Nurəddin Şaya. Şeirlər

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 17 Haziran, 2009

142 Portret

Axşamüstü
qonşu itini oyatdı
ayağına dolaşan daş,
bir parça zaman hürdü,
bir parça zamanı atdı itin ağzına!
Ümidini qapmış itin
keçmişinə  ötürdü içindəki qorxunu.

Bir zaman vardı
oxuyardı ümid sandığı nəğməsini,
sevgisini də apardı,
ulaya-ulaya.
Çox görmüşdü bu ilandan,
onun uzununa
30 il,40 il,
bəzən də yüz illik
zamanı bağlamışlar.
Hərədən bir ömür qopur-
biri əcəliylə ölür,
birini öldürürlər!

Dırnaqları uzanmış,
gözlərindən qorxduğundan
cırmaqlayır küçə qapısını,
uğuldayır pişiyin pəncələri;
azadlığı küçədə qalmış.
Ürpətdi səbrini
itirdiyi zamanın ünvanı,
indi hər havaya oynamaz,
oynamaz bu sümük!

Bu  qoca
əsasını çarmıxa dəyişməz,
öz soyuğunda üşüyəcək.
bu adam çox  sevər yaşamağı,
özünü sabaha daşımağı!
Çırpır yerə,
qorxur intiqamını almamış
köçə .
Bu əsa Musanın əlindən qaçmış,
onun da əlindən də qaçar!

Bu tay sevgi tayı,
insanların üzünə gül!
Sifətindəki şəkillərə bürün,
gizlə təki kim olduğunu!
Bu tayın ətəyində
hamı bir-birini sevməyə məhkum.
Hamı bir-birinin əlində su içər,
gözləri su içməsə də.
Körpüsünü sındırma
körpüsündən keçməsən də!
Bu tayda hamı yaşamağın quludu,
özgəsinin yoludu,
öz yolu olsa belə!

Gəncliyindən
unutmusan
əlin toxuna bilməz
səni ötürən ayrılığa.
Ömür ayrılıqlarda bitir,
tikanlı tellərində ilişir zamanın!

O tayda
sümüyünə dirənmiş bıçaq,
pərdə çəkmiş havalar
gözlərin görməz
burnunun ucunda göynəyən gələcəyi.
Nifrət görüb nifrət edəcəksən
əkib biçəcəksən nifrət zəmisini
kimsədən qorxmadan,
sənin azadlığın bu olacaq yalnız!

Axır ki anlamısan
ilk ümidindi bu əsa,
son nifrətindi bu dünyaya,
çırpılır hər addımında yerə.
Mən də nifrətimi 40 gün öncə qeyd etdim,
dostlarımla badə qaldırdıq
bütün sevgilərin sağlığına!…

20.05.05

Küçə simfoniyası

Qorun
içindəki azadlıqdan,qorun!
Ən böyük azadlıq
küçə barikadaları
həvəsindən törəmiş!
Çiqan qadını qədər yoxsa azadlığın
qorxmaq yetər ona bənzəməkdən,
onlar xəyanətdən çəkinər!
Bu küçə bizim küçə…

Əlimin içinə bax,
bu ömür yoludu-çox uzun,
görmüşəm it hürməmiş karvan keçib.
Yaddaşındadı ayaq izlərim-
heç zaman addımlamadığım!
Heç zaman addımlamadığım bu yol
bom-boşdu,
odu qalmayıb tonqal alışdıram!
Qılınc çeçen övladına yaraşır…
Qarabağ bizim olacaq,-
bu yuxu bizim taleyimiz,
bu küçə də bizim küçədi!

Aldanma
azadlıq deyib hayqıranlara,
ağlamaqdı,
yamaqdı,
istəməkdi dilənçi əlindəki son tikəni!
Üz-üzə ğəlsək qardaşıq,
üzdən keçsək bir-birimizin qatili,-
hər kəs özündə dəfn olunub bu köçdə;
sərhəddi vətəni yox,
vətəndi sərhəddi yox-bizim küçə!

Çəkin!,
intiharın hər adı terror,
ölçülə bilmədi şərq
qərbin ölçüsü yoxdu deyə.
Bethovenin kar qulaqları eşitməz;
döngəsiylə,dalanıyla
bu küçə bir simfoniya.
Alman oğlu fürrerini
dəfn etməyə macal tapmaz!
Bu küçə bizimdi.

Dərisi soyular günəşin,
üzündən qan arxı çəkilər-
gün doğandan gün batana!
Səhrasında ağac bitməz,
səhrası qum.
Küçə uşağı mənim dostum-
bu küçədə!…

Qana batmış əllərim-
əcnəbinin bayrağı!
Baxsana,
sən canım, baxsana dünyanın xəritəsinə;
amerikanı mən kəşf etdim!

01.06.09

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

12 Şərh var
Şərh yazın »

  1. “Baxsana,
    sən canım, baxsana dünyanın xəritəsinə;
    amerikanı mən kəşf etdim!”
    təbriklər! biz də elə bilirdik Kolumb kəşf edib!

  2. çiqan – qaraçı sözünün yerinə bu söz gülmelidir, heç olmasa siqan yazaydın

  3. dost üçün: əgər ciddi yanaşsaydın tənqid etməyə daha ağlabatan neqativlər tapa bilərdin.bu mətnləri mən səndən qat-qat yaxşı “söküb” yenidən qura bilərəm.göstərdiyin texniki səhv tənqid üçün meyar deyil.hər halda razılaşıram və diqqətinə görə minnətdaram.
    M.Savalan isə sözü tükənmiş aşıq kimidir.diqqətinə görə sağ olsun.
    sonda Zahir bəyə təşəkkürümü bildirirəm!

  4. Vətənimizin quzeyində, bir çox şairlərin şeirlərinin elə ilk sözündən az qala son sözünün hara çatacağını bilmək olur!
    Düz bir yol, bir ucunda duranda, o biri ucunu görəcəksən! Və buna isə “Yaradıcılıq” deyilir! Bu söz, bizim dilimizin sözü olduğundan artıq açıqlamağa gərək yoxdur. Bu sözdə, hər zaman olmasa da, bəzən tanrıya bənzəmək var. Deyirlər tanrı hər nəyi heçdən yaratmışdır və yaradıcı bir sənət adamı da öz əsərini heçdən yaratmalıdır. Belə olmadıqda o yaradıcı deyil və əsərlərini də “Yaradıcılıq” adlandırmaq olmaz. Heçdən yaratmaq o deməkdir ki, o əsərə bənzər başqa bir əsər olmasın; daha doğrusu, birnci dəfə tanış olduğumuz bir insan kimi, tam özü olsun. Bir insan və onun özgün xarakteri. Belə yaradıcılıq keyfiyyəti bizdə buna görə azdır ki, ölkəmizin quzeyi, uzun bir zaman dünyadan qoparılmış və bütün sənət və ədəbiyyat axımlarına qapısı qapalı qalmışdır. Az qala bir əsrin sahillərinə gəlib çatan bu “Durğunluq” elə dərinlərə işləmişdir ki, qapımız dünyaya açıldıqdan sonra da, artıq yeni nəsillər boylansa da öz donuqluğunu beyinlərdə saxlamaqdadır. Bu donuqluğu qoruyub saxlamağa və ömrününü uzatmağa hər zaman dilimizin ucundca tutduğumuz vasitələrimiz də var: “Əla şeirdir”, “Yaxşıdır”, “Çox sevdim”, “Çox xoşum gəldi”
    Birdən haradansa: “Bu şeir deyil, dəyərsiz sözlərdir” səsi ucalsa, bilmədiyimiz bir dildə səslənən sözlər kimi qulaqlarımızdan beynimizə yol aça bilmir!

    Poezia qıtlığı çağlarını yaşayan ölkəmizin quzeyində doğru bir poeziya əsərinin necə qarşılandığı bəllidir.
    Ya ölü bir susqunluq, ya da “ Bu şeirlər axmaq şeirlərdir”, “ Bir qızdırmalının sayaqlamasıdır”, “ Bu şair, xəstədir.” Bu şeir sevənlərimizin yaradıcı poeziyanı dəyərləndirmələridir!

    Son günlərdə şeirlərini birinci dəfə oxuduğum Xaqani Hass, bir çox oxucular tərəfindən belə qarşılandı. Həm də “Yeniçi və Avanqard” oxucular tərəfindən!!!
    Halbuki, bu şairin yaradıcılığı, bizim kədərli dilimizin bir şən bayramıdır, poeziyamızın quru damarlarına axıb tökülən gur qandır.

    Şaya-nın iki şeirindən qısaca danışmaq istərkən şeirimizin ümumi mənzərəsinə bir göz atmamaq olmazdı sanıram. Axı bu şeirlərdə də bu “Durğunluğu” silkələyən güclər vard.

    Bir zaman vardı
    Oxuyardı ümid sandığı nəğməsini,
    Sevgisini də apardı,
    Ulaya-ulaya.

