Vaqif Yusifli. Təzə səslər, nəfəslər- I Məqalə.

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 16 Nisan, 2009

132Poeziyamıza yeni bir nəsil gəlib. Bu nəsli şərti olaraq «ikiminincilər» ya da «sonuncular» adlandırmaq olar. Müəyyən oxşar cizgiləri və həm də  fərqli xüsusiyyətləri ilə seçilən bu nəsil hələ tam formalaşmasa da, maraqlı təsir bağışlayır. Belə ki, yeni əsrin yetirmələri olan bu cavan şairləri birləşdirən bir cəhəti xüsusilə qeyd etmək istəyirəm, o da yeniliyə, təzə söz deməyə can atmalarıdır. Doğrudur, bəzən onların bir çoxu, eləcə də şeirləri barədə söz açan müəlliflər iddia edirlər ki, bu nəslin yazdıqları nə varsa, yeni şeirlərdir. Əlbəttə, bu fikirlə razılaşmıram, yeni şeir ayrı şeydir, yeniliyə can atmaq ayrı şey. Bunları bir-birindən fərqləndirmək lazımdır.

Xatırlayım ki, 90-cı illərdə ədəbiyyata gələn nəsil də yeni şeir iddiasıyla meydana atılmışdı. Həmin nəsil bəzi maraqlı, orijinal poetik nümunələr yaratdı, bunu inkar etmək olmaz, lakin bir çox hallarda  iddiaları ilə imkanları arasında bir boşluq və tərs mütənasiblik yarandı. Ümumiyyətlə, «yeni şeir» anlayışı çox sürüşkən və son dərəcə şərti bir anlayışdır. Siz «yeni şeir» deyəndə nəyi nəzərdə tutursunuz, ay xanım şairlər, ay bəy şairlər?  Məncə, bu «yeni şeir» iddiasını bir qırağa qoyub gəlin şeirimizdə, konkret olaraq sizin yazılarınızda nəzərə çarpan uğurlu və uğursuz cəhətlərdən söz açaq, belə bir suala cavab axtaraq ki, bugünkü Azərbaycan poeziyasında siz hansı özünəməxsus, fərdi xüsusiyyətlərinizlə seçilirsiniz?

Mən yeni poetik nəsil deyəndə konkret olaraq Səlim Babullaoğlunun, Səhərin, Aqşinin, Şərif Ağayarın, Samir Sədaqətoğlunun, İlqar Fəhminin, Zahir Əzəmətin, Narıngülün, Tərlan Əbilovun, Rövşən Naziroğlunun, Xaqani Haşın, Sevinc Pərvanənin, Orxan Eyrin, Sevinc Çılğının, Əlişirin Şükürlünün,Arzu Abdullanın,Xuraman Hüseynzadənin, Xatirə Sadıqlının , Kənanın, Səadət Qabil qızının, Ay Nürun, Rəbiqə Nazimqızının, cavidanın, Sima Ənnağının, Xatirə Rəhimbəylinin, Əli Əlioğlunun, Əsəd Nəsirlinin, Elşad Ərşadoğlunun, Xalid Mahmudun, Əli Əkbərin,  Şəlalə Əbilin, Rəsmiyyə Sabirin, Qan Turalının, Mübariz Xanağalının, Faiq Hüseynbəylinin, Gülşən Cəbilinin, Mirmehdi Ağayevin,Yafəs Məftunun, Nərmin Kamalın, Şəfəq Sahiblinin, Anar Həbiboğlunun, İntişin, Nurəddin Şayanın, Elnur Astanbəylinin, Qafar Qəribin, Aliyənin, Yaralı Bəxtiyarın, Elsevər Məsimin, İlham Novruzoğlunun, Elnarə Şəmsin, Xatirə Vaqifin, Dilşad Arazın, Gülnarə Ləmanın, Nisə Qədirovanın, Şahinə Könülün imzalarını xatırlayıram.  Göründüyü kimi yeni nəslin kəmiyyət göstəricisi  heç də pis deyil. Ədəbiyyata dəstə ilə gəlmək buna deyərlər.

