Şəlalə Əbil. Atılmış quymaq qazanı ilə başlanan ömür
Yazar: Admin | Bölmə: Proza | Tarix: 20 Haziran, 2009
Anama görə yas məclisinin bəzəyi ağlamaqdı. Yasında ağlanılmayan, ya da az ağlanılan ölu urvatsız olub gedir. Anamın bizə qoyduğu vəsiyyətlərdən biri də onun yasında (ağzımdan yellər aparsın) gücümüz çatdıqca ağlamaq, ölüsünü urvatsız eləməməkdi.
Nənəmin tabutu həyət qapısından çıxanda məndən kiçik bacım kimsənin gözləmədiyi halda qəfildən qışqırmışdı ki, qoymayın, nənəmi apardılar. Anam sonralar deyirdi ki, həmin qışqırtı nənəmin yas məclisinin kulminasiya nöqtəsi, başqa sözlə, bəzəyi idi.
Əslində, anamın bizə çəkdiyi zəhmətin qarşısında istədiyi də çox deyildi. Üç qız uşağını böyüdüb boya-başa çatdıran ananın yeri cənnətdi, deyən atalarımızın hesabı ilə götürsək, anamın yeri cənnətin iki mislinə bərabərdi. O, üç yox, altı qız uşağını böyüdüb. Ataların söylədiyi fikrin daha önəmli məqamları var ki, o vaxtlar yazılı ədəbiyyatın yaranmamasına görə sətr altında qalıb. Anamsa bu sətraltı fikirləri bu cür dəyərləndirir ki, qızları böyütməkdən daha önəmli olanı onları gəlin paltarında (başında duvağı-zadı), adları üstündə, alnıaçıq-üzüağ tərtəmiz yola salasan ər evinə. O bu qonuda çox rahatdı. Biz bacılar heç ərə getmək növbəsini belə pozmamışıq, yəni böyük qız birinci, kiçik qız sonuncu… Bəs nə? Camaatın qabağında başı yuxarı gəzmək üçün bu da şərtdi.
Bir yaman nənəm var idi (atamın anası). Anamla davaları düşəndə tez-tez işlətdiyi və anamın susma nöqtəsi olan bir sözü vardı: ”Sənin elədiyin rüsvayçığı hələ də camaatın ağzından yığıb-qurtara bilməmişəm”. Nənəmin hər dəfə məmnuniyyətlə vurğuladığı həmin rüsvayçılıq , atamın tələsgənliyi ucbatından anamın ilk uşağını ərə gedəndən doqquz ay deyil, beş ay sonra doğmasıdı (Amma bu məsələdə atamın günahkarlıq dərəcəsi nənəmə görə sıfırdan da aşağı idi. ”O kişidi” deyirdi nənəm). Anam, atamın sudan quru çıxmış adamlar kimi, özünü deyil, anamı günahkar bilməsi o yana dursun, hətta ”hara fırlansa, ondan olan qızlar da özünə oxşaşyacaq” kimi tənəli proqnozunu uzun zaman çiynində daşımalı olmuşdu. Uzun zaman deyəndə ki, bizi böyüdüb boya-başa çatdırıb, ən önəmlisi, gəlin paltarında, zurna-qavalla (başında duvağı-zadı), adımız üstündə, alnıaçıq-üzüağ tərtəmiz ər evinə yola salana qədər…
Böyük bacım universitetdə oxumaq istəyəndə atam razılıq verməmişdi. Bacım da etiraz əlaməti olaraq uzun hörüklərini qayçılamışdı.
Nənəmin də qəribə etiraz üsulları olub. Məsələn, anam doğmağa gedəndə, oğlan uşağının doğulması arzusu ilə alışıb-yanan nənəm quymaq bişirə-bişirə xəstəxanadan gələn cavabı gözləyərmiş. Elə ki, yenə qız olması xəbəri gəldi, nənəm hirsindən quymaq qazanını həyətin ortasına vızıldadarmış.