    Bu kimi misralarla ayaqlaşa bilməsəm də, bir çox misraların ağır anlam yükünü çiyinlərimdə duydum:

    Çox görmüşdü bu ilandan,
    Onun uzununa
    30 il, 40 il,
    Bəzən də yüz illik
    Zamanı bağlamışlar.

    Ömrün su kimi axıb keçməsini, ruzgar kimi əsib yox olmasını, bulud kimi bir anlıq görünüb itməsini bilirik, amma ömür uzunluqda bir ilan kimi sürünüb dəhşət saça-saça getməsini bu biçimdə eşitməmişdik! Bu yeni şəkildə, insan ömrünün necə bir dəhşətli qarabasmaya dönə biləcəyi sarsıdır adamı!
    Yenə də həmin Portret şeirindən:

    Bu tay sevgi tayi,
    İnsanların üzünə gül!
    Sifətindəki şəkillərə bürün,
    Gizlə təki kim olduğunu!

    İnsanın ikiüzlü və çoxüzlü olduğunundan xəbərimiz var, ancaq bütün bunları şəkil olaraq üzündə daşəmasını bu misralar göstərir bizə.

    O tayda
    Sümüyə dirənmiş bıçaq,
    Pərdə çəkçiş havalar
    Gözlərin görməz
    Burnunun ucunda göynəyən gələcəyi.
    Nifrət görüb nifrət edəcəksən
    Əkib biçəcəksən nifrət zəmisini
    Kimdən qorxmadan,
    Sənin azadlığın bu olacaq yalnız!

    Bu misraları oxuyarkən, düşünürəm ki, bu az sözlərlə bir xalqın Yaşama deyilən faciəsininin nə qədər acı, nə qədər boğucu olduğunu anlamaq üçün romanlar deyil, bu bir neçə misranı oxumaq yetər!

    Küçə simfoniyasında da ayaqlaşa bilmədiyim misralar oldu. Ancaq bütün misralardan keçən acı, qara, yasla dolu bir simfoniyanın dondurucu səsini söz-söz dinləyə bilirik:

    Qarabağ bizim olacaq,-
    Bu yuxu bizim taleyimiz,
    Bu küçə də bizim küçədi!

    Bu misralarda əslində Qarabağ deyil, hər nəyini itirmiş bir xalqın taleyindən söz edilir. Bir xalq ki, yuxu qanadlarından başqa bütün qanadları əzilmişdir!

    Dərisi soyulur günəşin,
    Üzündən qan arxı çəkilir-
    Gün doğandan gün batana!

    Bu misralar yuxdan başqa qanadları qalmamış bir xalqın doğan və batan günəşinin dərdli mahnısıdır! Balasının qara xəbərini eşidib üzünü cırıb dağıdan və qana boyayan bir ananı andıran bir günəşdir bu!

    Qana batmış əllərim-
    Əcnəbinin bayrağı!
    Baxsana,
    Sən canım, baxsana dünyanın xəritəsinə;
    Amerikanım mən kəşf etdim!

    Amerikanı əlbəttə biz kəşf etmdik, birdən bu “Şərəf!” bizə nəsib olsaydı, yenə də əllərimizin qanı qarumayacaqdı, özgənin BAYRAĞI olan əllərimiz!!!

    Bu şeirlərin bir çox misraları üzərində uzun-uzun dayanmaq və əyilib onların, insanlarımızın acı taleyindən çox yeni və sarsıdıcı şəkillər göstərən içinə baxmaq istərdim. Nə yazıq ki, vaxtın darlığından bu mümkün deyil!
    Arzum, Şaya-dan başqa şeirlər oxumaq və poeziyamızda belə “Yaradıcılığı” olan söz sənətçilərimizin artmasıdır.

  5. Nureddin sayanin seirleri bashdan ayaqa tezadlarla doludur.Sair mentiqe cox yer veribdir.

  6. hamınızı salamlayıram.Əziz müəllim,fikirlərinizə və diqqətinizə görə sağ olun! Azərə də təşəkkürlər…

  7. <ox zeif seirlerdi

  8. portret adlanan şeir iltifat salehe belə yazilsa da pis deyildi zənnimcə. gözəl misralar, gözəl fikirlər bolluca idi. misraların sonluqlarına bir az da diqqətlə baxılsaydı daha da gözəl olardı. məsələn: “ömür ayrılıqlarda bitir, tikanlı tellərində ilişir zamanın!” fikrimcə vergüldən sonrakı fikir belə də tamamlana bilərdi: tikanlı tellərinə ilişərək zamanın… mən tənqid üçün meyar olmayan şeylərdən çox danışmaq istəmirəm. şəxsən mənə ikinci şeir daha çox ləzzət elədi. ikinci şeir birinci ilə müqayisədə daha yığcam, daha ritmik idi. bu isə şeirə gəzəllik gətirən xüsusiyyətlərdəndir. onu da bilirəm ki, nurəddinin şeirləri ilk oxunuşdan həzm olunan şeirlərdən deyil. elə bilirəm ki, nədəsə yanılmış bulunsam heç şübhəsız günahımdan keçər. uğurlar!!!

