Aygün Aslanlı: “… QƏRARSIZ NƏSİLİK”
Yazar: Admin | Bölmə: Kino | Tarix: 29 Haziran, 2009
“Elə bil nə isə axtarırıq və axtardığımızı da heç cürə tapa bilmirik. Vurnuxuruq.”
Mövzumuz yaradıcı gəncliyin mədəniyyətin müxtəlif sahələrində özünü təsdiq edib-edə bilməməyidir. Suallarımızı bu nəslin nümayəndələri – gənc yazarlar, kinoşünaslar, rejissorlar, teatrşünaslar, rəssamlar, musiqiçilər cavablandıracaq. İlk olaraq gənc nəslin milli kinomuzdakı xidmətlərindən, özünü təsdiq edib-edə bilməməsindən, gənc kino adamlarının problemlərindən, gənclərin yaşlı nəslə münasibətindən danışacağıq.
Suallarımızı gənc kinoşünas Aygün Aslanlı cavablandırır.
- Aygün, səncə, 2000-cilər nəsli kinoda da öz təsdiqini tapdı?
- 2000-cilər? Bir az qəribə səsləndi. Özümü qocalmış hiss elədim. Deməli, bizi belə adlandıracaqlar hə? 2000-cilər nəsli… Bir halda ki, özümüz istədik-istəmədik, alnımıza bu adı yapışdırdınız, daha neyləmək olar, cavab verməyə borcluyam. Biz 2000-cilərin “kino uşaqları” bir qədər xaotik, psixologiyasına məğlubiyyət damğası vurulmuş, qərarsız nəsilik. Elə bil nə isə axtarırıq və axtardığımızı da heç cürə tapa bilmirik. Vurnuxuruq. Bizim nəslin çəkdiyi filmlərdə, yazdığı ssenarilərdə bunu görmək çox asandı. Bu yaxınlarda gənc və şübhəsiz ki, çox istedadlı rejissor İsmayıl Məmmədovla kino barədə söhbət edirdik. May ayında onun “Qocalar” adlı qısametrajlı bədii filminin premyerası olmuşdu, biz də elə filmi müzakirə eləyirdik. “Qocalar”da baş verən əhvalat “yaşca” İsmayıldan böyükdü. Həm filmdən, həm də İsmayılla söhbətimizdən başa düşdüm ki, rejissor filmi çəkib, amma danışdığı mövzu haqqında heç bir təsəvvürü yoxdu. Ümumiyyətlə, ssenari, ideya başqasına aiddi. Film də məhz buna görə alınmayıb, yoxsa ki, mən onun istedadına bələdəm. Halbuki süjet rejissora da, aktyorlara böyük yaradıcı imkanlar açır. Rejissorlarsa sadəcə ideyanı həyata keçiriblər, icraçıdılar. Bunu niyə danışıram? Bizim nəsil, mənim yaşıdlarım dünya kinosunu izləyirlər, məşhur rejissorların həyat və yaradıcılığını əzbər bilirlər, amma bu, sadəcə onların beyninin bir küncünə toplanmış, lazım gələndə istifadə olunan informasiyadı. O dahi, məşhur, qeyri-məşhur insanların demək olar ki, hamısı rejissor kreslosuna oturana qədər uzun bir yol, formalaşma mərhələsi keçib. Federiko Fellinidən tutmuş, Kim Ki Duka qədər… Amma bizim rejissorlar diplomu əllərinə alan kimi kino çəkmək istəyirlər, vəssalam! Yalnız kino çəkmək… Başlayırlar ideya, ssenari axtarmağa… Yəni onlar necə olur-olsun, kino çəkmək haqqında düşünürlər, özlərinin də hələ deməyə sözləri yoxdu. Nə çəkəcəklərini bilmirlər. Bu, tənqid deyil, yaşıdlarına görə ürəyi ağrıyan kinoşünasın etirafıdı.
- Bəs sualımın konkret cavabı?
- O ki qaldı sənin sualının konkret cavabına – 2000-cilər nəsli kinoda hələ özünü təsdiq eləməyib. Mən də çox xaotik danışdım, hətta dediklərim çox pessimist təsir bağışladı. Amma vəziyyət o qədər də ümidsiz deyil. Bizim gənc rejissorların baxdığım axırıncı doqquz filmindən ikisi-üçü fərqli idi. Mübariz Nağıyevin “Dünən qəfildən gəldi”, Nərgiz Bağırzadənin “Bir addım”, Elməddin Alıyevin “Koramal” filmləri, “İki” filmi – təəssüf ki, rejissorun adını unutmuşam – maraqlı işlər idi.
- Yaşıdların olan rejissorlar, aktyorlar Azərbaycan kinosuna nə gətirdilər?
- Təəssüf ki, elə bir ciddi yenilik gətirməyiblər. Bunun obyektiv səbəbi də var. 2000-ci illər hələ təzə başlayıb axı. Hələ ki yalnız yaradıcı axtarışlar gedir. Müxtəlif tərzlər, formalar sınanır. İyunun birinci ongünlüyündə Almaniyanın Detmold şəhərində qısametrajlı filmlər festivalı keçirilirdi. Festivalın son günü Azərbaycan kinosuna həsr olunmuşdu. Sevda deyir ki, (Sevda Sultanova – festivalın Azərbaycan üzrə koordinatoru) nümayiş olunan Azərbaycan filmləri böyük maraq doğurub, bəyənilib. Xüsusilə Əli İsa Cabbarovun sənədli filmi. Yeri gəlmişkən, Detmolda göndərilən filmlərin hamısı gənclərə aiddi. Yəni, həmin festivalda bizim filmlərimizi izləmiş türk rejissorunun sözlərilə desək, perspektiv var. İcazə ver, mövzudan bir az kənara çıxım: bilirsiz, yerli kinonun əsas problemi nədir və ya kimdir? Kinonun dövlət sifarişindən asılı olması! Azərbaycanda kinonun yeganə real maliyyə mənbəyi dövlətdi. Dövlət pul verir, yəni dövlət seçir, nəyin çəkiləcəyinə dövlət qərar verir. Filmin yaradıcıları da layihə təqdim edərkən mütləq dövlətin maraqlarını nəzərə almalıdılar. Bu maraqlara riayət etmək isə bəzən o qədər də uğurlu yaradıcı nəticələr vermir. Bu, mənim gənc rejissorlar barədəki fikrim. Keçək aktyorlara. Aktyorlar barədə fikrim daha ürəkaçandı. Çox maraqlı gənc aktyorlar var – Rasim Cəfərov, Pərviz Məmmədrzayev, İlqar Cahangir. Bunlar indi adları yadıma düşənlərdi. Əminəm ki, istedadlı, ekrana yaraşan aktyorlar çoxdu. Amma biz təbiətən ənənəçi xalqıq və bu cəhətimiz hər bir sahədə özünü göstərir. Nadir hallarda yaşlı və ya gənc rejissorlar özlərini “çətinliyə salıb” orijinal, yeni simalar axtarırlar. Filmin baxımlı olmasını təmin etmək üçün bir qayda olaraq, istifadə olunmuş, tanış sifətlərdən istifadə edirlər. Halbuki əksinə olmalıdı. Ayaz Salayev başıbəlalı “Ehram TV” filminin qəhrəmanını tapmaq üçün az qala bütün MDB-ni gəzmişdi. Axırda onu İranda tapdı. Rus rejissoru və prodüseri Valeri Todorovski adətən, filmlərində populyar üzləri, tanınmış aktyorları çəkməkdən qaçır.
- Yaşlı nəsil rejissorlarımızın ən böyük problemi səncə nədir? Savadsızlıq, istedadsızlıq, mühafizəkarlıq?
- Yox, məncə, bunların heç biri deyil. Savadsızlıq və istedadsızlıq bir tərəfə, mühafizəkar heç deyillər. Ümumiyyətlə, Azərbaycanda mühafizəkar adam var ki?
- Bəs, onların problemləri nədir?