Adlarını çəkdiyim şairlərin bir çoxu keçən əsrin axırlarından yaradıcılığa başlasalar da, onların tanınması yeni əsrin ilk illərində baş tutdu. Tutaq ki, Səhərin, Aqşinin, Şərif Ağayarın, Səlim Babullaoğlunun, Zahir Əzəmətin, İlqar Fəhminin, Tərlan Əbilovun, Rəsmiyyə Sabirin, Narıngülün, Şəfəq Sahiblinin şeirləri haqqında müəyyən rəy də formalaşıb. Adlarını çəkdiyim bu cavanların şeirləri  əsasən bu sətirlərin müəllifinin,  Əsəd Cahangirin, Cavanşir Yusiflinin, Nərgiz Cabbarlının və b. müəlliflərin  məqalələrində təhlil hədəfinə çevrilib. Təbii ki, tənqidçilərin bu ilk rəyləri yalnız istedadın qığılcımlarını seyr etməyə bənzəyirdi. Qığılcımdan alov doğdumu? Burada bir haşiyəyə ehtiyac duyuram:

AQŞİNƏ  SÖZÜM

Mən fürsətdən istifadə edib istedadına heç bir şəkk-şübhə etmədiyim Aqşinin «525-ci qəzet»ə verdiyi bir müsahibəsinə öz münasibətimi bildirmək istəyirəm.. Aqşin deyir ki; «yazmağa yeni başlayan bütün gənclərin Dostoyevskinin ilk əsərini oxuyandan sonra Belinskinin ona dediyi sözlərə ehtiyacı olur.  Bir ara hansı cümlədə, hansı misrada yazıçı, şair olduğumu görmək üçün mənim də belə adamların (yəni tənqidçilərin- V.Y.) fikirlərinə böyük ehtiyacım var idi. …Əslində, ədəbiyyatımızda abırlı ədəbi tənqid olsa, gənc yazarların belə dərdi olmaz. Biz gənclər hansı qəzeti açırdıqsa, «ədəbi tənqid» adı altında tamada məqalələri oxuyurduq. Sonra məlum oldu ki, Azərbaycanda heç bir ciddi şair, öz şeirlərinin taleyini yerli tənqidçilərə etibar eləmir və ən vicdanlı, elmi, ədəbi tənqidlər də  jurnal səhifələrində deyil, çayxana, kafe masalarının arxasında səslənir. Bizə qədərki ədəbi nəsil həqiqi tənqidi zirzəmilərdəki kafelərin küncünə sıxışdırmışdı. Biz ədəbiyyata gələndə Azərbaycanda həqiqi ədəbi tənqid içki düşgünü idi».

Bəlkə də Aqşinin bu mülahizələrinə heç bir reaksiya verməzdim, onsuz da mətbuatda ədəbi tənqid əleyhinə haqsız tənqidləri çox eşidirəm. Bəzən o qədər hərzəvü-hədyanlar yağdırılır ki, onlara cavab vermək üçün gərək sən də o səviyyəsizliyə enəsən. Amma Aqşin bir söz adamı kimi mənim üçün maraqlı şəxsdir, hər  dəfə yeni şeirlərini səbirsizliklə gözlədiyim istedadlı cavanlardan biridir. Təbii ki, ona nəsihət vermək iddiasından da uzağam. Sadəcə, Aqşinin tənqid barədə bu  mülahizələrinə mövqeyimi bildirmək istəyirəm.