  9. qardash bashlag;c; lap qeshem necefzade kimi bashlam;san ancaq onu deyim ki bede bed an; senin sheirin gucludur ikincisi de bele sheirler hech kime laz;m deyil heyatdan real sheylerden yaz
    ugurlar

  10. hikmət üçün:Qəşəm müəllimi şəxsən tanımıram.onun haqqında az-çox eşitmişəm.bu mənada onunla heç bir problemim yoxdur.çox arzu edərdim ki sənin problemlərin həll olsun! onu da deyə bilmərəm ki bəlkə də qəşəmin ayağının bildiyini sənin başın bilmir.və söhbət ədəbiyyatdan gedirsə,yaz ,biz də öyrənib sənə Tanrıdan can sağlığı diləyək!

  11. hörmətli Nurəddin Şaya!
    Mən başmağa papaq, oxlova qələm deyənləri heç cürə başa düşə bilmirəm! Ona görə təkrar fikir deməli oldum.
    Sənin yazılarının adları yaxşıdır, poetikdir. “Portret”, “küçə simfoniyası”. Birinci yazında portretdən heç bir əsər-əlamət yoxdur. Üslubun isə ötən əsrin 70-ci illərində yaradıcılığa başlayanların ədəbi təcrübələri ilə üst-üst düşür. V.Cəbrayılzdaə, R.Tağı, N.Kəsəmənli və s. bu bir növ ədəbi klip üslübunu təcrübədən keçirb tez də uzaqlaşdılar. Dolanbac fikirlər fantasmqorik nəsr nümunələrində, müəyyən kontekstdə yerinə düşə bilər, şeirdə isə adamı dərhal bezdirir, yorur. Məsələn, ” itin ayağına dolaşan bir parça zaman”, “ümid sandığı” epitetləri nə dərəcədə poetikdir, bir başqasının yazısında belə şeylər nə dərəcədə sənə zövq verərdi?!
    Yazılarıda şeir ola biləcək kristallaşma mərkəzləri kimi fikirlər var, amma tələsiklik, qəribə görünmək cəhdləri, zorla da olsa qeyri-adi ifadələr yaratmaq cəhdləri hər şeyi korlayır. Mən sizi ümidsiz müəllif hesab etmirəm. Belə bir mərhələdən çoxları keçir. Amma, sizi kimlərsə ağız dolusu tərifləsələr də, söz cəngəlliyindən çəmənliyə çıxmağınızı istərdim. Sözləimin səmimiliyinə şübhəniz olmasın. “Yaşamağı”, “”daşımağı” kimi qafiyələri də çay aşağı axıtmağın vaxtı çoxdan çatıb. Bunu özünüz də biməmiş deyilsiniz.
    “Bu qoca əsasını çarmıxa dəyişməz”- niyə də dəyişməlidir ki?! Bizim adi adamlardan fövqəlbəşər hünər tələb etməyə nə dərəcədə haqqımız var?! Musanın çəliyi ilə qocanın çəliyi uyuşmayan ayrı-ayrı şeylərdi, başqa-başqa “həna”lardandı. Sənin yazdığın şəhrlərindən də xəbərim var, göstərir ki, ədəbi-nəzəri hazırlığn yetərincədir.
    Bu sadaladığım, hətta demədiyim qüsurlar da, zənnimcə ötüb keçəcək. Yaxşı şeirlər yazacaqsan və o zaman ola bilsin ki, haqlı olduğumu da təsdiqləyəcəksən. Bu dediklərimi də qəbul etməyə bilərsən və mən də heç incimədən qalaram. Maşallah, tərifləyənlər də az deyil.
    Uğurlar!

  12. M.Savalan-itkin düşmüş tənqidçim,haralardaydın!)) səmimi fikirlərinə görə minnətdaran.bax bu başqa məsələ,indi bildim nəsə bilirsən!

Şərh yazın