Ağalar Məmmədov. Tale şairi- Ramiz Rövşən
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 03 Nisan, 2009
“Bu gecə ay işığına çarmıxlanıb qalan mənəm”
“Bəlkə də hə… bəlkə də yox!..”
Metafiziki “bəlkə”nin şairidi Ramiz Rövşən.
“Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik xəbərimiz yox”. “Bəlkə də üzümüzə çırpılan qapılardan, Üzümüzə açılan qapılar qorxuludu”.
E. Blox yazır ki, insan daim “hələ-tamamlanmamış-olan”a sarı yaşadığı üçün ümid eləməyə məhkumdur! Ümid ölə bilməz, çünki faktik olaraq heç vaxt heç nə qurtarmır. Gələcək gəlməyə davam edir. Gələcəyin bir dəfə də bizim ümidimizi gətirməyəcəyini kim iddia edə bilər?! Buna görə də, insanın ümidə haqqı var və o, bunu hiss edir. Gələcək elə ümid deməkdi. Ümid bizim Gələcəyə pıçıldadığımız arzu(muz)du: “Noolar, gələndə onu (da) gətir” deyə. Əsl ümidsiz adam gələcəyin ona umduğunu gətirəcəyinə son inamını itirib, özünü öldürən adamdı. Hələ ki, intihar etməyənlər üçün qəti heç nə yoxdu, “bəlkə”dən başqa.
Ümidin başqa bir adı “bəlkə”di. Amma Ramiz Rövşən öz şeirlərində gələcəyə aid “bəlkə”lərdən danışmır, keçmişə, bitmişə aid “bəlkə”lərdən danışır. Ümid deyil onun “bəlkə”si, daha çox “heyf”di. Ona görə onun “bəlkə”si kədərlidi.
Ramiz Rövşənin yalnız bir ümidi var: “…öləndən sonra qəbri üstə ağlayası, bir qara paltarlı gözəl qadına”. Amma bu ümiddən, elə onun öz fikrincə, hər kişinin varıdı.
Füzulidə inam var allahın kəramətinə, lütfünə, real, yaşayan sevgilisinə xitab var, canlı yalvarış var, intizar var, bütün bunlara görə də ümid var. Ramiz Rövşəndə bunların heç biri yoxdu. Onda yaşanmış sevginin, yaşanmış ömrün və illərin ardından deyilən ağı var eləcə.
Sevgisini izhar eləməyə hazırlaşan adam gərək Ramiz Rövşən oxumasın. Çünki debütant aşiq onun şeirlərində nə sevgilisinə deməyə şeir tapar, nə də öz sevgisini alovlandırmağa nəsə. Ramiz Rövşəni sonda oxumaq gərək, sevgi buza dönəndə. O, başlanğıcın yox, “sonlanğıc”ın şairidi. Ramiz Rövşən başlamır, qurtarır. Onun şeirləri sonun laylasıdı.
“Mən öz taleyimdən necə gizlənim?!”
Allah alın yazısının müəllifindən başqa bir şey deyil Ramiz Rövşən poeziyasında. Allah tale ilahəsidir onun üçün, Tüxedir, Fortunadır, başqa heç nə deyil. Hərəyə bir “ölüm əmri” yazıb, çıxıb gedib bu allah, mirzələr kimi. “Bircə allah bilir…”.Onun “allah” dediyi Məhəmmədin, islamın allahı deyil. Allah onun üçün tamaşaçısız tənhalığın ortasında, yalvarmaq üçün naməlum ünvanın ifadəsidi. Dini deyil, mifo-poetik obrazdı onda allah. Əksini desə, buna ancaq təəssüflənərəm.
Onun şeirdəki “allah”ı bayquşdan çox da fərqlənmir. Əgər o, “Bacım bayquş, qurban olum, ulayanda bərk ula, Səsə gedim, qaranlıqdı, görmürəm” deyərkən, nə hiss edirsə və hiss etdirirsə, “ay allah” deyəndə də oxucuya elə onu hiss elətdirir.
