi
Neb ona inamsızlıqla baxırdı, amma daha bir söz demədi. Bu nəydi, yenə də oğlanın yanaqlarıyla göz yaşları gilələnirdi. Əvvəl yağış suyu oduğunu zənn elədi, amma diqqətlə baxıb ağladığını gördü. Buna nə olmuşdu, gözlərindən sel-su axıtmaq üçün himə bənd olan ürəyi yuxa  kənd qadınları kimi dəqiqədən bir göz yaşlarına güc verirdi. Səbəbini soruşmadı, bir halda ağlamaq xətrinə düşübsə, qoy ağlasın, amma hər halda qəribəydi, qazlara görə ağlayırdı,   qazları var idisə, niyə ağlamalıydı?
İçəri keçib maşından düşən kimi də buranın səssizliyi onu heyrətləndirdi. İnamsız halda ətrafa boylanırdı, qazlar heç yerdə gözə dəymirdi. Bu adam onu ələmi salırdı? Əbləh olmaya qazları elə yoldaca satmış, heç bura gətirməmişdi?
- Hanı qazlar? – hirslə soruşdu.
- Yoxdular, – oğlan sakitcə dedi.
- Necə yəni? Axı mən almışdım.
- Oğurlayıblar, – oğlan başını yırğalayırdı. – Axı dedim, qapının qıfılı xarabdır.
Artıq qız da maşından düşmüşdü, yağışda islanmasına fikir vermədən gölə doğru gedirdi. Niyə də fikir versin, yağışda bunun üçün toy-bayram olur. Ay əbləh, qız eşitməsin deyə astadan deyirdi, əyər oğurlamışdılarsa, qazlar burda yoxdularsa, bunu dərhal deyə bilməzdinmi? Gərək elə ordan bura gələk, sən də burda sözünü deyəsən? Qıfılın xarabdısa, deyirdin, sənə on dənə qıfıl alırdım! Qıfıl yox, sənin başın xarabdı! Gör sənə nə deyirəm, əyər qız burda olmasaydı,   alnının ortasına bir güllə vurub, səni bu göldəcə basdırardım!
- Bəs qazlar hanı? – indi də qız soruşurdu.
- Yoxdular, – bu sözləri demək onun üçün   çətin idi.
- Bəs   göldə üzən, çəmənlikdə otlayan qazları mənə göstərəcəkdin?
- Sən onları görəcəksən.
Yenidən quş bazarına gedib doqquz qaz aldılar, yoldakı tikinti dükanından iki qıfıl aldı, usta da götürdü və Xırdalana qayıtdılar. Qazları çəmənliyə buraxdılar, belə yaşıllığın, suyun həsrətində olan qazlar razılıqla qaqqıldayır, göy otları yeyirdilər. Sonra isə gölə  girib üzməyə başladılar. Qız bircə anlığa olsun belə gözlərini qazdan çəkmir, evdən götürdüyü çörək qırıntılarını onlara atırdı.
Neb onun yanına gəldi, sevinirdi, amma o hiss edirdi ki, bu anlaşılmayan adam təkcə qazlara görə sevinmir. Elə bilirsən, boyun qaçırtdın, qurtardı, özüm əncam çəkdim. Çaşıb qalmışdı, nəyə əncam çəkmişdi, nədən danışırdı? «Bir onu bilirsən, gözlərini bərəldəsən, – Neb razılıqla dedi. – Dostlarımın köməyi ilə  tapança tapdım və bu gün səhər getdim onun ofisinə. Katibəsi buraxmaq istəmirdi, bir xeyli yalvarıb yaxardım. Girirəm içəri, yayxanıb kresloya, ayaqlarını  cütləyib  qabağındakı stolun üstünə  elə qoyub ki, azından yarım metr olan uzunburun tufliləri sifətini görməyə imkan vermir. Deyirəm: «Bu lapatkalarınızı kənara çəkərmisiniz?» «Nəyinə lazımmış?» – deyir və mən hələ də onun sifətini görmürəm. «Gülləni alnının ortasına vurmaq istəyirəm, ona görə. Yoxsa bu lənətə gəlmiş yarım dünyalarınızdan ürəyim bulanır!» O boyda cəmdək bir anda hərəkətə gəldi, ayaqlarını stolun üstündən çəkdi və onun alnından vurdum. Tapaça əlimdə çölə qaçdım, hamı qorxurdu,   bircə nəfər də məni saxlamağa cəhd eləmədi». «Lənətə gəlmiş! – nifrətlə dedi. -  Neylədiyinin fərqindəmisən? Orda onlarla kamera var, səni yüzlərlə görən olub, indi şəklin hər polisin cibində, sənsə məni bura çağırırsan!» «Çağırmadım, sən özün gəldin». «Bunu deyə bilməzdin?!» «Nə deyəydim? Deyəydim ki, yarım saat bundan əvvəl idbarın birisini gəbərtmişəm, qonaq qəbul eləyə bilmərəm!» «Ay qoyun, qaç, canını qurtar! Polislər uzağı yarım saata burdadılar!»
Qız belə tez getmək istəmirdi, o isə tələsirdi, hər ehtimala qarşı yeni aldığı açarların da dilindən götürdü, qız oturan kimi də maşını yerindən tərpədib, iti sürətlə şəhərə doğru istiqamət götürdü.
- Yenə gələrik, – qız dedi.
- Yaxşı, – söz verdi.

***

Qara buludun arxasından boylanan günəşə baxırdı. Günəş yüngülcə yellənir, titrəyir,  ona gülümsəyirdi, payız günəşinin gülümsədiyini ilk dəfəydi görürdü. Yanından keçən orta yaşlı kişinin qolundan yapışıb saxladı.
- Bir günəşə baxın.
- Nə olub? – kişi əlini gözünün üstünə qoydu.
- Görmürsən, titrəyir.
- Nə?
- Günəş!
- Burda titrəyən birisi varsa, o da sənsən! – kişi hirslə dedi.
- Gülümsədiyini necə, görürsənmi?
- Nəyin?
- Günəşin!
- Allahım, mənə səbr ver! – kişi hirslə deyib qolunu onun əlindən çıxararaq getdi. Nəmi hələ çəkilməmiş səkiylə yırğalanaraq gedir, uzaqlaşır, ilğımların arxasında yox olurdu. Adam niyə hirsləndi, sadəcə olaraq ona dedilər, bax, tamaşa elə, günəşin necə titrədiyini, gülümsədiyini öz gözlərinlə gör. Qarşısı alınmaz bir istəklə içmək istəyirdi, yaxınlıqdakı kafeyə girib, araq və turş göyəm sifariş verdi. İçməyə macal tapmamış qapının ağzında həmən skripkaçı göründü. Səsləyib onu çağırdı, skripkaçı başını qaldırdı, onu görcək gözləri güldü, stolların arasından keçib gəldi.
- Sənin üçün bahar havası çalımmı?
- Çal, – dedi.
Bircə anda kafe  səslərlə   doldu,  yeni suların, yeni küləklərin, havada uçuşan zəncirotuların, oyanan torpağın, ləpələnən bahar çölünün  səsini aydın eşidirdi. Sonra səslər tədricən sakitləşdi, skripkaçının səsi hardansa, uzaqdan gəlirdi. Gördünmü, bu havanı çalmağı öyrənmişəm, yazda səninlə kəndə gedəcək, toyunuzu eləyəcəyəm, amma yaşasam.

