Rasət Pirisoyu. Terrorçu.

Yazar: Admin | Bölmə: Proza | Tarix: 29 Haziran, 2009

165Bütün bu həngamə Ayselin Mimiyə tapança almasından sonra başladı.
Qapını açıb içəri girən kimi Mimi  tapançanı mənə tuşlayıb atəş açdı.
Amma mən yıxılmadım.
Bu, Mimini əməlli-başlı əsəbləşdirdi.
- Sən yıxılmalıydın…
Mən bəhanə gətirdim.
- Sənin tapançanda güllə yoxdur.
- Hə, onu düz deyirsən…
Mimi tapançasına güllə qoydu və yenidən mənə tuşladı.
Mən qorxdum.
- Ə, yekə oğlansan, güllə gözümü çıxarar.…
Mənim qorxmağım Mimiyə ləzzət elədi.
- Güllə elə gözü çıxarmaq üçündür də …
Axır zamanlar Miminin sözünə söz çatdırmaq olmurdu.
Mən Mimini dilə tutmaq qərarına gəldim.
- Yaxşı, tapançadan gülləni çıxart, mən yıxılım.
- Yox, mən Ayseli girov götürəcəyəm.
Mimi bu dəfə tapançanı Ayselə tuşladı.
Aysel Mimiyə acıqlandı.
-Tapançanı ver bura… Mən qələt eləyib sənə tapança aldım?
-Nəəə? – Mimi girov götürmək istədiyi adamın ona meydan oxumasına dözmədi.
Mimiylə Aysel tutaşdı.
Mən aradan çıxdım.
Bir azdan dəhlizdə hay-küy qopdu.
Mən özümü bayıra atdım.
Mimi balaca Dilişi yerə yıxıb, tapançanı başına dirəmişdi.
Mən uşağı onun əlindən almaq üçün irəli atılmaq istəyəndə Mimi tapançanı mənə tuşladı və bağırdı.
- Tapançada güllə var.
Mən dayandım.
- Ə, yekə kişisən… Dilişnən nə işin var? Uşağı burax.
- O mənim girovumdur.
- Nə girov, ə?
Mən  də oyun oynamaq qərarına gəldim.
- Deməli, sən terroristsən?
- Bəli,
-Bəs sənin açkin hanı?
- Açki nədir?
- Bəs sən bilmirsən, terrorçunun qara gözlüyü olur?
Mimi  bir anlıq fikrə getdi.
Deyəsən mənim iradım onun ağlına batdı.
Dilişi buraxdı.
Diliş gözlərini ova-ova ayağa qalxdı.
Mimi tapançanı Dilişə uzadıb əmr etdi
- Vur onu, – Məni göstərdi.
Diliş tapançanı Mimidən alıb mənə yönəltdi və gülümsündü.
Mimi var səsi ilə qışqırdı.
- Atəşşşş…
Güllə qulağımın dibindən keçdi.
İki gündən sonra Miminin gözündə «terrorist  açkisi»  görəndə mən əməlli-başlı dilxor oldum.
-Bu açkini sənə kim alıb?
- Aysel…
Mimi «Aysel» sözünü elə dedi ki, mən söhbəti uzatmağın xatası çıxacağını başa düşüb susdum.
Mimi bütün günü mənə atəş açmaq üçün girəvə axtardı.
Amma mən özümü o yerə qoymadım. Üz-gözümə ciddi ifadə verib işlərimlə məşğul oldum. Mimi də mənim əhvalımı pozmağa ürək eləmədi.
Axşama qədər belə davam etdi.
Axşam Aysel evə qədəm qoyan kimi Mimi qapının arxasından çıxıb Ayseli əməlli-başlı atəşə tutdu. Aysel qışqıra-qışıqıra qaçıb mənim  arxamda gizləndi və mən yenidən oyuna qoşulmalı oldum.
Mimi sağdan, soldan Ayselə hücüm çəkir və qışıqırırdı.
- Sən ölməlisən…
Mən Mimini hədələdim:
- Nə qədər ki, mənim canım sağdır, sən Ayseli öldürə bilməzsən.
Mimi bircə anın içində qərar qəbul etdi.
- Onda sən də ölməlisən…
Tapançanı mənə tuşladı və əlavə etdi:
- Özü də yerə yıxılanda «yaşasın Azərbaycan» qışqırmalısan…
Arxamda gizlənib özünü qorumağa çalışan Aysel Miminin bu sözünə  uğunub getdi.
Mən Miminin  məntiqi qarşısna məntiq çıxarmaq qərarına gəldim.
- Məgər sən ermənisən?…
Miminin sifəti bircə anın içində dəyşdi.
- Yoxxx…
Mimi elə bil bir misralıq şeir dedi:
- Mən a-zər-bay-can-lllııı-yam!…
Mən fikir oyununu  davam etdirdim:
- Azərbaycanlının yerə yıxılıb «yaşasın Azərbaycan» deyə qışıqırması üçün onu erməni öldürməlidir.
Miminin növbəti cavabı məni doğrudan da heyrətə saldı.
- Onda sən yerə yıxılanda «yaşaşın Elçibəy» qışıqırmalısan.
Mən Mimini başa düşmədim.
-  «Elçibəy» niyə?
Mimi sifətini turşutdu, tapançanı alnı bərabərinə qaldırıb məni nişan aldı və  təntənəli şəkildə dedi:
- Çünki mən səni yapçı kimi öldürəcəyəm.
Mimi atəş açdı.
Növbəti atəşdən yaxa qurtarmaq üçün mən yıxılmaq qərarına gəldim.
Mimi qışıqırdı:
- Sən «yaşasın!…» demədin…
Mən istəsəm də,  istəməsəm də artıq oyunun içində idim.
Bəlkə də buna görə Miminin qışqırığından sonra sol əlimi yerə dayadım, sağ əlimi ürəyimin üstünə qoyub başımı  azacıq döşəmədən yuxarı qaldırdım.
Mimi heyrətlə və ləzzətlə mənə baxırdı.
Mən kədər dolu gözlərimi Mimiyə dikdim.
Sakit və dolu səslə  heç özüm də bilmədən, nə səbəbəsə,  «yaşasın Banqladeş!»  dedim, sonra başımı üsulluca döşəmyə qoydum,  ah çəkdim və öldum.