- Bizim rejissorlar, sadəcə, tükəniblər. Vəssalam. Amma film çəkməməyi bacarmırlar. Bir dəfə Oqtay Mirqasımov müsahibə zamanı belə bir cümlə işlətdi: “Bəs başqa hansı işlə məşğul olum? Mənim bacardığım budu”. Bu, yaşlı rejissorların əksəriyyətinə aiddi. Az qala hamısı bu prinsiplə film çəkir. Sadəcə bu acı həqiqəti dərk edə bilmirlər ki, onlar heç film çəkməyi də yaxşı bacarmırlar. Bayaq “əksəriyyət” dedim, amma bu, bir az böyük səsləndi. Əslində cəmi bir, ya iki yaşlı favorit qalıb. Təbii ki, ən birinci sırada Eldar Quliyev gəlir. Deyəsən, başqa heç kim yoxdu. Ayaz Salayev Fellini haqqında danışanda onu “sənəti özündən əvvəl ölmüş rejissor” adlandırır. Yaşlı nəsil rejissorlarımızın problemi də budur – onların sənəti özlərindən əvvəl ölüb.
- Aygün, sən dünya kinosunu çox yaxşı bilən gənc kinoşünassan. Səncə, elə bir kinematoqraf varmı ki, yerli kinomuz ondan geridə qalmır?
- Yox. Sən mənim barəmdə çox yüksək fikirdəsən. Amma icazə ver, səni bir az məyus edim: mən dünya kinosunu bu suala cavab verəcək qədər yaxşı bilmirəm. Amma hansı ölkələrdən geri qaldığını deyə bilərəm. Məsələn, Taliban rejiminə qədər cəmi 40 filmi olan, təxminən on il ərzində bir dənə də film istehsal etməmiş Əfqanıstan kinematoqrafı bizdən daha çox tanınır. Taliban kimi dəhşətli bir rejimdən qurtulmuş Əfqanıstanın paytaxtında hazırda səkkiz kinoteatr fəaliyyət göstərir. Bizdən fərqli olaraq. Bilirsiniz, ayrı-ayrı istedadlar bir yana, xalqın özünün də istedadı olmalıdır, kino xalqın canında da olmalıdır. Kino leksikonunda “kino xalqı” deyə bir ifadə var. Bilmirəm, bəlkə biz kinematoqrafik xalq deyilik, kino xalqı deyilik, kino çəkməyə istedadımız çatmır… Amma pessimist olmaq lazım deyil. Ayaz Salayevin filminə İlham Əliyev şəxsən qadağa qoyub. Təsəvvür eləyirsiz? Bu, acınacaqlı olduğu qədər də ümidverici faktdı.
- Səncə, Azərbaycan kinosunda ən köhnəlmiş, yaprıxmış, istedadı soğulmuş adamlar kimlərdir? Xahiş edirəm, ad çək…
- Bayaq dedim axı, kinoda cəmi bir-iki yaşlı favorit qalıb. Amma sən deyən “kriteriyalar”ın hamısına cavab verən bir rejissor var – Eldar Quliyev. Eldar Quliyevin sonuncu filminə – “Girov”a baxandan sonra istədim kino tədqiqatçısı Aydın Kazımzadədən xahiş edim ki, titrlərində quruluşçu rejissor kimi Eldar Quliyevin adı yazılmış “Bir cənub şəhərində” filminin tarixçəsini araşdırsın və həqiqi rejissoru tapsın. Çünki həmin filmi çəkən adam “Girov” kimi biabırçılığı istəsə də çəkə bilməzdi.
- Elə davanız təkcə Eldar Quliyevlədir? Qalan bütün yaşlı rejissorlar hələ kino çəkməyə yarayır, hə?
- Yox. Bir az düşünəndən sonra Ramiz Əzizbəylini də bu siyahıya əlavə etmək olar. Səhv etmirəmsə, bunu nə vaxtsa müsahibələrimin birində demişəm. Təkrar etməkdən də yorulmuram. Bu adamlar özlərinə qarşı, sənətlərinə qarşı az da olsa, hörmət edirlərsə, kino meydançasından birdəfəlik çəkilməlidirlər…
Söhbətləşdi: Günel Mövlud





Yüklənir...
