Dəlixanadan dahi qaçıb…

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 22 Mayıs, 2009

132Dünya elminin və mədəniyyətinin beş başdanxarab məşhuru haqqında bilmədikləriniz “Alma”da!
Bu gün sizə istedad, savad, maraqlı həyat sarıdan yarısa da, ağıl sarıdan bəxti gətirməyən beş dahidən danışacağıq. O dahilərdən ki, ömürlərinin ya əvvəlində, ya axırında ağıl xəstəxanasının, loru dildə desək, dəlixana sakini olmaq məcburiyyəti ilə üz-üzə qalıblar. Qarşılayın, başdanxarab beş dahi!

Nitsşe

Fridrix Vilhelm Nitsşe irrasionalizmin ən görkəmli nümayəndəsi, məşhur alman filosofu. O əsərlərində dini, mədəniyyəti və öz dövrünün əxlaqını ciddi tənqid edərək, özünün etik nəzəriyyəsini yaradıb. Amma Nitsşe akademik filosofdan daha çox, ədəbi filosof idi və əsərlərinin olduqca cığal bir ruhu var. Nitsşenin fəlsəfəsi ekzistensializmin və postmodernizmin formalaşmasında böyük rol oynayıb.
1844-cü il doğumlu Fridrix Nitsşe Şərqi Almaniyada, Leypsiq yaxınlığında, lüteran keşişinin ailəsində anadan olub. 1864-1869-cu illərdə Bonn və Leypsiq Universitetlərində teologiyanı və klassik filologiyanı öyrənib. Elə bu ərəfədə o, Şopenhauerin əsərləri ilə tanış olub və onun fəlsəfəsinin təsiri altına düşüb. 23 yaşında ikən Nitsşe Prussiya ordusuna çağrılır, ancaq qısa müddət ərzində zədə alaraq, ordudan tərxis edilir.
Nitsşe ən yaxşı tələbə idi və elmi çevrələrdə böyük şöhrəti vardı. Bunun sayəsində hələ 1869-cu ildə o, Bazelsk Universitetində klassik filologiya professoru olur. Çoxsaylı xəstəliklərinə baxmayaraq, Nitsşe burada 10 il işləyir.
Nitsşenin vətəndaşlığı bu gün də mübahisəli məsələ olaraq qalır. Bəzi mənbələr onun 1869-cu ildə Prussiya vətəndaşlığından imtina etdiyini deyir, digər mənbələr isə İsveç vətəndaşlığını qəbul etdiyini iddia edir. 1979-cu ildə Nitsşenin ağırlaşan səhhəti onu işindən ayrılmaq məcburiyyətində qoyur. Bundan sonra Nitsşe universitetdən aldığı əlillik təqaüdü ilə kasıb həyat tərzi keçirir. Çünki həmin vaxt Nitsşenin əsərlərindən qazandığı qonorarlar çox cüzi idi – şöhrət dahiyə ölümündən sonra gəlmişdi.
1899-cu ildə Nitsşenin yaradıcı fəaliyyəti də sona çatır. Ruhi vəziyyətinin ağırlığı, böyüklük iddiası, çılğın davranışı onun əqli fəaliyyətinə mane olur. Bu müddətdən etibarən Nitsşe Almaniyada, onun qayğısını çəkən anasının və bacısının yanında yaşamağa başlayır.
Nitsşe 1890-cı ildə Veymar şəhərindəki psixiatrik müalicəxanada dünyasını dəyişib.

Paulo Koelyo

Dünya şöhrətli Braziliya yazıçısı, Paulo Koelyo Universitetinin yaradıcısı Paulo Koelyonun əsərləri dünyanın 52 dilinə tərcümə edilərək, 140 ölkədə ən yüksək tirajla satılır.
Paulo Koelyo 1947-ci ildə, Rio de Janeyroda mühəndis ailəsində doğulub. Hələ lap uşaqlıqdan yazıçı olmağı arzulayıb. Amma altmışıncı illərdə incəsənət hərbi diktatura tərəfindən qadağan edildiyi üçün arzusunu tez həyata keçirə bilməyib. Həmin illərdə Braziliyada “rəssam” və ya “yazıçı” kəlməsi “homoseksual”, ya da “narkoman” sözünün alternativi idi. Arzusunu həyata keçirə bilməyən Paulo universitetlərdə oxuyan, çalışan yaşıdlarından fərqli olaraq avaralıq eləyir, heç bir işlə məşğul olmur, heç nəyə maraq göstərmirdi. Üstəlik, dünyanı saran rok azarına yoluxduğu üçün valideynləri 17 yaşlı Paulonu psixiatrik müalicəxanaya yerləşdirməli oldular.
Amma Paulo Koelyo dəlixanadan ağıllı deyil, hippi kimi çıxdı. Əlinə keçəni – Marksı, Lenini, Bhaqavad-Gitanı oxuyan Koelyo bir müddətdən sonra gizli nəşr olunan “2001″ jurnalını buraxmağa başlayır. Eyni zamanda anarxist mahnılar üçün mətnlər yazır. Rok ulduzu Raul Seixas bu mahnıları o qədər məşhurlaşdırır ki, Paulo Koelyo qısa müddətdə çox varlı bir adama çevrilir. Amma o, yenə də özünü axtarmağa davam edir. Jurnalist kimi fəaliyyət göstərir, özünü teatr rejissoru və dramaturq kimi təsdiq etməyə çalışır.
Amma tezliklə onun mahnılarının mətni hakimiyyətin diqqətini cəlb edir. Koelyonu hakimiyyət əleyhinə fəaliyyət göstərməkdə ittiham edirlər. O, üç dəfə həbs olunaraq, işgəncələrə məruz qalır. Həbsxanadan çıxandan sonra Paulo Koelyo artıq ağıllı adam olmağın vaxtı çatdığını düşünərək, hamı kimi normal yaşamaq qərarına gəlir. Və… yazmağın daşını atır, məşhur şirkətlərdən birində özünə karyera qurmağa çalışır. Amma özünə heç bir səbəb gətirmədən Koelyonu buradan qovurlar.
Beləliklə, o əsərləri bu gün ən yüksək tirajla satılan məşhur yazıçı olur…

