Dünyanın ən məşhur beş qadın fotoqrafı

Yazar: Admin | Bölmə: Foto | Tarix: 16 Mayıs, 2009

Biz elə bilirik, ştativlər, dəqiq rəqəmlər, kimyəvi prosedurlar – estetika və rahatlıqdan uzaq bu şeylər kişi işidir, zərif cinsin nümayəndələri bu iş üçün yaramır. Ya da əksinə, belə ağır və bəzən də darıxdırıcı işlər qadınlara yaramır. Amma qocaman tarix qadın fotoqraflar sarıdan zənginmiş. Üstəlik, az qala bütün xanım fotoqrafların onları başqalarından fərqləndirən özəllikləri, bacarıqları, sirliliyi varmış…

Biri Hitlerin sevimlisi olub, biri üzünə vurulan şillənin şəklini çəkərək tarixə düşüb, birinin əsərləri dünyada hamıdan çox satılıb, biri fotokamerasını silah bilib, səngərə girib…
Beləliklə, qarşılayın – qadın fotoqraflar…

119 Hitlerin sevimlisi – Leni Rifenştal

Tarixdə Hitlerin sevimli rejissoru kimi qalan rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü Berta Helena Amaliya Rifenştal 1902-ci ildə Berlində anadan olub. Onun atası Alfred Rifenştal varlı tacir idi. Amma Lenidə incəsənətə olan ehtiras ona incə zövqlü anası Berta İdadan keçmişdi. Taleyin bir təsadüfü olmasaydı, Leni tarixdə ən uğurlu rəqqasələrdən biri kimi qalacaqdı. Ancaq iyirmi yaşına çatana qədər Almaniya və Praqanın bir neçə şəhərində uğurla çıxış edən Leninin damarları partladı. Gələcək rəqqasənin karyerasına son qoyuldu.

Leni Arnold Fankın “Dağın taleyi” filminə baxır. Film ona elə təsir edir ki… axırda dağlara yollanır. Rejissorun özü ilə tanış olur. Rejissor isə gənc Lenidə elə bir istedad görür ki, məhz onun üçün “Müqəddəs dağ” filminin ssenarisini yazır. Leni bu arada nişanlısından ayrılır və özünü kino aləminə atır. Filmlərində ön plana qəhrəmanları deyil, dağları çəkən rejissor Fankın tələblərinə cavab vermək üçün alpinizmi, xizək sürməyi öyrənir. Keçmiş rəqqasə məşhur aktrisaya çevirilir. Leni 10-dan çox filmə çəkilir.

1932-ci ildə Leni ilk filmini çəkir. “Mavi işıq” filmi tənqidçilərin xoşuna gəlməsə də, tamaşaçı rəğbəti qazanır. Elə həmin il də Leni ilk dəfə Hitlerin nitqini eşidir. Bir ildən sonra o, Hitlerlə şəxsən tanış olur. Eyni zamanda təbliğat naziri Gebbels və onun arvadı ilə də tanış olan Leni ömrü boyu iddia edirdi ki, Gebbelslə onun gərgin münasibətləri və antipatiyasının təməli elə ilk görüşdəcə qoyulmuşdu. Həmin il Hitler Leniyə təklif edir ki, millətçi sosialistlərin qurultayı barədə film çəksin. Gebbelsə isə filmi maliyyələşdirməyi əmr edir. Leni filmə ən məşhur operatorları dəvət edir, montajla şəxsən özü məşğul olur.

Amma filmin premyerasından sonra onu yığışdırırlar. Əvvəla, “İnamın qələbəsi” adlı film sənədli kinodan daha çox, reportaja oxşayırdı. İkincisi isə burada hücum dəstələrinin rəhbəri Ernst Ryoma ən azı elə Hitlerə ayrılan qədər yer ayrılmışdı. Buna baxmayaraq, Hitlerlə Leninin münasibətləri korlanmır. Hitler bilirdi ki, Leni də, millətçi sosialistlər də öz üzərlərində hələ çox işləməlidirlər.

1934-cü ildə Hitler Leniyə bir film də tapşırır. “İnadın zəfəri” adlanan film üçün 36 operator, 170 nəfərlik çəkiliş heyəti, 30 kamera cəlb olunur. İkinci film uğur qazanır və həm yerli, həm əcnəbi sərgilərdə mükafatlara layiq görülür.

