Eldar Quliyev: «Gənclik həmişə radikal və maksimalistdir»

Yazar: Admin | Bölmə: Kino | Tarix: 25 Haziran, 2009

154“Biz serial filmlərinin inkişafına diqqət yetirməliyik”

Tanınmış kinorejissor Eldar Quliyevlə «Azərbaycanfilm» kinostudiyasında görüşdük. Bir neçə saat çəkən söhbətimizdə Eldar Quliyevlə kinonun, cəmiyyətin, ölkənin aktual problemləri barədə danışdıq. Onun hadisələrə, problemlərə özünəməxsus yanaşması var. Elə kinomuzun problemlərinə də.

- Eldar müəllim, Azərbaycan kinosunun mövcud vəziyyətindən razısınızmı?
- Əvvəla, kinomuzun vəziyyətindən razı olub-olmamaq haqqında tələsik cavab vermək çətindir. Ümumiyyətlə, sənət adamları həmişə narazı olublar. İdeal heç nə yoxdur. Əgər bu gün nəyimiz varsa və olanları 10 il əvvəllə müqayisə etdikdə, bu, yeni həyat deməkdir. Xüsusən də prezidentin 3 il əvvəl Azərbaycan kinosunun inkişafı ilə bağlı fərmanından sonra vəziyyət dəyişdi. Əsasən də fərmanın bütün bəndləri kinonun inkişafını əhatə edir. Artıq prosesin hərəkətə çevrilməsi mərhələsindəyik. Bu, Azərbaycanfilm Kinostudiyasının potensialının bərpa olunması idi. Biz həmişə deyirdik ki, «Azərbaycanfilm» Şərqdə ən inkişaf etmiş studiyadır. Bizdə olan kino meydançaları heç bir Şərq ölkəsində yoxdur.

- Siz Rusiyanı da bu sıraya daxil edirsiniz?
- Xeyr. Mən Şərq ölkələrini misal çəkdim. Biz bu kino meydançalarında elə dekorasiyalar qurmuşuq ki, indi kimlərəsə bu inanılmaz gələ bilər. Məsələn, «Babək» filminin dekorasiyası bu meydanlarda qurulub. Bu baxımdan kinostudiyamızın bərpa olunması bu sahədə gələcək üçün inkişafın əsasını qoyur. Artıq planlarımız var və bu ideyalar genişlənir. İkinci, texnologiya alınır və bunlar müasir dünya kinosunda istifadə olunan ləvazimatdır. Yəni bu sıraya kompüter qrafikası və digər texnologiyalar daxildir. Bu problemləri aradan qaldırmaq üçün Qərbin aparıcı dövlətləri ilə danışıqlar aparılır. Elə bu günlərdə Dövlət Film Fondunun yaradılması kinonun inkişafında vacib elementlərdən biridir. Çünki fonda Azərbaycanın bütün filmlərinin əsli saxlanılacaq. Təəssüf ki, sovet dövründə çəkilən filmlərin əsilləri Rusiyadadır. Səbəb də odur ki, o zaman SSRİ Dövlət Film Fondunun qərarına görə bütün çəkilən filmlərin orjinalı orda qalmalıydı.

- Həmin filmləri geri qaytarmaq imkanları nə qədərdir?
- SSRİ-nin çöküşü dövründə onlar bütün respublikalara təklif etdilər ki, ya filmlərinizi götürün, ya da pul ödəyin. Məsələ ondadır ki, Azərbaycanda filmlərin orjinalını saxlanması üçün o zaman şərait yox idi. Təsəvvür edin ki, filmlərin saxlanması otağının temperaturu, həmin lentlərin hər il yuyulması və digər şərtlər bizdə yox idi.

- Yeni yaranan Dövlət Film Fondunda bu şərait yaradılıbmı?

- Bəli, artıq yeni texnologiyalar gətirilir ki, həmin şəraiti yaratsın. Amma mən bilmirəm ki, bundan sonra biz Rusiyadakı filmlərimizin əslini ala biləcəyikmi?!