Əvvəla, Aqşin- bu cavan dostum tənqid haqqında ümumi danışır. O, konkret adlar çəkməliydi. Tənqidçi  deyəndə kimləri nəzərdə tutur?
İkincisi, bu gün şeir meydanında «badpalar» (löhrəm) səyridən pəhləvanların sayı azalıb, onları çubuqdan atı olan  «tifillər» əvəz edir. Tənqiddə də belədir. Vur-tut beş-altı  professional tənqidçi ola ya olmaya (bunların da çoxu tənqidlə mütəmadi məşğul olmur), «tənqidçi» kimi tanınan onlarla yazar var.  Və professional olmayan bu «tənqidçilərin» qeyri-professional yazıları da həqiqi tənqidin adına yazılır. Onların yazılarını əksəriyyəti də tərifdir, difiramdır.

Üçüncüçü, Aqşin yaşda olan cavan şairlərin tənqiddən inciməyə bəlkə də haqları var, amma elə bilirəm, Aqşinin buna haqqı yoxdur. cavan dostuma xatırladıram ki, onun şeirlər kitabı hələ işıq üzü görməmiş bu şeirlər barədə mətbuatda ciddi məqalələr yazıldı. Və bunlar  «tamada» məqalələri deyildi. Bu yazılarda onun şeirlərinin orijinallığı, yəni müasir poeziyamızda təzə SƏS, NƏFƏS olduğu təsdiqlənirdi və mən belə qənaətdəyəm ki, o yaşda (onda Aqşin tələbə idi, 21-22 yaşı vardı)  heç bir cavan şair hətta üzünü görmədiyi tənqidçiləri, belə söz deməyə vadar edə bilərdi.

Mən  şəxsən belə düşünürəm  ki, tənqid şairlər üçün yox,  daha artıq oxucular üçün yazılır və Aqşin də tənqidçilər üçün yox, oxucular üçün yazır. Tənqidçinin də vəzifəsi budur ki, müəlliflə oxucu arasında bir körpü yaratsın. Biz bu körpünü yaratdıq.Aqşini yetərincə Azərbaycan oxucusuna tanıtdıq. İndi bu yazıların Aqşinə  xeyri oldu-olmadı, deyə bilmərəm, amma oxucular onu tanıdılar.

Bəs sonra? Sonra Aqşin AYO-çulara qoşuldu. Burada da heç bir qəribəlik, təəccüb doğuran bir halət yoxdur. AYO sıralarında mənim də bəyəndiyim yazarlar az deyil. Hərçənd ki, AYOçuların bir çoxu «binayi-qədimdən» ədəbiyyatda «inqilab» yaratmaq istəyirlər: bu «inqilab» Azərbaycan ədəbi dilinin qayda-qanunlarını «sındırıb» istənilən «kriteriyanı» ora tətbiq etmək, ədəbiyyatda əxlaqi etiketi aradan qaldırmaq, oxucuları «ədəbi SPİDə» yoluxdurmaq, özlərini “Yeni Azərbaycan ədəbiyyatının avanqardları»  kimi qələmə verib poeziyada yaranan bütün  yaşarı ənənələri inkar etmək…və ən gülməlisi Azərbaycan Yazıçılar Birliyinin qarşısında yaxud da yuxarı mərtəbəsində AYO bayrağı dalğalandırmaq idi…

Bəs sonra? Sonra Aqşin nəsrə keçdi. İstedadını bu janrda sınamaq istədi və təbii ki, kimə nə yazmağı heç kim qadağan edə bilməz. Mən «Alatoran» jurnalında Aqşinin «Küçə» romanını oxumağa başladım. Amma o yerdə ki (romanın başlanğıcında)  «minet əhvalatı» təsvir edilir, dayandım və sonrasını oxumadım. Ona görə yox ki, belə şeyləri əxlaqım götürmür, yox, bu tipli təsvirlərə artıq adət eləmişik, amma Aqşinin də bu «tualet romantikasına» uyması mənə pis təsir elədi. Aqşin qələmə aldığı üç romanı və  şeirlərinə təəssüfləndiyini bildirir və yenə vurğulayır ki, «abırlı ədəbi tənqid olsaydı…» Romanlarına təəssüfləndiyini bildirməkdə haqlıdır, amma şeirlərinə görə təəssüflənməyə dəyməz. O ŞAİRDİR!