Şeirlərindən hiss olunur ki, Ramiz Rövşənin “öz içində hamıdan uzaq” yaşadığı bir ömrü var. “İlan balası” gizli bir ömrün daxili iztirabından törəyib. “İlan balası”nı yaradan hal və heç kimin xəbər tutmadığı daxili iztirab Ramiz Rövşənə nəsib olub. O, buna sevinməlidi. Mən hələ “İlan balası” şeirini özümdən özgə düz-əməlli hiss edən ikinci bir adama rast gəlməmişəm.
İlan balası ilan deyil, baladı. Amma məsələ ilan balasında ilanlığı yox, balalığı görməkdə də deyil. Söhbət daha dərindi: Hələ bala sayıldığın yaşlarda, bala-bala hiss edirsən ki, sən deyəsən “döşünün altında sevən bir ürək, dişinin altında zəhər tuluğu” gəzdirən ilansan axı. Və üstəlik bu, sənin taleyindi, günahın deyil! Hamı günahkardı, amma heç kimin günahı yoxdu. Bunu başa düşdüyünə görə, hamı sənin başını əzməyə hazır olanda, Ramiz Rövşən sənin taleyinə ağı deyib ağlayar. Çünki o, “yerdən baxmır”, taledən baxır. “Dünyaya çoxdan baxıram”, “Göydən, allahdan baxıram”. “Bu köhnə dünyadı elə-beləcə; Gördüyün kimidi, özgə cür deyil”. “Dünya mənə tanış gəlir”. Burda heç nə dəyişmir, hərlənib-firlanıb, “Özünə qayıdır hər şey özünə”. Ramiz Rövşənin tale şairliyi budur.
Və talenin qarşısıalınmaz fatal hökmünü öz qismətində müşahidə edən şairdi o. O, öz şairlik missiyasını talenin tərcümanı kimi müəyyən edib. Və talenin qara xəbərlərini gətirməyə məhkum olduğuna inanan günahsız şairin vicdanıdı onu ağı dedizdirib ağladan.
Bu da onun irrasionalizmidi. Mən dəfələrlə müxtəlif yazılarımda deyəndə ki, islami aromatda azəri irrasionallığı, məsələn, Uzaq Şərq irrasionallığından fərqli olaraq, fertil (məhsuldar, bərəkətli, doğucu, sağlam) deyil, elə bunu demək istəyirəm. Bunun nəticəsidir ki, biz elmi düşüncədən bir az aralanıb, poetik, fəlsəfi işlə məşğul olmağa başlayan kimi dərhal dini-mövhumi quyuya düşürük. Buna görə də bizə rasional təfəkkürlə yanaşı, sağlam fəlsəfi irrasionallıq da lazımdı! Bu isə artıq Ramiz Rövşənlik deyil. Əksinə, Ramiz Rövşəni hələ alqışlamaq lazımdır ki, o, cin-şeytan irrasionallığına aldanmayıb.
Füzuli əgər yalnız özünə ağlayırdısa, Ramiz Rövşən əzab çəkən hər şeyə göz yaşı axıda bilir: ilan balasına, yalquzağa, süd dişi düşməmiş uşağın bivaxt sevgisinə, quşlara, kəpənəyə, başı kəsik kötüyə, əzizlərin itkisinə, təklənmişlərə və s. Əlbəttə, psixoloji baxımdan son nəticədə o da özünə ağlayır, öz qismətinə, amma müxtəlif epizodlarda, başqalarının həyatında. Ağlanmayası, göz yaşına gəlməyəsi tale yoxdu Ramiz Rövşən üçün. Şəfqətli ana ruhu var onda. Elçibəylə onun xarakterini birləşdirən gizli bağlardan biri bu idi. Yeri gəlmişkən, Elçibəyə yazdığı şeiri də yenə də özünə yazıb: “Səni sevdiklərin daş-qalaq eylər”.
