Tofiq Abdin: “Zaman amansızdı”
Yazar: Admin | Bölmə: Persona | Tarix: 08 Mayıs, 2009
“Rəşad Məcid hər dəfə gülə-gülə soruşur: Tofiq Abdin, sən yenə də o gənclərlə oturub durursan?”
- Tofiq abi, yaşlılarla gənclərin bu böyük mübarizəsində sizə gənclər “abi” kimi müraciət edir. Sizcə bunun səbəbi nədir?
- Bu suala mən bir dəfə də cavab vermişəm və o zaman demişdim ki, vallah, ilk dəfə kim mənə bu cür müraciət eləyib, yaxşı xatırlamıram: Elnurmu, Zahir Əzəmətmi, daha başqasımı. Amma bir böyük həqiqət var: mən bu gənclərə həqiqi Abilik eləyə bilmirəm və bu da məni çox incidir. Nədir yəni bu Abilik: istər mənəvi, istərsə də maddi cəhətdən çox zaman bu gənclərin yanında ola bilmirəm. Çünki elə bir insanlar arasında yaşayıram ki, mütləq bir sıxıntı içindəyəm və ən azından sevgili Rəşad Məcid hər dəfə gülə-gülə soruşur: Tofiq Abdin, sən yenə də o gənclərlə oturub durursan? Bu deyimin alt qatında nələr yatır, bunu Rəşad bəy özü bilir. Mən də cavabında: Vallah, Rəşad, mən səninlə daha çox oturub-dururam, nəinki onlarla –deyirəm. Amma o inanmır. Sizin tərəfdən nə incidici həqiqətlər deyilirsə, elə bilirlər ki, necə deyərlər, ilmə məndən keçir. Daha doğrusu, düşünürlər ki, mən sizi öyrədirəm. Belə vaxtlarda mənim yeganə pənahım Allahımdır. Allah baxır göydən, bu mənim təsəllimdir.
- Sizcə gənclərlə qocalar nəyi bölə bilmirlər?
- Siz hansı gəncləri nəzərdə tutursunuz? Şayət siz özünüzü deyirsinizsə, sizin onlarla bölüşəcəyiniz heç nə yoxdur. O qədər gənc var ki, “tərbiyəli, əxlaqlı, yaşlının-ahılın yerini bilən”, təbii ki, onların təbirincə. Həmin gənclər dediyin qocalarla çox şeyləri bölüşürlər. Baxın, Rəşad bəyin başçılıq elədiyi Gənc Ədiblər dərnəyinin üzvlərinə, onlarla qocaların çox böyük bir sevgi macəraları var. Çox sakitcə işlərini görüb, yollarına davam edirlər. Axı onlar da gənclərdir.
- Gənclərin yaradıcılığını necə qiymətləndirirsiniz? Sizcə onlar Azərbaycan ədəbiyyatının varisliyini inamla davam etdirə bilirlərmi?
- Bu çox böyük bir problemdir və onların yardıcılığını mütəmadi izləyirəm, bəzən onların haqqında yazılar da yazıram. Tənqidi yox, estetik, tanıtım anlamda yazılar yazıram. Tənqidi yazıları Əsəd Cahangir , Vaqif Yusifli və Cavanşir Yusifli yazır. İndiki gəncliyin yaradıcılığını düşünəndə məni bir tema məşğul edir: bu gələn gəncliyin yaradıcılığına, xüsusiylə ALATRORAN ətrafında birləşən gənclərin yardacılığına baxanda Rəsul Rza şeirinin təntənəsini açıq-aydın hiss edirəm. Şerimizin yolu artıq Rəsul Rza yoluna girmiş durumda və bu da çox böyük bir söhbət mövzusudur ki, bu nə zamansa araşdırılacaq və bəlkə də bunu yazmağa nələrsə mane olur. Amma bir maneə var. Bu şəksizdir.
