Vaqif Yusifli. Yolun Başlanğıcı
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 02 Haziran, 2009
Fərhad Metenin, Feyziyyənin, Qismətin, Aysel Əlizadənin, Fəridin, Mirbəhram Əzizbəylinin, Günel Rüstəmovanın… şeirləri haqqında tənqidçi qeydləri
Təbii ki, hər bir ədəbi nəsil özündən əvvəlki nəsildən seçilməli, fərqlənməlidir və bu, belə də olub. Ədəbi nəsillər arasında qanuni varislik məsələsini də unutmaq olmaz. Bu mənada Azərbaycan ədəbiyyatının bu günü ilə uzaq və yaxın keçmişi arasında qırılmaz xətlər, əlaqələr, bağlılıqlar mövcuddur. Ancaq yeni ədəbi nəsli səciyyələndirərkən, ilk növbədə, bu nəslin özünün məxsusiliyini, «səsini», «rəngini», «ritmini» müəyyənləşdirmək lazımdır. «Ulduz» jurnalının 2009-cu il 4-cü sayını da bu niyyətlə əlimə aldım, Elçin Hüseynbəylinin xahişi ilə son ədəbi nəslin şeir və hekayələri barədə bir məqalə yazmağı qərara aldım.
Nədir bu nəslin, bu yeni yazarların özəlliyi? Öncə deyim ki, onların əksəriyyəti yazı manerası, həyatı, gerçəkliyi bədii dərketmə üsuluna görə seçilmək istəyirlər və az-çox buna nail olurlar. Deyə bilərsən ki, bax, bu şeirlər təzədir, yenidir. Və bu yazılar «səksənincilər»in, «doxsanıncılar»ın yazılarından seçilir. Deməli, belə çıxır ki, onları tam mənada bir ədəbi nəsil kimi səciyyələndirmək olar. Amma ədəbi nəsil anlayışı genişdir və əsas göstərici odur ki, hər bir ədəbi nəsil özünün bədii-estetik konsepsiyasını ortaya qoymalıdır. Buna da onların yazılarında cəhdlər olunur, hiss edirsən ki, onların bədii düşüncəsində həyat, dünya, cəmiyyət, təbiət, əsr və zaman, hər hansı bir hadisəyə münasibət yeni bir baxış bucağını müəyyənləşdirir. Təbii ki, bir gənclik dərgisində hər şairdən üç-dörd, uzaqbaşı beş-altı şeirlə, ya cavan bir nasirin hər birinin bir ya iki hekayəsi ilə bu baxış bucağını müəyyənləşdirmək çox çətindir. O səbəbdən də bu sətirlərin müəllifi həmin cavan yazarların digər mətbuat orqanlarında çap olunan yazıları ilə də tanış oldu.
Bir sabah ayılıb görsən ki, hər şey dəyişib,
yəni gördüyün kimi deyil nə varsa-
yəni göy üzünün yerində günəşdi.
Sonra yadına düşsə ki, yuxuda qadın görmüşdün-
uşaq yerinə iri buğda dənəsi doğan çılpaq qadın.
Qorxma, sığal çək sevgilinin saçlarına
və pıçıltı ilə «səni sevirəm» de,
o da mütləq «mən də sevirəm» deyəcək.
O zaman ayılıb görsən ki, hər şey dəyişib
yəni gördüyün kimi deyil nə varsa,
bom-boz evlərin önündəki dəniz deyil, zəmidir-
həm də içinə girib aza biləcəyin qədər sonsuz zəmi.
Fərhad Metenin «Ailə» şeirindən misal gətirirəm. Bu şeirdə «ikiminincilər»in minimum bədii kredosu ifadə olunub: «gördüyün kimi deyil nə varsa». Bu «kredo» təzə deyil, ustad Rəsul Rza keçən əsrin altmışıncı illərində yazdığı «Rənglər» silsiləsinin «Üvertüra»sında deyirdi: «Gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır». Oxşarlıq var, amma baxır hər bir məramın mahiyyətinə, o məramın hansı dövrdə deyilməsinə və təbii ki, yaradıcılıqda necə ifadə olunmasına. Elə həmin Fərhad Metenin «Yoxluğun» şeirində belə bir misra var: «Sadəcə gedişin deyil yoxluğun». Bu misra məni altmış-yetmişinci illərin sevgi şeirlərindəki eyni məqamlara çəkib apardı. «Sən getdin, elə bil dünya boşaldı», «Getmək istəyirsən, bəhanəsiz get» və s. Amma:
Baxıram pəncərədən, sanki hər şey yerində-
sabahlar məktəbə gedən uşaqlar,
göy üzünə bulud kimi dağılan quşlar,
azad, qayğsız uçuşlar.