***

«Tük ürpərdən cinayətlər davam edir.
Qatilin bu dəfəki qurbanı da «Şəfəq» marketinin satıcısı olmuşdur. Qatil onu təzə aldıqları, ancaq yaşamadıqları mənzildə özünə məxsus üsulla işkəncələrə məruz qoyaraq öldürüb. Əvvəlcə gözlərini çıxarmış, sonra cinsiyyət üzvlərini dibdən kəsmişdir. Burda anlaşılmayan bir məqam var, qatil əvvəlki qurbanının da gözlərini çıxarıb, cinsiyyət üzvlərini kəssə də, öldürməmişdi. Bu dəfəki qurbanını niyə bu işkəncələrdən sonra öldürüb, polisə məlum deyil. Polis indi bütün qüvvələrini səfərbərliyə alaraq marketin sonuncu kişi satıcısını gözləyir, çünki polisdə belə əminlik var ki, qatil nə vaxtsa bu satıcını da öldürmək istəyəcək. Qatilin bu satıcılardan nə istədiyini  polis sona qədər araşdıra bilməyib.
Bizimsə öz arqumentlərimiz var, gözünü qan örtmüş, insanlıq simasını itirmiş   qatil cinayətlərini intiqam almaq məqsədi ilə törədir. Yəqin marketin   dörd kişi satıcısı qatilə yaxın olan, ya da sevdiyi qızı zorlayıblar. Qatil də onları cəzalandırmağı qərara alıb və belə deyək, hələlik qarşısına qoyduğu məqsədə doğru inamla irəliləyir. Bizcə polis onu durdura bilməyəcək,  polisimizin fərasətinə bələdik. Qatilin keçmiş döyüşçü olması, döyüş təcrübəsinin olması  polisin işini çətinləşdirir.  Yalnız bir zəif cəhəti var, bu da onun ayaq üstə yatmasıdı, doğrudu, bu versiya bizə ağlabatan görünmür,  insan ayaq üstə necə yata bilər? Əyər kimsə onun ayaq üstəcə yatdığını görüb, şəklini çəkərək redaksiyamıza təqdim eləsə, onu xüsusi mükafat gözləyir. Belədisə, polis qatili yalnız bir halda yaxalaya biləcək, yatdığı yerdə.
Polisə  bir tövsiyyəmiz var, sonuncu satıcını dörd gözlə gözləyin. Necə olursa olsun, yerin altında belə qoruyub saxlasanız, qatil axtarıb onu tapacaq. Oturun gözləyin, onu nahaq yerə hardasa axtarmayın, özü gələcək.
Material nömrəyə gedərkən adını demək istəməyən polis işçisi redaksiyamıza zəng eləyərək maraqlı bir məlumat vermişdir. Polisin deməyinə görə, o növbədə ikən  bir dükan sahibi ona zəng eləmiş,  qatili ayaq üstə yatan yerdəcə öz dükanında gördüyünü demişdir. Qəzet oxumadığından bunun həmən adam olduğunu dərhal bilməmiş, onu yuxudan oyatmışdır. Qatil ondan hansısa yaşıl çölün, orda yaşıl otları qırparaq yeyən dovşanları  soruşmuşdur. Sonra onlar qarşılıqlı surətdə bir-birlərinə nəsə göstərmişlər. Ancaq polis ondan söhbətin hansı dükandan getdiyini soruşanda, dükan sahibi yəqin qatilin intiqam alacağından qorxmuş, dükanın yerini demədən dəstəyi asmış, beləliklə də bu mühüm informasiya gizlin qalmışdır.
Deyilənlər bir daha təsdiq edir ki, şəhərimizin adamları qeyri normal bir qatil və ya qatillərlə üz-üzədilər. Dünən məşhur iş adamının kabinetindəcə güllələnməsi dediklərimizi bir daha sübut edir.
Sevda».

Demək, Neb düz deyirmiş, o isə bu hərdəmxəyalın adam öldürə biləcəyinə inanmamışdı. Qəzeti hirslə  büküb zibil yeşiyinə atmaq istəyəndə qəzetdə redaksiyanın telefon nömrələrinin olduğu yadına düşdü. Yaxınlıqdakı telefon köşkündən redaksiyaya zəng eləyib, Sevdanın telefona çağrılmasını xahiş elədi. Bir azdan dəstəkdən cingiltili qız səsi eşidildi.
- Alyo, Sevdadı, kimdi soruşan?
- İnsanlıq simasını itimiş qatil.
- Necə..ə?!
- Niyə dilin topuq vurdu, özün belə yazmayıbsan? Nədən bildin  insanlıq simasını itirdiyimi?
- Cinayətlərindən, insan bu cür qətllər törədərmi?
- Sabah səni  zorlasalar, ərin, ya da sevdiyin oğlan səni zorlayanları cəzalandırmaq fikrinə düşsə, onlardamı insanlıq simasını itirəcəklər?
- Blirsiz, – qız özünü itirdi, söz tapa bilmirdi, -  hər kəs özü cəza vermək fikrinə düşərsə, bunun axırı necə olar? Bəs onda polis, məhkəmə, dövlət nə üçündü?
- Sən bunları kimə danışırsan? Sən mənə hansı polisdən, məhkəmədən dəm vurursan? Özün jurnalistsən, qəzet oxuyur, televizora baxırsan. Yadındamı, azyaşlı bir qızı evdən qaçırıb zorlamışdılar, aralarında rolis işçiləri də var idi, bütün kanallarda verdilər. Sonu nə oldu? İşin hamısını yıxdılar adamı, imkanı, pulu omayan bir yoluğun üstünə. Səni inandırıram  heç o oğlan qızı əməlli başlı tanımırdı. Olsun ki, cibindən iki-üç qram heroin tapmışdılar, deyirlər, sənin üçün nə fərqi, elə bunu götür. Bax belə! Mən desəydim nə olacaqdı? Aylarla polisə gedib-gələcək, alçalacaq, təhqir olunacaq,  özümüzə də, yaşadığımız günlərə də lənət oxuyacaqdıq. İmkanı olanlar ev-eşiklərini satıb polisə verəcəkdilər, sona hər şeyi boynuna alan fağırın birisi qalacaqdı, hələ axtarsan özümüzü də günahkar çıxaracaqdılar. Lap elə ədalətli məhkəmə olsun, ədalətli qərar çıxarsınlar, nə olasıdı? Hərəsinə iki-yç il iş verəcəklər, iki-üç ildən sonra çıxıb yenə də başlayacaqlar öz işlərinə! Aydın oldumu?
- Bəs sən nə tələb eləyirsən? Bəlkə bizdə də İrandakı kimi qaldırıcı kranları meydana gətirib, belə işlər görənləri camaatın gözünün qabağında assınlar? Bəlkə bizdə də ölkəni şəriət qanunları ilə idarə eləməyə başlasınlar?
- Lap elə assınlar! Belə iş üçün yüngül cəza asmaqdır!  Sənsə mənə mane olursan, polisi izə salırsan!
- Mən adamları qorumaq istəyirəm…
- Sən onlara adammı deyirsən? Sözü ora-bura atma, mənə düzünü de, ömründə bircə yol düz danış! Səni zorlayanlara adam deyərdinmi, onları qorumaq istərdinmi?
- Yox, – qız etiraf elədi.
- Onda mənə mane olma!
Telefon dəstəyini yerinə asıb, maşına qayıtdı, Barışa zəng eləyib,  «Çinar» kafesinə gəlməsini tapşırdı. Kafeyə çatanda artıq Barış onu gözləyirdi. Arıq satıcının şəklini Barışa verdi, ünvanını şəklin arxasında özün yazıbsan, dedi, get bu ünvana, marketin yanında gəz, gör polis nə iş görür? Onu doğrudanmı  ciddi qoruyurlar? Polisi duyuq salmadan ona necə yaxınlaşmaq olar? Sakitcə yeyib içirdilər, araqdan sonra qıpqırmızı qızarmış Barışın kefi kökəlmişdi, onunla söhbətə can atırdı.
- Komandan, amma o nə qız imiş!
- Kimi deyirsən? – bir şey başa düşməyib soruşdu.
- Bizə verdiyin qızı.
- Unut onu! – qaşqabağını töküb hirslə dedi.
- Nə cür yəni, onunla rastlaşsam  apara bilmərəm?
- Bilməzsən! – nifrətlə dedi. – Sənə deyildi, unut!
- Oldu, komandan. Amma keçməli qız deyildi.
Barışa baxır, inamsızlıqla başını yırğalayırdı.

