Əsəd Nəsirli. Qaramat – Siz!

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 16 Haziran, 2009

140Qurtuluş üçün bircə yol var: İŞIQ, İŞIQ, İŞIQ.

Çağdaş ədəbi durumumuzu xırda istisnalarla kompleks şəklində bircə cümləylə yox, hətta bir sözlə ifadə etmək olar: QARAMAT. Və bu qırğınların, yersiz çəkişmələrin fonunda bu daha aydın görünür.
İstənilən çağdaş yazarımızın mətnini qoy qabağına bax, o mətndə görəcəyin obrazlar sistemi, fikir, düşüncə tərzi təxminən belədir:

1.    Həyatdan ictimai-siyasi narazılıq;
2.    İnamsızlıq, imansızlıq;
3.    Əsassız, alternativ qoymadan inkar;
4.    Hər addımda şəraxtarma;
5.    Mətnə qeyri-ciddi yanaşma;
6.    Qərəz;
7.    Topdan qiymət;
8.    Hökmvermə;
9.    Yaltaqlıq, ikiüzlülük, hayasızlıq;
10.    Qadınsayağı dərd və s.

Bircə işıqlı sözə, işıqlı fikrə rast gəlmək üçün adamın anadan əmdiyi süd burnundan gəlir. İş təkcə mətnlə bitsə, adamı yandırmaz, oturub bu yazarlarla söhbət edəndə də adam gedib lap intihar eləmək istəyir.
Bir tərəfdən də, bəzən fikirləşirsən ki, yəqin, düz deyir də kişi. Ama görürsən ki, yox e, qardaş, ədəbiyyat bu deyil.

Hansı çağdaş yazarı dindirirsən, imkanı olan da, olmayan da, irin-qan tökür. Belə olanda, nədə olmasa da, çağdaş yazarlarımızın mətnində, danışığında qiyamətin yaxınlaşdığını hiss edir adam.

Artıq AYB və AYO ilə məsələ məlumdu. AYB namusunu yeyib, arını bağlayıb belinə. AYO-un da yalançı əxlaq maskası yırtılıb.

AYB qaramat, yaltaqlıq, ikiüzlülük, həyasızlıq formasıdırsa, AYO da inamsızlıq, imansızlıq, əsassız, alternativ qoymadan inkar, hər addımda şəraxtarma, mətnə qeyri-ciddi yanaşma, qərəz formasıdır.

Hər dəfə demişəm, indi AYO AYB-dən də təhlükəlidir. AYB-də yaltaq, məddah yetişdirilirsə, AYO-da gəncləri birbaşa məhv etmək missiyası əsasdı. Bunun bariz nümunələri göz qabağındadı. Bugünki qaramat ədəbiyyatın əsas daşıyıcıları da məhz onlardır.

Doğrudan da, çox gülməlidir. Yaxşı, biz tarixin bundan da çətin dönəmində yaşasaydıq, onda nə olardı? Axı bütün çətin dönəmlərdən insanların işığa çıxmasına kömək edən vasitələrdən biri də ədəbiyyat olub. Biz də isə əksinə, insanları uçuruma yuvarlayan ədəbiyyatdır.

Azərbaycan dilində nəşr olunmağa başlayan 150 cild dünya ədəbiyyatında yaxından iştirakımla həm də sırf ədəbiyyat, yaradıcılıq adına bir neçə məqanı özümçün əxz elədim. Burda məni dəhşətə gətirən o oldu ki, heç bir dünya yazarında bizdə olan bu qaramatı, bu dırnaqarası orjinallığı görə bilmədim.

İlk baxışda adama elə gəlir ki, çağdaş ədəbiyyatımız doğrudan da orjinaldır. Ama bir az dərinə gedib düşünəndə bunun həqiqətən də, dırnaqarası orjinallıq olduğunu görürsən.

Məsələn, düşünürəm ki, necə olub da bu cür “orjinallığı” (yəni yuxarıda sadaladıqlarımı) heç bir dünya yazarı görə bilməyib? Sonra anlayıram ki, bu qaramatın ədəbiyyata axi nə dəxli.

Bir neçə misal:
Ömrünü aclıq, səfalət, işsizlik, xəstəlik içində yaşayıb, iki dünya müharibəsini də görən Kunt Hamsunu götürək. Bu cür həyat tərziylə, bu cür ictimai-siyasi durumda yaşayan bu norveçli yazarın istənilən mətnini, hətta “Aclıq” romanını oxuyursan, görürsən o qədər işıqlıdır ki, adam həyata dördəlli sarılmaya, sevməyə, ümidlənməyə bilmir.

Hamsun Birinci Dünya müharibəsinin gedişində, yəni 1917-ci ildə yazdığı “Torpağın bərəkəti” romanıyla insanlığa mənəvi köməyinə görə, təsadüfi deyil ki, 1920-ci ildə Nobel mükafatı alıb. Onun çətin ictimai-siyasi şəraitdə,  aclıq, səfalət, işsizlik, xəstəlik içində keçən ömründə yazdığı mətnləri, xüsüsən də “Viktoriya” romanını oxuyanda adam dəhşətə gəlir.

Yaxud götürək böyük türk şairi Nazim Hikməti. Ömrünün çox və önəmli çağlarını həbsxanalarda keçirən bu şairin, hətta həbsxanada yazdığı şeirinə baxın:

Bugün pazar…
Bugün beni ilk defa güneşe çıkardılar.
Ve ben ömrümde ilk defa gökyüzünün bu kadar benden uzak,
bu kadar mavi,
bu kadar geniş olduğuna
şaşarak kımıldamadan durdum.

Sonra saygıyla toprağa oturdum,
dayadım sırtımı duvara.
Bu anda ne düşmek dalgalara,
bu anda ne kavga, ne hürriyet, ne karım.
Toprak, güneş ve ben
bahtiyarım…

Bu qədər keçməkeşli ömürlə Nazimin bir dəfə də olsun narazı olduğunu, irin-qan köptüyünü görmüzünüzmü? Əlbəttə ki, yox.
Və yaxud həyatın dibindən, iyrəncliyindən, ən çətin məqamlarından yazan Dostoyevskiyə baxaq. Hətta “İdiot” romanında yazır ki, dünyanı gözəllik xilas edəcək.

Bu misallardan minlərlə göstərmək olar.

Əlbəttə, mənim məqsədim bunları çağdaş ədəbiyyatımızla müqayisə etmək deyil, sadəcə, düşdüyümüz durumu görəndə heyrətə gəldiyimi dilə gətirməkdir.

Görünür, bu məsələlər həm də dözümlə, iradəylə, şəxsiyyətlə, inancla da bağlıdır. Bütün bu şeylər olmasaydı, bu böyük ədəbiyyat da yaranmazdı, məncə. Çağdaş ədəbiyyatımızın da ən çox axsadığı məqam da dözümün, iradənin, şəxsiyyətin olmamasıdır.

Əksər yazarımızla söhbət zamanı, niyə çağdaş ədəbiyyatımızın bu qədər qaramat içində olduğunu və ya məhz həmin yazarın niyə qaramat yazdığını soruşanda cavab verir ki, mən saxtakarlıq edə bilmirəm, indiki həyatımız qaramatdır, heç bir işıq yoxdur deyə, mən də məcburam qaramat yazam.

Onda mən sual verirəm: yuxarıda adını çəkdiyim Dostoyevski, Nazim Hikmət, Knut Hamsun saxtakar olduqlarındanmı qaramat yazmayıblar? Yox, əlbəttə. Onlar ədəbiyyatın nə demək olduğunu bildiklərindən, onun missiyasını dərk etdiklərindən qaramat yazmayıblar.

Biz isə savadsızlığımızdan, təfəkkürümüzdə problem olduğundan həmişə ədəbiyyatı ədəbiyyatdan başqa hər şey kimi görmüşük. Biz hələ də XXI əsrdə ədəbiyyatı ədəbiyyat kimi başa düşə bilmirik. Onu gah siyasətlə, gah əxlaqla, gah ictimai durumla, gah publisistikayla, gah da nə bilim nəylə qarışdırırıq.

Bir də ədəbiyyatı zamanla, yəni günün reallığıyla qarışdırmağın özü gülüncdür. Ədəbiyyat və Günün reallığı nə deməkdir? Qoy günün reallığıyla aidiyyəti elmlər, sahələr məşğul olsun.

Düşünürəm ki, çağdaş ədəbiyyatımızda olan bu QARAMATIN əsas səbəbləri bunlardır:

1. Yuxarılar qəsdən bu vəziyyəti yaradır ki, xalqın ədəbi zövqünü korlasınlar və iyrənc siyasətlərinə mane olan ədəbi düşüncə olmasın. Bunun bariz nümunəsi AYB-dir.

2. Xarici donor təşkilatları yerli satılmışların əliylə ədəbiyyatın ağzını qaramata sürükləyir ki, bu da milli mədəniyyətləri məhv etmək siyasətinin tərkib hissəsidir. Bunun da bariz nümunəsi AYO və ayoətrafıdır.

3. Savadsılıq, dünyagörüşsüzlük, şəxsiyyətsizlik və qorxaqlıqdır ki, bunun da bariz nümunələrinə addımbaşı rast gəlmək olar.

Bundan başqa bir çox səbəblər də göstərmək olar ki, bunlar da yalnız ədəbiyyatımızın, ümumiyyətlə, mədəniyyətimizin məhvinə hesablanıb, bilərəkdən və ya bilməyərəkdən.

Fikrimcə, bugünki ictimai fikrə təsir etmək, ədəbiyyatımızı, ümumiyyətlə, mədəniyyətimizi qoruyub saxlamaq, az da olsa Azərbaycan sərhədindən kənara çıxarmaq və bir yazar olaraq istedadımızı ortaya qoymaq istəyiriksə, öncə bu qaramatdan canımızı qurtarmalıyıq.

Qurtuluş üçün bircə yol var: İŞIQ, İŞIQ, İŞIQ.

Bilirik ki, bizim durumumuzda olan cəmiyyətləri qaramat ədəbiyyat bir az da uçurumun dibinə çəkir.  Heç nəyə yox, özümüzə və bu millətə yazıqdır.

P.S. Bununla belə ədəbiyyatımızda yeni ədəbi düşüncəylə, qaramatdan tam uzaq olaraq gələn gənclər və işıq həvariləri olanlar da var.
Artıq adını çəkdiklərimlə məsələ aydın olduğundan, ədəbiyyatımıza, gecikmiş olsa da, yeni ədəbi düşüncənin gəlmək üzrə, hətta gəldiyini söyləyə bilərəm. Qoy ədəbiyyatımızı, ümumiyyətlə, mədəniyyətimizi məhv etmək istəyənlər sevinməsin!
Bu barədə növbəti yazımda geniş şəkildə yazacağam.

1 səs2 səs3 səs4 səs5 səs (6 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. Əsəd bəy düz deyir.
    AYO haqqında onu demək olarki təsəvür edin kəndə palatka toyu olub, çalıb-oynayıblar.
    Toy (proses) qurtarıb ama palatka hələdə sökülməyib.
    AYO indi toydan sonra sökülməmiş palatka vəziyyətindədi.
    Yəni indi onu yalnız dekorasiya kimi saxlayırlar.

  2. Yazını oxudum. Əsəd bəyə bu yazıya görə təşəkkür edirəm. Yaxın gələcəkdə tanış olcağımıza inanıram. Doğrudan da ədəbiyyat qaranlıq üzərində işığın qələbəsindən başqa bir şey deyildir. Gənc yazarlar işıqdır. AYB və AYO işıqdan qorxan yarasadır. Müjdəçi və işıqlı gənclərə eşq olsun. Gələcəkdə “Dürlər” adlı həftəlik ədəbiyyat qəzetəsini müntəzəm izləməyi unutmasınlar. Gənc yazarlarla müntəzəm əlaqə yaratmalarını tövsiyyə edirəm. İşığa işıqlı yol.

  3. Ümumiləşmələri bir təırəfə qoysaq mahiyyət etibarilə vaxtında yazılmış mükəmməl bir yazıdır. Belə mübarək yazılarımızın davamını gözləmək ümidi ilə.
    İnanıram ki, yaxın zamanlarda sizinlə görüşüb ətraflı fikir mübadiləsi edə biləcəyik.

  4. Ümumen yaxshi yazidir! Yanasma terzi ve texnikasi diqqetelayiqdir!

  5. esed axir ki ciddileshdi. tebrik edirem.

  6. müəllifi təbrik edirəm.

  7. HAMINIZA TƏŞƏKKÜR EDİRƏM.
    GÖRÜNÜR ÇOXLARINA MƏSƏLƏ AYDIN OLDU Kİ, SUSDULAR.
    MƏNƏ UNVANLANAN MÜRÜCİƏTLƏRƏ GƏLİNCƏ, ONU DEYİM Kİ, İSTƏNİLƏN İNSANLA OTURUB FİKİR MÜBADİLƏSİ APARA BİLƏRİK. BU ÇOX MARAQLI OLAR. MƏNİM ÖYRƏNƏCƏYİM HƏLƏ ÇOX ŞEY VAR, DOSTLAR!

    P.S. ZAHİR YAZINI TEZ DƏYİŞMƏSƏYDİ DAHA YAXŞI OLARDI. AMA GÖRÜNÜR BU DA BELƏ OLMALIDIR.

  8. İşıq, İşıq,İşıq!!! Əsəd haqlıdır. Artıq yeni gənclər gəlməlidir.
    AYO artıq tükənib. Xanəmir kimi istedadlar öz sözünü deməlidir!!!
    Mən təklif edirəm gənclər Xanəmirin ətrafında birləşsin.
    O çox işıqlı insandır.

  9. Hər şey yaxşı olacaq. Olacaq olacaq
    Əkiz uşaq anası, əkiz uşaq anası
    Nə yaxşı ki, Tanrı səni iki döşlü yaradıb…

Şərh yazın