Cavid Ramazanov. İnqilabçı gənclər və “Səfillər”

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 30 Mayıs, 2009

210Qəhrəman olmağı bacarmırsızsa, heç olmazsa yalançı olmayın

“Dönüşü olmayan yollara girdik, ey hayat,
savurdun bizi uçurumlara.
Mavi düşler kurmak zorunda bırakdın bizi,
teslim olduk diplomalara…
Amaan, amaan, hallerimiz yaman…
…heey  aç pencereni,
burak güneş içeri girsin…”

Haluk Levent

Hansısa məşhur birisi Viktor Hüqonun “Səfillər” romanı haqda danışarkən, dəqiq xatırlamıram, amma təxmini belə ifadə işlədib: “Dünyadakı bütün bədii əsərlər məhv olub, təkcə “Səfillər” romanı qalsaydı,  yenə də dünya ədəbiyyatı xəzinəsi öz zənginliyini saxlayardı.”
Bir az şişirdilmiş ifadədir, amma həqiqətən də bu roman  bütün təriflərə layiqdir.
Mən bu əsəri lap çoxdan oxumuşam, amma hər şey haqqında yazılan bu qalın kitabda məni ən çox cəlb edən nə Jan Valjanın qəribə və faciəli həyatı, nə romanın əsas sujet xəttini təşkil edən Kozetta, Fantina kimi qəhrəmanların taleyi, nə polis agenti Javer kimi daşürəkli məxluqun sonda özünü Sena çayına ataraq mistik şəkildə intihar etməsi yox, sadəcə bu irihəcmli romanın bir neçə səhifəsində bəhs edilən bir neçə nəfər gənc inqilabçının taleyidir.
“Səfillər” romanı haqqında haradasa eşidəndə, yaxud oxuyanda avtomatik olaraq beynimə ilk olaraq bu bir neçə nəfər gəncin taleyi gəlir.
Belə gənclər haqqında bir çox kitablarda yazılıb, amma indiyədək mənə ən çox təsir edən Hüqonun bəhs etdikləridir.
Başqaları kimi sadəcə sakitcə yaşamağı yox, barikadalarda ölməyi seçən bu gənclər yadıma düşəndə tüklərim biz-biz olur. Təsəvvür edin, sizə heç kim dəstək vermir, barikadalarda hamının yerinə vuruşub həlak olsaz da, heç kimin tükü  belə tərpənməyəcək. Sadəcə kənara çəkilib başqaları kimi uyğun zamanı gözləyə bilərsiz.
Amma onlar üz-üzə gələcəkləri qorxunc dərəcədə güclü düşmənlərinə qarşı kiçik bir zərbə belə vurmayacaqlarını bilə-bilə hamı üçün savaşıb, hamıdan xəbərsiz ölürlər.
Nədir bu- dəlilikmi, yoxsa ağlasığmaz bir fədakarlıq?
Nəticəsi olmayan bir şey uğrunda belə fədakarlıq etmək olmaz. Onların etdiyi hərəkət  dəlilikdir! Özünü ağıllı sayan milyonlarca insanın anlamayacağı bir çılğınlıq, dəlilikdir bu. Bütün daşlaşmış qayda-qanunlara, özünü ağıllı, cəsarətli sayan milyonlarca insana edilmiş dəhşətli bir istehzadır bu!
Məhz buna görə “Səfillər” romanı yadıma düşəndə gözlərim önünə ilk olaraq  küçədə uzanmış bu inqilabçıların cansız bədənləri və  bir də… Qavroş gəlir. Bu balaca uşağın adı gələndə istər-istəməz dodaqlarım dartınır, gülümsəyirəm.
Sonda o,  inqilabçılarla birlikdə döyüş meydanında mübarizə apararaq, şəhid olur.
Qavroş obrazı bir yazıçının yarada biləcəyi ən gözəl obrazdır…

***

Uşaqlığımda Qavroş kimi şən və ağıllı olmaq istəyirdim, böyüyəndə isə döyüş meydanında həlak olan o gənclər kimi cəsarətli və “dəli”.
Uşaqlığımda Qavroş kimi şən və ağıllı ola bilmədim, inanmıram ki, bundan sonra əsərdəki gənclər kimi cəsarətli və “dəli” olub başqaları uğrunda özümü fəda edəcəm.
Mən inanıram ki, Hüqo  bütün bunları təsvir edəndə utanıb. O, uzun bir ömür sürüb, əminəm ki,  o da  yaratdığı qəhrəmanlar kimi döyüş meydanında  ölmək istəyib. Əgər belə olmasaydı o, qəhrəmanlarını belə səmimi yarada bilməzdi.
Elə bilməyin ki, mən də utanmazlığıma salıb təzədən bütün bunlar haqqında yazıram….
… utanıram.
Bunları yazanda sanki: “Siz gedin inqilab eləyib – ölün, mən hər şeyi çox gözəl təsvir edəcəm” kimi məna çıxır. Amma bu, həqiqətən belə deyil.
Mənim utanmağım o gənclər kimi ola bilməməyimə görədir.
Bizim cəmiyyətimizdə insanlar belə şeylərə qarşı xüsusilə həssasdılar. Əgər mən yuxarıdakı etirafı etməsəydim, bir dəstə gənc  üstümə düşüb, məni tənqid atəşinə tutasıydı.
Demək istədiyim odur ki, hər kəs inqilabçı ola bilməz. Hamıya get inqilab elə, döyüşüb, mübarizə meydanında öl demək olmaz.
Amma həqiqəti de, demək olar. Soljenitsının məşhur  “Yalansız yaşamaq” məqaləsindəki həqiqətlər  həmişə öz effektini verir. Hər kəs inqilabçı ola, küçədə başqaları uğrunda vuruşub ölə bilməz. Tək–tük adamlarda belə cəsarət var.
Amma heç olmasa yalan danışmaya bilərik. Yalan danışmasaq, bütün problemlər həll oluna bilər. Yalan danışmamaqla biz oyuna getmərik, öz vicdanımıza qulaq asmaqla biz başqaları tərəfindən istifadə olunmarıq, heç kimin yanında da gözü kölgəli olmarıq.

***

Sonda isə bütün bunlarla nə demək istədiyimi yazım.
Bakıda məşhur rep qrupu var. Adı da “HOST”dur. Açığı rep musiqisini sevmədiyimdən, orda-burda tanışlar qulaq asanda mahnılarının bir- iki yerində açıq cəmiyyətdən, demokratiyadan, insan hüquqlarından danışıldığını eşitmişəm. Dostlar da həmişə onları tərifləyiblər. Mən dostlarımın zövqünə inanıram, yəqin layiqdilər ki, tərifləyiblər.
Bütün şəhər “HOST” dibar yazıları ilə doludur. Bir az da olsa məndə ümid yaranmışdı ki, andeqraund musiqi yavaş-yavaş yaranır. Amma bir müddət əvvəl qrupun üzvlərini hansısa telekanalın ucuz şou-verlişində gördüm. Şablon sualları verirdilər, onlar da bəh-bəhlə cavablandırırdılar. Sonra isə Zamin Hacının “Reperin Yaper olmağı” yazısını oxudum. Gənclər nəsə “sabunlu-şampunlu” müsahibə verib, köşə yazarı da onların bu müsahibəsi haqda yazıb. Sonra adyazar.az saytında müsahibəni bütöv oxudum.
Yəqin ki, qrup üzvlərini qorxudublar,  belə danışmalarına səbəb budur. Uğurlu inkişafdan, dövlətimizin çiçəklənməyindən və s. və s. haqda danışıblar. Çox da vacib deyil, bu cür “sabunlu-şampunlu” müsahibələri AzTV telekanalında 24 saat verirlər.
Qəribəsi odur ki, qrup üzvləri az qala öz fanatlarını borclu çıxarıb, onların adından yalan sözlər yayıldığını bildiriblər.
Özləri bilər, amma məncə heç kim onlardan inqilabçı, qəhrəman olmağı istəməyib.
Onlar sadəcə musiqiçidirlər, özləri bilər musiqilərinin sözləri necə olacaq.
Amma bunu beşikdəki uşaq da bilir ki, bu ölkədə nə demokratiya, nə açıq cəmiyyət, nə şəffaflıq var, nə də ki, insan hüquqları qorunur.  Bu ölkədə bu qədər hərc-mərcliyə, qanunsuzluğa, haqsızlığa görə hökuməti idarə edənlər günahkardır. Birinci şəxsdən tutmuş, ən kiçik rütbəli məmura qədər.
“HOST” qrupu kimisə tənqid etmək istəyirsə, sonacan etsin, malalamasın.
Heç kimi tənqid etmirəm, özləri bilər, amma heç kim də özünü qəhrəman elan edib, başqalarında günah axtarmasın. Və ən əsası yalan danışmasın…
Qəhrəman olmağı bacarmırsızsa, heç olmazsa yalançı olmayın.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

5 Şərh var
Şərh yazın »

  1. Genc yazichi kimi Sizi tebrik etmek olar.

  2. Yaxshi yazi idi, Cavid bey! Yuxaridaki Sefiller barede aforizm Lenine mexsusdur, melumat uchun deyim. Ele men de bu aforizmin tesiri ile ilk defe 11 yashimda bu xeyli qalin 3 tomluq kitabi oxumusham ve ilk defe ne vaxt oxumagim barede kitab uzerinde qeydiyyat qoymusham. Indi achib bunu gorende mat qalmishdim, yeni menim o zaman 11 yashim var idi? Ona gore de sizin ushaq vaxti bu felsefi eseri oxumaginiza inandim.
    HOSTa gelince, onlar ezelden duz yola qulluq etmirdi, o boyali, qara rengli sozlerle onsuz da cemiyetin qara gunde olan insanlarinin ureyine yatmishdilar, chunki hami qaranin qara oldugunu indi deye bilmirdi, amma onlarinki qara deyilmish qehveyi imish, uzerlerine bir balaca reng qatilan kimi rengleri deyishdi. Bele deyirem chunki atalar deyib ki, qaradan qati reng olmaz.
    Demek ki, Semed Mensur demishken hepsi rengidir.

  3. Eşq olsun, Cavid. Növbəti maraqlı yazın idi… Təbriklər!

  4. ne semimi etiraflardi, uwaqliqda Qavrow kimi wen ve agilli ola bilmedim, inanmiram ki, bundan sonra eserdeki qehremanlar kimi cesaretli ve deli olub bawqalari ugrunda ozumu feda edecem)) maraqli bir qeder de ferqli yanawma terzi var tehlilinde…amma bu HOST sohbeti meni bir az a4madi, inanilmazdiye, o cure repler yazan adamlar yeni dogrudan bele musahibe verib??????? Amma indiki adamlardan ne desen gozlemek olar… nese Cavid, tebrikler)) maraqliydi hemiwe ki kimi))

  5. COX GÖZƏLDİR BU HEKAYƏNİ COX SEVİRƏM VƏ ONA BAXMİSAM

Şərh yazın