Gi de Mopassan

Fransız yazıçısı Gi de Mopassan 1850-ci ildə anadan olub. Onun anası Lora Le Puatven müflis olmuş meşşan ailəsindən çıxmış hökmlü və ağıllı bir qadın idi. Atası isə gününü oyun evlərində keçirən əhlikefin birisiydi. Ginin anası Lora ədəbiyyata, incəsənətə meylli, olduqca istedadlı qadın idi. Mopassan məşhur yazıçı olandan sonra əsərlərinin zəngin dilini, özünün nağılçılıq bacarığını anasının xidməti hesab edirdi. Ginin valideynləri atasının məsuliyyətsizliyi ucbatından və anasının ifrat sərtliyi sayəsində tez ayrılmalı oldular. Valideynlərinin ayrılmasından bərk sarsılan gələcək yazıçı hələ uşaqlıqdan mənəvi zədə almışdı.
Məşhur yazıçıya çevrildikdən sonra Gi de Mopassanın həyatı var-dövlət, gözəl qadınlar sarıdan çox zəngin oldu. Ömrünün axırlarında onun dörddən çox villası və iki gəmisi var idi. Amma nə məşhurluq, nə gözəl qadınlar, nə də var-dövlət onu bədbəxt aqibətdən xilas edə bilmədi. Ömrünün axırlarında Mopassan qarabasmalar görməyə başladı. Belə qarabasmaların birində o, hətta özünün boğazını da kəsməyə cəhd eləmişdi. Nəhayət, onu Parisdəki psixiatrik müalicəxanalardan birinə yerləşdirdilər. 1893-cü ilin iyul ayının 6-da Mopassanın ürəyi dayandı. Onun son sözləri “Zülmət! İlahi, zülmət!” oldu.

Robert Şuman

Dahi alman bəstəkarı Şuman 1810-cu ildə anadan olub. Digər məşhur bəstəkar Raxmaninovdan fərqli olaraq, Şumanın depressiyasının səbəbi ətrafdakı vəziyyət deyildi. Şumanın maniakal-psixozu vardı, buna görə də bəstəkar tez-tez ağır depressiyalara qapılır və cürbəcür maniyalardan əziyyət çəkirdi. Amma ağır xəstəliyinə baxmayaraq, Şuman musiqi bəstələməkdə davam edirdi. Onun arvadı, istedadlı pianoçu ərinin vəziyyətindən sarsılaraq, get-gedə daha seyrək çıxışlar etməyə başlamışdı. Eyni zamanda qadın Şumanın musiqisini ifa etməkdən çəkinirdi.
30 yaşından etibarən Şumanın vəziyyəti daha da ağırlaşmağa başladı. Bu ağırlaşma özünü dahi bəstəkarın yaradıcılığında da büruzə verirdi. Bu dövrdə yazdığı əsərləri dinləyənlər bəstəkarın ağır ruhi vəziyyətindən xəbər tuturdular.
1854-cü ilin fevralında Şumanın qulağına naməlum alətlərdə ifa olunan musiqi səsi gəlir. Həmin il fevralın 27-də bəstəkar özünü Reyn çayına ataraq, intihar etməyə cəhd edir. Amma Şumanı sudan tez çıxarmaq mümkün olur. Bu hadisədən sonra bəstəkar özü xoşluqla arvadından onu ruhi xəstəxanaya yerləşdirməyi xahiş edir: “Mən daha öz hərəkətlərimi idarə edə bilmirəm”.
Ona müalicə üçün Bonnun ən yaxşı klinikasını seçirlər. Müalicəxanada Şuman fortepianoda musiqi ilə məşğul olmaqda davam edir. 1856-cı ilin iyul ayının 29-da bir neçə ağırlaşmadan sonra Şuman dünyasını dəyişir.

