Musa Urudla Basayevin əhvalatı
Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 15 Mart, 2009
Elnur Astanbəyli
Əvvəlcə gəlin Musa Urudu yaxından tanıyaq. Yazıçılar Birliyinin üzvüdür, həkim-narkoloqdur. YAP-ın Siyasi Şurasına qədər gedib çıxıb. Tibb elmləri namizədidir. Özünü ziyalı hesab edir. Hakimiyyəti tərifləməkdə Zəlimxan Yaquba çatmasa da, aşıq Əhlimandan geri qalmaz. Vaxtilə Yasamal rayonunda həkim-əmək ekspert komissiyasında (el arasında «VTEK» deyirlər) işləyirdi. Azərbaycanda bu cür komissiyaların iş prinsipi məlumdur. Camaata əlillik kağızı paylamaqla məşğuldurlar. Yetər ki, əlin cibində olsun.
Musa müəllimin həkim-əmək ekspert komissiyasında işlədiyi vaxt bir şeiri çap olunmuşdu. Həmin şeirdə o, çeçen qəhrəmanı Basayevin ruslarla savaşda ayağını itirməsindən bəlağətlə yazırdı. Amma əmin olun, işdi-şayət, həmin vaxt Basayev əlillik kağızı almaq üçün Yasamal VTEK-inə gəlsəydi, Musa müəllim onu bir xeyli get-gələ salar, axırda bir şey çıxmadığını görüb, nəinki onu ayağının sağ-salamat olduğuna inandırar, hətta sübut edərdi ki, yay olimpiya oyunlarında ölkəmizi qaçış üzrə layiqincə təmsil edə bilər.
Musa Urud haqqında bu qədər təqdimat kifayətdir. Keçək mətləbə. Qəzet oxucuları bilir, keçən günlərdə Musa müəllim Pənah Hüseynin təklifindən sonra parlamentdə Rəsulzadənin xatirəsinə bir dəqiqəlik sayğı duruşuna qalxmayıb. Guya səbəbi də Milli Məclisdə onunla yanaşı əyləşən Vidadi Məmmədov adlı deputat olub. Ölmədik, bu adda deputat olduğunu da öyrəndik. Nə isə. Sən demə, Vidadi deputat xəstə olduğundan sayğı duruşuna qalxa bilməyib, Musa müəllim də onu tək qoymamaq üçün ayağa qalxmayıb. Cənablar, bizim qarnımız belə laflara toxdur. Əvvəla, o parlamentdə 2 deyil, lap 102 deputat Rəsulzadənin xatirəsinə sayğı duruşuna qalxmasa nə olacaqdı? Yel qayadan nə aparar? İkincisi də, guya Əli Əhmədovun, Siyavuş Novruzovun-zadın Rəsulzadənin xatirəsinə sayğı duruşuna qalxması onların qəlbində Məmməd Əmin sevgisinin aşıb-daşdığı, cümhuriyyət, demokratiya sevdasının fontan vurması deməkdirmi? Əlbəttə, yox.
Sadəcə, Musa Urud qeyri-səmimilik edir. Sayğı duruşuna qalxmamasından, bir AYB-çi və bir YAP-çı nə qədər arqumentli, məntiqli danışa bilərsə, o cür danışır. Əgər belə deyilsə, onda zəhmət çəksin, bu iki suala da cavab versin.
BİR: Sayğı duruşu ilə bağlı təklif Pənah Hüseyndən yox, spiker Oqtay Əsədovdan, yaxud YAP-ın sədr müavini Əli Əhmədovdan gəlsəydi, Musa müəllim yenədəmi ayağa qalxmazdı?
İKİ: Bu sayğı duruşu deyil Rəsulzadə üçün, Heydər Əliyev üçün olsaydı, Musa Urud yenədəmi eyni addımı atar, yəni ayağa qalxmazdı?
Gənc Ədiblər Məktəbi haqqında
Mən dünənəcən Azərbaycan valideynini despot, diktator gözündə görürdüm. Amma dünən «525-ci qəzet»i oxuyandan sonra azərbaycanlı ata-ananın öz övladı üzərindən Demokl qılıncı kimi asılmaqda nə qədər haqlı olduğunu anladım. Təsəvvür eləyin, min bir əzab-əziyyətlə uşaq böyüdürsünüz, özünüz yemirsiniz, ona yedirirsiniz, özünüz geymirsiniz, ona geyindirirsiniz, uşaqda axırda gedib hansı Gənc Ədiblər Məktəbinə üzv olur, yalançı kədərin, saxta fəlsəfənin girovuna çevrilir.