Qızların toy axşamlarından səhərə qədər olan vaxt kəsiyi, anam üçün ömrünün ən qorxulu, ən həyəcanlı anları imiş. Səhər yengənin yaxşı xəbər gətirməsi duası ilə həmin gecəni heç gözünü də yuma bilməzmiş. Toy gecəsinin səhəri atam işə getməyini ləngidərmiş. İşə geyindiyi paltarları əynində (papağından başqa), həyətdə guya nəsə edirmiş kimi o yan-bu yana vurnuxarmış. Nənəm də rahatsız, müəmmalı şəkildə oturub gözləyərmiş. Anamın bir gözü telefonda, bir gözü küçə qapısında… Telefon zəng çalar və dəstəyin o başından oğlan adamlarından (çox vaxt təzə gəlin köçmüş bacımın qaynanası) biri nə deyərdisə, anam dəstəyin bu başında rahat nəfəs alarmış. Sonra həyətdə vurnuxan atam eşitsin deyə səsini bərkdən qaldırıb nənəmə söyləyərmiş ki, bəs zəng edən filankəsdi. ”Deyir, gözünüz aydın olsun, üzünüz ağ olsun, qızınız üzümüzü ağ elədi ”. Daha sonra atam eşitməsin deyə nənəmə tərəf əyilib, ”Deyir, hər şey yaxşı qurtardı, yengəni yola saldıq getdi”. İkinci dəfə yüksəlmiş səs tonu atama ünvanlanmışdı: ”İşə gec qalırsan, papağı verim gedirsən?” Atam da papağını alıb qürurlu-qürurlu həyət qapısından çıxarmış. Amma bəzən özümüzdən asılı olmayan səbəblərə görə ”cızıqdan çıxan” vaxtlarımız da olub ha! Məsələn, məndən böyük bacımın toyaxşamının səhəri telefon bir az gec zəng çalıb. Yoooox! Bacımlıq bir şey yox idi. Məsələ ondadı ki, həmin bacımın əri toy günü bir az çox içdiyindən gəlin otağına girən kimi yuxulayıb və boynuna düşən tapşırığın yerinə yetirilmə missiyasının vaxtı bir azacıq dala düşübmüş. Həmin günü atam başının papağını almadan yenə həyətdə vurnuxubmus. Həmin günü anam, günortaya yaxın səslənən telefona tərəf gedəndə yarı canı qalıbmış. Deyir, bu 3-4 saat gec çalınan zəng ömrünün 3-4 saatını deyil ey, 3-4 ilini geri atıb sanki… Verilən xoş xəbərdən sonra anam: ”Neyləsin, yetim uşaqdı, qabaqda iş görən atası yox, böyük qardaşı yox. Deyir, toyun bütün hazırlığını özü təkbaşına edib deyə yorğun düşübmüş” deyib işə gec qalan atama eyvandan aşağı papağını uzadıbmış… 3-4 saatın söhbəti biz bacıların arasında zarafat kimi qalmış (fərqli toyaxşamı kimi), sonra da unudulub getmişdi. İndi gündəmdə olansa yeznəmin tez-tez içib evdəkiləri incitmək vərdişidi…
Həmin bacım danışırdı ki, ”Bir də baxdım Natiq yuxulayıb. İstədim oyadam, utandım. Oyadıb nə deyim? Deyim ki, dur məni elə?! Deyim ki, indi atamla anam doğurlar?! Deyim ki, yengə qapının dalında dayanıb bizi gözləyir?! Arada qımıldanırdım ki, bəlkə, oyana, amma heç tükü də tərpənmirdi. O yatan, bir də səhər ayılıb. Mən də səhərə qədər içimi yeyə-yeyə oturmuşam. Atamın teorem kimi irəli sürdüyü, anama aksiom kimi qəbul etdirdiyi, anamınsa bizə tərif kimi yedizdirdiyi bir hökmü də var: Geriyə yol yoxdu!!! Qadın papaq deyil ki, başdan-başa qoyulsun. Getdin ki? Getdiyin yerdəcə itib-batmalısan! Zatən belə də olmuşuq ha! ”Camaat deyir, Arifin qızlarının gəlin getdikləri yerdən səsləri çıxmaz” fikri anamın qürur və fəxr yeridi.
