“Təssüf ki, bizdə fotoqrafiya fakültəsi yoxdur…”
Yazar: Admin | Bölmə: Foto | Tarix: 07 Mart, 2009Sitarə İbrahimova: “Atama peşəkar fotokamera üçün yalvarırdım…”
Sitarə İbrahimova 1984-cü ildə Bakıda doğulub, Bakı Dövlət Universitetinin psixologiya fakultəsini bitirib. Hazırda Praqa Tətbiqi İncəsənət Universitetninin sonuncu kursunda təhsil alır.
Fotoqrafiya ilə yeniyetmə vaxtlarından məşğul olur. Onun işləri ənənəvi deyil, fərqlidir və dərhal seçilir.
- Siz psixologiya təhsili almısınız. Bəs fotoqrafiyaya maraq haradan yaranıb?
- Bu 14-15 yaşlarımda baş verib. Onda hələ anlamırdım ki, bu mənim gələcək ixtisasım olacaq. Yadıma gəlir ki, uzun müddət atama peşəkar foto aparat almaq üçün yalvarırdım. Mənə elə gəlirdi belə aparatım olan kimi dərhal şedevrlər çəkəcəm, amma sonra praktikada gördüm ki, kamera ikinci dərəcəli məsələdir. Psixologiya fakültəsinə düşməyim isə tam təsadüfidir. Təssüf ki, bizdə fotoqrafiya fakültəsi yoxdur. İxtisas seçimi vaxtı mənə ən maraqlı gələn məhz psixologiya oldu.
- Bəs FAMU-ya (Praqa Tətbiqi İncəsənət Universiteti) necə daxil oldunuz?
- Artıq FAMU-nun sonuncu kursunda təhsil alıram. Universitetə 3 mərhələni- portofiliyo, testlər, tapşırıqlar- keçəndən sonra daxil oldum. Qəbul imtahanlarında müəllimlər uzaq ökədən gəldiyimi nəzərdə tutaraq məni ekzotik tələbə çaöırırdılar. İkinci kursdan isə Azərbaycan dövləti mənə təqaüd ayırdı.
- Fotomüsabiqələrdə iştirak etmisinizmi?
- Bəli… Hətta uğurlarım da olum. Amma bütün bunları subyektiv hesab edirəm. Hal-hazırda sadəcə çəkməyə və öz qovluğumu genişləndirməyə üstünlük verirəm.
- Bəzi fotoqrafçıların işlərini “Adobe Photoshop” tamamlayır. Bu əsl sənətə kölgə salmırmı?
- Bu gün “Photoshop”suz keçinmək mümkün deyil. Bəzi fotoqraflar Photoshopdan şəkil yaratmaq üçün istifadə edirlər, hansı ki, reallıqda onun analoqu yoxdur. Bəziləri isə ondan minimal həddə- işıqlandırma, parlaqlıq, rəngi və ya şəklin ölçülərini dəyişmək üçün istifadə edirlər. Bu yaxşıdır, ya pisdir, artıq bunu izləyici təyin edəcək.
- Siz yalnız bədii fotolar çəkirsiniz, yoxsa aralarında ictimai-siyasi fotolar da var?
- Öz fotolarımı daha çox sənədli fotoya aid edirəm. İşlərim arasında Bakının psixiatriya xəstənasından, qadın kaloniyasından, Zığdakı duzlu göldən silsilələr var. Gürcüstandan və Dağıstandan da çoxlu fotolarım var. Azərbaycandakı prezident və parlament seçkilərindən də fotoreportajlar hazırlamışam.
- Siz Azərbaycan fotoqraflarının işləriylə tanışsınızmı? Bu sahədə niyə geri qalırıq?
- Əlbətttə, bizim fotoqrafların işləriylə tanışam. İlk müəllimim, indi isə həm də yaxın dostum Sənan Ələsgərovdur. Öz nəsildaşlarım arasında istedadlı fotoqraf Təhminə Axundovanı, xaricdə yaxşı tanınan Rəna Əfəndini, azad fotoqraf Emil Ağayevi xüsusi vurğulamaq istəyirəm. Bu sahədə biz heç də geri qalmırıq. Amma fotosənətin təbliği üçün vasitələr sarıdan axsayırıq- uyğun qalareyalar yoxdur, jurnallarda qonorarlar aşağıdır və s.
- Niyə Azərbaycanda fotoqrafiyaya maraq azdır? Bu sahəyə marağı artırmaq üçün nə etmək lazımdır? Konkret təklifləriniz varmı?
- Mən foto işinə marağın az olmasıyla razı deyiləm, əksinə, indi haradasa bir bum var. Hamı bahalı kameralar alır və çəkir. Amma nəyə görəsə çoxlarında yaxşı foto qlamurla assosiasiya olunur. Hətta burda da onlar bir-birini kopyalamaqla məşğul olurlar, heç olmasa internet vasitəsiylə olsa, bu sahədə peşəkarların işləriylə tanış olmurlar. Mən özümü hələ peşəkar hesab etmirəm. Hələ çoxlu öyrənməliyəm. Amma bu sahədə illərdir çalışan biri kimi, həmin adamlara məsləhət verərdim ki, öncə özlərindən soruşsunlar- bu onlara lazımdırmı? Siz özünüzü bütünlükdə bu işə həsr etməyə hazırsınızmı? Əgər hazırsınızsa, fotoqrafiyanın tarixi ilə maraqlanın, oxuyun, sərgilərə gedin. İstedad isə bu və ya digər şəkildə gec-tez özünü biruzə verəcək.
- Sizin üçün fotoqrafiya nə deməkdir?
- Fotoqrafiya mənim üçün özünüifadədir. Bundan əlavə, məni narahat edən problemlərə özünəməxsus yanaşmamdır.


























Yüklənir...