Və televiziondakı savaş xəbərləri
Fələstin, İraq, Somali-
Bombalanmış şəhərlər,
Küçələrdə sürünən yaralılar,
Ölmüş qızına ağlaya bilməyən ata.
Yarıuçuq divarın kölgəsində gizlənən ölüm,
O biri üzündə nəfəsini dərən fotorepartyor,
Dodağında qorxulu gülüş…
Doğrudan da, ənənəvi «gediş»ə münasibət tamamilə fərqlidir. Bu «gediş» xəyalda və təsəvvürdə müxtəlif qarmaqarışıq, xaotik mənzərələr yaradır. Bu çağın modern şeirlərinə bələd olmayan hər kəs üçün bu misralarda ifadə olunan qatmaqarışıq fikirlər hətta əcayib təsir bağışlayacaq. Ancaq Fərhad Mete və yeni yazarların bir çoxu bunun fərqində deyillər. Söz onların əlində sanki buqələmundur, istədikləri kimi onu əyir, sındırır, tumarlayır, əzizləyirlər.
Mən bu cavan şairlər sırasında Feyziyyənin şeirlərini də xüsusi qeyd etmək istəyirəm.
Nədənsə başlamaq lazımdı,
Məsələn,
Küsə biləcək birini tapmaqdan,
Və səni küsdürə biləcək bir şeylər uydurmaqdan.
Sonra kimsə xətrinə dəyibmiş kimi için-için ağlamaqdan,
Və küsə biləcək birinin gəlib könlünü almağını gözləməkdən,
Bir ömür boyu…
Feyziyyənin bu adsız şeirinin hər bəndinin (bəndlərin sayı qeyri-sabitdir) ilk misraları həmin fikrin digər çalarlarını səsləndirir («harasa qaçmaq lazımdır…inanmaq lazımdır… Ağlını itirmək lazımdır… və nöqtə qoymaq lazımdı hər şeyə…). Deməli, bu şeirin müəyyən konstruksiyası var və Feyziyyə adlı cavan şair də şeirini bu konstruksiya əsasında davam etdirir.
Ağlını itirmək lazımdı,
səni daha çox kimin sevdiyini bilmək üçün.
Uçuruma atılmaq lazımdı
nə qədər güclü olduğunu öyrənmək üçün.
Susmaq lazımdı susa bildikcə
sevdiyinə inanmaq
sevdiyinə inandırmaq üçün.
Bu «konstruksiya» işi Feyziyyənin digər şeirlərində də diqqəti cəlb edir. Bu üsul onun şeirlərində bir səliqə-səhman, əvvəldən-axıra bir nizam yaradır. Onun şeirlərinin bir üstünlyü də obrazlı ifadələrin, metaforaların, təşbihlərin təzəliyidir. Bəzən ənənəvi obrazlar da onun şeirlərində yeni biçimdə üzə çıxır. O, assosiativ şeirə çox meyl edir və istərdim ki, elə bu yolu davam etdirsin. Feyziyyə yazır: Bütün toz basmış xatirələrin əsir düşmüş bir sahibi var-mənim kimi. Ön cəbhə, döyüş, atışma, qan dolu çuxurlar, gözləri heyrətlə baxan meyitlər. Və sən, daş parçasını qan ağlayana qədər yalın ovcuna sıxıb qaldığın uçmuş binanın arxası». Elə güman oluna bilər ki, guya bu şeirdə əsl döyüşdən, savaşdan söhbət gedir. Elə deyil. Söhbət iki sevən insan arasındakı «ölüm-dirim savaşı»ndan gedir. Müharibənin, savaşın az qala bütün elementlərinin sevənlərin münasibətləri arasına «çökdürülməsi» nəticə etibarilə maraqlı poetik assosiasiyaların yaranmasına təkan verib.
