BU QƏDƏR SUSMAQ OLAR…

Yazar: Admin | Bölmə: Foto | Tarix: 25 Mart, 2009

Hacı Akif yaddaşı

hac-akif-agayev«Bildiz də, əsas «udareni» (əsas vurğu) hara düşməlidir?». Bu, Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri, rəhmətlik Hacı Akif Ağayevin Şeyxülislam Hacı Allahşükür Paşazadənin mətubat konfranslarından sonra işlətdiyi ən məşhur ifadəsi idi. Yəni, şeyxin mətbuat konfransında mövqe ifadə edilmiş məsələlərdən hansının daha çox qabardılmasını Hacı Akif jurnalist ifadəsilə «vurğunun hara qoyluması» şəklində nəzərə çatdırardı. Bir qədər yumşaq və eyni zamanda kəskin deyilən bu ifadənin arxasında Hacı Akifin xahiş və tələbi bir yerdə idimi, yoxsa ayrı-ayrı, bunu müəyyən edə bilmirdik. «Bilirəm də, yenə əsas məsələ qalacaq bir tərəfdə, şeyxin bir-iki cümləsini çıxaracaqlar manşetə» deyə Hacı Akif ərk qarışıq narazılığını ifadə edirdi jurnalistlərə.

Amma artıq düz bir ildir ki, nə o simanı görürük, nə o səsi eşidirik, nə də o ərk-nazın şahidi oluruq. Bir yaz günündə Hacı Akif bu fani dünyaya əlvida dedi. Öz bildiyi kimi. Bir ürək tutması ilə cismani həyatı əbədiyyətə qədər davam edən ruhi həyata dəyişdi. Yenə də öz sözü ilə bu can üzən itkiyə yanaşmaq istəyirəm.

Elə ki, bir məsələ barəsində eşidəndə və ya ona danışılanda Hacı Akif «nə əcəb» yox, təmiz Bakı koloriti və başının yüngülcə hərəkətilə «nə əceb» söylərdi. İndi ay Hacı, «nə əceb» bu cismani olanı ruhi olana dəyişdin?!

Zahirən quru, qaraqaşqabaq, adamayovuşmaz, insanlarla öz arasında müəyyən məsafə saxlayan şəxs kimi görünməyinə baxmayaraq, Hacı Akif öz dünyası və öz aləmi olan kişi idi. O, aləmdə nə etməli və nəyi necə etməli olduğunu bilən insan idi. Yaranan situasiyada hansı fikri ifadə etməyi dəqiq bilirdi. Bir jurnalist duyumu ilə ictimai ovqatın nə istədiyini fərqləndirməyi bacarırdı. Bəzən elə olub ki, bu məsələni belə desəydin nə olardı ki, ifadəsinə «sən fikir verdin, şeyxdən filan tərəfdə kim oturmuşdu, bax ona görə, bunu belə yox, elə demək lazım idi. Sən bilmirsən, siyasət qəliz məsələdir»- deyə iradlarını ifadə edərdi.

«Yazırlar e, çəkirlər e, amma o deyil, bilirəm də, o deyil». Bu cümlə Hacı Akifin cismani yoxluğundan sonra Şeyxülislam Hacı Allahşükür Paşazadənin tez-tez işlətməyə məcbur olduğu cümlədir. «Üç-dörd foto-kadr çəkərdi, amma kadr olardu, daha elə-belə şəkil yox»- deyə A.Paşazadə Hacı Akifin foto çəkilişlərinə və anı tutmaq bacarığına münasibətini ifadə edirdi.

Foto- anın tablosunu yaradan sənətdir

«Şəkil çəkmək, təkcə fotoaparatın düyməsini basmaq deyil, bu düyməni basana qədər onu nə üçün basmağı və bunu etməyin lazım olub-olmamasını müəyyən etmək bacarığıdır»- deyə Hacı Akif foto sənəti barədə danışardı. Hacı Akif həyatın məhz hansı anını saxlayıb əbədiləşdirməyi bilən fotoqrafdan daha çox rəssam duyumlu şəxs idi. O, foto sənətini rəssam işi ilə müqayisə edirdi. «Fikir verirsən də, rəssam oturub təbiət tablosu yaradır, fotoqraf da fotoaparatın düyməsini basmaqla həmin anın foto-tablosunu yaratmalıdır»- deyə Hacı Akif foto sənətinin «sirləri» barədə açıqlamalar verirdi.

agacDaha sonra çəkdiyi fotoları göstərirdi. 40-50 il önəcki Bakının foto-lentə alınmış və məhz həmin foto-anlarda yaşanan, indisə gerçəkdə olmayan məqamlar vardı. Qala divarları yaxınlığındakı əyri şəkildə bitən ağac. Həmin ağac artıq yoxdur. Amma Hacı Akifin və onun yaşıdlarının həm gördüyü, həm də yaddaşlarında saxladıqları ağac var.