Sonra Leni Olimpiya oyunlarının təşkilatçılarından olimpiya haqda film çəkmək təklifi alır. Bu silsilədən üç film çəkən Leni böyük uğur qazanır. Film bir neçə ölkədə məşhurlaşır. Amma Leninin əsas hədəfi Amerika olur. O bilir ki, film ştatlarda daha çox gəlir gətirə bilər. Leni yanılmamışdı. 1938-ci ildə o, ən məşhur kino şirkətlərindən biri olan “Metro-Qoldvin-Mayer”dən təklif alır. Amerikaya yollanan Leni orada Henri Ford və Uolt Disney kimi dünyaca məşhur adlarla tanış olsa da, ümumilikdə səfəri uğursuzluqla nəticələnir. Belə ki, Rifenştalın Amerikaya gəlişi Almaniyada yəhudilərin genosidi ilə üst-üstə düşür. Dünya, həmçinin Amerika yəhudilərinin müdafiəsinə qalxır. Təbii ki, belə bir vaxtda Hitlerin sevimlisi orada qala və filmini göstərə bilməzdi. Buna görə də, Leni kor-peşman geri dönməli olur.

1939-cu ildə Leni fotojurnalist kimi Polşaya yollanır. Bu illərdə gördüklərindən və çəkdiklərindən elə dəhşətə gəlir ki, Gebbelsin ona sifariş verdiyi növbəti təbliğat filmindən imtina edir. Və faşistlər daha heç vaxt ona film tapşırmırlar. İtirən isə hər iki tərəf olur. Çünki bu vaxta qədər faşistlər Lenini parlaq istedadından, Leni isə faşistlərin pulundan və nüfuzundan istifadə edirdi.

Hitlerlə dostluq rejissor kimi onun axırına çıxdı. Hitlerin təsiri altına düşməyi onun yaradıcı ruhunu məhv elədi. Faşistlərlə dostluq isə onların süqutundan sonra Leninin üzünə bütün qapıları bağladı. 1944-cü ildə Hitlerlə sonuncu dəfə görüşən Leni sonradan deyirdi: “Mən Hitlerin təsiri altına düşdüyümü, bir şəxsiyyət kimi ondan təsirləndiyimi etiraf edirəm. Mənim günahım ondadır ki, Hitlerin iblis sifətini çox gec gördüm”.

Bəli, Leni daha film çəkə bilmədi. 1940-1944-cü illərdə çəkdiyi “Vadi” filmində meksikalı aktyorların əvəzinə yaxınlıqdakı faşist düşərgəsində cəza çəkən qaraçıları istifadə etdiyinə görə məhkəməyə verildi, faşistlərlə, Hitlerlə bağlı keçmişi onu ləkələdi.

52 yaşlı rejissor fotoqraflığa girişdi. Əlinə fotoaparat götürüb, Afrikaya yollandı. Afrikadan çəkdiyi fotolar dünya mətbuatının çox nüfuzlu jurnallarında çap edildi. Leni öz dövrünün ən istedadlı, maraqlı və cəsarətli fotoqraflarından hesab olunurdu. Məhz o nubiyalıların yaşadığı yerlərə gedib, onların həyatlarını fotolentə alaraq, antropoloqların, jurnalistlərin, tarixçilərin diqqətini bu tayfalara yönəltmişdi. Onun hər fotoreportajı hadisəyə çevrilirdi.

Amma Leni bununla kifayətlənmədi. 72 yaşında Leni ilk dəfə suyun altına endi. Sualtı üzgüçülüyü öyrənən Leni düz 30 ildən çox bununla məşğul oldu və üst-üstə 1000 dəfədən çox suyun altına endi. Təbii ki, suyun altından bir-birindən maraqlı fotoreportajlar çəkdi. 1975-ci ildə onun albomları “foto sahəsində ən yaxşı işlər” elan olundu.
Leni Rifenştal 101 yaşında vəfat etdi.

120Prezidentin arvadını biabır eləyən Jizel Froynd

Alman əsilli fransız fotoqraf Jizel Froynd 1908-ci ildə Berlin ətrafında yerləşən Şeneberq ərazisində, yəhudi ailəsində doğulub. 20 yaşı olanda yaxşı oxuduğuna görə atası Yulius Froynd ona “Leyka” markalı fotoaparat bağışladı. Frankfurtda universitetdə oxuduğu vaxtlarda Jizel sosialist hərəkatına qoşulur. Foto sənəti isə sosial işin bir parçası idi – fotoaparatdan küçədəki nümayişləri fotolentə almaq üçün istifadə edirdi.

1933-cü il – artıq Hitler hakimiyyətə gəlirdi. Jizel ölkəni tərk edib, Parisə köçdü. Burada kitab mağazasının sahibəsi Adrienna Monye ilə tanış oldu və onun köməyi ilə foto sənəti haqda dissertasiyasını kitab kimi nəşr etdirdi. Jizelin məşhur yazıçı Ceyms Coysla tanışlığı da həmin il başladı.

1935-ci ildə Jizel Froynd Parisdə mədəniyyətin mühafizəsi məqsədilə keçirilən konqresdə iştirak edir. Konqresdə xeyli mədəniyyət xadimləri ilə dostlaşan Jizel bir çox məşhur yazıçıların və rəssamların portretlərini işləyir. 1939-cu ildə özünün “Məşhur yazıçılar” adlı fotosərgisini təşkil edir. 1942-ci ildə o, Argentinaya köçür və burada məşhur yazıçılar Viktoriya Okampo və Borxeslə tanış olur. Argentina prezidenti Peronla arvadı Evitanın şəkillərini çəkir.

Sonradan Meksikaya köçən Jizel Mexikoda yaşayan məşhur solçu cütlük – rəssam Diyeqo Riveyra və Frida Kalo ilə tanış olur. 1950-ci ildə Peronun arvadı Eva Peronun qalmaqallı fotosuna nəşr etdirən Jizel FTB-nin “qara siyahı”sına düşür və nəzarət altında saxlanılır. Bundan sonra daha dəqiq desək, 1953-cü ildə Parisə qayıdır və ömrünün axrına qədər burada yaşayır. Jizel Froyndun məzarı Parisdəki məşhur Monparnas qəbiristanlığındadır.

121Tarixdə ən çox “satılan” Diana Arbüs

Rus-yəhudi əsilli amerikalı fotoqraf Diana Arbüsün də həyat və yaradıcılığının çiçəklənən vaxtları ikinci dünya müharibəsi və faşizmin meydan suladığı zamanlara düşüb. Əsl soyadı Nemerov olan Diana Arbüs Nyu-Yorkun Qrinviç rayonunda doğulub, Park-Avenyu rayonunda isə böyümüşdü. Onun atası ticarət maqnatı idi, vaxtının çoxunu biznesinə və kənardakı eşq macəralarına sərf edirdi. Elə anası da telefon danışıqlarından uşaqlarına ayırmağa vaxt tapmırdı. Buna görə də Diana və qardaşını hərəsinin öz dayəsi tərbiyə etməli olmuşdu. Və bacı-qardaş – gələcəyin məşhur fotoqrafı (Diana Arbüs) ilə gələcəyin məşhur şairi (Hovard Nemerov) dostcasına bir yerdə böyümüşdülər. Dianadan beş yaş balaca bacıları Rene isə anaları kimi dizayner olmuşdu.

1937-ci ildə Diana gələcəyin məşhur aktyoru Alan Arbüslə tanış olur və ona ərə getmək istəyir. Valideynləri bunun qarşısını ala bilmək üçün Diananı Kaminqton İncəsənət məktəbinin yay kurslarına göndərirlər. Diana burada Aleks Eliotla (“Time” jurnalının gələcək redaktoru) ilə tanış olur. 1941-ci ildə Diana valideynlərinin iradəsinə xilaf çıxaraq, Alan Arbüsə ərə gedir. Ərə getmək onun üçün valideynlərinin təsirindən, nəzarətindən çıxmaq üçün yeganə çıxış yolu idi. Alanla Diananın iki qızı dünyaya gəlir. Diana vaxtının çoxunu qızları ilə keçirir. Alan isə ailəni dolandırmaq üçün iki yerdə satıcı işləyir, çox az qalan boş vaxtlarında isə foto ilə məşğul olur. Əslində Alanın ən böyük arzusu teatr və kino aktyoru olmaq idi, amma o, ailəsinin xatirinə bu arzusundan əl çəkir. 1941-ci ildə Alan hərbi fotoqrafiya kursunu bitirir. 1946-ci ildə isə ərinin təsiri altına düşən Diana moda fotoqraflığına başlayır.

İlk sifarişləri Dianaya atası verirdi. Elə ilkin fotoləvazimatı əldə etməkdə də ona atası kömək elədi. 1947-ci ildə ər və arvad işlərini Konde Hast nəşriyyatına təqdim elədilər. Burada onlara “Vogue” və “Glamour” jurnalları üçün geyim fotoları çəkmək sifariş olundu.