“Bağışla”
Onun “bağışla” yalvarışları yenidən başlamaq üçün icazə istəyi deyil, “əlvida”dan qabaq istənmiş halallıq sözüdü.
Onun “bağışla” xahişi təzə səhərlər arzusu deyil, əksinə, düşən əbədi axşamın son sözüdü “bağışla” onun dilində.
Ancaq elə bu “bağışla”nın özü göstərir ki, Ramiz Rövşən talenin kor qulu saymır özünü, fatalist deyil o. Fatalist üzr istəməz. Fatalist yalvarmaz.
Taleçiliyi talepərəstliyi deyil onun. Əksinə, o ki, talenin ədalətsizliyinə etiraz edir. Etiraz etməyən ağı deməz. Ağı – qorxmuş lənətdi!
Ramiz Rövşən Sürünün Təki təkləməsinə çox ağı deyib. Kəpənəyi “qara-qara qarışqalar” təkləyir, yalquzağı “qorxaq itlərin igid sürüsü”, ilan balasını “zalım dünya”. Sevgi özü də təkbaşına dara düşüb təklənməkdi.
“İlan balası”, “bayquş”, “canavar” – bunlar daha gül-bülbül ədəbiyyatı deyil, dünyanın “astar üzü”dü. Dünyanı astar üzündən yaşamaqdı.
Amma Ramiz Rövşənin yalvarışları zəlilliyə keçmir. Məsələn, “Nəfəssizəm, tez ol, mənə nəfəs ver!”. Boğulan adamın əmr üslubunda olduqca yaraşıqlı, profetik-teatral yalvarışıdı bu! Boğulma eksistensialist temadı.
Mən həmişə inanmışam ki, yalvarış da insanın ehtiyacıdı. Dağlar göylərə yalvaran kimi. Eləcə yalvarmaq istəyirik birdən. Heç kimi tapammayanda isə boğuluruq tənhalıqdan. Amma çox heyf ki, Ramiz Rövşən hələ tam tənha deyil, o, Allaha inanır deyəsən! Buna görə də çox təəssüf ki, o, hələ tam yaxşı boğula bilmir, yalvarışları getdikcə diniləşir. Bu, təhlükəlidi onun üçün. Bəlkə də onu ancaq “qara paltarlı”, gözəl və mistik bir qadın ala bilər Allahın əlindən. Hardadı o, çıxsın xilas eləsin Şairimizi…
“…ölmək istəyirəm”
Ölüm talenin ən ağır, ən “bəlkə”siz sözüdü. Ramiz Rövşən öz vaxtsız ölümünü, intiharını, özünü asmağını, necə ölməyini və ölümündən sonrakı səhnələri çox xəyal eləmiş adamdı. (Şeirlərinə əsasən deyirəm, şəxsi tanışlığımız yoxdu). Erkən ölüm arzulayıb o, özü də tragik, qəhramani ölüm. “Mən o cür yaşayıb ölə bilmərəm – azardan, bezardan, ya qocalıqdan…”. Məsələn, onun “Addım” şeiri tamamilə intihara həsr olunub: “Bir gün olar” ata bilmədiyin o son “bir addımın qabağında diz çöküb, hönkür-hönkür ağlayarsan…”
Bir dəfə də belə deyib: “Mən elə bilirdim, sənsiz ölərəm…”. Məncə çox istəyir o, son addımı ata bilsin, nəhayət bir gün təxminən belə yaza bilsin, ipi boğazına keçirməzdən qabaq: “Sən elə bilirdin, sənsiz ölmərəm?..” Bəlkə də bunu eliyə bilmədiyi üçündür ki, uzun yaşadığından utanır o.