Mənim «Ulduz»un həmin sayında diqqətimi ən çox cəlb edən, üzərində dönə-dönə dayandığım Qismətin şeirləri oldu. Elə bil, bu şeirlər onun yaşıdlarının şeirlərinə də qiymət vermək üçün bir bələdçi oldu. Yəni o mənada ki, əgər «Ulduz»un bu sayındakı şeirləri şərti olaraq «yeni şeir» adlandırmalı olsaq, həmin meyara heç uyğunlaşmayan nümunələr ilk növbədə, elə Qismətin şeirləridir. Amma bunlar həm məzmunca, həm də formaca maraqlı təsir bağışlayır. Qismət həyatın çox kədərli anlarını qələmə alır, o, köhnəlməyən ibarə ilə desək, çox realist şairdir. Onun şeirlərində hər şey real görüntülərin eskizidir. Qismətin şeirlərindəki ovqat ironik çalarlar üzərində qurulmuşdur və onun poetik təhkiyəsindəki bu ironiya qətiyyən səndə gülüş doğurmur, əksinə, acılıqlar doğurur. «Mono- adamın gündəliyi» silsiləsi bir şəhərin xirtdəyinə çökmüş ağrı-acılıqlarının şərhidir desək, yanılmarıq.
Bu şəhərdə:
Kədərlidir,
hamının evin hər parketində əsnəməsi,
güzgüdəki dünənki üzləri,
pasportlarındakı dünənki adları,
beyni tüstülənən çayın dünənki dadı-
hamısı kədərli.
Əlbəttə, kimsə məni qınaya bilər ki, şeirin missiyası gözəlliyin tərənnümüdür, gerçəkliyin mənfi çalarlarını şeirə gətirməyin nə mənası? Şeir necə deyərlər, poetik ab-hava yaratmalıdır, amma Qismətin şeirləri heç bir xoş ovqat, ab-hava yaratmır. Nə etmək ki, bu dünyada çoxumuzun mənəvi ab-havadan korluq çəkdiyimiz-havasızlığımız da bəlli. Elə Qismət də bunlardan yazır.
8-ci mərtəbədəki mənzilimiz
iyirmi bir əsrdi ki, küsülüdür suyla.
Hər səhər
Suya həsrət binamızın önündəki zibillikdən
«yeni ulduz» pişiklər, «azəristar» itlər
kədərli zəngulələr vurur
və aclığın bu heyvani səsindən
adamı ağlamaq tutur.
Çoxdandır ki, bu şəhərdə bütün səhərlər
dünənin uğursuz və kədərli kopiyasıdır.
Əgər Qismətin şeirləri haqqında söhbəti sona çatdırsaq, deyə bilərəm ki, «Bomj, Füzuli və ölü siçanlar» şeiri onun «şah» əsəridir. Oxucuya elə gəlir ki, Qismət təsvir etdiyi şəhərə də elə bu bomjun gözüylə baxır. Amma təbii ki, belə deyil. Qismət vaxtilə ustad Səməd Vurğunun «Bakının dərdi var, Bakı xəstədir» nigarançılığını indi başqa tərzdə, başqa havada səsləndirir. Bir çoxlarının dünyanın ən gözəl bir şəhəri kimi təsvir etdiyi Bakı Qismətin şeirlərində necə də hüznlüdür, hətta çox prozaikdir. Bunlar reallıqdır. Amma elə xırdalıqlar, şeirə gətiriləsi vacib olmayan dedi-qodular var ki, onları xatırlamaq və hətta o barədə danışmaq şeiri də hörmətdən salır. “Röyadan plastik burun götürüb, Aygündən silikon dodaq şəhərim. Mavi ekranların dərinliyindən, masmavi «kişilər» axır şəhərə..” və s.
Əlbəttə, şeirdə hər cür mənfi, neqativ hallardan danışmaq olar, bu şərtlə ki, o mənfilik bütün gözəl olan nə varsa, onun üstündən xətt çəkməsin.