***

- Alyo, polis şöbəsidi?  Mən onu gördüm, ayaq üstə yatan qatili. Yox,  yatmamışdı, bəlkə də yatacaqdı, ancaq mən imkan vermədim.  İstədim keçiləri göstərəm.
- Balvan, sən hansı keçiləri göstərmək istəyirdin? – bu dəfə başqasıydı danışan.
- Yaşıl otları qırpıb yeyən keçiləri!
- Göstərə bildinmi?
- Yox, o mənə göstərdi.
- Nəyi?
- Dedim axı, keçiləri.
- Balvan, onun keçisi vardı?
- Sən də söz danışdın! Kimin keçisi olmur?
- Olur, amma hər yoldan ötənə göstərmirlər!
- Belə məlum oldu  mən keçi görməmişəm…
- Necə yəni? Sən indiyə kimi keçi görməyibsən?
- Görmüşəm! Amma mən görən keçilər saxta imiş…
- Balvan, keçinin də saxtası olur?
- Ay qardaş, sən bü lənətə gəlmiş keçilərlə niyə mənə əzab verirsən? Yəni mən görən kimi deyilmiş, keçi yaşıl otları qırpıb yemirmiş, ağaclara, kollara dırmaşıb yaşıl yarpaqları, zoğları yeyirmiş.
- Balvan, sən hara zəng elədyini bilirsən?
- Mən balvan deyiləm! – etiraz elədi. – Qoyunam! Hansı balvan gedib qatilin yaxasından yapışar, ona keçi göstərmək fikrinə düşər? Əslinə qalanda mən unutmuşdum, iş-işdən keçəndən,  ağaca dırmaşan keçiləri görəndən sonra adamın qatil olduğu yadıma düşdü. Zəhrim yarıldı, vay, dədəm vay, mən  neyləyirəm?! Adamın kökü kəsilib,   kimə keçi göstərirəm!  Çıxartdı bıçağını, kəsdi   şeylərimi.
- Kəsdi?
- Nəyi?
- Balvan, şeylərini!
- Yo…ox…
- Bəs onda neylədi? Keçilərini sənə göstərdi, vəssəlam?
- Hə də, başqa nə göstərməliydi?
- Balvan, adamın işi-gücü yoxmu, gedib öldürmür, kəsib doğramır, gəlib keçisini sənə göstərir?
- Mən neyleyim, göstərməkdən ötrü  ciyəri yanır da.
- Ciyəri yanır, gəlib sənə göstərir, ciyərini söndürür? Balvan, necoldu ayaq üstə yatan adam!
- Mən  ayaq üstə yatan adam görməmişəm! Görənin atabaatasına lənət!
Yanında duran, onların söhbətinə qulaq asan polsin heyrətdən sifəti uzanmışdı. Rəis, mən onu görmüşəm, inamsızlıqla səsləndi, yalnız indicə xatırladım. Səkinin ortasında donub qalmışdı, bir əlini qarşıdakı çəmənliyə doğru uzatmışdı. Əvvəlcə elə bildim heykəldir, hətta istədim yaxınlıqdakı   çətirin altında çiçək satan oğlandan bir qucaq çiçək alım, gətirib töküm ayaqlarının altına. Sonra gördüm yox, bu canlıdır. «Ayaqları altına çiçək səpmək istəyirdin?» – rəis istehza ilə soruşdu. «Axı mən onun qatıl olduğunu bilmirdim, – polis mızıldanırdı, – hardan da biləydim? Öz məhəbbətimizi göstərmək istəyirdim, axı biz çox sevirik! Mənə diyirlənən baharı göstərirdi» «Elədi, sevirik, – rəis başını yırğaladı. – Nəydi, orda bahar diyirlənirdi?» «Yox, diyirlənmirdi, amma o göstərirdi». «Bir dəqiqə, diyirlənmirdisə, necə göstərirdi. Sən mənə dəqiq de, o sənə nə göstərirdi?» «Baharı», – polis özünü elə itirmişdi, dili söz tutmurdu. «Orda bahar vardı?» «Yo…ox!» «Bəs onda nə göstərirdi? Bahar adı tutma ha!» Polis çaşıb qalmışdı, nəsə demək istəyir, amma danışa bilmir, dodaqaltı  mızıldanırdı. «O deyirdi güclülər gücsüzləri əzirlər, yeyirlər». «Sən belə düşünürsən?» «Mən elə düşünmürəm, o deyirdi». «O deyirdi, bəs sən niyə təkrar eləyirsən? O sənə göstərəndən sonra  olub qalan ağlını da itiribsən. Atın bunu içəri, axşama kimi qalsın orda, ağlı gəlsin başına. Qoy dəqiq yadına salsın, qatil buna nə göstərib, necə göstərib, nədən danışıb?»