Konkretləşdirim. Dünən «525-ci qəzet»də həmin o Gənc Ədiblər Məktəbinin çoxsaylı üzvlərindən birinin, 9-cu sinif şagirdi, iki kitab müəllifi Mirbəhram Əzimbəyli ilə müsahibə dərc olunub.
Şagird-yazıçı müsahibəsində deyir: «Zaman-zaman Rəşad Məcidin mənə ədəbiyyatla bağlı verdiyi tövsiyələrdən bəhrələnirəm. Buna görə ona təşəkkür bildirməyi özümə borc sayıram». Əvvəla, məşhur atalar sözü var, deyir, «keçəl dərman bilsə, öz başına yaxar». Rəşad müəllim belə dəhşət ədəbiyyat xiridarıdırsa, o tövsiyələrdən özü niyə bəhrələnmir?
İkincisi, siz allah görün Rəşad Məcidin ədəbiyyat tövsiyələri bu gənc vətəndaşımızı nə günə qoyub. Müxbir ondan soruşur: «Özün haqda məlumat ver». Sual kimi sualdır – bir iradımız yox. Amma siz cavaba baxın: «Zaman, məkan və insan möhtəşəm üçlüyünün «ən»i insandır. Yəni «harada» və «nə zaman» suallarından daha çox, «nə edirəm» sualına cavab verərək, tanış olmaq istəyirəm insanlarla. Yaşayıram, yazıram. Ruhumun qaranlıq gecəsindəki parlaq ulduzlara, o biri insanlara şeir yazıram». Allah Mirbəhramın valideynlərinə kömək olsun, Rəşad müəllimin də qəlbinə insaf versin.
Nə isə. Cavab müxbirin necə xoşuna gəlirsə, o da başlayır suallarını tündləşdirməyə (sonradan öyrənirəm ki, bu müxbir-uşaq da o Gənc Ədiblər Məktəbinin üzvüdür, vay, vay, vay…). Məsələn, belə: «Sabahlar kimin üçün açılır?», «sevgi nə rəngdədir?», «səssizliyin harayını eşidirsən?», daha nə bilim nə. Hər sualın cavabı da bir-birindən dəhşətli: «Sabahlar gecə tanrıya dua edənlər üçün açılır. Əgər sabah sevgilinizin üzündə günəş doğacağına inanırsınızsa, onda sabahlar sizin üçün açılır. Gözlərindəki günəşi yuxudan oyada bilməyənlər üçün sabahın gecədən o qədər də fərqi olmur», «Sevgi şəffavdır. Onu boyamaq bizim işimizdir. Bəziləri ümidsizliyin cəhənnəm rənginə boyayır sevgini. Mənim üçün sevgi ruhla bədən öpüşərkən «uşaqlar görməsin» deyə asılan pərdənin rəngindədir», «Səssizliyimin harayını eşidəndə özümü xoşbəxt sayıram. Tək otaqda qalarkən baxışlarım divarların tozunu alanda, «ürəklərimin» döyüntüsünü eşidəndə səssizliyin harayını dinləyimi, özümü yazıram».
Mənim bu uşağa sadəcə, yazığım gəldi. Axı nədir onun günahı? Özü bir yana, valideynlərinin günahı nədir? Yazıqlar zülümnən uşaq böyüdüblər, onu niyə belə bədbəxt eləyirsiniz? Yaxşı, deyək indi bir işdi olub, tale onu Rəşad Məcidin «tələ»sinə salıb. Niyə bir adam bu uşağın qolundan yapışıb, onu xilas eləmir? Niyə ona deyən yoxdu ki, a bala, «ölüm – ölümsüzlüyü öldürməkdir» kimi «ayə»lər istehsal eləyən Aqşinimiz, Salamımız, hələ onlardan əvvəl Vaqif Cəbrayılzadəmiz, Ramiz Rövşənimiz artıq var. Onlardan çəkdiyimiz bəsdi. Özünə də, valideynlərinə də, bizə də yazığın gəlsin. Sənin beynini ölüm, ölümsüzlük, səssizliyin harayı, harayın sükutu, göy üzü, göy üzünün o üzü, göy üzünün o üzünün o üzü, tabut, göz yaşı kimi zir-zibillə dolduranlar özləri ədəbiyyatda nə yaralı barmağa dərman oldular ki, sən də nə olasan? Yaxşı düşün, Mirbəhram, bala, ən əsası, dərslərini yaxşı oxu. Səni indi yalnız bu xilas edə bilər. Həm də təkcə səni yox, o düşük Gənc Ədiblər Məktəbindəki digər yaşıdlarını da. Sizə uğurlar.