Aysel Əlizadənin, Fəridin, Mirbəhram Əzizbəylinin, Günel Rüstəmovanın şeirləri haqqında deyə biləcəyim söz budur: Hər biri maraqlı şairdir . Məsələn, Aysel “Nənə”, “Şair” və “Ana” obrazlarını özünəməxsus yaradıb. Bu şeirlərdə zahiri cizgilərin təsvirinə rast gəlməzsən, Aysel poetik detallarla «hərəkət etməyi» çox sevir. “Ana, məni buralarda qoyub getmə. Mən səndən başqa yer tanımıram…”
Yaxud: “Pəncərədən təsadüfən uçub gələn sərçə kimi gecələr otaqda çırpınardın. Havanı içinə çəkib ..azadlıq…deyərdin…” Belə içi məna ilə dolu, assosiativ təfəkkürlə cizgilənən ayrı-ayrı misralara Fəridin və Mirbəhramın şeirlərində də rast gəlmək olar. Günel Rüstəmovanın şeirlərində isə bəzi misralar mənə akvarellə çəkilmiş cizgiləri xatırlatdı. Hissləri rəsm etməkdə o, yaşıdlarından usta görünür. («Həyatın çıxmayan təbii boyaları» və «İncə qəlblər») Mirbəhramın «İçərişəhər» şeirində bu qədim şəhərə həsr olunan şeirlərdən tamamilə fərqli bir düşüncənin şahidi oluruq.
..Bir uğultulu səs gəlir
cənnətdə qan dənizində boğulan mələyin fəryadı kimi
Hamı qaçışır ki qatar gəlir, qatarın içində o gəlir.
Dayanır qatar, açılır qapılar.
Onların içindən düşür ölülər, qapılar bağlanır.
Şeç kim minə bilmir
İçərişəhərə İçərişəhər qaçqın gəlir.
İlk baxışda belə təsəvvür yarana bilər ki, bu şeirdə «dekonstruksiya» əməliyyatı aparılıb. Amma belə deyil. İçərişəhərin müasir nigaran, məlul durumu ilə tarixi İçərişəhərin yaratdığı təzadlı mənzərə rəsm olunub bu şeirdə.Keçmiş İçərişəhər «müasirləşdirilən» İçərişəhərin içində bir qaçqın kimi yaşayır.
Şeirlərini digər mətbuat orqanlarından da izlədiyim Əli Əlioğlu, Vüsal Nurunun da gələcəyinə ümidlə baxıram. Bir qədər şablon səslənir bu cümlə. Amma izahı budur ki, Əlinin şeirlərində Feyziyyənin, Fərhad Metenin, Qismətin, Fəridin, Mirbəhramın şeirlərindəki epizm ünsürləri yox dərəcəsindədir və o, yüz misraya dağıdılan fikirləri bir şair səliqəsilə on misraya da sığışdıra bilər.
Bu yazıda təbii ki, «Ulduz»un məlum sayında çap olunan bütün cavan şairlərin şeirləri barədə genişliyilə söz açmaq imkanı yoxdu. Qoy Anar Amin, Cahad Göyçəli, Bahadur, Aysel Əliyeva, Leyla Şərifova, Günel Eminli, Vəlixan Abdullayev, İlkin Nadirov, Günay məndən inciməsinlər. «Yaxşı ki yaza bilirəm» adlı ilk şeirlər kitabını çap etdirən Elnaz Eyvazlıya gəldikdə isə …qoy o, ilk kitabındakı «Çadırlara yağma, qar», «Yazıq dünya» kimi gözəl şeirlərinə, o şeirlərdəki poetik duyğulara sadiq qalsın.
Mən haqqında söz açdığım bu cavan şairlərin istedadlı olduqlarına və müasir Azərbaycan şeirinə yeniliklər gətirəcəyinə möhkəm bir inamla yazımın poeziya hissəsinə nöqtə qoymaq istərdim. Amma onların şeirlərində nəzərə çarpan, məni həm təəccübləndirən, həm də təəssüfləndirən məqamlara da öz münasibətimi bildirmək istəyirəm.
1.Fərhad Metenin, Feyziyyənin, Aysel Əlizadənin, Qismətin, Fəridin, Mirbəhram Əzizbəylinin, Günel Rüstəmovanın şeirlərinə nəzər yetirdikdə bəzi məqamlarda müxtəlif SƏSlərin deyil, bir SƏSin, yəni bir üslubun hakim olduğunu görürsən. Fikirləşirsən ki, necə ola bilər, bu yazı tərzləri, maneraları bir-birilə bu dərəcədə «qohum» olsunlar? Doğrudur, onların hər biri düşüncə tərzi etibarilə bir-birindən fərqlənə, seçilə bilirlər, amma danışıq ritmi üstündə qurulan bu sərbəst şeirləri necə də bir-birinə oxşayır. Baxın:
Divara yazılmış «sevirəm» sözünün üstünü qaraladım,
Yenidən sabah oxuyasan deyə.