Qayıdıram öncəki mətləbə

Cüzi yaş fərqinə baxmayaraq adlarını çəkdiyim bu cavan şairlərin həyata, dünyaya, şeirə-sənətə baxışları arasında  bəzi ortaq və ümumi cəhətlər çoxdur. Bunları mən aşağıdakı şəkildə qruplaşdırıram:
1.Onların bir qismi dünyaya özlərinin dar, qapalı fərdi dünyalarından boylanırlar. Elə bir «dünya»dan ki, oradan  həmişə tənhalıq qoxusu gəlir. Həmin «dünya»nın sakinləri arabir qapını açıb çölə çıxır, qorxa-qorxa  təbiətin seyrinə də dalırlar, çiçəkləri də qoxlayırlar, kiməsə baş çəkirlər, bəzən şəhərin ya kəndin küçələrini də gəzib-dolanırlar, hətta dünyada baş verən hadisələrdən də xəbər tuturlar, amma yenə qayıdıb öz qapalı dünyalarına  və dörd divar arasına çəkilirlər. Daha çox öz ruhi əzabları ilə təkbətək qalan bu cavan şairlər melanxolik təbiətləriylə seçilirlər.

2. «İkiminincilər» içərisində BOĞULAN SƏSlər, Çarmıxa çəkilmiş ürəklər, bu gözəl, işıqlı dünyada yaşaya-yaşaya özünü Dar Ağacında görənlər, Olumla Ölüm arasında «cövlana» çıxıb guya Ölümü intixab edənlər də var. Bəlkə də bu pessimist ovqatın səbəbi «hamısı zəmanədəndir». Amma biz bu hisslərə Qəm, Kədər doğuran hisslər kimi baxa bilmirik. Çünki bu pessimizmi doğuran səbəblərin kökü yoxdur. Vaxtilə, səksəninci illərdə ədəbiyyata gələn cavan şairlərin şeirlərində də belə motivlər vardı. Yaşa  dolduqca çəkilib getdi.

3. «İkiminincilər»in arasında bu BOĞULAN  SƏSlərdən, özünü Dar Ağacında görənlərdən tamam fərqli düşüncə tərzi ilə diqqəti cəlb edənlər də var. Onlar cəmiyyət hadisələrini istədikləri kimi mənalandırır, oxucunu mümkün qədər xaos və hərcmərclik burulğanına sürükləyərək antireallıq mənzərəsi «rəsm» edirlər. Bir çox gözəl təbiət şeirlərinin müəllifi olan Yafəs Türksəs  şeiriyyətdən zəmin-asiman qədər uzaq olan bir «şeirində» yazır ki, Məndən sonra bir şair doğulacaq. Tüpürəcək üzünə sözü səhnədən salanların. Düşməni olacaq mədhlərin, yalanların. Soyunduracaq Bəxtiyar Vahabzadə şeirlərinin yalançı milli paltarını. Qovacaq şeir meydanından Səməd Qaraçöpün ölənti şeirlərini. Dodaq büzəcək Paşa Qəlbinurun qafil şeirlərinə. Əjdər Ol-un olmağından olmamağı yaxşıdır fikrinə gələcək. Oxuyub qəh-qəhə çəkəcək Vaqif Bayatlının  yuxulu, Ramiz Rövşənin «lunatik» şeirlərinə. Bir təpik vuracaq Çingiz Əlioğlunun  müqəvva şeirlərinə» və s. Yaxud, başqa bir misal: Əli Əkbər adlı bir müəllif öz «Əclafnamə»sində (kitabının adı «Mən əclafam»dır) etiraf edir ki: «Mən əclafam! duzqabımız da əclafdır tez-tez deşiyi tutulur, çaydanımız da əclafdır…əclaf olmayanda heç salam da vermirlər adama, ən çox əclaflığımı duyan isə məscidimizdəki axunddur,  çünki  özü də əclafdır…vətənimdən atamdan  anamdan qidalanıb əclaf olmuşam…əclaf deyəndə ayağa dur ki,  mənim ürəyimə toxunur! Və s. və i.a.»  Belə «əclafnamə»ni oxuyandan sonra bəlkə də heç əclaf olmayan, amma özünü əclaf yerinə qoyan müəllifə nə deyəcəyini bilmirsən. Nəsiminin bu misraları yadına düşür: Qıl Adəmə səcdə, olma gümrah, Şeytani-ləinə uyma zinhar.

4. Kişi-qadın, aşiq-məşuqə , oğlan-qız münasibətlərini «əsrin havasına» uyğunlaşdırıb, vaxtilə sevgi şeirlərində gözə görünməyi, təsvir olunmağı  o qədər də münasib bilinməyən, hətta ədəbdən kənar hesab edilən …nə söz varsa, birbaşa şeirə gəlir.Bu tipli şeirlərdə qadın-kişi münasibətlərindəki klassik, dədə-baba zərifliyindən əsər-əlamət qalmır, qısqanc qadınlar öz rollarını dəyişir, olurlar intiqamçı, iddiaçı qadınlar. Bəzən də əksinə. Məcnunluq, Leylilik ironiya hədəfinə çevrilir. Amma eyni zamanda, bir çox gözəl sevgi şeirlərini də  «ikiminincilər» yazıb (bu haqda gələn yazılarımın birində söz açacağam).

5. «İkiminincilər» içərisində heç bir «inqilabçılığı» ilə seçilməyən (daha doğrusu, seçilməyə, müəyyən pozada görünməyə can atmayan) müəlliflər də az deyil. Onlar Azərbaycan şeirinin yaşarı ənənələrinə möhkəm bağlıdırlar, amma bəzisinin poetik istedadı bu ənənələrə yeni nəfəs, yeni çalar qata bilmədiyi üçün ənənənin quluna çevrilirlər. Bəzisi isə məhz poetik təfəkkürün hesabına ənənəni zənginləşdirə bilirlər. Amma bu müəlliflərin sayı da azdı. Azərbaycan şeirinin  ərazisi  minlərlə bəsit qoşmanın, gəraylının, heca şeirlərinin ağırlığından əzab çəkir. Mən bu fikri əruzda, sərbəstdə yazılan, nə əruza, nə də sərbəstə oxşayan «Şeirlər» barədə də söyləyə bilərəm.

6. Nəhayət, «sonuncular» arasında bu günki şeirimizin müasir səviyyəsini az-çox əks etdirən, poeziyamızın sabahına ümid yaradan cavan şairlər də var. Onlar nə «inqilabçı»dırlar, nə  də  evlərinin dörd divarı arasında əzab çəkən melanxoliklər. Onların səsləri boğulmayıb, ürəkləri çarmıxa çəkilməyib, dar ağacına yüyürmürlər, onlar sevgi məktublarını zibil yeşiyinə tullamırlar. Onlar Azərbaycan şeirinin ən gözəl ənənələrini yaşadırlar, yeniliyə can atırlar, dünya poeziyasından bəhrələnirlər, lakin unutmurlar ki, bizim poeziyanın ərazisində yad toxumlar da cücərtmək olmaz  Onların adı Şairdir.
Gələn məqaləmdə mən iki şairin şeirlərindən söz açacağam. Adlarını açıqlamıram.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. Vaqif bey, elesheni kuleshene qatmisan.
    Yuxaridan uchuncu abzasda gurcustan qatarinin vaqonlari kimi ard-arda duzduyun adlari hansi meyara gore hemcins uzvler kimi sadalayibsan? Ordakilarin arasinda yernen goy qeder ferq var, ancaq hamisini vergulleyibsen.
    Umumiyyetle, bu qocaman AYB tenqidchilerinin 90-cilar, 2000-cilerin birinci nesli, 2000-cilerin ikinci nesli, ay men ne bilim… kimi xronologiya mehebbetleri var, metbuatda ne imza gorseler, sanki bir bloknota yazirlar, axirda onlari vergulleyirler bele: 90-cilar, 90-2000-lerin arasindacilar….
    Tesnifat Shurasidir e, tenqidci deyil. Ozu de saxta tesnifatdir bu. Ugursuz tesnifatdir. Chunki orda sadaladiqlarinin biri (Nemrin Kamal meselen) 90-larin sonundan chap olunur (ozun de onun haqqinda chox yazibsan, yaniqli yazibsan, yadinda olar), bir bashqasi Orxan Eyp (ozu de sen Eyr yazmisan onun adini) yalniz vur-tut Alatoranin 5-6-ci sayindan sonra chap olunur, Zahir xeyli tecrubeli muellifdir, onu Ulduz-da 2 sheiri cixan qizcigazlarla bir cumlede vergullemek ne demek? Ozu de buna ad qoymaq ki: edebiyyata yeni nesl gelir?
    Salameleykum. Ne ise. Sizden ne qeder uzaq olsam, konlum o qeder xosh olar. Eyvallah.