Yüklənir...
Elçin bəy!
Əksəriyyətdən fərqlənib fikirlərinizi “şeir” şəklində deyil, anlaşıqlı, peşəkar jurnalist kimi dolğun ifadə etdiyiniz üçün sizə təşəkkürlər.
O iki deputatın kimlərə vəkillik etmələri qaranlıq qalsa da, Allah üzürlü olanları bağışlayandır. Həkim deputatın şairliyə keçməsini açıqlamağınız da çox maraq doğurdu. İbn Sina deyib ki, həkimin üç silah var: söz, ot, bıçaq. Bəziləri sözü “şeir” kimi, otu qanqal kimi, bıçağı da qəssablıq üçün anlayırsa, deməli o qiyamət deyilən vədə çox da uzaqda deyil. Bir də ki, o cürə şeirlərdən bir-ikisinə qulaq asan xəstə ya dünyasını dəyişməlidir, ya da təcili sağalıb xəstəxananı tərk etməlidir. yəqin ki, o şeirlər basayevin ayağına püflənsə, yarası bitərdi. Qələmin, sözün gücünə şəkkimiz yoxdur!
Gələcəyimiz olan gənclər də yəqin ki ədəbiyyatımıza, xüsusən şeirə yoluxmuş sayıqlama epidemiyasına tutulmaya bilməzlər. Məncə, Rəşad Məcidlik dı bir iş yoxdur, sadəcə azadlığın yolu anarxiyadan keçir və o da hələ bizim poeziyada qalmaqdadır.Uşaq da uşaqlığından çıxıb zombiləşmiş düşüncələrin cəngəlliklərində vurnuxur, allah şəfa versin.
Hörmətlə, S.Mərzili.
Yazinin birinci hissesi normaldir,suallar lap ureyimcedir.
Ikinci hissede :R.Mecidin edebiyyat tovsiyelerinden behrelenen shair-shagird ve muxbir haqdaki fikirler de obyektivdir.Lakin,bilmirem,duz chevire bilecemmi dilimize, almanlarda bele bir deyim var:leyendeki suyu ushaqla birge atmaq .Elnur bey de eyrini gorur,soyur,duz eleyir,amma ve hem de neinki Azerbaycan edebiyyatinin,dunyanin istenilen xalqinin edebiyyatina shahliq ede bilecek isimleri de “Reshad ve ko”ya qatir.Ittihamlar agir,haqsizdir.Bilirem,sualima cavab almayacam,(“yenilik” getirdiklerini iddia edenler ozleri dialoqa hazir deyil ,tenqide dozumsuzdurler.Hech olmasa,xanim yazarlardan numune goture bilerdiler)her halda muellif edebiyyatimizda kimleri yarali barmaga derman sayir. Teshekkur.
elnurun qurdlari yene terpenib,yaz gelib axi, tedaviye ehtiyaci var yene
Elnurun indiye qeder ne duz emelli bir yazisini oxumusham, ne de poetik nimune sayilacaq bir misrasini.
Bunu bir elnursever, anarsevmez arkadasha deyende cavab verdi ki, bes sen oxumamisan, Elnur ne yazib.
Ne yazib, dedim, duzu arkadashin catiq qashlarindan telashlandim ki, edebiyyatimiz ireli gedib, men geri qalmisham.
Dedi, Elnur yazib ki, Iran o gozellikde turshu xiyar istehsal eleyib, ancaq orda araq ichmirler.
Dedim, ustadina berkallah, yetirmesune otuz sallaq!!!