Bütün səsləri içimə çəkdim oyanmayasan deyə.
(Fərhad Mete)
Birdən kimsə «son nəfəsdə mənə deyə bilmədiklərini
Hər gecə yuxumda qara səhifəli dəftərə yazırsan»- deyə pıçıldadı.
Başımı qaldırdım və anladım ki..
(Feyziyyə)
Beləcə bitir günortalar.
beləcə bütün «siqaretlər» çıxır «külqabıdan»
gedir üzü axşama- Kurtlar Vadisinə tərəf axmaq-axmaq.
(Qismət)
İlacsız yaşamaq nə ağırdır…
Yumruğunu sıxıb gözünü yumursan qəfildən
Və başlayır yumulu gözlərin yuxusuz gecələri.
(Aysel Əlizadə)
Sol qolunda Ata-ana,
Sağ əlində sevdiyi qızın adını hər gördüyündə,
Lənət yağdırırdı bütün hərflərə, əlifbalara,
Ona yazı yazmağı öyrədən müəlliməsinə.
(Fərid)
Falçılar gəzişir bu şəhərdə əllərində oğrulanmış gələcək
Biri soruşur atam, o biri anam,
Digəri deyir bəs sevgilim nə zaman gələcək.
(Mirbəhram Əzizbəyli)
2. Danışıq ritmi üzərində qurulan şeirləri də daxili musiqi, ahəng, melodiyasız təsəvvür eləmək olmaz. Əgər belə olarsa, onda şeirin şeirliyindən danışmağa dəyərmi? Bu, poeziyanın ən QOCA QANUNLARINDAN biridir. Çox təəssüf ki, Gənc Ədiblər Məktəbinin «uşaqları» (Qulu Ağsəs) bunu unudurlar.
3. Bu «uşaqlar» qaranlıqla çox əlləşirlər. Təbii ki, onların «neqativ» şeirlərində canlanan görüntülər hamımıza məlumdur (hərçənd ki, çoxumuz bu «uşaqlar» kimi cəsarətli deyilik). Ömür heç də oksigensiz tunellərdə keçmir və ömür dedikləri heç də ölümə qədərki tunel deyil və ölüm heç də depoya gedən qatardan düşməmək kimi bir şey deyil (bunlar Qismətin şeirindəndir). Qaranlığı yox, işığı göstərin qardaşlar! Dünya işıqsız deyil. Sizin dünyanız isə (mən bu sözü hamınıza şamil edə bilməsəm də) çox məhduddur, öz daxili-rühi həyəcanlarınızla çox əlləşirsiniz, sizin dərdiniz mənim, onun, sizi oxuyanların və sizi sevənlərin dərdinə çevrilmir. İşıqdan qorxmayın…Bu yerdə ustad Əli Kərimin poeziya kitabından bu cavan şairlərə bir işıq «resepti» göndərmək istəyirəm:
Məni dəhşət alıbdır çox,
Zülməti korlar da görür.
Qoy hünərin varsa sənin
Hamı üçün işıq saçan
Günün qızıl gözlərinin
İçinə düz bax!





Yüklənir...
Vaqif muellim saq eliniz genc edibleri inkar eden pis niyyetli insanlarin basina.teki onlar da sizden numune goturub edebiyyata teze gelenlere bele diqqet etinler .Saq olun
Ela yazibsiniz, Vaqif bey! Etiraf edin ki, cavanlardan yaza-yaza hem siz onlardan nese oyrenirsiniz, hem de ozunuz de cavanlashirsiniz. Ve bir de sizi ona gore beyenirem ki, bashqa kohne yazarlarimiz kimi 60-ci illerdeki cavanliq sheklinizden istifade etmirsiniz. Hetta eyneinizi de chixarmamisiniz. Bu o, demekdir ki, sizin uchun onemli olan gorunush deyil, mahiyyetdir. Men de mezmunlu insanlari sevirem. Ugurlar!
Tebii ki her bir tenqid4i ireli getmek u4un kimise tenqid etmelidir,o tenqide layiq olmasa bele..iwinizde olun,Vaqif bey..Biz tenqidi sevirik……..(axi bu sizin 4orek aqacinizdir)