Aygün salam. müsahibəni oxudum, gülməkdən öldüm az qala. Xüsusən sondan ikinci suala verdiyin cavaba görə. Ləzzət! Güneli götür gəl biz tərəfə. Barışıq elan eləyirəm daha bu müsahibəyə görə.
“Amma bizim rejissorlar diplomu əllərinə alan kimi kino çəkmək istəyirlər, vəssalam! Yalnız kino çəkmək…”
Mence problem hec de bu deyil. Eksine, eger dogurdan da bele bir shey varsa bu ancaq sevindirici olardi. Meselen “Yeni Dalga” nin rejissorlarinin demek olar hamisi genc idi, cok kinoya baxib cox tenqid etmishdiler ancaq ozleri tecrubesiz idi ve hamisi da nece olur olsun kino cekmek isteyirdi. Kamerani goturub yollara dushmushduler. Ancaq onlara butun bunlari eletdiren bir sey var idi : kino sevgisi. Daha duzgun ifadeyle: kino yangisi. Hetta bu o qeder bele idi ki, Bertoullicci `Before Revolution` da bele deyirdi: `Rossellini olmasa hech kim yashaya bilmez`. Bax, kinonu basqa butun senetlerden ferqlendiren sey odur ki, bu yangi olmayanda ister tecruben olsun ister olmasin hec ne alinmir. Susan Sontag “Curuyen Kino” da yazirdi ki, haminin – hem tamasacilarin, hem tenqidcilerin, hem de rejissorlarin- kino yangisiyla yasadigi hemin illerde (Sontag “din kimi sitayish etdiyi” deyirdi) hec olmasa ayda 1 shedevrle qarsilasirdiq. “Ve tezeden kinonu diriltmek ucun indi kinoya yeni sevgi yolu tapilmalidi” deyirdi. Bizde olmayan shey de bax budur – emosiya, sevgi, ne ucunse yashamaq yangisi. Biz hele de kinoya (ve bir cox sheye) oz sevgi yolumuzu tapmamishiq. Meselen men hele ki, bizde berbad kinoteatrlarin yanindan kecende bele nece olur-olsun kinoteatrda hansi kinonun gosterildiyini bilmek isteyib afishaya teref boylanan ve yoluna davam ederken hemin kinonu oz zehninde oynatmaga calishan, gorduyu her sheyi hansisa kino sehnesine yerlesdiren, yaxud deyek ki, Godardin adi cekilende heyecanlanan, kino haqqinda danisilanda hersheyi unudan insanlar gormemishem. Ve Aygun xanimin dediyi “mənim yaşıdlarım dünya kinosunu izləyirlər, məşhur rejissorların həyat və yaradıcılığını əzbər bilirlər, amma bu, sadəcə onların beyninin bir küncünə toplanmış, lazım gələndə istifadə olunan informasiyadı” dan da ele basadusulur ki, kino hele ki, bizde uzaqbasi “intellektual shou” ucundur.
Kino sevgisi var,azdan-çoxdan. Sadəcə bir məsələni yaddan şıxarmayaq ki, kino sənəti fərqli sənətdir. Tək bir nəfərin işi deyil ki, kameranı çiyninə alıb yola düşsün. Bütün çəkiliş qrupu, hətta sürücülər belə eyni yanğıyla yanaşmalıdır işə. Maliyyə məsələsi də əsasdır. Ssenari əladır, prodüsser bəyənmir. Yaxud da elə dövlət senzoru. Bədbəxt rejissor pulu hardan tapsın bəs? Məcburdur ki, yanğısının üstünə su çiləsin. Hardadır bizdə (səhv eləmirəmsə, Fellini)evini satıb kino çəkən rejissor? Quru-quru qurbanın olumla iş getmir. Bu iş əməlli-başlı fədakarlıq tələb eləyir. Bir də özünə inam məsələsi də var. Rejissor əmin olmalıdır ki, evinin pulunun on qat artığını çıxara biləcək. Bizdə özünə və işinə bu dərəcədə güvənən rejissor yoxdur. Ona görə də yapışıblar dövlətin ətəyindən. Nəticə isə ortadadır. Kino tarixində azbüdcəli onlarla film var ki, şedevrdi.