Vəfa Cəfərova “Dost”lara son əlvida

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 15 Haziran, 2009

138Bürclərə inanmasam da, burnunu lazım olan və olmayan mövzulara soxan qadın kimi öz bürcümə aid xüsusiyyətlər haqqında oxumuşam. Orada bir cümlə məni çox güldürmüş və yəqin elə bu səbəbdən də, yaddaşıma həkk olunmuşdu: “Əsl dostunuz olmayacaq, amma sizi dost sayan milyon insanla əhatə olunacaqsız. Çünki yaxşını pisdən ayıra bilmirsiz və hər kəsə inanırsınız”.

Düzdür, bir az keçmişimə boylananda bunun həqiqətə uyğun olduğunu anlayıram. (Bir az yekəbaş cümlə alındı, sanki yetmiş yaşım var.) Buna baxmayaraq, bir etiraf edim, uşaqlıqdan indiyə qədər ayrılmadığım dostum  – bu da rəfdən boylanan, balaca otağımda hər tərəfdən mənə gülümsəyən, müsbət aurası ilə hətta yuxularıma rənglər qatan kitablardır. Sartr demişdir: “Kitablar arasında doğuldum və yəqin ki, kitablar arasında da öləcəm”. Sartrdan fərqli olaraq, evimdə heç vaxt böyük kitabxana olmayıb. Adi sovet vətəndaşlarının interyer üçün aldıqları dünya ədəbiyyatı toplusu və əlliyə yaxın tarixi roman (atam gəncliyində arxeoloq olmaq istəyirdi).

Hərfləri tanıyandan  kitab oxuyuram. Bu sevginin haradan yarandığını anlamıram. Amma bunu həyatımda ən uzun müddətli münasibət kimi qiymətləndirə bilərəm.  Uşaqlıqda nadinc olmamışam, təbiəti sevməmişəm, ilk dəfə yeddi yaşımda valideynlərim ata mindirəndə qorxub ağlamışdım, həyətə çixib məhəllə uşaqları ilə “rezinka” və “klass – klass” kimi klassik məhəllə oyunlarını da oynamamışam. Dyuma, Bayron, Dryüon, Jorj Sand, Mark Tven, Dikkens, Jyül Vern, Cek London, Heminquey bunların hamısını əvəz edir və bəzən də  daha çox sevinc bəxş edirdi. Onların sayəsində mən dünyanı qirx günə səyahət edir, fransız saray intriqalarında iştirak edib, London küçələrində səfil uşaqlarla oğurluq edirdim, İspan korridasinda və partizan müharibələrində iştirakçı idim, italyan operasının səhnə arxası həyatını öyrənib, Missipi çayını təkbaşına üzüb keçirdim. Bu kitablar sayəsində evdəki problemlərdən, çox sevdiyim, onun tələbi ilə “Əmi” adlandırdığımız babamın ölümünün yaratdığı boşluqdan,  bir sözlə, boz real həyatdan qaçıb öz macəra dolu dünyamda gizlənirdim. Bu kitablar məni tamamən fərqli dünyalara götürürdülər. Bu kitablar məndən dünyanın ən böyük xəyalpərvərini və müəyyən mənada reaalıqdan qaçan və hər insanda super qəhrəman axtarışıma start verdilər.  Uşaqlıqda dəslərdən bezəndə dərsdən qaçıb Sumqayıtdakı 14 mərtəbənin damına qalxıb orda kitab oxuyurdum. Müəyyən mənada reallıq və uydurulmuş həyat arasında sərhədlər itirdi. Yazıçılar mənim üçün Allaha çevrilirdilər. Artıq 9-cu sinifdən Allahımı tapmışdım.

Zahirən o Tolstoya, ya da Leonardo Da Vinçiyə bənzəyirdi. Mənim Allahım zarafatı sevirdi, qəddar deyildi, insanları cəzalandırmırdı, humanist idi.

Əlimə nə keçirdisə oxuyurdum, şair  və yazıçıların həyatından başqa. Çünki onlar, yenə təkrarlayıram, Allah idilər. Və həyatlarını oxuyanda onların təsəvvürümdə  yaratdığım Allah obrazından nə qədər uzaq olduqlarını görmək istəmirdim. Onların əyyaş, həyatda heç bir uğur qazanmamış əclaflar olduğunu və ya Cek London, Heminquey kimi insanları sona qədər mübarizəyə çağıran yazıçıların öz həyatlarına qəsd etdiyini  oxuyanda içimdə inam sarsılırdı. İnam isə, qəribə səslənsə də, sığındığım yeganə güclü hiss idi o zaman.
Uşaqlıq keçdi. Kitablar hələ də mənim dostlarımdır. Bəzi istisnaları çıxmaq şərti ilə,  artıq kitabları müəlliflərdən ayıra bilirəm. Artıq yaxşı tanıdığım və insani keyfiyyətləri sıfır olan insanların kitablarını ürək bulantısız oxuya bilirəm. İnam – artıq  onu da hər adama bayramlıq şəkərbura kimi paylamıram.

Zemfiranın mahnılarında sevdiyim bir fikir var: “Cənablar, sürəti azaltmayın, bu oyun məğlubiyyətə qədərdir”. Və bu cümlə “dostlara”  aiddir. O  “dostlara” ki, ideallarını get-gedə satır, adi yaptokrat və ya mtnçi düşüncəli insanlara çevrilirlər.

Səni qəpik-quruşa satan, öz mənliyini oxşamaq və Şirzadın kafesindəkilərə necə alfo-kişicik olduğunu sübut etmək üçün sənin fiziki cəhətdən ideal olmadığını tənqid adı ilə üzüvə çırpan eks boyfrendlərə, bir sayt uğrunda mübarizədə ətrafını alətə çevirən “dostlara”,   gənc siyasətçilərə (idealogiyasından, solundan, sağından asılı olmayaraq) və ya siyasətçi olmaq istəyənlərə, ya da özlərini belə sayanlara, biz fərqliyik desələr də, içində yekəqarın, qızıldiş, yeməkdən sonra yağlı dodaqlarını süfrəyə silən tipik azərbaycanlı gizlənənlərə – bunların hamsına sadəcə əlvida demək istəyirəm.

Sadəcə  çox səmimi, inanılmaz yumor hissinə malik  Hacı Zamin, qarışqadan da zəhmətkeş, istedadlı və gözəl insan Zahir Əzəmətə, çox yaxşı tanımadığım, amma çox pozitiv enerji aldığım Murad Köhnəqalaya, sadəlövhlüyü və müdrikliyi bir araya gətirən gözəl insan Nərmin Kamala, dəcəl uşağa bənzəyən, amma çox dürüst olan Elnur Astanbəyliyə, istedadlı və humanist Araz Önərə  həm istedadlı, həm də dürüst insanlar olduqları üçün sadəcə təşəkkür etmək istəyirəm.

Artıq yaxşını pisdən ayıra bildim, ümid edirəm ki, tanışlarla deyil, artıq dostlarla əhatə olunacağam.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın