Bir milyonluq büdcənin gizlinləri

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr, Xəbərlər | Tarix: 04 Nisan, 2009

elnurElnur ASTANBƏYLİ

Dəfələrlə yazdıq, təkrar yazmaqda fayda var: bu gün Azərbaycanda əsl ədəbiyyat Yazıçılar Birliyindən kənarda yaranır, Yazıçılar Birliyindən kənarda nəfəs alır. AYB artıq Azərbaycan ədəbiyyatının keçmişidir, həm də nə yazıq ki, kirli keçmişidir. 75 illik mövcudluğu dövründə gerçək missiyası gəlib-getmiş bütün hakimiyyətlərin, ideologiyaların əlinə su tökmək, onların «vintciyi və təkərciyi» olmaqdan ibarət bu təşkilat eyni vəzifəni günümüzdə də böyük şövq və zövqlə davam etdirməkdədir. Nəticə göz qabağındadır: Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun Yaxın Şərq münaqişəsinin həllinə təsiri nə qədərdirsə, AYB-nin çağdaş ədəbi prosesə təsiri də elə o qədərdir. AYB ədəbiyyatdan başqa hər şeylə məşğuldur: bura hazırki hakim siyasi sistemin alovlu təbliğatından tutmuş Azərbaycanda yeni ədəbi estetikanın formalaşmasına qarşı süngü rolu oynamağadək bütün anti-ədəbi fəaliyyət daxildir. Əvəzində isə hakimiyyət Yazıçılar Birliyini yağ içində böyrək kimi bəsləməkdə, bu ölüvay qurumu «diriltmək» üçün xalqın pullarını havaya sovurmaqdadır.

Ağlı başında olan bir dövlət AYB kimi qeyri-funksional, kif və ətalət basmış bir təşkilata büdcədən nəinki yüz minlərlə manat, heç qoyun qığı da verməz. Amma əgər söhbət bütün sahələrə olduğu kimi, ədəbiyyata da özünün əzici-deşici-kəsici aləti kimi baxan YAPtokrat hakimiyyətlərdən gedirsə, əlbəttə, məsələnin rəngi dəyişir. Mətləbi çox uzatmayaq. 2009-cu ilin dövlət büdcəsindən AYB-yə üst-üstə 1 milyon manata yaxın vəsait ayrılıb, amma ortada hələ də ədəbiyyat adına çürük qoz da yoxdur. Yenə də bu ölkədə ədəbi proses Yazıçılar Birliyindən kənarda – Rasim Qaracanın itzülmü ilə kvartalda bir dəfə çıxardığı «Alatoran» dərgisinin, Tahir Kazımlının daşı başa, başı daşa vurub nəşr etdiyi «Proloq» qəzetinin, Zahir Əzəmətin maaşından kəsib yaşatdığı Kultaz.com saytının səhifələrində yürüməkdədir. AYB sədri Anar və ətrafı isə büdcədən ədəbiyyata ayrılan üst-üstə 1 milyon manatı yeyib üstündən su içməklə məşğuldur. Bəli, bəli, doğru eşitdiniz, dövlət AYB-yə düz 1 milyon manat ayırır! Təfərrüatlara keçək.

Niyə, niyə, niyə?