***

Barış hər şeyi  öyrənmişdi, marketi mülki geyimdə olan polislər gözləyirlər, evinin qabağında da daima iki-üç polis növbədə olur, polislər bəzən də evin ətrafında fırlanır, gəzişirlər. Evdə ata-anası ilə birlikdə olur. Bir qardaşı, iki qızı var, qardaşı Rusiyətdədir, bacıları isə ərə gediblər, ataları evlərinə az-az gəlirlər. Qardaşlarını hansısa qatilin izlədiyini eşidəndən sonra isə bir dəfəlik əlaqəni kəsiblər. «Bu yaxşıdı, – dedi, – adam nə qədər az olsa yaxşıdı».
Evdə oturub səbrlə gözləyirdi, yalnız  dükanlardan nəsə almaq lazım olanda axşamlar küçəyə çıxırdı. Həftənin sonuncu günü axşamçağı  hazırlaşmağa başladı, bu onun son işi olacaqdı.
Cib telefonuna zəng gəldi, Baharın tələbə yoldaşı idi, qız ağlayır, sözünü deyə bilmirdi. Nəhayət qırıq-qırıq dilləndi, deməyinə görə Barış bu gün onu şəhərdə görmüş, zorla maşınına mindirib aparmış, yalnız indi buraxmışdı. Sənin də, dostlarının da onlardan heç fərqiniz yox imiş, qız nifrətlə deyirdi, sizi görüm lənətə gələsiz!
Qız əlaqəni kəsdi, bir anlığa dünya gözlərində qaraldı, dibsiz  boşluğa düşür, yuvarlanırdı.  Qızın səsi təkrar-təkrar qulaqlarında səslənir, eşitdiklərinə inana bilmirdi. Axı Barışa dedi, tapşırdı, necə ola bilərdi ki, Barış onun dediklərinə məhəl qoymasın?
Axşama kimi gözlədi, axşam qıza dedi ki, şəhərdə bir az işim var,  tez qayıdacağam. Geyinib çıxdı, Barışa zəng eləyib Elmlər Akademiyası metrosunun qabağına maşınsız gəlməyi tapşırdı. Metroya çatanda artıq Barışın qəzet kioskunun qabağında gəzişdiyini gördü.
Barış maşına minən kimi də onu sorğu-suala tutdu, komandan, nəydi, bir işmi olub? O isə cavab verməyib qarşıdakı küçədən dönərək geri qayıtdı, şəhərin kənarında, xəlvəti bir yer axtarırdı. Nəhayət böyük bir bağın yanında, tək-bir maşınlar keçən küçədə saxladı.
- Barış, – soruşdu, – bu gün  o qızı aparmışdın?
- Hə, nə olsun?
- Sənə tapşırdım  onunla işin olmasın.
- Komandan, – Barış güldü, – özün gətirirsən,  sonra da deyirsən toxunmayın.
- Əməlinə görə cəzalandırırdım.  Daha ona toxunmaq olmazdı.
- Komandan nə böyük iş olub? Sənə dedim də, xoşum gəlmişdi o qızdan.
Ürəyindən kəskin ağrı tutmuşdu, nədənsə gözləri önündən yaz dumanı keçib gedirdi, duman səngərlərin üzəriylə sürünür, böz çöllərə, tutqun dərələrə çökürdü. Barışı duman arxasından görür, səsinin hardansa uzaqlardan gəldiyini güman eləyirdi.  Barış, ağır-ağır dedi,  qız düz deyirmiş, sənin o birilərdən heç fərqin yox imiş, qızdan xoşun gəlmişdisə, bu o demək deyildi ki, zorla maşınına mindirib apara, zorlaya bilərsən! Barış, sən məni sındırdın, ümidlərimi qırdın, həyatı tamam-kamal gözümdən saldın! Bundan sonra   kimə inana, etibar eləyə bilərəm? Alçaq iş tutubsan, alçaq iş tutan hər  kəs kimi sən də cəzanı almalısan. Fərq qoysam, səni cəzalandırmasam, haqsızlıq eləmiş olaram. Məni bu payız  öldürdülər, amma ümidlərim hələ də yaşayırdı,  ümidliydim. Ümidlərimi də sən əbləh öldürdün! Hazırlaş, Barış?
- Öldürəcəksən, bir fahişədən ötrü?
- O fahişə deyildi.
- Komandan, uşaqlarım var…
- Onlardan ötrü narahat olma.
- Bu son qərarındı?
- Barış, bir sözü iki dəfə dediyimi,  xəyanəti bağışladığımı eşitdinmi? Verdiyim qərardan döndüyümün şahidi oldunmu?
Başını vaxtında döndərə bildi, bıçaq sağ çiynindən sürüşüb qoluna dəydi,  Barışa növbəti zərbəni vurmağa imkan vermədi. Saçından yapışıb aşağı dartdı, tapançanı gicgahına söykəyib atəş açdı. Cansız bədəni geri itələdi, yarasından qoluyla üzü aşağı qan axırdı.
Bıçağı dartıb qolundan çıxartdı, bıçaq sümüyün üstündən sürüşüb ətinə batmışdı, qan qoluyla üzü aşağı axırdı. Yanındakı qutunu açdı, qan oturacaqları batırmasın deyə bıçağı əskiyə büküb, qabaq oturacağın üstünə qoydu. Maşında aptekçə var idi,  pambığı yodda isladıb yaranın üstünə basdı. Yandırıcı ağrıdan bir anlığa ürəyi göynədi, ağrının keçməsini gözləmədən yodlu pambığı qoluna tənziflə möhkəmcə sarıdı. Yalnız bundan sonra küçəni nəzərdən keçirdi, maşın, adam gəlmədiyini görüb düşdü, bir anlığa bağın yaşıl ot, rütubət qoxuyan havası vurdu onu, qoxuların arasında həmişəyaşıl kollarının, yağışın yuduğu ağac gövdələrinin acı qoxusunu  hiss elədikcə başı hərlənirdi.  Özünü ələ alıb arxa qapını açdı, Barışın meyitini sürüyərək yolun kənarındakı kolun dibinə qoydu. Yubanmadan qayıdıb maşını işə saldı və  qoxularıyla başını hərləndirən payız bağından sürətlə  uzaqlaşdı.
Öz əskərini öldürməsi ona çox ağır gəlirdi, bunca ruhdan düşdüyü, həyatın gözündə dəyərini itirməsi olmamışdı.  Gözləri önündə tədricən yaşıl çöllər canlanır,  dalğalanan çöl lalələrini görürdü. Günəşin qızılı şuaları yaşıl çölün üzərində oynaşır, çöl yaşıl, qızılı rənglər içində ilğımlanırdı. Aman Allah, necə də yatmaq istəyirdi!
Qız həmişə olduğu kimi onu sevinclə qarşıladı, ancaq sağ qolunun qan içində olduğunu görəndə qorxdu,  sarğını açdı, yaranı yuyub təzədən sarıdı,  ağrı nisbətən azaldı, belə ağrılara öyrəncəliydi. İki stəkan pürrəngi çay içdi, özünə gələndən sonra evdəki  albomları stolun üstünə qoyub, Barışın bütün şəkillərini   çıxartdı. Şəkilləri aliminium qazançada  yandırırdı. Qız hədsiz heyrətlənmişdi.
- Onu niyə, o sənin dostun idi.
- Bu işdə fərq eləməz, dostum olsun, ya qardaşım…
Sözü yarımçıq qaldı, qız əyilib baxdı, o  şirin-şirin yatırdı.

***

Səhərisi qıza zəng elədi, o artıq yoxdu, dedi, rahat gəzə bilərsən. Qız hirsliydi, əsəbi cavab verdi, o yoxdu, o birilər var, deyirdi,  hamınımı öldürəcəksən? Gör sənə nə deyirəm, doğrudan da ədalətli iş görmək istəyirsənsə, bir də mənə zəng eləmə. Həyat başqadı, sən düşüncədə, ağılda adamdan kimsəyə xeyir gəlməz, özünü də bəlaya salarsan, oturub durduğun adamları da. Sən haqqın qələbəsini harda, nədə axtarırsan? Haqsızlıqlara alışmaq, öyrəşmək lazımdı, mövcud şərtləri, şəraiti dəyişməyə cəhd eləmək uğursuzluğa məhkumdu. Sözünü deyən kimi də onun nə cavab verəcəyini gözləmədən əlaqəni kəsdi. İncimişdi,  telofonundan bu qızın nömrəsini sildi.