26  may 2009-cu il

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

18 Şərh var
Şərh yazın »

  1. Salam Raset bey, seni gormeye cox sad oldum, necesen? Yazin Cox maraqlidi, heyata, olume, yasayisa edilen ironiya cox maraqli geldi mene, Uqurlar arzulayiram

  2. “Miminin növbəti cavabı məni doğrudan da heyrətə saldı.
    - Onda sən yerə yıxılanda «yaşaşın Elçibəy» qışıqırmalısan.
    Mən Mimini başa düşmədim.
    - «Elçibəy» niyə?
    Mimi sifətini turşutdu, tapançanı alnı bərabərinə qaldırıb məni nişan aldı və təntənəli şəkildə dedi:
    - Çünki mən səni yapçı kimi öldürəcəyəm.
    Mimi atəş açdı.”
    ___________
    Uşaqlar belə söhbətlər eləmir…düzgün deyil bu yanaşma…Sözünüz var iki səfehin və ya UNO-dan düşənin dilindən də verə bilərsiz, amma uşaq dilində bu psevdomüxalifətçiliyi vermək uğursuz alınıb…
    Uğurlar!..

  3. Səhv etmirəmsə, Rasətin imzası şair kimi tanınır.
    KİV-in hətta uşaqları da zombiləşdirib öz virtual aləminə salması maraqlı mövzudur, yazıçı üçün material verir. Lakin hekayədə heç Miminin adı da açılmır. Və o, adıbəlli “Mumu” ilə “Mimino” arasında naməlum bir yerdə qalır.
    İkinci tərəfdən, uşaq söhbətlərində ictimayi-siyasi həyata qiymət vermək cəhdi var və o da Q.Nəcəfzadənin özünə “dost qazanmaq” cəhdindəki kimi deyil, Ryabinanın dediyi şəkildə uğursuz alınıb. Tələsməsə, yəqin ki, müəllif hekyənin öhdəsindən gələ bilərdi. Müşahidə olunan Əhvalat hekayəyə çevrilməyib. Hər yaşda çalışmağa dəyər.
    Uğurlar.