Salvador Dali

Salvador Dali 1904-cü ildə ispan şəhərciyi Fiqerasda anadan olub. Onun əsl adı Salvador Xasinto Dali Domenç Kusi Farres idi. Atası isə ona sadəcə, Salvador deyə müraciət edirdi. Ki, bu da ispancadan tərcümədə “xilaskar” deməkdir. Doğrudur, Salvador Dalinin həyat təcrübəsində dəlixana yoxdur, amma bu dahi rəssam bütün həyatını dəlixanadaymış kimi yaşayıb.
S. Dali “Bir dahinin gündəliyi”ndə yazır: “Altı yaşım ikən mən aşpaz olmaq istəyirdim, yeddi yaşımda isə Napoleon olmaq iddiasındaydım. O vaxtdan bəri mənim ambisiyalarım durmadan artır. Bu günsə mən nə az, nə çox, Salvador Dali olmaq istəyirəm”. Dalinin dünyada ən çox sevdiyi adam elə onun özü idi. O, daima özündən danışır, öz gündəliklərini çap etdirirdi. Dali özünün qeyri-adi insan olduğundan əmin idi. Elə hey iddia edirdi ki, hələ anasının qarnında ikən dahi imiş. Anasını isə məhz onu doğduğuna görə sevirdi. Amma anası öləndə sarsıntıdan özünə gələ bilməyən Dali qısa müddətdən sonra Parisdəki sərgidə nümayiş olunan rəsmlərinin birinin altında “Mən anama tüpürürəm!” sözlərini yazmışdı.
Bu hadisədən sonra atası Salvadora evə gəlməyi qadağan elədi. Onun isə heç vecinə də deyildi; özünün dediyi kimi, onun evi də, ailəsi də rəsm idi.
On yeddi yaşında Kral Akademiyasına daxil olan Dalini ancaq bir şey maraqlandırırdı: necə məşhur olmaq mümkündür? O, akademiyada heydən düşənə qədər şəkil çəkir, bir gün də olsun, dərsdən qalmırdı. Necə məşhur olmağın yolunu isə Dali insanları şoka salmaqda tapdı!
1926-cı ildə Dalini nadincliyi üzündən akademiyadan xaric etdilər. O isə akademiyada başladığı ekstaravaqant hərəkətləri cəmiyyət arasında nümayiş etdirməyə girişdi. Maraqlıdır ki, ağılsızlıqda və qeyri-ənənəvilikdə belə ad çıxarmış Salvador bir qadınla düz 53 il bir yerdə yaşadı. Onun arvadı Qala deyirdi: “Günün birinci yarısında Salvador səhvlər eləyir, günün ikinci yarısında isə mən onun səhvlərini düzəltməklə məşğul oluram”.
1982-ci ildə Qala öldü. Arvadının ölümünün bir ili tamam olanda ölkə başçısı Xuan Karlos Daliyə Markiz rütbəsini verdi. Yeddi ildən sonra Dali özünün sonuncu dəliliyini elədi: vəsiyyət etdi ki, onu doğulduğu Fiqerasda basdırsınlar…

Hazırladı: Günel

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

3 Şərh var
Şərh yazın »

  1. Günel xanim, bilmirem kimsiz neçisiz ferqi yoxdu ama NITŞEYE ve digerlerine başdanxarab demekle medeni formada desem nezaketsizlik eymisiz.

    P.S. Bildiyim qederile Nitşe 1900-cü ilde vefat edib.

  2. İnformasiya tipli məqalələr maraq dogurur, bu məqalə həmcinin maraqlıdır. Amma ədebi dilin normaların gözləmək daha yaxşı olardı.

  3. Şərhsiz, iki-üç paraqraflıq məlumatı da bir yerə yığa bilməmək?

    “Nitsşe irrasionalizmin ən görkəmli nümayəndəsi imiş”?!
    1889-cu ilin ilk günlərində, Turində… Nitsşe yıxılır, “Cinayət və cəza”nın Raskolnikovuna dərindən təsir edən hadisəyə bənzəyən bir situasiya ilə qarşılaşdıqdan sonra, – belə rəvayət edilir. Buna baxmayaraq, sonrakı həftələrdə dostlarına məktublar yazır, halı pis olsa da: “Dəlilik məktubları”. Yaradıcı fəaliyyəti də burda sona çatır. (1) Sonrası məlumdur(mu?).

    Bundan əlavə, xəstəliyinə səbəb olaraq “çılğın davranış(lar)ını, böyüklük iddiası”-filan göstərməyin mənası nədir? Hansı böyüklük iddiasından söhbət gedir? İki cümlə şərh qatırsız, onu da heç olmasa dürüst eləyin. Xəstəliyi gənclik illərində yoluxduğu sifilisdir, – ən azından indiki konsensus bu yöndədir. (2)

    Və 1900-cü ildə vəfat edir… (3)

    İnformasiya tipli məqalələr (!) o zaman maraq doğurar ki, doğru-dürüst yazılsın, hansı məxəzlərdən istifadə edildiyi göstərilsin. Yatıb yuxuda görülmür bunlar.

    1,2,3: Yatıb yuxuda görmüşəm! :)

Şərh yazın