Birlikdə işlədikləri vaxtlar ərzində Alan həmişə fotoçəkmə prosesi və işin texniki tərəflərini boynuna götürürdü, Diana isə fotonun konsepsiyası və üslubuna cavabdeh idi. Bir-biriylə rahat və harmonik dil tapan ər-və arvadı görənlər, onları xalaoğlu-xalaqızı bilirdilər.

Xoşbəxt cütlük birlikdə o vaxtların dəb fotosunun sərhədlərini sındırmağa çalışırdı. 1950-ci illərdə Diana əri ilə birlikdə “Vogue” jurnalı üçün materiallar hazırlamağa başladı. Elə bu vaxt da Diana dünya şöhrətli fotoqraf Riçard Avedonla tanış oldu. Onların dostluğu illərlə davam etdi. Avedon onun işlərini tərifləsə də, Diana özündən razı qalmırdı. Bu, onu depressiyaya salırdı. Gərgin münasibətlər, depressiya o yerə aparıb çıxardı ki, Alan Diana ilə işləmək istəmədi. Halbuki studiyaları yenə də müştərək idi. Təbii ki, belə şərtlər altında ailə də dağıldı. Amma dostluq qaldı.

Dianaya məşhurluq gətirən əsərləri – onun naturaları oldu. Uzun müddət fotoqrafiyasının mövzusunu axtaran fotoqraf qadın nəhayət, Lizetta Modellə tanış oldu. Və Model ona nəsə ekstravaqant bir şey çəkməyi təklif etdi. Ekstravaqantlıq isə bundan ibarət oldu – Diana Arbüs transtfestitlərin yığışdığı gey-klublara baş çəkməyə başladı və ilk modellərini tapdı.

Qeyri-adi adamlarla işləmək Diananın gizli istedadını açdı. O, cırtdanları, əlilləri, ağıldankəmləri, fahişələri çəkməyə başladı. Diana foto çəkərkən heç vaxt bu adamları hansısa pozada dayanmağa, özlərini olduqlarından fərqli göstərməyə məcbur etmədi.

Diana Abüsü maddi cəhətdən bəlkə də ən bəxti gətirmiş qadın fotoqraf hesab etmək olar. Jurnallar onun fotolarını göydə alırdılar, bahalı dərgilər Diananın səfərlərinin, yaşayış yerlərinin xərcini öz üzərlərinə götürürdülər… Diana Arbüs dünya foto tarixində ən çox “satılan” fotoqraf hesab olunur.
Buna baxmayaraq, 1976-cı ildə Diana Arbüs damarlarını doğrayaraq intihar etdi…

Sadəcə, Marqaret Burk Uayt

122 Marqaret Burk-Uayt Nyu-Yorkun məşhur Bronks rayonunda dünyaya gəlmişdi. Atası mühəndis, anası ev xanımı idi. 1922-ci ildə Marqaret Kolumbiya Universitetinə daxil oldu və herpetelogiya elmini öyrənməyə başladı. Foto sənətinə marağı da elə bu vaxtlar yarandı. 1925-ci ildə o, Everet Çapmenə ərə getdi. Evlilik həyatına başlayandan sonra bir yerdə qərar tuta bilməyən Marqaret bir neçə universitet dəyişdi və axırda – 1927-ci ildə Kornel Universitetini bitirdi. Bir il sonra o, Klivlendə köçdü və sənaye fotoqrafı kimi “Otis Stil” şirkətinə işə düzəldi. 1929-cu ildə Burk-Uayt “Fortuna” jurnalının baş redaktoru oldu. 1930-cu ildə o, Sovet İttifaqına qədəm basan ilk əcnəbi fotoqraf kimi yadda qaldı.

Sonra Henri Lyüs onu “Layf” jurnalında işləməyə dəvət etdi. Bu jurnal Marqaretə ilk fotojurnalist qadın olmaq şansını verdi. 1936-cı ilin noyabr ayının 23-də “Layf” jurnalında onun Fort-Pek gəmisinin hazırlanma prosesindən çəkdiyi ilk fotoreportajları çap edildi. Jurnalın üz qabığına düşən gəmi şəkli sonradan amerika poçt markaları kimi istifadə olunmağa başlandı.
İkinci Dünya Müharibəsi zamanı Marqaret ilk qadın hərbi fotojurnalist kimi, müharibədə iştirak edən bütün ölkələri gəzdi. Hərbi düşərgələr, səngərlər, döyüşlər, generalların qərargahları bu cəsur qadın və onun fotokamerasının üzünə açıq idi. Marqaret özü isə odun-alovun arasında, heç nədən qorxmadan fotokamera işlətməyinin səbəbini belə izah edirdi: “Əlimdə fotoaparatın olması məni sakitləşdirirdi. Elə bilirdim ki, əlimdə fotoaparat varsa, bu atışmaların, vıyıldayan mərmilərin mənə aidiyyatı yoxdur”. Müharibədən sonra o, öz təəssüratlarını və xatirələrini “Rahat yat, əziz Vətən” adlı kitab şəklində nəşr etdirdi.