  4. Mənə elə gəlir hekayə alınıb.
    Dialoqlar da hekayədəki ideyanın açılmasına yaxşı kömək edir.
    Ryabina yazır ki, uşaq belə düşünə bilməz.
    Amma mən belə hesab edrəm ki, uşaq belə düşünə bilər.
    Ryabina «uşaq niyə belə düşünə bilməz» fikrini izah etsin, mən də «uşaq niyə belə düşünə bilər» fikrimi izah edim.
    Sultan Mərzili də əsaslandırılmamış fikir deyir.
    Mimi adinin məsələyə nə dəxli var?

    Doğrudur mənim də hekayəyə iradlarım var.
    Məsələn, müəllif hekayədə «qərarə gəldim» ifadəsindən çox istiadə edir.. Bəzi fikirlər daha dəqiq ifadə oluna bilərdi.

    Bizim oxucular tənbəldir.
    Onlar hər şeyi yazıçıdan gözləyirlər.
    Halbuki yazıçı bəzən bilərəkdən bir çox şeyləri oxucunun ixtiyarına buraxır.
    Mənə elə gəlir hekayə düşümək üçün ciddi imkanlar açır.

  5. Məgər Mimi uşaqdır?

    Bəs mən onun ağıldankəm böyük olduğu qənaətinə necə gəlmişəm elə ilk sətirdən?

    Xoşuma gələn hekayədir. Müəllifə təşəkkür edirəm.

  6. Balacam. deyirsən ki,
    “Ryabina yazır ki, uşaq belə düşünə bilməz.
    Amma mən belə hesab edrəm ki, uşaq belə düşünə bilər.
    Ryabina «uşaq niyə belə düşünə bilməz» fikrini izah etsin, mən də «uşaq niyə belə düşünə bilər» fikrimi izah edim.”

    Ryabina dünyanın ən yaxşı analarından biridir və Ryabina həm də ixtisasca müəllimədir və Ryabina əmindir ki, uşaq söhbəti deyil bu…
    Söhbət 10 yaşından aşağı olan uşaqlardan gedir təbii…14-15 yaşlarında olanlarınsa belə söhbətlər etməsinə 100-dən 1 faiz qədər inanmaq olsa belə onların tapança oyunu bu səfər şübhəli qalacaqdır…

    Mən normal uşaqlardan danırışıram hər halda, mənəvi deformasiyaya uğradılmışlardan yox…

  7. Ryabina, yazırsınız, «mən normal uşaqlardan danışıram hər halda, mənəvi deformasiyaya uğradılmışlardan yox»

    Yəni prinsip etbarı ilə Siz «mənəvi deformasiyaya uğradılmış» uşağın bu cür düşünməsini qəbul edirsiniz. Bununla da Siz bəlkə də heç özünüz də bilmədən xüsusi vəziyyətlərdə uşağın belə düşünməsinin mümkünlüyünə etiraz etmirisiniz.

    «Mənəvi deformasiyaya uğradılmış» ifadəsi Sizə məxus olduğundan mən bu ifadəni Sizin arqumetin tərkib hissəsi kimi qəbul edirəm və hekyədəki obraza şamil etmirəm.

    Mənə elə gəlir uşaq hekayədə «mənəvi deformasiyaya uğradılmış» kimi təqdim olunmur, əslində əsərdəki MƏN mənəvi deformasiyaya uğramış kimi görünür.
    Uşaq isə sadəcə yaşadağı mühitdən aldığı informasiyanı MƏNƏ qaytarır.
    Bu uşağan zombiləşiəsi deyil.
    Zombiləşmiş cəmiyyətə uşağın reaksiyasıdır.

    Uşaqların da ağlına gəlib çatmış bu cür hazır cavablar ancaq zonbiləşmiş cəmiyyətlərdə mümkündür.

    Ona görə də Sizin müəllimliyinizlə, yaxşı ana olmağınızla bu uşağı, onun qurduğu fikir kombinasiyalarını izah etmək mümükün deyil.

    Təsadüfi deyil ki, Sultan Mərzili də uşağa KİV-nin zombiləşdirdiyi obraz kimi baxır. Halbuki hekayədəki uşaq kifayət qədər elastik düşüncə nümyaiş etdirir.

    Hekayədə oynamaq ehtirası ilə alışıb yanan, özünü, hətta öz şəxsiyyətini, habelə oyun qaydalarının məntiqini fəal şəkildə qorumağa bacaran uşağı müəllif bir neçə situsiyada təqdim edir və nəticədə hekayədəki mənəzə alınır.
    Bax elə buna görə də mən deyirəm, hekayə alınıb.

  8. -))))))

    Ryabina haqlıdır axı.
    Neçə ildir bizim TV-lərdə “Elçibəy” adı səslənmir?
    Ara-sıra ANS qeyrət göstərib xırda-xuruş kadrlar verir, hər şeyini tarix üçün qoruyub saxlayır…-)(-

    10 yaşdan balaca bir uşağın “Azadlıq” oxuması və ya hər hansı bir yerdən Elçibəyi xatırlaması, üstəlik, YAP-çının kim olduğunu bilməsi mənə qətiyyən mümkün kimi görünmür. 15-17 il əvvəl, bu uşağın ata-anası tələbə olarkən hələ belə söhbətlər dəbdə idi…uşaqlar belə hər şeyi bilirdilər…

    Rasət bəyə uğurlar!

  9. Eblufez Elcibey sag idi ve ADP-nin qerargahinda iclasda idi. İclasdan cixanda bir deste balaca usaq ADP-nin qabaginda El-ci-bey, El-ci-bey qisqirdi. En boyuyunun yashi 10-dan yuxari olmazdi. Bu spontan hadise Azerbaycanin onlara siyasetcisinin ve jurnalistinin gopzu qabaginda olmushdu. Elcibey sirrli bir lider idi ve ola bilsin ki ne vaxtsa dil acan bir korpenin de ilk sozu Elcibey olsun… Hekaye yazanda yazicinin funksiyasi oxucunu hec de ehvelatin mutleq bash verdiyine inandirmaq deyil. Esas olan mesajlarini oxucuya catdirmaqdir. Yoxsa hami bilir ki, amfibiya adam da olmayib ))) Raset beyin bu hekayesine iradlar sanki “ilishmek” meqsedi gudur…

  10. Hörmətli balaca!
    siz neçənci sinifdə oxuyursunuz?! adınız “balaca” olsa da mühakimə cəhdləriiniz çox böyük görünür. Sizin üçün hekayə alınıbsa, təbriklər! Oxuyun ləzzət alın. Hekayənin qəhrəmanının adının dəxli yoxdursa, onda o məntikqə müəllifinin də adının məsələyə dəxli qalmır. Mənim “əsaslandırılmamış fikirlərimi” Ryabinaya qarşı arqument kimi istifadə etmək cəhdiniz nə dədəcədə “balaca”lığa uyğundur. Rasətin şair kimi tanınmasını və hekayə yazmaq cəhdini müsbət qiymətləndirməyimi də “əsalandırılmamış” hesab etməyinizlə razılaşaram, amma yenə də özünüz özünüzə qarşı zidd çıxırsınız. Zəhmət olmasa, öncədən nə deyəcəyinizi bir kağızasa da yazın, yoxsa Xuruşşov kimi Azərbaycana da Özbəkistan deyəcəksiniz və irad tutanlara da “adın nə dəxli varmış, nitqimə qulaq asın”, deyəcəksiniz. snaryad, yəni “mərmi” Elçibəyə uşaqların “El-çi-bəy!” xorunu qeyri-adi bir fövqəladiliyin təsdiqi kimi gətirmək cəhdi gülünclkdən də aşağıdır! Mərhumun xatirəsinə toxunmadan, deyim ki, bunu ağsaqqallar, alimlər etmiş olsaydı, bu faktı çox böyük fəxrlə qəbul edərdim. Uşağın uşaq yeri var, böyüyün böyük. Nə zamandan uşaq ağlı ilə durub-oturmaq dəb düşüb?
    Sizinçün 1+1=2; alınmırsa, bu sizin öz probleminizdir, hesabın, yaxud dünyanın problemi deyil. Guya Rasətin hekayəsi Nobel mükafatı alacaqmış, biz ona “ilişib” imkan verməmişik. Elə ədəbiyyata ilişib onu yaman günə qoyanlr sizin kimi zövqü, savadı, düşüncəsi, iddiası və hikkəsi olanlardır. Başını pambıq tayasına soxmuş dəvənin heç kimi görməməyi təbiidir, amma bu o demək deyil ki, onu heç kim görmür.
    Bir az sərt dedimsə, üzürlü hesab edin, incə dedikdə bəzi xuculara çatmır fikirlər, türkün məsəli.

  11. Salam Sultan Merzili, necesiniz? Size ve imzaniniza derin hormetim var. Deyirsiniz ki, Qeshem Raseti dost kimi ele almaq isteyir. Daha deqiq: “İkinci tərəfdən, uşaq söhbətlərində ictimayi-siyasi həyata qiymət vermək cəhdi var və o da Q.Nəcəfzadənin özünə “dost qazanmaq” cəhdindəki kimi deyil”. Axi bele deyil. Edebi munasibetleri men sizin kimi fikirlesmirem. Rasetle az qala 30 ile yaxin salamimiz var. Tenqid de ede bilerem, amma haqqina. O da meni vaxti ile cox tenqid edib, haqli tenqid edib. Raset edebiyyatimiz ucun ciddi imzadi. Bu, mene besdi.
    Qaldi ki, dosta, men dost istemirem, dusmen isteyirem. Coxlu dusmen. Fikir vrsen, Ryabinanin atilib dusmeyine ve vaxtinin azliqina baxmayaraq bele, Rasetin hekayesi haqqinda yazilan serhlerin esasinda menim ilk once dediyim fikirler dayanir.

  12. Əleyküm-salam, Qəşəm Nəcəfzadə!
    Mənim də sizə və imzanıza hörmətim var. Yazılarınız haqqında da nə zamansa yəqin ki, fikirlərimi bildirmək imkanı tapılacaq. Hhələlik onu deyim ki, rəhmətlik Xəlil Rzanın bir xasiyyəti vardı. Cavanların şeirlərinə diqqətlə qulaq asar, “Sağ ol igid, var ol igid, əla!”- deyə ruhlandırardı. Bəziləri bunu böyük şairin verdiyi obyektiv qiymət kimi başa düşər, bəziləri də anlayardı ki, o heç kimin könlünə dəymək istəmir. Sizin də rast gəldiyim şərhlərinizdə buna bənzərlik gördüyümdən, dost qazanmaq, yəni kimsənin xatirinə dəyməmək baxımından dedim. Yoxsa, sizin Rasətdən nə asılacağınız ola bilər.Və mən də onun imzasını tanıyıram, yaradıcılığına da hörmətim var. Tənqid ədəbiyyatın hərəkətverici qüvvəsidir, lap haqsız olduğu hallarda belə. Ədəbiyyatın tək bir adamın işi olmadığını, onun yüzlərin, minlərin bəzən gözə görünməyən, qiymətini də almayan əməyinin məhsulu olduğunu da unutmamışam. Dost insanın ikinci mənidir, az tapılır. Düşmənimiz isə hələlik torpaqlarımızı işğal etmiş erməni adlı həşəratlardı. Şairin nə düşməni olacaq ki?! Şairin dostu da düşməni də qələmidi, ilhamıdı. Təki onlardan xəyanət olmasın, qalanı düzələr.
    Mənim yazılarıma Ryabina kimi diqqətli bir oxucu da əlavə olunsaydı, yazdıqlarımın əbəs olmadığına təsəllim artardı. Onun bir çox şərhlərini oxuduqdan sonra gəldiyim qənaətdir. Sərt olmaq hələ haqsız olmaq deyil.

  13. Saq olun Sultan Merzili, niye siz her seyi maddi kimi dusunursunuzm, men torpaq isqal eden desmen istemirem, yeni Xelil Rzanin qazandiqi dostlardan da istemirem. O yasim deyil, dusmeni olan vaxtimdi.

  14. Hörmətli Sultan Mərzili.

    Fikir mübadiləsinə hazır olmadığınıza görə mən Sizin cavabınıza şərh yazmaqdan daşındım.

    Xoş getdiniz.

  15. Mən də bütün oxu prosesində Miminin ağıldankəm olduğu qənaətindəyəm. Üstəlik atası,babası müxalifət düşərgəsində olan istənilən uşaq bu cür düşünə bilər. Amerika kəşf olunmur burda. İstənilən evdə, şəxsən bizim evdə tez-tez Elçibəydən, müxalifətdən, Yap-dan danışılır. Qızımın 4 yaşı var. Bütün polislərə nifrət edir, onlradan hürkür. Qaçqınların hüquqlarının tapdanmasından dəm vurur. -Ana, mən hardan qaçmışam-soruşur. Deyirəm,heç hardan. Atan qaçıb. Deyir, bəs mən niyə qaçqınam? Qoyun kimi gözümü döyürəm. İndiki uşaqlar bizim kimi böyükləri suya susuz aparıb, susuz gətirərlər. Televizorda İlham Əliyevi göstərirlər. Bilmirəm, onun barəsində nə bilir. Maraq üçün soruşuram. -Niloş, o, kimdir? Cavab verir: -Azərbaycandı da, guya bilmirəm. Əslində uşaq şüuraltıyla cavablandırır sualımı, özü də nə dediyinin fərqində deyil. Belə- belə şeylər. “Niloşla ayaqüstü söhbət” i yəqin ki, oxumusunuz. Bir neçə ay əvvəl Kultaz-da getmişdi. İdeyanı Niloş verib. Mən 4 yaşında olanda heç onun yarısı qədər düşünə bilmirdim. Yəqin ki, valideynlərdən çox şey asılıdır.

  16. hörmətli balaca!
    fikir mübadiləsinə hazırlıq eksperti kimi hazırlığınızı qiymətləndirirdim.
    getməmişdim, qıraqdan baxırdım. R.Rövşən yəqin belə hallra deyib, baxıram gözüm böyüyür, susuram sözüm böyüyür… siz də böyüyün, maneçilik fikrində deyilik.

  17. Həə, yadıma bir ailə düşdü…
    O ailədə də hər gün mənasız siyasi söhbətlər gedir…hər səhər mütləq uşaqlar səhər 8-də qalxıb əlləri sinələrində dövlət himni oxumalıdırlar, sonra süfrəyə oturub bu nemətləri onlara bəxş edən hökumətə dua-səna eləməlidirlər, dövlət əhəmiyyətli bayram günlərində mütləq aş süzülür, təmtəraqlı süfrə açılır və əsl aristokratlar kimi hamı ən rəsmi və bahalı geyimdə şam edir, sonra yuxuları gələnədək milli məclisin axırıncı skamyasının altında düşüb qalan konfet kağızına, döşəməyə pərçim olan saqqıza qədər müzakirə edirlər…təbii, o ailədəki məktəb yaşına çatmayan balaca uşaq da məndən daha yaxşı tanıyır spikeri və Nazirlər kabinetinin əməkdaşlarını..zira gözləri döyənək olub AzTV-də bunları görməyə vadar edilməkdən…
    Parlamentin tətildən sonrakı gündəliyində dura biləcək ümdə məsələləri də o uşaq bəribaşdan müəyyənləşdirib artıq çox yəqin ki…

    Ay balam, bəsdirin də…-))

  18. Bu nedi dostlarin dialoqu, yoxsa hekayenin muzakiresi. Kim-kimin dostudu, kim-kime kompliment demek isteyirse meni baqishlayin. Bu yazi menim xoshuma gelmedi. Hekayeni xatirladir amma hekaye deyil. Daha doqrusu menim zovqumce deyil.

    Orta statistik azərbaycanlı lokal siyasi prosesləri bayağı formada obrazlaşdırıb. Tələsik dialoqlar, sadəlövh ideya – budur bu yazının məndə yaratdığı təəssürat.

Şərh yazın