Eldar Quliyev: “Bakı ermənilərinə inanıram”- II Hissə

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Haziran, 2009

154“Demokratiya haqqında çox danışanlara təəccüblənirəm”

“Ola bilməz ki, 70 il sovet adamı olasan, amma səhər açılanda amerikana çevrilirsən”

Tanınmış kinorejissor Eldar Quliyevlə «Azərbaycanfilm» kinostudiyasında görüşdük. Bir neçə saat çəkən söhbətimizdə Eldar Quliyevlə kinonun, cəmiyyətin, ölkənin aktual problemləri barədə danışdıq. Onun hadisələrə, problemlərə özünəməxsus yanaşması var. Elə kinomuzun problemlərinə də.

(əvvəli burada)

- Eldar müəllim, yenidən «Girov»a qayıtmaq istərdim (sözümü kəsir)…
- Bu filmə olan tənqidlər kino haqqında tam bilgiyə malik olmamaqdan irəli gəlir. Axı filmdə Azərbaycan qadını erməni əsirini evində girov saxlamır. Qadın ermənini həyətindəki tövlədə saxlayır.

- Məgər, tövlə kənd yerində evin sahəsinə aid deyil?
- Xeyr, bunlar tamamilə fərqli şeylərdir. İkinci, belə bir fakt olub ki, mən də bu haqda kino çəkmişəm.

- Hansı rayonda bu hadisəyə rast gəlmisiniz?

- Qazax rayonunda. Bilirsiniz, bu filmə baxanda bir qədər diqqətli olmaq gərəkdir. Qadın əsiri ona görə sağlam saxlayır ki, bu, ona dəyişdirmək üçün lazımdır. Həm də bir az dərindən baxmaq lazımdır, mənə Azərbaycan qadınının obrazını göstərmək lazım idi. O qadın ki, güclüdür. Yalnız güclü insan bu cür bağışlaya bilər. Zəif insanlar həmişə isterikada olurlar.

- Zəifliyimiz deyilmi ki, 20 faiz ərazimiz işğal altındadır?
- Bu barədə detallarına qədər danışmaq istəməzdim. Çünki hamı o zaman nələr baş verdiyini yaxşı bilir. Həmin illərdə cənub regionunda bir respublika yaratmışdılar və ləzgilər də bir tərəfdən qalxmışdılar. Elə bir zaman idi ki, hər bir adam özünün silahlı dəstəsinin olmasını istəyirdi. Çox ağır bir dövr idi və bunun nəticəsi parçalanmaydı, birləşmə yox. Bizə birləşməyə imkan vermirdilər.

- Kimlər imkan vermirdi?
- Əlbəttə ki, Azərbaycanın düşmənləri. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlişi vəziyyəti dəyişdi. Bax, buna görə bir azərbaycanlı kimi ona minnətdaram!

- Onun gəlişi ilə problemlər həll olundumu?
- Bütün problemlər həll edilmədi. Amma onun gəlişi  səviyyəni qaldırdı. Heydər Əliyev bizi birləşdirdi və parçalanmağa da imkan vermədi. Obrazlı desək, ağacda deşiklər var idi, Heydər Əliyev çox qısa müddətdə bunları bağladı. Bilirsiniz, dağıtmaq asandır, yaratmaq çətin. Heydər Əliyev doğru istiqaməti muəyyən etdi və yolu göstərdi. Mən yüz faiz əminəm ki, Azərbaycanın üzdə olan problemləri də həll olunacaq.

- Əminliyiniz nəyə əsaslanır?
- Ona əsaslanır ki, Azərbaycan 15 il əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan güclüdür, özünə inamlıdır. Bax, buna görə 5 gün, yaxud 5 il sonra işğal altındakı torpaqlarımız da qaytarılacaq. Bəli, hamımız üçün faciədir ki, Qarabağımız və ətraf rayonlarımız işğal altındadır.

- Sizin atanız, böyük bəstəkar Tofiq Quliyev Şuşasız dünyasını dəyişdi…
- Tofiq Quliyev 75 illiyində dedi ki, ən böyük arzusu Qarabağın qaytarılmasıdır. İndi nə etmək olar, bu gün zaman bir qədər başqadır və siyasət də dəyişib. Düşmənlərimiz yenə də fəaldır. Bununla belə hesab edirəm ki, ermənilər çox böyük səhvə yol verdilər.