- İstər-istəməz, biz Anardan da söz salmalıyıq. Uzun illər Anarla birgə çalışmış bir adam kimi Anarın bu gün gənclərə qarşı tutduğu mövqeyi, ümumiyyətlə, onun sədr kimi fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bax, burada yenə də mən səndən bir şey soruşmaq istərdim: hansı gənclərə? Açıq de ki, sizlərə. Yəni sizə görə istedadlı və ədəbiyyatımızın öncül gənc yazarlarına. Amma başqa bir aspektdən baxanda Anar müəllimin özünün də sevdiyi və vəzifə icabı əl tutduğu gənclər var. Onların qırxı prezident təqaüdünə də layiq görülüb. Və demək Anar müəllimin sevdiyi və yaradıcılığını təbliğ etdiyi gənclər az deyil. Bu baxımdan, bu qarmaqarışıq bir məsələdir ki, bunun isbatını heç Arixmed də verə bilməz.
Mənim Yazarlar Birliyi ilə heç bir əlaqəm yoxdur və yenə də deyirəm, Anar aspektindən baxanda, Yazarlar Birliyinin sədri olaraq çox işlər görüb və inadından yapışıb öz işinə davam edir. Allah köməyi olsun. Yazarlar Birliyinin üzvü kimi, bir nəfərin yox, ümumiyyətlə, Birliyin işindən heç bir xəbərim yoxdur. Dedim ki, əlaqəm kəsilib, amma görürəm ki, partapart imzalar günü keçirilir, kitablar təqdim olunur… Demək iş gedir. Pis və ya yaxşı. Bir şey var ki, uzun müddət birlikdə işlədiym Anar (mənim düşüncəmdəki Anar) qaldı o uzaq illərdə və mən onun sonrakı illərinə toxunmaq istəyəndə, həqiqi anlamda gözlərim yaşarır və o özü də çox gözəl bilir ki, mən onunla üz-üzə gəlməkdən çəkinirəm. İçimi qəhər boğur. Nə eləmək olar, bu da bir tale işidir, görünür belə olması lazımmış.
- Rəşad Məcid sizin də əməkdaşı olduğunuz «Xəzər» jurnalının bağlanmasından danışıb. Sizcə bu açıqlamanın səbəbi nədir?
- Rəşad Məcid son vaxtlar çox mübahisə yaradan açıqlamalar verib və sonra deyir ki, bəs zarafat eləmişəm. Amma bunun zarafat olduğunu illər sonrası kimsə bilməz və tarix üçün zarafat yox, deyilən söz qalır. Şayət Rəşad Məcid doğrudan da çox gözəl bir ənənəsi olan və bir çox ruhların məksən saldığı “Xəzər” jurnalını bağlayıb, başqa bir jurnalın dərcini həqiqətən lazım bilirsə, o zaman Rəşad Məcid artıq diletantlıqla məşğuldur. Amma zaman amansızdır. Hər zaman dəyişib o zamanın içinə girmək olmur. Bunun bir sonu ola bilər. Bax, Rəşad müəllim o sondan qorxmur deyəsən. Bəlkə də heç o son haqqında fikirləşmir də…
- Yazıçılar Birliyinin üzvü kimi birliyin nəşrlərindən razısınızmı? Ümumiyyətlə, onları oxuyursunuzmu?
- Oxumuram, baxıram və ona görə onların necə və nə cür çıxdığı da məni maraqlandırmır.
- “Proza” kitabınızdan sonra “Poeziya” kitabınız nəşr edildi. Bir çoxlarından fərqli olaraq Sovet vaxtı yazdıqlarınızı indi çap etdirə bilirsiniz. Bu necə bir hissdir?
- Gözəlim Tural, suallarınızın bu yerində mən bunu deyə bilərəm ki, qoy oxucularımızın də xəbəri olsun: mən səndən xahiş etdim ki, mənim haqqımda gözəl şairimiz Vaqif Bayatlı Odərdən bir intervyü al, o məni çox gözəl tanıyır, məni təhlil edər və ürəyinin açıqlığı ilə hər şeyi deyər. Bu həm də orjinal bir şey olar bəlkə də. Ancaq nə kimi hisslər keçirmək üstünə gələndə: necə olacaq, özümü oxuyub bir az sentimentallaşıram, yavaş-yavaş gözlərim yaşarır və sonra da yaşamağa davam edirəm.
