Rüstəm İbrahimbəyov 31 milyon dollarlıq korrupsiya ittihamına ayıdınlıq gətirdi

Yazar: Admin | Bölmə: Persona | Tarix: 19 Mayıs, 2009

130«Mixalkovun çıxışı şovinizmin təzahürüdür»

Məşhur Rusiya rejissoru Nikita Mixalkov bir o qədər məşhur azəbaycanlı rejissorları – Rüstəm İbrahimbəyovu və Yuli Qusmanı külli miqdarda pul mənimsəməkdə ittiham edib. “Moskovskaya komsomolets” qəzetinə açıqlamasında o, başda İbrahimbəyov və Qusman olmaqla bir qrup şəxsi Moskvanın mərkəzindəki ən böyük mədəniyyət saraylarından olan “Kinosentr”in 3 min kv.metr sahəsini ələ keçirməkdə suçlayıb: “Nəticədə onlar bu sahənin təyinatına uyğun olamayan istifadəsindən 31 milyon 650 min dollar qazanıblar”.

Mixalkov deyib ki, paytaxtın Krasnopresnenski rayonunda yerləşən “Kinosentr”də baş verənlər onu bərk qəzəbləndirib. “Çünki bu adamlar Rusiya Kinematoqrafçılar İttifaqının 5 min üzvünü aldadıblar”, – deyə rejissor bildirib.
Rustəm İbraihimbəyov «Bizim Yol»a müsahibəsində barəsində səslənən ittihamlara aydınlıq gətirib.

- Rüstəm müəllim, tanınmış rejissor, dostunuz Nikita Mixalkovun Siz də daxil olmaqla bir sıra məşhur şəxslərə qarşı ittihamını necə qiymətləndirisiniz?
- Əlbəttə ki, bunlar böhtan və yalandır. Ümumiyyətlə, əsası olmayan axmaq söhbətdir.

- O zaman ittihamların ortaya çıxmasının səbəbi nə ola bilər?
- Əvvəla, Moskvanın mərkəzində yerləşən «Kino Mərkəzi» ümumi bina olub. Binanı 32 faizi Rusiyanın, qalan hissəsi başqa postsovet respublikalarına məxsusdur. Mixalkov binanı bütövlükdə bizdən almaq istəyirdi. Təxminən 5-6 ildir bu məsələ ilə bağlı Mixalkovla Rusiya kinomateqrafçıları arasında məhkəmə də gedib. Bundan sonra biz binanı tərk edib 3 min kvadrat metr sahəni Moskva kino işçilərinə verdik. İndi Mixalkov iddi edir ki, 3 min kvadrat metrin bazar qiyməti 31 milyon 650 min dollardır. Moskva kino işçilərinin də 15 nəfərdən ibarət İdarə Heyəti var. Mixalkov bildirir ki, 31 milyonu 15 nəfər arasında böləndə hardasa hər birinə 2 milyon düşür. Əslində Mixalkov bu məsələni mətbuata çıxartmaqla demək istəyir ki, konfedrasiya və Moskva kinomatqrafçıları rusların düşmənidir. Çünki 31 milyon dollarlıq sahəni mənimsəmək istəyirlər. Bu gün Rusiyanın tanınmış kino sənətkarları Mixalkovu məhkəməyə verib. Onların arasında Qusman, Şenqeliya, Matveyeva, Bardin və digərləri də var.  Təəssüf ki, «Yeni Müsavat»da bunu başa düşmədiklərindən o şəkildə qələmə veriblər. Əgər Mixalkov haqlıdırsa, biz niyə məhkəməyə müraciət edirik. Bu məsələ üç-dörd ildir Rusiya ictimaiyyətində müzakirə mövzusuna çevrilib.