- Bu filmlərin alınmasına hansı problemlər maneə yaradır?
- Məsələn, o zaman bizim Mərkəzi Televiziya üçün çəkilən filmlər ki, var, onlar hazırda «Rusiya» televiziyasında saxlanılır. Problem ondadır ki, bir neçə il əvvəl Putin sərəncam imzaladı ki, həmin əmlak Rusiyanın xüsusi mülkiyyətidir. Bu baxımdan biz həmin filmlərin surətini almaq üçün pul ödəməliyik. Bax, bu mənada itkilərimiz böyükdür. Təsəvvür edin ki, həmin filmlərin Azərbaycan dilindəki sırasını belə ala bilməyəcyik. Yəni alacağımız surətlər də rus dilində olacaq.

- Son illərdə mütəxəssislər Azərbaycanda kino istehsalının uzun zaman apardığından narahatdırlar. Konkret, Sizin «İstanbul reysi» filminin çəkilişi ötən il başa çatsa da, hələ istehsal olunmayıb. Bu problemin həll olunmamasının səbəbləri nədən ibarətdir?
- Xeyr, dediklərinizlə razılaşmıram. Çünki bizim işlətdiyimiz texnologiyadan bütün dünyada istifadə olunur. Bu məsələdə bir problem var: Azərbaycan kinosu hələ müasir texnologiyası ilə tam təmin olunmayıb. Amma ümid edirəm ki, yaxın günlərdə bu problem də aradan qaldırılacaq. Artıq montaj və səsyazılma işlərini kompüterlə həyata keçiririk. Halbuki, əvvəllər heç bunlar da yox idi. Bilirsiniz, tez və gec nəyisə etmək smetanı dəyişmir. Biz ayrılan vəsaitdən artıq heç nə ala bilmirik. Ancaq Azərbaycan MDB-də yeganə ölkədir ki, bütün filmlərin çəkilməsində dövlət köməklik edir.

- Belə çıxır ki, Azərbaycanda müstəqil kinostudiyalar yoxdur?
- Var, amma onlar da dövlət sifarişi ilə filmlər çəkirlər.

- Bu amilin müsbət tərəfi nədən ibarətdir?
- Müsbət tərəfi ondan ibarətdir ki, dövlət kinonu qiymətləndirir və mədəniyyətin tərkib hissələrindən biri kimi dəstəkləyir.

- Amma bununla bərabər hökumət çəkilən filmlərə müdaxilə edib senzuradan da keçirmirmi?
- Bu gün senzura yoxdur.

- Amma müdaxilə imkanları ki, qalır…

- Bilirsiniz, kino mədəniyyətin bir səhifəsi olduğu üçün hər bir prezidentin göstərişində dövlətin kinonun inkişafına dəstəyi hiss olunub. Bu məsələdə xüsusi şüara ehtiyac da yoxdur. O sovet dövründəydi ki, Leninin «bizim üçün bütün mədəniyyət sahələri arasında ən əsası kinodur» şüarı hər an xatırlanırdı. Bu gün dünyada kinonun nə dərəcədə inkişaf etdiyini və necə təsir qüvvəsinə malik olduğunu görürük. Ona görə də hesab edirəm ki, biz serial filmlərinin inkişafına diqqət yetirməliyik.

- Doğrudan da Rusiyadan fərqli olaraq Azərbaycan kino sənətçiləri serial ssenarilərinə nə üçün müraciət etmirlər?

- Bu sualın cavabını mən də bilmirəm. Bu gün telekanallarda hansısa seriallara rast gəlirsinizsə, əlbəttə ki, bunlar çox zəifdir və az maraq dairəsinə malikdir. Hələ ki, tamaşaçı özünü Azərbaycan seriallarında tapmayıb. Bunun üçün zaman lazımdır.

- Tanıdığım gənc kinoşünaslar israr edirlər ki, gürcü kinosundan fərqli olaraq bizim kinomuzun sifəti yoxdur. Bu fikri bölüşürsünüzmü?
- Əlbəttə, bu müsbətdir ki, gənclik həmişə radikal və maksimalistdir. Lap yaxşı, Allah etsin ki, bu istəkləri onlar həyata keçirsinlər.

- Bunun üçün gənclərə şərait yaradılmamalıdırmı?
- Axı şərait deyəndə nəyi nəzərdə tutursunuz?