***

Yağış yağmasa da, hava tutqun idi, havadan yağış qoxusu gəlir, küçələrə seyrək duman çökürdü. Küçəni keçib parka təzəcə adlamışdı ki, səs küy düşdü. Əlində tapança olan bir oğlan qaçır, polislər də onu qovurdu. Bu o idi, Neb! Adama deyirsən, başa salırsan, bu isə gözlərini döyür. Günün günortaçağı gedib yüzlərlə adamın işlədiyi bir yerdə adam öldürür, sonra da əl-qolunu sallayaraq şəhərdə gəzir. Parkın kənarındakı səkinin üstündə dayanıb  bu qaçdı qovdunu seyr edirdi. Neb irəli qaçırdı, amma qarşıdan iki-üs polis çıxdığını görüb geri qayıtdı və dərhal da polislər ona atəş açdılar. Neb tapançanı əlindən buraxıb arxaya səntirlədi və elə bu vaxt baxışları toqquşdu.  Neb baxışlarıyla kömək istəyir, yalvarırdı.   Ona elə gəldi ürəyi dayandı, neyləyə bilərdi, əlindən nə gəlirdi? Güllələrin altında oğlan bircə anlığa tab gətirə bildi, sonra yırğalanaraq, yellənərək arxası üstə yaşıl otluğa dəydi, sanki payız dumanına qarışdı, dumanda yayılıb yoxa çıxdı.
Geri qayıtdı, bu an o heç nə haqda düşünə, fikirləşə bilmirdi.         Görəsən necə olacaq,   düşünürdü, mənidəmi günlərin birində eləcə güllələyəcəklər, ya işimi başa çatdıra biləcəyəm? Nebin kömək istəyən yalvarış dolu baxışları gözləri önündən getmirdi.

***

Onu indi ancaq qazlar düşündürürdü, Neb öldürülmüşdü, bəs qazlara kim baxırdı, kim onlara dən verirdi? Xırdalana gedib qazlara baxmaqdan özünü güclə saxlayırdı, bəlkə elə polis onun evini gözləyir, bu evə gedib-gələnləri qeydə alırdı? Şəkli hər polisin cibindəydi, heç qapını açmağa macal tapmamış yaxalardılar. Sonrası da bəlkə heç orda qaz yox idi, qazlar onun həyətində yalnız iki-üç gün qalır, sonra yoxa çıxırdılar. Yəqin satırdı, pulu yox idi, niyə də satmasın? Yaxalanmaqdan qorxmurdu, işini başa çatdırmayacağından qorxurdu.
Nə qədər özüylə mübarizə apardısa da, bacarmadı, qarşısı alınmaz   bir qüvvə onu utancaq, qüssəli otların, xırda göy payız çiçəklərinin bitdiyi çəmənliyə doğru dartırdı.
Səhər tezdən oyandı, qızı da aparmaq istəyirdi, yalnız son anda fikrindən daşındı, polislər orda olsaydılar, qaçıb aradan çıxmağına mane olardı. Qıza şəhərdə işi olduğunu deyib çıxdı. Yenə də yağırdı, heç bele gur yağdığını xatırlamırdı, sanki yağış yağmır, göydən yerə su ələyirdilər. Maşına keçənə kim əməlli-başlı islandı.
Maşın bulanıq suları yararaq ağır-ağır irəliləyirdi, hər yerdən, maşınların üstündən, göydən, ağaclardan, səkilərdəki adamların çətirlərindən şırıltı ilə su axırdı. Yolun kənarındakı meyvə dükanında buğda da satıldığını görüb, maşını səkiyə lap yaxın verdi, satıcını səsləyib baqaja bir kisə buğda qoymasını xahiş elədi. Satıcı buğdanı qoydu, pulunu alıb gedən kimi də maşını tərpətdi,  Xırdalan yoluna çıxandan sonra yenidən həyəcanlandı.
Allahım, özün mənə kömək ol, dua eləyirdi, qoy bu işi başa çatdırım. Hansı dinə qulluq eləməsindən asılı olmayaraq kim sənə   təmiz ürəklə dua eləyirsə, onun duasını eşidirsən. Eşit məni, Allahım! Mən ancaq haqqın, ədalətin qələbəsini istəmişəm! Haqqın, ədalətin hakim olduğu ölkədə yaşamaq istəmişəm!
Maşını çöl qapısının ağzında saxlayıb ətrafa boylandı, gözünə şübhəli heç nə dəymədi, qırmzı damlı evlər, daş hasarlar, hər şey yağışa qərq olmuşdu. Düşüb qapını açdı, maşını içəri sürdü və dərhal da çəmənlikdə otlayan qazları gördü. Bu onu sevindirdi, adam qazları satmayıbmış. Ancaq yenidən yaşıl çəmənliyə dalğa-dalğa sərilən Nebin yalvarış dolu baxışlarını xatırlayıb qüssələndi. Bir qızı sevdi, sevildi, sonra haraları gəzib dolaşdı, sonda da isə yenə qayıdıb gəldi. Görəsən sonunun belə olacağını bilsəydi, qayıdardımı?
Buğda kisəsini götürüb çəmənliyin kənarında qoydu. Səsləyən kimi də qazlar boğazlarını irəli uzadaraq yırğalana-yırğalan gəldilər. Yağışda islanmasına əhəmiyyət vermədən qazlara dən səpir, acgözlüklə dən yeyən qazlara, yağışda çimən yaşıl çəmənliyə, göy, utancaq otlara, kədərli payız çiçəklərinə baxdıqca qəlbi ağrıyır, boğazını qəhər tuturdu. Səndən kömək istəyələr, sənə yalvaralar ki, qoyma məni öldürələr, sənsə heç nə eləməyəsən, yalnız durub baxasan? Sanki gözlərinin qabağındaca öz əskərini öldürmüşdülər, əskəri kömək istəmiş, o isə qorxusundan səsini çıxartmamışdı.
Kisədəki buğdanın hamısını çəmənliyin kənarına töküb maşına qayıtdı,   islanmışdı, bədənindən sel-su axırdı. Oturan kimi otracağı da islatdı, üst-başından axan su ayaqlarının altında göllənirdi.

***

Gecə hazırlıq görməyə başladı, yapışqan tənzifi açmaq asan olsun deyə üstdən bıçaqla iki yerdən kəsdi. Tapançasını, bıçağı, ucuna qarmaq bənd edilmiş uzun ipi götürüb qızla vidalaşdı.  Qız onu saxlamaq istəyirdi, gecədi, yatacaqsan, getmə. O isə yalnız gülümsəməklə kifayətlənirdi. Saat 11-ə qalmış evdən çıxdı, çox da gec getmək istəmirdi, gecə vaxtı küçədə gəzən hər  kəs diqqəti cəlb eləyəcəkdi.
Çölə çıxan kimi soyuq, rütubətli hava onu ağuşuna aldı. Nəfəs aldıqca ciyərlərinə yağışda islanmış hava dolur, ona elə gəlirdi havayla yox, suyla nəfəs  alır.
Yağış inadla maşının damına, pəncərələrə çırpılır, şüşətəmizləyənlər aramla işləyir, küçə işıqlarının solğun işığında küçələrlə axan yağış suları qapqara şəfəqlə işıldayırdı. Küçələrdə maşın çox idi,  yağış okeanında balaca gəmilər üzür, yırğalanır, yağış dumanı arxasında yox olurdular. Metronun yaxınlığından dönüb mikrorayona doğru irəlilədi, bir qədər gedəndən sonra maşını saxlamaq üçün yer axtarmağa başladı. Diqqəti cəlb eləməsin deyə bir küçə aralıda saxlamaq istəyirdi, nəhayət tapdı,    küçənin sağ tərəfindəki səkinin yanında dayanmış iki maşının arasına verib saxladı. Əvvəlcə ucu qarmaqlı uzun ipi belinə bağladı, tapançanı çıxarıb səsboğanı qoşdu. Qapı açmaq üçün lazım olan alətləri gödəkçəsinin sağ cibinə, tənzifi də sol cibinə qoyub düşdü. Maşının qapılarını bağlamadı, qayıdanbaş nəsə olarsa, qapı açmağa vaxt itirmək istəmirdi. Başına uzun dimdik  papaq qoymuş, su keçirməyən gödəkçə geymişdi, amma hardan əsdiyi bilinməyən külək yağışı hər tərəfdən vurur, boyun-boğazı islanır, bədənini xəfif bir titrəyiş bürüyürdü.
Küçəni keçib ona lazım olan binaya kimi yaxınlaşdı, belə yağışda polislərin çölə çıxmayacaqlarını güman eləyirdi, amma gözlədiyinin  əksinə olaraq evin arxasında iki polisin gəzdiyini görəndə çaşıb qaldı. Demək, polsilər onu gözləyirdilər. Evin divarına bitişik  balaca dükanın arxasında dayanıb səbrlə gözləməyə başladı. Polislər iki-üç dəfə o baş-bu başa gedərək, şübhəli bir şey sezmədikdə evin qabağına keçdilər. Yəqin qızınıb qayıdacaqdılar. Vaxt itirmədi,  binanın arxa tərəfi işıqlandırılmamışdı, belə yağışda isə üç-dörd metr uzağı görmək mümkün deyildi. Gözlədiyi müddətdə əl-ayağı islanmışdı, ancaq belə işlər onun üçün çətin deyildi. Binaya yaxınlaşıb, asanlıqla birinci mərtəbənin balkonuna çıxdı, bu evin pəncərəsinə qalın pərdə vurulmuşdu, içəridəkilər onu görə bilməzdilər. İpi yuxarı atıb ikinci mərtəbənin balkonuna bənd elədi, sürüşkən kəndirlə dımaşmaq çətin idi, çətinliklə qalxırdı, yalnız əli balkonun dəmir şəbəkəsinə çatandan sonra işi asanlaşdı, bir qədər qalxıb, şəbəkənin arasından evi nəzərdən keçirdi, burda da pəncərələrə pərdə vurulmuşdu, içəridə işıq yanmırdı, yəqin bu evdə yaşayan yoxdu. Hər ehtimala qarşı balkonun küncünə sıxılıb aşağı baxdı, su keçirməyən plaş geymiş iki polis  evin tinindən dönüb yavaş-yavaş gəlirdilər. Küncdə oturub gözləməyə başladı, diqqətlə qulaq verir, dama, pəncərələrə, evin divarlarına çırpılan yağışın uğultusu, çıxardığı qarışıq səslər içində belə polislərin ayaqlarının səsini çətinliklə də olsa eşidirdi. Bir azdan ayaq səsləri eşidilməz oldu,  ehtiyatla  aşağı baxdı, polislər dönüb evin qabağına keçirdilər. Vaxt itirmədən ayağa qalxıb qarmağı yuxarı atdı, şəbəkəninin kənarına bənd eləyən kimi də yuxarı dırmaşmağa başladı, tələsirdi, polislər hər an geri dönə bilər, onu görərdilər. Nə qədər qaranlıq olsa da, pəncərələrdən çölə süzülən xəfif işıqda balkonlarla dırmaşan adam aşağıdan görünərdi. Çətinliklə də olsa üçüncü mərtəbəyə, ona lazım olan balkona qalxa bildi. Burda da pəncərəyə vurulan pərdə içərini görməyə mane olurdu. Əyilə-əyilə pəncərə altlığına kimi gəlib boylanaraq pərdənin yanından içəri baxdı, otaq bomboşdu. Yəqin yataq otağıydı, elə burdan keçməyi qərara aldı. Bir daha aşağı baxdı, heç kimin olmadığını gördü. Pəncərəyə dəmir şəbəkə vurulmamışdı, qapını açmaq istəyəndə, heyrətləndi, qapı açarsız idi, nəyləsə açmağa ehtiyac yox idi. Qapını açıb içəri keçdi, birdən addım səsləri eşitdi, özünə gəlməyə macal tapmamış orta yaşlı bir qadın qapını açıb içəri keçdi. Qadın üstündən su süzülən naməlum adamı yatağın ortasında görəndə heyrətdən özünü elə
itirdi ki, ağzı açıla qaldı, qışqırmaq istəyəndə    irəli sıçrayıb, qadının ağzını tutdu. Bir əllə yapışqan tənzifi çıxarıb, bir parçasını qoparmaq çətin idi, xeyli vaxtını aparsa da, çıxarıb qadının ağzına yapışdırdı, qadına etibar eləmirdi, nə qədər qorxutsa belə, hər an qışqıracağından ehtiyatlanırdı. Qollarını da bağladı, tapançanı gicgahına söykəyərək, məni ərinlə oğlun olan otağa apar, dedi. Qadın yerindən tərpənmir, getmək istəmirdi, qadını irəli itələdi.
Onlar otağa keçəndə ata-bala divanda oturub, çay içir, televizora baxırdılar, qadını  onlara tərəf itələyərək, sən də keç onlarla əyləş, dedi, xəbərdarlıq edirəm, kimsə qışqırsa, ucadan danışsa, dərhal atəş açacağam.
- Sən kimsən? – sifətindən zəhər daman qaşqabaqlı kişi acıqla soruşdu.
- Qəzet oxumursan?
- Nə qəzet, mənim evimdə nə işin var?!
- Dedim axı, bərkdən danışmaq olmaz! Qanmadın?
- O məni öldürməyə gəlib, – oğlanın rəng-ruhu ağardı.
- Niyə, nəyə görə? – kişi inamsızlıqla oğlundan soruşdu, artıq onun səsində də əvvəlki qətiyyət yox idi.