- Sizcə yazıçı öz içini yazır, yoxsa ətrafını? Konkret desək, Tofiq abi öz içini yazır, yoxsa başqalarının daxili aləmini açmağa çalışır?
- İcazə ver bu sualın cavabında “ADLERDƏ BİR KÖRPÜ VAR” povestimin Girişindən kiçik parçanı təqdim edim:
“Ömrümüzün «havalı» illərində bir tənqidçi ilə fikir mübadiləsinə, ədəbi anlaşma anına çıxdıq və mən öz fikirlərimi söylədim. Dedim ki, nə üçün bizim hər birimiz öz içimizi, öz qorxumuzu, öz düşüncəmizi, öz faciəmizi qələmə almaqdan çəkinirik. Ümumiyyətlə, uzun sözün qısası, hər bir ədəbiyyat adamı nə üçün bir neçə adamdan ibarətdir. Heç kəs öz içini ifadə eləmək, yazmaq istəmir. Bəlkə elə buna görə də bizim ədəbiyyatımızın qəhrəmanları sırasında oğrusu, canisi, şərəfsizi azdı. Niyə biz hər şeyi idealizə edərək yazırıq?.
Tənqidçi tutulan kimi oldu. Və başını bulladı.
Mən fikrimi daha aydın çatdırmaq üçün Karamazov qardaşlarından birinin – ortancıl qardaşın aşağıdakı sözlərini xatırlatdım: Sizin hansı biriniz atanızın ölümünü istəməmisiniz?
Bunu Dostoyevskinin qəhrəmanı deyir.
Və yaxud «Anam elə əziyyət çəkirdi ki, mən tapançanı götürüb onu öldürmək istəyirdim. İstəyirdim ki, o bu əzabdan qurtarsın».
Bunu Afanasi Fet deyir.
Mən bunları dedim və tənqidçi yenə də başını buladı.
Artıq başqa şey lazım deyildi.
Və bu günün özündə də mənə elə gəlir ki, bizim ədəbiyyatımızın çox, lap çox nümunələrində məhz onun yaradıcılarının ÖZ İÇİ çatışmır.
Qorxan qəhrəmanlıqdan dəm vurur.
Pozğun nəsihət verir.
Bəlkə bütün bunlar da bir ədəbi yoldur. Və mən bir oxucu kimi heç vaxt belə ədəbiyyatın tərəfdarı olmamışam.
Oxuculara təqdim etdiyim bu yazının da axarı məhz bu istəklərin məndə doğurduğu ədəbi ovqatdan yaranıb. Çox-çox qabağın söhbətidi bu yazı. Onda hələ ədəbiyyatımızda elə bir məqam idi ki, görkəmli yazıçımız İsmayıl Şıxlını belə bir ifadə üçün az qaldılar ki, dara çəkələr. Yazıçı «Ayrılan yollar» romanının bir yerində yazır: «Oğlan qızı qucaqlayıb çəmənliyə yıxdı. Qız dillənmədi…».
Belə yadımda qalıb o ovqat. Bəlkə də sözlərin düzümünü səhv salıram, ola bilər. Ancaq ovqat, əhval-ruhiyyə belə idi.
Belə bir ovqatın, belə bir dünyaduyumun məndə yaratdığı abhava içimdə sonsuz bir SƏRBƏSTLİK tərbiyə eləmişdi. Və bu SƏRBƏSTLİK şəhər havasından tutmuş geyimimə qədər, yazılarıma qədər mənə hakim idi.
İndi işıq üzü görən (indiki məqamda bunu əlavə edim: çox ixtisarla və o zamanın şərtlərinə uyğun redaktə ilə çap olunan) bu povestim də məhz belə bir İÇ AZADLIĞININ havasından yaranıb. İyirmi-iyirmi beş il qabaq.