- Onlar deyirlər ki, yaşlı nəsil gənclərə sipər olub. Hətta Sizin adınızı da çəkirlər…
- Bilirəm. Gəlin, faktlarla məsələyə yanaşaq. Azərbaycanın müstəqil olduğu 18 ildə Eldar Quliyev yalnız üçüncü filmin çəkir. Bu, altı ilə 1 film edir. Oqtay Mirqasımov isə müstəqillik dövründə 2 film çəkə bilib.

- Sovet dövründə vəziyyət necə idi?
- O zaman ilə bir film çəkirdim. Çünki sovet dövründə Dövlət Kinostudiyası tələb edirdi ki, hər il bir film çəkməlisən.

- Bəs hansı filminiz dünya səviyyəsinə çıxdı?
- Biz o vaxt bu barədə az bilirdik. Çünki belə məsələlərlə dövlət məşğul olurdu. Bununla belə bir neçə filmimiz xaricə satılırdısa, bizə bu barədə heç nə demirdilər. Ona görə ki, hər şeyi Moskva özü həll edirdi. Məsələn, «Babək» filmini 60-dan çox ölkə almışdı və mənə polyakların, hətta ərəblərin reklamını görmək müyəssər olub.

- Gəlin, müqayisə edək, Babək ərəblərə qarşı 23 il, Spartak romalılarla üç il döyüşüb. Hər iki qəhrəman haqqında filmləri müqayisə etdikdə, Sizin filminiz zəif hesab edilir. Razılaşırsınızmı?
- Birincisi, bu zövq məsələsidir. İkinci, o dövrün Hollivud və «Azərbaycanfilm» kinostudiyasının texniki imkanlarını müqayisə etmək lazımdır. Bu imkanlar müqayisəedilməzdir. Təsəvvür edin ki, o zaman «Spartak» təxminən 5-6 milyon dollara çəkilmişdisə, «Babək» 1 milyon 600 rubla çəkildi. Siz fərqi təsəvvür edirsinizmi?

- Siz özünüz bu günkü səviyyədən yanaşdıqda filmdən razısınızmı?
- Mənim öz filmim barəsində nəsə deməyə haqqım çatmır. Amma o vaxtkı imkanlarımız daxilində çəkdiyimiz döyüş səhnələri normal sayıla bilər. O zaman filmi mərkəzə təhvil verəndə, hansı ki, «Spartak», «Kleopatra», Rumınyanın «Daki» filmini görmüşdülər, onlar bizim studiyamızı yüksək qiymətləndirdilər.

- Amma filmdə iki döyüş səhnəsi yer alıb, birində qəhrəman qələbə qazanır, ikincisində məğlub olur. Babək kimi qəhrəmanı iki döyüşlə xarakterizə etmək nə dərəcədə müsbət qiymətləndirilə bilər?
- Biz filmdə o tarixi xronikadan istifadə etdik ki, bu da ərəb mənbələrinə əsaslanırdı. Ümumiyyətlə, bu cür filmlərdə sərkərdə olan qəhrəmanlar tam mənada döyüşlərdə aşkarlanmır. Filmin dramaturgiyası bunu tələb edir. Bəli, bir döyüş əhatəli olur və qəhrəmanın mübarizliyi göstərilir. Amma hansısa xəyanətin nəticəsində qəhrəman ikinci döyüşdə məğlub edilir. Bu, artıq dramaturgiyadır və janrın qaydasından irəli gəlir.