- Haqlı sualdır, doğrudan da Mixalkov nə üçün məhkəməyə müraciət etməyib?
- O, deyir ki, biz-15 nəfər 31 milyon dollar mənimsəmişik. Əgər özünə əmindirsə, prokurorluğa və ya məhkəməyə müraciət etsin. Nəyə görə üç ildən sonra mətbuata bu barədə danışır? Çünki biz onu neçə illərdi əlində saxladığı vəzifəsindən kənarlaşdırmaq istəyirik. O, da bizi biabır etmək üçün axmaq-axmaq şeylər danışır.

- Mətbuatın yazdığına görə ittifaqın əksər üzvləri Mixalkovun bəyanatı ilə həmrəydir. Bu, nə dərəcədə həqiqətə uyğun fikirdir?
- Bu, həqiqətdən uzaqdır. Çünki ötən ilin dekabrında keçirilən qurultayda 470 üzvdən 450-i Mixalkovun sədr olmasının əleyhinə səs verib. Bundan sonra Mixalkov küçədən adamları yığıb qurultay keçirib. Biz bu barədə məhkəmədə iddia qaldırmışıq. Hazırda Mixalkovun son açıqlaması ilə əlaqədar Gürcüstan, Türkmənistan, Azərbaycan, Moskva, Latviya, Estoniya, Moldava ittifaqları bəyanat veriblər.

- Siz məhkəmədən ədalətli qərar gözləyirsinizmi?
- Məhkəməni 100 faiz udacağımıza inanıram. Bu gün bizim Mixalkova qarşı son iddiamız da daxil olmaqla üç şikayətimiz məhkəmədədir.

- Bəs Mixalkovla bu məsələlər ətrafında söhbətiniz olubmu?
- Son böhtanlardan sonra niyə onunla söhbət etməliyəm?! Bilirsiniz, baş verənlərin hamısı siyasi oyunlardır. Yəni Mixalkov vəzifədə qalmaq üçün siyasi oyunlara əl atır. Bütün bunlar yuxarıda adlarını xatırlatdığım respublikaların kino ittifaqlarının bəyanatlarında yer alıb.

- Bəs Rusiyanın hakim dairələri Mixalkovun hərəkətlərini necə dəyərləndirirlər?
- Bu sualı onlara vermək lazımdır. Amma mən bir məqamı deyim ki, Mixalkovun çıxışı şovinizmin təzahürüdür. Təsəvvür edin ki, Qusman «Nika» Akademiyasının, mən isə federasiyanın rəhbəriyəm. Onlar deyirlər ki, bu qurumların rəhbərləri rus olmalıdır.

- Çıxışınızdan belə anladım ki, Rusiyada şovinizm dirçəlir?
- Bəli.

- Hansı səbəblərdən?
- Konkret fikir yürütmək çətindir. Məgər, bilmirsinizmi ki, Rusiyada hər gün başqa millətlərin nümayəndələrini öldürürlər? Artıq faşizmi təbliğ edən təşkilatların sayı da artıb. İndi Moskvada bu barədə kəskin bir film çəkilib və böyük mübahisələrə səbəb olub. Bədii film olan sənət əsəri bu cür təşkilatların fəaliyyətindən bəhs edir. Yaranmış durum ictimai-siyasi əhəmiyyət kəsb etdiyindən kinoda da öz əksini tapır. Mixalkov da öz vəzifəsini qorumaq üçün belə şeylərlə məşğul olur. Biz Rusiya Kinomateqrafçılar İttifaqına Marlen Xutsiyevi seçmişik. O, Rusiyada yaşayan gürcüdür, necə ki, tanınmış şair-bəstəkar Okucava kimi. Ən əsası Rusiya kino sənətçilərinin 70 faizini təşkil edən Moskva Kino İttifaqı bizimlədir.

- Bəlkə Mixalkovu bu addımları atmağa Marlen Xutsiyevin gürcü olması da rol oynayıb?
- Bəli, bu da vacib amildir. Bu barədə açıq danışmasalar da, amma Xutsiyevin sədr olmasını istəmirlər.

Natiq CAVADLI

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın