Cavid Zeynallı. “ Sonuncu büt”ə ilk iyun imzası
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 07 Haziran, 2009
Bu dəfə Əyyub Qiyasın yolu düşdü “Bayatı” kitab mağazasından. Daha doğrusu, aman-zaman “Sonuncu büt”ünü yanına salıb qələm dostarının, oxucularının hüzuruna təşrif gətirdi. ”Ulduz” jurnalının “qərargah-redaksiya”sı sayılan Elçin Hüseynbəylinin otağında yazıçı dostu ilə dərdləşəndə əlbəyaxa olduğu kefsizliyi, qaşqabağlı halı olsun ki, “sonuncu büt”ündən sarı nigarançılığını göstərirdi. Əl verib görüşəndə “dərya-gəmi” məsəli yadıma düşsə də, sumqayıtlı dostlarını görəndə yerinə gələn ürəyinə su çiləyib rahatlaşdığı hiss olunurdu.
Bir də onda xəbərim oldu ki, şair dostu Qulu Ağsəslə nəyi isə bölüşdürə bilmirlər. Maraqlı gəlsə də nəyin davasını etdiklərini qəsdən soruşmadım. Reportaj məsələsini başa düşəndə bir ağızdan özləri danışdılar. Sən demə, Qulu Ağsəs “cığallıq” edib Əyyub müəllimi yarı yolda qoymaq istəyirmiş. İşi olduğunu bəhanə gətirəndə Əyyub Qiyas da dostunun ikiəlli tutduğu kitabı imzalamaqdan imtina etdi. Hətta Qulu müəllim ona “ kitabın birinci alıcısı mənəm e“ desə də… Deyəsən, sonradan kompromisə gələ bildilər .
“Sumqayıt diasporu”nun nümayəndələri kölgəyə çəkilib birinci dəfəymiş kimi öz aralarında Əyyub Qiyasın istedadını çək-çevir edirdilər. Kino yaradıcılığından başlayan söz-söhbətdə “sonuncu büt”dən-daha dəqiqi nasirliyindən başqa hər şeydən danışırdılar. Səhnələşdirilən pyesləri, şeir yaradıcılığı, yaxşı dost olmağı, istedadı… Əyyub müəllimin də hərdən gülümsəməyini “qarasınca” deyilənlərə qulaq verib aldığı təəssüratlarının ifadəsi kimi də başa düşmək olardı.
Saat 12:00 təyin olunan imza mərasiminin nə qədər gecikdiyini dəqiqləşdirə bilməsəm də, tədbirin aparıcısı Elçin Hüseynbəylinin perpendikulyar kölgəsinin ayaqlarına çatmağına lap az qalmışdı. İmza günü tədbirlərinin Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirildiyini deyən cənab Hüseynbəyli bu qəbildən olan tədbirlərin ədəbiyyatın inkişafı, qələm adamlarının təbliği kimi əhəmiyyətindən danışdı. İmza günlərinin keçirilməsi ənənəsinin davamlı olacağını qeyd edib sözü tənqidçi Vaqif Yusifliyə verdi.
Vaqif müəllim Əyyub Qiyas haqqında xeyli xoş söz deyib şəninə təriflər söylədi. “ Əyyub Qiyas istedadlı yazıçıdır.Dəyərli,keyfiyyətli əsərləri var.Şeirlərində də özünəməxsusluğu hiss olunur”
Hörmətli filologiya elmləri doktoru çıxışının son akkordlarını aşağı dozalı tənqidlər üzərində tamamladı. ““Sonuncu büt” romanında razılaşmadığım məqamlar var. Kino sahəsində müəyyən uğurları olsa da, mən onu nasir kimi qəbul edirəm”
Elçin Hüseynbəylinin Mirmahmud ağa kimi təqdim etdiyi KXCP-nin sədri Mirmahmud Fəttah lap qədimdən başladı. Əyyub müəllimin uşaqlıq illərindən, məktəbli yaşından, təzə-təzə şeir yazmağından danışıb onu “gözünün qabağında böyüyənlər” kateqoriyasına aid etdi. Kitab alacağını söz verib Əyyub Qiyasın könlünü şad eləmək istəyirdi ki, hardansa yadına “525-ci qəzet”i tərifləmək düşdü. Dediyinə görə, baş redaktor Rəşad Məcidlə aralarında olan soyuq münasibətə və mövqe fərqliliyinə baxmayaraq “525-ci qəzet” ölkənin bir nömrəli qəzetidir. İmza günləri haqqındakı reportajlardan ağız dolusu danışanda hərdən “gözünün quyruğu” ilə əlimdəki qeydlərə boylanan Aydın Xanın elə bil ki, qeybdən səsi eşidildi. Yox, əvvəlcə əlini ağzına söykədi ki, heç kim eşitməsin. Sonra KXCP-dən gələn tərifli günümüzə şad-xürrəm olduğunu gizlətmədi: ”Sizi tərifləyir. Sizi tərifləyir”. Mirmahmud müəllimin Əyyub Qiyas haqqında dediyi səmimi sözlərdən valeh olan tədbir iştirakçılarının tez-tez başlarını tərpətməsindən razı qalan cənab sədr sözünü tamamladı.
İbrahim İbrahimlinin dəli-dolu çıxışının dalınca Bakı Uşaq Teatrının direktoru İntiqam Soltana söz verən Elçin Hüseynbəyli seminar müəllimləri sayaq “hazırlaşsın Səlim Babullaoğlu” deyəndə Səlim bəy gülə-gülə 2+1-in üzvü olan “müəlliminin”üzünə “ağ” oldu. İntiqam Soltan 11 dəqiqəyə yaxın odlu-alovlu, bəlağətli danışığında Əyyub müəllimlə dostuğundan,”sonuncu büt”ün ədəbi dəyərindən söz salıb 27 dəfə təşəkkür-minnətdarlıq etdi. Sonra Səlim Babullaoğlu Əyyub Qiyasın mifik-realizmindən başlayıb ədəbiyyat nəzəriyyəsinə qədər hər şey haqqında danışdı. Sən demə 20 gün əvvəl Sumqayıtda keçirilən tədbirdə də qələm dostunun yaradıcılığı haqqında söz salıb.
Sonda Əyyub müəllim söz demək hüqundan istifadə edib tədbirdə iştirak edənlərə, iş yoldaşlarına, tələbəlik dostlarına təşəkkürünü bildirdi. İmza gününün,”Bayatı” kitab mağazasının əhəmiyyəti haqqında söz salıb əlində kitab onu gözləyən oxucularına imza “hədiyyəsi” etdi.





Yüklənir...
İlin günün bu vaxtında belə zəif yazı işləməyə necə də təmbəllik eləmirsiniz eee,.. Haqqında danışdığınız adamlar hamısı başlarını aşağı salıb üz işlərini vicdanla görməyə çalışan adamlar (sənətkarlardı). axı bu (jurnalistika) da sizin işinizdir. Dəvənin qırxıldığını eşidəndə hardan başlandığını da öyrənmək lazımdır… Axı mən Sizlərdən çox şey öyrənmək istəyirəm… Uğurlar.
Intiqam muellim siz isteyirsiniz ki tedbir haqqinda informasiya xarakterli ənənəvi bir yazi yazardim? Bunu da bacarardim. Amma insaf xətrinə biraz fərqli olub axi. Yəqin ki, 11+27 xosunuza gəlməyib. haqqinda danısdığım adamlarin əksəriyyəti ilə yaxin münasibətlərim var. Nəzərinizə catdirim ki , onlarin öz islərini vicdanla gorməyə calisdiqini hər kəsdən yaxsi bilirəm. Elə öz isimi də. Sizə də hormetim var. Amma haqqinizdaki iki-uc cumlədən incimeyinize deymir vallah.İnden sonra sizin istirak etdiyiniz tədbirlerdeki danisiqinizi standart, ceynənəmis və ənənvi tərzdə yazaram. Ya da sükutla ustunden kecerem. Bu da peşəyə hormetsizlikdi.Yaxsisi birinci variantdi Sizə də uğurlar. Cavid