Güntay Gəncalp. Olqu və Oluş
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 13 Mart, 2009
Bakıda ədəbiyatda yeni və yaşlı nəsil arasındakı dartışmalar üzərinə
Həvəsim sonuna qədər yardımçım olsa, bəzi şeylər yazacam. Hər halda gecənin çox gec vaxtı olsa da, bir şeylər yazmaq istəyirəm, başarmasam, qalanı da qalar başqa zamana. Onsuz da başqa zamanlara buraxdığımız bir sürü yetişmiş, ya da yetişməmiş fikirlərimiz olur. Zamanın axışı içində var oluruq.
Bu gün Azərbaycanda gənc nəsil öz yaradıcı gücünü ortaya qoymaq üçün, əski nəsillə fərqini bəlli edəcək qavramlar oluşdura bilməlidir, mənim fikrimə görə. Özəlliklə də tənqid metodoloji açısından. Bir əksiklik var tənqid fəlsəfəsi baxımından. Nədir bu əksik olan?
Tənqidetmə fikri var, ancaq bu fikri ifadə edəcək qavramlar yoxdur, içi yeni fikirlərlə dolu olan qavramları deyirəm. Örnək olaraq Matin Haydeger bilirsiniz ki, bir çox yeni qavramlar qazandırdı alman dilinin fəlsəfi söz dağarcığına. Sonra bu qavramlar başqa sahələrərə yönəldi.
Dəyərli dostlar!
Bakıda cərəyan edən bu olayları oxurkən ağlıma bir şey gəlib. Yalnız bəri başdan söylədim ki, bilmirəm ağlımda mücərrəd şəkildə var olanı sözlərə dönüşdürə biləcəyəmmi?
Hadisənin incələnməsi üçün iki açar sözdən yararlanmaq daha doğru olar. “Olqu” və “oluş”. Bilirsiniz ki, “qu” şəkilçisi düzəltdiyi ismi sınırlayır. “Solqu”, “duyqu”, “Sorqu”, “olqu” kimi. Ancaq “uş” şəkilçisi ilə düzələn isim sınırlanmır. Tam tərsinə, evrimi (inkişafı) çağrışdırır. Məsələn, “axış”. “Axış” və “oluş” bir sürəklilik və davamlılıq göstərməkdədir. “Olqu” və “oluş” qavramlarından yola çıxaraq əski və yeni nəslin yaradıcılığını analiz etmək mümkündür. Nədən? Çünki burada yaradıclığın nəsnəsi dil olduğu üçün dilin bu işə ciddi şəkildə qarışması və müdaxilə etməsi gərəkməkdədir.
“Olqu”, yəni “olma”- evrəsi bitmiş bir hadisə. Yəni artıq axış və sürəklilik göstərəcək enerjisi olmayan bir varlıq. Vardır, ancaq iç enerjisi bitmişdir. Bu üzdən də bir olqudur. Bir “oluş” deyildir. Heç bir “olqu”nu inkar etmək və ya aşağılamaq olmaz. Tam tərsinə, onun olduğu yeri bəlli etmək gərəkir. Bu günki AYB bir olqudur. Keçmişdə pis-yaxşı bir işlər görmüşlər. Ancaq gerçəkdən də artıq postmodern dünyanın yaradıcı gücü olaraq “var”lıq göstərə biləcək gücdə deyillər. Onların “oluş” və “oluşdurma” enerjiləri bitmişdir. Bu, onları aşağılamaq deyildir. Onların üslubları, olaylara yanaşma metodları, yorğun xəyalları çağdaş istəklərin ehtiyaclarını ödəyə bilmir kimi görünə bilər, ya da gerçəkdən elədir. Ancaq bu da topdan inkar anlamında olduğu üçün həm ədalətsiz, həm də gerçəkdışı olan bir yanaşma ola bilər.
Fikrimcə, Füzulinin “şeir və bilgi” haqqında söylədikləri ilə modernizmin şeir haqqındakı görüşləri tam olaraq örtüşməkdədir. Söz konusu bu gündən başlayaraq keçmişə doğru uzanan var olanlarla hesablaşmaq deyildir. Necə ki, Füzuli bir “olqu” deyildir, bir “oluş”dur, bir “oluşum”dur.
