Elnur Astanbəyli. Rövnəq Abdullayev və AYO.
Yazar: Admin | Bölmə: Köşələr, Publisistika | Tarix: 01 Haziran, 2009
Hakimiyyət AYB üzvlərini təqaüd yağışında çimizdirdiyi, qəttəzə mənzillərdə yerbəyer elədiyi bir vaxtda ARDNŞ prezidenti Rövnəq Abdullayev AYO üzvü Sevinc Pərvanənin evini uçurmaq qərarına gəlib. Həm də tək onun yox, ətrafdakı daha bir neçə kasıb insanın. Motivsə həmin evlərin neftçıxarma idarəsinin ərazisində, özü də qanunsuz tikilməsidir. Qanun və Azərbaycan hakimiyyəti. Dünyada bundan böyük təzad bir də bunun özüdür.
Rövnəq müəllimin «evyıxma əməliyyat»ını AYB-AYO qarşıdurması müstəvisində izah etmək gülməli olardı. Böyük ehtimalla ARDNŞ prezidenti ölkədə AYO adlı bir təşkilatın varlığından belə xəbərsizdir. O, olsa-olsa, AYB-nin adını eşidib. Sadəcə, hakimiyyətin heç bir istedad göstəricisi olmayan, Azərbaycan dilində normal cümlə belə qura bilməyən, özlərini gələcəyin Anarı, Elçini, Fikrət Qocası statusunda görən AYB-çi gənclərə səxavət kisəsinin ağzını açdığı bir vaxtda, bir AYO-çunun evinin uçurulmasında mistik məna var. Bu, hamımıza mesajdır: nə qədər ki, bizim oyun qaydalarımızı qəbul etməmisiniz, nə qədər ki, üzüyolalığı öyrənməmisiniz, sizə bu ölkədə yaşamaq haramdır. İnanmıram ki, Sevinc Pərvanənin yerinə hansısa AYB-çi olsaydı, Rövnəq Abdullayevin buldozerləri yenə ağzını bu qədər geniş açardı. Çoxdan Anar müəllim sinəsini o buldozerlərin qabağına verib demişdi: «Başınız xarabdı? Mən gecəmi gündüzə qatıb, haqqımda min cür təhqirə dözüb sizə yeni-yeni anarlar yetişdirirəm, siz də onların evini başına yıxırsınız? Fikirləşmirsiniz ki, sabahın «Qalib gəldi, qalib getdi» yazısını kim yazacaq?»
Həqiqət budur: Sevinc Pərvanənin timsalında azad ruhlu istənilən gənc yazarın evinin uçurulmasına azacıq vicdan hissi olan kimsənin əli və ürəyi gəlməməlidir. Çünki Azərbaycan ədəbiyyatına və mədəniyyətinə başucalığı gətirə biləcək nəsə yaranacaqsa da o evdə yaranacaq, AYB-nin üstü bəzək, altı təzək olan binası isə bu şansı onsuz da çoxdan itirib.
Dəbdəbəli mənzil bağışladığı Aygün Kazımovayla kasıb bir komanı belə çox gördüyü Sevinc Pərvanə arasında fərqi anlamayan hakimiyyətin axırı yoxdur. O hakimiyyətə dözən xalqın da…






Yüklənir...
DEYIREM, BELKE SEVINCIN SHEIRLERINI ROVNEQE GONDEREK, ESITMISEM POEZIYA HEVESKARIDI. ZAKIR FEXRINI EZBER BILIR, BABA VEZIROGLUNU SEMICKA KIMI CIRTLAYIR…)))