Əvvəla, nədənsə başda həşəmətli Anar Rzayev olmaqla, bütün AYB rəsmiləri indiyədək büdcədən bu quruma ayrılan vəsaitdən söz düşəndə məbləği 350 min dollar göstərirlər. Yəni haradasa 270 min manat. Halbuki təkcə AYB-nin mərkəzi aparatının və yerli bölmələrinin saxlanılması üçün ayrılmış büdcə vəsaiti 373.190 manatdır, Yazıçılar Birliyi başbilənlərinin sevimli valyutası ilə desək, 440 min dollar. Elə buradanca görünən odur ki, qeyri-rəsmi Ədəbiyyat Nazirliyi funksiyasını yerinə yetirən AYB rəhbərliyi qaşla-göz arasında 90 min dolları gizlədir.
İkinci, yenə nədənsə Anar Rzayev və ətrafı birliyə büdcə ayırmalarından söz düşəndə AYB-nin ədəbi orqanları üçün nəzərdə tutulmuş məbləği «unudurlar». Doğrusu, əgər həmin məbləğ semiçka-pulu zad olsaydı, bu unutqanlığı başa düşərdik. Amma söhbət 600 min manata yaxın bir vəsaitdən gedir. Əlbəttə, hakimiyyətin yüksək eşalonunda təmsil olunanlar üçün 600 min manat nəinki semiçka pulu, hətta konfet kağızıdır. Amma söhbətimizin mövzusu bu deyil. Gerçəklik odur ki, 600 min manata Azərbaycanda ədəbiyyat adına yetərli olmasa da, xeyli faydalı işlər görmək mümkündür. Və məni maraqlandıran budur: Anar Rzayev və yandaşları niyə AYB-nin büdcəsindən danışarkən həmin bu 600 min manata yaxın vəsaiti dillərinə gətirmək istəmir. Niyə, niyə, niyə? Bu, o demək deyilmi ki, torbada pişik var? Bu, o demək deyilmi ki, həmin pulların dürüst xərclənməsi şübhə altındadır?

600 min manatın açıqlaması

Azərbaycan Respublikasının Dövlət Büdcəsi məxfi sənəd-zad deyil. Parlament büdcə layihəsini qəbul edib, prezident də imzalayandan sonra rəsmi qəzetlərdə çap olunur, hər kəs özünə əziyyət verib rəsmi qəzetlərdən büdcəylə bağlı məlumatları əldə edə bilər.
AYB-yə gəlincə, rəsmi qəzetlərdə çap olunmuş dövlət büdcəsi sənədində açıq göstərilib:

Yazıçılar Birliyi – 373.190 manat.

Bundan başqa:

«Azərbaycan» jurnalı – 160. 512 manat;
«Qobustan» jurnalı – 55. 176 manat;
«Literaturnıy Azerbaydjan» – 77. 246 manat;
«Ulduz» jurnalı – 65. 208 manat;
«Ədəbiyyat qəzeti» – 200. 640 manat.

Mən bu qədər büdcəyə rəğmən adıçəkilən qəzet və jurnalların özünü əsla və əsla doğrultmamasını, onların üzünə köşklərdə it də baxmamasını, satış nöqtələrindən 70-80 faiz «vozvrat»la sahiblərinin üstünə qayıtmasını qoyuram bir tərəfə. Ədəbi orqanlara büdcədən ayrılan vəsaitlər üzərində maxinasiyalara yol verildiyini düşünmək, bundan şübhələnmək üçün əlimdə daşdan keçən əsaslarım var. Bu barədə az sonra.

Olacaq iş deyil: 200 min manata həftəlik qəzet!

Gələk əsas məsələyə – ədəbi orqanların büdcə rəqəmlərindəki şişirtmələrə və şübhəli fərqlərə. Fikir verin, ildə 12 dəfə çıxan «Ulduz» jurnalının büdcəsi 65 min manat olduğu halda, ildə 4 dəfə çıxan «Qobustan» üçün bu məbləğ 55 min manatdır. Üstəlik, «Ulduz»un kollektivi daha böyük, tərtibat xərci daha yüksəkdir. Elə isə büdcələrin təxminən eyni olması nə qədər doğrudur? Adamın yadına məşhur lətifə düşür: «Bakıdan Şəkiyə də bir manat, Bakıdan Bakıya da?!»

Hələ bu harasıdır? «Azərbaycan» və «Literaturnıy Azerbaydjan» jurnalları təxminən eyni həcmdə və tərtibatda nəşr edildiyi, hər iki jurnalın eyni sayda kollektivə malik olduğu halda büdcələri arasında az qala üç dəfəyə yaxın fərqi nə ilə izah edir həşəmətli Anar müəllim? Üstəlik, «Literaturnıy Azerbaydjan» tərcümə dərgisi olduğundan məntiqlə onun büdcəsi də daha yüksək olmalı deyilmi? Amma çifayda, Anar Rzayev təkcə ədalət hissini deyil, məntiqini də çoxdan itirib.