- Uzun müddət ermənilərlə təmasda olmusunuz. Yəqin xaricdə olanda da görüşürsünüz, söhbət əsnasında nə deyirlər?
- Bilirsiniz, Bakı erməniləri fərqlənir, onlar Ermənistandakılara bənzəmirlər. Bakı erməniləri ağlayırlar və bura üçün darıxırlar.

- Siz erməni səmimiyyətinə inanırsınızmı?
- Bakı ermənilərinə inanıram. Çünki onlar burda böyüyüblər.

- Amma buranın tərbiyəsini almaqla bərabər separatçılığı təbliğ edən «Krunk» təşkilatına da maliyyə verirdilər…
- Sözsüz, belələri də var idi. Ancaq çox deyildilər.

- İnanırsınızmı ki, ermənilərlə əvvəllər olduğu kimi birgə yaşayacağıq?
- Bəli. Tarixi təcrübə də mənim əminliyimi təsdiqləyir. Almanlar Polşanı viran etdilər, amma bu gün polyaklarla mehribandırlar. Yaxud yenə də almanlar yəhudiləri məhv edirdilər, amma SSRİ dağılanda yəhudilər Almaniyaya qaçdılar, İsrailə yox.

- Amma İkinci Dünya Müharibəsi 6 il çəkib, Qarabağ müharibəsi isə 20 ildir davam edir…
- Bu gün müharibə yoxdur. Şükür Allaha ki, qan axmır.

- Siz Qarabağı unudan nəsilin yarandığını görürsünüzmü?
- Yox. Qarabağ heç vaxt unudulmayacaq. Bilirsiniz, Qarabağ Azərbaycanın qanlı ürəyi olduğu üçün heç vaxt unudula bilməz. Mən inanıram ki, biz torpaqlarımızı qaytaracağıq. Buna əmin olun!

- Sizcə, müsahibənizi oxuyanlar: «Eldar Quliyev elə danışır ki, sanki Azərbaycanda yaşamır» deyə düşünməzlərmi?
- Bilirsiniz, qarışıq dövrdə də mənə xaricdən sifarişlər gəlirdi. Elə Rusiyadan bir neçə dəvət oldu ki, gəl, şərait yaradaq işlə, amma getmədim. Hesab etmirəm ki, bu, qəhrəmanlıqdır. Mən istəyirdim ki, Azərbaycanda qalıb hər şeyi görüm. Mən gücümlə və imkanımla ölkəmin problemlərinin həllində iştirak etmək istəyirəm.

- Bəs gördükləriniz əsnasında bir film çəkdinizmi?
- «Girov» buna misal ola bilər.

- Bəs Söhbət daxili vəziyyətdən gedir?
- 1999-cu ildə çəkdiyim «Nə gözəldir bu dünya» filmi elə daxili vəziyyətlə bağlıydı. Hadisələr ruhi xətəxanada baş verir, baş həkim gəlir xəstələrin hamısını evə buraxır. Bu addımını onunla əsaslandırır ki, ona nə dərman, nə də ərzaq verirlər. Filmin sonunda isə xəstələrin hamısı ruhi xəstəxanaya qayıdırlar. Çünki həyat özü dəlixanaya çevrildiyindən orda qalmaq mümkün deyil. Sonda mən sual edirəm: bizə nə olub, biz niyə beləyik?

- Filmin senarisi Çexovun «6 saylı palata»sını xatırladır…
- Tam yox.

- Siz bu filmlə səhiyyədəki, təhsildəki, neft sektorundakı korrupsiya özbaşınalığını göstərmək istəmisiniz?
- Mənə filmdə «nə üçün adamlar arasında insani münasibət dağılır?» sualına cavab vermək lazım idi. Rus ədibi Gertsenin diliylə desək, biz həkim deyilik, ağrıyıq. Ona görə də biz müalicə edə bilmirik.

- Bəs müalicəni kim etməlidir?
- Dövlət və xalqın özü.

- Xalq idarəetmə səlahiyyətlərini dövlətə veribsə, məsuliyyət ikincinin üzərində deyilmi?
- Bilirsiniz, dövlətdən bütün problemləri bir günə aradan qaldırmağı tələb edə bilmərik. Hərdən demokratiya haqqında çox danışanlara təəccüblənirəm. Çünki bu barədə fikir yürüdənlərin çoxunun demokratiya haqqında təsəvvürü belə yoxdur. Ola bilməz ki, 70 il sovet adamı olasan, amma səhər açılanda amerikana çevrilirsən.

- Ancaq problemlərin həlli üçün də 15 il də az zaman deyil…
- Gəlin, vəziyyəti 10-15 il əvvəlki durumla müqayisə edək. 1980-ci illərin sonu-90-cı illərin əvvəli ilə indiki vəziyyətə baxaq, o vaxt nələr baş verirdi? Çox dəhşətli qarışıq bir dövr idi.

- İndi də ölkənin çox kəskin problemləri var. Kriminal hadisələr, qətllər, dövlət məmurlarıın cinayətkarlara çevrilməsi…
- Hər bir ölkədə bu cür hadisələr olur. Bizim 8 milyon əhalimiz var, onların içində kriminallar çıxmamalıdır? Biz Amerikanı nümunə kimi göstəririk. Amma orda da uşaq bağçasında bir də görürsən terrorlar olur. Siz nə istəyirsiniz, hamı mələk olmalıdır? Bu, heç zaman olmur! İnsanların tərbiyə olunması uzun bir zaman tələb edir və 15 il tarix üçün çox kiçik rəqəmdir. Hansı ölkədə və şəhərdə insanlar Bakıda olduğu kimi gecə gəzintilərinə çıxır? Moskvada insanlar saat 9-dan sonra küçələrə çıxmağa qorxurlar. Mən isə öz uşaqlarımla sakitcə gəzirəm.

- Bu, azad həyatın tərənnümüdür?
- O da var. Bu, o deməkdir ki, inkişafa doğru hərəkət var.

- Bununla bərabər korrupsiya və inhisarçılıq da total səciyyə daşımırmı?
- Bir günün içində bunları aradan qaldırmaq olmaz axı. Həm də korrupsiyaya qarşı mübarizə də var.

- Hələ ki hansısa bələdiyyə sədrini, yaxud təhsil şöbəsinin müdirini cəzalandırırlar.
- Gərək, aşağıdan başlayasan. Təkrar edirəm, 15 il azdır və biz hələ dövləti qururuq.

- Gürcüstan da həmin mərhələni yaşayır, amma deyilənlərə, yazılanlara görə, korrupsiya ilə real mübarizə aparılır və nəticələr də var…
- Mən tamam başqa xəbərlər eşidirəm. Rusiya mətbuatı yazır ki, Saakaşvili öz qohumlarını əsas postlara təyin edib.

- Rusiya Gürcüstanın ərazisini işğal edibsə, bu ölkənin mətbuatı daha nələr yazmalıdır?
- Hər halda onlar yazırlar.

- Eldar müəllim, ziyalı meyarlarından biri də vətəndaşlıq mövqeyini ifadə etməkdir. Nə üçün tanınmış ziyalılar ölkədə çoxlu sayda problemlərlə vətəndaşlıq mövqeyi bildirmirlər?
- Mən başqalarının əvəzinə cavab verə bilmərəm.

- Jurnalistlər həbs edilir, partiyaların qərargahları qapadılır, QHT-lər təzyiq qarşısındadır, amma ziyalılar susur….
- Bu barədə konkret bir şey deyə bilmərəm. Amma amnistiya oldu və siyasi məhbuslar azad edildi.

- Xeyr, jurnalistlər və siyasi məhbuslar buraxılmayıb…
- Bu məsələlər haqqında informasiyam tam olmadığından konkret heç nə deyə bilmirəm. Amma maraqlanıram. Bilirsiniz, bilgilərim az olduğundan nə o tərəf, nə də bu tərəf haqqında danışa bilirəm. Ancaq Elmar Hüseynovu tanıyırdım və təəssüf ki, onu öldürdülər. Bir şey var ki, onun «Monitor»u elə şeylər yazırdı ki, jurnal hər yanda satılırdı. Düzdür, jurnalı bir neçə dəfə qapatdılar, onu həbs etdilər, sonra azad etdilər və yenə yazdı. Bəs bu barədə nə üçün danışmırsınız?!

- Məgər, tənqid lazım deyilmi?
- Sözsüz tənqid lazımdır. Amma tənqid pozitiv olmalıdır ki, kömək etsin, nəinki aqressiv. Gərək, deməlidir ki, bax, filan şeyi düz etmədiniz, gərək belə olmalıydı. Ona görə deyirlər ki, kim səhv edirsə, o, işləyir. Əlbəttə ki, iş zamanı səhv olacaq, ancaq sonra bu səhvlər aradan da qaldırılacaq.

- Eldar müəllim, heç metroya, bazara gedirsinizmi, insanların simasındakı ifadələri, stressi görürsünüzmü?
- Əlbəttə, görürəm. Son 20 ili Bakıdan kənara çıxmamışam. 15-20 il əvvəl insanların sifəti necəydisə, unuda bilmərəm. İndi necədir, bunu da görürəm. Çox şey dəyişib!

- Bəlkə neft gəlirləri şəraiti dəyişib?
- Allah etsin, bu torpaq bizimdirsə, neftin gəlirləri də xalqındır. Bir baxın, Bakı necə dəyişib?

- Bununla bərabər şəhərdə nəfəs də almaq olmur…
- Mən hər şeylə razı deyiləm. Amma Bakını da tanımaq olmur, adamın Allahı var. Bir baxın, Bakıdan hava limanına, Quba, Şamaxı yolları necə dəyişib. Nə qədər məktəb, xəstəxana tikilib. Nəinki Bakıda, rayonlarda da bu işlər görülür. Nə üçün bu barədə susuruq, bilmirəm.

-  Təsəvvür edirsinizmi ki, hava limanına çəkilən yolun 1 kilometrinə 14 milyon xərcləmişdilər, sonra bir daha ayırdılar. Dövlət büdcəsi həm də Sizin verginiz əsasında formalaşırsa, bu pulların hara xərclənməsi barədə sorğu verə bilməzsinizmi?
- Bilirsiniz, mən dediyinizdən xəbərsizəm. Yalnız yolun yaxşı çəkildiyini görürəm və minnətdarlığımı bildirirəm. Axı yaxşı işləri niyə unutmalıyıq?! Gərək, bu işləri görənlərə çox sağ ol deyək!

- Məmur vətəndaşın qayğısına qalmağa borclu deyilmi?
- Necə borcludur? Bir tərəfdən borcdan danışırsınız, başqa tərəfdən neqativ işləri axtarırsınız. Bəli, inanıram, kimsə nəsə qazanır. Amma insanı bir gündə dəyişdirmək də olmaz.

- Söhbətimizin yekununda «Bir cənub şəhərində» filmi haqqında soruşmaq istərdim. Siz bu filmlə tanındınız, yenidən filmi çəksəydiniz, qəhramanınızı Rusiyaya, yoxsa Avropaya göndərərdiniz?
- Həmin filmdə süjet elə qurulmuşdu ki, qəhrəman mütləq Rusiyaya getməliydi. Bəlkə böyük görünə bilər, mənim prinsipimdir ki, ağır və çətin zamanda öz torpağını tərk etməyəsən. Çünki bizim hamımızın bu torpağa borcumuz var, gərək borclarımızı qaytaraq. Ata-babalarımız bu torpaqda böyüyüblər və qanlarında nə varsa, bizə veriblər.

- Ona görə dostunuz Müslüm Maqomayevin cənazəsi Bakıya gətirildi?
- Əlbəttə.

- Ancaq yazdılar ki, Müslüm Maqomayev narazı getmişdi Bakıdan.
- Yox, düz deyil.

- Bəs nədən sonuncu mahnısı «Əlvida, Bakı» oldu?
- O Bakını çox sevirdi və həmişə fəxr edirdi ki, azərbaycanlıdır. Bilirsiniz, bu mahnı ilə o, nəsə hiss edirdi, həm də son zamanlar xəstə idi. Son 25 ildə nə çəkmişəmsə, bəstəkarı Müslim olub. «İstanbul reysi»nin musiqisini də Müslim yazıb. O, böyük insan idi və ürəyi də böyük idi. Azərbaycanı da sevirdi. Ona görə Müslim Azərbaycandan inciyə bilməzdi.

P.S. Təəssüf ki, Eldar müəllim mərhum dostu haqqında danışdığı bəzi məqamları yazmamağı xahiş etdi. Və «Əlvida Bakı» mahnısını dinləyə-dinləyə söhbətimizi bitirdik.

Natiq CAVADLI // Bizim Yol

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 2,00 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Maraqlı müsahibə üçün müəllifə təşəkkür edirəm.
    Eldar müəllimin fikirləri ilə ümumiyyətlə razıyam. Fakt olaraq “Girov” filmindəki süjeti də bölüşürəm. Çünki, mənim də dəqiq bildiyim fakt var: Öz qardaşını əsirlikdən qurtarmaq üçün bir nəfər Bakidakı qazamatlardan birindən erməni əsirini pulla almışdı ki, qardaşı ilə dəyişsin. Həmin şəxs əsiri öz evində saxlayırdı. Düzdür, bir müddət sonra onu geri-qazamata qaytardı, şünki məlum olmuşdu ki, qardaşı sağ deyil. Amma hər halda belə bir fakt tamamilə realdır.

  2. bir tesekkur de menden. bir insan ozunu yalniz bu qeder “ifsha” eleye biler…

  3. Bu yaradıcı adam müsahibəsi deyil. Kim nə deyir, desin! Bu YAPtokrat müsahibəsidir, özü də pis və diletant YAPtokratın!

  4. MANQURTLUQ

    Burda Sietlde uc bakili azerbaycanli taniyiram. Biri doshunden xac asib, ermeni arvadii ile ermeni kilsesine gedir her hefte ve her defe meni gorende ermeni gedelerinin qabağında azerbaycanca, “Qarabag bizimdir!” deyib satashir mene. Yerini diğalarin yaninda shirin salir. Son defe camaatin qabaginda susdurdum onu. O birisi siyasete qarishmasa da, boynundan amerika xristianliginin xacin asib, her deqiqe onu numayishkaranə opub gozune qoyur; ozunu yalandan “akademik” adlandiran ucuncusu ise her sohbetinde mutleq her hansi bir ermeniden – lap mexanik olsun, bashmaqci olsun – ferqi yoxdur, misal getirib, ona urekden “qeni-qeni rehmet” oxuyur. Ve her meclisde ozunu “bakinskaya naciyanin fexri uzvu” kimi teqdim edib, azerbaycanliligin danir. Son defe yene de evine meclise devet etdiyi bir bakili ermenisinin sagligina bade qaldiranda: “menim ermenilerle hec vaxt problemim olmayib, menim problemim ancaq rayonlu azerbaycanlilarla olub hemishe!” rusca deyimine, mecslide keskin etirafimdan sonra daha elaqeleri kesmihsik. Bu sheir de o meclisdekilerin qarshisinda sozunu kesib: “Menim xalqima satashmaga hec kesin haqqi yoxdur, hec olmayan “bakinskaya naciya”nin “lap fexri” uzvunun bele! Heyle “naciya” olmayib, yoxdur da, ozunuzden shey cixarmayin! O sadece azerbaycan diline, medeniyyetine, Azerbaycana qarshi yeridilen assimilyasiya siyaseti idi. Siz de onun qurbanlarisiz” keskin etirazimdan sonra yaranib:

    Birisi hey deyir “bakılıyam man,
    Mənim öz millətim, öz etnosum var”.
    Türkü soyadını daşıyan “insan”,
    Deyir türkə sığmaz öz “namusum” var.

    Hər masa başında göstərir bunu,
    Millətə təhqirlə sevgi yolunu,
    Bir hey öz-özünə yad olduğunu,
    Gözə iynə kimi, ox kimi soxur.

    Məclisdə bakılı erməni görcək,
    Türkə yadlığını qesden qabardır,
    Kəsib atmağa da hazırdır gerçək,
    Türk onun beynində sanki qabardır.

    Erməni də deyir o, bakıdandır,
    Amacı ap-aydın, hədəfi yəqin.
    O deyir, amma ki, millətin danmır,
    O deyir Bakımı qopramaq üçün.

    Düşmən fəxr edir ki, o, erməni tək,
    Bakıda yaşayıb – “Bakı onundur”.
    “бакинская нация” же, ay bədbəxt türük,
    Bil, başaa açılan tərs dəyirmandır.

    01-26-2009, Sietl.

Şərh yazın