Adətən gec çap olunan əsərlərdə və özəlliklə sovet ədəbi nümunələrində oxucu mütləq ya həbsxana həyatı ilə rastlaşır, ya da ideoloji müharibənin törətdiyi hadisələrlə. Və bu əsərlərin də çoxu demək olar ki, avtobiqrafik deyilən ovqat üstündə qurulur. Mənim təsvir elədiyim gənclərin həyatında bu detallar yoxdur. Sadəcə olaraq bu iki gənc şəhər havasıyla, onları əhatə eləyən adamlarla, bu adamların dönüklüyü ilə, adamalrın onlara münasibətiylə barışa bilmirlər. Hər şey onları sıxır. Və xüsusiylə də əsərin İKİNCİ adamını. BU İKİNCİ ADAM çıxış yolunun nədə olduğunu, harda olduğunu bilmir. Ətraf, şəhər mühiti (ancaq məhz şəhər mühitinin də olması şərt deyil) bu şəhərin adamları onun həyat tərzini, həyat yönünü tənzimləmək istəyir. Belə olmasa da həmin o İKİNCİ adama elə gəlir, o öz içində, öz dünyasında azad olsa da, bu böyük şəhərdə neçə min gözün ona baxdığını hiss edir və sıxılır. Özü öz içiylə mübarizə eləyə bilmir.
Və bütün bunlara görə də o İKİNCİ adam azadlıqda ola-ola MƏHBUS həyatı keçirir. Şəhər, bəlkə də bu mühitin özü onun üçün həbsxanadır. Qapısı, keşikçisi, tavanı olmayan bir həbsxana.
İyul 1990. «Ulduz» jurnalı.Səh.67. ”
- «Proza» kitabınız sizcə gərəkli rezonansı doğura bildimi? Mənim düşüncəmə görə orda nəinki Sovet, elə çağdaş dövrümüz üçün də kifayət qədər aktual məsələlər qoyulmuşdu.
- Mənim üçün rezonans-mezonans yoxdur və doğurub doğurmadığını da bilmirəm. Mən yazmışam, çap etdirmişəm, artıq qalanı sizin işinizdir. Mən özümü təhlil eləsəm, bunun qabağında durmaq olmaz.
- Eşitdiyimizə görə publisistik yazılarınızı da bir kitabda çap etdirmək istəyirsiniz. Bu nə zaman baş tutacaq?
- “Poeziya” kitabımı bir əski dostum, indi yetmişi haqlamış gözəl bir ziyalı, hakim Bəxtiyar Əkbərovun yardımı ilə çap etdirdim və qismən də sağ olsun Elçin İsgəndərzadə, o da VEKTOR nəşriyyatının imkanlarından istifadə edib müəyyən qədər güzəştə getdi. İnanın, çox istərdim ki, “PUBLİSİSTİKA” kitabımı da çap etdirim. Mən kitabdan çəkdiyim zərəri heç nədən çəkmirəm. Əvvəllər heç olmasa Aqil Abbas bir kitabımı alırdı, indi o da almır (burda bir gülək). İşə bax ki, taleyə bax ki, kitab bağışladığım adamlar zəng eləyib heç quru sağ ol da demirlər. İnşallah, “ƏDALƏT” qəzetindən aldığım qonorarı toplayıb (Allah eləsin, heç bir azar-bezar olmasın) çap etdirəcəyəm, amma əvvəlcə “DÖVLƏT ÇEVRİLİŞİ” adlı sənədli povestimi (amma dedektiv-zad deyil) çap etdirməyə hazırlaşıram.
- Tofiq abi həm qəzetçidir, həm şair, həm də nəsr əsərləri yazıb. O özünün şair, yazıçı, yoxsa qəzetçi kimliyini əsas sayır?
- Fikir vermişəm bu xalq şairi yox, şeir yazanı sevir. Mən də çoxdandı şeir yazmıram və yaşımın elə çağındayam ki, içimin qıvraqlığı çölümlə üst-üstə düşmür. Bu da bir qərib təzaddır, yəni heç müqtədir ola bilmirəm, hikmətli şeirlər yaza bilmirəm. Sevgi şeirləri həsr eləyəcək bir adamım da yox. Poeziya ağrıdır, itkidir və daha bir neçə şeylərdir. Şeir janrında yazdıqlarım bəs eləyir məncə. Çap olunmamış iki poemam və Lenin haqqında şeirlərim var, onların çapı üçün tələsmirəm. Amma düşünürəm.