Onun poetik müşahidəsinə görə, insan böyüdükcə, yaşa dolduqca, qocaldıqca əvvəlki “mən”lərini bir-bir ölür, öldürür. Bir ömürdə neçə-neçə insan ölür. O, “ölmüş uşaq Ramiz”, “ölmüş gənc Ramiz”dən danışmaqla, bəlkə də “Eybi yox, gördüyünüz bu Ramiz ölməyibsə də, ölə bilməyibsə də, indiyədək onda çoxlu Ramizlər ölüb” demək istəyir. Bununla, istədiyi ölümü ölmədiyinə görə, bəlkə də öz utancına təsəlli verir.
“Bir də gördün, qanadlanıb üstünə cumdu ölüm”
Onun şeirlərində, qəfəs, qapı, nəfəs kimi obrazlar tez-tez təkrarlanır. Amma “quş” obrazı daha çoxdu onda. Nədir bu “quş” Ramiz Rövşəndə, hardan uçub gəlib onun şeirlərinə? Qadın deyil quş onda. Qadını xatırladan daha çox göyərçindi, xüsusilə göyərçinin yerişi. O isə sərçədən, bayquşdan yazır. Əgər “öl” fel kökünün bir etimoloji mənası doğrudan da yüksəlmək, uçmaq deməkdirsə (qədimdə ölənə “uçmağa vardı”, “uçub getdi” deyiblər), onda “quş” simvolu ölümü ifadə etmiş olur. Ölən – quşa çevrilir. Bu da onun poeziyasının ruhuna uyğundur. “Güc ver bu ağrıdan can qurtarmağa, quş olub yanına uçmağa güc ver”. Xatırladım ki, mələklər də qanadlı insan biçimində, yəni “quş-insanlar” kimi təsvir edilirlər. Başqa sözlə, “quş” yerlə göyü, insaniliklə, ilahiliyi, bu dünya ilə o dünyanı özündə birləşdirən ölüm simvoludur.
“Özün öz yolunsan…”
Ramiz Rövşən şeir quraşdırmır, ona görə də əksər şeirlərini o, əzbər bilir, ona görə nisbətən az yazıb, ona görə də zəif şeirləri azdı. Pis yazır, yaxşı yazır, amma o şairlik roluna girmir, özü demişkən “şair işləmir”, “özünü yazır”, həyatını poetizasiya edir. Əgər səhv yazırsa, deməli, səhv yaşayır. Zəif yazırsa, deməli, zəif yaşayır. O təkcə başında şair deyil, ömründə, öz gerçək varlığında şairdi. Yanıla bilər o, amma aldatmır; yanlış deyirsə, deməli, özü yanılır, amma bizə yalan demir. Budur şəxsən mənim üçün yazı adamının ən böyük dəyəri. Çünki doğruçu adamın yanılması da məktəbdi.
Məsələn, əgər o, “Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla” yazıbsa, axı indi haqqımız çatmır ona deyək ki, sənə niyə elə gəlib ki, onsuz öləcəksən və niyə onsuz ölmədin və nəhayət, ölmədiyin üçün indi ondan nə üçün üzr istəyirsən? Belə söhbət olmaz axı. Bu, onun ömrüdü, sevgisini də belə yaşayıb, belə yanılıb, indi neyləyək.
“İndi belə yazırlar, mən də belə yazım” – uşaq aldanışıdı. Sən öz ömründə ölümcül eksperimentlər, gizli risklər, təhlükəli döngələr eləmirsənsə, yaşadıqların və düşüncələrin sənin özünü vahimələndirmirsə, azmaq üçün yox, çatmaq üçün yola çıxmısansa, sən hələ heç nəsən! “Doğruçu (həqiqi) adam ol, onda nə desən doğru (həqiqət) olacaq” (Lao Tse). Ömür yolun təzə olmalıdı, onda yazdıqların da təzə olacaq. Biz fəlsəfədə buna autentiklik deyirik: “Primum vivere, deinde philosophari” (Əvvəlcə yaşa, sonra filosofluq elə). Ramiz Rövşən buna “şairlik halı” deyir. Haqlıdı.