  2. Mənim adımı niyə balaca hərflə yazmısınız..?-))

  3. Çox komik alınıb Vaqif Yusiflinin Aqşin haqda yazdıqları, nə deyəsən, yaşlı adamdı, zövgü də “Brejnevin ” zövgünə bənzəyir…

  4. Mence yazi normaldir. Adin balaca yazilmagi derd deyil, derd balaca gorunmekdir. Muasir edebiyyatimizad siz kifayet qeder boyuk gorunursunuz, Cavidan. Muellif neylemeli idi? Stajca boyuk olanlarin yaninda moterize achib siz Allah bagishlayin, yazmali idi?
    Zahirle Nerminin adini bir yerde chekilmeyini istemeyenlerin choxu ele oz adini Mirze Celille bir yerde chekenlerdir. Zahir daglarin qari deyil ki, o da muasir neslin yazaridir. Biri esrin sonunda, biri evvelinde gelib ve bir neslin numayendeleri sayila biler.
    Amma men Aqshinle bir sheyde raziyam ki, normal tenqid azalib, hetta nesli kesilmek uzredir. Mence tenqidchiler de bir az canlanib, xususen terifsiz ve qerezsiz yazilara kechmelidirler. Cunki bizde chox vaxt duzu ya az olur, ya da chox. Belke o, bele deme idi, siz de yazmayacaqdiniz, Vaqif muellim.
    Men yazi yazanlarla birge yazdiranlari da alqishlayiram.

  5. Kənan adlı şəxsin yazdığı şərh mənim deyil.

  6. Men hec vaxt unvanima seslenen teriflere ve tenqidlere munasibet bildirmemisem. Amma mentiqinden asili olmayaraq ureyimde her ikisine tesekkurumu bildirmisem. Amma indi sizin atmacalariniza qisaca da olsa munasibet bildirmek isteyirem:
    1. Adlarini cekdiyim, sadaladigim o shairlerin hamisini bir poetik nesil hesab edirem. Burada men kiminse kimden 5-6 yash boyuk oldugunu nezere almiram.
    2. Cavidan xanim, sherleriniz barede yazim hazirdir. Orada bu “sehv” tekrar olunmayacaq.
    3. Menim zovqum Brejnevin yox, Fuzuli sheri uzerinde yogrulub.
    4. Irada Isaqa meni “mudafie” etdiyine gore yox, heqiqeti dediyine gore tesekkur edirem.

  7. “…Cavidan xanim, sherleriniz barede yazim hazirdir…”

    Salam, Vaqif bəy…
    Sürpriz oldu lap..maraqlıdır həm də..səbrsizliklə gözləyəcəm…

  8. Bu boyda yazı və bu boyda şərhlər mənim yaddaşımda cəmi bircə cümlə ilə qalacaq. “Kənan adlı şəxsin yazdığı şərh mənim deyil.”

  9. Əla!
    Əla!

Şərh yazın