Həmin nəsil hər gün o acağın yanından keçib, ona baxıb. Bizlərsə artıq Hacı Akifin həmin ağacla bağlı yaddaşındakı söz təsvirini «görə bilmədiyimiz» üçün və bu söz hafizəsi Hacı Akifin özü üçün belə, yetərli olmadığına görə foto-anda yaşatdığı ağaca baxırıq. Bu mənada Hacı Akif sözün bütün müsbət çalarlarında «içərişəhərli» ruhunun daşıyıcısı idi.

«Gördün, bax, ömür də belədir, axıb gedəcək, nə qalacaq, ayrı-ayrı epizodlar»- deyə Hacı Akif artıq yaşamayan ağacla insan ömrünü müqayisə edirdi. Biz bu söhbətləri hələ Qafqaz Müsəlmanları İdarəsinin «Əjdərbəy» məscidinə köçməzdən öncə «Təzə Pir» məscidindəki idarəsində edirdik.

Daha bir şəkil göstərdi. Özünün bütün zəhmi, daxili və xarici gücün birləşdiyi, qafqazlıların çərkəzi geyimində, sifət cizgilərinin ifadəsinə qədər gərilən simanın foto-anı. Hacı Akif özü demişkən, bir anın tablosunu yaratmağa qadir düymənin basılmasına dəyən an. Bu foto elə belə də adlanır «qafqazlı».

qafqazliAmma həmin fotodakı an özü bir kitablıq söz istəyir. Bu sadəcə fotoaparatın düyməsinin basıldığı an yox, elə hacı özü demişkən, nə üçün basılmasına səbəb olan andır. «Hə, sənə adi gəlməsin, fotoaparatla rəssamlıq etmək balaca iş deyil, gərək anı tutasan, tuta bilmədin, heç sonra ələ düşmür o məqam»- bunu da Hacı Akif deyirdi.

Qfaqaz Müsəlmanları İdarəsi «Əjdərbəy» məcsidindəki yeni idarə binasına köçdükdən sonra bir foto göstərdi. İlk baxışda sadə görünən fotonun yaranma anı barədə danışandan sonra fotoya bir də baxdım. Vatikanda bir neçə din xadimi, kardinallar ilə birgə saraya doğru getdiyi yerdə bir neçə göyərçin Şeyxülislam Hacı Allahşükür Paşazədinin çiyinlərinə qonub, kardinallar özləri heyrətlə baxır. Amma Hacı Akifin sözlərinə görə, bir qədər aralı olduqlarından ya kardinalların heyrət anı, ya da göyərçinlərin A.Paşazədənin çiyinlərinə qonması anı əksini tapmalı idi və Hacı Akif ikinci anı seçib.

Bu foto-anda bir incə cəhət də budur ki, şeyx göyərçinləri tumarlayır, onlarsa əminliklə və arxayınlıqla bu sığala uyaraq uçmaq barədə düşünmürlər belə. «Bəs sən nə bilirdin, göyrəçinlər də bilir ki, əminlik, arxayınlıq haradadır»- deyə Hacı Akif bu fotoya dəyər verirdi.

İldə bir gün şair

Hacı Akifin şeir yazdığını çox adam bilmirdi, o cümlədən mən də. Günlərin bir günü həmin şeirlərdən birini oxudum. Bu şairlik yalnız yanvarın ya 17-sinə, ya da 18-nə təsadüf edirdi. Bu şerin məzmunu və mahiyyəti də fərqli idi. Özü də bu şeirlərdə rus sözləri işlənərdi. Hacı Akif «köhnə bakılı»ların işlətdiyi rus jarqon sözlərindən yerində və məqamında istifadə edirdi. Əslində, bu şeirlər 19-20-ci əsr Bakı ləhcəsində yazılan şeirlər idi.

sheyxHətta mənə deyilənə görə, rəhmətlik Hacı Akifi yumaq üçün məscidə aparan zaman cibində həmin şeirlərdən biri olub və bu faktı şeyxislam A.Paşazadə özü bildirib. O, ildə bir gün şairliyini dostuna görə edərdi və özü də bu şeirlər məxsusi ona aid idi. Amma məzmun,bu başqa aləm idi. Hacı Akifin, o qaraqaşqabaq, adamyovuşmaz kimi görünən Hacı Akifin bu şəxslə aləm şirinliyi, ərki-nazı var idi. Hacı Akif nərdin, kofenin və baklılar demiş, cığana qutabın «dəlisi» idi. Onun fotoaparatından kənar, şəxsi cazibəsində siqaret, qara qəhvə, cığana qutab, bir də nərd vardı və bu Hacı Akifin yaşam tərzi idi.

Dostu bir dəfə nərd oynamaları barədə danışaraq artıq daşları çıxmağa başladıqlarını, Hacı Akifin «şeşxana»da dörd daşı, özunün isə «yekxana»da bir daşı qaldığını söylədi. Hacı Akif zərləri atır və «şeş qoşa» düşür. Dost «cığallıq» edərək deyir ki, yox, «şeş qoşa» deyil, təzədən atmalısan. Hacı Akif zərləri bir də atır və yenə də «şeş qoşa» duşur və dərhal dostuna «gördün, Allah, cığalı nakazat elədi»- deyə bir zarafat edir.

Oldu-u-u

Hacı Akfin «oldu» sözünü deməyndən də olmazdı. Bu qısaca «oldu» deyildi. Sonuncu «u» uzanardı, təqribən «uu» tələffüzü alınardı. Amma həmin «oldu»nun içində Hacı Akifin razı, narazı və ya bunun ikisinin ortasındakı ovqatı əksini tapardı. Yəni, Hacı Akif anlamında «oldu» təkcə, hansısa məsələnin bitməsi deyildi, həm də Hacı Akifin özü tərəfindən «necə başa düşüldü» anlamı idi. Ona görə də dostlarımızdan biri həmişə mənə bu məqama diqqət yetirməyi xüsusi tapşırardı. Çünki hansısa bir səhv Hacı Akifin «oldu»sunun içindən boylana bilərdi və artıq bilirdin ki, hacının razı və ya narazı qaldığı məqam hansıdır. Hansısa bir məsələ barəsində sözünü deməzdən öncə əlini yavaşca başına çəkər, dərin nəfəs alar, sonra sakit-sakit izah verərdi. Yenə də həmin jurnalist duyumu ilə az sözlə çox şeyi ifadə etmək qabiliyyəti vardı.

Rəngli şəkillər imtinası

«Rəngli şəkillər- bunlar şəkil deyil. Bilirsən niyə, ona görə ki, anın mahiyyəti rənglərin içində itir, təzad özünü göstərə bilmir». Bu, Hacı Akifin rəngli fotolar barədə mövqeyi idi. O, rənglərin əşyanı olduğu kimi göstərdiyini təsdiq edir, amma mahiyyəti, yəni foto-anın məqamının nədən ibarət olduğunu gizlətdiyini açıqlayırdı. Onun anlamında ağ-qara zahir və batini aydın göstərən üslub, rənglər isə onun üstünü örtən əngəl idi. Ona görə də Hacı Akif rəngləri həqiqəti örtən əngəl kimi qəbul edirdi. Buna görə də Səməd Mənsurun «Rəngdir» şeirini məhz buna nümunə gətirərək «rəngidir» deyirdi.
«O qədər rənglər olur ki, mahiyyətin nədən ibarət olduğunu görə bilmirsən, təzad özünü göstərə bilmir, məqsəd ortaya çıxmır, ona görə deyirəm ki, rəngli fotolar foto deyil»- deyə Hacı Akif rəngli fotolar barədə mövqeyini ifadə edərdi.

Bu baxımadn böyük imprivizator Vaqif Mustafazadə ilə bağlı yaratdığı ağ-qara foto tablosu sadəcə şəkil deyil. Burada Vaqif həyatının və bu həyatın, müsiqi yaradıcılığının cəmiyyətdə təzadlı qarşılanması əksini tapır. Yəni düşündürücülük təkcə fotonun özündə yox, həm də Vaqif həyatının özündədir, amma bu təzadı fotoda əbədiləşdirməsi Hacı Akif düşüncəsinin məhsuludur.

dostlarDigər bir məqamda Hacı Akif müştüklə siqaret çəkən şəxsin müştüyünün üzərinə quşun qonmasını çəkib. Həmin məqamın yaddaşlaşdırılması özü bir duyumdursa, quşun zəhər içilən müştüyün üzərinə qonmasının özü də bir duyumdur. Təbiətin saflığından tutmuş təbiətin qorunmasına, nikotinin zəhərliliyinə qədər düşüncə sistemi yerləşdirib Hacı Akif bu fotonun tərkibinə. Özü də maraqlı budur ki,
Hacı Akif şəklə «Dostlar» adı qoyub.

Bu ismin özünü də məcazi və ya müstəqim mənada başa düşmək artıq şəklə nəzər yetirən və məna anlamı üzərində düşünən şəxsə həvalə edilir.