- Niyəsini de! – oğlana təpindi, ancaq oğlanın dili söz tutmurdu, əsir, alnında tər muncuqlanırdı.
Stul çəkib divandan bir az aralıda, onlarla üzbəüz oturdu, evə, ailə üzvlərinə baxır, bir şey başa düşə bilmirdi. Kasıb yaşayırdılar, evdəki mebellər  köhnə, otaq təmirsiz idi. Bəs bu oğlanda harınlıq, vəhşilik hardandı? O indicə yatacaq, kişi oğluna deyirdi, mən qəzetdən oxumuşam, oturduğu, durduğu yerdəcə yatır, yatan kimi kuxnadan ət baltasını götürüb başını əzərik.
O yatmayacaq, oğlan mızıldanırdı, üç nəfəri öldürüb, heç birində də yatmayıb. Yalnız öldürəndən sonra yatır, özü də ayaq üstə, nə qədər oturubsa, yatmayacaq. Oğlan belə danışdıqca gözləri önündə yaz çölü dalğalanmağa başladı və varlığını qorxu bürüdü, Aman Allah, bəlkə elə doğrudan da yatacaqdı. Yatsaydı, sifətindən zəhər daman bu adam mütləq dediyi kimi də eləyəcək, mətbəxdən ət baltasını götürüb başını əzəcəkdi.
- Hansınız mənə qarlı qış çölündən danışa bilər?
- Nədən? – kişi başını qabağa uzadıb heyrətlə soruşdu.
- Qışdan, qardan, qarlı çöldən, qoy o çöldə canavarlar ulaşsın.
- Qarlı çöldən danışanda onun yuxusu qaçır, – oğlan mızıldandı.
- Danışmayaq, – kişi sevincək dedi, – qoy yatsın. Biz sehrbazıq, nəyik bunun üçün canavarları ulaşdıraq!
- Onda üçünüzü də güllələyəcəyəm!
- Mən danışaram, – qorxudan əsən, rəngi ağarmış oğlan tələsik dilləndi.
- Danış!
Qar yağır, külək qarı səpirdi, şaxta adamın iliklərinə işləyirdi, oğlan qorxduğundan tez-tez udqunur, qırıq-qırıq danışır, rabitəsiz danışığı ilə onu hövsələdən çıxardırdı. Bəsdir kəkələdin, oğlanın başına çımxırdı, canavarlara keç. «Canavarlar qarlı çöldə qaçır, ov axtarırdılar». «Nə oldu? – dözə bilməyib yenə də oğlanın sözünü kəsdi. – Tapdılarmı? Ya  ac qaldılar?» «Tapdılar, – oğlan özünü itirdiyindən bir az da qarışdırdı. – Bir dana çöldə qalmışdı…» «Yum ağzını! – nifrətlə dedi. – Danayla nə işin, qoy qoyunlar azıb çöldə qalsınlar».  «Qoyunlar, – oğlan mızıldanırdı, – hə, qoyunlar azıb çöldə qalmışdı. Canavarlar qoyunları yesinlərmi?» «Niyə yesinlər?» – hirslə soruşdu. «Acdılar axı, ona görə». «Sənə deyildi, yum! Cəhənnəmə acdılar! Ac canavarları bizmi yedizdirməliyik?» Kişi də dilxor halda deyinirdi, sən öləsən görəcək günlərimiz var imiş, biri oturub evimdə, mənim üçün tapançasını yelləyir, biz də bunun üçün nağıl danışırıq. Dananı canavarlara yedizdiririk, qar səpirik!
Oğlun üç dostuyla birlikdə nişanlımın otağına soxulub onu zorlayıblar, kişiyə deyirdi, dörd nəfər imişlər,  üçü artıq öz cəzalarını alıblar, bu da almalıdı. Ata üçün, ana üçün oğul itkisi çətindi, anlayıram, amma cinayət cəzasız qala bilməz. Kimin necə acı çəkməsindən asılı olmayaraq!
- İndi bir fahişədən ötrü….
- Belə deməməliydin, – başını yırğalayırdı, -  günahsız bir qızı təhqir etməyə haqqın yoxdu. Hansısa manyak və ya manyaklar qızlarını zorlasalar, neylərsən? Barmaqlarınla gözlərini didərsən! Əslində mən də belə eləməliydim, amma ananın gözləri qarşısında belə eləməyi özümə layiq bilmədim, yüngül cəzayla kifayətlənəcəyəm!
- Sən fahişəni mənm qızlarımla…
- Səninlə  işim olmayacaqdı, amma təhqir  cəzasız qalmamalıdı!
Nişan almadan atəş açdı, səsboğan yaxşı işləyirdi. Yüngülcə çaqqıltı eşidildi, güllə kişinin alnından dəyib onu arxaya itələdi, kişi divana sərilib, əllərini yana açdı. Sərrast güllə ona ani ölüm gətirdi. İkinci güllə də oğlanı öldürdü. Qadın özünü əriylə oğlunun üstünə atdı, ayağa qalxıb yaxınlıqdakı kreslonun üstünə örtülmüş nazik örtüyü götürdü, divanın arxasını cırıb qadının qolunu qalın taxtaya bağladı. «Məni bağışla, – qadına dedi, – sən həm ərsiz, həm də oğulsuz qaldın. Bilirəm, ürəyindən heç vaxt oğul dağı getməyəcək. Sənin oğlunun  məhv elədiyi, alçaltdığı bizlər də bunu ömrümüzün sonuna kimi unuda bilməyəcəyik. Qolunu onun üçün bağladım ki, mən düşənə kimi sakit qalasan,  aşağıda polislər qaynaşır, qışqırıb onları duyuq salarsan».
Pəncərənin qabağına gəlib aşağı diqqətlə baxdı, kimsə gözə dəymirdi. Balkona çıxıb ilgəyi balkonun şəbəkəsinə bənd eləyərək aşağı sürüşdü, düşmək asan idi, çox çəkmədən yerə düşdü. Hə, işimi qurtardım, razılıqla deyirdi, onlar hamısı cəzalarını aldılar, gəbərdilər.
Evin arxasındakı yola çıxcaq yenidən yağışlı payız günlərində qoyun otardığını  xatırlamağa başladı, çətiri olmurdu, yağış onu təpdən dırnağa kimi isladır, bədənindən yağış suyu sel-su kimi axırdı. Evə qayıtcaq isti sobanın yanına qaçırdı. İlahi, uğultu ilə yanan sobanın istisindən gözəl dünyada nəsə ola bilərdimi? Paltarlarını dəyişib sobanın yanındakı qoyun dəriləri  üstə uzanırdı. Yenə də uzanırdı isti sobanın böyrünə, isti vururdu onu, yatmaq, yatmaq istəyirdi. Anası güllü, qalın yun yorğanı üstünə örtəndə boşluğa düşürmüş kimi isti yuxuya getdi…
Bədəninə sancılan isti güllələr onu ayıltdı və döyüşçü fəhmi ilə atəş altında olduğunu başa düşdü. Bir sıçrayışla özünü yaxınlıqdakı kolların arxasına atdı, polislər qorxub onu təqib eləməsinlər deyə onlara tərəf iki-üç dəfə atış açıb, maşınına doğru qaçmağa başladı, maşına çatan kimi də oturub matoru işə saldı. Yağış ələnən, bulanıq sular axan küçələrlə sürətlə irəlilədikcə, demək, yatdım, onlar da məni  vurdular, deyə düşünürdü, eybi yox,  işimi başa çatdırdım, bundan sonra ölmək olar, rahat, arxayın.