Azərbaycanda yeni bir nəsil meydana çıxır. Hər bir yeni də öz enerjisini göstərmək üçün hər zaman meydan oxumaq istər. Gerçəkdən də bu yeni nəslin “duyum” və “duydurum” səliqələri, zövqləri fərqlidir. Fərqli deyil, təzadlıdır. Bu təzadların çarpışmasını da bəlkə təbii olaraq anlamaq mümkündür. Nədən? Çünkü fəlsəfi cərəyanlar, ədəbi axımlar arasında da darvinizm hakimdir. Yalnız güclülər həyatda qalır. Dünyada nə qədər fəlsəfi və ədəbi cərəyanlar, nəzəriyələr olmuş? Çox. Ancaq diri qalanları ən yeni və ən enerjili olanları olmuş və daha öncəki zəifləri sadəcə bir xəbər halına gətirmişdir. Yalnız bir xəbərdən ibarət olan fəlsəfi cərəyanlar haqqında bilgimiz var hər birimizin, ancaq bir inşa olan, inşa mahiyəti daşıyanlar azdır, barmaq sayı qədər. Xəbər qəbul edilər, inşa araşdırılar.
Dünya savaş dünyasıdır. Fikirlərin də savaşı var. Nitşenin hayqırışlarını duyalım: “Barışınız savaş, durğunluğunuz səfərlər olsun.”
Azərbaycanda bu savaşın içinə girmək çox gözəldir. Düşüncələrin, yaradıcı duyğuların qarşı-qarşıya gəlməsi. Möhtəşəmdir. “Var”lıqların savaşı. Yenidən doğuş və “olqu”lar üzərində “oluş”lar sağlamaq. Hər şey anlaşılırdı. Demək ki, toplumun içində bir düşüncə rahatsızlığı var… belə bir iç hərəkətlilik varsa, o zaman yeni oluşlar meydana çıxacaq. Kimdir fikirdə və şeirdə cəsarət göstərəcək baylar, bayanlar?
Bunların hamısı, bu toqquşmaların hamısı o supermənlərin yetişməsi üçün zəmin yaradır. Ancaq əzilən duyğular da olacaq şübhəsiz. Düşüncələrin təzahürü ildırım kimi olur. Aydınlatma büzülgən psixologiya ilə olmaz, olmamalıdır.
Bitirmək istərdim, bitmək bilməyən bu görüşləri. Sabah tezdən qalxmam gərəkir.
Yeni nəsl “oluş”un enerjisini içində barındırırkən, əski nəsil bir “olqu”dur. Əski nəslin içində oluş imkanları olanlar əlbəttə ki, axışlarına davam edəcəklər.





Yüklənir...
Salam dəyərli ziyalımız.Sizi oxumaq hər zaman gərəklidi.Və əsas da ona görə ki siz dilimizi zibilləmiş ərəb-fars sözlərinin yerinə türkcə yeni söz yarada bilirsiniz.e-mailinizi bilmədiyim üçün bir vacib xahishimi elə burda yazıram.Mümkünsə indiyə qədər dilimizə gətirdiyiniz yeni tük sözlərini hardasa lügət şəklində, yəni indi dilimizdə işlənən və sizin dilimizə gətirdiyiniz variantda böyük bir məqalə yazasınız.
bir növ kəşf etdiyiniz sözlərin hamısını bir yerə yığasınız.
biz də istifadə edək o sözlərdən
Guntay bey, gece vaxtina dusub, fikirleriniz qarisiq alinib. yeni dovr edebiyyatina munasibetiniz mucerred tesiri bagislayir. Azerbaycan turkcesinde ne “olqu” kelmesi var, ne “olush”, “oldu” var “bitdi” var. AYB – AYO qarsidurmasi terminler bazinda bir mesele deyil, feili bir meseledir. Bu acidan dusuncelerinizi bilmek isteriz.
Təsadüfən “Kultaz”ı açdım və yazımı burda gördüm. Çox sağ olsun Zahir bəy dostumuz.
İstəkli dostlar yazımı oxuduğunuz üçün çox sağ olun.
Bəxtiyar bəy, çox haqlısınız ki, dilimiz öz kökü üstündə böyüməlidir. Başqa dillərdən bütün dillər söz alar, bu, şübhəsizdir. Ancaq ilk öncə dil özünü doğub doğurmalıdır. Bizim dilimizin doğub-doğurma imkanları çoxdur. Ona görə də ən son anda yabancı dillərdən söz almaq zorunda qalmalıyıq. Bunun yanı sıra bir filosof öz dünyagörüşünü bildirən sözlər yarada bilər. Yazımda da işarə etdiyim kimi Haydeger (Heideger) alman dilində bu işi görmüşdür. Örnəyin “Dasein” Haydegerin fəlsəfəyə gətirdiyi sözdür. Haydeger kəndli olmuş. Ormanlıqda günəşin işığının ağacların arasından keçib torpaqla təmassı onun diqqətini çəkirmiş. Sonra da yavaş yel əsərkən günəş ışınlarının (şüalarının) qıvrılması….