“Burax gedim, ay işığı!..”
Bu yazımda mən Ramiz Rövşənin nə Azərbaycan poeziya tarixindəki, nə müasir poeziyadakı yerinə, nə də onun gənc şairlərə və sosial təsirlərinə toxundum. Mən onun şeirləri vasitəsilə qaranlıq və tənha ömrünə işıq salmaq istədim sadəcə. Ömrə hörmət eləmək lazımdı.
Amma ürəyimdən nəsə tikan çıxmadı. Deyə bilmədiyim xeyli mətləb də qaldı.
Mən sevirəm Ramiz Rövşəni oxumağı. Bu, nə şeir zövqünün oxşarlığı, nə də fəlsəfi dünyagörüşlərinin üst-üstə düşməsidi; bu, hal eyniliyidi. Onun halı mənə çox oxşayır.
“Burax gedim, ay işığı!..”. Bu misra mənə çox doğmadı, elə bil mənim üçün yazıb…



(9 səs, hardasa: 4,78 ilə 5 arası)

Yüklənir...
Yazının:”Mən dəfələrlə müxtəlif yazılarımda deyəndə ki, islami aromatda azəri irrasionallığı, məsələn, Uzaq Şərq irrasionallığından fərqli olaraq, fertil (məhsuldar, bərəkətli, doğucu, sağlam) deyil, elə bunu demək istəyirəm. Bunun nəticəsidir ki, biz elmi düşüncədən bir az aralanıb, poetik, fəlsəfi işlə məşğul olmağa başlayan kimi dərhal dini-mövhumi quyuya düşürük. Buna görə də bizə rasional təfəkkürlə yanaşı, sağlam fəlsəfi irrasionallıq da lazımdı! Bu isə artıq Ramiz Rövşənlik deyil. Əksinə, Ramiz Rövşəni hələ alqışlamaq lazımdır ki, o, cin-şeytan irrasionallığına aldanmayıb”- döngəsi ilə razılaşa bilmirəm. “Bu nöqtə Səməd Vurğunluq deyil” söyləyəndə S. Vurğunun hansı küpdə yazdığı nəzərə alınmamalıdır? Ramiz Rövşənin içində, qovluğunda nələr olduğunu haradan bilirsiniz? Bir də bəy dediyin nədir, bəyənmədiyin nə? Hətta sevmədiyin insan haqqında “bu nöqtəni tutmaq onluq deyil” alçaldıcı səslənmirmi? Şəxsən mən R. Rövşənin şerlərindən sevməyə başlamamış öyrənirəm. Əksinə, sizin yazılarınız şəkk-şübhədən başqa bir şey aşılamır. Mövzu qurtardı, keçdik Ramiz Rövşənə. Ramiz Rövşənə münasibətin formalaşmasında sizin yazınızı “hiyləgər alçaldıcı” görürəm.
Çox, olduqca gözəl bir yazı. Ramiz Rövşən necə xoşbəxtdir ki, onu bu qədər gözəl duyan və ifadə edən oxucusu var.
Sadəcə bir nüansı da mən əlavə etmək istəyirəm: onun “bəlkəsi” həm də təsəllidir, məncə.
Ümumiyyətlə, ruhu maraqlı adamlar hər nə etsələr fərqli olur deyə rahat həzm olunur. Ramiz Rövşənin şeirləri nə qədər ki rahat həzm olunur (ilk baxışda), bir o qədər də adamın ruhunu dolaşığa salır. Sanki içində bir proses gedir və bu prosesin adının nə olmasının heç bir fərqi yoxdur, əsas odur ki, proses olsun. Çünki məhz bu proseslər adamın özü-özünü araşdırmasına, düyünləri çözməsinə yol açır, “quş olub” rahat-rahat uçmasına şərait yaradır.
Bir az fəlsəfə açdım deyəsən-))) yazının qüdrətindəndir yəqin.