***

- Ana, dedim axı üstümü örtmə! Üstümü örtəndə yatıram,  yatdım, məni vurdular.
- Kim vurdu? Görüm səni vuranların…
- Ana, bayramda yeni suyun üstünə gedəcəksənmi?
- Hə, oğul.
- Sarı cığırla çaya düşəndə  kolların dibindən bir dəstə şinappa yığarsan.
- Yığaram, oğlum.
- Şinappaları bir-bir yeni suya atarsan.
- Ataram, oğlum.
- Yeni suda üzən şinappalara baxarsan, ana.
- Baxaram, oğlum.
- Əlvida, ana! Biz olduq, olmadıq, sular axacaq, küləklər əsəcək, günəş doğacaq. Həyat bu.
Bir qədər düşünüb əlavə elədi:
- Yağışlar da yağacaq… Sevdin, sevmədin…

***

Həyətə girdi, maşını həyətdəki  meydançaya vermədi, evin qabağında saxladı. Çətinliklə də olsa cibindən telefonu çıxarıb Mələyə zəng elədi,  yaralandığını və ölüm ayağında onu görmək istədiyini dedi. Qız ünvanı soruşdu və dedi ki, uzağı yarım saata ordadır.
Qapını açıb düşdü, yaraları indi-indi özünü hiss elətdirir, yağış yaralarından axan qanı yuyur, qan axıb yağış sularına qovuşurdu. Pilləkənin yanlığından yapışaraq çətinliklə qalxırdı, hər pilləni qalxdıqca da, növbəti pilləni qalxmaq daha çətin olurdu. Pillələrin üzərində yağış suyuna qarışmış qan nazik zolaqlar açaraq axırdı. Qapını döyən kimi də qapı açıldı. Onu qan içində görən qız qorxub qışqırdı.
Ağlama, qıza deyirdi, daha o əclaflar yoxdular, qorxusuz-hürküsüz gəzə bilərsən. Qızın köməyi ilə özünü çarpayıya kimi çatdırıb uzandı. Qızdan xahiş elədi  çantanı götürüb  sonuncu şəkli də çıxarsın. Qız əlləri əsə-əsə şəkli çıxarıb gətirdi, yanaqlarıyla göz yaşları axır, neyləyəcəyini bilmirdi. Nəhayət nəlbəki və alışqan da gətirdi. Onu da yandır, qıza dedi,  mən işimi qurtardım.
- İndicə Mələk gələcək, – qıza təsəlli verdi.
- Hansı mələk, Əzrayıl?
- O da, o birisi də. Mənə sarı cığırdan danışarsanmı?
- Nədən? – qız heyrətlə soruşdu.
- Sarı cığırdan, çaya düşən. Sarı çınqılların, sarı daşların arasından xırda göyümtül çiçəklər boylanır, cığırda qızılı günəş şüaları oynaşır…
- Mən sarı cığır görməmişəm.
- Mən də görməyəcəyəm.
- Sən…- həyəcanlanmış qız sözünü deyə bilmədi. Onu göz yaşları boğurdu.
- Mənim işim bitdi, – dedi.

***

- Qızım, onu gördüm.
- Kimi?
- Ayaq üstə yatan adamı.
- Harda? – qız həyəcanla soruşdu.
- Dükanda.
- Oyatdınmı?
- Hə.
- Yuxusu qaçsın deyə ona qarlı qış çölündən danışdınmı?
- Uçan quşlardan danışdım, – qadın qüssəylə dedi.

***

«Onu öldürdülər
Qəzetimizi ardıcıllıqla izləyən oxucular  şəhərimizdə törədilən tüklər ürpərdən cinayətlərdən xəbərdar idilər. Hadisələrin sonrakı inkişafı bizim haqlı olduğumuzu göstərdi. Qatil polisin bütün səylərinə baxmayaraq növbəti qurbanına kimi də gedib çıxa bildi və öz sözləriylə desək, onu da cəzalandırdı. Bir ana eyni zamanda həm oğlunu, həm də ərini itirdi.
Faciənin ağırlığından başını itirən ananın dediyinə görə qatil onlardan xahiş eləyib ki, onun üçün qarlı çöldən, canavarlardan, çöldə qalan danadan, qoyunlardan danışsınlar. Oğlu da  danışıb, amma qatilin xoşuna gəlməyib, deyəsən dananı canavarların yeməsini istəmirmiş. Biz bu adamın qəribə xasiyyətlərindən baş aça bilmədik. Yaşıl çöldən, yaşıl otları qırpıb yeyən dovşanlardan, qış çölündən, canavarlardan, ya da çöldə qalan danadan danışılması onun üçün niyə belə maraqlıymış? Dəmir əsəblərə,  iradəyə malik olan birisi qurbanını öldürməmişdən əvvəl belə sakitcə oturub, hansısa dana haqdakı nağıla qulaq asarmı?
İşini görəndən sonra balkonlarla aşağı düşüb, lakin əvvəldə yazdığımız qəribə xasiyyətinin qurbanı olub. Yerə düşən kimi, ayaq üstə yatıb. Səsə gələn polislər  onu bu vəziyyətdə görüblər, bir əlində tapança ayaq üstə yatıbmış. Polislər  onu həbs eləmək əvəzinə, güllələyiblər.
Nə qədər qəribə olsa da, qatilin dəfnini ölkədə kifayət qədər tanınan nüfuzlu ailə təşkil eləmişdir. Küçədə gül satan birisi isə  qəbrin üzərinə xeyli  gül səpib, deməyinə görə birisi gətirib ona beş yüz dollar verib və deyib ki, nə vaxt bu adamın öldürüldüyünü eşitdin, gətirib qəbrinin üstünə beş yüz dollarlıq gül səpərsən. Qatilin qəbrinin  üstünə gül səpilməsi orda olan media işçilərininin, maraqlanıb gələnlərin qəzəbinə səbəb olub. Hətta gülsatanı  döymək belə istəyiblər, ancaq polis imkan verməyib.
Sevda»

***

Erkən yazda qız kəndə gəlir,  gümüşü yaz yağışı yağanda göm-göy sular axan göm-göy yaz çöllərində ayaqyalın, başıaçıq gəzib dolaşırdı. Yağış ara verəndən, göyün üzü açılandan sonra qız geri dönür, bağdakı çiçəkləmiş alma ağaclarının dibinə cərgə ilə ağappaq stollar, stullar düzdürürdü. Ağappaq stolların üstünə ağappaq güldanlarda ağappaq qızılgüllər qoyurdular. Bu məqsədlə məxsusi olaraq  gətirilmiş skripkaçı yuxarı tərəfdə dayanıb  çalırdı. Qız ağappaq stolların arasıyla gedir, ağappaq qızılgüllərə  gülümsəyir, baş əyir, gəlib skripkaçının yanında dayanır, ucadan deyirdi. «Razıyam!»
Qız yenə gəldi, yağış yağanda, yaz çölündə xeyli gəzdi, yalnız yağış ara verəndən sonra geri qayıtdı. Stolların arasıyla gedir, güldandakı güllərə baş əyir, gülümsəyirdi. İslanmış saçları üzərində şeh damcıları işıldayırdı, şehli kiprikləri, qızarmış yanaqları qızı daha da gözəl göstərirdi. Gəlib    qüssəli hava çalan skripkaçının yanında dayandı, əli ilə işarə elədi ki, hamı çıxıb getsin, onu tək qoysunlar.
Adamlar gedəndən sonra qız boynundakı ağappaq şərfi açıb, özünü gur çiçəkləmiş, ağappaq çiçəklərinin tünd qoxusuyla baş gicəlləndirən   alma ağacından asdı.

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

3 Şərh var
Şərh yazın »

  1. Allah size komek olsun bunu 2 hissede vereydiniz axira kimi oxumaqa adamin nefesi cataydi.
    Amma Aslan muellimin yazdiqlari hemishe mene maraqli gilib. inaniram bu eser de maraq doquracaq. fikirlerimi ise tam oxuyandan sonra yazacaqam.

  2. Coxdan belə maraqla oxumamışdım.Oxumağa dəyər.Müəllifə uğurlar!

  3. SALAM ASLAN BƏY,
    YENİDƏN SİZİ GÜNDƏMDƏ GÖRMƏK ÇOX GÖZƏLDİR….İNDİ BAŞA DÜŞÜRƏM Kİ, “ONLAR SİZİ ÖLDÜRƏ BİLMƏDİLƏR”……
    P.S. SİZİNLƏ BİR MARAQLI MÜSAHİBƏ ETMƏK İSTƏRDİM…..

    e-mail: ESED_N@MAIL.RU

Şərh yazın