- Uzun illər Türkiyədə yaşamış bir yazar kimi Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin səviyyəsi sizi qane edirmi?
- Tural bəy, bir türk şərqisi var: YORĞUNUM DOSTLARIM, YORĞUNUM ARTIK, VƏFASIZ YILLARA DARĞINIM ARTIK!!!!!!!!!! Mən artıq çox yorludum, çox yoruldum və Türkiyə böyük bir dövlətdir, onun itirəcəyi heç bir şey yoxdur. Onu qazla-mazla qorxutmaq olmaz. Türkiyə bizsiz də keçinib vaxtiylə, bizsə həmişə onun intizarında olmuşuq və indiki böyük fürsəti əldən vermək bizim üçün faciədir. Bütün əlaqələrimiz kimi, ədəbi əlaqələrimiz də eyni kökdədir. Bir də görürsən ki, hər hansı bir ədəbi məclisə üç-dörd turist tapıb göndərdilər və ya şəxsi əlaqələr ədəbiyyatı üstələdi. Mən oralarda olarkən “Yeni Asya” qəzetində “Azəri yazarlar” deyə bir tanıtım rubrikası açmışdım. Çağdaş ədəbi nəsli tanıdırdım. Qulu Ağsəsdən tutmuş Əli Kərimə qədər bir çox şairimizi ilk dəfə Türk oxucularına tanıtdım. Bu olub 1993-2001-ci illərdə. O zaman ki, türk oxucusu yox, ayrı-ayrı ədəbi simalar yalnız Rəsul Rzanı, Bəxtiyar Vahabzadəni və daha bir neçə ədəbiyyat adamımızı tanıyırdı.
NOT: Qan Turalının suallarına yazılı cavab verilib.





Yüklənir...
Əziz Tofiq bəy!
Ədəbi …. nə qədər gülünc olduğunu öz cavablarınla gözəl şəkildə açdığına görə müsahibəndən xeyli ləzzət aldım.
Nə qədər ki, bu dünayda adamlar öz adlarından deyil, xalqın, millətin, gəncəlrin, qocalırın, bütün qadınların, bütün kişilərin, bütün dünya proletariatının, bütün dünya müsəlmanlarının, nə bilim daha nə bütünlərin, adından danışacaq, həmişə belə olacaq.
Və bu adamlar heç bir vaxt başa düşməyəcək ki, mədəniyyətdə, sənətdə, cəmiyyətdə yeniləşmə təkcə «mən də, mən də…» qışqırmaqla, barmaq silkələməklə, şiş göstərməklə, gərdiş eləməklə, yaxud müdrik poza almaqla… bağlı məsələ deyil, davranışla, həyat tərzi ilə, hansı genə, hansı koda köklənməklə bağlı məsələdir.
Cavablarınını oxudum, qocalığına öz ürəyi ilə söhbət eləyə – eləyə gəlib çıxan, bunu qorumağı bacaran, ürəyi ilə ünsiyyəti pozulmyan bir adamın hənirinin, nəfəsinin yaratdığı auraya düşdüm.
Çox şeyi xatırladım.
Çox şeyə sevindim.
Biz bu dünyaya böyük poeziya kimi gəldik.
Biz bu dünyndan böyük poeziya kimi gedəcəyik.
Böyük poeziya heç də həmişə mətn deyil.
İsa peyğəmbər bircə cümlə də yazmamışdı.
Amma bütün bəşəriyyətin gedişini dəyişdi.
Biz böyük ədəbiyyat yarada bilmədik.
Amma Azərbaycanın böyük ədəbiyyatı bizdən başlayacaq.
Biz öz ürəyimizlə baş – başa yaşamağı bacardıq.
Mən bunu sənin cavablarında gördüm.
Bu doğrudan da böyük xoşbəxtlikdir
Sağ ol.