Hacı Akif və Hacı Baba Pünhan tandemi

Yenə də həmin dostu Hacı Akfin sirlərindən birini açaraq rəhmətlik Baba Pünhanın çap edilmiş bütün kitablarındakı fotoların məhz Hacı Akifə məxsus olduğunu söylədi. O, bu fotoların bu iki şəxsin, yəni, Baba Pünhanla Hacı Akifin bəzən günlərlə,bəzən aylarla İçərişəhərdə gəzərkən yaratdığı sənət əsərləri olduğunu xatırlatdı.

Hətta bu şəxs belə bir əhvalat danışdı ki, Baba Pünhana Hacı Akifin şerini oxuyub və rəhmətlik Baba Pünhan üçün də Hacı Akifin şeir yazması gözlənilməz olub. Bu hadisədən bir müddət sonra xəstəliyi üzündən Baba Pünhan vəfat edib. Dostu danışır ki, Hacı Akif bu məsələyə özünəməxsus yanaşıb və deyib:«Gördün, neylədin, sənə dedim axı, mənim şeirimi Babaya oxuma. Baba biləndə ki, mən də şer yazıram onda «əgər Hacı Akif də şer yazırsa daha bu dünyada qalmağına dəyməz» deyib, bu dünyadan gedib».

Sözlə foto və foto ilə söz yaradan hər iki sənətkar beləcə dünya ilə vidalaşıblar. Bizlərə sözləri, duyumları və bizlərə mərhəm olan aləmləri qalıb. Həmin aləmdə hamı bir yerdədir, çünki xatırlanırlar.

Rəhmətüllah Şeyx Şixabəddinə sual veirirlər ki, ya şeyx, sən nə zaman öləcəksən, cavab verir ki, məni görən sonuncu uşaq öləndə mən də öləcəyəm. Sorşuşurlar ki, ya şeyx, sən nə zaman diriləcəksən, cavab verir ki, harada məni anacaqlarsa, sözümü danışacaqlarsa, o zaman diriləcəyəm. İstər Hacı Akif, istər Baba Pünhan daim sözləri danışılmağa və daim yaddaşlarda yaşamağa haqları olan şəxslərdir. Danışırıqsa, deməli artıq «dirilib»lər.

Sözün əxlaqı və əxlaqlısı

Hacı Akifdə mətbuat və söz əxlaqı var idi. Hacı Akif o nəsil jurnalistlərdən idi ki, həm yazdığının, həm oxuyanın, həm dinləyənin əxlaqını düşünürdü. Söz seçimində indi deyilən peşə etikasını və ya Hacı Akifin özünə layiq söz olan mətbuat əxlaqını və söz əxlaqını öndə saxlardı. «Sözü necə demək təkcə həmin sözü işlətmək deyil. İfadə şəxsin düşüncəsinin, əxlaqının, psixi durumunun gösətricisidir. Bəzən elə olur ki, kağız üzərində oxuduğun yazının sətirləri arasından səni gah qəzəb, gah şəfqət, gah biganəlik bürüyür. Həmin bürümə kağızda və ya yazının özündə deyil, bunu yazan şəxsin ovqatında olub»- deyə Hacı Akif yazının hansı ovqatda yazılması barədə deyərdi. O, ictimai məna daşıyan mətbuatda çalışanların öncə səbr yiyələri olmalarını zəruri saydığını deyirdi. «Ağır missiyadır, doğrudan ağır missiyadır, özüm bu alovun içindən keçmişəm, amma səbr və dəyanətdən yaxşısı yoxdur. Həm də insanı söyməyə nə var ki, hünərin var qandır, səhvini başa sal, bax iş budur»- deyə Hacı Akif mətbuat barədə mövqeyini ifadə edərdi.
Hacı Akifdə mətbuatın və sözün əxlaqı var idi, təəssüf ki, indi məhz bu cəhət çoxunda çatışmır.

Tofiq Türkel

1 səs2 səs3 səs4 səs5 səs (5 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. Tofiq bey salam!

    Men Haci Akifi umumiyyetle tanimirdim, eger bir-iki defe haradasa gormeyimi nezere almasaq. Amma Sizin bu meqaleniz onu cox gozel teqdim etdi. Xususen de Icerisheher fotosu adami valeh edir. Ve: “Sorşuşurlar ki, ya şeyx, sən nə zaman diriləcəksən, cavab verir ki, harada məni anacaqlarsa, sözümü danışacaqlarsa, o zaman diriləcəyəm”- bu sitata gore SIZE DERIN BIR TESEKKUR!

    Taleh Shahsuvarli

Şərh yazın