«Ədəbiyyat qəzeti»nin büdcəsinə isə istənilən gündəlik qəzet həsəd apara bilər. Yumurtadan yenicə çıxmış cücə də bilir ki, bu ölkədə 200 min manat həftədə bir dəfə, 8 səhifədə, ağ-qara rəngdə, kiçik tirajda nəşr edilən, müəlliflərinə aşağı qonorar verən, elə də böyük yaradıcı kollektivi olmayan bir qəzet üçün fantastik rəqəmdir. O zaman sual ortaya çıxır: hara gedir bu 200 min manat?

Bir sözlə, AYB-nin ədəbi orqanlarının büdcəsi ilə bağlı rəqəmlərə adamda ortada korrupsiyanın tüğyan etdiyini düşünmək üçün ciddi şübhələr yaradır. Bu şübhələri ortaya qoyduqdan sonra isə nə yazıq ki, Anar Rzayev və ətrafı ağlabatan əks-fikirlər səsləndirmək əvəzinə, Zəlimxan Yaqubsayaq sinonimləri ard-arda düzməklə məşğuldur: «ağ yalandır, şərdir, böhtandır, iftiradır…» Nə etməli, oğru elə bilir, hamı oğrudur.

Qurd və quzu

Bir daha yazının əvvəlinə qayıdaq. AYB-nin büdcədən bəslənməsinin səbəbləri məlumdur. Azərbaycanda ədəbiyyat cəmiyyətə təsir, onu yönəltmək baxımından öz cazibədarlığını saxlayır. YAPtokratlar da bunu başa düşür və 1 milyon manatla qiymətləndirir. AYB də borclu qalmır, məddahlığın, yaltaqlığın, şahsevənliyin iliklərinə qədər işlədiyi yazıçı ordusunu hakimiyyət naminə səfərbər edir. YAPtokratlar AYB-nin büdcəsini ilbəil şişirtməklə hələ də vicdan hissini itirməmiş, haqsızlığa, ədalətsizliyə qarşı qələmi ilə döyüşən yazarları AYB çətirinin altına toplaşmağa şirnikləndirmək, beləliklə, onlardan da yeni anarlar, fikrət qocalar, elçin hüseynbəylilər, yusif həsənbəylər, zəlimxan yaqublar düzəltmək niyyətindədir. Çünki AYB-də olaraq, hakimiyyətdən bəslənərək, öz vicdanını, ədalət hissini, yaradıcı azadlığını qorumaq qeyri-mümkündür. Eyni vaxtda həm AYB-də, həm də ədəbiyyatda olmaq qeyri-mümkündür. Ədəbiyyat və AYB – bunlar ağla qara, aydınlıqla qaranlıq, Xeyirlə Şər qədər fərqli anlayışlardır. AYB olan yerdə ədəbiyyat yoxdur, anti-ədəbiyyat var. Ədəbiyyat olan yerdə AYB ölü candır, fil-filodur. Siz odla suyu bir yerdə təsəvvür edə bilirsinizmi? Siz qurdla quzunu bir çəmənlikdə təsəvvür edirsinizmi? Elə isə özünüzü yormayın. AYB ilə ədəbiyyatı da bir arada təsəvvür edə bilməyəcəksiniz.

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. Elnur bəy, bu məsələnin üstünə düşdüyünüz üçün sağ olun.
    Ancaq əgər bu məsələni yarımçıq buraxsaz, yəni kanatına çımasaz, sağ olmayın.
    Çıxın axırına bu işin və birdəfəlik dövlət AYB-ə bu qədər pul ayırmaq israfına son qoysun sayənizdə.

Şərh yazın