Nə gözəl olardı adamın başqa işi-gücü olmasın, bütün günü oxusun, gəzsin və yazsın. Bəzən “avaralıq” üçün darıxır adam…
yazi eladi. amma bir yerinde ya men cashiram, ya da mwellif cashib; ”bacim bayqush, qurban olum, ulayanda berk ula, sese gedim, qaranliqdi, gormwrem bu misralarin mwellifi hem de vaqif semedoqludu mence. astara rayonunun azerbaycan edebiyyatindan cox uzaqda yerleshdiyine gore, meni agalar mwellim bagishlayar yeqin k…
Fəlsəfi bədiilik və bədii fəlsəfilik birləşir Ağaların yaradıcılığında. Sonra da deyirlər ki, dilimiz bəsitdir, sözümüz azdır… Yox! Deməyə fikir olanda, sözlər də özü gəlir, tapılır, qurulur.
Sağol!
Bu yazıya belə bir foto vermək olardı: ÜTÜ şəkli. Bəli-bəli.
Adi ev-məişət ütüsünün şəkli bu yazının metodunu yaxşı ifadə edərdi.
Çəkingən diplomatik hiylegerlik və ütülü yanaşma var yazıda.
Müəllif Ramiz Rövşəni sevir, ancaq anlayır ki, onun yaradıcılığını sevmək indiki dövrdə dəb və “yaxşı” sayılmır,
ona görə də sanki onun yaradıcılığına tənqidi yanaşmaq kimi bi rol oynamağa çalışır.
İnsafla desək yaxşı yazıdı, misal üçün, mən digər şərhçi Altayın qeyd elədiyi “hiyləgərliyi” hiss eləyə bimədim, bəlkə yazını bir də oxumaq gərəkdi. Əlbəttə, əqidəli ateist olaraq Ağalar bəyin mətndə “öz dərdinə ağladığı”, “Allahla haqq-hesab çəkdiyi” yerlər də var, amma bu bütövlükdə müəllifin səmimiyyətinə kölgə salmır; qalanını Allahla Ağalar bilər.
Təsadüfən (yaxud zərurətən) bu günlərdə Ramiz Rövşəni təkrar oxudum; nə qədər kədərlidi, amma nə qədər də insanidi! Allah köməyində olsun!
Maraqlı yazı üçün təşəkkürlər, Ağalar bəy.
Bir xahişim var, gəncləri də tənqid edin, lütfən. Aqşin Yeniseyi, Seymur Baycanı, Qan Turalını və s… Məncə onların daha çox tənqidə ehtiyacı var.
R.Rövşən qoca adamdır, bundan sonra tənqiddən nəticə çıxaran deyil, necə qaramat idisə, elə də qaramat olaraq qalacaq.
Amma gənclər üçün siz avtoritetsiniz, siz onları yaxşı tərəfə dəyişə bilərsiniz. Bundan da udan elə toplum olaraq biz olacağıq.
Hələlik.
Firudin ALlahverdi,
Aqsinin tenqide munasibeti shexsen mene belli deyil, Qan Tural ise sen deyen edebi metnler yaratmir tenqid olunasi, geleceyi hele qabaqdadir. Seymur Baycanin tenqide munasibeti serhlerini qapamasindan bellidir, onun haqqinda iki kelime yazan kimi “dost”larina “söyün” gosterişi verir. Ümumiyyetle, Günelin sözleri ile desem, SİZİN DESTEnin tenqid etmek, dözüm göstermek ve müzakire aparmaq medeniyyeti yoxdur. Odur ki, Sizin teklifiniz çox süni görünür.
7-ci sherhe munasibet bildirmek isteyirem.Insanlari bizimkilere ve “nemeslere” bolmek ne derecede mentiqlidir.Mence bolen ve deyinenler ,incimeyin,daha qocadir.Elitarliq ve kubarliq hem de xoshgorudur.