Bu, o demək deyil ki, hər kəs Haydeger ola bilər. Haydeger böyük fəlsəfi mirasın varisi idi fikrən. Amma bu sürəc bizdə də nədən başlamasın?
Matodor bəy, yanılırsınız. Bu sözlər tam azərbaycan dilindədir. azərbaycan dilində “qu,gi,” şəkilçiləri sözün əmr şəklinə artırılır və isim düzəlir: “sil+gi= silgi”, “bil+gi= bilgi”, “Duy+qu=duyqu” Siz alışdığınız bu såzläri azərbaycan dili hesab edirsiniz. Ancaq dilimizin eyni qaydası əsasında törədilən sözləri azərbaycan dili olaraq qəbul etmirsiniz! Əslində siz yasanı pozursunuz. necə ki, anayasadakı qanunlar bəzən zənginlər üçün keçərli olmur, o şəkildə davranırsınız. Əgər bir qanun varsa, bütün fərdlər və bütün sözlər üçün keçərli olmalıdır. Eləcə də “üş, uş,iş” şəkilçisindən isim düzəlir: “görüş, dayanış, biliş, ol+us= olus,döyüş, söyüş,gülüş, axış”
Sizcə bütün bunlar Azərbaycancadır, ancaq “oluş” deyil deyirsiniz!!!
Sovet dönəmində dil üzərinə də ideoloji yanaşmışlar. Rus dilinə də. Çünkü dil özü heç bir ideologiyanın həbsxanasına girmək istəməz. Elə bu üzdən də rus dilinin də öz kökü üzərində böyüməsini əngəllədilər və indi rus dili dolmuş yabancı sözlərlə. bizim də dilimizi o şəkildə etmişlər. İndi dilimizi bu ideologiya zindanından çıxarmalıyıq. Əslində yeni nəsllə əski nəslin bir problemi də elə budur. Əski nəsl bu qol-qanadı budaqlanmış dillə razıdır. Onların dar hissləri və dünyaya baxəışları 7-8 yüz sözlə rəsm edilə bilər. Ancaq yeni yaradıcı nəslin həm də yeni söyləmi olmalıdır. Söyləm, yəni dil içində dil. Dilin özünü bir fərdin və ya kollektivin dünya görüşündə, yaradıcılığında sınaqdan keçirməsi.
Düşüncə özünü gerçəkləşdirmək istərkən dilin də ölçüsünü genişlətmək, dərinləşdirmək istər.
Son olaraq bunu söyləmək istərdim. Bizdə dilimizdə var olan şəkilçilərin fəlsəfəsi yazılmamış. Dilmizin fəlsəfəyə girməsi üçün bu, çox önəmlidir.
“gə” şəkilçisindən dədələrimiz bir sürü söz düzəldib. “süpür-gə”, “yegə” (dəyaz və oraq itildər)
İndi dil zamanın ehtiyaclarına görə gəlişdikcə bu “gə” şəkilçisini yayqınlaşdırıb bir çox fellərin əmr formasına artırıb yeni sözlər düzəldə bilərik və başqa dillərdən söz almağa ehtiyac azalar.
Güntay bəy, salam. Necəsiz?
Sizin Saib Təbriziyə yazdığınız nəzirə müxəmməsi (“Yoldaş oldur kim, qaraa günlərdə yoldan çıxmasın” )oxudum, xoşuma gəldi. Xüsusilə “Bu dağılmış hisslərim məndən qaçıb hər kəslənir” misrasında “məndən qaçıb hər kəslənir” ifadəsi məni tutdu. Belə şirin ifadələrin əruz şerində uğurlu istifadəsi alqışa layiqdir və çox önəmlidir. Çünki klassik şerimizin əsasını təşkil edən əruz vəznini bugünkü xalq dilinə tətbiq etmək, köhnə ibarələrdən, yadtərkibli ifadələrdən və izafi birləşmələrdən can qurtarmağa böyük ehtiyacımız vardır.
Bu yolda hamımıza uğurlar!
Salamlarımla,
Evez