Bu il atam konstitusiyasında dəyişikliklər etmək istəyir, deyəsən. Məsələ belədi: Məndən kiçik bacımın əri Rusiyaya gedib və o gedən olub. Bacım da iki uşaqla qalıb belə. ”Ərsiz qalmağı o yana dursun” deyir atam, ”heç olmasa, yemək pullarını göndərsəydi, deyərdim, bala, otur, uşaqlarını böyüt, gəlmir, heç gəlməsin. Axı qeyrətsiz köpəkoğlu onu da göndərmir”. ”Əlində sənəti-zadı olsaydı, deyərdim, bala, işlə, uşaqlarını böyüt, gəlmir, heç gəlməsin, dalısıyca qara daş! Axı o da yoxdu” deyir anam.
Yazıq qız ərə gedəni fərli-başlı ər üzü də görməyib axı. Toylarından və toyun uğurlu səhərindən on gün sonra həmin yeznəm yenidən gəldiyi yerə- Rusyetə qayıtdı. Bu on günün nəticəsi olaraq, bacımın birinci qızı dünyaya gəldi. Uşağın iki yaşı olanda bacımın qaynanası çox fikir edirmiş ki, bəs oğlu elə bir dənə uşağın üstündə qaldı, bir oğlan uşağı da olsaydı, lap yaxşı olardı. Amma həmin oğlan uşağının doğulması üçün oğlunun Rusyetdən gəlib heç olmasa beş-on gün evdə qalması lazım idi. Buna görə də arvad yalandan bərk xəstələndiyini bəhanə edib oğlunu evə gətizdirmişdi. Qalası da (yeznəmin adı belədi) evde on gün qalası oldu. Həmin gəlişdən də bacımın ikinci qızı dünyaya gəlmişdi.
Konstitusiyasındakı qanunların heç biri köməyinə gəlmir atamın. Anamın fəxr və qürur yerləri öz təsir qüvvəsini itirir yavaş-yavaş. Bacımsa daha qışqıra bilmir, nənəmin tabutu həyət qapısından çıxanda qışqırdığı kimi…





Yüklənir...
Maraqlı yazıdı. Çox şeyləri yada salır…
Salam, Şəlalə!
Başqa məkan və zamanda bunu edə bilmirik deyə, elə burdan görüşək də-))) Necəsən?
Oxudum, xoşuma gəldi, buna bizimkilərin qorxulu nağılı da demək olar-)))
koloritli yazıdır, bizimkiləri tanımaq üçün əla vəsaitdir.
uğurlar sənə!
Salam,Sevinc. Oxudugun, fikir yazdigin ucun tesekkur edirem. Duzdu, ezizim, buna qorxulu nagil da demek olar, amma ne yaziqlar qadinlarimiza ki, omurleri bele “qorxulu nagil” lardan ibaretdi.
Ugur dileyin qarsiliqlidi !
Shelalecan tebrik edirem! Eladir. Dashlashmish, xalqi esaretde saxlayan adet -eneneye qarshi yazmaqin ureyimce oldu. Milletin Fatma Nise dushuncesinden qurtarmasi ucun hele cox demek, cox yazmaq lazimdir.Bizi geride saxlayan her ishimizi bashqasina gore qurmaqimiz, bashqasinin nezerini ozumuze olcu etmeyimizdir. “Camaat ne deyer?”, “Camaat bele etmir” fikrini beyinden biryolluq atmaq lazimdir. Hec kes ozunu merkezde qoymur, her hansi bir meseleye ozunden baxmir. Azerbaycan cemiyyetinin felaketi ondadir ki, olcusuz yashayir. Ne heyif ki, bunu ozu bilmir ve “rahat” yashayir.
Bir daha tebrik edirem, sene uqurlar. DAVAM Et!Hele yazilasi movzu coxdur.
Eluca Atali
Shelale xanim salam necesiz belkede siz meni tanimazsiz ama men senin qohumunam adim Fizulidir xalan nevesiyem sizin hekayelerinizi oxuyuram hamisi eladir cox gozel yazirsiz bu tempde davam edin size uqurlar