Yaziya gelince,semimi yazilib,amma maraqli deyil.Sayqilarla.
Firudin bey siz de onlardansiz?
Onların arasında dostlarım var, Qurban.
TaNıŞ, inan ki, çox səmimiyəm. Ağalar müəllim kimi düşüncə sahibinin tənqidinə onların çox böyük ehtiyacı var. Onların heç biri Ağalar bəyin tənqidini qərəz kimi qəbul etməyəcək – ən azından buna ümid edirəm.
Şərhə qapamaq məsələsini nə qədər qaldırmışam, mənə türk köşə yazarlarını nümunə gətirirlər ki, onlarda da köşələrə şərh qapalı olurmuş. Gərçi, mənimçün heç bir fərqi yoxdur – istər köşə, istər roman – şərhə, tənqidə açıq olmalıdır.
7-ci şərhə münasibət bildirən 9-cu şərh sahibəsinə 7-ci şərh sahibindən cavab:
Mən “bizimki” – “nemes” ayırması aparmadım, 7-ci şərhi bir daha, bu dəfə daha diqqətlə oxumanızı rica edirəm. Mən “gənclərin tənqidə daha çox ehtiyacı olduğunu” bildirdim.
Təşəkkürlər.
Füzuli əgər yalnız özünə ağlayırdısa, Ramiz Rövşən əzab çəkən hər şeyə göz yaşı axıda bilir: ilan balasına, yalquzağa, süd dişi düşməmiş uşağın bivaxt sevgisinə, quşlara, kəpənəyə, başı kəsik kötüyə, əzizlərin itkisinə, təklənmişlərə və s. Əlbəttə, psixoloji baxımdan son nəticədə o da özünə ağlayır, öz qismətinə……………..——-
Elə şairin böyüklüyü də ondadı da, Ağalar müellim.Siz elə bunu dərk etməliydiniz də…Fəlsəfə oxumaqla ,bir-iki filosof fikri öyrenmekle filosof olmurlar haa!”Hər bildiyini söyləmə,hər söylədiyini bil”.Danışanda fikirlərinizi sistemə salın.Fikirləriniz bir-birini tamamlasın.Siz lap dünyanı,materiyanı mövcudatı öyrənən filosoflar kimi( sizə filosof demirəm hələki.qarışdırmayın,misal gətirirəm),öncə ateist olub dünyanın yaranışını onda- bunda -materiyada,havada,odda- axtarıb bir nəticə əldə edə bilməyib axırda Allahın varlığını dərk edən filosoflara bənzədiniz bu “məqalə”nizlə.Bəlkə Ramiz Rövşən adı çəkməyiniz sizə şöhrət gətirdi nə bilmək olar.
P.S Mən şəxsən Ramiz Rövşənin eyni şeirini 3 defe oxuyub 3-ünde de hər misrada sanki oxumamışam kimi yeni fikirlerle rastlaşıram.
Niye?
“Analar aldatdi bizi”-bu misra mene cox ezizdir.Ramiz Rovsen serlerine ele alude olmusam ki,muellifin meni tanidigina,ozume bele etiraf etmediklerimi onun duyub qeleme almasina inandirmaga calisiram ozumu.serhimi sevimli sairimin cox sevdiyim serlerinden biri ile yekunlasdiriram.
Ne var ALLAhdan yuxari?
Ne var qebirden asagi?
Cekdiyim ahdan yuxari?
Bildiyim sirden asagi?
Niye gunun gunduzunde
Quslar azir goy uzunde?
Goz yaslari qus gozunden
Tokulur den-den asagi
Deme ,biz ki,qus deyilik
ALLAHA tanis deyilik
Ruhum,dur yigis gedirik
Sen yuxari men asagi…..
“Bacım bayquş, qurban olum, ulayanda bərk ula, Səsə gedim, qaranlıqdı, görmürəm” , Səmədoğlunun şeridir, Ramiz Rövşənin yox!