Mən yetəri qədər səmimilik bulmadım bu adamın danışdıqlarında. Bir çəkingənlik, ehtiyatlılıq… gördüm.
raset bey tesekkurler
pervane xanim semimlik ne oldugunu bilmirsiniz en pis sey insanin semimi olmasidir cunki semimiyet yalan gilifinda bir dunyadir her halda biseyler gormusunuz sag olun
Salam, Tofiq bey! Ele ilk setirden bu musahibenin yazili goturulduyuni anladim (seliqesizliyi hec sevmirem) ve bir andaca canli tehkiyenin axarina dushdum…”Adlerde bir korpu var”a catanda dayandim…Nesr tarixine baxdim, deme o gunden 19 il otub…19 reqemine heyretlendim, amma qeribedir ki, o vaxt meni uzaqlara-belke de bu gune-edebiyyatin ,yazinin icine getiren hemin 4 kelmeli kod indi geriye-mekteb illerine, filoloq olmaq arzusuyla yasadiqim gunlere qaytardi…(Sonra da deyirler zaman mashini yoxdur!) Sujeti texmini xatirladim, amma yazinin o vaxt duyduqum edebi aurasini tekrar-tekrar yasadim, hiss eledim…Indi dusunuram ki, yazinin gerek aurasi, sirli bir edebi cazibesi olsun…Indi eminem ki, bu cox vacibdir. Aurani yaradan nedir-deqiqliyi ile demek cetindir, amma yeqin ki, o sirr dille-hissin uqurlu qovusmasidir,dilin enerjisinin yaziya hopmasidir…
Bir de”Yorqunum artiq”da dayandim…Turk sherqilerindeni hemishe ele uqurlu sitatlar verirsiniz ki…XXI esrin en boyuk belasi budur ki, hec kim sentimental gorunmak istemir,ona gore de ne yazilari oxumaq olur, ne de musahibeleri…Bu musahibe belke de dishsizdi, belke de tikansizdi, amma edebidi, enerjilidi…Teshekkurlar ve bir sual – neden yorqunsunuz, suallardan, cavablardan, taleden, Guneshe baxmaqdan, Ayla danishmaqdan…Bes neden dalqinsiniz?
canim gozum laura xanim
ne yaxsi ki sizin kimi yazarlar var
bu komplement deyil amma bir hegigetdir
yorgunluk Sabir Ehmedov kimi yazarla haksizlik ve biganelik aurasindan
ve turkiye ustune vuruslardan da yaranir
hic yasanilasi bir dunya degilmis bu dunya ve uzucu bir omur ve mehsur bir deyim
HEYATIM AGRIYIR HEYATIM
O ATA SEIRINDE DEDIYIM KIMI
MEZARINA GELIB GORDUM
TORPAGIN AGRIYIR ATAM
UREYIN HEC AGRIMADI
HEYATIN AGRIDI ATAM
Sag olun
Kultazin arxivine baxirdim. Ve gozum bu yaziya satasdi. sizin bu yazida geden tanis seklinize baxiram. Dunyanin gedisatindan bas acmadiqiniz,belke hec buna cehd etmediyiniz bir haletdesiniz. obrazli desek fikir dumaninda itib-batmisiniz. Yadinizdadisa Tercume Merkezine, sizin yeni cixan kitabinizi almaqa gelmisdim. Sizi uzbeuz gormemisdim. Ancaq goren kimi hansi ehval-ruhiyyenin adami olduqunuzu fehm etdim. Ve oz torpaqinizda qerib adam tesiri baqisladiniz mene. Semimiyyet barede. Mence semimiyyet yegane cixis yolu olur bezi meqamda. Her halda dolanbac yollardansa, min cur cirkab, yalan-hiyle icinde sene lazim olan sozu semimi ifade ede bilirsense ureyin hisin-pasin alirsan.
Tofiq bey, men size abi deye bilmeyecem amma bir seyi etiraf edim, yeqin bu da semimiyyetdir. Sizin qonorar meseleniz meni hemise incidib. Ve cox aqridib. Bu qeder (Qendab) p.S Alemin qarisdiqi bir vaxtda (kohne sohbet Esed Cahangir meselesi) bu yazim bezilerine qeribe gelecek. Eybi yox.