- Ancaq «Girov» filmində Azərbaycanın kənd qadınının ermənini girov saxlaması mental xarakterə uyğunsuzluqla əlaqələndirildi…
- Bilirsiniz, mən elə bir yaşdayam ki, tənqidi çox sakit qarşılayıram. O tənqidlər ki, pozitivdir və yaxşılığa doğru istiqamətləndirirsə müsbət qiymətləndirilməlidir. Filmlərimin ən böyük tənqidçisi isə mən özüməm. Çatışmazlıqları görürəm və çalışıram ki, növbəti kinolarda təkrarlamayım. «Girov» son illərin xaricdə satılan Azərbaycan filmidir. «Girov» Polşada DVD-də yayılıb və beynəlxalq festivallarda A klassında təqdim edilib. Bundan əlavə film Karlovı Varıda, Kəlküttədə, Qahirədə, Tehranda, Hetebörqdə göstərilib. Təsəvvür edin ki, «Girov»un hesabına İtaliya, Fransa, İngiltərə kimi ölkələr sırasında Azərbaycan bayrağı da qaldırılıb. Halbuki, bu dövlətlərdə Azərbaycan kinosu haqqında təsəvvür belə yox idi. Bəli, razıyam, hər bir sənət əsəri hamı tərəfindən bəyənilə bilməz. O cümlədən Qara Qarayevi və Tofiq Quliyevi də hamı bəyənə bilməz. Hamının xoşuna «qızıl onluq» gəlir. Yenə deyirəm, bu, zövq məsələsidir. Təsəvvür edin ki, biz kinoya gələndə Həsən Seyidbəyli, Adil İsgəndərov, Arif Babayev, Hüseyn Seyidzadə kimi sənətkarlar vardı və onlara çox hörmətlə yanaşırdıq.

- Məgər, indiki gənc nəsil sizlərə hörmətlə yanaşmır?
- Bu gün gənclər üçün geniş imkanlar var. Məsələn, «Debüt» studiyasında əsasən gənclər çalışır. Yaxud vaxt var idi Mədəniyyət və Turizm Nazirliyinin «Ekran, bu da meydan» studiyası ildə 4-5 film çəkirdi.

- Ancaq Nazirliyin vəsait ayırmalarından da narazılıq edənlər yox deyil…
- Ola bilər. Axı heç kim hər şeydən razı qala bilməz.

- Müasir dünya kinosunda filmin çəkilişinin bütün yükünü prodüsser mərkəzləri üzərlərinə götürür. Azərbaycanda bu təcrübənin həyata keçirilməsinin zamanı çatmayıbmı?
- Azərbaycanda probüsser mərkəzləri var ki, studiyadan çox fıilm çəkirlər. Hökumət də onlara vəsait ayırır. Məsələn, «Cavid ömrü» və «Hökmdar və qız» filmlərini prodüsser mərkəzləri çəkib.

- Bununla belə «Cavid ömrü» filmi razılıqla qarşılanmadı…
- Mən qiymət vermirəm, sadəcə, faktı xatırladım. Bizdə nədənsə prodüsser haqqında təsəvvür yanlışdır. Elə bilirlər ki, prodüsser əsərin direktorudur. Halbuki, prodüsser layihənin rəhbəridir. Bax, bizdə bu anlayışlar qarışdırılıb və düzgün qavranılmır.

- Eldar müəllim, yenidən «Girov»a qayıtmaq istərdim (sözümü kəsir)…
- Bu filmə olan tənqidlər kino haqqında tam bilgiyə malik olmamaqdan irəli gəlir. Axı filmdə Azərbaycan qadını erməni əsirini evində girov saxlamır. Qadın ermənini həyətindəki tövlədə saxlayır.

- Məgər, tövlə kənd yerində evin sahəsinə aid deyil?
- Xeyr, bunlar tamamilə fərqli şeylərdir. İkinci, belə bir fakt olub ki, mən də bu haqda kino çəkmişəm.

Natiq Cavadlı, Bizim Yol

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 2,33 ilə 5 arası)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. “Təsəvvür edin ki, «Girov»un hesabına İtaliya, Fransa, İngiltərə kimi ölkələr sırasında Azərbaycan bayrağı da qaldırılıb.”
    Bu nə düşüncədir? Bu adama film sifariş edəndədir günah.
    1 qəpiklik film deyil! Premyerasında iyrənmişdim!
    Eyni mövzuda Kusturitsanın “Möcüzə kimi həyat” filmi var. Eldar bəy getsin, o filmə baxsın, savaş və əsirlər probleminin necə həll edildiyini öyrənsin!
    O film yaradıcılıq deyil, konyukturadır.
    Bunun danışığına bax, gör nə ilə fəxr edir: “Axı filmdə Azərbaycan qadını erməni əsirini evində girov saxlamır. Qadın ermənini həyətindəki tövlədə saxlayır.”
    Bu da bizim rejissor… Utanıram sizin yerinizə, Eldar bəy, utanıram!!!

Şərh yazın