Marqaretin fotolarının əvəzi yox idi. Foto sənətindən başı çıxanlar onun dəst-xəttini dərhal tanıyırdılar. Hamı bilirdi ki, çəkdiyi obyekti ovcunun içi kimi öyrənən, fonunu böyük məharət və doğmalıqla seçən, bütün bunlarla yanaşı, fotojurnalistikaya yeni, mürəkkəb bir tərz, sadə fotolara isə dərin məna gətirən bircə fotoqraf var – Marqaret Burk-Uayt.

Marqaret Burk-Uayt həm də Hindistanla Pakistan arasında konflikti işıqlandıran və Məhəmməd Əli Cinahın, Qandinin bir çox məşhur fotolarının müəllifi kimi tanınır.

1950-ci ildə Marqaretə parkinson xəstəliyi diaqnozunu qoydular. Bu vaxt onun 57 yaşı vardı. Xəstəliyi ucbatından Marqaret işinə fasilə verməyə, mütəmadi kimyəvi müalicə almağa başladı. 1963-cü ildə o, “Öz portretim” adlı kitabda həyatını qələmə aldı və kitab bestsellerə çevrildi. Amma bu hadisədən sonra fotoqrafın səhhəti lap pisləşdi və Marqaret özünü “ev dustağı” etməyə məcbur oldu.

1971-ci ildə Marqaret Burk-Uayt Konnektikutda, 67 yaşında vəfat etdi. Onun əsərləri Bruklin Muzeyində, Klivlend İncəsənət Muzeyində, həmçinin ABŞ-ın Konqres Kitabxanasında qorunur.

Gözünün altı göyərmiş məşhur qadın – Nan Holdin

Nan Holdinin fotosərgilərindəki adamların sayı adətən Misirdəki mumiyalara, Rafaelin əsərlərinə baxmağa gələnlərin sayından çox olurdu. Səbəb isə sadə və “məişətvari” idi: Nanın fotolarının motivi həyatın dibi – narkotika, qeyri-ənənəvi cinsi həyat, orgiyalar, içki məclisləri idi…
Nan Holdin 1953-cü ildə Vaşinqtonda anadan olub. Uşaqlıqda Nanla bacısını müayinə edən psixiatr həmişə bacıların intihara meylli olmasından şübhələnirdi. O, yanılmırdı. Nanın bacısı 18 yaşında intihar etdi. Nanı isə intihardan fotokamera xilas etdi.
Nanın gəncliyi yetmişinci illərə təsadüf edirdi – bu, rok-n-rol, narkotika və seksin dövranı idi. Və belə zəngin gənclik həyatı Nana cəsarətli mövzular verirdi. Bir dəfə o, etiraf etdi ki, seksual motivli uğurlu fotosessiyalardan birinin səbəbi sırf səhər oyananda dünən gecə nə baş verdiyini xatırlamaq arzusu olub. Kamera isə evdə baş verənləri ev sahibəsindən daha yaxşı xatırlayırdı. Nan oğlan dostu ilə intim əlaqələrini, narkoman dostlarını, transvestit tanışlarını – bir sözlə, Nyu-York “andeqraundunu” fotolentə alırdı. O, bacısının xatirəsinə həsr etdiyi ilk fotosərgini “Seksual azadlığın balladası” adlandırdı.

Nanın fotolarındakı seksual inadkarlıq və seksual səmimilik iyirminci əsr incəsənətində qadın mövzusu, epataj və yeni realizmlə bağlı təzə səhifə açdı. Nan göstərdi ki, ən gözəl, ən incə ruhlu, səmimi fotoları həyatın dibindən, eybəcərliklərdən, kobudluqlardan çəkmək olur. Budur müəllif xanımın öz portreti: dəbli saç düzümü, içkidən şişmiş sifət, al-qırmızı boyanmış dodaqlar və… zərbədən göyərmiş göz. Gözünü ondan həmişəlik ayrılan sevgilisi Brayn göyərtmişdi.
Sadə sevgili mübahisəsindən yaranan avtoportret 20-ci əsrin art-simvoluna çevrildi.

Hazırladı: Günel M.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın